
İLHAM PƏRİSİ İLƏ GÖRÜŞ
(şeirsiz həyat)
İki aydır şeir yaza bilmirəm,
Təbim uzaqlaşıb, tanımır məni.
Vaxtmı əngəl olub buna, bilmirəm,
Sanki hər ötən gün sınayır məni.
Neçə kağız yazılmağı gözləyir,
Məlul-məlul baxır yazı masası.
Şeirsiz ürəyim ancaq qəm yeyir,
Axı sözdür hər anımın mənası!?
Düşünürəm bəzən mən öz-özümə,
Bəlkə, bir az dinclik istəyir ürək?
Axı şeir dinclikdir mənə görə!?
Şeirə dönməyən duyğu nə demək?
Nə mavi göy üzü cəlb edir məni,
Nə çöldən, çəməndən alıram ilham.
Qəsbkar duyğular qəsb edir məni,
Axı mən nə vaxtdan şeirə yadam?
Axı hələ qələm tutur əllərim,
Amma aram dəyib kağız-qələmlə.
Niyə yazmağa yanaşmır ürəyim?
Keçir günlərim fərəhsiz, ələmlə.
Qəlbimin böhranını son günlərdə,
Özümə ən böyük dərd hesab etdim.
Bürkülü keçən bir yay gecəsində,
Bir söz həsrətiylə yuxuya getdim.
Bir anda elə bil bulaq qaynadı,
Axdı ordan şeirlər sətir-sətir.
Yazacağım şeirlərim dil açdı:
“Eşit, gör ilham pərisi nə deyir?”
“Ey sözün quluna çevrilən insan!”
İlham pərisi başladı sözünə:
“Sən ki olmamısan şeirə nadan,
Niyə əziyyət verirsən özünə?
Şeir şəkər deyil, gəzmir ağızda,
Şeir əlçatmazdır, dürrdür, incidir.
O, şairi qovurur öz nazında,
Bir sətir üçün nə qədər incidir.
İttifaqdır şeirlə şair təbi,
O, sınayır dəfələrlə şairi.
Gərək sakit olsun şair əsəbi,
Yazanda bir-iki sətir şeiri.
Şeir yazmaq asan gəlməsin sənə,
Bu yolla yerisən, çək əzabını.
Onda dəyərli olar şeirin də,
Bir düşün, götür özün hesabını.
Şair təbi nadir qaynayan bulaq,
Şeir alın təri, şeir əməkdir.
Bircə sətir cızma-qara da olsa,
Onu yazmaq üçün səbir gərəkdir.
Odur ki, heç nədən narahat olma,
Həsrətə dözməyi öyrənməlisən.
Şeir özü gələcəkdir yanına,
Sən onu gözləməyi bilməlisən.
Bu sözüm hamının ünvanınadır,
Heç kəs narahat olmasın heç nədən.
Dünya əbədi yox, fani dünyadır,
Heç nə önəmli deyil öz ömründən.
Sən ki sazsız-sözsüz almırsan nəfəs,
Şeir sənə hər an nəfəs verəcək.
Şair, səndə olan şeirə həvəs,
Səni son anda da tərk etməyəcək”.
23.08.2025 (saat 20:00).
Müəllif: Sevindik NƏSİBOĞLU
SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI
SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru