
****
Yenə geri döndü bahar,
Bu qış bizdən nə apardı?
Köçünü çəkdi buludlar,
Yağış bizdən nə apardı?
Bizi yordu şaxta,sazaq,
Uralandıq yarpaq-yarpaq,
Şeir-şeir,varaq-varaq
Bu qış bizdən nə apardı?
Xəzan vurdu telimizdən,
Həsrət tutdu əlimizdən,
Nələr keçdi könlümüzdən,
Bu qış bizdən nə apardı?
Zülm elədi yoxuş bizə,
Külək bizə,yağış bizə,
Nə verdi ki, bu qış bizə,
Bu qış bizdən nə apardı?
****
Səadətə qucaq açdım sevincək,
Sevincimə tor toxudu hörümçək,
Ömür boyu bir yabanı çiçək tək
Bitib qaldım bu daşlığın içində.
Oyun qurdu qədər mənə,İlahi,
Gəlmədi bir təpər mənə,İlahi,
Nə xoş gəldi kədər mənə,İlahi,
Xumarlandım bu xoşluğun içində.
Qış görmədim bəxtimdəki qış kimi,
Daş görmədim yolumdakı daş kimi,
Hey çırpındım bir yaralı quş kimi
Həyat adlı sərxoşluğun içində.
Bu dünyaya sığammadım,neyləyim,
Qaranlığı boğammadım,neyləyim,
Çox çalışdım,çıxammadım,neyləyim
İçimdəki bu boşluğun içindən.
****
Yollar!
Yayda torpağa,qışda çamura batar,
Bəzən yol olmaqdan çıxar,
Meşələşər,ormanlaşar,səhralaşar,
Özünü tapanacan min dəfə sınar,qırılar,
sonra təzədən bitər,
Sonra yenə,yenə…
Gah buludu,gah günəşi keçirər əyninə.
Gah dərəyə,gah dağa qısılar,
Böyüyər,qısalar.
Baxarsan ki, uzanıb gedir ey.. ev-ev,
hasar-hasar,çəpər-çəpər..
Üstündən keçdikcə dayanıb yol-yol ardınca daş atar,su səpər.
Hər kəslə yola getməz axıracan,
Gah əlindən tutar,
Gah ətəyindən çəkər.
Bir gözü açıq,bir gözü bağlı yatar,
Səssizliyində haray var.
Ağacları yarpaq xışıltısından,
Adamları addım səsindən tanıyar
Cığır-cığır,ləpir-ləpir bir-birindən tutan yollar,
Gedən yollar,qayıdan yollar.
****
Qaşını çatıb durmusan,
Küləkdən tutub durmusan,
Torpağa batıb durmusan,
Külün mübarək,mübarək.
Belin,buxunun bükülüb,
Gözlərin yerə dikilib,
Qolun,budağın tökülüb,
Çulun mübarək,mübarək.
Üstün başın toz içində,
Qıvrılırsan söz içində,
Nə çəkirsən öz içində?
Yolun mübarək,mübarək.
Yarı daşsan,yarı ağac,
Yarı quşsan,yarı ağac,
Gülləmisən, quru ağac,
Gülün mübarək,mübarək.
****
Nə olsun ki,bahar bir az ləngidi,
Yavaş-yavaş bu qışı da ötürdük.
Yavaş-yavaş buludları ləngidib,
Yavaş-yavaş günəşi də gətirdik.
Şaxtanın da şaxı sındı beləcə,
Canı qızdı ağacların,kolların.
Təzələndi yenə bahar gəlincə
Üstü-başı adamların,yolların.
Üzü güldü çiçəklərin,otların,
Xəzəllər də yarpaq-yarpaq dirildi.
Quşlar yenə salamladı baharı,
Axar sular yavaş-yavaş duruldu.
Bahar-bahar nisgilini ovutdu,
Aydan,gündən ümidini kəsənlər.
Yavaş-yavaş gedənlər də qayıtdı,
Yavaş-yavaş barışdılar küsənlər.
Yavaş-yavaş külək düşdü atından,
Yavaş-yavaş yağışlar da səngidi.
Yavaş -yavaş qış da çıxdı yadımdan,
Yavaş-yavaş gördüm hər yan sevgidi.
****
Sarıdıqca bir az da çox açıldı,
Könlümüzün yarasıyla oynadıq.
Bəxtimizin ağ tərəfi olmadı,
Ömür boyu qarasıyla oynadıq.
Baş açmadıq hiyləsindən şeytanın,
Qorxub qaçdıq kölgəsindən şeytanın,
Çıxammadıq tələsindən şeytanın,
Boynumuzun xaltasıyla oynadıq.
Sevgimizin naz tərəfi olmadı,
Ömrümüzün yaz tərəfi olmadı,
Həqiqətin biz tərəfi olmadı,
Onun,bunun havasıyla oynadıq.
Sözdən tutduq yükümüzü beləcə,
Birə basdı kürkümüzü beləcə,
Qazıdılar kökümüzü ,beləcə
Başımızın baltasıyla oynadıq.
Qara bulud dağılmadı,neyləyək,
Təpə dönüb dağ olmadı,neyləyək,
Haqq-ədalət doğulmadı, neyləyək,
Gecə-gündüz tərəziylə oynadıq.
Yaman sıxdı həyat bizi, dinmədik,
Vurub çıxdı həyat bizi, dinmədik,
Kimə deyək dərdimizi,bilmədik,
Allahıyla,Tanrısıyla oynadıq.
Səsi heç vaxt kəsilmədi dünyanın,
Əli dərddən üzülmədi dünyanın,
Beli bir də düzəlmədi dünyanın,
Əyrisiylə,tarazıyla oynadıq.
Sarıdıqca bir az da çox açıldı,
Könlümüzün yarasıyla oynadıq.
Bəxtimizin ağ tərəfi olmadı,
Ömür boyu qarasıyla oynadıq.
****
Baxıram ki,anam gedəndən evimiz də köhnəlib,
Ayaq üstə güclə dayanıb yazıq,
Beli,buxunu əyilib.
Anamdan sonra düz əməlli yola da getmir atamla,
Əşyalar ,paltarlar,pəncərələr,daşlar,divarlar küskün-küskün danışır adamla.
Hələ anamın cehizlik dolabı–
cır-cır cırıldayır hər açılıb bağlananda,
Qırığından,söküyündən qan damır.
Burda hər nə varsa hamısı yetimləşib elə bil anam gedəndən.
Rəngi solmuş kitab rəfi,toz basmış kitablar,
Divar boyu üst-üstə yığılan yorğan-döşək,
Allı-güllü nalçalar,
İlməsi qaçan xalçalar.
Bir də dəmir çarpayı,
Üstündə qədim örtük,
Üstündə qağayı,
Onun da üstündə anamın göz yaşı,
ağrıları,əzabları,narahatlığı təlaşı.
Toxunanda bir sığal dəyir əlimə,
barmaqlarım darıxır.
Burda hələ anamın nəfəsi var,
Mənsə həsrətlə içimə çəkirəm anasızlığı.
****
Səni addım səslərindən tanıyıram,
Səni küçələrin yel çəkənindən.
Səni dənizin ləpəsindən ,
Səni dalğaların pıçıltısından tanıyıram.
Küləklərində nazlanıb saçlarım,
Yağışlarında islanıb.
Gecələri pəncərə-pəncərə sabahlamışam səninlə,
Səhərləri səninlə salamlamışam günəşi,
Baxışlarında xumarlanıb xəyallarım.
Hara getsəm kölgə kimi düşüb baxışların arxamca,
Keçirmisən məni zülmətdən işığa,
Nağıl-nağıl ovutmusan.
Səndə aza-aza tapmışam özümü,
Yoxsa unutmusan?
Səni işıqlarından tanıyıram,
Səni qaranlığından.
Səni yuxusuzluğundan tanıyıram,
Səni yorğunluğundan.
Məni sabaha uğurlyıb dəli Xəzər,
köhnə dalanlar,sürüşkən küçələr.
Səni yanaqlarımda oynaşan qum dənələrindən tanıyıram,
Səni xəzəllərindən.
Bakı,sən ey ayrılığa sevdalı şəhər,
Nöqtələr,nöqtələr,nöqtələr..
****
Sən gedəndən itirmişəm zamanı,
Günü aya dəyişirəm eləcə.
Neçə vaxtdı unutmuşam özümü,
Sənsizliklə döyüşürəm eləcə.
Şəkil-şəkil danışıram səninlə,
Sən də durub şəkil-şəkil baxırsan.
Aldadıram xəyalların başını,
Gah o yandan,gah bu yandan çıxırsan.
Boğuluram gözlərimin selində,
Damcı-damcı gülləyirsən varaqda.
İçimdə bir söz çırpınır yaralı-
Görən məni nə gözləyir qabaqda?
İlham pərim uçub gedib ,başıma
Bir də nə vaxt şeir yağar,bilmirəm.
Vurnuxuram qaranlığın içində,
Bəlkə bir gün günəş doğar?-bilmirəm.
Müəllif: Təranə DƏMİR,
AYB -nin və AJB-nin üzvü, şair -publisist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında