Elman Eldaroğlu – Arzuları çin olsun!

Arzuları çin olsun!

Parlaq zəkalı, dərin ağıllı, məqsədyönlü və zəhmətkeş insandır. Fəaliyyətdə olanda özünü hamıdan xoşbəxt hesab edir. Hər hansı bir iş haqqında azacıq fikirləşən kimi, dərhal ona girişir. Çox qabiliyyətlidir və səliqə-səmanı gözləyir. Onun qəlbi ruh coşqunluğu ilə doludur. Bəzən onu təəccübləndirir ki, niyə başqaları onun qavradığı kimi qavramağı bacarmırlar. O, həyatı varlığı ilə dərindən hiss edir və məhz buna görə də həmişə ayaq üstə qalmağı və daima nəiləsə məşğul olmağı xoşlayır. Onun kifayət qədər həyat enerjisi var, odur ki, kiçik problemləri tez dəf edir. Başqa sözlə, çətinliklər yarananda o, cani-dildən hərəkət etməyə səy göstərir və məqsədinə nail olana qədər gərgin işləməkdə davam edir…

Müsahibələrinin birində deyir ki:- “Bilirsiniz, bəlkə də bu gün mənim də məşğul olduğum ədəbiyyatşünaslıq və ədəbi tənqid kimlər üçünsə dar və məhdud bir sahə kimi görünür. Ancaq nəzərə alanda ki, milli ədəbi fikir tarixində məhz ədəbiyyatşünaslıq və tənqidlə xalqın qəlbində özünə abidə ucaldan maarifçilər, elm adamları çox olub. Sözsüz ki, Firidun bəy Köçərli, Əmin Abid, Hənəfi Zeynallı, Əli Nazim, Salman Mümtaz, Həmid Araslı, Əli Sultanlı, Abbas Zamanov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi alimlər bu sahədə fundamental tədqiqatlar aparıblar. Yəni bu işin mahiyyətində həm də maarifçilik var. Təsadüfi deyil ki, bolşeviklərin işğal zamanı ilk güllələdiyi şəxslərdən biri Firidun bəy Köçərli olub. Bir çox ədəbiyyatşünaslar- Əli Nazim, Əmin Abid, Salman Mümtaz, Bəkir Çobanzadə və başqaları repressiya olunublar. Mən də onların bu müqəddəs yolunu davam etdirərək xalqa xidmət yolunu seçmişəm…”

Ədəbiyyatçılar arasında onu yaxşı tanıyırlar. O, XX əsr Azərbaycan ədəbiyyatı tarixinə həsr edilən xeyli fundamental elmi araşdırmaların, o cümlədən bakalavr və magistrlər üçün nəzərdə tutulan 3 cilidlik dərsliyin müəllifidir…

Söhbət Bədirxan Balaca oğlu Əhmədovdan gedir. O, 20 aprel 1955-ci ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində dünyaya gəlib. 1973-cü ildə orta məktəbi bitirərək indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsinə daxil olub və oranı 1977-ci ildə oranı başa vurub. 1977-1982-ci illərdə Sabirabad rayonunun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya qəbul olunub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda “Sabit Rəhmanın satirası” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1990-ci ildən “Vətən səsi”, “Cümhuriyyət”, “Azərbaycan ordusu” qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib. 1993-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzetində baş redaktor müavini işləyib. Silahlı Qüvvələrdən ehtiyata çıxandan sonra, 1999-cu ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. Aparıcı elmi işçi, baş elmi işçi, elmi katib vəzifələrində işləyib. 2005-ci ildə “Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. 2011-ci ildə isə professor elmi adına layiq görülüb. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinə rəhbərlik edir…

“Deyim ki, müxtəlif dövrlərdə Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Türkiyədə Kars Kafkas Universiteti və Xəzər Universitetində otuz ilə yaxın mühazirələr oxumuşam. Gördüyüm bu olub ki, müstəqillik dövründə proqramların, metodik vəsaitlərin, dərsliklərin və dərs vəsaitlərinin nəşri, demək olar, yaddan çıxıb. Bu isə tələbə və magistrantların əvvəlki ideoloji prinsiplərlə yazılmış vəsaitlərdən istifadə etməsinə şərait yaradır. Ya da internet, vikipediya məlumatlarından istifadə etməklə kifayətlənirlər ki, bu da təhsil sistemimizə böyük bir zərbədir. Bunu hiss edərkən XX əsrin ədəbiyyat tarixini yazmağa başladım. Əvvəlcə 2009-cu ildə ədəbiyyat tarixinin proqramını tutdum və yeni dövrləşdirmə irəli sürdüm. Sonra da bu dövrləşdirməyə uyğun yüz ilin ədəbiyyatını sistemləşdirib tələbələrin ixtiyarına verdim…”- söyləyir.

O, həmçinin 2001-ci ildən Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı tarixi, Müasir ədəbi proses, Yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mətbuatı tarixi, Jurnalistikanın nəzəri əsasları və praktik yaradıcılığından mühazirələr oxuyur. Aynur Qəzənfərqızı adlı bir tələbsi onun Türkiyə mətbuatında işıq üzü görən məqalələrdən birini öz Facebook səhifəsində paylaşaraq yazır: “Canım hocamın Türklüyün üçlü formulu haqqında yazılarına Türkiyə də biganə qalmır və öz qəzetlərində bu yazılara yer verirlər. Qürurverici bir mənzərədir. Daim var olun, yazın, yaradın, gözəl insan!..”

…Özünü fəal vəziyyətdə daha yaxşı hiss etdiyinə görə imkan düşən kimi yeni bir işə başlayır. Çox götür-qoy etməyi, ən yaxşı üsulu tapmağı vaxt itkisi hesab edərək dərhal işə girişməyə üstünlük verir. Öz qabiliyyətinə o qədər əmindir ki, uğursuzluq barədə heç zaman düşünmür və müəyyən dərəcədə rrıəhz buna görə də çox vaxt müvəffəqiyyət qazanır. Şəxsi problemlərinin üzərinə elə bir enerji və qətiyyətlə atılır ki, onların çoxu sadəcə olaraq heç olur. Onu yalnız hal-hazırda baş verənlər maraqlandırır və əgər nə isə diqqətini cəlb edirsə, keçmiş haqqında bütün fikirləri yoxa çıxır. O, çox ağıllı və realist adamdır, hansısa bir uzaq gələcək üçün işləmir və nə vaxtsa bugünkü xidmətlərinin mükafatlandırılması barədə düşünmür…

Deyir ki:- “Yüz əlli ilə yaxındır ki, Azərbaycan ədəbiyyatı sistemli şəkildə tədqiq olunur. Buna baxmayaraq, ədəbiyyatımızın elə problemləri, istiqamətləri var ki, araşdırılmasını gözləyir. Üstəlik, sovet dövründə araşdırılan bir çox problemlər, ədəbi hadisələr və şəxsiyyətlərin yaradıcılığı ideoloji mövqedən tədqiq olunduğundan yenidən araşdırılmanı zəruri edir. Maarifçi realizm, romantizm və onun hüdudları, mərhələləri, tənqidi realizm istilahları, onun nümayəndələri yenidən tədqiq olunmalı, ideoloji, siyasi yanaşmalardan azad olunmalıdır. Təəssüf ki, magistrant və doktorantlara mövzular verilərkən bunlar nəzərə alınmır. Bundan başqa, aparılan araşdırmalarda nəzəri kontekst, bədii mətnlə işləmək olduqca zəifdir. Nəzəri yanaşmaların zəifliyi həm də universitetlərdə ədəbiyyat nəzəriyyəsi fənninin getdikcə sıradan çıxmasından irəli gəlir. Bu gün təhsildə yeni yanaşmalara keçmək zəruriyyəti yaranıb…”

…Bilirəm, indiki adamların, sonu bilinməyən mənasız serialları xüsusi diqqətlə izləsələr də, kiminsə haqqında uzun-uzadı söhbətlərə qulaq asmağa səbirləri çatmır. Gərək, qısa şəkildə qəhrəmanının obrazını yaratmağı bacarasan. Odur ki, professor Bədirxan Əhmədova həsr etdiyim bu söhbəti uzatmıram, burada yekunlaşdırmaq istəyirəm. Məqsəd, Bədirxan müəllimi yeni yaşı münasibətilə təbrik etməkdir- Arzuları çın olsun!..

Hörmətlə,  Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir