ŞƏHİD MAYORUN ADINA SİNİF

ŞƏHİD MAYORUN ADINA SİNİF

Xətai rayonu 243 saylı tam orta məktəbin 1 “A” sinfinə şəhid mayor Vüsal Vəliyevin adı verilməsi münasibətilə bağlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan 1“A” sinfinin rəhbəri Gülbəs xanım qonaqları salamlayaraq bildirib ki, böyüyən uşaqların və yeniyetmələrin milli ruhda formalaşması hər bir pedaqoqun müqəddəs vəzifəsidir. Bakı şəhəri 243 saylı məktəbdə də şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur və qəhrəman şəhidlərin xatirəsi daim uca tutulur.

Sonra mayor Vüsal Vəliyevin həyatı və döyüş yolu haqqında məlumat verilib. Mayor Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Lisey və Ali Hərbi Məktəbdə təhsil alıb, 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. 2009-cu ildən Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Murovdağ istiqamətlərində müxtəlif komandir vəzifələrində xidmət edib və mayor rütbəsinədək yüksəlib. 44 günlük Vətən müharibəsində həmlə taborunun komandiri kimi Murovdağdan Şuşayadək döyüş yolu keçib. 9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olub və Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Vüsal Vəliyevin xatirəsinə “Səs” tamaşası səhnələşdirilib, “Qisas 44” və “Vüsalın dastanı” kitabları çap olunub. Doğulduğu Dizə kəndində “Şəhid Vüsal bulağı” abidə-kompleksi və ev muzeyi yaradılıb, bir çox məktəb siniflərinə və hərbi posta onun adı verilib.

Məktəbin direktoru Nurqələm xanım rəhbərlik etdiyi təhsil ocağının vaxtilə burada oxumuş, sonradan doğma torpaqların azadlığı uğrunda canını fəda etmiş A.Xəlilovun adını daşımasını böyük qürur hissi ilə vurğulayaraq, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərə ayrıca guşə ayrıldığını diqqətə çatdırıb. O bildirib ki, 1 “A” sinfinin şəhid mayor Vüsal Vəliyevin adının verilməsi də müəllim və şagird kollektivi üçün həm məsuliyyət, həm də fəxr mənbəyidir. Nurqələm xanım çıxışında qeyd edib ki, mayor Vüsal Vəliyevin Vətən müharibəsində göstərdiyi şücaət, vətən sevgisi və döyüş əzmi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Onun şərəfli həyat yolu və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, həmçinin şagirdlərin hazırladıqları təsirli səhnəciklər nümayiş etdirilib. Çıxışlar və təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Çıxış edən şəhid qardaşı Şahin Məmmədov, Qarabağ müharibəsi veteranı, polkovnik şair Mahir Cavadlı şəhidlərin adını daim uca tutan, onların xatirəsini yaşadan və belə möhtəşəm tədbiri ərsəyə gətirən hər kəsə təşəkkürünü bildirib.

Şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyevə verilib. O, ailəsi adından çıxış edərək qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəbin direktoru Nurqələm xanıma, tədbirin təşkilatçıları Gülbəs xanıma, UBTR Aynur xanıma, 1 “A” sinfinin şagirdlərinə, valideyn komitəsinin rəhbəri Zəkirə xanıma və tədbirin təşkilində əməyi olan bütün valideynlərə dərin minnətdarlığını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar məktəbdə yaradılmış “Şəhidlər lövhəsi”ni ziyarət edib, qəhrəmanların adını daşıyan sinif otaqlarına baxış keçiriblər. Sonda tədbir iştirakçıları bu unudulmaz gündən xatirə şəkilləri çəkdiriblər.

Mahir CAVADLI,

AMEA Folklor Institutu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir