Professor Nurəddin Mustafa oğlu Kazımov – 100

Professor Nurəddin Mustafa oğlu Kazımov – 100

100 İLLİYİN İŞIĞINDA

           Mərhum professor, gözəl insan Yusif Talıbov Azərbaycanın görkəmli pedaqoqlarını səciyyələdirərkən akademik Mehdi Mehdizadəni, professorlar Əhməd Seyidov və Mərdan Muradxanovu pedaqogika elminin sacayaqları (təməl daşları) adlandırmışdı. Əhməd Seyidov 1882-ci ildə anadan olmuş, 1977-ci ildə; Mehdi Mehdizadə 1903-cü ildə doğulmuş, 1984cü ildə, Mərdan Muradxanov 1907-ci ildə anadan olmuş, 1977-cim ildə dünyasını dəyişmişdir. Azərbaycan pedaqogikasının təşəkkülündə və inkişafında, pedaqogikanın nəzəriyyəsinin və tarixinin (pedaqoji fikir və məktəb tarixi) formalaşmasında hər üçünün özünəməxsus rolları olmuşdur.

          Haqqında söz açılan mərhum pedaqoqlarının yolunu onlarla yetirmələri və digərləri davam etdirmişlər. Onlardan sonra gələn  nəsil (professorlar və akademiklər Nurəddin Kazımov, Hüseyn Əhmədov və Əjdər Ağayev) sayılıb-seçilməyə, qibtə doğurmağa, pedaqogika elmində ağsaqqallıq vəzifəsini üüzərlərinə götürməyə başlamışdır.

         Biz bu şəxsləri pedaqogika elminin sacayaqları (təməl daşları) adlandırardıq.

        Professor Nurəddin Kazımovun tədqiqatları daha çox  didaktika, pedaqogika nəzəriyyəsi, məktəbşünaslıq, tərbiyə məsələlərinə; professor Hüseyn Əhmədovun tədqiqatları pedaqogikanın tarixinə, o cümlədən Azərbaycanda pedaqoji fikir və məktəb tarixinə,  professor Əjdər Ağayevin araşdırmaları həm pedaqogika tarixi və həm də pedaqogika nəzəriyyəsi problemlərini əhatə etmişdir.

          Bu məqalədə biz pedaqoji sacayaq nümayəndələrindən birinin, bu il anadan olmasının 100 ili tamam olacaq mərhum professor Nurəddin Mustafa oğlu Kazımovun həyat və yaradıcılığını diqqət mərkəzinə gətirməyi qarşımıza məqsəd qoymuşuq.

          Bu məqalənin müəlliflərindən biri müəllifi professor Akif Abbasovun xatirələri ilə tanış olaq: “1975-ci ilin əvvəlləri idi. Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki ADU-nun) ingilis – Azərbaycan dilləri fakültəsini bitirdikdən sonra təyinatla Sabirabad rayonuna göndərilmişdim. Artıq bir neçə il idi ki, rayonun Şıxsalahlı və Qaragünə kənd məktəblərində ingilis dili müəllimi işləyirdim. Səhərlər yaşadığım Əli Bayramlı şəhərində avtobusa oturur, təxminən 20-25 dəqiqədən sonra iş yerində olurdum. Dostum, şair, mərhum İsrafil İbadov o vaxtlar “Azərbaycan məktəbi” jurnalında çalışırdı. O, məsləhət gördü ki, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil İnstitutu) kiçik elmi işçi yerinə müsabiqə elan olunub. Bəlkə sənədlərini verəsən.

         Sənədlərimi verdim, müsabiqədən keçdim. Lakin Sabirabad Rayon Maarif şöbəsinin o dövrdəki müdiri, mərhum Lələş Əliyev məni işdən azad etmək istəmir, qalıb işləməyimi təkid edirdi. Mən isə sistemli şəkildə tədqiqatlara qoşulmaq, institutda çalışmaq istəyirdim. Günlər isə keçirdi. Bu vaxt eşitdim ki, institutun direktoru professor Nurəddin Kazımovla Əli Bayramlı Pedaqoji Məktəbində görüş təşkil olunub. Professor geniş auditoriya qarşısında – müəllimlərin və tələbələrin əhatəsində maraqlı məruzə edir, pedaqogikanın, təhsilin, məktəb quruculuğunun, təlim və tərbiyə prosesinin səmərəli təşkilinə və s. və i.a. dair öz qənaətlərini bölüşür, suallara cavablar verirdi.

         Tədbir yekunlaşanda imkan tapıb professorla görüşdüm, müsabiqədən keçdiyimi, lakin işdən azad olunmaqla bağlı əmrimi ala bilmədiyimi ona bildirdim. O, narahat olmamağı məsləhət gördü, qeyd etdi ki, SSRİ Nazirlər Sovetinin xüsusi qərarı var, müsabiqə yolu ilə elmi işçiliyə qəbul olunan şəxslərə kömək göstərilməlidir. Yeni iş yerlərinə gəlməkdə onlara maneçilik törətmək olmaz.

         Sonra Nurəddin müəllim pedaqoji məktəbin rəhbərliyindən xahiş etdi ki, onu Sabirabad Rayon Maarif Şöbəsinin müdiri ilə (telefonla) calaşdırsınlar. O, vaxtlar rayonlararası telefonla danışıq indiki kimi asan deyildi, müəyyən çətinliklər vardı. Maarif müdiri ilə danışmaq mümkün olmadı.

           Professor bir daha mənə narahat olmamağı tapşırıb bildirdi ki, şəhərə qayıdan kimi bu məsələ ilə məşğul olacaq.

          Bu, mənim professor Nurəddin Kazımovla ilk görüşüm idi. Özü də doğulub, boya-başa çatdığım doğma Əli Bayramlı (hazırda Şirvan) şəhərində.

          Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda tərbiyənin ümumi problemləri şöbəsinə əmrim digər yoldaşlardan 9 gün sonra – 1975-ci il aprel ayının 9-da verildi və mən elmi fəaliyyətə başladım. Təxminən bir il institutda işləyəndən sonra, 1976-cı ilin iyun ayında hərbi xidmətə yola düşdüm. Geri qayıdanda Nurəddin müəllim artıq bizim institutdan getmişdi – Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmi işlər üzrə prorektor işləyirdi.

          Bir yerdə işlədiyimiz müddətdə professor Nurəddin Kazımov yadımda necə qalmışdı? Bir alim kimi pedaqogika elminin aktual problemlərindən məqalələrində, kitablarında, elmi şuranın iclaslarında, respublika elmi-praktik konfranslarında, respublika Pedaqoji Cəmiyyətinin qurultaylarında inamla, məntiqi təfəkkürün bütün imkanlarından faydalanaraq və orijinal deyim tərzi ilə təqdim edirdi”.

              Bu məqalənin digər müəllifi pedaqogika üzrə fəlsəfə doktoru Rəhiməxanım Məmmədzadənin fikirləri:  “Professor uzun illər Azərbaycan Dillər Universitetində Pedaqogika kafedrasının müdiri olmuşdur. Mən hazırda həmin kafedranın dosentiyəm. Nurəddin müəllim haqq dünyasına qovuşandan sonra kafedrada işə başlamışam. Çox təəssüf edirəm ki,  onunla bir yerdə, onun rəhbərliyi ilə bu kafedrada işləməmişəm. Lakin təsəllim odur ki, professor Nurəddin Kazımovla bağlı xoş xatirələri yaşadıram. Onun əsərlərindən bəhrələnərək auditoriyada mühazirə  oxuyur və seminar məşğələləri keçirəm.  Eşitdiyimə görə son dərəcə ciddi, tələbkar, prinsipial, obyektiv  insan olub.  Diqqətəlayiq rəhbərlik üslubu varmış, təşkilatçılıq qabiliyyəti çox yaxşı imiş. Mühazirələri çox məzmunlu, elmi, pedaqogikanın yenilikləri ilə zəngin idi. Kafedranın əməkdaşlarından da mühazirə və seminar məşğələlərinə hazırlıqlı getmələrini, təlim prosesində vaxtdan səmərəli  faydalanmağı tələb edirdi.  Açıq dərslərdə olur, kafedra müəllimlərinin mühazirə və seminar məşğələlərin təhlilini aparır, müsbət və zəif cəhətləri diqqət mərkəzinə gətirirdi”.

        Həyatı və təhsil illəri.  Nurəddin Mustafa oğlu Kazımov28 aprel 1926-cı ildə Gəncə şəhərində dünyaya gəlmişdir. 1943-cü ildə III İnternasional adına ümumtəhsil məktəbində təhsil almış,  iki il sonra Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmidir. Sonra təhsilini Sankt-Peterburq Dövlət Universitetində davam etdirmişdir. Həmin universitetin fəlsəfə fakültəsini  1950-ci ildə bitirmişdir.

         Ali təhsil almaqla kifayətlənməmiş sənədlərini Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Təhsil İnstitutu) aspiranturasına vermiş (1953),  1956-ci ildə aspirantura təhsilini başa vurmuşdur.

         Əmək fəaliyyəti. Ali təhsil aldıqdan sonra Nuxa (hazırda Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasının müəllimi olmuşdur. Sonralar  Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-1953), respublika Maarif Nazirliyində Ali və orta peşə təhsili şöbəsində inspektor vəzifələrində işləmişdir.

         Eyni zamanda Nurəddin müəllim M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda baş müəllim (1957), Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmim işlər üzrə direktor müavini (1957-1973),  direktor (1973-1976) ,  Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmim işlər üzrə prorektor (1976-1982),   Azərbaycan Dövlət İncəsənət İnstitutunda Pedaqogika kafedrasının müdiri, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri (1984-cı ildən etibarən təxminən 30 il)  vəzifələrində çalşmışdır.

            Professor Nurəddin Kazımov uzun illər Azərbaycan Pedaqoji Cəmiyyətinin sədri olmuşdur.

            Azərbaycanda pedaqogika elminin inkişafında Nurəddin Kazımovun özünəməxsus əməyi vardır.O,bir alim kimi pedaqogika elminin aktual problemlərindən məqalələrində, kitablarında, elmi şuranın iclaslarında, respublika elmi-praktik konfranslarında, respublika Pedaqoji Cəmiyyətinin qurultaylarında inamla, məntiqi təfəkkürün bütün imkanlarından faydalanaraq və orijinal deyim tərzi ilə təqdim edirdi.

          Elmi müəssisənin rəhbəri kimi yüksək təşkilatçılıq, idarəetmə qabiliyyətinə malik idi, ciddi və tələbkar idi ki, bu da işçilərin öz vəzifələrinə məsuliyyətlə, eyni zamanda vicdanla yanaşmalarını təmin edirdi. Nurəddin müəllim sərt tələbkar olmaqla yanaşı, həm də çox kövrək idi.

          Elmi fəaliyyəti. Nurəddin Kazımov, qeyd etdiyimiz kimi,elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü (2012) idi. 1958-ci ildə “Müqayisə haqqında K.D. Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası,   1969-cu ildə isə “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1973-cü ildə professor elmi adına layiq görülmüşdür.

           N.M. Kazımovun orta ümumtəhsil məktəblərinin III, IV sinifləri üçün “Ana dili” (1970-2003) və “Oxu” (1970-2005) dərsliklərinin və 500-dən artıq müxtəlif elmi əsərin, o cümlədən    “Nurlu yol” (1983), “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Pedaqogika” (həmmüəlliflə, 1996), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), “Məktəb pedaqogikası sxemlərdə” (2003), “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” (həmmüəlliflə, 2005), “Müqayisənin nəzəri və əməli problemləri” (ağlın sönməz məşəli) (2005), “Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)” (həmmüəlliflə,  2005), “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007), “Pedaqoji ustalığın problemləri” (2009), “Tətbiqi pedaqogika” (2010), 16 cilddən ibarət “Seçilmiş əsərlər”in (2011)  müəllifidir.

          Nurəddin müəllimin dərslik və dərs vəsaitlərindən hazırda da ali təhsil müəssisələrində istifadə edilir.

          Elmi kadrların yetişdirilməsi sahəsindəki fəaliyyəti.  Professor Nurəddin Kazımov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində,  Tiflis Pedaqoji Universitetində və Gürcüstan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda,  Naxçıvan Dövlət Universitetində dissertasiyaların müdafiəsi şuralarının şuralarının üzvü; bir müddət respublikada Pedaqoji və Psixoloji Elmlər sahəsində  Tədqiqatları Əlaaqələndirmə sırasının sədri olmuşdur.

             Professor N.M. Kazımov 25 aspirant və dissertanta elmi rəhbər olmuş, təxminən 30 doktorluq və namizədlik (fəlsəfə doktoru) dissertasiyalarının müdafiəsi zamanı rəsmi opponent kimi  çıxış etmişdir. Təxminən 90 dissertasiyaya rəy vermişdir.

             Təltifləri. Azərbaycan təhsilinin və pedaqogika elminin inkişafındakı xidmətlərinə və səmərəli yaradıcılıq fəaliyyətinə görə professor Nurəddin Kazımov bir sıra dövlət təltiflərinə layiq görülmüşdü.  “Şərəf nişanı” ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adını almışdı. Prezident təqaüdçüsü idi.

          Professor Nurəddin Kazımov 92 il ömür sürdü. 2018-ci il dekabrın 6-da haqq dünyasına qovuşdu.

          Bu əvəzedilməz alim, Azərbaycanda pedaqogika elminin bayraqdarlarından biri olan bu gözəl insan 90 yaşını haqlasa da, yaşayıb-yaratmaq eşqi onu tərk etməmişdi.    

          Professor Nurəddin Kazımov gənc pedaqoq-alimlərə ən gözəl nümunədir. Görkəmli pedaqoq, əməkdar elm xadimi, professor, Prezident təqaüdçüsü  Nurəddin  Kazımov yaddaşlarda yaşayır, əsərləri sevilə-sevilə oxunur!

           Görkəmli pedaqoqa Allahdan rəhmət oxuyuruq!

            Akif Nurağa oğlu Abbasov,

  Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

Rəhiməxanım Rzabala qızı Məmmədzadə,

Azərbaycan Dillər Universitetinin baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru               

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir