ANAM
Adına palaz deyib,
Atdı ayağımızın altına dünyanı…
Adına gəbə deyib,
Asdı gözümüzün qabağına dünyanı…
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda…
Ata sözünü öz dilində çatdırdı bizə Anam…
Kimə çatdı, kimə hələ yüz ildən sonra çatacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ata sözünü cejimlərə toxuyub,
Xurcunlara doldurdu Anam…
Övladlara sovqat olsun deyə…
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə sərdiyi dünyanın
İpliyi, yunu olduğunu anlatdı Anam…
Kimi anladı, kimi yüz ildən sonra anlayacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ərşi ərişlərə köçürdü,
Zəmini bükdü dükcələrə…
İpin ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək deyə…
Bir nişanı min dəfə kirkidlədi,
Qulağımızda sırğa olsun deyə….
Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam…
Simgə-simgə, damğa-damğa
Anamın arğacından keçdi dünya…
Atamın toqqasından Anamın çeşnisinə köçdü dünya…
Dünya hər zaman gəbədir yeni dünyaya!!!
05.07.2023. Bakı.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
VAQİF POEZİYA GÜNLƏRİ 2023
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru