
Göyçə gölünün xiffəti
(esse)
Göyçə gölü… Uzaqlardan adını eşidəndə belə insanın qəlbinə sərinlik, bir az da kədər çökür. Bu göl təkcə mavi suların əks olunduğu bir təbiət gözəli deyil, həm də bir xalqın yaddaşı, bir elin nəfəsi, bir neçə nəslin qüruru idi.
Göyçə – uşaq gülüşlərinin, çoban nəğmələrinin, sazın-sözün sədalarının qaynayıb-qarışdığı müqəddəs bir məkan idi. Burada hər daşın, hər çiçəyin öz dili vardı. Suya baxanda elə bil səmadan düşən ayın parıltısı da bu məkanın sehrinə heyran qalırdı. Amma indi o gözəl gölün xiffətini çəkirik – sanki həsrətində qaldığımız bir ana nəfəsi kimi.
Qəriblikdə yaşayan hər Göyçəlinin yuxularında o göl var. Gecənin bir aləmi qapını açıb sakitliyə qulaq asanda, elə bil uzaqdan suyun ləpiri, dalğaların pıçıltısı gəlir. Amma ayılanda bilirsən ki, bu sadəcə xəyal, sadəcə həsrətdir. Çünki Göyçə artıq bizdən uzaq salınıb, yad əllərdədir.
Göyçənin küləyi başqaydı. O külək insanın üzünə toxunanda həm sərinlik verirdi, həm də içində bir yanğı oyadırdı. Çiçəklərin ətri gölün suyuna qarışar, gölün dalğası isə dağlara salam göndərərdi. İndi bunların hamısı ürəkdə bir xiffət, gözlərdə bir xəyal olaraq yaşayır.
Göyçə gölü bir elin kitabı idi – açıb baxan hər kəs tariximizi, mədəniyyətimizi, kimliyimizi görürdü. Balıqçının qayıqla sudakı izi, çobanın dağ yamacındakı səsi, qız-gəlinlərin “Xuraman”-ın bulağı “Şölənin” bulağı adlanan bulaq başında pıçıldaşması… Bunların hamısı bir millətin ruhunu daşıyırdı. İndi isə bu yaddaş köçkün düşüb, insanların ürəyində bir qara yara kimi yaşayır.
Amma bir həqiqət var, heç bir həsrət əbədi deyil. Göyçə gölü bizim ruhumuzun gücü ilə yaşamağa davam edir. Hər dəfə Göyçə haqqında yazanda, danışanda, nəğmə qoşanda onun suları bir az da saflaşır, yaddaşda bir az da dirçəlir. Ümid edirik ki, bir gün bu xiffət yerini sevincə, qovuşmağa verəcək.
Gələcəm, gözlə, Göyçə
Bir sevinc hissi sarıb
Nə vaxtdır ürəyimi.
Ağrı-acılar didir
Bir yandan kürəyimi.
Zəfərlə yoğururam
Mən indi çörəyimi.
Daha qəm dumanında
Əvvəlkitək azmıram.
Daha qəmli şeirlər,
Qəmli sözlər yazmıram.
Daha yuxularımı
Bədbin ruhla yozmuram.
İnanıram, eşqimin
Çiçəyin üzəcəyəm.
Həsrət sona yetəcək,
Havada süzəcəyəm.
Bir gün anam Göyçənin
Qoynunda gəzəcəyəm.
Əyilməz qamətini
Bəzədim sözlə, Göyçə.
Sona yanına gəlir,
Ocaqla, közlə, Göyçə.
Gələcəm bu gün, sabah,
Gələcəm, gözlə, Göyçə.

PS NƏ XOŞBƏXTİK Kİ,BU GÖZƏLLİKDƏ DOĞULUB BOYA BAŞA ÇATDIQ. YENƏ GEDƏCƏYİK…
Müəllif: SONA ABBASƏLİQIZI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru