Cinayətin “estetik” tələsi Müasir dövrdə sosial media platformaları informasiya mübadiləsi vasitəsi olmaqla yanaşı, həm də kütləvi psixologiyanın manipulyasiya edildiyi nəhəng bir “səhnə” rolunu oynayır. Bir vaxtlar cəmiyyətin kənarında qalan və qınaq obyektinə çevrilən cinayətkar obrazı bu gün alqoritmlərin köməyi ilə gənclər üçün heyranlıq simvoluna çevrilir. Bu sadəcə, texnoloji trend yox, mənəvi dəyərlərin ciddi eroziyasıdır. Seriallar və filmlər vasitəsilə formalaşdırılan “alicənab cinayətkar” obrazı sosial şəbəkələrdə öz pik həddinə çatıb. Bahalı maşınlar və ağır musiqi sədaları altında paylaşılan videolar cinayətkarlığı bir azadlıq forması kimi qələmə verir. Burada ən böyük təhlükə cinayətin ağrılı nəticələrinin gizlədilməsi, yalnız parıltılı vitrinin nümayiş olunmasıdır. Gənclər qurbanların fəryadını yox, cinayətkarın saxta ehtişamını görür və bu qaranlıq dünyanı ideal obraz kimi qəbul etməyə başlayırlar. Bu tendensiya cəmiyyətdəki fundamental prinsipləri də alt-üst edir. Zəhmətlə qazanmaq anlayışı yerini “güclü olub ələ keçirmək” instinktinə buraxır. Virtual mühitdə qanunlara tabe olmaq qorxaqlıq, zorakılıq isə cəsarət kimi təqdim olunur. Sosial media platformaları isə baxış sayı naminə bu cür zərərli kontentləri trendə çıxararaq cinayət psixologiyasının normallaşdırılmasına xidmət edir. Unutmamalıyıq ki, ekran qarşısında qüsursuz görünən o həyatların parlaq görüntülərinin arxasında çox zaman məhv edilmiş talelər, göz yaşları, dağıdılmış ailələr və cəmiyyət nizamını sarsıdan acı həqiqətlər dayanır. Sosial şəbəkələrdə, filmlərdə və müxtəlif platformalarda təqdim olunan bu saxta “uğur hekayələri” bəzən qanunsuzluğu adi, hətta heyranlıq doğuran bir hal kimi göstərir. Halbuki hər qanunsuz qazancın, hər yanlış yolun arxasında bir insan faciəsi, bir ailənin ümidsizliyi və cəmiyyət üçün təhlükəli nəticələr gizlənir. Biz sadəcə, bir paylaşımı izləyərkən və ya bəyənmə düyməsinə basarkən bunun təsirsiz bir hərəkət olduğunu düşünə bilərik. Amma əslində, fərqinə varmadan qanunsuzluğun təbliğinə, yanlış dəyərlərin yayılmasına və xüsusilə gənc nəslin düşüncə tərzinə mənfi təsir göstərən bir axının parçasına çevrilirik. Bu cür görüntülərin normallaşdırılması cəmiyyətdə zəhmətlə qazanılan uğurun dəyərini azaldır, asan və yanlış yolları cazibədar göstərir. Həqiqi qəhrəmanlıq isə heç vaxt qanunları tapdalamaq, başqalarının haqqını pozmaq və ya saxta şöhrət qazanmaq olmayıb. Əsl qəhrəmanlıq dürüstlüyü seçmək, qanunları qorumaq, cəmiyyətin rifahına xidmət etmək və gələcək nəsillər üçün daha ədalətli, sağlam bir mühit formalaşdırmaqdır. Ekranların yaratdığı süni parıltı və saxta təmtəraq həqiqəti görməyimizə mane olmamalıdır. Çünki real həyat filtrsizdir və onun ən böyük dəyəri dürüstlük, vicdan və məsuliyyət hissidir. Məhz bu dəyərlər üzərində qurulan gələcək cəmiyyətimizi daha güclü və təhlükəsiz edə bilər.
Sərhədsiz səhifələr Fevralın bu soyuq günündə pəncərələri döyən külək sanki bizə unudulmuş bir həqiqəti pıçıldayır. Bu gün həm də kitabların o kağızdan qanadları olan xəyal gəmilərinin bir sahildən digərinə köçdüyü gündür. Beynəlxalq Kitab Bağışlama günü, əslində, bir insanın öz daxili dünyasının qapılarını başqasının üzünə taybatay açmasıdır. Çünki birinə kitab vermək, ona sadəcə kağız topası yox, həm də öz keçmişini, altını cızdığın o tənha sətirləri və ruhunu titrədən o gizli sirləri əmanət etməkdir. Təsəvvür edin ki, illərdir rəfinizdə sükutla gözləyən, vərəqləri bir az saralmış, kənarları bəlkə də bir az bükülmüş o köhnə kitab yenidən canlanır. Siz onu rəfdən götürüb bir dostunuza, bir tanışınıza, hətta bəlkə də heç tanımadığınız bir uşağa uzatdığınız an, o kitabın taleyi yenidən yazılır. Sizin bitirdiyiniz yerdə başqasının hekayəsi başlayır. Tozlu səhifələr yeni bir gözün nuruyla işıqlanır, yeni bir ürəyin döyüntüsünə qovuşur. Kitablar paylaşıldıqca çoxalan, hədiyyə edildikcə sahibini zənginləşdirən yeganə xəzinədir. Kitab bağışlamaq bir insana özünü dəyrli hiss etdirməyin ən nəzakətli yoludur. Bəlkə də bağışladığınız o kiçik hekayə kiminsə ən qaranlıq gecəsində bir mayak tək parlayacaq, bəlkə də həyatın yollarında büdrəyən bir gəncə yol göstərən qütb ulduzu olacaq. Bir kitabı bir parkın oturacağında, bir kafenin küncündə və ya avtobus dayanacağında “sahibini gözləyən sürpriz” kimi qoyub getmək, dünyanın ən gözəl gizli dostluğuna imza atmaqdır. Taleyin o kitabı kimin qarşısına çıxaracağını bilməsəniz də, bir insanın dünyasını dəyişmək ehtimalının həyəcanı bütün soyuğu isitməyə yetir. Gəlin bu gün rəflərimizdəki sükutu pozaq. Qoy kitablar öz rəflərindən azad olub şəhərin küçələrinə, insanların qəlbinə süzülsün. Bir uşağın ilk dəfə nağıllar aləminə addım atmasına, bir qocanın köhnə xatirələrini vərəqləməsinə vəsilə olaq. Çünki bağışlanan hər bir kitab, bir insanın ruhunda açılan yeni bir pəncərədir və o pəncərədən görünən dünya həmişə daha gözəl, daha mənalı olur. Bu gün qəlbimizdən keçən bir hekayəni başqasının həyatına qataq və unudulmaz bir izin başlanğıcını qoyaq.
Tarixin tozlu, qanlı və fırtınalı səhifələrini vərəqlədikcə bir böyük həqiqət hər addımda boylanır bizə. Millətlər torpaqlarını itirəndə məğlub sayılırlar, amma dillərini itirəndə yox olurlar. Torpaq geri alına bilər, qala yenidən tikilə bilər, amma bir xalqın dilinin məhvi onun mənəvi intiharıdır. Bizim dilimiz sözlərin mexaniki düzümündən, quru qrammatik qaydalardan çox-çox ötədədir. O, əsrlərin sınağından keçən bir gəminin sarsılmaz lövbəri, müstəmləkəçilik zəncirlərini qıran mənəvi qılıncımız, qəlbimizin ən dərin guşəsində döyünən şah damarımızdır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi o kəskin, həm də bir o qədər haqlı sual bu gün hər birimizin vicdanına bir ox kimi toxunmalıdır: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq?” Bu sual həm keçmişə baxış, həm də gələcəyə bir xəbərdarlıqdır. Təsəvvür edin, ətraf tikanlı məftillərlə örtülüb, üzərində yad dillərin, özgə mədəniyyətlərin ağır hökmranlığı var. Hətta uşaq yaşlarından məktəblərdə başqa dildə susdurulursan. Lakin sən öz evində, ananın laylasında, nənənin nağıllarında o dili qoruyursan. Bizim babalarımız dilimizi işğalçıların “linqvistik hücumlarından” qorumaq üçün sanki bir istehkam qurdular. Onlar bu dili bizə bir “əmanət” kimi, yəni toxunulmaz, saf və müqəddəs bir xəzinə kimi verdilər. Onlar dar ağacına gedəndə də son sözlərini bu dildə dedilər. Onlar sürgünlərdə, soyuq hücrələrdə bu dilin istisinə sığındılar. Bəs biz nə edirik? Bu gün azad, müstəqil, ərazi bütövlüyünü bərpa etmiş qalib bir ölkənin vətəndaşı olaraq öz xoşumuzla dilimizə xarici kəlmələrin “zəhərini” qatırıq. Guya daha müasir, daha “elitar”, daha “qlobal” görünmək naminə ana dilimizin sümüyünə yad sözlərin bıçağını sancırıq. Əslində, bu bizim üçün mənəvi bir aşınmadır. Bəzən elə bilirik ki, cümlənin ortasına ingilis, rus və ya başqa bir dildən parıltılı bir söz, bir termin qatsaq, intellektimiz bir pillə yuxarı qalxacaq, ətrafdakılar bizi daha çox bəyənəcək. Amma bu mənəvi boşluğun, milli kimlik kompleksinin və özünə inamsızlığın acınacaqlı əlamətidir. Dövlət başçısının da vurğuladığı kimi o kəlmələr dilimizi zənginləşdirmir, əksinə, onun təbii rəngini bulandırır, saflığını itirir. Dil canlı bir orqanizmdir. Əgər sən sağlam, diri bir bədənə süni maddələr vursan, o bədən bir müddət sonra xəstələnər, öz təbiətindən uzaqlaşar. Bizim dilimiz Füzulinin ilahi qəzəli, Şəhriyarın yanğılı həsrəti, Üzeyir bəyin ruh oxşayan musiqisidir. Bu dildə sevgi var, bu dildə mərhəmət var. Hansı xarici kəlmə, hansı soyuq termin “Vətən” kəlməsinin bizdə yaratdığı o titrəyişi, o ilahi qoxunu əvəz edə bilər? Biz öz cəvahirimizdən imtina edib, başqasının şüşə qırıntılarına heyranlıqla baxırıq. Bir jurnalist kimi vurğulayıram ki, dil həm də bizim mənəvi sərhədimizdir. Necə ki torpaq sərhədlərini ordumuz qoruyur, ruhumuzun sərhədlərini də ana dilimiz qoruyur. Sərhədi qorumaq üçün əlində silah postda duran əsgər nə qədər müqəddəsdirsə bizim üçün ana dilinin bir nöqtəsini, bir vergülünü yad təsirlərdən qoruyan müəllim, yazıçı, valideyn və vətəndaş da o qədər ucadır. Biz bu gün Şuşada, Xankəndidə, Laçında Azərbaycan Bayrağını qürurla dalğalandırırıqsa, o torpaqlarda ilk olaraq Azərbaycan dilində “Salam!” deyiriksə, deməli, bu dil bizim zəfərimizin səsidir. Zəfər qazanmış bir xalqın dili zəif, qarışıq və yarımçıq ola bilməz. Biz dilimizdə nəfəs alırıq. Biz bu dildə ilk kəlməmizi demişik, bu dildə sevdiyimizə sığınmışıq. Dilimizi “modernləşdirmək” bəhanəsi ilə şikəst etməyək. Dünyada “smart” görünməyi yox, öz torpağında “doğma” olmağı, öz dilində düşünməyi bacaraq. Dilimizi qoruyaq ki, o da bizi bir millət kimi gələcəyin işıqlı üfüqlərinə daşısın.
Bəzən bir insanın gələcək peşəsi seçdiyi ixtisasdan yox, uşaqlıq xatirələrindən başlayır. Kağız üzərində çəkilən ilk cizgilər, palçıqdan düzəldilən kiçik evlər, diqqətlə izlənilən bir iş prosesi illər sonra peşəkar düşüncəyə çevrilə bilir. Memarlıq da məhz belə səssiz, amma dərin bir yolçuluq tələb edir. Bu yol bəzən ailə mühitindən, bəzən isə yaratmaq ehtiyacından doğur. NDU-nun Memarlıq fakültəsinin Memarlıq ixtisası üzrə təhsil alan gənc tələbəsi Zəhra Xudiyeva ilə söhbətimiz zamanı aydın oldu ki, onun üçün bu sahə layihə çəkməklə kifayətlənmir. Zəhra memarlığa sənət və texnikanın qovuşduğu bir düşüncə məkanı kimi yanaşır: “Mənim baxışımda estetika funksionallığa mane olmur, əksinə, onu tamamlayır. Uşaqlıqdan formalaşan bu yanaşmamı bu gün eskizlərimdə, maketlərimdə və layihələrimdə əks etdirirəm. Memarlıq həyatıma sonradan daxil olmayıb, bu sahə ailəmdən formalaşıb. Atam mühəndis olduğundan hazırladığı layihələr, çəkdiyi cizgilər, qurduğu planlar mənim üçün, eyni zamanda öyrənmək və yaratmaq istəyi aşıladı. Hətta uşaq yaşlarımda həyətdə ağacdan, palçıqdan kiçik evlər düzəldirdim. Artıq istəmədən formaya yanaşmanı və yaradıcı baxışı həmin sadə materiallarla qurmağa başlamışdım. Məhz bunlar məni memarlıq yoluma gətirib çıxardı”. Onun üçün memarlıq nə tək sənətdir, nə də sırf texniki sahə. Bu, iki anlayışın bir-birini tamamladığı xüsusi bir sintezdir. Gənc memar tələbənin fikrincə, estetika olmadan məkan ruhsuz qalır, texniki bilik olmadan isə həmin məkanda yaşamaq mümkün olmur: “Bu səbəbdən memar xəyal qurmaqla kifayətlənməməlidir, eyni zamanda hesablayan, düşünən və məsuliyyət daşıyan şəxs olmalıdır. Memarlıq mənə görə həm duyğuların, həm də məntiqin eyni anda işlədiyi nadir sahələrdəndir”. Layihəyə başlayarkən isə ilham mənbəyi olduqca fəlsəfidir. O, yaradılışın özündən, ali şüurdan və böyük təfəkkürdən ilham aldığını bildirir: “Mənim üçün memarlıq mövcud nizamı, harmoniyanı və yaradılışın qanunlarını məkanda hiss etməyi bacarmaqdır. Əslində hər layihə bu böyük sistemin kiçik bir hissəsi kimidir. İdeya baxımından heç vaxt çətinlik çəkməsəm də, reallaşdırma mərhələsi daha mürəkkəbdir. İdeyalar çoxdur, amma resursların məhdudluğu və mövcud mühit şəraiti işləri tam həyata keçirməyə mane olur. Maddi və texniki baza olmadan ən güclü ideya belə kağız üzərində qalır. Buna baxmayaraq, bu məhdudiyyətlər yaradıcılığım üçün maneə yaratmır”. Layihə prosesində onu ən çox düşündürən mərhələ konsepsiyanın düzgün qurulmasıdır: “Başlanğıcda qoyulan ideya və funksional həll düzgün olmazsa, sonradan əlavə edilən texniki detallar layihəni xilas etmir. Mənə görə, güclü memarlıq işi məhz düzgün təməldən başlayır”. Zəhra kağız üzərində çəkilən layihə ilə maket arasında ciddi fərqlər olduğunu da vurğulayır: “Çertyojda bəzi həcmlər, yüksəkliklər və formalar tam aydın görünməyə bilər. Maket isə ideyanı daha real, daha oxunaqlı şəkildə ortaya qoyur. Relyef, kütlə və məkan münasibətləri məhz maketdə özünü daha aydın göstərir. Eskiz və maket mənim üçün bir-birini tamamlayan mərhələlərdir. Eskizdə düşüncələr sərbəst şəkildə kağıza tökülür, ideyalar məhdudiyyətsiz ifadə olunur. Maketdə isə həmin fikirlər konkret forma alır, görünən və hiss olunan məkana çevrilir”. Layihə hazırlayarkən funksionallığın estetikadan öncə gəldiyini desə də, əsas məqsədin bu iki anlayışı qarşı-qarşıya qoymaq olmadığını xüsusi vurğulayır: “Əsl memarlıq funksionallıqla estetikanın harmoniyasından doğur. Məkan həm istifadə edilə bilən, həm də vizual olaraq təsirli olmalıdır. Material seçimi isə mənim üçün texniki detalla yanaşı, layihənin taleyini müəyyən edən əsas amillərdən biridir. Doğru material funksionallığı artırır, estetik dəyər yaradır və layihənin uzunömürlü olmasını təmin edir. Bu baxımdan material seçiminə məsuliyyətlə yanaşmaq memarın əsas vəzifələrindən biridir”. Zəhranın düşüncələrində memarlıq hələ davam edən axtarışdır. O, bu sahəyə daim suallar doğuran, məsuliyyət tələb edən bir yaradıcılıq prosesi kimi yanaşır. Eskizdən maketə, ideyadan məkana gedən bu yol onun üçün eyni zamanda düşüncə tərzinin formalaşması deməkdir.
Milli mədəniyyət yalnız muzeylər, kitabxanalar və arxivlərlə məhdudlaşmır. Hər bölgədə fəaliyyət göstərən mədəniyyət evləri və klublar milli irsin canlı daşıyıcılarıdır. Bu ocaqların nəzdində fəaliyyət göstərən dərnəklər gənc nəsli milli-mədəni dəyərlərə bağlayır, onların yaradıcılıq potensialını inkişaf etdirir və gələcək nəsillərə zəngin mədəni irs ötürür. Bu dərnəklər yalnız bacarıqları inkişaf etdirmir, eyni zamanda qədim ənənələri yaşadır, xalq sənətkarlığını qoruyur, musiqi və rəqs mədəniyyətini canlandırır. Onlar həm də gənclərin sosiallaşması, kollektivdə işləməsi, məsuliyyət və intizam anlayışlarını formalaşdırır. Məhz bu səbəbdən ölkəmizdə mədəniyyət evləri və klublar nəzdində yaradılan dərnəklər uzun illərdir, milli-mədəni dəyərlərin qorunmasında əvəzsiz rol oynayır. Müsahibə zamanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin əməkdaşı Şəfəq Əhmədova bildirdi ki, dərnəklər mədəniyyət saraylarının tabeliyində fəaliyyət göstərən klub müəssisələrində yaradılır: “Dərnəklərin əsas məqsədi fəaliyyət göstərdikləri bölgənin mədəni irsinin qorunması, yaşadılması və təbliğidir. Dərnəklər məhz bu məqsədlə təşkil olunur və müxtəlif istiqamətləri əhatə edir. Onların fəaliyyəti gənc nəsilin milli-mədəni dəyərlərlə tanış olması və bu dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda rayonlar və şəhərdə 193 klub müəssisəsi fəaliyyət göstərir və onların nəzdində 300-dən çox müxtəlif yaradıcı dərnəklər mövcuddur. Bu dərnəklər müxtəlif sahələr üzrə fəaliyyət göstərir: folklor, yallı və rəqs, dram, qiraət, əl işləri və digər yaradıcı istiqamətlər. Hər bir dərnək öz sahəsinə uyğun olaraq milli-mədəni dəyərlərin qorunmasına xidmət edir”. Folklor dərnəklərində bölgəyə məxsus adət-ənənələr, şifahi xalq ədəbiyyatı nümunələri toplanır, qorunur və gələcək nəsillərə ötürülür. Burada gənclər yalnız bilik öyrənmir, həm də milli dəyərlərin daşıyıcısı kimi formalaşır: “Yallı və rəqs dərnəklərində isə unudulmaqda olan qədim yallılar və xalq rəqsləri öyrədilir, həm təbliğ olunur, həm də praktiki şəkildə yaşadılır. Bu dərnəklər vasitəsilə xalq oyunları və rəqs mədəniyyəti yenidən canlandırılır: “Yallı və rəqs dərnəkləri gənc nəsli həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etdirir. Burada öyrənilən hər bir hərəkət, hər bir ritm milli-mədəni yaddaşın bir parçasıdır və gələcək nəsillərə ötürülür”. Dram dərnəkləri teatr sənətinə marağı olan uşaqlar və gənclər üçün fəaliyyət göstərir. Burada iştirakçıların səhnə bacarıqları formalaşdırılır, aktyorluq qabiliyyətləri inkişaf etdirilir. Şəfəq xanım qeyd edir ki, müəyyən mərhələdən sonra istedadlı iştirakçılar rayon mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrlarına yönləndirilir və səhnə fəaliyyətlərini daha peşəkar müstəvidə davam etdirirlər. Bədii qiraət dərnəklərində uşaqlara düzgün nitq, ifadəli oxu və səhnə mədəniyyəti öyrədilir. Bu dərnəklər gənclərin özünüifadəsini inkişaf etdirir, nitq mədəniyyətini və səhnə mədəniyyətini daha da gücləndirir. Əl işləri dərnəkləri toxuculuq, tikmə, oyma, yandırma və digər xalq sənətkarlığı nümunələrinin öyrədildiyi mərkəzlərdir. Şəfəq Əhmədova bildirir ki, bu dərnəklər milli sənətkarlığın yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Əl işləri dərnəkləri gəncləri yaradıcılığa cəlb edir, milli sənətkarlıq ənənələrinin qorunmasına və inkişafına şərait yaradır. Bu dərnəklər həm də gənclərin estetik zövqünü formalaşdırır, onların incəsənət dünyasına marağını artırır”. Bundan başqa, müxtəlif yaradıcı dərnəklər də fəaliyyət göstərir və hər biri milli irsin qorunması, yaşadılması və gənc nəsilə ötürülməsi baxımından əvəzsiz rol oynayır: “Bütün dərnəklərin fəaliyyəti həm gənclərin yaradıcılığını inkişaf etdirir, həm asudə vaxtlarının səmərəli təşkilində rol oynayır, həm də milli-mədəni dəyərlərin davamlılığını təmin edir. Dərnəklərin fəaliyyəti mədəni irsin qorunmasında əvəzsizdir. Hər bir dərnək gənclərin yaradıcılığını inkişaf etdirir, milli ənənələrin yaşadılmasına şərait yaradır. Bu ocaqlar xalq mədəniyyətinin səssiz, amma ən davamlı daşıyıcılarıdır”. Mədəniyyət evləri və klublar nəzdində fəaliyyət göstərən dərnəklər gənc nəsli milli-mədəni dəyərlərə bağlayır, onların yaradıcılıq potensialını ortaya çıxarır və gələcək nəsillərin mədəni irsi qorumaq missiyalarını da yerinə yetirir. Bu dərnəklər həm bölgələrdə mədəni həyatın canlanmasına, həm də ölkə miqyasında milli kimliyin möhkəmlənməsinə kömək edir.
Həmrəylik sərhəd tanımır İsveçdən Azərbaycana uzanan milli məsuliyyət
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən mənəvi körpüdür. Harada yaşamasından asılı olmayaraq, vətənlə nəfəs alan, milli kimliyini və dəyərlərini qoruyan soydaşlarımız bu həmrəyliyin canlı nümunəsidir. Məhz belə həmvətənlərimizdən biri də İsveçdə yaşayan Naxçıvanın Qaraxanbəyli kəndindən olan Turan Əliyevdir. Hazırda xaricdə yaşayan həmvətənimiz onlayn söhbətimiz zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları eyni amal ətrafında birləşdirən bu əlamətdar gün kontekstində həm şəxsi həyat yolu, həm də diaspora fəaliyyəti ilə bağlı maraqlı fikirlərini bölüşdü. Onun Azərbaycandan gedişi planlı bir köç olmayıb. Sağlamlıqla bağlı səbəblər onu müvəqqəti olaraq vətəndən uzaq salıb. Müalicə məqsədilə ölkədən ayrılan müsahibimiz vurğulayır ki, harada yaşamasından asılı olmayaraq, özünü həmişə mənəvi baxımdan Azərbaycana bağlı hiss edib. Onun sözlərinə görə, məsafələr dəyişsə də, vətənlə bağlar heç vaxt qırılmayıb. İsveçdə yaşayan Turan Əliyev bu ölkədəki həyatla bağlı ilk təəssüratlarının müsbət olduğunu qeyd edib. Xüsusilə İsveçin sosial sistemi, insan hüquqlarına və demokratik dəyərlərə verdiyi önəm onun diqqətini çəkib. O bildirib ki, yaşadığı cəmiyyətə inteqrasiya olmağa çalışmaqla yanaşı, həm də soydaşlarına dəstək göstərməyi və ictimai-siyasi proseslərdə fəal iştirak etməyi özünə borc bilir. İsveçdə yaşayan müsahibimiz hazırda siyasi fəaliyyətlə məşğul olur və eyni zamanda diaspora sahəsində də aktivdir: “ Mən təxminən 40 min nəfər əhalisi olan bir şəhərin bələdiyyə məclisinin üzvü kimi fəaliyyət göstərirəm və bir sıra siyasi komitələrdə partiyamı təmsil edirəm. Bundan əlavə, İsveçdə İnzibati və Miqrasiya Məhkəməsində jüri kimi çalışıram. Həmçinin, qarşıdan gələn il İsveçdə keçiriləcək parlament, regional və bələdiyyə seçkilərində də namizədliyim qeydə alınıb. Bütün bu fəaliyyətlərimdə əsas məqsədlərimdən biri Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin milli maraqlarının qorunmasıdır”. Xaricdə yaşamağın milli kimliyə təsirindən danışan Turan Əliyev qeyd edir ki, bu proses onun azərbaycançılıq düşüncəsini daha da möhkəmləndirir: “ Mən hesab edirəm ki, insan vətəndən uzaqda olduqda dilinin, mədəniyyətinin və kimliyinin dəyərini daha dərindən anlayır. Fikrimcə, azərbaycanlı olmaq milli mənsubiyyətlə yanaşı, eyni zamanda böyük bir məsuliyyətdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların bir amal ətrafında birləşməsinin rəmzi kimi qiymətləndirirəm. M illi həmrəylik xalqımızın gücünü daha da artırır və milli maraqların qorunmasında mühüm rol oynayır”. Turan Əliyev İsveçdə yaşayan azərbaycanlı icması ilə daim əlaqədə olduğunu da qeyd edib: “ Bu birlik müxtəlif mədəni tədbirlər, görüşlər və ictimai layihələr vasitəsilə qorunur və möhkəmləndirilir. Qarşılıqlı dəstək və milli dəyərlərə sadiqlik bu icmanın əsas dayaqlarından biridir”.
Xaricdə yaşayan azərbaycanlıların ölkəmizin tanıdılmasındakı roluna toxunan Turan Əliyev bildirir ki, diaspor üzvləri yaşadıqları ölkələrdə Azərbaycanın qeyri-rəsmi səfirləri kimi çıxış edirlər. Onlar Azərbaycan həqiqətlərini, mədəniyyətini və mövqeyini tanıdaraq ictimai rəyin formalaşmasına mühüm töhfə verirlər. Sonda o, həmvətənlərinə də müraciət edir: “Harada yaşamaqlarından asılı olmayaraq, xalqımıZ hər zaman Vətənlə bağlarını qorumalı, ana dilini və milli dəyərlərimizi unutmamalıdır. Təhsil almaq və inkişaf etmək nə qədər önəmlidirsə, milli kimliyə sadiq qalmaq da bir o qədər əhəmiyyətlidir”.
Bir vaxtlar evin divarında asılan, bir küncdə öz yerini tapmış, zəngi ilə bütün ailəni ayağa qaldıran o möhkəm dəstəkli telefonlar… Hər zəngdə evin içində dolaşan o həyəcan, “Görəsən, kimdir?” sualının yaratdığı maraq… Dəstəyi qaldıran kimi xətdən gələn cüzi cırıltı elə bil, bütün evin nəfəsini duyuran bir səs idi. Elə həmin telefonlar idi evin ruhundan, ailənin birlik anlarından qalan xatirələri yaşadan. Artıq çoxlarının evində səssiz-səmirsiz qalan bu köhnə aparat indi bir dövrün nəfəsini yaddaşlarda yaşadır. Bir zamanlar bir zəng səsi evdə kiçik qarışıqlığa səbəb olardı. Evin balacaları ayağa qalxar, bir-birinə baxıb “Kim açacaq?”, – deyə susqun razılaşma yaşanardı. Dəstəyi götürən adamın “Alo, eşidirəm!” sözləri sanki səhnənin pərdəsini açardı. O hər gün gələn zənglər heç zaman belə böyük bir dövrün səssizcə başa çatacağını düşündürməzdi. Bu gün həmin telefonların çoxu olduğu yerdə qalıb. Tozlanmış, illərin izi düşmüş, artıq çalmayan, amma keçmişin səsini içində daşıyan bu aparatı təkcə rabitə vasitəsi kimi görmək olmaz. Onların susması ilə ailə içi münasibətlərdən tutmuş, sosial ünsiyyət vərdişlərinə qədər bir çox şey dəyişdi. Ev telefonlarının dəbdən düşməsi görünüşdə sadə olsa da, sosial, texnoloji proseslərin nəticəsidir. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan resursları və sənədlərlə iş şöbəsinin Sənədlərlə iş sektorunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Rauf Əliyev bu prosesin səbəblərini illər üzrə izah edir. Onun sözlərinə görə, Azərbaycanda ev telefonlarına tələbat 2010-cu illərə qədər sabit qalsa da, mobil cihazların geniş əlçatanlığı bu münasibəti tədricən dəyişib. Səbəblərdən biri mobil operatorların sərfəli paketlər təklif etməsi və ölkə üzrə mobil əhatə dairəsinin maksimum genişləndirilməsi idi. Rauf Əliyev əlavə edir ki, internet artıq əsas ünsiyyət vasitəsidir: “Whatsapp”, “Messenger”, “Telegram” kimi tətbiqlər həm yazılı, həm səsli, həm də görüntülü ünsiyyət təklif edir. İnsanlar bu imkanların qarşısında ev telefonuna ehtiyac görmür. Vaxtilə mobil rabitənin zəif olduğu rayon və kəndlərdə sabit telefon həyati vacib idi. İndi isə həm internet, həm də mobil şəbəkə o qədər güclənib ki, həmin bölgələrdə də ev telefonuna maraq, demək olar ki, qalmayıb. Hər kəs internet üzərindən danışır, yazır, görüntülü əlaqə yaradır”. Bununla belə, o bildirir ki, sabit telefonların tamamilə sıradan çıxması hələ mümkün deyil: “Abunəçilər şəhər və kənd daxilində çox aşağı məbləğ qarşılığında limitsiz danışa bilir. Digər tərəfdən, elektrik kəsiləndə internet də dayanır, mobil telefonun şarjı bitdikdə əlaqə imkanı itir. Belə hallarda ev telefonu işlək qalır və ən güvənli rabitə vasitəsinə çevrilir”. Mütəxəssis qeyd edir ki, əvvəllər ev telefonu bir evin ünvanı idi, dostlar, qohumlar, iş yoldaşları həmin nömrə vasitəsilə evlə əlaqə saxlayardı. Mobil rabitənin inkişafı bu “ortaq nömrə” anlayışını tamamən aradan qaldırdı. Artıq hər kəsin öz şəxsi nömrəsi var və insanlar bir-biri ilə oradan əlaqə saxlayırlar. Bu həm də zamanın psixoloji tələbi idi: sürət, fərdilik və 7/24 əlçatanlıq. Eyni zamanda bəzi regionlarda ev telefonlarının texniki təmiri və xətlərin yenilənməsi də çətinləşib. Telekom şirkətləri daha çox mobil rabitəyə sərmayə yatırdığına görə ev telefonlarına diqqət azalıb. Bu isə insanlarda belə bir təəssürat yaradıb ki, ev telefonu artıq “lazımsız əlavə”dir. Ev telefonları haqqında danışanda ilk olaraq yaşlı nəslin reaksiyası diqqət çəkir. 76 yaşlı Elbəyi dayı üçün ev telefonu həyatının yarısından çoxunu müşayiət edən bir səsdir: “Bizim vaxtımızda ev telefonu olanda adam özünü varlı hesab edirdi. Zəng gələndə bütün ev ayağa qalxırdı. Gələn hər zəngdə bir xəbər idi. Ya toy, ya yas, ya da uzaqdan qohumun hal-əhvalı… İndi heç kim heç kimi evdən axtarmır. Hər şey telefonların içindədir, amma o telefonların səsi evin içini doldurmur”, – deyə Elbəyi dayı təəssüflə xatırlayır.
O həmçinin ev telefonunun ailə münasibətlərinə təsirindən də danışır. Onun fikrincə, ev telefonu ailə üzvlərini bir-birinə daha yaxın saxlayırdı. “Telefon çalanda hamımız eyni anda ayağa qalxardıq, bu belə bizi bir-birimizə bağlayırdı. İndi hər kəs öz telefonuna qapanıb, istədiyini edir”, – deyə o əlavə edir. Elbəyi Tağıyevin sözləri, əslində, nəsillərarası fərq haqqında da bir işarədir. Yaşlı nəsil üçün ev telefonu kollektiv ünsiyyət və evin bir parçası idi. Bu gün isə gənc nəsil üçün o, sadəcə köhnəlmiş bir əşyadır. Gənc nəsil üçün ev telefonu artıq aktiv funksiyaya malik deyil. 17 yaşlı gənc Nərmin Novruzlu evlərində hələ də ev telefonu olduğunu, amma heç kimin ondan istifadə etmədiyini deyir. Onun üçün ev telefonu daha çox köhnə dövrün izidir: “Ev telefonunu açıb axırıncı dəfə kiminləsə danışmağım yadıma gəlmir. Biz artıq hər şeyi mobil telefondan edirik, zəng, videozəng, mesaj. Ev telefonunun bizə nə əlavə üstünlüyü var ki?” – deyə Nərmin bildirir.
Telefon dəftəri, nömrələrin bir-bir yazıldığı kağız parçası. Bir ənənə idi bunların hamısı. Amma təəssüf ki, bu ənənə də yox oldu. Ev telefonu ailə münasibətlərinə müəyyən bir şəffaflıq gətirirdi. Məsələn, uşaq kimlə danışır, nəyə görə axtarılıb, hamı bilirdi. Bu gün isə hər şey fərdiləşib, hər kəs öz özəl dünyasında danışır, yazır, ünsiyyət qurur. Texnologiya dəyişib, dünya sürətlənib, insanlar fərdiləşib və ev telefonları bu tempə uyğunlaşa bilmədi. Elə bu da onların sonunu gətirdi. Ev telefonlarının dəbdən düşməsi bir dövrün, bir rabitə mədəniyyətinin, bir ailə ənənəsinin səssiz şəkildə bitməsidir. Divarın küncündə toz basmış o telefonlar, əslində, bir çox ailənin xatirələrini daşıyır. Elə bir xatirə ki hələ uzun illər insanların yaddaşından silinməyəcək.
Psixoloji terminlərin populyarlaşdırılması ciddiliyi kölgədə qoyur
Son illərdə psixoloji terminlər gündəlik həyatımıza o qədər sürətlə daxil olub ki, bəzən sosial mediada hər kəsin özünə “diaqnoz” qoyduğunu görmək adi hala çevrilib. “Depresiyadayam”, “Anksiyetem tutub”, “Enerjim düşüb”, “Panik atak keçirirəm” kimi ifadələr artıq hər kəsin lüğətində var. Psixoloji mövzuların populyarlığı insanların bu sahəyə marağını artırsa da, eyni zamanda məlumat kirliliyi və yanlış yönləndirmələr də özünü göstərir. Bu mövzunun həm faydalı, həm də təhlükəli tərəflərini daha dərindən anlamaq üçün psixoloq Sevil Quliyeva ilə həmsöhbət olduq. Sevil Quliyevanın sözlərinə görə, psixologiyanın son illərdə bu qədər məşhurlaşmasının əsas səbəbi sosial mediada informasiyanın kütləviləşməsidir: “Xüsusən pandemiya dövrü və ondan sonrakı mərhələ insanlarda emosional sağlamlığa marağı artırıb. Gənc nəsil duyğularını ifadə etməkdən çəkinmir, bu isə psixoloji mövzuların gündəmdə qalmasına səbəb olur”. Amma bu populyarlıq həm də yanlış anlaşılmalar gətirir. Psixoloqumuzun vurğuladığı kimi, terminlərin mənbəsiz və mövzudankənar istifadəsi psixoloji anlayışları “moda” ya çevirir və nəticədə, insanlar əhval dəyişikliklərini xəstəlik kimi qəbul etməyə başlayırlar: “İnsanların ikisaatlıq kədərə “depressiya” deməsi ciddi təhlükələr yaradır. Depressiya aylarla davam edən enerji itkisi, funksionallıq azalması, yuxu və iştaha pozuntuları ilə xarakterizə olunan ağır bir vəziyyətdir. Lakin insanlar gündəlik yorğunluğu belə bu terminlə adlandırdıqda real klinik diaqnozların mahiyyəti itir”. Bu yanaşma ən çox real simptom yaşayan insanlara zərər vurur. Cəmiyyət “Hamı depressiyadadır”, – deyən bir yanaşmanı mənimsəyəndə bu xəstəliklərdən əziyyət çəkən şəxslər artıq görünməz olur və dəstək almaqda çətinlik çəkirlər. Sevil Quliyeva son illərdə ən narahatedici məqamın peşəkar olmayan şəxslərin özlərini psixoloq kimi təqdim etməsi olduğunu bildirir. Elmi əsası olmayan metodların, “enerji ilə sağaltma”, “bir seansda travma silmə”, “çakra açma” kimi iddiaların geniş yayılması insanları yanlış istiqamətə yönləndirir. Psixoloqun sözlərinə görə, insanların bu “seanslar”dan nəticə görməməsi və ya əksinə, vəziyyətlərinin daha da pisləşməsi psixologiyaya olan inamı azaldır: “Psixoloji yardım struktur, elmi protokol və metod tələb edir. Diplom və ixtisas olmadan edilən müdaxilə insanı sağaltmır, əksinə travmanı daha da dərinləşdirə bilər. Ona görə də psixoloq seçərkən təhsil, diplom və etik prinsiplərə əməl edilib-edilmədiyini yoxlamaq vacibdir”. Müasir insanın duyğularını anlamaqda çətinlik çəkməsi də bu tendensiyanı gücləndirir. Sevil Quliyeva deyir ki, sürətli həyat tərzi, sosial şəbəkələrin yaratdığı hər şeyə ad qoyma trendi insanları öz hisslərini sosial şəbəkələrdə paylaşıb yaymağa meyilli edir. Bu, insana qısa müddətli rahatlıq versə də, zamanla duyğularını patologiyaya çevirməyə başlayır. Psixoloq vurğulayır ki, kədər, yorğunluq, həyəcan kimi hisslər həyatın ən təbii hissəsidir. “İnsanlar kədərlənməyi xəstəlik kimi qəbul etməməlidir. Hissləri normallaşdırmaq lazımdır. Fikrimcə, sosial şəbəkələrdə yayılan psixoloji videoların həm faydası, həm də zərəri var. Faydalı tərəfi odur ki, mövzuya marağı artırır, insanları maarifləndirir. Lakin “İki dəqiqəyə panik atakını məhv et”, “10 addımda travmanı sağalt” kimi videolar insanlarda yanılma yaradır və real problemlərin kökündə duran səbəbləri həll etmir. Bu videolar simptom tanışlığı yaradır, amma həll bacarığı vermir”, – deyə psixoloq bildirir. Psixoloqun fikrincə, insanların psixoloqa getməkdən çəkinməsinin bir neçə səbəbi var. Damğalanma qorxusu, maddi çətinliklər, ailədən gələn inanclar və sosial mediada yayılan motivasiya xarakterli yanlış məlumatlar. Bu isə vəziyyəti daha da ağırlaşdırır. İnsan problemi içində böyüdür, duyğularını boğur və nəticədə çıxılmaz dövrəyə düşür. Psixoloji yardım, sadəcə, söhbətdən ibarət olmur, buna elmi yanaşma, texnika və metodika da daxildir. Sevil Quliyeva psixoloji mövzuların gündəmdə qalmasının müsbət olduğunu desə də, balansın vacibliyindən də söz açır: “Bu mövzuda elm əsaslı mənbələrə üstünlük verilməli, hissləri patologiyadan ayırd etməyi öyrənməli, sosial mediada görülən hər məsləhəti tətbiq etməməli, məlumatın mənbəsi sorğulanmalıdır”. Psixoloji anlayışların populyarlaşması cəmiyyətin maariflənməsinə kömək etsə də, yanlış məlumat və qeyri-peşəkar müdaxilələr təhlükə mənbəyinə çevrilə bilər. Psixoloqumuzun vurğuladığı kimi, psixologiya ciddi elm və məsuliyyət tələb edən bir sahədir. Duyğularımız haqqında danışmaq nə qədər bizim üçün yaxşı olsa da, bunu doğru metodlarla, peşəkar yanaşma ilə etmək daha önəmlidir.
Uşaqlarda müşahidə edilən “çöp qalması” anlayışı uzun illərdir, cəmiyyətdə mövcud olan, lakin tibbi baxımdan heç bir əsası olmayan yanlış inanclardan biridir. Xalq arasında “çöp” adlandırılan hal, əslində, boğazda, udlaqda və ya burunda yaranan adi narahatlıqlara verilən addır. Elə bu haqda daha dəqiq məlumat əldə etmək üçün uşaq həkimi Zülfiyyə Hüseynova ilə həmsöhbət olduq. Zülfiyyə xanım bildirir ki, bu termin müasir tibbdə mövcud deyil və doğru diaqnoz hesab olunmur. Buna baxmayaraq, xüsusilə rayonlarda valideynlər övladlarında iştahasızlıq, halsızlıq, səbəbsiz ağlama, qusma və qızdırma kimi əlamətlər gördükdə onları çöpçülərə aparmağa üstünlük verirlər. Həkimin sözlərinə görə, çöpçülər, adətən, buruna və ya ağıza müdaxilə etməklə guya “çöpü çıxardıqlarını” iddia edirlər. Lakin bu üsul həm tibbi cəhətdən təsdiqlənməyib, həm də ciddi fəsadlara yol aça bilir. Çünki uşaqlarda boğaz və burun boşluqları digər yaş qruplarına nisbətən daha dar, selikli qişaları isə çox həssas olur. Bu, xəstəlik zamanı nəfəsalmanın çətinləşməsinə, badamcıqların tez iltihablanmasına və müxtəlif narahatlıqların yaranmasına səbəb olur. Bəzən boğazda gedən xroniki proseslər nəticəsində qida qırıntılarının müəyyən yerdə ilişib qalması mümkündür. Amma bunların heç biri çöpçülük yolu ilə təhlükəsiz formada aradan qaldırıla biləcək hallar deyil. Zülfiyyə Hüseynova vurğulayır ki, çöpçülərin üfürmə və ya çöp salma üsulu ilə qida qalıqlarını çıxarmağa çalışması nəinki problemin həllinə kömək etmir, əksinə, yeni təhlükələr yaradır. Burun və boğaza edilən bu cür savadsız müdaxilələr nəticəsində uşaqlarda əlavə iltihab, şişkinlik, ağrı, allergik reaksiyalar və travmalar meydana gələ bilər. Çöpçülüyün ən ciddi təhlükələrindən biri boğaz toxumalarının zədələnməsidir. Həkim Zülfiyyə Hüseynovanın sözlərinə görə, badamcıqlar, arxa udlaq divarı və selikli qişa çox həssasdır və mexaniki təsirə qarşı son dərəcə zəifdir: “Çöp salma və ya alətlərlə müdaxilə boğazda cızıq, yara, qızartı və şişkinlik yaradır. Bu isə ağrının artmasına, udma çətinliyinə və mikrobların daha asan nüfuz etməsinə şərait yaradır. Nəticədə irinli iltihab, angina, faringit, hətta peritonsillyar və retrofaringeal abses kimi ağır fəsadlar baş verə bilər. Bundan əlavə, boğazın həssas nöqtələrinə toxunulduqda spazm, güclü öskürək, qusma və boğulma hissi yarana bilər. İxtiyarsız edilən bir yanlış hərəkət qida qırıntılarının qida borusuna və ya nəfəs yoluna düşməsinə səbəb ola bilər ki, bu, uşağın həyatı üçün real təhlükədir. Bu praktikadan sonra uşaqlarda psixoloji travma da rast gəlinir. Qorxu, udmaqdan çəkinmə, qusma refleksinin həssaslaşması kimi”, – deyə o, bildirib. Valideynlərin çöpçülərə müraciət etməsinin əsas səbəblərindən biri ənənələrdir. Bir çox ailə bu üsulun “düzgün” olduğuna inanır. Uşaqda yüngül virus infeksiyası zamanla özü-özünə keçdiyi üçün valideynlər bunu çöpçünün “xidmətinə” bağlayırlar. Həkim bildirir ki, bu, sadəcə, təsadüfi sağalma halıdır. Çöpçünün çıxardığı qida qalıqları isə valideynlərdə yanlış rahatlıq hissi yaradır: “Bəzən uşağın vəziyyətində qısa müddətli yüngülləşmə də müşahidə olunur. Bu çöpçünün müalicəsinə görə yox, mexaniki bir qıcıqlandırıcının qısa müddətlik azalmasına görədir. Əslində isə real yaxşılaşma çox vaxt placebo effekti ilə bağlı olur: uşaq valideynlərinin psixoloji təsiri altında özünü daha rahat hiss edir”. Həkim tibbi savadı olmayan şəxslərin belə müdaxilələr etməsinin qanunla da məhdudlaşdırıldığını bildirir. Lisenziyasız tibbi fəaliyyət göstərmək qanun pozuntusu sayılır və nəticədə, uşağa zərər dəyərsə, bu inzibati və hətta cinayət məsuliyyəti sayılır. Zülfiyyə Hüseynova valideynlərə yalnız etibarlı mənbələrə, yəni Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, pediatrlar və ailə həkimlərinə müraciət etməyi tövsiyə edir. Onun fikrincə, uşağın boğazı və tənəffüs yolları kimi həssas nahiyələrə müdaxilə mütləq tibbi savadı olan mütəxəssislər tərəfindən aparılmalıdır: “Çöpçülük nə effektiv, nə də təhlükəsiz üsuldur. Faydasından çox zərəri var. Valideynlərə tövsiyəm odur ki, uşaqların boğaz və nəfəs yolları ilə bağlı problemlərində çöpçülər yerinə, ixtisaslı pediatrlara müraciət etsinlər”. Valideynlərin hələ də çöpçülüyə üstünlük verməsi daha çox köhnə inanclar, təsadüfi sağalmaların “müalicə effekti” kimi qəbul edilməsi və informasiya çatışmazlığı ilə bağlıdır. Lakin müasir tibbin mövqeyinə görə uşaqların boğaz və tənəffüs yollarına edilən hər bir müdaxilə yalnız ixtisaslı həkimlər tərəfindən aparılmalıdır.
Azərbaycan musiqi mədəniyyəti tarixində yeniliklər və ilk addımlar hər zaman xüsusi əhəmiyyət daşıyıb. Milli musiqi ənənələrinə sadiq qalan və eyni zamanda dünya musiqisinin yeniliklərini diqqətlə izləyən Naxçıvan musiqi mühiti bu dəfə daha bir ilkə imza atdı. Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin kino musiqilərindən ibarət konsertində ilk dəfə olaraq pan fleyta aləti səhnədə səsləndi. Bu yeniliyi auditoriyaya təqdim edən gənc ifaçı Aysel Eminli isə bu uğuru Azərbaycan musiqisinin inkişafına böyük və çox önəmli bir töhfə kimi dəyərləndirir. “Mənim üçün bu addım fərqli ifa ilə yanaşı, həm də məsuliyyət dolu bir missiya idi. Pan fleyta Azərbaycanda indiyədək dinləyiciyə təqdim olunmamışdı və onun ilk səslənişi həm ifaçı, həm musiqi ictimaiyyəti, həm də tamaşaçılar üçün yeni bir təcrübə idi. Simfonik orkestrin müşayiəti pan fleytanın zərif və nəfəsdolu tonunu daha da vurğuladı. Xüsusilə kino musiqilərinin emosional xətti alətin yumşaq tembrinə uyğun gəlirdi. Konsert salonunda yaranan musiqi atmosferi bir çox tamaşaçının ifadə etdiyi kimi “fərqli, incə və ruhu dincəldən” bir auraya çevrildi” , – deyə Aysel bildirir. Pan fleyta qədimdən müxtəlif xalqların mədəniyyətində mövcud olub. Lakin Azərbaycan musiqisində bu alət indiyə qədər istifadə edilməyib. Aysel Eminli bildirir ki, pan fleyta həm texniki, həm də nəfəs idarəsi baxımından çətin alətdir:“Klassik leytada barmaq və dodaq aparatının rolu əsas yer tutur. Pan fleytada isə barmaq, demək olar ki, istifadə olunmur. Səs başın fərqli istiqamətlərdə hərəkət etdirilməsi ilə alınır və alətin idarəsi, əsasən, əl ilə tutularaq ifa edilir. Nəfəsin hərəkəti, istiqaməti, gücü ayrıca idarə tələb edir. Bir notasız belə səsi təmiz almaq üçün bəzən saatlarla məşq etmişəm”. Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri ilə hazırlanan konsert həm repertuar seçimi, həm də orkestr uyğunlaşdırması baxımından xüsusi yanaşma tələb edib. Aysel deyir ki, orkestrlə məşqlər zamanı pan fleytanın səslənməsi üçün müəyyən harmonik düzəlişlər də edilib: “Alətin səslənməsi orkestrdə ənənəvi alətlərdən fərqlidir. Dirijorla birlikdə çox işlədik ki, orkestr pan fleytanın zərif səsini örtməsin, əksinə, tamamlasın. Bu, bir komanda işi idi”. Konsertin sonunda alətin yaratdığı ab-hava həm orkestr üzvləri, həm də tamaşaçılar tərəfindən xüsusi olaraq qeyd edildi. Aysel Eminli bu təqdimatı sıradan bir çıxış yox, Naxçıvan musiqisi üçün irəliləyiş adlandırır: “Bizim musiqi mühitimiz həmişə yeniliyə açıq olub. Pan fleytanın burada səslənməsi də bunu göstərdi. Naxçıvanda belə bir ifanın baş tutması mənim üçün qürurdur.” Gənc musiqiçi deyir ki, bu addım gələcək ifaçılar üçün də yeni imkanlar yarada bilər. Çünki pan fleytanın səsi Azərbaycan xalq və kino musiqisi üslubuna olduqca uyğun gəlir. Aysel Eminli pan fleytanı geniş repertuara daxil etmək, bu aləti həm klassik, həm də xalq musiqiləri ilə uyğunlaşdırmaq və yeni layihələrdə təqdim etmək niyyətində olduğunu bildirir: “İstəyirəm ki, pan fleytanı təkcə bir dəfə yox, davamlı şəkildə eşidək. Azərbaycan bəstəkarlarının əsərlərini bu alətlə ifa etmək, yeni adaptasiyalar hazırlamaq istəyirik. Hətta gələcəkdə pan fleyta üçün xüsusi kompozisiyalar da yazıla bilər”.
Aysel Eminlinin ilk pan fleyta ifası Azərbaycan musiqisində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu alətin səhnəyə gətirdiyi yeni səs, yeni nəfəs musiqi dinləyicilərinin zövqünü zənginləşdirir və yerli musiqi mədəniyyətinin inkişafına töhfə verir. Gənc ifaçının bu uğuru Naxçıvan musiqi mühitində yeniliyin və yaradıcılığın hər zaman özünə yer tapdığını bir daha sübut edir. Pan fleytanın Azərbaycandakı səsi isə görünür ki, bundan sonra daha tez-tez eşidiləcək.