
ELM SƏMASININ ALİ ÜFÜQÜ – ELMİ-BİOQRAFİK EPOPEYA
(Yusuf Məmmədəliyevə həsr olunur)
Proloq
Ordubad qədimdir, Ordubad gözəl,
Ordubad insana yurd olub əzəl.
Uludur tarixi, uludur yaşı,
Nə sirlər yaşadır onun hər daşı.
Bəlkə də anlayar insan hər sözü,
Tanrıdan açıqsa bəsirət gözü.
Zamanın nəbzini dövri-dəmirdən,
Duyarsan, arınsan səsdən-səmirdən.
Bir azca ruhunla baş-başa olsan,
Bir azca kainat, bir az daş olsan
Duyarsan qəlbinə nə qədər yaxın,
Duyğular sel olar, sel, axın-axın.
Heç bəsit deyildi qədim çağları
Keçdikcə çox çətin, tərs sınaqları
İnsanın naməsi ulu dağların
Bu günə çatmışdır şəhadətiylə.
Daşlara həkk olan rəvayətiylə.
Gəl bax! Gəmiqaya petroqlifləri
Dağıdıb yox etsin bütün mifləri.
Dil açan rəsmlər – qədimdən qədim,
Hər biri tarixim, milli sərvətim.
“Qurd ağzı bağlama”, “Yallı” gedənlər,
Mərasim, ayini icra edənlər…
Hopublar qayanın daş yaddaşına,
Qarışıb torpağın dəmir-daşına.
Bərəkət, ziyadır qədim Ordubad,
Hər birin hörmətlə anıb adbaad,
Yalnız bir dahidən verəcəm xəbər,
Bəxş etsə Yaradan ruhuma təpər.
Zəkası, ziyası Yusuf misallı,
Aləmə nur saçan dərin kamallı.
Onu vəsf edəcəm kəlmələrimlə,
Sözümə güc qatıb alın tərimlə.
“Ürəyi od-atəş, qaragöz oğlum,
Tanrının nur payı, böyü tez, oğlum”
Çovgunun qəzəbli, soyuq səsində,
Gümüşü dağların şiş təpəsində,
Dönürdü bəyaz qar bəyaz yorğana,
Oğlunu bağrına basıb bir ana,
Deyirdi: “Xoş gəldin, oğul, cahana.
Ürəyi od-atəş, qaragöz oğlum,
Tanrının nur payı, böyü tez, oğlum.
Gülürdü gözləri Hacı Heydərin,
Sevinci, minnəti dərindən dərin.
Dekabr, doqquz yüz beşinci ildə,
Kim güman edərdi, deyil nəsildə,
Nəinki mahalda, nəinki eldə,
Dünyada tanınıb, qalacaq Yusuf,
Elmin çox sirrinə dalacaq Yusuf.
Fəxri olacaqdır doğma yurdunun,
Gücünə dönəcək böyük ordunun.
Hələ ki, körpədi, boy atacaqdı,
Nə qədər ölümdən qurtulacaqdı…
Zəhmətkeş, ziyalı Hacı Heydərin,
Düzlük, doğruluqdu həyat cövhəri.
Gülsümün boxçatək qəlbi söz dolu,
Bayatı, laylalar xoş avaz dolu.
Duyduğu hər səda, hər dərin kəlam,
Yusufun könlünə dolurdu müdam.
Pərvəriş edirdi qayğı içində,
Enişli, yoxuşlu zaman köçündə.
Yusufu dost-tanış sevib, sayırdı,
Zəkası ay kimi parıldayırdı.
Həm cəsur, əzmli, mülayim, mətin,
Dönməzdi yolundan olsa lap çətin.
Əylisə gedərdi kitab dalınca,
Piyada, bezmədən, cığır yolunca.
Kənddəki o səssiz, lal kitabxana,
Dəyərli xəzinə əxz edir ona.
Cavablar alırdı çox suallara,
Məna yükləyirdi fərqli hallara.
“Yaranma, yox olma başlayır nədən?
Bəs harda yer alır, yerdən hər gedən?
Dəyişir, çevrilir maddənin halı,
Bunun bir səbəbi, sirri olmalı.
Beləcə, hikmətə, elmə varırdı,
O evdən özüylə nur aparırdı.
Bir min doqquz yüzün on səkkizində,
Qətliam-qırğının qəddar izində,
Fitnəkar qonşular tutdu bəndləri
Qəfildən quduzca basdı kəndləri.
Nalələr, haraylar ərşə yayıldı,
Nə qədər günahsız cana qıyıldı.
Düylündə, Yayçıda, Aza, Dizədə,
Xalqı keçirdilər qılınc-nizədən.
Əlincəçay ilə Gilançay boyu,
Sildilər həyatdan çox nəsil-soyu.
Ordubad əhli də xali deyildi,
Xalqın aqibəti bəlli deyildi.
Biçarə külfəti topladı Heydər,
Üz tutdu İrana, olub dərbədər.
Şahidsən gurlayıb, axan Arazçay,
Yol ver qəriblərə, a xan, Arazçay.
İbrahim, Mehdiyə, Məmməd, İlyasa,
Yusufa – izin ver, batıblar yasa.
Heyhat… Faciələr amansız idi,
Araz da, Araz da nə qansız idi.
Gizlədi İlyası dalğalarında,
Yox etdi çağlayan gur axarında…
Arazla didişib çox savaşdılar,
Çarəsiz Arazın bəndin aşdılar.
Gülsümün dilində ağı, bayatı,
Qəlbini qaplamış çən-duman qatı:
“Söndü, qaraldı dünya,
Nə qalmaqaldı, dünya?
Gözüm nuru, bay oğlum,
Arazda qaldı, dünya”.
Keçdilər İrana, üzgün, ələmli,
Ürəklər yaslıdı, gözləri nəmli.
Yazıldı yaddaşa Araz dəhşəti,
Erməni qatilin qanlı vəhşəti.
Yusufun İranda o vaxtdan bəri
Məktəbi-Rüşdiyyə oldu dərs yeri.
Tələbə dostları, müəllim heyət
Ondakı zəkaya edərdi heyrət.
Lakin dinc deyildi həyat İranda,
Od tutub yanırdı o vaxt İran da.
Milləti əzirdi burda əsarət,
İnqlab, üsyana edib cəsarət,
Cənublu türklərin səsi ucaldı,
Farsın rejimi də qəddar öc aldı:
Asıldı azadlıq mücahidləri.
Şeyxin yar-yoldaşı və şahidləri.
Yusuf dinləyərdi o danışanda,
Azadlıq arzusu coşub-daşanda.
Susdu, susduruldu ülvi bir əməl,
İşıqlı günlərə atılmış təməl.
O, Şeyx Məhəmmədi heç unutmadı.
Qürbətdə həyatın yoxdu bir dadı,
Bu haldan sarsılıb, çox düşündülər,
Bir gün toparlanıb, yurda döndülər.
Çox cəfa görsə də Yusuf həyatda,
Bitirdi təhsili o, Ordubadda.
16 yaşında müəllim kimi,
Həmyaş, böyüklərin oldu təhkimi.
Vaxt, zaman yetişdi özgə bir çağa,
Doğma kəsləriylə vidalaşmağa:
“Mənim əzizlərim, salamat qalın,
Xeyir-dua verin, açılsın yolum.
Elmə sarılmaqdı mənim niyyətim,
Bu işdə var əzmim, var qətiyyətim.
Bilirsiz, sevirəm ədəbiyyatı,
Bağlayım bu elmə müqəddaratı”.
Heydər də, Gülsüm də məmnun oldular,
Yusufu duayla yola saldılar.
Üz tutdu Bakıya…
Bilmirdi ancaq,
Onun bəxt-qisməti başqa olacaq…
Bakı… Ali məktəb… Münbit bir zəmin,
Günbəgün əzmkar, inadkar, əmin.
Mövsüm bəy Xanlarov, Sadıx Hüseynov1,
Duydular Yusufda möhtəşəm alov.
Bu gəncin zəkası ləltək yanırdı,
Öyrənmək həvəsi alovlanırdı.
Kimya, üzvü kimya dəryatək dərin,
Dedilər: “Burdadır sənin öz yerin.
Faydanı bu yöndə göstərəcəksən,
Aləmə töhfələr bəxş edəcəksən”.
Təhsili uğurla bitirdi Yusuf,
Gəncəyə nur, ziya gətirdi Yusuf.
Dərs deyib çalışdı Gəncədə xeyli,
Bir yandan kimyaya çəkirdi meyli.
Bu həvəs, bu maraq ömrə bədəldi,
Bu dəfə Moskva şəhrinə gəldi.
Moskva… Əzəmət, həm də vüqarlı,
Qübbəli asiman, torpağı barlı.
Tarixi binalar ruhu oxşayır,
Hər daş dünənindən bir irs daşıyır.
Fəsillər cilvəli, don dəyişəndi,
Yaz ayrı, qış ayrı gözəlləşəndi.
Artıq tələbəydi, Yusuf MDU2-da,
Zirvəyə yol idi onunçün bu da.
Aldılar birbaşa ikinci kursa,
Nədən olmayaydı, layiqi varsa?!
Öyrənən, dinləyən, xoş üz, xoş ovqat,
Bilgisi, elmi də artır qatbaqat.
Alim Zelenski3, Balandin4 həm də,
Elmdə ucalar, dərin fəhmdə.
Burda yer almağı – təsadüfdümü?
Təsadüf oynadır, yoxsa gündəmi?
Nə isə taleyi seçib ayırmış,
Şübhəsiz, taleyin bildiyi varmış.
Təcrübə, tədqiqat başladı burda,
İstəyi – uğurla dönsün o, yurda.
İdrak aydınlanıb sədlər aşırdı,
İxtisas alaraq püxtələşirdi.
…Ayların, illərin gərgin zəhməti,
Bir gün olacaqdı elmin sərvəti.
“Sədlərin sayı çoxsa
Arzunun da həddi yox”
O elmin nüvəsində
Kəşf etmək həvəsində.
Düşünür gündüz-geçə,
Alkili5 alsın necə?
Ən sərfəli yol ilə
Etilə dönsün etan.
Metili versin metan.
Zərrədə bax hikmətə,
Göz görməyən o dürrə
Çıxarsa orbitindən
İnqlab yaradarmış
Sənayedə, qayədə.
Nə azman gücü varmış
Mikroskopik zərrənin.
O, tədqiqat aparır
Alkilləşmə yönündə.
Bir məram var önündə.
Alkilləşən molekul
Dəyişdirir xassəni.
Bu ideya, belə ki,
Hansı yöndən baxılsa,
Üfüqdür, sərhəddi yox.
Sədlərin sayı çoxsa,
Arzunun da həddi yox.
Bu ali yol ilə çox gedəcəkdi,
Arzusu – zəkadan isinsin hər ev.
Dünyaya töhfələr bəxş edəcəkdi,
Bar verən ağactək Məmmədəliyev.
Nəbzinə dönmüşdü böyük ölkənin,
Uğurlar içindən uğur çıxırdı.
Sahilsiz dənizdə açıb yelkəni,
Mavi-ağ aləmə şövqlə baxırdı.
Yazdığı əsərlər sərhəd aşarkən,
Qayəsi aləmin təqdiri, vəcdi.
İdrakı parlayıb, aydınlaşarkən,
Ömrünün yazında, çox hələ gəncdi.
Alim-akademik Lebedev öncə
Kauçuk almışdı bitki lifincə.
O, süni kauçuk etsə də əldə,
Bunda az deyildi maddi bədəl də.
Sərfəli olmadı bu metod, bu yön,
Bir Yusuf gərəkdi çözülsün düyün.
Sözünə bir qədər qatıb tənə-ton,
“Xülya” söyləmişdi buna Edison.
Təcrübə, tədqiqat, sınaqlar çətin,
Bəhrəsi uğurdur gərgin zəhmətin.
“İlk öncə krekinq, neftin emalı,
Sonda da mükəmməl rezin almalı.
İstilik yüksəlir, parçalanır neft
Benzinə, əvəzsiz bir yanacaqdır,
Sənaye ona çox dayanacaqdır.
Hidrogen çıxarsa, deyək, butandan,
Polimer zənciri qurular ondan.
Zəncir polimerdir kauçuk özü,
Demək ki, xülyadır, o “xülya” sözü”.
Girdi istehsala süni kauçuk,
Müstəvi boyunca yol geniş, açıq.
Göründü həyatın hər tərəfində,
Raketdə, qatarda, kitab rəfində.
Gah boru, gah qaloş, gah da şin oldu,
Çilingər əlində kəlbətin oldu.
Nələrə qadirdi insan dühası
Göstərir, əks edir zaman aynası.
Daş balta, daş bıçaq, daş capacaqdan
Mavi yanacağa sadə ocaqdan.
Dəyişib dünəndən gündəmə kimi
Durna lələyindən qələmə kimi,
Bu an əlimizdə mobil telefon,
Kauçuk-polimer, geyib fərqli don…
Yox olmaz, silinməz böyük zəkalar,
Hər an bir şəkildə təzahür tapar.
Yusufun yaşama köçdü zəkası,
Hər işdə, əməldə var inikası.
“Gözündə jalətək bir gilə yaşdı,
Yoxsa o Vətəni qucaqlamışdı?”
Maddənin məğzinə varırdı Yusuf,
Sezilməz sirr qatın yarırdı Yusuf.
Hər kəsin gördüyü yağlı, yapışqan,
Yanmağa meyilli, iyli, alışqan,
Sanki ilmələri görürdü Yusuf.
Olsa da yapışqan, qaramtıl, kəsif,
Hər necə toxunub zərrəbəzərrə,
Tədqiqat edirdi başqa nəzərlə.
Kəşfini saxlamaz kağız-qələmdə,
Özü keçirirdi sınaqdan həm də.
Verdiyi təklifi praktik, real,
O üzdən açıldı zavod dalbadal.
Bir min otuz üçdən otuz yeddiyə,
Bu elmə nə qədər verdi hədiyyə.
Öyrəndi tərkibin neft-doğal qazın,
Duydu dərinliyin “aysberq-buzun”
Tetraxlor ilə etil-etanol,
Tibb-əcza işində açdı başqa yol.
Cənubi Qafqazda o çağ, o zaman,
Yoluxma, xəstəlik yayğınmış yaman.
Alimin aldığı yeni maddələr,
Xəstəlik atəşin saldı bir qədər.
Bunlarla düzəlmiş əczadan yana,
Xəstəlik virusun yendi gigiyena.
Sonra urotropin, formalin hələ,
Streptosid oldu yeni mərhələ.
O, yüz min insanı əcəldən aldı,
Ölkədə yurdunun şanı ucaldı.
Budur, başa çatdı gərgin iş günü,
Oturdu, astaca çəkib köksünü.
Parlayan gözləri bir az qıyıldı,
Üzündə təbəssüm, sevinc duyuldu.
Gedəcək evinə dəstə gül ilə,
Ömür-gün yoldaşı şirin dil ilə,
“Xoş gəldin” söyləyib, gözünə baxıb,
Bir azca qayğılı üzünə baxıb,
Açacaq süfrəni böyük həvəslə.
“Necəsən?” – soruşub eşq dolu səslə,
Çay da süzəcəkdir, pürrəng, məxməri,
Sonra da gülərək xoşcamal pəri,
Royalın dalına keçib astaca,
Bir “Ala gözlüm”ü çalar ustaca.
Yarımçıq qutudan bir siqar aldı,
Tüstünü üfürüb, xəyala daldı:
…Küləkli havaydı, qar da yağırdı,
İsmayıl Axundov onu çağırdı:
– Xanım hazırlayıb qurutlu xəngəl,
Bir neçə dost gəlir, Yusuf, sən də gəl.
Yusuf gülər üzlə gəldi dəvətə,
Bələddi mənəvi, ruhi sərvətə.
Nə bilsin, toxunub həzin bir simə,
Qəlbini çalacaq, burda eşq, demə.
Dayısı evinə gələn cavan qız,
Bəxtinə doğacaq, sanki bir ulduz.
Musiqi təhsili alırdı Bilqeys,
Piano, royalda çalırdı Bilqeys.
Qızın da gözündə şəfəq görüncə,
Bir ülfət yarandı onda, gizlicə.
İki ay görüşüb yaxınlaşdılar,
Görünməz sədləri birgə aşdılar.
Qızın əmiləri, dayısı bir də,
Sürgünə məruzdu uzaq Sibirdə.
Onunla evlilik bəlkə hünərdi,
Zaman göstərirdi namərdi, mərdi.
Yetirdi Yusufun eşqə cürəti,
Tərəddüd etmədi heç bir an qəti,
O, üzük, Bilqeys ləl qaşı oldu,
Ömrünün, gününün yoldaşı oldu.
Sakit, aram-aram axan o ildə,
Oynadı kainat sanki qəfildən.
Qırx birinci ildə o dəhşətli gün,
Günəşli səmada pozuldu sükun.
Sarsılıb dəniz tək dalğalandı xalq,
Birliyin gücünə arxalandı xalq.
Həyatı dəyişdi hər ayrı fərdin,
Hər kəsin payına düşən bu dərdi,
Yox edib silməyə bir can oldular,
Birləşən damlalar ümman oldular.
Nə gündüz, nə gecə bilmədi kimsə,
Ya alim, ya əsgər, ya da həkimsə,
Düşmənə səd çəkən səngər oldular,
Uşaqdan böyüyə bir ər oldular.
Bir idi, beş oldu fəhmi Yusufun,
Faşizmə yox idi rəhmi Yusufun.
Ədalət – vəhşətin tərs inikası,
Qılınctək kəsirdi onun zəkası.
Düşməni əzməyə mübahdı hər yol,
Mühümdü aldığı maddə – toluol.
Bununla uzağa düşən mərmilər,
Vururdu yağıya ağır zərbələr.
Alimin kəşfinə uyğun üsulla,
Şüşə bir silaha dönür bu yolla.
Atırmış düşmənə partizan, əsgər,
Bir anda partlayıb yağır qəlpələr.
Partlayan bu maddə salıb yanğını,
Çevirmiş məşələ düşmən tankını.
“Molotov kokteyli” söyləmiş buna,
Bu haqda deyəndə ser Uinstona.
Çox asan deyildi düşməni əzmək,
Torpaqdan, havadan alırdı kömək.
Yıxıb yox edirdi o quduz itlər,
Səmanın hakimi Messerşmittlər.
Söykəmiş üzünü əlləri üstə,
Xəyalı çırpınır, sanki qəfəsdə.
Dolub-boşalırdı Bilqeysin gözü,
Gəlmirdi cəbhədən xoş xəbər, düzü.
Az qala bir aydı evə gəlmədən,
Nə gündüz, nə gecə bilib-bilmədən,
Yusufla dostları axtarışdadır,
(Bu yöndə ölkələr lap yarışdadır).
Hər an çox mühümdür, öndə olmalı,
Ən yüksək oktanlı benzin almalı.
Bu benzin çeviklik, üstünlük demək,
Cəbhəyə, Vətənə yar olmaq gərək!
Dikəldi inamla, həzin həvəslə,
Gəzdi barmaqları dillərin üstə:
“Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var, ölkəmin…”
Çalındı qapının zəngi astaca,
Yetişdi qapıya lap qaça-qaça.
Bu gələn Yusufdu, mehriban əri,
Saçını əliylə darayıb geri
Söylədi: “Əzizim, bunu bacardıq,
Cəbhəyə “qan” verən benzini aldıq”.
Bilqeys atıldı onun boynuna,
Gözləri yaşardı baxanda ona.
Qürurla, sevinclə qabardı köksü,
Yusufun gözündə titrədi əksi.
Duyğular sel kimi axdı dərindən,
Sıxıldı qolları kürəklərində.
Gözündə jalətək bir gilə yaşdı,
Yoxsa o, Vətəni qucaqlamışdı?
…Külək vıyıdayır salıb hay-haray,
Yusuf da dincəlir, önündə tünd çay.
Bilqeys dinləyir onu həvəslə,
Nə qədər sevgi var bu doğma səsdə.
Vətənin fəxriydi, qüruru idi,
O, artıq elmlər doktoru idi.
Böyükdü uğuru cavan yaşında.
Gülərək söylədi: “Bəsdi işimdən
Danışdım, çəkmişəm bunca özləmi,
Dinləsəm olarmı “Ala gözlüm”ü?”
…Həzin bir musiqi qəlbinə doldu,
Ruhunun ecaza çatdığı yoldu.
Oktanı 100 olan bu benzin ilə,
Ölümlə oynayan güc, əzim ilə,
Sovetin zərbəsi artdı bir-beşə,
Düşmənlə gələndə göydə döş döşə.
Sərrast atəş ilə, ya da taranda,
Düşməni azdırıb, göydə vuranda,
Fürsətə dönərdi hər yol hər sayaq,
Dönmüşdü kabusa indi sadə “YAK”
Bir anda səmaya o, millənirdi,
Messerşmitt isə tüstülənirdi.
Min doqquz yüz qırx beş, iyun ayında,
Qələbə müjdəli ilin yayında,
Moskva şəhəri, Qırmızı meydan,
Birləşmiş alaylar keçir anbaan.
Paradı qəbula səf sıralanmış,
Bir neçə marşalla Jukov dayanmış.
Onlarla sırada o möhtəşəm an,
Məmmədəliyev də durub yanbayan.
Cəbhəyə verdiyi töhfələr üçün,
Ən uca zirvədə dayanmış bu gün.
Hələ çox görəcək dəyər, etimad,
Amma sınaqlar da verəcək həyat.
Elmiylə güc oldu elin qolunda,
Zəkası silahdı zəfər yolunda.
Zaman – min doqquz yüz qırx altıncı il,
O, təltif olundu – təsadüf deyil,
“Stalin mükafatı laureatı” –
O dövrün dəyərli təsdiq baratı.
Onunsa rəhbəri – qəlbinin səsi,
Ən böyük sərvəti – elin sevgisi.
İnsan bədəniylə gələn dühalar,
Zaman yetişməsə hər an çıxmayır
…İnsan öz-özünü biləndən bəri,
Dolaşmaq istəyib mavi göyləri.
Ulduzlu səmanın varmıdır sonu,
Nə qatda gözlədib kainat onu?
Kosmosu fəth etmək! Ay da bir inci,
Görəsən kim yetər ona birinci?
Dahi elm alimi çarəni tapdı,
Raketə yanacaq növü yaratdı.
Yeni kəşf insana verdi ki, imkan,
Kosmosu eyləsin əlçatan məkan.
İttifaq gözləyib hər an tədbiri,
Birinci süni peyk “Sputnik-1”-i,
Uçurdu səmaya, böyük qürurla,
Texniki vüsətin məğzi – şüurla.
Sınaqlar, kəşflər durdu sıraya,
Keçildi yeni dövr, yeni eraya.
“Vostok” gəmisində Yuri Qaqarin,
Dolandı orbital çevrəsin Yerin.
Bir çox rəsmilərlə vardı ölkənin
Paradda kralı alkilləşmənin.
O bir bağ saldı ki, hər zaman yaşıl,
Gün keçir, azalmır əsla bəhər, bar.
Məkanda, zamanda yol gələn irsi,
Özündən sonra da xatirələr var.
Böyük fond yaratdı əlyazmalardan,
Hər vərəq zülmətə nur saçan ziya.
İncilər yetirər nurlanan beyin,
Onların məbədi akademiya.
“Akademiyanı təsis eyləmək,
Yenə də borcumuz olardı bizim,
Olsaydı tək bircə Məmmədəliyev”, –
Demişdi Komarov lap sözün düzün.
Qırx beşdə yarandı məbədi elmin,
O, on beş həqiqi üzvündən biri.
Bu Odlar Yurdunu ucaltmaq üçün,
Qalmadı heç zaman heç nədən geri.
Prezident seçildi, – akademiya
Yaratdı tədqiqat institutları.
Qaranlıq dənizdə mayakdır onlar,
Bu gün də vüsətə çıraqdır onlar.
“İqtisad”, “Fizika”, “Kibernetika”
Ya da “Şərqşünaslıq” – nur ocaqları,
Onun təklifiylə ərsəyə gəlmiş,
Tədris sinifləri, dərs otaqları.
Yazıldı “ADU”-da rektor olanda
Kargüzar işləri öz dilimizdə.
O, beş dil bilirdi, eyni zamanda
Dilində səlisdi öz dilimiz də.
Qobustan məskəni ocaqdır qədim,
Tarixi izidir mədəniyyətin.
Qayalar saxlayan cızma şəkillər,
Qavaldaş çalaraq iz qoyan əllər.
Böyük bir zamanın sığdığı dastan,
Hələ də sirr olan milli mirasdan,
Rəvamı xələflər xəbər tutmasın?
Görkəmli alimlə xalqın şairi,
Böyükdaş dağında o susqun yeri,
Tədqiqat işinə nail oldular.
Bir çoxu qərəzlə etsə də inkar,
Qazıntı, analiz eylədi aşkar,
Bu yerdə mənəvi-milli dəyər var.
İnsana yurd olub qədim Qobustan,
Hər zağa eposdur, hər qaya dastan.
Bu illər içində budaqlandı elm,
Uğurlar deyilmi zəkanın barı?
Artıq tələbiydi dövrün, zamanın
Səmanın, günəşin tədqiqatları.
Təsadüf – aləmin məchul sirr qatı,
Tanrının yazdığı alqoritmidir.
Günəşin yanmağı onun həyatı,
Yerdə var oluşun ürək ritmidir.
Böyük Kəhkəşanda bir Hüma quşu,
O Yerə can verir, yoxdu minnəti…
Günəş çənbərində Yer – üzük qaşı,
Günəşdən başlanır Yerin Cənnəti.
Yol almış süni peyk, raketlər göyə,
Sirrini açarmı kosmos insana?
Kainat həm yaxın, həm uzaq deyə,
Yaratmaq gərəkdir bir rəsədxana.
Dəyanət göstərib təşəbbüs etdi,
Bir neçə alimlə Məmmədəliyev.
Nəhayət mərama, məqsədə yetdi,
“Gərəkdir optimal, uyğun yer”, deyib.
Pirqulu dağıydı seçilmiş məkan,
Səmanın qübbəsi aydın, hər gecə.
Şəhərcik salınsın çox gec olmadan,
Reflektor, teleskop, ŞAR-da bir neçə.
Sifariş olundu teleskop – böyük,
Güzgünün çevrəsi 6 metrdi.
Alimə qatarda olsa da lap yük,
Moskva şəhrindən özü gətirdi.
Alman istehsalı cihaz gələndə,
Erməni qonşular düşüb təşvişə.
Teleskop gərəkmiş Ermənistana,
Anastas Mikoyan qarışmış işə.
İclas zalındadır Məmmədəliyev,
Bu dəmdə təcili teleqram gəlir.
Mətnini oxuyub Nesmeyanovun,
Erməni fitnəsin, hiyləsin bilir.
Həmin dəm çıxır o, iclas zalından,
İclası tapşırır Topçubaşova.
Bir an da gecikmir, qalmır yolundan,
Yolçuluq bəllidir: Bakı – Moskva.
Gətirdi, teleskop çatdı ünvana,
O, gəldi qatarla üç gecə, üç gün.
Mümkünsüz olardı adi insana,
O isə müstəsna, fərqli büsbütün.
Astrofizika Rəsədxanası, –
Gözünün baxdığı səma dərindi.
Dağların qoynuna qonan şəhərcik,
Alimin soyadın daşıyır indi.
Qısa ömründəki böyük əməllər,
Bu günün banisi güclü təməllər,
Yaddaşa sığmayır, sözə sığmayır,
İnsan bədəniylə gələn dühalar,
Zaman yetişməsə hər an çıxmayır.
“İnsanın həyatı olsa lap yüz il,
Şam kimi yanmasa o, həyat deyil”
Havada bir azca yosun qoxusu,
Mürgülü dənizin qaçır yuxusu,
Bərkdən çığıranda ağ qağayılar.
Bulvarda ən zərif inci sayılar,
“Mirvari” kafesi görümlü yerdi,
Yusuf gülümsünüb asta deyirdi:
“Bilirsən, əzizim, çox sevirəm mən,
Ruhum qanadlanır, dincəlir bədən,
Dənizin laylatək səsi gələndə”.
Bilqeys söylədi: “Bax, elə mən də.
Səninlə duyanda aləmin səsin,
Mənə hüzur verir doğma nəfəsin”.
…Dənizə sallanır göyün məndili,
Parlayır çıraqtək səma qəndili.
Bir azca aralı gözləri ulduz,
Gəzinir qol-qola üç sevimli qız.
Qızları Gülarə, Sevda və Rəna
Hərdən gülümsünür, əl edib ona.
Bilqeysin qoluna astaca dəydi.
Gözləri bir qədər düşüncəliydi.
Sükutun içindən doğur xəyallar,
Bir ucu dünəndə böyük amallar.
Elmin fədaisi, dahisi olmuş,
Sevilmiş, seçilmiş, dəyər də almış.
Xəyalı bir az da keçmişə döndü,
Gözünə o ağır illər göründü.
Xidməti böyükdü xalqa, ölkəyə,
“Çox mühüm yanacaq, neft aldın” – deyə
Fəxri ad, həm orden, medal da almış,
Verdiyi töhfələr onu ucaltmış.
Sintetik kauçuk zavodu bu gün,
Nə qədər artırıb istehsal yükün.
Sonra “Neft Daşları” böyük möcüzə,
Əzmin təsviratı sığmayır sözə.
Torpağa saplanan polad dayaqlar,
Bir ada-şəhəri dənizdə saxlar.
Meydanlar, binalar, maşın yolları,
Su üstdə ucalan buruq qolları.
Möcüzə həm özü, həm adındadır,
Ginnesin Rekordlar Kitabındadır.
Bir də xatırladı rəsədxananı,
Qurulmuş fitnəni, nadürüst qanı.
(Burda gülümsədi, – çıxardıb boşa,
Vurmuşdu erməni oxların daşa)
O qədər böyükdü onun kəşfləri,
Neftin tərkibini biləndən bəri
O, layiq görülmüş ali təltifə,
Nobel mükafatı – haqqı min dəfə.
Erməni lobbisi yenə bu işdə
Göstərib məkirli hiylə, səriştə,
Haqqının yoluna qoydular daşı,
Paxıllıq göstərib hər qədəm başı.
İclas gedən zala gəldi qəfildən,
Məktub – anonimdi, fitnəkar əldən.
Yazılmış: “Bu kəşflər elmin fəxridir,
İxtira sirləri, əfsus, məxfidir”.
Bu oldu büronun əlində əsas,
Baqramyan, dostları qazandılar səs.
“Mənimsə amalım nurdu, sayrışan,
Gözümdə olmayıb nə şöhrət, nə şan,
Çalışdım, qarşılıq gözləmədim mən,
İstədim qazansın, ucalsın Vətən”.
…Bilqeys görürdü gizli ümmanı,
Yusufun gözündə dalğalanmanı.
Böyük məhəbbətlə əlini sıxdı,
Yusuf də xəyaldan bir anda çıxdı.
Götürdü çayını, rəngi məxməri,
Döndü, xiyabanı gəzdi gözləri.
Bu anda qızları sarıldı ona,
Ay üzlü Gülarə, Sevda və Rəna.
…Gecəyarısından ötsə də xeyli,
Yusufun yatmağa yox hələ meyli.
“Neftin tarixi”ni yazır həvəslə,
Düşünür, danışır, daxili səslə.
Əlindən gələndən artıq bəlkə də
Çalışıb, işləyib doğma ölkədə.
Masada qoyulmuş “Elm və həyat”,
Onun təklifiylə tapıbdır həyat.
Azalmır, arzular azalmır yenə,
Min arzu yüklənir hər gələn günə.
Sükutu pozurdu divarda saat,
Elə bil deyirdi “artıq sən də yat”
O qalxdı yerindən, yorulmuş bir az,
Düşündü: dincəlim, heç də pis olmaz.
Son günlər bir qədər ağrı çoxalmış,
Təşrih olunmağa vədə də almış.
İstəyir bitirsin əldə son işi,
Bir işi uzatmaq deyil vərdişi.
İnsanın həyatı olsa lap yüz il,
Şam kimi yanmasa o, həyat deyil.
Tanrının hikmətin kim anlayıb, kim,
Nədən dərd bilməsin dərd bilən həkim.
…Deyirlər hər gələn köç edib gedər,
Qisməti yazırmış bir ucdan qədər.
Qırıldı dahinin ömrünün sapı,
Yarımçıq qapandı ömür kitabı.
Gözündə məramı, məqsədi vardı,
Oxşayıb Yusufu, əcəl apardı…
Dekabr, şaxtalı, soyuq qış günü,
55 yaşında yumdu gözünü.
Ağ duman içindən çən ələnirdi,
Şeh düşür, nəmlənir Fəxri Xiyaban.
Məzarın üstünə hey döşənirdi,
Tər-təzə çiçəklər hər gün, hər zaman.
Durubdu Bilqeys məzar başında,
Xatırə, xəyallar deyilmi onla?
Gözündən süzülən damla yaşında,
Gözündə titrəyir yaşanmış anlar.
Rənanın, Gülyanın gözləri nəmli,
Sevdanın qəlbini qəm-kədər sıxır.
Gözləri gəzirdi mavi göyləri,
Əmindi, atası üfüqdən baxır.
Qəlbində əssə də ayrılıq yeli,
“Bal qızım” söyləyən səsi yadında.
Saçına dəyməyir qayğıkeş əli,
O dünya yox olmaz, – ata adında.
Bir tarix yaşadır özündə bir ev
…Bir tarix yaşadır özündə bir ev,
Heydərin əl izi iç-civarında.
Bu evdə doğulmuş Məmmədəliyev,
Gülsümün laylası daş-divarında.
İndi bir muzeydir, bu ev, bu həyət,
Burda hər gördüyün ondan nişandır.
Elmə, tərəqqiyə həsr olan həyat,
Nə parlaq səhifə, ülvi yaşamdır!
Bu kitab dolabı, yazı masası,
Hansı kəşf yazılıb, bax, bu qələmlə?
Bəlkə bu saatın çıqqıltı səsi,
Ölçüb saatları kiçik qədəmlə.
Toxunub bir zaman klavişlərə,
Piano çalarkən Bilqeys xanım.
Bir bəstə çevrilib həzin səslərə,
Yusufun ömrünün şirin bir anı.
Burdasa medallar, zəfərlər tağı,
Bu, Lenin ordeni, Şərəf nişanı,
Bu orden – Qırmızı Əmək Bayrağı.
Sülh-dostluq uğrunda – dostluğun şanı.
Məktub, vəsiqələr, kitabçalar var,
Zamanın şahidi, zamana yoldaş.
Bu gün səssiz duran burda hər nə var,
Alimin qəlbinə, könlünə sirdaş.
Sanki bir günəşdi bəşər içində,
Günəştək parladı, zülməti yardı.
Tanrı ərməğanı şəfəq biçimdə
Zamanı aşanlar nə bəxtiyardır.
Epiloq
Allahın lütfünün yerə enməsi,
Allahın bəşərə işıq bəxşisən.
Zəkanın bədəndə şəkillənməsi,
Bəşər taleyində ömür nəqşisən.
Yaşarsan zamanda, məkanda, səsdə,
Sən ötüb keçmədin xəfif yel kimi.
Xatirən önündə dəstəbədəstə,
Kəlmələr gül açır qərənfil kimi.
Min sözün içində məna tapmamaq,
Sükutu dinləyib, daşımaq da var.
Var ikən yox kimi, ömrə yad yamaq,
Dünyadan köç edib yaşamaq da var.
Doğuldun, böyüdün sən Ordubadda,
Dünyaya toxundu işıq əllərin.
Yusufdun, başladın ömrə bir adda,
Alimi, dahisi oldun ellərin.
20.01.2026 – 06.03.2026
——————————————-
- Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (1857–1921) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü, Hüseynov Sadıq Cavad oğlu (1883– 1952) — Azərbaycan kimyaçı-alimi, Azərbaycan SSR əməkdar elm xadimi, professor
- Moskva Dövlət Universiteti
- Nikolay Dmitriyeviç Zelinski (1861–1953) üzvi kataliz və neft-kimyanın banilərindən olan görkəmli rus/sovet kimyaçısıdır. Moskva Universitetinin professoru, SSRİ Elmlər Akademiyasının akademiki olmuşdur.
- akademik Aleksandr Aleksandroviç Balandin (1898–1967) — görkəmli sovet fiziki-kimyaçısı, SSRİ Elmlər Akademiyasının akademiki
- üzvi maddələrin və bəzi qeyri-üzvi maddələrin molekullarına alkil qruplarının daxil edilməsi adlanır.