Etiket arxivi: Yazarlar 60

“YAZARLAR” JURNALININ DEKABR – 2025 № 12 (60)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ DEKABR – 2025 № 12 (60)-CI SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB- PDF: Yazarlar-60


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cahangir Namazovun şeirləri

Cahangir NAMAZOV, Furqət oğlu 1997-ci ilin 24 yanvarında Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.
“Bütöv Azərbaycan” qəzetinin və
“Yazarlar” jurnalının redaksiya həyatı üzvü Özbəkistan üzrə təmsilçisi.
Azərbaycan Mədəniyyət Nazirliyi və ədəbiyyat portalının “Ədəbiyyat və incəsənət” saytı üzrə Özbəkistan müxbiri.
Azərbaycan Jurnalistlar birliyinin üzvü.
Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir.
Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun
Usman Nasir,
“Berdak Karagbay oğlu”
xatirə nişanları”nın sahibidir.
Türkiyənin “Güzel Alanya”
mükafatı laureatı.
Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır.
Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal,Iran,Yunanıstan, Əlcəzair,
Iran, İraq, Yunanıstan, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, Koreya, İspaniya,Italya, Kosovo, Misir, Dubay, Kosovo, Pakistan Albaniya, Koreya, Almaniya, Venesuella, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub.
2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə
“Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib.
Onun tərcüməsində Türkiyənin “Baygenc” nəşriyyatında Özbək şair və yazıçılarının “Mujde” (2022) və “Gunce Yayinlari” nəşriyyatında “Soze Asik Gonuller” (2024) antologiyaları nəşr olunub.
Koreya və Vyetnam “Lotus in the Land of the Calm Morning” antologiyasında bir sıra şeirləri ingilis və koreya dillərində çap olundu.”
2025-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın əziz xatirəsinə həsr olunmuş kitabda da onun məqaləsi dərc olunub.
Beynəlxalq mətbuatda mütəmadi olaraq dünyanın müxtəlif ölkələrindən olan şairlər, yazıçılar, jurnalistlər, tərcüməçilər, ədəbiyyatşünaslarla ədəbi-elmi söhbətləri dərc olunur.

ÖZÜMÜ MƏHKƏMƏYƏ ÇƏKDİM

Özümü məhkəməyə çəkdim –
Nə şahid var,
nə vəkil,
nə də ittiham oxuyan qınayıcı.
Yalnız bir güzgü…
O da sınıq, lal.

Mən cavab verdim,
günahsız günahıma –
cavablarım uzandıqca uzandı.
Ağlamadım – amma içimdə
çırpınıb bir şey… sınandı.
Dilimdə söz dondu,
göz yaşım axdı.
Qarşımda özüm –
amma yad bir adam kimi dayandım…
Heç bir yerdə özüm ola bilmədim.
Ancaq özlüyümdə – hər kəsə çevrildim.

Gözümün sual işarələrini
yaşlarım sildi apardı.
Əlimdə – dəftər,
sözlər belə çəkindi,
Mən yazmadım –
Sözlər yazılmaqdan boyun qaçırdı.
Bu – musiqi, məclis deyil –
məhkəmə iclasıdır.

Qanımda axan – sükut.
Dırnağım altında yığılan həsəd –
sükut qədər yumşaq,
ağrı qədər iti.
Mən özümü bağışladım.

Özümü məhkəməyə çəkdim…
Qanun — VİCDAN,
Təqsirkar — ÖZÜM.
Bütün günahı çiynimə aldım,
Öz qarşımda qaraldı üzüm…

ÖZÜMÜ UNUTDUGUM GÜN

Mən özümü unutduğum gün —
güzgüm məni xatırladı.
Adım — sükut oldu,
Nəfəsim — şübhə.

Kölgəm məndən qaçdı,
nədən yenə ardımca gəldi?
Mən geriyə baxmadan irəli qaçdım,
və zaman — məni yarıb keçdi.

Mən həqiqəti yalanlarda tapdım,
yalanlarım məni xilas etdi.
Çünki bəzən ən doğru söz —
deyilməmiş olandır.

Mən ölü fikirləri diriltdim,
yeni düşüncələri basdırdım.
Yaşamağım — ölümə qarşı üsyan,
Ölməyim — həyata hörmət idi.

Mən güldüm —
göz yaşlarım gülüşümdən xəcalət çəkdi.
Mən ağladım —
qəhqəhəm sükuta çevrildi.

Mən yazdım —
sözlər ox oldu, mən isə nişan.
Mən susdum —
və bu ən gurultulu fəryada döndü.

İndi mən yoxam —
amma hər yerdə varlığım duyulur.
Mən heç kim deyiləm —
lakin hər ürəkdə adım anılacaq!


Səni —
bağışlamaq üçün sevmişdim,
bağışlanmaz bir yerdə tapdım özümü.
Əllərim sənin üçün deyil,
məhəbbətdə qalmaq üçün duaya açıldı.
Gələndə yaralarımı sarıyarsan, — dedim,
amma sən qəlbimi açıb
böyük bir yaraya çevirdin.
Dərman olmağını gözlədim,
amma sən xəstəliyimə ad qoydun.
“Ayrılıq” dedin.
Və o adla daha da çox ağrıtdın…

Mən arzularımı sənin gözlərində gördüm,
unutmaq üçün isə dodaqlarına baxdım.
İlk öncə sən qəlbimi fəth etdin,
axırda isə mən
sənin eşqinin əsiri oldum.

Səni ağlayaraq dilədim —
hər göz yaşımda bir parça məhəbbət,
hər ahımda bir böyük həqiqət.
Və indi —
“Yaralarımı özüm sarıyaram”,
deyə gedərkən
ən ağır zərbən —
“gecikmiş məhəbbətin” oldu.

SƏNİ ELƏ UNUDACAĞAM Kİ…

Səni elə unudacağam ki,
gözlərin külə dönəcək,
xatirən qaranlıq bir dənizdə
dalğa-dalğa udulacaq.

Unutmayacağın tək şey,
mənim səssiz çığırtım olacaq,
külümün içində gizlənən alov
hər gecə qəlbinə sancılacaq.

Adım — zamana vurulmuş bir yara,
dodaqlarında çarəsiz bir heca.
Unutmaq yox, unutdurmaq istəyirəm,
amma mən elə bir fırtınayam ki,
sənin dünyan dağılacaq,
özünlə yanıb kül olacaqsan.

Səni unutmaq —
bir qiyaməti səssizcə başlatmaq,
bir ulduzun gecəni parçalaması kimi;
səssiz, amma sonsuz sarsıntılarla…

Unutsan əgər,
mənim unuduşumun yükünü daşıyarsan,
üzləşərsən kölgəmlə,
qaçışın yox, gizlənməyin boş.

Çünki mən —
unutmağın ən qaranlıq cəhənnəmiyəm;
səni elə unudacağam ki,
sən əsla unuda bilməyəcəksən…


Xəyallarımı danışa bilmədim,
sükutumun belə dili vardı halbuki.
Amma mən —
qorxdum suya pıçıldamaqdan,
çünki su
yalnız şəffaflığı deyil,
qaranlığı da daşıyır.

Tutummu özümü,
yoxsa buraxıb getsəmmı
sularla birgə?
Amma içimdə
zaten bir ömür
axıb duran bir çay var —
adı hüsran,
adı sükut,
adı: “danışa bilmədiklərim.”

Suya demədim,
göyə də hayqırmadım…
çünki yuxumun yozumu yox idi —
bəlkə də taleyi belə yox idi,
ya da vardı,
amma mən o qapını
heç döymədim.

Sular eşitməsin istədim
ürəyimin içindəki
o qara qorxuları.
“Bəsdir” dedim,
bir ömür
yalnız içimdə axıb getsin
göz yaşlarımla bərabər.

Çünki bəzi yuxular
yalnız içimizdə böyüyər,
yalnız içimizdə ölər
və yalnız içimizdə
daşar…

AH, SƏNƏ BİR SARILSAM…

“Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri.”

(Özdemir Asaf)

“Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri.” *
Bir anlıq toxunuşla
qırılmadan öncə içimdəki o dərin boşluq
yoxa çıxsa,
zamanın axışı dayansa
və həmişə səninlə qalsam,
bir ömür boyu o istiliklə.

De, nə olar, bir an daha ver mənə,
içimdəki tənhalıqda boğulmadan,
bir sarılmanın gücüylə
bütün qaranlıqları yıxım…

Ah, sənə bir sarılsam indi,
işıqsız gecələrdə itmiş xəyallarım
sənə toxunuşla oyansa
və bir daha heç yatmasam.

Bir tək sarılmağınla
bütün incikliklər silinsə,
içimdə buz tutmuş ürəyim
bir azca isinib çözülə bilsə.

Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri
və bir daha yalnız qalmasam…

Bütün dünyaya səni danışardım,
bir tək sarılmağınla
yenidən doğulsam.

Müəllif: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Zaur Ustacın “Beyin qurdu”: – Cəmiyyətin gizli parazitləri üzərinə satirik bir baxış

Zaur Ustacın “Beyin Qurdu”: – Cəmiyyətin gizli parazitləri üzərinə satirik bir baxış
Zaur Ustacın hekayələri arasında “Beyin qurdu” xüsusi yeri olan, həm bədii, həm də satirik dəyəri ilə seçilən nümunələrdən biridir. Əsərdə müəllif gündəlik həyatımızda adiləşmiş, lakin mahiyyətcə dərin sosial problemlərin alt qatını yumor, satira və hiperbolik obrazlar vasitəsilə açır. Burada təkcə bir ailənin səhər yeməyində baş verən hadisələr deyil, bütöv bir təfəkkürün, düşüncə tərzinin, sosial münasibətlərin iç üzünü görürük.
Fərd mənsub olduğu ailəni təmsil etdiyi kimi, ailələr də daxil olduğu  cəmiyyətin güzgüsüdür.
Hekayədə Tutaqalxanovlar ailəsi əslində cəmiyyətin müxtəlif təbəqələrini simvolizə edir:
-Ata Tutaqalxanov – imkanlı, hakimiyyətə yaxın, sərt görünən, amma əslində isə çaşqın və məntiqsiz qərarların içində itib-batan tipik məmur obrazı.
-Xanım Tutaqalxanova – zahiri mədəniyyət, daxilən isə körpə kaprizlərinin əsiri olan ana arxetipi.
-Gənc xanım – ərköyün, kaprizli, sosial sərhədlərdən xəbərsiz yeni zəngin nəsli.
-Oğul Tutaqalxanov – böyümüş, amma hələ də uşaqlıq xüsusiyyətlərindən xilas ola bilməmiş simvolik bir obraz.
-Nənə – keçmişin səsi, köhnə mif və inamların daşıyıcısı.
-Fətulla (Fətiş) – bu ailənin həm quludur, həm də əslində ən “sağlam” olanıdır, ancaq onlar tərəfindən ən çox məsxərəyə qoyulanıdır.
Bu ailə təkcə bir ailə deyil – varlı-karlı təbəqənin özlərinin süni şəkildə yaradaraq indi də içində boğulduqları çirkabın, düşüncə pozuntularının karikaturasına çevrilmiş kiçik bir cəmiyyət modelidir.
Hekayənin əsas süjet xəttini “beyində qurd” metaforası təşkil edir. Zaur Ustac burada həqiqi parazitdən deyil, məcazi parazitin – tənbəllik, irrasional düşüncə, kapriz, boş həyat tərzinin insan beyninə necə yerləşdiyini göstərir.
Oğul Tutaqalxanovun Fətullaya baxıb: –  “Mən o qurddan istəyirəm. Mən də kişi kimi olmaq istəyirəm.” – deməsi sadəcə məzəli deyil – faciəvi dərəcədə düşündürücüdür. Çünki bir ailədə, bir cəmiyyətdə dəyər ölçüləri bu qədər alt-üst olanda:
-iradə yox olur,
-düşüncə tənbəlləşir,
-məsuliyyət hissi ölür,
-insan özünü başqasının “qurdu” vasitəsilə inkişaf etdirməyə çalışır.
Bu mənada “qurd” – yalnız parazit deyil, zatən düşünməyi bacarmayan insanların beyninə yerləşmiş təzadlı düşüncə formasıdır.
Satiranın gücü və müəllifin ironiyası ilk nidadan son zərb-məsələ qədər bütün hekayə boyu səngimir. Zaur Ustac əsasən dialoq üzərində qurulmuş bu kiçik həcmli mətndə bir ailənin üzvləri olsalar da bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif xarakterli insan obrazları yaratmağa müvəffəq olmuşdur.
Hekayədə dialoqlar sürətli, yumorlu, teatrvari qurulub. Ustac satiranın dilini ustalıqla işlədərək:
-absurdu adi hal kimi göstərir,
-dramatik olanı komik, komik olanı dramatik edə bilir,
-cəmiyyətin eybəcərliklərini oxucunun gözünə dik tutur.
Eyni zamanda hekayə boyunca “qurd” ifadəsi müxtəlif məna çalarları qazanır: bioloji, məcazi, sosial, psixoloji. Bu da əsərin çoxqatlılığını təmin edir.
Əsərdə həkim obrazı sanki məntiqin son qalası –  xaricdən gəlmiş bir “realist” kimi təqdim olunur. O, vəziyyətin absurdluğunu başa düşsə də, ailənin təfəkkür sistemi onun məntiqi izahlarını belə əritməyə qadirdir. Sonda həkim də ironiya ilə danışmağa başlayır – çünki bu mühitdə məntiqin səsi eşidilmir.
Bu obraz vasitəsilə müəllif:
-elmi düşüncənin,
-məntiqin,
-sağlam təfəkkürün
cəmiyyətlərdə necə boğulduğunu göstərir.
Əsərin sosial mesajı da zamanla səsləşir.
“Beyin Qurdu”nun mesajı sadədir, amma çoxqatlıdır:
-Zehnində qurd olanlar, əslində düşünə bilməyən insanlardır.
-Əsl qurd insanın öz daxilindədir – tənbəllik, məsuliyyətsizlik, kobudluq, laqeydlik.
-Cəmiyyətin bəlası savadsızlıq deyil, düşüncənin deformasiyasıdır.
-Xəstəliyin özü yox, xəstəliyə inanma tərzi daha təhlükəlidir.
Zaur Ustac bu hekayəsi ilə göstərir ki, insanın ağlına yerləşən qurdlar ən qorxulularıdır; çünki onları nə mikroskop göstərir, nə dərman sağaldır. Onlardan xilas olmağın yeganə yolu – düşünmək, ayılmaq, dəyər ölçülərini yenidən qurmaqdır.
“Beyin Qurdu” həm güldürür, həm düşündürür, həm də sarsıdır. Müəllif satiranı güclü silah kimi işlədərək cəmiyyətin eybəcərliklərini ustalıqla ifşa edir. Bu hekayə göstərir ki, problem qurdun özündə deyil – insan beynində özünə yer tapmasına şərait yaradan təfəkkürdədir.
Zaur Ustac bu əsərilə bir daha sübut edir ki, satira təkcə gülüş deyil, həm də düşüncə mədəniyyətini olduğu kimi əks etdirən güzgüdür.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÖZÜ ÖLSƏ, SÖZÜ ÖLMƏZ USTADIN

ÖZÜ ÖLSƏ, SÖZÜ ÖLMƏZ USTADIN

Əslən Qazağın Dəmirçilər kəndindən olan “Nəsibli” nəslindən üç qardaş (Nəsibin nəvələri) – Nəsib, İsgəndər və Mustafa Göyçə mahalının Daşkənd kəndində yaşayıblar. Nəsibin Əfruz adlı bir qızı, Mustafanın Abdulhüseyn (Molla Abdulhüseyn), Reyhan və Sehran adlı üç övladı; İsgəndərin isə Qəmbərəli, Fatma və Əmrəli adlı üç övladı olub.
Bu yazıda söhbət açacağımız aşığımız Nuriddin adı çəkilən Əmrəli kişinin nəvəsidir. Əmrəli kişi Molla Şabanın qızı Kəklik ilə evlənmiş, iki oğlu, iki qızı – Abid, Zabid, Xanımzər və Məhtəvan dünyaya gəlmişdir. Bütün Göyçəlilər, eləcə də Daşkəndlilər kimi sazın-sözün vurğunu olan Əmrəli kişi oğlu Abidi mahir saz ifaçısı, telli sazının sədaları hələ də uzaq keçmişimizdən bu günə qədər qulaqlardan getməyən Hidayət kişinin yanına şəyirdliyə verir. Abid sazın sirli-sehirli aləminə baş vurduğu vaxtlarda könlündə ustadının qızı Röyzə xanıma aşiq olur. Şəyird saza, sözə bələd olduqdan sonra bir gün çoxdandı qəlbən sevdiyi Hidayət kişinin qızını götürüb qaçır. Bu yerdə müharibədən əvvəl olmuş, ağsaqqallardan eşitdiyim, bu hadisəyə oxşar bir başqa əhvalatı burada qeyd etmək yerinə düşər: – Daşkəndli Aşıq Ziyad Məmmədov Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Əsədin yanında aşıq sənətini öyrənirmiş. Aşıqlığı demək olar ki, tam mənimsəyəndən sonra ustadı Aşıq Əsədin qızı Sürayəni götürüb Daşkəndə qaçıraraq onunla evlənir. Onu da deyim ki, Aşıq Ziyad İkinci dünya müharibəsində həlak olmuşdur. Zəhra və Turac adlı iki qızı olan Aşıq Ziyadın nəvə-nəticələri hal-hazırda Tovuz rayonunda yaşayırlar.
Abid ilə Röyzə xanımın evliliyindən beş oğlan, dörd qız övladı dünyaya gəlir. Bu uşaqlardan biri – Əsədulla 7 yaşında vəfat edib. O da atasından və babasından saz çalmağı öyrənmişdir. Xatırlayanların söyləmələrinə görə, uşaq olmasına baxmayaraq sazda özünəməxsus güllər vururmuş. Haqqında məlumat vermək istədiyim Aşıq Nuriddin də bu doqquz uşaqdan biridir.
İsgəndərov Nuriddin Abid oğlu 20 noyabr 1956-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini Daşkənd kənd məktəbində almışdır. Tibbə böyük marağı olduğundan sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verir. Lakin sonuncu imtahandan məqbul qiymət ala bilmir. Tibbi təhsilə olan həvəsini sonralar oğlu Afiyəddin davam etdirəcəkdi… Nuriddin İsgəndərov 1975-1977-ci illərdə Çexoslovakiyada hərbi xidmətdə olduqdan sonra, təhsilini Moskva Kooperasiya İnstitutunun Bakı filialında davam etdirmişdir.
Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Buna səbəb kimi ana babası Hidayət kişinin və atası Abid Əmrəli oğlunun da təsiri az olmamışdır. Nuriddin həm də vallarda, audio kasetlərdə, eləcə də radioda aşıq havalarına qulaq asmış, özü üçün sənəti mənimsəmişdir. Özünün də dəfələrlə dediyi kimi, o, daha çox Aşıq Kamandar Əfəndiyevin və Aşıq Əmrah Gülməmmədovun ifalarına qulaq asırmış. Beləcə aşıq sənətini lazımınca mənimsəyən Nuriddin artıq Daşkəndlə bərabər Göyçənin başqa kəndlərinə də toylara dəvət almağa başlayır. Onu qonşu kəndlərdəki toylara daha çox həmkəndliləri Əli və Məsim Xəlilov qardaşları aparar, Göyçəlilərə belə bir püxtə, cavan aşığın da olmasını söyləyər, onu tanıdardılar. 1979-cu ilin bir günü Aşıq Hacı Bayramov həmkəndlisi Abid kişidən oğlu Nuriddinin onunla aşıqlıq etməsinə icazə istəyir. Beləliklə, Aşıq Hacı ilə Aşıq Nuriddin cütlüyü aşıqlığa başlayır. Cütlük həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak edir və tez bir zamanda elin-obanın rəğbətini qazanırlar.
1981-ci ildə Aşıq Hacı Bayramovla Aşıq Nuriddin birlikdə televiziyada “Aşıq Alının Türkiyə səfəri” dastanını söyləmiş və dastanın lеnt yazısı televiziyanın “Qızıl fond”una daxil edilmişdir. Bundan sonra Aşıq Hacı ilə Aşıq Nuriddinin ifasında “Əmrah” dastanı da dinləyicilərin yaddaşında xoş bir iz buraxmışdır. Bu gün də Youtube kanalında 100 minlərlə baxış sayı olan hər iki dastan populyarlığını saxlamaqdadır.
Aşıq Nuriddin el şairlərindən Sərraf Şiruyə, Əli Qurban Dastançı, Alqayıt, İsmixan, Aqil İman ilə, aşıqlardan Hacı, Fətulla, Murad Niyazlı, İdris, İslam, İsrayıl, İsgəndər Ağbabalı ilə, balabançılardan Əli, Salman, Əmir ilə, zurnaçılardan Dünyamalı, Zamaxan, Əjdər, Xasay və b. ilə toylarda, el şənliklərində, dövlət tədbirlərində çıxışlar etməklə daha da məhşurlaşdı. Məhz belə də olmalı idi. Axı, Aşıq Ələsgərin sevimli şəyirdi Aşıq Nəcəfin kəndində doğulub aşıq olmamaq, XIX əsrin tanınmış şairi Məmmədhüseynin su içdiyi bulaqlardan su içib şair kimi yetişməmək mümkün deyildi. Məhz Nuriddin bu mühitin yetişdirməsi kimi ulu aşıq sənətinin davamçısı olmalı idi. Dediklərimizə Aşıq Hacı Bayramovun da ona ustadlığını və sənət yoldaşlığını əlavə etsək, Nuriddinin sözün həqiqi mənasında əvəzsiz bir aşıq olduğunun şahidi oluruq.
Keçirdiyi toyların arealı çox böyük idi. Gah səsi Göyçədən, gah Kəlbəcərdən, gah Gəncəbasardan, gah da Bərdədən – Qarabağdan gələrdi. Onun keçirdiyi ən izdihamlı toylar Kəlbəcərin “Sarı yer” yaylağında və Bərdədə olardı. Elat camaatı həmişə toylarını “Sarı yer” yaylağında edərdi. Yay aylarında Aşıq Nuriddin, Aşıq Hacı və Balabançı Əli həftələrlə kəndə qayıtmaz, elə “Sarı yer” yaylağında toyu-toya calayardılar. Bir dəfə doğulduğum Bərdə rayonunun Yeni Daşkənd kəndində şahidi olduğum bir toyda baş verən nüansı deməsəm olmaz: Aşıq Nuriddin qohumu Əyyub kişinin qızının toyunu idarə edirdi. Kənd camaatının xahişi ilə o sazı kənara qoymaqla “Qarabağ şikəstəsi”ni oxudu. O qədər gözəl ifa, o qədər gözəl boğazlar etdi ki, sanki bu sənətkar elə xanəndə imiş. Onun ifasında “Kəsmə şikəstə”nin də öz yeri vardı. Onu da deyim ki, şikəstə janrı məhz əvvəl aşıq musiqisi yaradıcılığında əmələ gəlmişdir. Aşıq Nuriddinin həmkəndlisi, nakam taleli Aşıq Nəcəf də muğamları aşıq havaları qədər gözəl ifa edirmiş.
Aşıq Nuriddinin ifa etdiyi 60-dan çox saz havasının – “Dilqəmi”, “Qaytarma”, “Cəlili”, “Göyçə qaragözü”, “Yanıq Kərəmi”, “Kərəm gözəlləməsi”, “Göyçə gülü”, “İrəvançuxuru”, “Dübeyti”, “Nəcəfi”, “Məmmədhüseyni”, “Ağır şərili”, “Şahsevəni”, “Qəhrəmanı”, “Duraxanı”, “Sarıtorpaq” və başqaları onun repertuarında ən gözəl ifalar kimi yaddaşlarda qalıb. Bu ifalar həm də aşıq musiqisi xəzinəmizə əvəzsiz töhvələrdir. Onun özündən ən çox hansı havaları sevdiyini soruşduqda belə cavab verərdi: “Aşıq havalarının hamsı gözəldi. Bir-birindən ayırmaq doğru deyil. Lakin “Ağır şərili”, “Nəcəfi”, “Dilqəmi”, “Göyçə qaragözü”, “Göyçə gülü” daha çox sevilən havalardandır.”
Aşıq Nuriddin saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaşadılmasında da danılmaz rola malik olmuşdur. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olan marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir.
1990-cı illərdən aşıq sənəti tənəzzül dövrünü yaşayanda Aşıq Nuriddin bu hallara dözmür, daxilən sarsılırdı. Bunu həmin illərdə özü də dəfələrlə söyləyər, aşıq sənətinin tarixi və milli mədəniyyətimiz olduğunu vurğulayardı. Ustad dərsi almayan, 2-3 hava çalmağı bacarmaqla özlərini “aşıq” elan edənlər, harda gəldi (xüsusən çayxanalarda) aşıqlıq edənlər onun mənəviyyatını büsbütün alt-üst edirdi. Məhz, bu hallar getdikcə daha da geniş vüsət aldı və o daha bu sənəti davam etdirməyin mənasızlığını anladı. Demək olar ki, Aşıq Nuriddin 1998-1999-cu illərdən aşıqlığa son verdi.
2 dekabr 2018-ci ildə İctimai Televiziyanın “Ozan məclisi” verilişi aşığın həyat və fəaliyyətinə həsr olunmuşdur. Verilişin aparıcısı, aşıq sənətinin bilicisi, jurnalist Qorxmaz Tofiqoğlu, bu sətirlərin müəllifi Araz Yaquboğlu, Aşıq Firudin, və Aşıq Mehdi ustadla bağlı xatirələrini televiziya tamaşaçıları ilə bölüşmüşdür. Aşıq Nuriddin ifaçı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Onun yaradıcılığı haqda daha geniş 2008-ci ildə çap olunan “Daşkənd aşıqları və şairləri” kitabında məlumat verilmişdir. Belə ki, kitabda onun tərcümeyi-halı, şəkili və beş şeiri – “Küsər”, “Gül yarım”, “Eyləmə”, “Düşərsən”, “Var” çap edilmişdir.
Aşıq Nuriddin 25 may 1980-ci ildə həmkəndlisi Sənubər Aslan qızı ilə ailə qurmuşdur. Afiyəddin və Nərminə adlı iki övladı, dörd nəvəsi var. Evləndikdən bir neçə ay sonra, – 1981-ci ildən Şəmkir şəhərində yaşamışdır. O, bir neçə il davam edən müalicələrdən sonra, 22 dekabr 2017-ci ildə 61 yaşında Şəmkir şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Aşıq Nuriddinin özü cismən ölsə də, sözü heç vaxt ölməyəcək, sazı heç zaman susmayacaq. Çünki, ustadın qardaşları Aşıq Firudin, Viləddin, qardaşı oğlu Şöhrəddin onun sənətinin davamçılarıdır. Bu soylu sənətin soylu davamçıları ocaqda hər zaman olub və olacaq. Biz buna inanırıq.

Araz Yaquboğlu,
tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü

ARAZ YAQUBOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

TARIXIN XƏYALLARI

TARIXIN XƏYALLARI

Biz bilirik ki, sükut nə sözlərin manipulyatorudur, nə də işgənəçi. O, hörmət oyadan ağrıya bənzəyir; biləyimizin çayı, damarlarımızın dənizi kimidir. O, bizi müşahidə edən və bizə saf enerji qaytaran dosta oxşayır; sümüklərə işləyən pası yumşaldan bir yağlayıcıdır, kölgəyə çevrilənədək. Çox vaxt detektiv rolunu oynayır: “kukla”nın ipini toplayır, zamanı yükləyir və peşmanlıqları ilə birlikdə geri qaytarır, rejissorun əfsanəvi səhnəni çəkdiyi kimi onu dəyişdirir.
Yazıçı, əzab, ağrı və gözlənti ilə söz arasında həqiqi bir bağ yaranır, əgər işıq sehrli fənər kimi çıxış edirsə və onun intensivliyini tutub şeirə, nəqlə, fabula və şah əsərə çevirirsə. Qaranlıq qanımızın çırpınmasını hiss edir və bizi nigarançılıqdan uzaqlaşdırır; o, daxili vaxtımız, xarizmatik bir varlıq olur.
Şübhənin sübhü qapını döyür; ən dərin çapıq cazibədar bir varlığa çevrilir; göy üzü bədənimizi və düşüncəmizin düyünlərini çılpaq göstərən bir ekranın işığını daşıyır. O gizli profilimiz, uzun müddət – hətta ictimai və mədəni mühitdə də – taxdığı “maskadan” nəhayət azad olur.

“İskelet”, hadisələrin vəhşiliyinə baxmayaraq, yavaş-yavaş yenidən çiçəkləməyə başlayır; sanki yabanı küləkdən döyülmüş, baltayla budaqları kəsilmiş ağacın qol-budaqları kimi. Söz bir ikonaya çevrilir, oxucularının qarşısına zərifliklə çıxır; onun baxışı aydındır, şəxsi izi, təbii istedadı vardır: incə texnika, qafiyələrin zərifliyi, həyatın ağırlığı, illər boyu şöhrətin zərbəsinə dözmək məcburiyyəti, həm də paxıllığın soyuqluğu.
Zaman keçdikcə insan anlayır ki, yanlış ata bel bağlayıb, amma yenə də mübarizə aparmaq, məğlubiyyətdən sonra rinqdə ayağa qalxmağı bacarmaq lazımdır. Heç vaxt duyğularımızın etimadını satmamaq, “ölü” və keçici hüceyrələrdən qurtulmaq. Uzun illər boyu çəkilmiş pislikləri “tabuta” möhürləmək – zəriflik və təmkinlə.
Zaman hər zaman düşmən deyil; o, sabahımızdır, bu günümüz və keçmişimizdir, həm də bir ata kimidir – əgər şeirə olan heyranlıq öz kimliyimizi yaratmaq istəyilə qarışırsa.
Xəyal – yaradıcılığın rəng palitrasıdır; zamanla sevinclə sevilən bir tabloya çevrilir. O, sözdən qabaq doğulur və ona həyat verir. Onu qarşımıza alanda yeni hekayələrin qapısı açılır, sanki pəncərəni küləyə açıb otağı işıqla doldurmaq kimi.
Xəyalın özü də qaranlıqdan qorxmur, əksinə, qaranlığın sinəsini yararaq ona nəfəs olur. O, bizə unudulmuş səsləri xatırladır: babamızın yorğun barmaqlarıyla tar çalmasını, bir ananın dizində yatarkən eşidilən ninni səsini, uşaqlıqda küləyə qarşı qoyulmuş çığırtımızı.
Hər bir xəyal, sükutun qaranlıq bədənində doğulmuş işıqdır. O işıq sözə toxunduqda, şeir olur; musiqiyə qarışanda, ahəngə çevrilir; daşın üstündə dayananda, abidəyə dönür.
Amma ən dərin xəyallar çox vaxt qovulmuş qaçqın kimidir: bizdən uzaqlaşmaq istəsə də, içimizdə gizlənərək yaşamağa davam edir. Onlar gündüzün işığında görünməsə də, gecənin ən tənha çağında birdən qarşımıza çıxır, bizi öz güzgümüzə baxmağa məcbur edir.
Yazıçı üçün isə bu xəyallar – həm dost, həm də düşməndir. Dostdurlar, çünki bizə yazmaq üçün qanad verirlər; düşməndirlər, çünki gecələrimizi oğurlayır, qəlbimizi parçalayır, bizdən həmişə daha çox səmimiyyət tələb edirlər.
Tarix – sadəcə daş kitabələrdə oyulmuş yazı deyil, o həm də insan ruhunun əbədi xəyallarında yaşayır.
Bir millətin xatirəsi, əslində, onun gördüyü və qoruduğu yuxulardan ibarətdir.
Əgər xəyal olmasaydı, qədim şəhərlərin qapıları yenidən açıla bilməzdi; şairlər öz səslərini gələcəyə əmanət edə bilməzdilər.
Xəyal – zamanın dərinliyində gizlənmiş bir körpüdür: dünənlə sabahı birləşdirən, bizi özümüzə qaytaran gizli yol.
O, bəzən susar, amma heç vaxt ölməz.
Bir uşaq təbəssümündə, bir qoca baxışında, bir qadının dualarında yenidən boy göstərir.
Elə bil, hər bir xəyal – tarixin öz qəlbindən bizə ötürdüyü səssiz məktubdur.
Biz oxuduqca, o məktubun sözləri genişlənir:
bir gün şeirə çevrilir,
başqa gün musiqiyə,
və bir gün gələcək nəsillərin yaddaşına hopur.
Beləcə, tarix – keçmişin daş yaddaşı deyil yalnız;
tarix – insan xəyalının heç vaxt sönməyən alovudur.

Maria Teresa Liuzzo,
italyan şairəsi, yazıçı, jurnalist, tərcüməçi və nəşriyyatçı, “P. Benintende” Lirik-Drama Assosiasiyasının Prezidenti, “LE MUSE” ədəbi jurnalının baş redaktoru

Tərcümə:
Cahangir NAMAZOV,

Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Âlimî – Halûk Tanrıverdi

Dermanım Sensin

Gönlüme münasip bulmuştum Seni,
Umudum zay’ etme, gümanım Sensin,
Çareme bir tabip seçmiştim Seni,
Takatım tüketme, dermanım Sensin.

Sevdiğim sırrına ermek muradım,
Kalbime işleyen, fermanım Sensin,
Sevgimi önüne sermek maksadım,
Gönlüme taht kuran, mihmanım Sensin.

Dört yana savruldum, senin peşinden,
Varıp sığınacak, limanım Sensin,
Âlimî, bin parça oldum sevginden,
Derip, derleyecek, ceman’ım Sensin.
06.09.2025

Müəllif: Âlimî – Halûk Tanrıverdi

münasip: beğenilen, hoşa giden, uygun
zayi etmek: yitirmek, kaybetmek
güman: zan, şüphe, kuşku
takat: vücuttaki iş yapabilme, başarabilme gücü; derman, hâl, mecal
mihman: misafir, konuk
dermek: bir araya getirmek, toplamak
ceman: toplam olarak, hepsini içine alarak, hep birlikte, yekûn

Qurban Səidin “Əli və Nino” romanında multikultural mühitdə hüquq və kimlik

Qurban Səidin “Əli və Nino” romanında multikultural mühitdə hüquq və kimlik

“Əli və Nino” təkcə iki insanın sevgi hekayəsi deyil. Bu roman imperiya və milli kimliklərin toqquşduğu, hüququn həm formal, həm də qeyri-formal institutlarının eyni zamanda fəaliyyət göstərdiyi bir məkanda multikultural və hüquq məsələlərini daim sual altına alan bir əsərdir. Qurban Səid, hadisələri və obrazları vasitəsilə bu problemləri həm emosional, həm də intellektual səviyyədə təqdim edir. Oxucu əsərdə Qafqazın multikultural ruhunu, İslam Şərqinin mənəvi aləmi ilə Avropa hüquq düşüncəsinin kəsişdiyi bənzərsiz bir mənzərəni görür. Müəllif, romanın hadisələr xronologiyasını imperiyanın dağılmaqda olduğu, etnik və dini sərhədlərin itib yenidən formalaşdığı bir dövrdə qurur. Belə şəraitdə hər bir insan həm fərd, həm də icma üzvü, eyni zamanda hüquqi şəxs kimi mövqelənir. Bu üç rol bəzən bir-biri ilə ziddiyyət təşkil edir, bəzən isə bir-birini tamamlayır.Əsərdə diqqəti cəlb edən əsas xüsusiyyət onun çoxsəviyyəliliyidir: eyni məkan daxilində müxtəlif etnik, dini və hüquqi ənənələr paralel şəkildə mövcuddur, bəzən isə toqquşur. Romandakı hadisələr 1910–1920-ci illərin siyasi-tarixi prosesləri fonunda baş verir. Müharibə, imperiyanın zəifləməsi və milli hərəkatlar hüquqi-əxlaqi dilemmlər yaradır. Əsərdə gündəlik həyatın küçələrdən kəbin sənədinə, məscid ziyarətindən hərəmxanaya qədər olan səhnələrini hüququn, mədəniyyətin necə formalaşdığını göstərir. Müharibə və siyasi xaos şəraitində mülki hüquq, sahiblik, vətəndaş hüquqları tez-tez pozulur. İnsanlar belə bir zamanda dövlət qanunlarından çox, dini, etnik və ailə bağlarına sığınırlar. Bu isə multikulturalizm üçün həm təhlükə, həm də sınaq yaradır. Müxtəlif mədəniyyətlərin təmasında yaranan əməkdaşlıq, qarşılıqlı anlaşma müharibə dövründə çox vaxt düşmənçilik və şübhə ilə əvəz olunur. Romanda etnik-dini kimliklər sabit kateqoriyalar kimi təqdim olunmur, onlar əksinə, şəxsi seçimlər, dillər, geyim, kulinariya, musiqi, sevgi vasitəsilə formalaşır, bəzən də məhv olur. Bakı şəhəri romanda bir “mədəni mərkəz” rolunu oynayır. Burada ingilis hərbi məmurları, rus ticarət dairələri, erməni tacirlər, gürcü aristokratiyası, azərbaycanlı aristokrat və kəndli təbəqələr qarşılaşır, hüquqi sfera isə bu qarşılaşmaların nəticəsində yenidən yazılır. Məsələn, müstəqil Azərbaycan Demokratik Respublikasının yaranıb süqut etməsi, daha sonra Sovet hakimiyyətinin qurulması hüququn universal və ya yerli xarakterinin dönüşünü göstərir: bir andaca qanunlar dəyişir, dövlət institutları sıfırlanır, insanlar özünütəhlükəsizlik üçün ənənəvi və şəxsi qaydalara üz tuturlar. Bu nöqteyi-nəzərdən, roman həm multikultural uzlaşma imkanlarını, həm də imperiya və milli dövlətlər arasında hüquqi boşluqların fərdlər üzərində yaratdığı zərəri açır.
Əli xan Şirvanşir obrazı mədəni inteqrasiyanın, eyni zamanda daxili parçalanmanın simvoludur. O, həm ənənəvi müsəlman ailəsinin və şərəf kodlarının daşıyıcısı, həm də Avropa təsirli təhsil almış, fərdiyyətçiliyə meylli gəncdir. Bu ikilik Əlinin davranışlarında, o cümlədən hüquqi qərarlarında daim görünür: onun üçün şəxsi seçim həm hüquqi, həm də mədəni-etik məsələdir. Əlinin qərarları sadəcə “qanun nə deyir?”dən ibarət deyil, o, ictimai şərəf, nəsil və ailə gözləntilərini də nəzərə alır. Onun daxili dialoqu, köklərə bağlılıqla Avropa prinsiplərinə tərəfdarlıq arasındakı gərginlik əsərdə millət və fərd hüququ arasındakı tarazlığı göstərir. Bu səbəbdən, Əlinin sevgi, ailə, evlilik kimi şəxsi seçimləri, ictimai status və kollektiv gözləntilərlə əlaqələndirərək hərəkətlərini həm daxildən, həm də xaricdən məhdudlaşdırır. Romanda ailə və icma səviyyəsində hüququn plüral təbiəti aydın şəkildə görünür.
Gimnaziyada, Bakı şəhərinin Avropa ilə Asiya arasında yerləşməsi barədə gedən mübahisə əsərin əsas ideoloji məsələlərindən birinə çevrilir. Professor Saninin “Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır” cümləsi coğrafi yox, mədəni və hüquqi sualdır: insanın kimliyi doğulduğu torpaqdan yox, üzərinə götürdüyü dəyərlərdən asılıdır. Əli Asiyada qalmaq istədiyini deyəndə bu yalnız emosional bağlılıq deyil, onun seçiminin arxasında hüquqi və mənəvi məsuliyyət də dayanır. Nino qaçırıldıqda , o, şəxsi qəzəbini, “şərəf” normalarını müdafiə etmək üçün zor tətbiq edir, Naxararyanı tutub öldürür. Burada əsas sual yaranır: dövlət qurumları çökəndə və sərhədsizlik varkən fərdin ədaləti özü həyata keçirməsi nə dərəcədə haqlıdır? Əlinin bu hərəkəti həm “qəhrəmanlıq” kimi təqdim olunur, həm də oxucuya situasiyanın normalarını necə romantikləşdirə biləcəyini göstərir. Ənənəvi adətlər ilə qanunsuzluq üst-üstə düşəndə şəxsi intiqam “qanun”un yerini tutur. Onun üçün mənəviyyat, ailə bağları, ədalət və etika insan azadlığının əsasını təşkil edir. Professorun Avropa ilə Asiyanın sərhədini elmi sual kimi təqdim etməsi əslində çoxmillətli imperiyanın ideoloji dilemmasını gizlədir. Həmin sinifdəki uşaqlar hər biri öz xalqının hüquq anlayışını əks etdirir: rus üçün qanun imperiya hökmüdür, erməni üçün hüquq kilsə və millət şüuru ilə bağlıdır, müsəlman üçünsə hüquq, “haqq” “mənəvi və dini məsuliyyət”dir.
Roman boyunca Əli öz mənəvi və hüquqi kimliyini qorumağa çalışır. O, təhsilli, Qərbə açıq bir müsəlmandır; Avropa elmini mənimsəyir, amma onu inanc, milli köklərindən ayırmaq istəmir. Bu, multikultural mühitdə mədəni-hüquqi sintez axtarışının simvoludur. Əlinin otağındakı xalçalar, Firdovsi və Sədi sitatları ilə bəzədilmiş naxışlar qədim ənənə ilə Qərb elminin birgə mövcud ola biləcəyinin poetik təsviri kimi, onun ruhunun mənəvi toxumasını göstərir. Otağında fizika kitablarının yanında namaz xalçasının dayanması mədəni- hüquqi harmoniyanın görüntüsüdür. Bir tərəfdən ənənəvi adətlər, dini qaydalar və patriarxal nizam var; digər tərəfdən isə Rus imperiyasının qanunları, Avropa dəyərlərinin təsiri və milli mətbuatın yaratdığı yeni normativ çərçivələr mövcuddur. Evlilik məsələsi ailələrin, icmaların, millətlərin münasibətinin mikroskopik ifadəsinə çevrilir. Qarşılıqlı etimadsızlıq, fərqli hüquqi mədəniyyətlər, məsələn, xristian və müsəlman ailə ənənələrinin evlilik, miras, nəslin adı kimi məsələlərdəki fərqləri, əsərin narativ gərginliyini yaradır. Müəllif multikulturalizmi yalnız tolerantlıq bəyanatı kimi yox, mədəni mübadilənin mərkəzində duran bir proses kimi təqdim edir. Bakı kimi kozmopolit şəhər burada hüquqi plüralizm üçün əlverişli mühit yaradır: fərqli xalqlar, dillər və dinlər qonşu olaraq qanunlar, adətlər, statuslarla davamlı təmasda olur. Romanda multikulturalizm həm də qaçılmaz gündəmdir. Hadisələrin gedişində insanlar bir-birinin dünyagörüşünü görür, bəzi elementləri mənimsəyir, bəzilərini rədd edir. Bu mənimsəmə hüquqi nəticələr doğurur: müxtəlif icmaların nikah, miras, şəxsi davranışa münasibəti fərqli olduğundan, qlobal və yerli hüququn uzlaşdırılmasına ehtiyac yaranır. Əsərin qiymətli tərəflərindən biri də budur ki, o, yalnız “mədəni münaqişə”ni göstərmir, həm də bu münaqişələrin necə həll edilməyə çalışıldığını, hansı kompromislərin qəbul və ya rədd olunduğunu, bunların insanlara necə təsir etdiyini işıqlandırır. Əsər qadınların iki fərqli hüquqi-ictimai mövqeyini göstərir. Bir tərəfdən Nino kimi nisbətən sərbəst, qərb tərzi hüquqi subyektlər var, digər tərəfdən isə ənənəvi ailə strukturları içində məhdudlaşmış qadınlar — Zeynəb tipli obrazlar. Bu iki obraz qarşı-qarşıya gələndə qadın subyektliyinin iki ayrı strategiyası ortaya çıxır.
Zeynəb ənənəvi məkanın qayda və gözləntilərinə bağlıdır. O, uşaq verə bilməmək kimi bioloji-sosial problemin həllini adətlər, dini ritualar vasitəsilə axtarır, ümidini məhz bu mühitin verdiyi normativ resurslara bağlayır. Onun hüquqi-ictimai zəifliyi məhz olduğu məkanla, oradakı resurslara və onlara çıxış imkanının məhdudluğu ilə bağlıdır. Nino isə fərdi seçimlərə, Avropa təsirinə daha yaxın, hüquqi-sosial subyektliyə aktiv yanaşan obrazdır. O, mədəni-iqtisadi kapital sayəsində geniş seçim imkanları qazanır, lakin bu onu tam sığortalı etmir. Müxtəlif məhəllələrdə Ninonun xristian mənsubiyyəti və qərb adətləri təhlükə kimi qəbul edilə bilər. Nino həm Avropa qadını arxetipinə məxsus atributları daşıyır, həm də Qafqaz kontekstində qadının hüquqi-ictimai mövqeyinin limitlərini göstərən mədəniyyətlərarası bir körpü kimi çıxış edir.
Romanda Nino və Zeynəb stereotipik “tərəflər” deyillər: hər ikisində ənənəyə bağlı və onu yenidən formalaşdırmağa çalışan elementlər var. Ninonun nitqi, davranışı, bədən dili qərbli qadın obrazını xatırladır, amma onun kimliyində milli və ailəvi köklər, şəxsi arzular, hüquqi məhdudiyyətlər də yer alır. O, yalnız məhəbbət obyekti olmaqla yanaşı, seçim edən, layihə qura bilən, fəaliyyət göstərən subyektdir. Ninonun azadlıq nümayişləri — geyim, səyahət, danışıq və s. təkcə estetika deyil, eyni zamanda gender, vətəndaşlıq hüquqları ilə bağlı səssiz, lakin güclü iddialardır. O, görünməmək haqqına qarşı çıxaraq görünmək haqqını tələb edərək bunun üçün özünü risqə atır. Bu cür hərəkətlər cəmiyyətdəki görünməyən hüquqi boşluqları üzə çıxardaraq fərdin hansı hallarda məhrumiyyətə məruz qala biləcəyini göstərir.
Ninonun Dağıstandakı sərbəst təcrübəsi ilə saraydakı məhdudiyyətlər arasındakı kontrast onun zaman-məkan asılılığını göstərir: fərdin dəyərləri yeni məkanlara daxil olduqda qəbul və ya rədd olunma ilə üzləşir. Romanda Nino həm üsyançı, həm də qurban rolunu oynayır. Bəzən ictimai qınağa, bəzən isə ədalətin müdafiəsinə ehtiyac doğurur. Əsərdə əsas dilemmlərdən biri fərdi azadlıqla kollektiv öhdəliklər arasındakı tarazlığın necə qurulmasıdır. Hər bir obraz hüquqi subyekt kimi qərarlar verir və bu qərarlar onların cəmiyyət qarşısındakı mövqeyini dəyişdirir. Əlinin ailə mədəniyyəti ilə ziddiyət təşkil edən seçimləri onun hüquqi və sosial məsuliyyətini artırır. Nino isə öz davranışları ilə həm patriarxal, həm də dövlət qanunlarına meydan oxuyan nümunəyə çevrilir.
Məsuliyyət və nəticələr baxımından əsər humanist-praktik hüquq dərsi rolunu oynayır: məhəbbətin idealları hüquqi reallıqlarla dəstəklənmədən davam edə bilməz. Müharibə və tarixi sarsıntılar fərdlərin hüquqi subyektivliyini daha da dəyişkən edir. Dövlətin gücü, titul, ünvanların itirilməsi, sürgün kimi cəzalar insanların həyatını ani, radikal şəkildə yenidən müəyyənləşdirə bilir. Nino ilə bağlı dialoqlarda görünən çarın reaksiyası, sürgün riski, dini dönüşün doğura biləcəyi ictimai qəzəb kimi qorxular, bu dramatik hüquqi narahatlıqların fərdi əksidir. Belə şəraitdə nikah qərarı yalnız şəxsi müqavilə olmur; o, eyni zamanda milli və dini məna da daşıyan ictimai-hüquqi bir qərara çevrilir. Ninonun “öz etiqadımı saxlayacağam” deməsi rəsmi sənədlərin (kəbin sənədi, möhür, şahid imzası və s.) məzmununu, məna daşıma qabiliyyətini sual altına qoyur: sənəd formal tanıma verə bilər, lakin vicdan və şəxsi azadlığı kağız tam bərpa etmir. Onun yeni soyadının “Şirvanşir” yazılması hüquqi assimilyasiyanın simvoludur. Soyadın dəyişdirilməsi rəsmi inteqrasiyanı ifadə etsə də, həm məna itkisini, həm də yeni hüquqi statusun gətirdiyi ciddi nəticələri özündə saxlayır. Müharibə fonunda bu “məhkəmə” daha sərt olur, çünki siyasi hakimiyyətlərin qaydaları tez-tez dəyişir, hüquqi sabitlik zəifləyir. Belə vəziyyətdə fərdin hüquqi mövqeyi böyük qeyri-müəyyənliklə üzləşir: vətəndaşlıq, mülkiyyət və ailə statusu bir anda yenidən müəyyən edilə bilər. Bu baxımdan, roman həm tarixi sənəd, həm də bədii metaforadır. Tarixi sənəd kimi o müəyyən dövrün sosial strukturlarını, etno-dini münasibətlərini və hüquqi qeyri-müəyyənliklərini əks etdirir; bədii metafora kimi isə daha ümumbəşəri suallar doğur: kimlik necə formalaşır, sevgi nə qədər dözə bilər, fərdin azadlığı nə vaxt kollektiv marağın qurbanına çevrilir? Bu suallar yalnız 1910–1920-ci illərə aid deyil — əsərin qoyduğu problemlər hər dövrdə aktual qalır.
Əsərin fərdi obrazları vasitəsilə hüququn necə təcəssüm etdiyini aydın görmək mümkündür. Naxararyan siyasətçilərə və imperiyaya qarşı realist yanaşma nümayiş etdirir: o, hüququ resursların, statusun, rahatlığın qorunması ilə eyniləşdirir. Kilsə əmlakı müsadirə olunsa belə, o, dövlətin təmin etdiyi qaydanı şəxsi həyat tərzini itirməmək üçün əsas vasitə sayır. Belə mövqe müstəmləkə nizamının hüquqi reallığını göstərir, qanun dağıdıcı, yenidən paylayıcı mexanizm kimi çıxış edir. Qoçu və stansiyadakı köçərilərin baxışı fərqlidir: onlar üçün hüquq uzaq, əlçatmaz və ya funksiyasızdır; onların şikayətləri dövlət qurumlarına deyil, “İran qılıncı” kimi qorxu və mifologiyaya yönəlir. Bu, çoxmədəni cəmiyyətlərdə hüquqa çıxışın müxtəlif yollarla həyata keçirildiyini göstərir. Naxararyan və onunla hərəkət edən diaspor kapitalı romanın həm iqtisadi, həm də hüquqi əsaslarını möhkəmləndirir. Onun qızıl külçələrini xaricə aparması yalnız təhlükəsizlik məqsədi daşımır, sədaqət və kimliyin pula çevrilməsini xarakterizə edir. Kapitalın ölkədən çıxması yeni sərhədlər yaradır: “biz” və “onlar” anlayışları artıq pul, hərəkət azadlığı ilə müəyyənləşir. Bu isə çoxmədəni mühit üçün təhlükəlidir, çünki etnik və dini qruplar arasında inamın itməsi hüquqi sabitliyi bərpa etməyi daha da çətinləşdirir.
Seyid Mustafanın Keyxosrov haqqında nəql etdiyi rəvayət hüquqi-ideoloji arqument kimi təqdim edilir. Keyxosrovun gürcü qızı ilə nikahı və onun şəkilinin sikkələrə vurulması əmri siyasi hakimiyyətin qərarvermə sahəsinə dair nümunə kimi şərh olunur. Seyidin demək istədiyi budur ki, qanunlar həm dünyəvi, həm də dini tarixdə elastik şəkildə tətbiq olunub, müxtəlif dövrlərdə hökmdarların şəxsi seçimləri hüquqi ölçüləri formalaşdıra bilib.Bu vəziyyətin hüquqi-mədəni nəticəsi odur ki, adət və qanun bir-birinə bağlıdır, hakimiyyətin dilə gətirdiyi “qanun” tez-tez siyasi iradənin ifadəsinə çevrilir. Əsərdə qadın həm qənimət, siyasi simvol, həm də hüquqi obyekt kimi göstərilir, onun nikah, mülkiyyət və nəsil məsələlərindəki statusu həm dini, həm də mədəni hüquq çərçivəsində müzakirə olunur. Seyidin “onun oğlu əlbəttə şiə olmalıdır” ifadəsi valideynlərin dini mənsubiyyətinin uşağın hüquqi-mənəvi təyinatına necə təsir etdiyini göstərir. Bu isə hüquqi pluralizmin, ailə hüququnun və cəmiyyətin normalarının qarşılıqlı əlaqəsini açır.
Obrazlararası müqayisə romanda mənəvi-funksional baxımdan ən faydalı üsuldur. Əli ilə atası arasındakı uçurum modernist–fatalist qarşıdurmasını göstərir; atanın dünyagörüşü ənənə və dövlətə bağlıdırsa, Əli fərdi seçimlərə, müasirliyə meyllidir. Əli ilə Nino arasındakı münasibət isə mədəni sintez və parçalanmanın modelidir. Onların birgə qərarı, uşaqlarına “Tamara” adı vermələri simvolik məna daşıyır: bu ad həm xristian, həm müsəlman mühitində qəbul edilərək gələcək nəsillərin mədəni sərhədləri aşan birləşdirici kimliyinə işarə edir. Əlinin atası obrazı patriarxal düşüncə və dövlətin simvolu kimi təqdim olunur. O, oğluna daim “ölkənin ehtiyacı var” deyərək şəxsi həyatı və xoşbəxtliyi vətən, millət naminə qurban verməyi tələb edir. Bu yanaşma əsərdə hüququn başqa bir formasını: mənəvi, ailəvi qanunları təmsil edir: fərdi xoşbəxtlik dövlətə və ailəyə xidmətə tabe olmalıdır. Əli ilə əminin qarşı-qarşıya gəlməsi yalnız nəsillərin və dəyərlərin toqquşması yox, hüququn iki fərqli legitimləşmə forması arasındakı toqquşmadır. Əmi ənənəvi və rəsmi səlahiyyətləri təmsil edir: titul, mülkiyyət, çoxarvadlılıq, dini göstərişlər, ictimai nümayişlər onun “qanuni” mövqeyini müəyyən edir. Onun üçün qanun, gündəlik həyatda yaşananlardır. məsələn, arvadların eyni qaydada saxlanılması formal ədalət iddiası olsa da, Əminin Zeynəbə olan xüsusi münasibəti göstərir ki, bu qayda kağız üzərində qalır.
Əli isə daha mürəkkəb bir mövqedədir. O, ənənədən gəlir, amma modern hüquq və fərdi agentlik anlayışına da yaxınlaşır. Şirvanşir, səlahiyyətə malik olmaq istəyir, amma onun imkanları icmanın qınağı, patriarxal şərəf kodları və siyasi qeyri-müəyyənliklə məhdudlaşır. O, hüququ sosial performans vasitəsilə yaşayır, kişilik, şərəf, qəhrəmanlıq kimi normativlər ona cəmiyyətin icazəsini verir və ya ondan məhrum edir. Zeynal ağa ilə qubernatorun ailəsi arasında iqtisadi-mədəni kapital fərqi diqqət çəkir: qubernator ailəsinin estetik və yazılı mədəniyyət üstünlüyü var, Zeynal ağanın isə praktik, maddi gücü. Bu paralellər göstərir ki, hər personaj fərqli hüquq mənbəyinin daşıyıcısıdır. Bəziləri rəsmi qanunu, bəziləri ənənəni, bəziləri isə iqtisadi gücü və sosial legitimliyi təmsil edir. Romanın əsas suallarından biri budur: multikultural cəmiyyətdə ədalət necə təmin edilə bilər? Qurban Səid bu suala sadə cavab vermir. O, fərqliliklərin qarşılıqlı qorunmasının, rəsmi institutların dayanıqlığının və fərdi hüquqların müdafiəsi üçün institusional əsasların vacibliyini birgəyaşayış üçün anlayış, qarşılıqlı səylər lazımlığını göstərir. Bu iki mənbə bəzən uzlaşır, bəzən toqquşur; nəticədə Əli, Nino, Zeynal ağa və digər obrazlar bu toqquşmanın daşıyıcılarına çevrilirlər. Onların konfliktləri oxucuya başqa bir sual da verir: fərqli mədəniyyətlər və hüquq sistemləri bir arada yaşaya bilərmi? Roman həmçinin multikulturalizmin real siyasi və zorakı tərəflərinə diqqət çəkir. Musa Nağının narahatlığı, ruslarla türk və ermənilər arasındakı münaqişələr, Bolşevik işğalı göstərir ki, şəxsi səviyyədə münasibətlər mümkün olsa da, dövlət siyasətləri və hərbi qüvvələr bu əlaqələri dağıda bilər. Beləliklə, əsər tarixi bir vitrin xassəsidir: mövcud multikultural tarazlığın nə qədər həssas olduğunu göstərir.
Oxucu üçün ən vacib dərs budur: hüquq yalnız kitab səhifələrində məhdudlaşan bir konstruktsiya deyil. O, insanların gündəlik davranışlarında, sosial rollarda, tarixdən gələn hekayələrdə və sarsılmış sədaqətlərdə yaşayır. Romana bu prizmadan baxmaq həm hüquqşünaslara, həm də mədəniyyətşünaslara zəngin material verir: hər obraz, hər mübahisə, hər səhnə hüququn necə formalaşdığını, necə yenidən yazıldığını göstərir. Əsər multikultural məkanlarda kimlik və hüququn qarşılıqlı təsirini açır, beləliklə yalnız iki fərdin deyil, iki hüquqi-mədəni sistemin imtahanı olur. Qurban Səid göstərir ki, nə Qərb qanunu, nə də Şərq ənənəsi təkbaşına insanı azad və xoşbəxt edə bilməz, həqiqi azadlıq yalnız qarşılıqlı hörmət, mədəni anlaşma, vicdanın qanunla vəhdət təşkil etdiyi bir cəmiyyətdə mümkündür.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“Yazarlar” təqdim edir: Səbinə Dəniz

SƏBİNƏ DƏNİZ

Səbinə Dəniz (Bayramova) əbədi fəaliyyətinə 2017-2018-ci illərdə başlayıb. 2021-ci ildə onun ilk psixoloji janrda olan “Yaralı ruhlar” kitabı işıq üzü görüb. Daha sonra qadınlara həsr olunan “Mən qadınam və qorxmuram”, “Mənim qızım” adlı əsərləri nəşr olunub. Ən sonuncu və fərqli üslubda yazılmış uşaq ədəbiyyatı əsəri isə “Jolly Gamza” (Gülüş Kraliçası Qəmzə) adlı karikatura kitabıdır. Yaxın zamanda “Uçmağı Bacaran Ruh” adlı kitabı işıq üzü görəcək.
“Yaralı Ruhlar” kitabı, insanların sevgi və dostluq münasibətlərindəki gərginlikləri, fikir ayrılıqlarını və inciklikləri araşdıraraq insanların ruhlarının dərinliklərinə işıq tutur. Yazıçı Səbinə Dəniz kitabda insanın xarici görüntüsünü (cismini) və daxili dünyasını (ruhunu) müqayisə edərək, insanın iki tərəfdən ibarət olduğunu izah edir. Kitab, sağlam münasibətlər qurmaq üçün psixoloji hekayələrdən ibarətdir və oxuculara öz ruhlarını tapmaqda kömək edir.
Hər bölümdə ruhun fərqli tərəfləri, insanın hissləri, düşüncələri və emosiyaları incələnir. Müəllif, insanın daxilindəki suallara cavab verməyə çalışır və ruhun daxili sükunəti və tarazlığı ilə əlaqədar təhlillər təqdim edir.
“Mənim qızım” kitabının əsas xətti bir ananın qızına duyduğu sevgi və onun həyatına verdiyi dəyərdir. Müəllif, Dənizi yalnız bir övlad olaraq deyil, həm də onun həyatına işıq saçan, dünyasını dəyişdirən xüsusi bir varlıq kimi görür. Hər səhifədə bu sevginin dərinliyini hiss etmək mümkündür. Anası, qızının böyüdüyü illəri, keçirdikləri xatirələri və onunla qurduğu xüsusi bağları sevgi ilə təsvir edir. Dəniz, kitabda həssas, küsəyən, amma eyni zamanda çox yaradıcı və emosional bir uşaq kimi təsvir edilir. Onun dünyaya baxışı, başqalarına qarşı empatiyası və kiçik şeylərdən belə təsirlənməsi, müəllifi daha diqqətli və qayğıkeş bir ana olmağa sövq edir.
“Jolly Gamza” uşaqlar üçün yazılmış yumor və sevinc dolu bir nağıl kitabıdır. Əsərin əsas qəhrəmanı – Qəmzə daim gülən, ətrafındakı hər kəsə şənlik və xoşbəxtlik bəxş edən bir qızcığazdır. Onun gülüşü sehr kimidir – kədərli adamı sevindirir, yorğun insanı ruhlandırır, hətta heyvanlar və təbiət də bu gülüşdən pay alır. Qəmzə həm dostları, həm də ailəsi üçün “Gülüş kraliçası” adlanır. O, sadə oyunlarla belə dünyanı rəngarəng göstərir, balaca uşaqları birləşdirir, insanlara mehribanlığın və sevginin gücünü xatırladır. Fərqli üslubda yazılmış “Jolly Gamza” (Gülüş Kraliçası Qəmzə) adlı karikatura kitabı İngilis və Azərbaycan dillərində nəşr olunan bu əsər 2-10 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu kitab həm dil öyrənməyə, həm də uşaqlarda empatiya, sevgi və gülüş kimi müsbət duyğuların formalaşmasına xidmət edir. Səbinə Dəniz bu əsəri ilə uşaq ədəbiyyatında yeni bir nəfəs yaratmağa çalışmış, eyni zamanda ədəbiyyata vizual, cəlbedici bir yenilik gətirmişdir. Gülüşün dünyanı xilas etməyi ümidi ilə yazılan bu kitab kiçik yaşlardan uşaqlarda mənəviyyat hisslərini aşılamaq üçün xüsusi bir cəhddir.
“Uçmağı bacaran ruh”– Səbinə Dənizin dərin emosional, psixoloji və humanist tonla yazılmış yeni romanıdır. Əsər “Yaralı Ruhlar” kitabının davamı olaraq, sükutun içindən doğan bir ruhun azadlıq yolunu — Aysunun sağalma, yenidən doğulma və güc tapma hekayəsini danışır.
Uşaqlığında susdurulmuş bir qızın illər sonra səsini geri tapması, qorxularının yerini cəsarətə, utancın yerini şəfaya çevirməsi, bu kitabın əsas xəttini təşkil edir. Aysu illərlə içində daşıdığı ağrını sözə çevirir, yazır, paylaşır və sonunda başqalarının səsinə çevrilir.Əsər yalnız bir insanın hekayəsi deyil, həm də susan bütün qadınların, qızların və uşaqların çağırışıdır:
“Heç kim yeddi yaşında ölməsin. Heç bir ana, qızının çığırtısına qulaq tıxamasın.”
“Uçmağı bacaran ruh” oxucuya travma ilə mübarizənin, güvənin, şəfanın və öz səsini tapmağın nə qədər dərin və eyni zamanda ümid dolu bir yol olduğunu xatırladır. Bu kitab – sükutdan işığa doğru gedən bir ruhun hekayəsidir.
Aşağıda Səbinə Dənizin “Yaralı Ruhlar” kitabından bir hissə təqdim edirik:
İşıqlanmaq üçün yan, işıqlandırmaq üçün deyil.”
İlk öncə sevilməkdən çox başa düşülməyinizi istəyin. Qısqanılmaqdan çox isə güvənilməyinizi istəyin. Bunlar arasındaki fərqi hiss edəcəksənsə demək ki, fərqli birisən. Sonda hər şey gözəl olmalıdır. Əgər nələrsə pisdirsə, deməli hələ son deyil. Bir şey olmaq istəyirsə, olacaq. Həm də doğru zamanda, doğru səbəblə, doğru insanla. Hərşeyin çarəsi zamandır, qismətdir deyib özünüzü aldatmayın. “Qismət” heç bir qərar qəbul etməyənlər üçün ən münasib sözdür. Ağlı səndə olmayana, qəlbini təslim etmə. Vaxtınızı heç vaxt üzünüzə açılmayacaq qapını döyməyə sərf etməyin. Sənin başına gələn hər şeyin müəllifi özünsən. Biri ilə münasibət qurmazdan əvvəl azadlığınla münasibətdə olduğunu unutma. Başqalarını isitmək üçün özünü yandırma. Dəyərləndirən olmayacaq.
İşıqlanmaq üçün yan, işıqlandırmaq üçün deyil. İşıqları söndür bundan sora səni tapmaq istəyən özünü yandırsın. Ama bunlardan əvvəl ilk öncə özünü sev sonra sənə yaxşı hiss etdirəni, amma yenə deyirəm sonra.

Təqdim etdi: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

SƏBİNƏ DƏNİZİN DİGƏR YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


DUYĞULARIN YÜRÜŞÜ – VƏFA BAĞIRZADƏ YARADICILIĞINDA EMOSİYANIN MUSİQİYƏ ÇEVRİLİŞİ

DUYĞULARIN YÜRÜŞÜ – VƏFA BAĞIRZADƏ YARADICILIĞINDA EMOSİYANIN MUSİQİYƏ ÇEVRİLİŞİ

ALTMIŞ DOQQUZUNCU YAZI

(Vəfa Bağırzadənin “Duyğuların yürüşükonsert pyesini fleyta və orkestrin ifasında dinləyərkən)

Musiqi, insan qəlbinin sükut içində danışan dilidir. Mən bu qənaətə ilk dəfə illər öncə Elza İbrahimovanın qəlbi riqqətə gətirən həzin melodiyalarını dinlədikdən sonra gəlmişdim. Elza xanımın yanıqlı bəstələri məni həmişə (bu gün də) düşünməyə vadar edib: insan qəlbini belə riqqətə gətirən, ruhunu coşduran, duyğularını oyadan hansı səbəblərdir (mühitdir)? Bəzən bir səs, bir titrək not, bir nəfəs qədər incə harmoniya bütün bir duyğular selini ifadə edə bilir. Tanınmış gənc Azərbaycan bəstəkarı Vəfa Bağırzadənin “Duyğuların yürüşü” əsəri də məhz bu sükutun içində danışan, dinləyicini düşüncə və hiss dünyasında səyahətə aparan bir musiqi tablosudur.

Haşiyə:

Bəstəkar: Vəfa Bağırzadə
Çıxış edir: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri.
Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev
Solist: Nəzrin Əmirli (fleyta)

Bu əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənərkən, hər bir səs milli musiqi düşüncəsinin incəliyini, eyni zamanda müasir bədii təfəkkürün dinamikasını özündə birləşdirir. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev, əsərin ruhunu dərinliklə duyaraq, onu həm texniki, həm də emosional baxımdan kamil səviyyəyə çatdırır. Solist Nəzrin Əmirlinin fleyta ifası isə bu kompozisiyaya incə bir nəfəs, şəffaf bir işıq qatır. Fleytanın tənha, bəzən titrək, bəzən ümidli səsi – sanki duyğuların öz yürüşünü, hisslərin insan ruhunda keçdiyi yolları səsləndirir.

“Duyğuların yürüşü” – sadəcə musiqi parçası deyil, həyatın emosional ritmlərindən yoğrulmuş poetik bir etirafdır. Vəfa Bağırzadə bu əsərdə insanın daxili aləmini notlara köçürərək, sevinc, kədər, təlatüm, arzu və sükunət kimi halları bir-birinə bağlayır. Bəstəkarın melodik dili həm klassik ənənələrdən qaynaqlanır, həm də çağdaş musiqi düşüncəsinə açıqdır. Bu sintez onun yaradıcılığında milli və bəşəri ruhun vəhdətini nümayiş etdirir. Vəfa xanım özü “525-ci qəzet “ə verdiyi müsahibədə bu çuğlaşmanı belə dəyərləndirir: “Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim…” (yaşıl rəngli yazılarıın üzərinə toxunub müsahibəni tam oxumaq olar) Əslində isə o, təkcə Şərq və Qərbi deyil, eləcə də keçmişlə gələcəyi məcmu halında müasir dinləyicilərə təqdim edir. Onun yaratdığı həzin melodiyalar eyni ilə Elza İbrahimovanın yanıqlı bəstələri kimi insanın ruh halının portretini, duyğularının rəsmini gözlər önündə canlandırır. Düşüncənin ən dərin qatlarına sirayət edir. Qəlblərimizi riqqətə gətirir. Düşündürür.

Əsərin strukturunda dramatik inkişaf xətti aydın hiss olunur – musiqi əvvəlcə sakit bir axınla başlayır, tədricən güclənir, duyğuların toqquşduğu, emosiyaların bir-birinə qarışdığı zirvəyə yüksəlir və sonra yenidən sakitlik – daxili barış halına qayıdır. Bu dramaturji gedişat, sanki insan ruhunun gündəlik həyatdakı eniş-yoxuşlarının musiqi təcəssümüdür.

Vəfa Bağırzadə musiqisində qadın duyğusallığı, incə estetik baxış və intellektual dərinlik bir araya gəlir. Onun əsərlərində sanki musiqi – danışan, düşünən və hiss edən canlı varlığa çevrilir. “Duyğuların yürüşü” də məhz bu baxımdan müasir Azərbaycan bəstəkarlığının zərif və mənəvi dərinliyə malik nümunələrindən biridir.

Bu musiqi əsəri dinləyiciyə təkcə zövq yox, həm də düşüncə verir. O, ruhun “sözsüz monoloqu”dur. Hər kəs bu əsəri dinləyərkən öz iç dünyasında bir səfərə çıxır – kimisi keçmiş xatirələrinə dönür, kimisi gələcək arzularını düşünür, kimisi isə sadəcə musiqinin sehrinə qapılıb sükutun dincliyinə dalır.

Qısa arayış:

Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.

2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.

2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.

Beynəlxalq və respublika müsabiqələri laureatı, “Gənclər mükafatı” laureatıdır.
Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vəfa Bağırzadə – müasir Azərbaycan musiqisində fərdi üslubu, səmimi ifadə dili və estetik baxışları ilə seçilən bəstəkardır. Onun “Duyğuların yürüşü” əsəri, həm musiqi sənətimizin bugünkü inkişaf mərhələsini, həm də qadın bəstəkar duyarlığının dərinliyini nümayiş etdirir.

Bu əsər, həm professional musiqi mühitində, həm də geniş dinləyici kütləsi arasında böyük maraq doğurur. O, sübut edir ki, Azərbaycan musiqisi bu gün də öz ruhunu, dəyərlərini və bədii enerjisini qorumaqla yanaşı, dünya səviyyəli bədii ifadə formalarına sahibdir.

Xüsusi qeyd:

Sadəcə dinləmək lazımdır ki, mənim qeydlərimin Vəfa Bağırzadənin duyğularının kölgəsində itib-batdığına şahid olasınız. Dinləyin:

Vəfa xanıma yeni-yeni nailiyyətlər arzulayır, bir-birindən gözəl yeni bəstələr gözləyirik. Yolunuz açıq, uğurlarınız bol olsun, Vəfa xanım!

Müəllif: Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

ZAUR USTACIN DİGƏR YAZILARI

VƏFA BAĞIRZADƏ HAQQINDA

Şəhərin bü günkü görkəmi, əhvalı

****

Siz heç gülüşlərinizin arxasında gizlətdinizmi göz yaşlarınızı,
Hıçqırıqlarınızı təbəssümünüzdə boğdunuzmu heç?
Dəli kimi hönkürdünüzmü qəh-qəhələrinizin ardınca,
Bağrınıza basdınızmı xəyallarınızı gecə boyunca?
Ağrılarınızı küçələrə, nisgilinizi dənizə tökdünüzmü,
Gedənlərin xiffətini dalğa-dalğa, sahil-sahil çəkdinizmi?
Şəkil-şəkil dolandınızmı gecənin başına,
Bir telefon zəngiylə ovutdunuzmu həsrətinizi,
ulduz-ulduz xatirələrərin başı üstə sabahladızmı?
Divar-divar dinşədizmi sükutu,
Səssizliyi qapı-qapı puzdunuzmu?
Diksindinizmi hər külək uğultusuna, yağış səsinə,
Bir də..
Bir də bulud-bulud yığışdınızmı payızın kölgəsinə,
Xəzəl-xəzəl susdunuzmu?

****

Harda qaldı ətəyi yer süpürən, başı çalmalı analar,
Cibləri noğullu, şirnili, qucağı ərikli, almalı analar?
Yığışıb ocaq başında yuxa yayardılar,
İnək sağar, yun əyirər, nehrə çalxayardılar.
Bişirdikləri yeməkdən özlərinə pay düşməzdi,
ətrindən doyardılar.
Saçlarımız əllərində,
Adımız dillərində sığallanardı,
Nağıllanardıq.
Gecələr xalça toxuyar, corab yamayar, paltar tikərdilər,
Zərif çiyinlərində dünyanın yükünü çəkərdilər.
Utanardılar, böyüklərin yanında qucağa uşaq götürməzdilər,
İnanclıydılar, Tanrıya, imama, övliyaya şəkk gətirməzdilər.
Özlərinin hesab-kitabı vardı,
Ruziləri bu qışdan o qışacan çatardı.
Yer belləyər, əkin əkərdilər,
Hər işdə pərgardılar, zərgərdilər.
Gec yatıb tez oyanardılar,
Hər kəsin nazıyla oynayardılar.
Şükürlü, dualıydılar,
Ayağı sayalıydılar.
Harda qaldı əli xınalı, başı örpəkli analar,
Süfrəsi bərəkətli, üzü çörəkli analar.

****


“Min notda ağlatdı duyğular məni,
Ovundum bir misra baxışın altda”
Günəşdən gizləndim, sazağa qaçdım,
Qaldım bir didərgin yağışın altda,
Dumana aldandım, çənə aldandım.

Aldandım cığıra, yola, ləpirə,
Azdırdı ümidlər, gümanlar məni.
Hasarlar, divarlar, sədlər, çəpərlər,
Dənizlər, sahillər, limanlar məni,
Şeytana aldandım, cinə aldandım.

Savaşda, qovğada, dərddə böyüdüm,
Halaldan dolandım, haramdan keçdim.
Bircə həqiqətin eşqinə min yol
İncildən,Tövratdan, Qurandan keçdim,
Məzhəbə aldandım, dinə aldandım.

Kənd-kənd aldatdılar, şəhərbəşəhər,
Küsdürdü yalançı sevgilər məni.
Törələr, qanunlar, haqlar, hesablar,
Sabahlar, kaşkilər, bəlkələr məni,
Buğdaya aldandım, dənə aldandım.

Düşdüm addım-addım vaxtın dalınca,
Həftəyə aldandım, günə aldandım.
Neyləyim, bu gün də səni tapmadım,
İlahi, bu gün də sənə aldandım.

****
Şəhərin bü günkü görkəmi, əhvalı..

Qoca şəhər,
Payız,
Xəzəllər külək-külək uçuşur havada,
Budaqlar əl sallayır uçan xəzəllərə,
Üstündən, başından utanır yarıçılpaq ağaclar.
Qeybət dodaqlardan asılıb siqaret tüstüsündə boğulan küçələr.
Dalğa-dalğa sahilə yüyürür dəniz,
Ordan qayalara, ordan göy üzünə dırmaşır.
Zamanın dalınca sürünür yorğun adamlar,
Fikirli adamlar, dalğın adamlar.
Bir gənc əlləriylə keçir yolu,
Divar-divar köçürür şəhəri yaddaşına.
Bir qızın saçlarında rüzgar oynayır,
Yanaqlarında sevişir qum dənələri,
Bəxtəvər payızın başına.
Xəzan rəngindədi yenə hər yan, hər şey–
Arzular, ümidlər, görüşlər, vidalar,
Nöqtələr, suallar, nidalar!

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

I>>TƏRANƏ DƏMİRİN DİGƏR YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana