
Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin köşə yazarı.
ÖLKƏM QƏDƏR
Ölkəm qədər qırğınam,
kölgəm qədər kədərli,
nə çöldə çölçü oldum,
nə şəhərdə şəhərli.
Nəfəsim yanğın yeri,
qəlbim paramparçadı,
içimdə üsyanlarım
çəkilmiş tapançadı.
Min nalədən qurulmuş
bu taxt-tac viran olsa,
Tanrıya məktubum var,
alıb aparan olsa…
Bir yalanın hökmünə,
bütün yalanlar haqlı,
nə sevdalar yaşanır,
zindanlarda yasaqlı!
Öfkəm qədər doluyam,
ölkəm qədər yıxılmış,
hirsim ovuclarımda
süngü kimi sıxılmış!
***
Gəlişimi gözləmə,
çəkilən yuxun kimi,
səni qoyub gedirəm,
arzuladığın kimi.
Nə tez keçdi son bahar,
nə tez düşdü soyuqlar,
qəlbimdən hara üzür,
bu ağ kağız qayıqlar?
Qar yağır narın-narın,
köhnə gecəqondular
elə bil sırsıradan
yerə çöküb dondular.
Qaçarsan bu sevgidən.
canda, nəfəsdə qalar,
gözlərin pəncərədə,
qulağın səsdə qalar.
Gecənin bir aləmi
kimsə döyər qapını,
çıxıb görərsən yiyəsiz
bir cüt ayaqqabını.
YENƏ HƏR ŞEY YARIMÇIQ
Həyat eyni axarda,
yenə hər şey yarımçıq-
bir az havadan, sudan,
yenə çatışmır nəsə,
nəsə əskik Tanrıdan…
yenə donur əllərim,
ruhu üşüyür səni
xatırladan hər şeyin,
inanmasan, özün gəl,
iqlimi sıfırladan
bu soyuğu al geyin…
yenə çatışmır nəsə,
quşlar köçlənib gedir
buralara qonmamış,
yağmurlar yağıb keçir
içimə toxunmamış…
yenə hər şey yarımçıq,
havadakı bu kədər,
bu sarılıq tanışdı,
yenə uzaqlardasan,
dilimdə o misra var-
“bir gün qayıdacaqsan…”
nə gözəl aldanışdı…
TOPLA BU AYRILIĞIN SARI YARPAQLARINI
İnandığım nağıllar
“daha bitdi burda” de,
ta qırmızıpapaq da
gəlməyəcək, qurda de…
Bir ümiddi… kəsim qoy,
sən də son nöqtəsin qoy,
gözlərim gözləsin qoy,
düşdüyü çuxurda, de…
Qarşı şəhər qardadı, `
yol da hələ hardadı,
fikrin uzaqlardadı,
gəlməsin bu yurda, de…
Pərilər suda qaldı,
hər şey arzuda qaldı,
səssiz bir vida qaldı,
onu da axırda de…
Gecənin ortasında
bir özünsən, bir “o” var,
bir də fikirlərindən
asılı bir tablo var…
bir çöl kimsəsizliyi,
üşüyən astanalar,
içəridə boş evlər,
dolu həbsxanalar…
pəncərələr dumanlı,
şüşələri his vurub,
gözlərini qıyarsan,
küçədə polis durub…
qəfil bir kölgə düşər
bayırdan pəncərəyə,
xoflanıb öz-özünə,
çəkilərsən geriyə…
baxarsan boş otağın
küncünə qısılmısan,
o kədərli tablonun
ipindən asılmısan…
Sənsiz piyada yoldu səkilər qaranlığa,
pərdəli pəncərələr çəkilər qaranlığa,
baxaram xəyalların boz-bulanıq rəsminə,
yandırdığım həyatın üzü yanıq rəsminə…
Fikirlər acı çəkir ömrün tütün yerində,
bir qarağac quruyub son ümidin yerində,
bir əl uçurumunda çırpınır tutmaq üçün,
özüylə savaşdadı kimsə unutmaq üçün…
Baxıram qanı sızır ovcumdan tikanların,
yarısı göz yaşıdı duzlu okeanların,
payızdan yarpaq tökür yeni günə ayrılıq,
ən gözəl şeirlərin sonu yenə ayrılıq…
Yenə işıqlar sönük… fənərlər hanı, yoxdu,
dolaşıq küçələrin sənə ünvanı yoxdu…
sənsiz piyada yoldu səkilər qaranlığa,
gəlsən, gözəl görərdik dünyanı bir anlığa…
Əslində, nə gözəl şey
mövsümlə yaşananlar,
lap bu çiskinli hava,
bu hüzünlü son bahar…
əslində,
insanca yaşamağın
özgə bir halı varmı,
mərmilər yağıb, ardınca
göy qurşağı çıxarmı?
.
əslində, nə gözəl şey
dalıb getmək
payızlaşan bağlara,
kədərlənmək
yarpaq tökümünə məhkum
sovrulan ağaclara…
əslində, hər payız da
bir bahara nəfəs ki,
son yarpaqla bir məhkumun
son sözü bənzəməz ki…
Fikirlərin dolaşıq, havalar külək yenə,
bağla pəncərələri, pərdələri çək yenə,
hər gün elə bilirsən kimsə gedəcək yenə,
bir köç hüznü sovurur ilin bu vaxtlarını…
.
kimdi, heç kiriməzmi, içindəki ağlağan,
çiçək arzularına lopa-lopa qar yağan,
yuxusuz yatağında bir avara sağsağan
boğuq qırıltısıyla açar sabahlarını…
.
üzü qışa uzanar uzaqlar gecən kimi,
nə tez keçdin, ağacdan son bahar keçən kimi,
mən ki yer dəyişmədim, qayıt öz küçən kimi,
topla bu ayrılığın sarı yarpaqlarını…
Bu qış da əriyib getdi
donmuş ovuclarımdan,
aprel yağmurlarında günəşli sabahlara
zaman gözləyir sıram,
təqvimdən yoxsul günlərin paradı keçir,
yarımçıq arzuların rekviyemi çalınır
və mən məğlub tərəfi həyatın…
susuram…
balaca məsum kəndlər
rəngli çocuqluğudu xatirələrin,
milyonların qocaman tənhalığıdı
böyük şəhərlərin dayanılmaz tünlüyü,
yaşamaq da bu yorğun xorun ifasısa kədərli,
üzülmə, bir matəm marşı ilə bitər
hər kəsin üzgünlüyü…
yenə qaranquş yuvaları qondu
budağına baharın,
sağ çıxdıq altından əriyən qarın,
yenə bir şeir oxu yenilərdən,
ötənlərdən bir türkü dinlə,
bəlkə bu da ayrılığın formulu,
sənin susqunluğun küylü insanlarla dolu,
mənim yalnızlığım səninlə…
Başlayanda yaşıl yaz yağışları,
qarağaclar çağıranda quşları,
buludlarda gizli qalmış qış qarı
vaxtsız bir gülə düşər,
bax eləyəm…
yolda qalan iki yolçu, sən biri,
göy üzündə qoşa leyləkdən biri
qəflətən tüfəng səsinə diksinib
çırpınıb gölə düşər,
bax eləyəm…
bir adam sükutun səsindən dəli,
bağlandığı can qəfəsindən dəli,
ruhu necə quru cisimdən dəli
ayrılıb çölə düşər,
bax eləyəm…
şairlərin ey kimsəsiz qəribi,
kim kiridər, ağlama, biz qəribi,
son nəfəsdən qopan intihar ipi
qırılıb yerə düşər,
bax eləyəm…
Ürəyimi hara yazsam, ərşə əks-səda çıxar,
ovcumda xətlər qarışar, əlimdən xəta çıxar.
İki qanadlıq uçuşdu yerlə göyün arası,
ruhdan başqa nəyim qalıb Tanrıya aparası?
Hələ baxma göy üzünə, sorğu-sual burdadı,
necə düşübsə qəlibə, hamı bir fiqurdadı.
Görəsən, ilk heroqlifi daş üstünə kim çəkib,
sanki daşmış adamlar da, kim isə qrim çəkib.
Ey quraqda bağça salan, bizə viranı qalmış,
çatıb gördük kölgəsi yox, quru tikanı qalmış.
İndi kəsik ağacların ardınca bir ah çəkib,
düşünürəm dərdli-dərdli,
bura hardan su gətirim, bura hardan arx çəkim?..
Sən də gendə duran adam, nə baxırsan, ta durma,
əl at topla o çöpləri, kötük kimi oturma.
Gəl başlayaq, hərəkətdə hər zaman diriliş var,
söz dünyanı düzəltməksə, hələ dünyalıq iş var…
Hələ səni güldürməyə səbəbim yox, kefsizəm,
neçə həpənd gizli-gizli quyu qazır gör bizə.
Hələ başdan çayı kəsən əjdaha var arxada,
əlbət, bir gün su gələcək bu qurumuş arxa da,
diriləcək ölü yerə basdırılan toxumlar,
qayıdacaq bilinməzə sürgün gedən yaxınlar,
ağaclar çiçəklənincə, qaranquşlar gəlincə,
ruhumuz da şad olacaq göylərə çəkilincə…
Müəllif: Səadət Cahangir
Səadət Cahangirin digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında