50 yaşlı magistr: İnsanın məqsədi güclüdürsə, heç bir yaş, heç bir maneə önəm daşımır

50 yaşlı magistr: İnsanın məqsədi güclüdürsə, heç bir yaş, heç bir maneə önəm daşımır

Bəzən insanın ömrü boyu arzuladığı bir iş, illər sonra da olsa, öz yolunu tapır. Artıq 50 yaşını haqlayan Ruhiyyə Dünyamalıyeva üçün də bu belə olub. Uzun illər musiqi müəllimi kimi fəaliyyət göstərən Ruhiyyə xanım həyatın qayğıları, ailə məsuliyyətləri və gündəlik çətinliklərə görə öz arzusundan ayrı qalıb, elə bu ilədək. Hazırda o, Bakı Dövlət Universitetinin Xoreoqrafiya ixtisasına magistr kimi qəbul olub. Öz dilindən bu uğur hekayəsini eşitmək üçün Ruhiyyə xanımın evinə yollandıq.
Ruhiyyə xanım, bu yaşda yenidən tələbə olmaq xəbəri sizə hansı duyğuları yaşatdı?
– Bu xəbər, əlbəttə, məndə böyük sevinc və həyəcan yaratdı. Çünki necə ki öyrətməyin yaşı yoxdur bir müəllim üçün, eləcə də öyrənməyin. Və hər yeni mərhələ insana həm motivasiya, həm də özünü sınamaq imkanı verir. Bu addım mənim üçün, sadəcə, bir təhsil deyil, həm də şəxsi inkişaf yolumdur. Özümü yenidən gənc tələbələr arasında görmək xoşdur. Nəzərə alsaq ki, hər yaş qrupundan tələbələrlə çalışıram, amma yenidən illər sonra gənclər arasında gənc tələbə kimi hiss etmək, əlbəttə, bir başqadır.
Bəs magistr təhsili almaq qərarını necə verdiniz?
– Uzun müddət düşündüm və sonra anladım ki, biliklərimi daha da təkmilləşdirməliyəm. Qeyd etdiyim kimi, müəllim olmaq axı, sadəcə, öyrətmək deyil, daim öyrənmək də deməkdir. Bu qərarı verərkən, sadəcə, peşəkar inkişafımı deyil, həm də mənə inanan tələbələrimin də inkişafını nəzərə aldım. Eyni zamanda düşündüm ki, öz sevdiyi ixtisasdan uzaqlaşan tanıdığım və tanımadığım tələbələr var ki, bəlkə, bu addımım onlara da bir motivasiya olar. Mənim üçün bu gələcəyə atılan dəyərli bir addımdır. Bu yolda ən böyük dəstəyim, əlbəttə ki, ilk olaraq ailəmdən gəldi. Onların mənə olan inamı məni daha da möhkəmləndirdi. Gənclər arasında yenidən təhsil almaq üçün isə gənc tələbələrimin də dəstəyini hiss etmək mənim üçün çox önəmli oldu. Xüsusilə bəzi tələbələrimi qeyd etmək istəyirəm, mərhum tələbəm Sərvət İbrahimov hər zaman böyük həvəslə mənim qəbul olunmağımı arzulayır, hətta araşdırmalar apararaq məni məlumatlandırırdı. Digər tələbələrim Nicat Əliyev və Aynur Əliyeva da eyni səmimiyyətlə yanımda oldu və hər ikisi mənim bu yoluma əlavə bir pillə qoydular. Bu isə bir müəllim üçün ən qiymətli hədiyyədir.
Ruhiyyə xanım, uyğunlaşmaqda çətinlik çəkəcəyinizi düşünürsünüz?
– Əslində, hər bir başlanğıcda müəyyən qədər çətinliklər olur. Amma tədrisə və elmə olan sevgimin bu çətinlikləri asanlaşdıracağını düşünürəm. Müasir gənclərlə bir yerdə oxumaq isə mənim üçün əlavə üstünlükdür. Mən buna bir çətinlik kimi yox, imkan kimi baxıram və inanıram ki, uyğunlaşmaqda problem yaşamayacağam.
Ətrafınızda bu addımı atmağınıza inanmayanlar oldumu?
– Bəli, belə fikirlər səsləndirənlər oldu. Onların bir qismi bu yaşda təhsilə qayıtmağın gərəksiz olduğunu, bu yaşdan sonra Bakıya gedərək oxumağın artıq lazımsız və gec olduğunu düşünürdü. Amma mən inanıram ki, insanın məqsədi güclüdürsə, heç bir yaş, heç bir maneə önəm daşımır. Əksinə, deyilən inamsızlıq dolu cümlələr mənə bu yolda addımımı daha möhkəm və inamla atmağa bir növü dəstək oldu desəm, yanılmaram.
Bu uğurunuzla gənclərə hansı mesajı vermək istəyərsiniz?
– Mən gənclərə demək istəyirəm ki, təhsil və öyrənmək heç vaxt yarımçıq qoyulmamalıdır. Həyatın hansı mərhələsində olursunuzsa olun, biliklər sizi daha da güclü edəcək. Məqsəd qoymaq və o məqsədə doğru addımlamaq isə ən böyük uğurdur. Heç zaman vaxtı bəhanə etməsinlər, vaxt insanın öz əlindədir.
Sizə “gecdir” deyənlərə nə cavab verərdiniz?
– “Gec deyil, əksinə, indi tam vaxtıdır”, – deyərdim. Çünki hər yaşın öz üstünlükləri, öz təcrübəsi var və təhsil bu təcrübə ilə daha da qiymətli olur. Əsas olan ürəkdən istəmək və addım atmaqdır. Həyatda gecikən yeganə şey sınanmayan fürsətlərdir. Mən müəllim olaraq özümü təkmilləşdirməliyəm ki, tələbələrin elm, təhsil yoluna işıq sala bilim. Henri Fordun belə bir sözü ilə məhz elə imtahana hazırlaşdığım zamanda qarşılaşdım: “Öyrənməyi dayandıran insan, istər iyirmi yaşında olsun, istər səksən yaşında – qocadır”. Bu mənə daha da motivasiya verdi.
Ruhiyyə xanım göstərdi ki, yaş, sadəcə, bir rəqəmdir, əsl vacib olan isə insanın içindəki sevgidir, istəkdir. O, “Oxumaq üçün artıq gecdir” deyənlərə bir daha sübut etdi ki, arzulamaq üçün heç vaxt gec deyil.
Ruhiyyə Dünyamalıyevanın hekayəsi bir daha göstərir ki, həyat yalnız gəncliyin arzuları ilə məhdudlaşmır. İnsanın ürəyində inam və istək varsa, o bir gün öz yolunu tapır. Bəzən illərlə təxirə salınmış xəyalların gerçəkləşməsi daha dəyərli, daha qiymətli olur.

Söhbətləşdi: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir