“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi yekunlaşdı – Təbrik
“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlar müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər.
3-cü yerə Turan Uğurun “Əbabil Quşu”, Həmid Piriyevin “Müjdə”, Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayələri,
2-ci yerə Elnur Məmmədlinin “Kəkələmə”, Ömər Xəyyamın “10410-cu gün” hekayələri layiq görülüb.
1-ci yeri isə Sərvanə Dağtumasın “Körpənin intiharı” kiçik hekayəsi qazanıb.
Qalibləri təbrik edən münsiflər heyətinin üzvləri xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılar tərəfindən davam etdirildiyini təqdirəlayiq hesab ediblər.
Qalib hekayələr geniş oxucu kütləsinə “Azərbaycan” jurnalının növbəti sayında təqdim ediləcək.
“Azərbaycan” jurnalının 9-cu nömrəsi qatarla gəlib. Zəngəzur və Ağdam qatarını xatırladır. İşığını yandərıb, qaranlıqdan aydınlığa çıxıb. Dumanı yara-yara gəlir. Bu qatarın vaqonlarında maraqlı sərnişinlər var. Məsələn: Birinci vaqonda 100 yaşlı Bəxtiyar Vahabzadə əyləşib. Sevinc Mürvətqızının qonağıdır. Yaqub Babayev də Bəxtiyar Vahabzadənin “Dil və İstiqlal sevgisi”ndən danışır. Vüsal Nuru “Zəhmli eynək” li adama mülayim bir esse həsr edib. Onun bədii portretini gördüyü kimi yaratmağa çalışıb. Növbəti “Ədəbi irs” adlı vaqonda 90 yaşlı Fikrət Qoca əyləşib. Güldəniz Qoca xatirə danışır. Poeziyada Əlizadə Nuri rəqəmli misralar təqdim eləyib. Barat Vüsal, Mahcamal, Nazim Hüseynli poeziya axşamı qurublar. Nəsr vaqonunda qotik ab-hava yaşanır. Vüsal Nurunun təqdim elədiyi “Ölü yuxusu” adlı romanı yolçuluğa başladı. “Ədəbi söhbətlər” i bu dəfə çox hörmətli tənqidçi Nergiz Cabbarli Nizami Cəfərovla aparıb. Ədəbi problemlərə diqqət çəkib. Təhsin Mütəllimov xatirələrini danışıb, duyğulanıb. Növbəti vaqonda 90 yaşlı Əlibala Hacızadə var. “Yeni tərcümələr” vaqonunda Azad Yaşar Stefan Sveyqlə yol gedir. “Tənqid və Ədəbiyyatşünaslıq” vaqonunda Südabə Ağabalayeva “Gəncliyin baxışı və gəncliyə baxış” pəncərəsindən baxır. Hacı Firudin Qurbansoy “Axtarışlar, tapıntılar” vaqonunda yenə nəsə aşkarlayıb… Bu qatarın sərnişini olmaq üçün jurnalı əldə etməyiniz kifayətdi.
Baxışlar,nəzərlər dikilib göyə, Qalıb ətəyi boş,əli boş niyə? Zorun tərəfində durursan deyə- Dağılır kəşanə,çökür ev allah.
Dünya buz geyinib ağzı sərinə, İnsanlar qənimdi-biri-birinə, Olmaq istəməzdim sənin yerinə- Yanından şeytanı kürü, qov allah.
Yemi daşdan çıxan asi sailəm, Umursan ruziyə sınam, əyiləm, Mən səni sevməyə borclu deyiləm, Sənə deyəmmərəm məni sev allah.
Yerlər də, göylər də-ya allah deyir, Mənim bu ərkimi başına çevir. Bax yaratdığına, gözünə su ver- “Mən yarı mələyəm,yarı dev allah…”
Gizlinə vaqif sən, başqa bilən yox, Dərd içi dağıdır-üzdə gülən çox, Ölçünü düzgün qoy, Yüzün birə yox-
Yarı ələm elə,yarı kef allah. Bu varlıq bir dibsiz adamı, söylə? Ya da qır əridən odamı söylə- Qətran qazanıdı-yadamı söylə- Ön atəş donunda, arxa sel allah.
23.08.2023.
Səni allah çağırardım…
Səni allah çağırardım Bircə günahın olmasa. Təbən olub baş əyərdim- Pircə günahın olmasa.
Hansı ucadan enmisən? Təriqətmisən, dinmisən? Yerdə görünən günmüsən- Sircə günahın olmasa.
Dünya olannan buracan, Üfüqdə bir piyalə qan. Dən kimi pərdə fırlanan- Pərcə günahın olmasa.
Hansı ata minər olsan,səni mənə gətirər, Bütün yollar mənnən keçir,yolayrıcında mənəm. Sən bir mələk qiyafəli-od ağzında tər çiçək, Mən insan cildinə girən xilaskarın-boz qurdam.
Qurdla çiçək sevdasına sən üzülmə,ay quzum, Kahalardı yerim-yuvam,ormanlardı məsgənim. Başın üstdə pərvanədi göydə ayı-ulduzu, Səni iblis baxışlardan gözlər dumanim,çənim.
Təki çiçək-çiçək açıl,hər yaz ağzı dolanım, Bir əsimlik gözəlliyə, qoy sevinsin dağ-dərə. Təkcə sənsən mənə düşən,ay baxışı solanım. Ulartımla keşikçiyəm ilkinliyə-əzələ.
Həssas ürək gəzdirirəm-qurd libası altında, Canımdakı sahiblikdi dağa-daşa hökm edən. Yüz illərdi Dağ aşıram-ağ kəhərim altımda, Yüz illərdi köç yolunda-mənəm yol gəlib gedən…
Nə yolçuluq sona çatır, nə bu dünya düzəlir, Azğınlaşır,quduzlaşır yesir bəşər get-gedə… İnan sənin əlindədir bu dünyanın düzəni- Qar üstündə ağ çıçəyim, səni üzməsin hədə.
Səndən keçir bu dünyanın mərhəməti,sevgisi, Yaşamağın qaydaları səndə bulubdu qərar. Nə qədərki, üzü nurrum,səmum küləyi əsir Olmayacaq dünya özü öz içindən bərqərar…
Nə qədər ki, qurd sevgisi boz səhrada ulayır, Nə qədər ki, tər çiçəklər soluxurlar sazaqda; demək mənə gələn yollar-dərd üstdə dərd qalayır, sənin kimi tər çiçəklər can verirlər duzaqda.
…Yatağı yandırar azı, Canı “usandırar” azı, Daşı dayandırar azı- Axmaz, qara gözlüm, axmaz.
Batan bulağı ağrıyar, Gəldiyi dağı ağrıyar,- Yanı-yançağı ağrıyar,- Sığmaz dili sözlüm,sığmaz…
Çuxura düşüb- qaldı ki, Çırpınıb dözür- laldı ki, Susur,-yoxsa xəyaldı ki, Hayı-harayı qaldı ki?- Çaxmaz,səhər üzlüm,çaxmaz.
NECƏ QIYIRSINIZ…
Allahsız uşağı allahsız! Bu ağaca necə qıyır əliniz? Necə kəsirsiniz şah damarını, Necə kəsirsiniz şöy vuqarını?
Necə kəsirsiniz,-güclə dayanır, Güclə dayanmaqdı dünyadan payı. Yer altda kökləri, təşnədir-yanır, Yer üstə dəhnədən kəsilib çayı… Göyündə şimşəklər baş-başa gəlir, Tövşüyür, təntiyir yerin nəfəsi Necə qıyırsınız- Daş-daşı yeyir, Necə qıyırsınız- Batır su səsi.
Canıyla əlləşir torpaqla, suyla, Torpağın altında gücü böyüyür- Yatır dədə-baba yuxularıyla, Yatır yata-yata suçu böyüyür Bu ağaca necə qıyır əliniz.
Damarsız ağacdan nə pöhrə törər Torpağa pay edər alın tərini… Nökər saxlayıbdı köhnə kişilər Urvatlı tutubdu öz nökərini…
Nökərdi,bekardı,sağdı, ölüdü, Olub qalanımız budu- Nədisə. Ondan ocaq altda kösöv də olar, Palıd da yetirmək olar ,qadası- Bu ağaca necə qıyır əliniz?…
MƏNİ QORXUDURDU ONUN SAĞLIĞI
Anam yaşayırdı gözümə çıraq, Sakitcə yanırdı ömür dağında. Mənim bu dünyaya sığışmamağım- Onu göynədirdi qürub çağında. Haqlını -haqsızı -görmüşdü özü, Duyurdu ağrının çəkilməyini – Sünbülün saçını hörmüşdü özü, Bilirdi buğdanın əkilməyini… Gözündə min illik kədər varıydı, Qorxurdum dərd üstdən dərd gətirəm mən, Ayını,gününü pərt gətirəm mən- Məni qorxudurdu onun sağlığı.
Nə söz söyləyirdim sözünün üstə, Nə dərdlər döyülüb dizinin üstə, Ömrünün dağına, qışlaqlarına Baxıban fələyin işdəklərinə- Yanırdım ,nəzəri qoymurdu dinəm, Düz sözün qabarlı əli olardım. Bilsə ayağıma bir daş toxunub- Allah eləməsin,dəli olardı Məni qorxudurdu onun sağlığı.
Göylə əlləşirdim-gözündən iraq, Ruhuyla gözümü sığallayırdı. Oxlovu səhəngə salıb- Qurd -quşun Guya ki, ağzını qıfıllayırdı Balama xətəri dəyməsin deyə… …Məktub yazdırardı-“başını qoru” İsmarıc gələrdi -gəlib-gedəndən. “içini bilirəm -sakit ol,oğlum, Tünlüyə çox girmə, Bir azca gendən” Məni qorxudurdu onun sağlığı.
…Nə bayraq qaldırdım- Haqqın üzünə, Nə kösöv rənginə döndü dan yeri, Elə bil bir ağır daşdı götürüb Sıxdı boşluqlara yaradan yeri, Çəkib öz yanına-apardı Tanrı Qoymadı ağrımı-acımı görə…
…Yıxılıb ölsəm də Daha qanım yox, Qorxumu,hürkümü alıb apardı.
İndi daha elə bir yananım yox, Nə də insanlara elə inamım… …nə vaxtsa qorxduğum bir qarı vardı, Torpaq əllərimdən alıb apardı… Məni qorxudurdu onun sağlığı…
TANRI NƏ CƏZAM VAR…
Tanrı ! Nə cəzam var- Ver özüm çəkim, Qoyma kənar ayaq- Girsin bağıma! Söylə günahımı bircə-bircə gəl, Yığım ifçin-ifçin “öz otağıma”.
İnsanın günahı qurtaran deyil, Görüm gönü harda vermişəm suya… O qızın göz yaşı daşdı ,- Elə bil, Damcılar qəlbimə -damar, ovudar.
…Onu sevə-sevə, Özümü dandım, Sənə sevgidəndi- Ona yanmağım. Ən böyük günahım- Bəlkə də odu, Bir də bu həyatı anlamamağım…
…Şuşada nərgizin Ləçəyində ah, Ya yağı tapdayıb, Ya əlim qıyıb. Güllə kənar ötdü, Ölmədim-günah, Yükəm bu qaraca Torpağa -hayıf…
Tanrı ,nə cəzam var, Ver özüm çəkim, Səsini qısarlar Məni sevənlər. Mənim sevdiklərim- Bələni aşdı . Bir yol əl uzandı- ətək olmadım. O vaxtdan balamın Gözləri yaşdı.
Tanrı! Nə cəzam var- Ver özüm çəkim, Yığ dağı üstümə- Götürə billəm, Canı son mənzilə Yetirə billəm. Bircə nə cəzam var- Öz əlinlə ver Qıyma əyri çəkən əllərə məni… Qıyma yalan deyən Dillərə məni. Tanrı! Nə cəzam var- Ver özüm çəkim.
…Mənim əmanətə-xəyanətim yox, Ömürlük cəzam yox,cinayətim yox, Susub yaşayıram adam içində, Əzabım,həsrətim-müdam içimdə.
Səbirdən asılan tükdü yaşamaq, Ən ağır cəzadı,yükdü yaşamaq- Tanrı! Nə cəzam var- Ver özüm çəkim.
NƏ GÖZƏL QOCALIB
Nə gözəl qocalıb üzün,qamətin, Bir az cavanlığın ətri var üstdə. Bir ürək umurdun- əlim gəlmədi, Peşkəşdi,- Gəl indi ömrümü istə.
Ayrılıq söz deyil,- Can yonqarıdı,- Daşıdım aylarla,illərlə “qoşa” Sən olan ürəyi- Sənə vermədim, Sən olan ürəyi- Döndərdim daşa…
Daş ürək danışır-daş dilində bax, Odu Azıx dili, Qobustan dili… Bu dili bilmirəm kim anlayacaq? Kim duya biləcək- əski sözləri?!..
Biz qoşa böyütdük “bu daş ürəyi”; Mənim təşnə gözüm, Sənin həsrətin… Gəl indi bu daşı körpüdən keçir, Al indi bu daşı- “özünü yeyir”.
Soyuq daş libasda gəzir adamlar, Yanıb daş olanın -tüstüsü olmur… Torpağı yandırır,daşı qarsıyır, Canı isitməyə-istisi olmur.
Daşammı, qışammı, gözü yaşammı? Hansı məqamdayam bu “daş ağıl”la? Uzat əllərini bu daş adama, Uzat axırıma çıxdı nağıllar…
YERİN XAMINI GƏZİRSƏN…
Yerin xamını gəzirsən, Ürəyin sağlamını. Uzaq ,qovğalı ruhum, uzaq- Görmə torpaq dağını.
Hər örüşün öz ilxısı, Hər dağın öz köçü var, Uzaq,qovğalı ruhum ,uzaq… Dərin dağ keçidi var…
Bu güllüyə yaxın durma, Gülü tikana dönər. Uzaq ,qovğalı ruhum,uzaq- Eşqinin odu sönər.
Deyilməyən söz gəzirsən , Nəfəs dəyməyən dodaq! Toxta,qovğalı ruhum,toxta- Dibdən quruyub bulaq.
Hayandasa yağış yağır, Hardasa əsir külək. Hansı üzlə üz bağlayıb- Bir də bu yurda gələk Uzaq,qovğalı ruhum,uzaq!
Yazmaq ayrı şeydi,- Biz yazdığımız Şeirdi, qəzəldi,amma söz deyil.
İçimiz açılmır ağ vərəqlərə Sözdən tələ qurub özünə hərə.
O ki deyiləsidi- Ona gücümüz çatmır, Nəyi deyə bilirik- O dediyimiz deyil.
DƏRD BİLMƏMƏK…
Dərd bilməmək-naşılığın ən pisidir, Ən hündür səs -əzilənin haqq səsidir. Ən çətini-insanın son nəfəsidir- Ən asan şey nədi- Onu biləmmədim.
Ən çətin yol -Savalandan Əyriqara, Yol uzanır,-cırıq-cırıq, para-para. Yolçusu yox ,boz yolların günü qara, İtən izlə -yolu tutub gələmmədim.
Deyəmmədim-bir söz vardı, Dilim göynər, Ən ağırı -obam göynər ,elim göynər, Şahə qalxan ayım göynər,ilim göynər, Mənə baxıb ölüm göynər-öləmmədim.
QANA BULAŞIRIQ YAŞAMAQÜÇÜN…
Sevgi qatiliyik- Günahkar əlimiz qana bulaşıb. Qanla oynayırıq, Qan çanağıyıq. Sən qız qayb elədin-baxışı bulaq, Mən ərən öldürdüm- O qıza aşiq.
Ömür yaşayırıq-günah içində, Qapımız qəzaya-qədərə açıq. Ölən sevgilərin kölgələriyik- Kölgə də tərs kimi adamdan qaçır.
Yaddaşdan heç nəyi gizləmək olmur, Qabardır ağrını-bizə dağ üçün. Axır aramızdan iki qanlı çay, Qana bulaşmışıq-yaşamaq üçün…
Zaman biz qarışıq- Ömrü üyütdü, Yağdı başımıza həsrət yağışı. Kəsib doğradığım qan məni tutdu, Səni də o qızın-qanlı baxışı…
Ömür qatiliyik- Günahkar əlimiz qana bulaşıb, Qanla oynayırıq-qan çanağıyıq. Sən qız qayb elədin- Baxışı bulaq. Mən ərən öldürdüm- O qıza aşiq.
Onunçün surumuz yerimir daha, Dartıb çəkəmmirik ömür yükünü… O, ərən içimdə kirimir daha, Saxlayır çiynimdə ölüm hökmünü..
Gördün sözün keçmir
Gördün sözün keçmir,- Kənara çəkil, Özünə toxtaqlıq verməyə çalış, Tükənnən səbrinə dən kimi əkil, Qanı soyuqluğa bu başdan alış…
İnsanın dəyəri dediyi sözdü, Deyəndə duyasan gərək azından. Hər kişi sözünün dəyəri keçmir- Arvad hülqumundan ,qız boğazından.
…Gördün sözün keçmir, Qolunu söz et, Yolla döyüşməyə,- Söz meydanına. Bir dəfə basılsan qorxusu yoxdu. Üç dəfə,beş dəfə özünü sına…
Polad xasiyyətlər- Bir dəfə sözü- Deyir keçməyəndə içindən sınır. Söz də var min ildi- Deyib bir aqil- Hələ işığında könül isinir.
Ağacın sözü var,daşın sözü var, Deyir daş dilində ,ağac dilində… Nizəyə taxılan başın sözü var Hayqırır,hönkürür qaxac dilində…
Təpərli söz demir hər söz adamı, Ya gücü çatmayır,ya əli yoxdu. Çuvalda gizlədir nadan cidanı- Üzə çıxardası əməli yoxdu.
Cəsarət gərəkdi- Göz yaşı içə , Yığıla güc kimi ürəyə,qola. Ya söz deməlisən- Ortandan keçə, Ya sözü eşidən cəmiyyət ola.
HEÇ BİR ŞEY OLDUĞU KİMİ GÖRÜNMÜR
Heç bir şey olduğu kimi görünmür,- Hər şeyin altında- Bir alt qatı var, Bir az da dərində “Gizli çatı” var- Heç bir şey olduğu kimi görünmür…
…Yarğanın altında gürzə qıvrılır, Üstündə otlayır qoyun atıyla Gözümlə gördüyüm bu mənzərənin- Əcəb oxları var- Bu həyatiyla Heç bir şey olduğu kimi görünmür…
Nə dünya bəyazdı-göründüyü tək, Nə göylər çılçıraq- Ulduz yığını . İnsanın canında qaynayır kələk, Gözəlin başına şeytan “yığılır”- Heç bir şey olduğu kimi görünmür…
Mənim dərdlərimə yananım ana, Məni məndən gözəl- Qananım ana. Müqəddəs bildiyin bir şey qaldımı?! Bu dünya gözündə qeylü-qaldımı?- Heç bir şey olduğu kimi görünmür…
Nəyə qara deyim,nəyə ağ deyim? Qaranın,narıncın çaları itib İçimi söyləsəm- Məni yeyərlər,- Gözümdə gözümün qərarı itib… Heç bir şey olduğu kimi görünmür…
Ya mənə heykəl yap- Ya dara çəkdir- Ya da ağrıları dübarə çəkdir. Ya da ki,şəklimi divara çəkdir- Göstər göz dağıtək Gəlib-gedənə. Qaibdən bir nəğmə oxunur yenə- Heç bir şey olduğu kimi görünmür…
İNSAN NECƏ SINIR…
İnsan necə sınır,- Məndən soruşun, Necə sınıb düşür,- Qüruru bir-bir. Yaxşı ki,gəzəri tabutlar çoxdur- Bu boyda cəsədi tutmazdı qəbir.
Göydən inamsızlıq toxumu yağır, Ölü ruhlar kimi,- Qışqırır gecə. Üstünə kölgə tək- Yalanlar gəlir- İlan sürüsünə- Dözəsən necə?!
“Balam” söyləyəsən torpağa,göyə, Səndən aşağılar-tüstünə gülə… Ortada olasan- Heç kim görməyə, “Qılınclı-qalxanlı” üstünə gələ İnsan necə sınır-məndən soruşun!
“Doğmalar” içində-baxışı qanlı, Nə millət anlaya, Nə də öz Balan. Damcı ol,-buxarlan göylərə çəkil, Ya da ki,beləcə baxıb havalan… İnsan necə sınır- Məndən soruşun!
…Boş süfrə, soyuq ev yaslı baxışlar- Külək də həvəslə sovurur qarı. Gəl indi salam ver-ürəklə daşa?! Gəl indi dik saxla ölü vüqarı…
Ha qaldır-düzəlmir boyun,qamətin, Baxıb acı-acı-sadəcə qımış… Sınmayan sığışmır- bu boz həyata, Kim desə sınmadım-o zatən sınmış…
ƏBLƏH
Bir dəli fürsətə təşnədi sinəm, Başıma nə qədər çırpılıb anlar. Dünyanın ən böyük əbləhi mənəm, Mənnən sonra gəlir- Şahlar,xaqanlar.
Dünyanın ən böyük söz əbləhi mən, Zamanın ən fağır-çulu cırığı. Mənəm bu yolları- Tərsinə gedən, Bir də ki dərvişlər,- Zərli-xaralı.
Mənim tərs dediyim yolun- Adı eşq, Havalı gedirəm yorğun başımla, Xaqanlar düz yolu- Geriyə dartır, Dartır ilkinliyə-topla,qoşunla.
Onunku öldürmək- Mənimki həyat, Mənası eynidir- Her şeydə son var. Mən söz bəsləyirəm,- Kəsilmiş sözdən- Minarələr qurur şahlar,xaqanlar.
Mən söz əbləhiyəm- Arxamda əl yox, Şahın arxasında- Nizami ordu Mənim əbləhliyim- Dili uduzur, Şahın əbləhliyi -ölkəni,yurdu.
BİR AZ…
Bir az canım ağrıyır, Bir az tutqundu başım, Bir az həvəs azalıb,- Bir az dözüm korşalıb. Ərpimiş ömür-gündü- İlan kimi sürünür, Quşu uçan yuvalar Ağzı günə boş qalıb. Yer ağzına su alıb, Göy yaxası düyməli, Nə dünən var döşə taxam, Nə sabah var öyməli. Ala göydən Ağca-ağca daş ələnə- Başımıza dəyməli… Bir az canım ağrıyır, Bir az tutqundu başım… Qətrə-qətrə, Üysük -üysük axıb gedir göz yaşım… Nə başıma tumar çəkən, Nə yasımı yığan var… Ətrafım it sürüsüdür- Küçükləyib çoxalır… Bir az canım ağrıyır, Bir az tutqundu başım, Döyüşməyə taqətim yox, Qalsın sona savaşım…
BAŞ-DAŞ
Nə qədər daş yağar bir başa, Allah, Bir baş qoltuqaltı görər nə qədər? Nə qədər daş yağar fələkdən,Allah, Nə qədər daş yağar,dolu nə qədər!
Duyan baş ayırar dolunu daşdan, Duyar havasını hər gələn qışın. Yağır daş yağışı,yağır obaşdan Başını altına tutub”yağışın”.
Sinə dərdlə dolu,gözləri yaşla, Başı qarışıbdı, suya,çörəyə. Öyrənib müsəlman bu daşlı başla Bu daş yağışına-“oxqay”-deməyə…
Çaxır,göy üzündə ildırım çaxır, Qara buludların layları dərin. Böyümüş göz ilə göylərə baxır, “Ağzı açılıbdır” yenə göylərin! …
Bir tikə çörəyə ürək satıram,
Bir tikə çörəyə ürək satıram, Ürək ovuduram köz alovunda. Yığışıb üstümə qayğılar gəlir- Duyğular alışır söz alovunda… Ev-eşik qayğısı,yurd-yuva dərdi, Bir də ki,çörəksiz qalmaq qorxusu. Bir də ömrümüzə meydan oxuyan- Ömür-gün qorxusu ,sevgi qoxusu… Bir də ayağımı qandallayan söz, Ac qurd tək içimi gəmirən qürur, Bir də boğazımda ilişən tikə… Uşaq sözmü yesin çörək yerinə, Daş qəbri nə qədər döyər tufan,qar! Niyə əzablara düçar olmalı?!- Fikir dəyişməzlər, sözü ucalar?! …Min ildi qılınclar qından sıyrılı, Min ildi günahsız söz qanı axır. Saray daşlarına çırpılan misra- Sınıb gözləməkdən saraldı axı … Bu söz cəlladları nə istəyirlər?! Kəndir keçiriblər sözün boynuna Min ildi dartırlar belədən-belə Nə üzlə üz tutum çökən qüruba?! Necə sinə gərim tufana,selə? Ya rəbbim, bu təzad nəyinə gərək?! Ya çiçəyi qoru ,ya bəslə şəri. Ya topla, tüfənglə dağıt varlığı- Ya da… Qələm körpüsündən keçir bəşəri… Başına uçurma yetim damını, Yesir ürəklərdə gül açsın həyat! Barı heç olmasa söz adamını,- Mədəsiz,şəhvətsiz,qorxusuz yarat!
ŞÜKRANLIQ
Şükranlıq edirəm,oğlum, Başımız ki,çiynimizdə, Ağlımız ki,başımızda- Şükür,buna da şükür.
Şükür südümüz halaldı, Harama yerikləmirik, Bu tarixdi,bu zamandı Arama ,yerikləmirik.
Hər söylənən fikirlərin Dərində bir alt qatı var. Yolu əyri gedən kəsin- Yəqin zatında çatı var, İnan çatı var,-oğlum!
Dünya yol gəlir oğlum, Kahadan qəsirəcən, Qamışdan həsirəcən, Yol gəlir Adəm oğlu… Qıra-qıra gəlir, Cıra-cıra gəlir. Xislətiylə,vərdişiylə- Dünəndən gəlir oğlum. Gəlir buna da şükür.
…Evi də, odası da, Şahı da,gədası da,- İçinin ədası da- Özüylə gəlir oğlum.
Yol gedə biliriksə, Yola gedə biliriksə, İki ayaqlı məxluqla- Şükür buna da şükür.
Şükür kəsəyə tutub, daşa basılmırıqsa, Şükür yağlı kəndirə keçib asılmırıqsa… Ya şəriət hakimi, ya bığı burma hacı… Bizi eləməyibsə hava, su möhtacı… Şükür, buna da şükür…
QAYDASIZ OYUNLAR
Bütün qaydaları bildim- Nə fayda, Bütün bildiklərim- Özüməyağı. Qaydasız yaşayan bu məmləkətin- Nə başı bilinir, Nə də ayağı. Bilinməz o qədər sirləri var ki, “bilinən qaydalar”- Yerimir daha… Burda qaydaları ötkəmlər yazır, Qələmə düşənlər qalıb allaha…
Bu yaşam qaydası, Bu mənsəb,bu yol, Bu könül fəryadı,- Ayinlər gedir… Bir az dilini yığ, Başını saxla, Ölçüsüz ,qaydasız oyunlar gedir… “Gedir vurhavurnan”-kökü qazımaq, Yerdə şırım əkmək,- “şırım qaydası”… Ölçüdən “yuxarı” qalxanı kəsmək- “Öldürüm” qaydası, “qırım” qaydası… Oyuna düşmüşük,- Oyunun olsun, Ay oyun sahibi, Oyunu quran. Günün günortası, Göz qabağında- Bu boyda millətin- “toyunu quran”… Daha sözüm yoxdur- Gözüm böyüyür… …Bütün qaydaları bildim nə fayda- Qaydasız yaşayan bu məmləkətin- Qaydasız qorunan daşına dönüm, Ayağına dönüm,başına dönüm- Nə başı bilinir, nə də ayağı…
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!