Namiq Müslümov – Kimdir günahkar

Namiq Müslümovun yazıları

KİMDİR GÜNAHKAR
(hekayə)

Nazim qəfil bir diksinmə ilə yerindən atıldı. Sanki kimsə kürəyinə sərt bir şillə vurmuşdu. Cəld çevrilib arxasına baxdı, amma heç kəs yox idi. Üstü gül-çiçəklə örtülmüş iki yanaşı məzarın qarşısında çöməlib oturmuşdu. Havanın yavaş-yavaş qaraldığını, bədəninin isə üşütmədən əsdiyini indi hiss elədi. Nazimə elə gəldi ki, ətrafda ucalan soyuq məzar daşları birdən-birə canlanıb insana çevrilir; ona istehza ilə baxır, öz aralarında pıçıldaşırlar. Bədənindən soyuq bir gizilti keçdi. Təşviş içində ayağa qalxıb, iti addımlarla məzarlığın çıxışına tərəf yeriməyə başladı…
Nazim Bakıda doğulub boya-başa çatmışdı. Atası bu kənddən olduğu üçün uşaqlığının hər yay tətilini burada – babasıgildə keçirərdi. Babası mahir ovçu idi, tez-tez dağlara ova gedərdi. Nazim nənəsi ilə evdə qalar, gecələr yuxuya getməzdən əvvəl xəyalında babasının sıldırım qayalarda ayılarla, canavarlarla mübarizəsini canlandırardı. Onun uşaq təxəyyülündə canavarlar və ayılar babasının ən böyük düşmənləri idi. Çünki onlar babasının ovlayacağı ceyranı, cüyürü ondan qabaq tutub yeyir, qocanı evə əliboş qayıtmağa məcbur edirdilər.
Kənddə Nazimin əmisi və bibisi də yaşayırdı. Bibisinin ondan üç yaş kiçik Leyla adında qızı, əmisinin isə həmyaşıdı Fərhad adlı oğlu vardı. Eyni yaşda olmalarına baxmayaraq, Fərhad daha iri-sümüklü, qarayanız və qıvrımsaç idi; Nazimdən daha böyük görsənirdi. Nazim kəndə gələndə Fərhadın sevinci yerə-göyə sığmazdı. Çünki atası Nazimin velosipedini də özü ilə gətirirdi. Fərhad gün boyu o velosipedin belindən düşməzdi.
Hər sabah nənəsinin hazırladığı təzə qaymağın, pendirin dadına baxıb evdən çıxar, kəndi dolaşar, sonra çayda düzəltdikləri bənddə – “göl”də çimərdilər. Günorta yeməyindən sonra bir-iki saat mürgüləyib, axşama doğru kənd uşaqları ilə futbol oynamağa qaçardılar. Lakin illər keçdikcə Fərhad daha az görünməyə başladı. Atası onu artıq hər sabah özü ilə sahəyə aparır, əkin-biçin işlərinə qoşurdu. Dostu işə gedəndə Nazim tənha qalırdı.
Zaman keçdikcə kənd Nazim üçün darıxdırıcı olmağa başladı. Artıq gəlmək istəmirdi. Həm də atasının imkanları artmışdı; hər yay Antalyaya, Avropanın müxtəlif şəhərlərinə səyahət edirdilər.
Nazim orta məktəbi bitirib Türkiyədə ali təhsil aldı. Fərhadın isə əsgərliyə getdiyini eşitmişdi. Yolları çoxdan ayrılmışdı. Təhsilini tamamlayıb Bakıya döndü və atasının şirkətində işə başladı. Artıq evlənmək vaxtı da yetişmişdi. Nazim şəhər mühitində böyüsə də, ömrünün ən saf və unudulmaz anları o uzaq kəndlə bağlı idi. Babası və nənəsi o Türkiyədə oxuduğu illərdə dünyalarını dəyişmişdilər; təəssüf ki, heç birinin dəfnində iştirak edə bilməmişdi.
Avqust ayı idi. İşə yeni başlamasına baxmayaraq, birdən-birə içini qəribə bir darıxmaq hissi bürüdü. On il idi ki, kəndə ayaq basmırdı. Atasından icazə alıb babasının və nənəsinin məzarlarını ziyarət etmək üçün yola düzəldi. Yeni aldığı avtomobili ilə kəndə daxil olanda ilk dayandığı yer yol kənarındakı bulaq oldu.
Bulağın suyu buz kimi sərin idi. Nazimə elə gəldi ki, suyun fərqli bir dadı, ətri var – uşaqlığının qoxusu gəlirdi bu sudan. Kənarda oturub keçmişi vərəqlədi. Fərhadla bura nə qədər gəlmişdilər… Hətta velosipedini neçə dəfə burada yumuşdu. “Görəsən Fərhad hardadır?” – deyə düşündü. Atası ilə əmisinin arası o qədər də yaxşı deyildi. Nazim heç vaxt əmisigildə gecələdiyini xatırlamırdı. Anasından öyrənmişdi ki, bu soyuqluğun səbəbkarı Fərhadın anasıdır. Qadın Nazimgilin şəhərdə yaşamasına, imkanlı olmalarına paxıllıq edər, arxalarınca qarğış tökərmiş. Bibisi də elə buna görə gəlinləri ilə dalaşmışdı. “Bəs Fərhad? O niyə məni axtarmadı?” deyə fikirləşdi, amma dərhal da özünü qınadı: “Sanki mən onu axtarmışam? Üstəlik mənim imkanım ondan qat-qat çoxdur.”
Qəfil bir səs onu xəyal aləmindən qopardı:
– Salam. İcazə olar, su doldurum?
Qarşısında gülümsəyən bir qız dayanmışdı. Nazim cəld ayağa qalxıb, “buyurun” deyərək kənara çəkilidi. Qızın səsi də, siması da heyrətamiz dərəcədə gözəl idi. Əynindəki geyim sadə olsa da, ona xüsusi bir yaraşıq verirdi. Nazim bir anlıq qızı məşhur modellərə bənzətdi; onu dəbdəbəli donlarda təsəvvür etməyə çalışdı. Doğrudan da, qızın üzündəki o məsum ifadə gözəlliyinə fərqli bir nur qatırdı.
Nazim özündən asılı olmayaraq telefonunu çıxarıb gizlincə onun şəklini çəkdi. Sonra bir az utana-utana soruşdu:
– Mən də əslən buralıyam. Fərhadın əmisi oğluyam, Bakıdan gəlmişəm. Adım Nazimdir.
– Çox gözəl. Xoş gəlmisiniz, – deyə qız nəzakətlə gülümsədi.
– Çox sağ olun. Bəs siz? Siz də bu kənddənsiniz? Adınız nədir?
– Bəli, mən də buralıyam.
Qız dolmuş qablarını götürüb, adını demədən sürətlə uzaqlaşdı. Nazim onun hara getdiyini, hansı qapıya yönəldiyini görmək üçün arxasınca baxdı. Qız yaxınlıqdakı darvazadan içəri girən kimi, Nazim o qapının da şəklini çəkib cəld maşınına oturdu…
Nazim boz rəngli darvazanın önündə maşını saxlayıb aşağı endi. Darvazanın bağlı olduğunu görüb, adəti üzrə yerdən bir daş götürdü və bibisigilin evinə gedən qaz borusunu döyməyə başladı. Kənddə qapı zəngini elə bu qaz boruları əvəz edirdi. Ev həyətin o başında yerləşdiyindən səsləməklə ev sahibinə səs çatdırmaq mümkün deyildi. Nazim uşaqlıqdan görmüşdü: kim gəlirdisə, əlinə keçən bir daşla borunu döyəcləyirdi. Bu səs evin hər küncündən aydın eşidilir, gələnin xəbərçisi olurdu.
– Kimdir? – deyə həyətdən bir səs gəldi.
– Mənəm, ay bibi, Nazim!
– Bibi qurban olsun sənə!
Nazim cəld maşının yük yerini açıb bibisigil üçün gətirdiyi hədiyyələri götürdü. Elə bu an darvazanın kiçik qapısı açıldı və 40-45 yaşlarında bir qadın göründü. Qollarını geniş açaraq Nazimə tərəf gəldi və onu bərk-bərk qucaqladı:
– Ay bibisinin bir dənəsi, xoş gəlmisən! Sən hara, bura hara? Gör neçə ildir görmürəm səni, kəndə gəlmirsən, ay etibarsız.
– Xoş gördük, ay bibi. Vallah vaxt olmur. Kənd üçün çox darıxıram, amma necə gəlim? Baba yox, nənə yox… Fərhadın harda olduğunu bilmirəm. Səni də ki, ay bibi, heç bir il deyil görmüşəm, tez-tez Bakıya gəlirsən də.
Nazimin bibisinin qızı Leyla Bakıda universitetin birinci kursunu bitirmişdi. Bibisi qızına baş çəkmək üçün tez-tez şəhərə gedirdi. İndi yay tətili olduğu üçün Leyla da kəndə, anasının yanına dönmüşdü.
– Sənə onsuz da söz çatdırmaq olmur. Gəl, keç içəri, – deyərək bibisi Nazimi həyətə dəvət etdi. Darvazanı bağlayıb Nazimin əlindəki paketlərdən bir neçəsini götürdü:
– Bu nədir? Nə əziyyət çəkmisən? Özün gəlmisən, bəsdir. Səndən nəsə uman var?
– Əziyyət deyil, ay bibi. Anam verib. Dedi ki, daha uşaq deyilsən əliboş tullana-tullana kəndə gedəsən; qonaq yerinə əliboş getməzlər.
– Anan başqa arvaddır, maşallah, göz dəyməsin. Yoxsa o Əminə…
Əminə Nazimin əmisi arvadı, Fərhadın anası idi. Nazim bilirdi ki, bibisinin ondan heç xoşu gəlmir. Əmisi Əminəni vaxtilə qonşu kənddən qaçırmışdı. Kənddə qonşu kəndin gəlinlərini bir o qədər bəyənməz, onlara “həyasız” deyərdilər. Nənəsi həmişə deyərmiş: “Sənin atanı evləndirdik, əmin paxıllığından gedib tələm-tələsik qız qaçırtdı”. Nazimin əmisi atasından bir yaş kiçik olsa da, həyatları tam fərqli idi. Atası ali təhsil alıb ucalmış, əmisi isə oxumamışdı. Nənəsinin təbirincə desək, o, “avara bir uşaq” idi. Qardaşların arası da bu səbəbdən həmişə soyuq olmuşdu. Atası uzaqda olsa da, tez-tez əmisini danlayır, “Barı valideynlərimizə kömək elə, bir işin qulpundan tut” deyirdi. Hətta bir dəfə əmisinə əl qaldırdığı da danışılırdı.
Lakin bütün bunlara rəğmən, Nazimlə Fərhad uşaq vaxtı çox mehriban idilər, sanki qardaş kimi böyüyürdülər. Böyüdükcə bu bağlar da zəiflədi. Nazim Türkiyəyə təhsilə yollandı, Fərhad isə əsgərliyə getdi. Xidmətini bitirdikdən sonra isə orduda qalıb “MAXE” (müddətdən artıq xidmət edən hərbi qulluqçu) olmuşdu.
Nazim üzünü bibisinə tutub soruşdu:
– Fərhad haralardadır? Necədir?
– Harda olacaq? Orduda. O yazıq uşaq da anasının əlindən didərgin düşüb, özünü ölümə yollayıb.
Nazim düşündü ki, əslində Fərhadın bu seçimində anası qədər atasının da günahı var idi, lakin bibisi hər zaman olduğu kimi öz qardaşını müdafiə edirdi. Gülümsəyərək cavab verdi:
– Ölümə niyə, ay bibi? Halaldır ona, vətəni qoruyur. Bundan şərəfli iş var?
– Ona sözüm yoxdur, amma təhlükədir də, hər an ölümlə üz-üzədir. Əminin də ondan başqa kimi var ki? Keç içəri, keç.
Evin eyvanına çatanda Nazim bibisini irəli ötürüb içəri keçdi. Əlindəkiləri yerə qoyub birbaşa divarda asılmış babası ilə nənəsinin şəklinə tərəf yeridi. Bu zaman içəri otaqdan Leyla çıxdı:
– Xoş gəlmisiniz.
– Sağ ol, Leyla. Necəsən?
– Yaxşıyam, çox sağ olun. Siz necəsiniz? Dayım, gəlinbacım necədirlər?
– Hamısı yaxşıdır, salamları var.
Leyla ondan üç yaş kiçik olsa da, böyüdükdən sonra Nazimə “siz” deyə müraciət etməyə başlamışdı. Nazim bir-iki dəfə etiraz etsə də, Leyla xasiyyətini dəyişməmişdi.
– Leyla, çay süz, qızım, – deyə anası səsləndi və Nazimi yanına – divana çağırdı:
– Gəl, əyləş. Danış görək, nə var, nə yox? Eşitdim işə başlamısan, xeyirli olsun. Allah ruzini bol eləsin.
– Çox sağ ol, ay bibi. Həsən dayı hardadır bəs?
Həsən Nazimin bibisinin əri idi. Kənddə “xaltura” edər, maşını ilə şəhərə sərnişin daşıyardı. Nazim atasından onun haqqında həmişə müsbət sözlər eşitmişdi: “Həsən halal adamdır, xeyirə-şərə yarayandır”.
Bibisi çayı Nazimə tərəf sürüşdürərək dedi:
– İşdədir, indi gələr. O da neyləsin, sübhdən çıxır, gecə qayıdır. Yaşlanıb artıq, əvvəlki gücü yoxdur, hiss edirəm ki, sükan arxasında çox yorulur. Götür iç çayını… Leyla, atana zəng elə, de ki, Nazim gəlib, tez gəlsin. Uzaqdadırsa, biz yeməyimizi yeyək, uşaq uzaq yoldan gəlib.
Leyla atasının 10 dəqiqəyə çatacağını xəbər verib anasının yanında oturdu, amma bibisi dərhal onu tərpətdi:
– Nə oturmusan? Dur yeməyi isit. Demədin atan gəlir?
Nazim müdaxilə etdi:
– Dayan, ay bibi, hələ Həsən dayı gələcək, yuxarı çıxacaq… Qoy qız bir udum çayını içsin. Leyla, imtahanları necə verdin? Kəsirin olmadı ki?
– Yox, üç imtahanım vardı, hamısını verdim. Bir beş, iki dörd.
– Ay maşallah, təbrik edirəm!
Nazim sonra söhbəti əsas məqsədinə gətirdi:
– Bibi, mən bura babamla nənəmin məzarını ziyarət etməyə gəlmişəm. Heç görməmişəm oraları. Səninlə gedək, yoxsa Həsən dayı ilə?
– Qoy Həsən gəlsin, baxarıq. Mən də getmək istəyirəm, bəlkə elə üçümüz birlikdə getdik.
Həsənin köhnə maşını ilə məzarlıqdan qayıdırdılar. Nazim öz maşını ilə getmək istəsə də, ona mane olmuşdular: “Qəbiristanlığın yolu çox bərbaddır, sənin maşınının altı dəyər, heyifdir”. Həsən onları evə düşürüb: “Məni müştəri gözləyir, axşam görüşərik” – deyərək tələsik uzaqlaşdı. Əslində Nazim anlayırdı ki, bibisi Həsəni bazarlıq etməyə göndərib, müştəri sadəcə bəhanədir. Axı Bakıdan ən əziz qonaqları gəlmişdi, axşama böyük məclis qurulmalı, qohum-qonşu çağırılmalı idi.
Nazim həyətə keçən kimi bəhanə ilə Leylayanı kənara çəkdi:
– Leyla, gəl bir az bağı dolaşaq. Çoxdandır kəndə gəlmirəm, görüm ağacları tanıya bilirəmmi?
Nazim səbirsizliklə bayaq gördüyü qız haqqında danışdı, telefonundakı gizli şəkli və darvazanın fotosunu göstərərək onun kimliyini soruşdu. Leyla qızı dərhal tanıdı:
– Onun adı Firuzədir, bu il məktəbi bitirib. Bildiyim qədər çox yaxşı qızdır, valideynləri də abırlı adamlardır. Amma ən dəqiqini anam bilər, istəyirsinizsə ondan soruşaq.
Nazimin qərarı artıq qəti idi. O, Firuzəyə ilk baxışdan vurulmuşdu. Leyla ilə birlikdə evə qayıtdılar. Leyla içəri girən kimi anasına tərəf yüyürdü:
– Ana, sənə şad xəbərim var! Nazim kənddən qız bəyənib.
– Kimi?
– Cəlal əminin qızı Firuzəni.
– Ay oğul, sən bura indi gəlmədin? Nə tez qız tapdın? Harda gördün onu? – deyə bibisi heyrətlə Nazimə baxdı.
Nazim olanları danışdı:
– Aşağıdakı bulaqda gördüm, ay bibi. Su doldurmağa gəlmişdi, çox xoşuma gəldi. Necə ailədirlər?
– Çox yaxşı adamlardır. Atası da, anası da zəhmətkeş, sakit insanlardır. Qız haqqında da bu vaxta qədər bir artıq-əskik söz eşitməmişəm. Bakıda oxuyan bir böyük qardaşı da var. Kasıbdırlar, deyilənə görə oğlana pul göndərə bilmirlər, uşaq həm işləyir, həm də oxuyur. Düz seçim etmisən, Nazim. Mən qızın anası ilə danışıb ağızlarını arayaram, sonra elçiliyə gələrsiniz.
Vağzalının sədaları kəndin dar küçələrinə yayılırdı. Firuzə Nazimin qoluna girmiş, ata evinin pilləkənlərini ehtiyatla enirdi. Nazim qızın səssizcə ağladığını görsə də, buna böyük əhəmiyyət vermirdi. Düşünürdü ki, on yeddi il yaşadığın evi tərk edib yad bir ailəyə, tanımadığın bir şəhərə getmək asan deyil. Əslində Nazim özü də Firuzəyə yad idi; bir-birlərini cəmi bir neçə dəfə görmüş, üst-üstə toplasan yüz kəlmə kəsməmişdilər.
Nazim gəlini öz maşınına əyləşdirib qapını örtdü. Anası və bibisi də maşına əyləşdikdən sonra dörd maşınlıq karvan Bakıya tərəf yola düşdü. Nazimə hər şey yuxu kimi gəlirdi; cəmi iki ay əvvəl məzar ziyarətinə gəlmişdi, indi isə ömürlük həyat yoldaşını götürüb aparırdı. İki gün sonra Bakının şadlıq saraylarından birində toyları olacaqdı. Toya qədər isə Firuzəni el adəti ilə uzaq bir qohumun evinə qoyacaqdılar.
Ertəsi gün Nazim iş otağında oturub sabahkı toyu düşünürdü. Qəfildən telefonu zəng çaldı: “Leyla”. Telefonu açan kimi bibisinin fəryad dolu səsi eşidildi:
– Nazim, tez evə gəl! – və xətt kəsildi.
Nazim geri zəng etsə də, telefonu söndürmüşdülər. Cəld iş yerindən çıxıb evə tərəf qaçdı. Həyətə çatanda təcili yardım maşınını görüb ürəyi yerindən oynadı. İkinci mərtəbəyə lifti gözləmədən qaçaraq qalxdı. Qapı açıq idi, qonşular dəhlizə toplaşmışdı. İçəri girəndə anasını divanda uzanan, həkimin isə onun təzyiqini ölçdüyünü gördü.
– Nə olub? Nə baş verir burada? – deyə bağırdı.
Həkim anasının təzyiqinin normaya düşdüyünü deyib çıxıb getdi. Nazim anasının yanında diz çökdü:
– Ana, qorxutma məni, nə olub axı? Anası gözlərini qaçıraraq: “Heç nə, oğlum, təzyiqim qalxdı birdən…” – desə də, Nazim inana bilmirdi. Bibisinin və Leylanın gözləri ağlamaqdan qıpqırmızı idi. Qonşular dağılışandan sonra anası titrək səslə dedi:
– Nazim, maman qurban, möhkəm ol. Sənə deyəcəyim var…
Başımıza müsibət gəlib. Firuzə özünü balkondan atıb.
Nazim yerindən dik atılıb qapıya tərəf qaçmaq istəyəndə bibisi onun qolundan yapışdı:
– Səbirli ol, Nazim! Atan onsuz da oradadır.
Elə bu an bibisinin telefonuna Həsən dayıdan zəng gəldi. Bibisi cəmi bir kəlmə “Bəli” deyə bildi və “Fərhad!” deyərək divana çökdü.
Kənd sarsılmışdı. Bir gündə iki yas, iki faciə… Biri kəndin yuxarı başında, o biri aşağı. İki tabut insanların çiyinlərində eyni vaxtda kəndin ortasındakı qəbiristanlığa doğru irəliləyirdi. Göydən baxanda sanki iki nəhəng ilan ağzında tabut tutub qəbiristanlığa doğru sürünürdü.
Onları yanaşı qazılmış məzarlarda dəfn etdilər. Nazim belə istəmişdi: “Bu dünyada qovuşmadılar, heç olmasa orada yanaşı olsunlar”. Bütün dəfn xərclərini Nazimin atası boynuna götürmüşdü.
Nazim məzarların başında heykəl kimi dayanmışdı. Leylanın yolboyu ona danışdıqları qulaqlarında əks-səda verirdi: Sən demə, Firuzə ilə Fərhad bir-birlərini gizlicə sevirlərmiş. Nazimgil elçi gələndə Firuzə anasına yalvarıb: “Mən Fərhadı sevirəm”.
Amma anası etiraz edib: “Fərhadın anası həyasızın biridir, o iki ailəni müqayisə etmək olmaz. Fərhad hərbçidir, hər an ölümü gözünün qarşısındadır. Səni öz əlimlə bədbəxt edə bilmərəm”. Digər qohumlar da “Nazim imkanlıdır, şəhərdə yaşayacaqsan, ailənə əl tutarsan” – deyərək qızı küncə sıxıblar. Firuzə çarəsiz qalıb razılaşıb.
Toya bir gün qalmış Fərhad Firuzəyə görüntülü zəng edib, vəfasızlığına görə onu qınayıb və canlı yayımda özünü silahla vurub. Bunu görən Firuzənin ağlı başından çıxıb və özünü eyvandan atıb…
…İnsanlar yavaş-yavaş məzarlıqdan dağılışdı. Nazim isə yerindən tərpənmirdi. Atası gəlib qolundan tutanda: “Ata, tək qalmaq istəyirəm” – dedi. Saatlar keçdi. Nazim vicdan əzabı içində o iki təzə məzara baxırdı. İki gənc canına qəsd etmişdi.
Nəhayət, Nazim ağır addımlarla məzarlıqdan çıxıb maşına əyləşdi. Qızarmış gözlərini atasına dikib, boğuq bir səslə soruşdu:
– Ata, kimdir günahkar?

Müəllif: Namiq Müslümov

Namiq Müslümovun yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nurlana İşıq – Vətən qoxusu

Vətən qoxusu
Vətənin qoxusu var?
Kim duyub axı bunu
Lap təəccüb qalmışam
Çiçəyin qoxusu var
Torpağın da, daşın da
Elə lap dənizin də
Müəllim də qəribə
Suallarla çaşdırır
indi nə cavab verim
Ay müəllim bu sual
Yaman çətindir çətin
Bir az düşünüm yenə
Anamın qoxusu var
üç aylıq bacımın da
Meyvənin, toxumun da
Mən qoxladım hər şeyi
Hətta isti əppəyi
Amma bilmədim hələ
O nə qoxudur elə
Müəllim gülümsəyib
Dedi, ağıllı bala
Bütün bunlar hamısı
Vətən qoxuyur elə.


Müəllif: Nurlana İŞIQ

NURLANA İŞIQ – UŞAQLAR ÜÇÜN

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Vilayətqızı – DİLİMDƏ DONUBDU

DİLİMDƏ DONUBDU

Könül pəncərəmdən boylanan həsrət,
Kövrəltdi, ağlatdı ala gözləri.
Sevmək cəzadırmı, yoxsa bir nemət?
Saldı ürəyimə qara izləri.

Hər duyğuda gizli, hər sözdə aşkar,
Sevənin gözü kor, qulaqları kar,
Heç rəhm eyləmədi mənə sitəmkar,
Gözümdə çağlatdı lal dənizləri.

Zamanla yox oldu ən xoş arzular,
Susqun gözlərimdə min bir sual var.
Gecəni gündüzə bağlayan yollar-
Həsrətin əlində qoydu bizləri.

Ağılla ürəyin bitmir davası,
Mehtək ayrılığın gəlir havası,
Şəfəqəm başımda eşqin sevdası,
Dilimdə donubdu vida sözləri.

Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Halime Hüdayberdiyeva (1947)

 Halime Hüdayberdiyeva,
Özbekistan halk şairi

  Halime Hüdayberdiyeva, 1947 yılının 17 Mayısında Sirdarya vilayetinin Boyovut ilçesinde doğmuştur. 2018 yılının 17 Ağustosda vefat etmiş.
Aşağıda onun şiirini Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun öǧrencisi Vazira Hüsniddinova tercümesinden okuyacaksınız.


Sizi bulduğum, kaybettiğim değil,
Siz şahinim, acız  kuşum değil.
Siz dünyada gerçek diye tutuğum,
Tutmadiğim yalan düşüm değil.
 
Size feda olmak isterim,
Sizin için heba olmak isterim.
Yavaş yavaş kaybetmeden size,
Birden mahrum kalmak isterim.
 
Geriliyor teller gerim, söyleyin,
Hayallere dalsınlar, söyleyin.
Siz cansınız, canımı acıtmadan,
Birdenbire olsunlar, söyleyin.
 
Sizi bulduğum, kaybettiğim değil…
 
Çevirmen: Vazira Hüsniddinova,
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğrencisi

Təqdim etdi: Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halime Hüdayberdiyeva Yaratıcılık Okulunun Öğretmeni

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları Milli Kitabxananın qonağı olub

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları Milli Kitabxananın qonağı olub
May ayının 14-də Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları Milli Kitabxananın qonağı olub.
Qonaqlara Milli Kitabxanada həyata keçirilən layihələr, elektron xidmətlər və zəngin kitab fondu haqqında ətraflı məlumat verilib. İnstitut əməkdaşları Milli Kitabxananın müxtəlif şöbələri, oxu zalları, beynəlxalq əməkdaşlıq zalı, fonoteka zalı, nadir kitablar və kitabxana muzeyi şöbəsi ilə tanış olub, burada mühafizə olunan qiymətli nəşrlər və qədim əlyazmalarla maraqlanıblar.
Səfərin sonunda qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomu hədiyyə olunub və onlar da öz nəşrlərini Milli Kitabxanaya bağışlayıblar.


Səmimi şəraitdə keçən görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
https://www.millikitabxana.az/news/medeni-tedqiqatlar-ve-qeyri-maddi-medeni-irs-institutu

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadə Barış Elçisi və Kültür Elçisi ünvanına layiq görüldü

Etibar Həsənzadə Barış Elçisi və Kültür Elçisi ünvanına layiq görüldü

Azərbaycanlı Yazar Etibar Həsənzadə Türk Dünyasında və dövlətlər arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi gənc nəslə, gələcək nəsillərə çatdırılması yolunda göstərdiyi xidmətlərə görə Qardaş Türkiyəmizin Kaya Haber Haber Ajansı Yönetim Kurulu Başkanı Prof Zakir Kaya və Yönetim Kurulu tərəfindən Barış Elçisi və Kültür Elçisi ünvanlarına layiq görülmüşdür.
Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.

Hər zaman mənə dəstək olan fəaliyyətimi yüksək dəyərləndirən dəyərli hocamız dəyərli dostum Kaya Haber Haber Ajansı Yönetim Kurulu Başkanı Prof Zakir Kaya bəyə və bütün yönetim kuruluna əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah razı olsun sizlərdən var olun.

“Yazarlar” olaraq həmkarımızı təbrik edir, əlimizdən gələn dəstəyi verməyə hazır olduğumuzu bildiririk! Xeyirli olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

SABİR RÜSTƏMXANLI: ƏDƏBİYYAT VƏ MİLLİ KİMLİK YOLU

SABİR RÜSTƏMXANLI: ƏDƏBİYYAT VƏ MİLLİ KİMLİK YOLU
(Azərbaycan ədəbi mühitinin görkəmli siması Xalq şairi Sabir Rüstəmxanlıya ithaf olunur)

Əslən Odlar Yurdu Azərbaycanın Cənub bölgəsində yerləşən səfalı Yardımlı rayonundan olsa da, Azərbaycan ədəbi mühitində, respublika səviyyəsində və eləcə də ölkə hüdudlarından kənarlarda tanınan və sevilən görkəmli şair və yazıçı, Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Xalq şairi Sabir Rüstəmxanlı adı və imzası hər birimizə tanışdır.
Bu il görkəmli ədibimizin 80 illik yubileyidir. Mən də fürsətdən istəfadə edərək bu qısa yazı ilə çıxış edib, onun haqqında ürək sözlərimi qələmə almaq və beləliklə də görkəmli Sabir Rüstəmxanlı qarşısında sayğılarımı və ədəbi borcumu yerinə yetirmək qərarına gəldim…

Subyektiv baxışlarım:
Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi Sabir Rüstəmxanlı barədə subyektiv baxışlarımı yazmaq mənə çox asandır. Çünki bununla bağlı yazacağım fikirlər əslində mənim inam və əqidəmdən irəli gələn tam səmimi sözlərdir:
Sabir Rüstəmxanlı ədəbiyyat sahəsinin öncül simalarından biri, Azərbaycanın nüfuzlu ictima-siyasi xadimi, siyasətçi, filoloq alim, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq, dövlətçi, həm də yüksək mədəniyyət, etika və intellekt sahibi olan ziyalı şəxsiyyətdir.
Mənə görə, onu ölkə daxili və xaricində bu qədər dəyərli bir ədibə və görkəmli yazıçı-şairə çevirən əsas bir amil var. Həmin amil isə onun ustad şair və ustad yazıçı olmaqda yanaşı, həm də yüksək etika və mədəniyyət sahibi, xüsusilə də öz milli kimliyinə sıx bağlı olmasından ibarətdir.
Sabir Rüstəmxanlını milli kimliksiz təsəvvür etmək əsla mümkün deyil. Çünki o, bütün varlığı, düşüncələri, danışığı və istər şeir, istərsə də nəsr sahələrindəki yazıları ilə büsbütün milli kimliyi tərənnüm edən bir ustad, ziyalı mütəfəkkirdir. O, sözün həqiqi mənasında ədəbiyyat sahəsini milli kimlik duyğuları və düşüncələri ilə birləşdirmiş görkəmli bir insan, dəyərli bir qələm sahibidir.
Mənə görə, hər bir insanın və ya millətin milli kimliyi onun “Şəxsiyyət vəsiqəsi” kimidir. Şəxsiyyət vəsiqəsi olmayan və ya korlanan şəxsin işləri bərbad olduğu kimi öz milli kimliyinə sahib çıxmayan və ya onu ayrı-ayrı siyasi, ictimai, mədəni və s. amillər nəticəsində qarışıq salan insanın və millətin də bu günü və gələcəyi bəlli, uğurlu və məsud ola bilməz.
Görkəmli və ziyalı ədibimiz ilkin olaraq Azərbaycan xalqı, ikinci mərhələdə isə türk dünyasına öz milli kimliyini tərənnüm edən və tanıtdıran bir mürşiddir. O, həmişə öz xalqının oyanışına, azadlığı və inkişafına çalışan bir ictimai, ədəbi və siyasi xadim olaraq millətin yaddaşında yer almışdır. Bu da onun istər ötən əsrdə, istərsə də müasir dövrümüzdə, çağdaş Azərbaycan ədəbiyyatında nə qədər önəmli və vazkeçilməz bir şəxsiyyət olduğunu göstərir.
Burada görkəmli ədibimizlə bağlı ayrı bir məqama da işarə etmək bir zərurətdir. Həmin məqam Sabir Rüstəmxanlının bütün ömrü boyu həm də millətin xurafat, mövhumat və mənasızlaşmadan uzaqlaşması üçün göstərdiyi ardıcıl səylərindən ibarətdir. Etiraf etmək lazımdır ki, Sabir Rüstəmxanlı çağdaş dövrümüzün Seyid Əzim Şirvanisi, Mirzə Ələkbər Sabiri və Cəlil Məmmədquluzadəsidir. Mən bu bənzətməni hər hansı bir hədəfsiz çıxış və ya söz gəlişi üçün deyil, əslində şüurlu formada görkəmli ictimai-siyasi xadim və aydın ədibimiz olan Sabir Rüstəmxanlının ictimai, mədəni və ədəbi sahələrdə malik olduğu yüksək məqamı müasir nəslimizə çatdirmaq üçün qələmə aldım.

Ötən əsrdən bir xatirə:
Etiraf edim ki, Sabir Rüstəmxanlının ötən əsrin sonlarında işıq üzü görmüş “Ömür kitabı” adlı əsəri Azərbaycan xalqının bir çox təbəqələri və xüsusilə də gənc nəslin nümayəndələri kimi məni də təsirləndirmiş və ömrümün yolunda bir çırağ olmuşdur. Heç vaxt unuda bilmərəm, mənim 12 yaşım olanda soyuq qış günlərinin birində mərhum atam evə gələrkən özü ilə bir kitab gətirdi və onu ilk olaraq mənə uzadıb oxunulası bir kitab olduğunu, orada insan ömrünün uğur yollarının yazıldığını söylədi. Kitabın adı “Ömür kitabı”, müəllifi isə Sabir Rüstəmxanlı idi…
Mərhum atamın kitabxanası və müxtəlif mövzularda çoxlu kitabları olsa da, yalnız bu kitab barədə mənə söylədiyi söz onu mənim üçün maraqlı bir kitaba çevirmişdi.
Mən kitaba baxıb səhifələrinə ötəri baxdıqdan sonra onu kitab şkafına qoydum. Sonrakı fürsətlərdə asudə vaxtlarımda həmin kitabı oxumağa başladım. Doğrudur, ilk dəfə onu oxuyanda hər şeyi olmasa da onun ehtiva etdiyi əsas fikirlər və mesajları anlayırdım. Amma daha sonralar o kitabı mütaliə edərkən milli, vətənpərvərlik və yurdsevərlərik duyğularım coşurdu. Mən o kitabı hər dəfə oxuyanda qəlbimdə vətənə, hürriyyət və azadlığa, milli-mənəvi dəyərlərə sadiqlik hisslərim oyanır, yeniyetmə yaşlarımda ikən milli şüurum və milli kimliyimi dərk etməyə başlayırdım… Hətta, həmin kitabın o vaxtlar meydan hərəkatında dayaq rolunu oynadığı, bayraq və milli simvol kimi meydanlara çıxarıldığını, həmçinin, bəxt evinə yola salınan gəlinlərə cehiz kimi verildiyini də eşitdim…
Beləliklə də Sabir Rüstəmxanlı mənim üçün 12 yaşımdan etibarən bir ustad və mürşid olaraq yaddaşıma həkk olundu. Ömrümün keçən illərində və bu gün də hər dəfə onu uyğun sahələrdə çıxış edən və yazan görüb qürur hissi keçirir və fəxarət hissi duyuram. Çünki o, görkəmli bir şair-yazıçı olaraq həm də öz milli kimliyini tanıyan və təbliğ edən əsil türk oğlu, bütün varlığı və düşüncələri ilə ədəbiyyat və milli kimlik yoludur…

Arzu və diləklərim:
Bu yazının sonunda Ulu Tanrıdan bu il 80 illik yubileyini qeyd edən ölkəmizin əziz və dəyərli ziyalısı, ədəbiyyatla yanaşı milli ruh və milli kimliyin carçısı, Azərbaycan ədəbi mühitinin və çağdaş Azərbaycan ədəbiyyatının fəxarəti və görkəmli nümayəndəsi, ustad şair və yazıçı, hörmətli Sabir Rüstəmxanlıya uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
15.05.2026

İlqar İsmayılzadənin digər yazıları

SABİR RÜSTƏMXANLININ YAZILARI


Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I