
QATİLİN AQİBƏTİ
(hekayə)
Sahilini mavi Xəzərin sularının yuduğu Abşeronun özünəməxsus gözəlliyi var. Burada ilin bütün fəsilləri ürəkaçandır. Xüsusilə yazda və yayda buralar daha gözəl olur: quşların cəh-cəhi, Xəzərin sahilə can atan dalğalarının ahəngdar səsi, çimərliklərdəki uşaqların, gənclərin şən qəhqəhələri insanda xoş ovqat yaradır. Üzüm tənəkləri, ağaclardakı meyvələr olduqca dadlı, ləzzətli olmasından savayı, elə təkcə görünüşü ilə də ürəkləri xoşhallandırır.
Yarımadanın yaraşıqlı kurort qəsəbələrinin birində Zahid kişi adlı ağlı, kamalı, dünyagörüşü ilə seçilən bir nəfər öz ailəsi ilə şad-xürrəm yaşayırdı. Oturuşuna-duruşuna, ağsaqqalına görə hamı ona hörmətlə yanaşırdı. Zahid kişi bu hörməti hələ gəncliyində qazanmışdı. Zahidin dörd uşağı vardı: ikisi oğlan, ikisi qız. Uşaqların anası Gülsurə xanım da əri kimi ailəcanlı idi. Uşaqlarının hamısına təhsil vermişdilər. Ata-ana övladları ilə fəxr edirdilər.
Uşaqlar böyüdükcə valideynləri onların gələcək həyatını təmin edirdi. Artıq ailənin bir oğlu və bir qızı ailə həyatı qurub ayrıca yaşayırdılar. Hərəsinin öz evi vardı. Təkcə qardaşların ən kiçiyi Elman və bacılardan acı dili olan Elyanora valideynləri ilə yaşayırdılar.
Elyanora da çoxdan ailə həyatı qura bilərdi, lakin onun düşünmədən danışmağı, düşünmədən hərəkət etməsi, böyük-kiçik tanımaması, bir sözlə, özünü idarə edə bilməməsi qonşulardan, qohumlardan da məxfi qalmamış və ona heç kəs elçi düşməmişdi. İllər ötdükcə Elyanoranın xasiyyəti lap dözülməz şəkil aldı. Artıq tibb bacısı işlədiyi poliklinikada da onun əlindən bezmişdilər.
Elman isə ailə həyatı qurmaq istəmişdi. Lakin bacısı Elyanoranın xasiyyətini yaxşı bilirdi. Elman Elyanora ilə bir evdə yaşayırdı və evlənəndən sonra da, həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayacaqdı. O, bilirdi ki, Elyanora əsassız olaraq gəlini incidəcəkdir. Nəticədə isə ailə dağıla bilər. Bunları bildiyinə görə, Elman ailə həyatı qurmamışdı.
Bütün bunlarla kifayətlənməyən Elyanora əxlaqsızlığa da qurşanmışdı. İş o yerə gəlib çatmışdı ki, yaxın qohumu Səfiyarla da guya “dostluq” edirdi.
Qızının belə hərəkətlərinə dözə bilməyən Zahid kişi əsəb xəstəliyinə tutuldu. Həkimlər ona xeyli dava-dərman yazdılar. Tibb işçisi olmasına baxmayaraq Elyanora atasına hətta iynə vurmaqdan da imtina etdi. Xəstə ata naəlac qalaraq hər gün “təcili yardım”a müraciət edirdi.
İllər ötdükcə Elyanoranın xasiyyəti daha dözülməz olurdu. Onun artıq 40 yaşı vardı. Hərəkətlərinə tam sərbəstlik vermişdi. Valideynləri, qardaşları, bacısı, yaxın qohumları xəcalətdən adam arasına çıxa bilmirdilər. Son vaxtlar onda mal-mülk, var-dövlət hərisliyi də baş qaldırmışdı.
Zahid kişinin yaxşı evi vardı. Ömrü boyu işləmişdi, zəhmət çəkmişdi. O, sağlığında yaşadıqları evi oğlu Elmanın adına saldırdı. Bunu bilən Elyanora həm qisas almaq, həm də nəyin bahasına olursa-olsun evə sahib çıxmaq arzusunu həyata keçirmək üçün yeni planlar, yeni yollar axtarışına başladı. Bundan ötrü yalnız özünün bildiyi, öz ürəyindən keçirdiyi üsullarla hərəkət etməyi düşündü.
Günlərin birində Zahid kişini pristup tutdu. Elyanora çoxdan gözlədiyi məqamın yetişdiyini hiss etdi və nə vaxtdan bəri fikirləşdiyi cinayəti həyata keçirməyi qərara aldı. Ağrıdan qovrulan, hamıdan imdad diləyən ataya güya Elyanoranın yazığı gəldi və onu sakitləşdirmək məqsədilə damarına zəhərli iynə vurdu. Qarşısında qovrulan atanın keçirdiyi əzablar görəsən Elyanoraya təsir edirdimi? Onu boya-başa çatdıran atanın zəhməti müqabilində, törətdiyi bu cinayətdən ürəyinin ən dərin bir küncündə belə təəssüf hissi vardımı? Həmin anda azacıq da olsa Allah qorxusu onu narahat edirdimi? Sanki Elyanoranın öz aləmi, öz dünyası, yalnız özünəməxsus əxlaqi, etik normaları vardı. O, bu normalara uyğun yaşayır, hərəkət edirdi.
Bir neçə saatdan sonra Zahid kişi keçindi. Elyanoranın bu əməlindən heç kəs xəbər tutmadı. Axı, bu hərəkət kimin ağlına gələ bilərdi?..
Elyanora isə öz işində idi. Fikirləşirdi ki, əməliyyatın çətini ötüb keçib. Artıq evin sahibi yoxdur. Qalır anası və qardaşı Elman, onları isə aradan götürmək olduqca asandır. Anası Gülsurə sadəlövh qadın idi. Qardaşına da bir çarə tapacaq. Sonra bu boyda mülk də onunkudur, içindəki avadanlıq da…
Atasının ölümündən üç ay sonra anasının çayına nə qatdısa, qadın havalandı. Sonra da onu döyə-döyə öldürdü. Növbədə isə qardaşı idi…
…Bir gün sakitcə küçə ilə gedən Elmanı polislər saxlayıb şübhəli şəxs qismində şöbəyə aparırlar. Axtarış zamanı cibindən narkotik maddə tapılır. Elman narkotik maddə ilə əlaqəsi olmadığını bildirsə də, onu heç kəs eşitmək istəmir. Məhkəmə Elmana 7 il həbs cəzası verir.
Və beləliklə, bu məsələ də şübhəli, müəmmalı qalır. İki il ötür, həbsxanadan xəbər gəlir ki, bəs Elmanı öldürüblər…
Ev qeydiyyatında tək özü qalan Elyanora istədiyinə nail olur və böyük bir ailənin uzun illərdə qurub yaratdığı evi əlinə keçirir.
Öndə qeyd etdiyim kimi, Elyanora tibb bacısı işləyirdi. Bir məsələ aydın idi ki, işindən tez-tez yayınardı və alver məqsədilə xarici ölkələrə gedib-gələrdi. Onun tez-tez işindən yayınmasına da barmaqarası baxırdılar. Güman ki, kollektiv onunla birgə işləməkdənsə, onsuz işləməyi üstün tuturdu. Yəni iş yoldaşları özlərini Elyanorasız daha sərbəst hiss edirdilər. Beləliklə, illər ötür, yaş üstünə yaş gəlirdi…
İndi Elyanoranın hər şeyi vardı: evi, həyəti, hələ üstəlik son illərdə alver etməklə xeyli pul da qazanmışdı. Lakin xoşbəxtliyi yox idi. Özünü gündən-günə pis hiss edirdi. Qardaşı, bacısı, yaxın qohumları onunla bütün əlaqəni kəsmişdilər. İş yoldaşları ondan uzaq gəzməyə çalışırdılar. Ömrü boyu arzusunda olduğu, min bir fırıldaqla ələ keçirdiyi var-dövlət də, ev də ona xoşbəxtlik gətirməmişdi.
Əvvəllər fikirləşirdi ki, varlı olduğuna görə kimsə onunla ailə həyatı qurar. İllər ötdükcə gördü ki, nəinki onunla ailə həyatı qurmaq istəyən, hətta onun üzünə baxmaq istəyən belə yoxdur.
…Elyanora dodaqları altında astadan nəsə danışa-danışa küçələrdə gəzər, hara getdiyinin, haradan gəldiyinin fərqinə varmadan qəsəbəni dolaşardı. Heç kəs ona fikir verməzdi. Belə bir adamın bu qəsəbədə yaşayıb-yaşamaması heç kəsi maraqlandırmazdı. Elyanora artıq diriykən ölüyə çevrilmişdi. Elə hamı üçün…
Bir gün səhər Elyanora yenə də adəti üzrə evdən çıxdı. Əvvəllər zövqlə geyinən Elyanoranın əyin-başı pis kökdəydi. Baş yaylığını necə gəli bağlamışdı, əyninə nə geydiyinin fərqinə varmamışdı. Corabları ayaqqabılarının üstünə düşmüşdü. Bir sözlə, görkəmi adamda pis əhval-ruhiyyə yaradırdı.
Adəti üzrə evlərinin yaxınlığından keçən yola tərəf üz tutdu. Elyanora həmişə dəmir yolundan keçib mərkəzi küçədə məqsədsiz şəkildə gəzər, axşam geri qayıdardı.
Elektrik qatarı artıq yaxınlaşmaqdaydı. Qatar uzun-uzadı siqnal çalmağa başladı, yəqin ki, maşinist bir nəfərin yola yaxınlaşdığını görüb ona xəbırdarlıq edirdi. Lakin Elyanora öz aləmindəydi. Bundan da qat-qat güclü siqnal səsini belə eşitmək iqtidarında deyildi. Qatar gəlib çatanda Elyanora artıq düz yolun ortasındaydı. O, yaxınlıqda bir neçə nəfər adamın onu səslədiyini belə eşidə bilmədi…
MÜƏLLİF: FƏRHAD ƏSGƏROV
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru