Etiket arxivi: Abid Abidov (Şamiloğlu)

Afurcadan İrşadiyyəyə uzanan həyat yolu

Afurcadan İrşadiyyəyə uzanan həyat yolu

(esse)

Uzaq Fransadan, Parisdən gələn zəng məni çox heyrətləndirdi. Zəng eyləyən Murad Esen idi. Murad Osmanlı türkcəsində danışmağa başladı: “Nömrəni Feysbukdan götürmüşəm. Səninlə tanış olmaq istəyirəm”. Sonra özü haqqında məlumat verdi: “Biologiya müəllimiyəm. Təqaüdə çıxmışam. İndi Parisdə yaşayıram. Babam molla İbrahim 1900-cü ildə Afurcadan Türkiyəyə, İrşadiyyə kəndinə köçmüşdür. Babam haqqında bir əsər yazmaq istəyirəm, lakin Afurca haqqında məlumatım azdır. Mənə bu kənd haqqında geniş məlumat yaz göndər”.
Onun xahişini yerinə yetirdim. O, isə əsərindən bir parçanı mənə göndərdi. Yazını Osmanlı türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırdım. Murad babasının Afurca kəndindən ayrılmasını belə təsvir edirdi:
“İbrahim baba doğma Afurca kəndindən ayrılırdı. O, heç vaxt geri qayıtmayacaqdı. Asta addımlarla addımlayır, dönüb geri baxır, hərdən üzünü kəndə tərəf çevirib dua oxuyur, sanki müqəddəs əjdadlarından icazə istəyirdi. O, birdən dayandı. Sonra göz yaşlarını axıda-axıda asta səslə dedi:
“Əlvida, Qilit dağı! Əlvida, Afurca şəlaləsi” Əlvida, Təngə dağı! Əlvida, taxta körpü! Mən gedirəm. Bir də qayıtmayacağam! Seyid babalarım! Mənə yolda kömək eyləyin. Mən Sizi heç vaxt unutmayacağam!”.

O, yerə əyildi, doğma torpağı qucaqladı. Müqəddəs torpaqdan bir ovuc götürdü. Torpağı öpdü. Gözlərinin üstünə, alnına sürtdü. Çib dəsmalını çıxarıb, torpağı dəsmalının arasına tökdü, onu düyünləyib ürəyinin üstünə, qoltuq cibinə qoydu. Sonra asta addımlarla yeriməyə başladı. Bir an ürəyi tələsdi, onu üşütmə götürdü, ağladı. Göz yaşlarını gizlədə bilmədi.
Onu fikir götürdü: “Görəsən, Vətən həsrətinə dözə biləcəyəmmi?”.
Mən bu yazı parçasını dönə-dönə oxudum, bir az kövrəldim, kədərləndim. Belə qərara gəldim ki, Vətən həsrətilə yaşayan, Vətəndən uzaq düşən həmkəndlilərim, qohum-qardaşım barədə bir yazı hazırlayım.
Sərhədlərin bağlı olduğu bir zamanda Türkiyəyə getmək, orada yaşayan insanlarla əlaqə saxlamaq çox çətin idi. Buna icazə verilmirdi. Oradan gələn hər məktub yoxlanıldıqdan sonra sahibinə çatdırılırdı.
Bakıda film festivalı keçirilirdi. Festivala bir türk filmi gətirmişdilər. Film dublyaj edilməmişdi, tərcümə olunmamışdı. Filmə baxdıq. Sevincimizin həddi-hüdudu yox idi. Onda başa düşdük ki, biz də türkük.
Həmin zamanlarda nənə, babalarımızdan eşidirdik ki, bizim Afurca kəndindən Türkiyəyə gedənlər çoxdur. Biz təəccüblənirdik. Görəsən, həmyerlilərimizlə haçansa görüşə biləcəyikmi?
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə iki nəfər öz qohum-qardaşlarını tapmaq, babalarının qəbirlərini ziyarət etmək üçün Afurcaya gəldilər. Dediklərinə görə, bunu babaları vəsiyyət edibmiş.
Səbri Özcan, Sami Esen adlı bu həmyerlilər kəndin hər tərəfini gəzib dolandılar, qohum-qardaşlarını tapdılar. Evlərinin olduğu yeri müəyyən etdilər. Seyid babalarımızın türbələrini ziyarət edib Türkiyəyə qayıtdılar.
Ondan conra neçə-neçə həmyerlilərimiz kəndi ziyarətə gəlmişlər. Onlar çox sevinirdilər ki, doğma torpağa qədəm başmışdılar, qohum-qardaşlarını tapmışdılar. Ən əsası isə Əhli-Beyt ailəsinə mənsub olan ulu babalarının qəbirlərini ziyarət etmişdilər.
Afurca kənd sakinlərinin nəyə görə qrup şəklində, həm də ailəliklə Türkiyəyə köçmələri məni çox maraqlandırırdı. Öyrəndim ki, 1828-ci ildə ruslar buraları işğal etdikdən sonra hər yerdə öz idarələrini – komendantlıqlarını qurmuşdular. Afurca kəndinin mərkəzində komendantlıq qurmuşdular. İşçilər də ruslar idi. Afurca kəndinin birinci komendantı Aleksandr Vidatyanov idi.
Əhli-Beyt ailəsinin nəslindən olan Afurca camaatı ruslarla düz gəlmirdilər. Gününü namaz qılmaqla, ibadətlə keçirən bu adamlar bu quruluşun içində sıxılırdılar. İkinci səbəb ruslarla vuruşan Şeyx Şamilin “naib”lərindən birinin Afurcalı olması idi.
1859-cu ildə Şeyx Şamil vuruşmanı dayandırdı. Çoxlu insan tələfatına razı ola bilmirdi. Düşünürdü ki, bir az da güc toplayıb sonra vuruşmanı davam etdirər.

Afurca sakininin bu müharibədə iştirak etməsini artıq ruslar bilirdilər. Buna görə, Afurca sakinlərinə qarşı inamsızlıq əmələ gəlmişdi. Onlar hər addımda qadağalarla üzləşirdilər. Bütün bunlara görə belə qərara gəldilər ki, burdan köçsünlər. Beləliklə Türkiyəyə köç başlayır. Bir qrup Niksarın Yarbaşı kəndinə, ikinci qrup Malatya Yazıhanın Hamidiyyə kəndinə, üçüncü qrup isə Samsuna yerləşir.
Sonradan Samsunda yaşayanları Sultan Yazıhanın Hamidiyyə kəndində yerləşdirmişdir. Niksarın Yarbaşı kəndində yerləşənlər oradan razı deyildilər. Yaşadıqları yerdə hər tərəf bataqlıq idi. Bataqlığa yığılan xəstəlik törədici həşəratlar insanları xəstəliyə düçar edirdilər. Beləliklə, on il burada yaşadılar. Xəstəlikdən çoxlu ölüm-itim oldu.
Afurcalılar bir yerdə yaşamaq istəyirdilər. Ona görə də Afurcadan köçüb gəlmiş Seyid Şeyx İsa əfəndi Sultan Əbüləzizin yanına gedir. Ondan xahiş edir ki, Afurca camaatının bir yerdə yaşamaları üçün torpaq ayırsın.
Sultana xəbər verirlər ki, bir Seyid sizi görmək istəyir. Sultan Əbdüləziz onun Seyid olmasını yəqinləşdirmək üçün yoxlamaq qərarına gəlir.
Sultan sarayının yanında aslanlar saxlatdırırdı. Aslanlara qulluq eləyən adama tapşırırlar ki, onun üzərinə bir aslan buraxsın. Aslanı buraxırlar. İsa əfəndi yerindən tərpənmir, qorxmur. Aslan ona yaxınlaşıb İsa əfəndinin ayaqlarını yalayır.
Sonra ikinci bir yoxlama aparırlar. Sarayın pilləkəni altında “Quran” kitabını gizlədirlər. İsa əfəndini saraya dəvət edirlər. O pilləkəni qalxmır, durub dayanır. Səbəbini soruşduqda deyir ki, pilləkənin altında sizdən də böyük “padşah” var. “Quran” kitabını götürürlər. O, yuxarı qalxır. Sultan Əbdüləziz daha bir yoxlama keçirir. Onun üçün 38 sual hazırlamışdılar. O, hər bir suala dəqiq cavab verir. Sultan Əbdüləziz çox razı qalır, ona sənəd verir. Bu sənədə görə Afurca seyidləri Osmanlı torpaqlarının istədikləri yerində özlərinə kənd sala bilərdilər.
Bu günkü İrşadiyyə kəndinin yerləşdiyi yerdə Şeyx İsa əfəndi əl ağacını torpağa sancır. Deyir ki, kəndi burada salacağıq. Həmin yer mənzərəsinə görə Afurca kəndini xatırladır.
Kəndin əsası 1883-cü ildə qoyuldu. Kənd tikildi, böyüdü. Seyidlər öz aralarında kəndi əvvəlcə Afurca, Seyidlər sonda isə İrşadiyyə adlandırdılar.
Kənd böyüdü, əkin sahələrini genişləndirdilər. Orada da bir məhəllə salıb Keçiağılı adlandırdılar.
Sədrəzəm Ənvər Paşaya qədər seyidlərdən vergi yığmırdılar. Onları əsgərliyə aparmırdılar. Ənvər Paşa onlardan da vergi yığdırmağa başladı. Gəncləri əsgərliyə apardılar.
Bir qrup Afurcalı yığılıb Ənvər Paşanın yanına getdi. Dərdlərini ona söylədilər. Ənvər Paşa dedi: “Peyğəmbərimiz düşmən hücum etdiyi zaman nə edərdi? Əhalini öldürməyə gələn düşmənlə savaşmazdımı? İndi bizə də düşmən hücum etmişdir. Bizim varımız da, yoxumuz da düşməni məhv etmək üçün lazımdır”.
Beləliklə, həmin vaxtdan hamı kimi Seyidlər də əsgərliyə getdilər, vergi verdilər. Mən Afurca kəndində yaşayan 3 nəsil: Ələddinlilər, Çanqardaşlılar və Qələmililər haqqında məlumatları yaşlı nəslin nümayəndələrindən öyrənmişəm.
Türkiyəyə mühacirət edənlər də bu nəsillərin nümayəndələridir.
İlk dəfə 1860-cı ildə Ələddinlilər nəslinin Həlimlilər qoluna aid üç nəfər Afurca sakini (Üç qardaş öz ailələri ilə, bacıları Əminə xanım da onlarla birlikdə) Türkiyəyə köçdü.
Öz zəmanəsinin görkəmli dini alimi Həlim kişi Afurca kəndinin hörmətli adamı idi. Onun altı oğlu, bir qızı var idi. O, uşaqlarına da dini təhsil vermişdi. Oğlanları: Əzim, Zəkəriyyə, Mirzə, Mustafa, Yəhya, Məmmədkərim və qızı Əminə Afurca kəndində öz ata-anaları ilə birlikdə xoşbəxt yaşayırdılar. Ölkədə baş verən siyasi hadisələr, rusların haqq-nahaq onların işlərinə müdaxiləsi bütün ruhları ilə Allaha bağlı, Əhli-Beyt ailəsinə mənsub olan bu insanlara pis təsir eləyirdi.
Buna görə də buradan köçmək istəyirdilər. Həlim kişi nə qədər çalışdısa, onları fikirlərindən döndərə bilmədi.
Üç oğul: Zəkəriyyə, Mirzə, Yəhya və bacıları Əminə xanım qəza mərkəzində sənədlərini düzəldib ailələri ilə birlikdə yola çıxdılar. Uzun müddət atlarla yol gedib Türkiyəyə çatdılar. Onlara Niksarın Yarbaşı kəndində yer verdilər. Sonradan İrşadiyyə kəndinin ilk sakinləri onlar oldular. Afurca kəndində Həlim ata və üç oğlu qaldı. Əzim, Mustafa və Məmmədkərim öz bacıları Əminənin və qardaşlarının fikrini çəkərək yaşadılar.
Bu gün Seyid Zəkəriyyənin bütün nəsli “Yıldırım” soyadını, Seyid Mirzənin nəsli “Yavuz” soyadını, Seyid Yəhyanın nəsli isə “Yaşar” soyadını daşıyırlar.
Həmin ili Afurca kəndinin ikinci bir ailəsi (Seyid Teyyub axund beş oğlu ilə birlikdə) Türkiyəyə köçür. Seyid Mahmud, Seyid Hüsaməddin, Seyid Hacı Əhməd, Seyid Hacı Camal və Seyid Məhəmməd Rəsul Niksarın Yarbaşı kəndində özlərinə məskən saldılar. İrşadiyyə kəndi salınandan sonra orada yaşayırlar. Bu gün Teyyub axundun nəsilləri “Esen” soyadı ilə tanınır.
Seyid Məhəmməd Turan 1879-cu ildə Afurcada anadan olmuşdur. Afurcada ailə qurmuşdur. Üç oğlu olmuşdur. Şükri, Şəmsi və Fəhri dövrünün savadlı, bilikli adamları idilər. Seyid Məhəmməd Turan ailəsi ilə birlikdə Türkiyəyə köçüb İrşadiyyə kəndində yaşamışdır. Onlar “Turan” soyadını daşımışlar. Məhəmməd Turan 1970-ci ildə Manyasda dünyasını dəyişmişdir.
Afurca kəndində 1880-ci ildə anadan olmuş Seyid Əbdül Məbud sonradan 3 qardaşı ilə Türkiyəyə köçmüşdür. Seyid Məhəmməd Fazil, Seyid Habil, Seyid Zəkəriyyə 1897-ci ildə əvvəlcə Anadoluya gəlirlər. Sonra Malatyada Hamidiyyə kəndində yaşayırlar. Daha sonra İrşadiyyə kəndinə köçüb gəlirlər.
Afurcalı Seyid Hacı Əhməd və həyat yoldaşı Seyid Cəmilə ailəliklə Türkiyəyə köçmüş, İrşadiyyədə yaşamışlar. Hər ikisi elm sahibi idilər. Hacı Əhmədin ərəb dilində yazdığı elmi əsərləri var idi. Qara mürəkkəblə “Quran”ın əlyazmalarını hazırlayırdılar. İndi onun nəvəsi Naim Gündüz Balıkesir Universitetinin professorudur. Seyid Habil Birinci Dünya Müharibəsində şəhid olmuşdur. Bu nəsil “Gündüz” soyadını daşıyır.
Seyid Əbdülvahab 1877-ci ildə Afurcada anadan olmuşdur. Anasının adı Həlimə, atasının adı Mahmuddur. Üç qardaş idilər: Əbdülvahab, Seyidağa və Ridvan. Üç qardaş anaları Həlimə xanımla birlikdə 1897-ci ildə Afurcadan Niksara, oradan Malatyaya və 1902-ci ildə İrşadiyyə kəndinə qohum-qardaşlarının yanına gəlir və orada yerləşirlər. Seyidağa sonradan Afurcaya qayıdır.
Seyid Əbdülvahab Birinci Dünya müharibəsində iştirak edir. Ön cəbhədə vuruşur. Çanaqqala döyüşlərində igidliklə vuruşur, lakin ruslara əsir düşür. Əsirləri vaqonlara mindirib Sibirə aparmaq istəyirlər. O, Bakı yaxınlığında vaqondan tullanıb qaçır, otların arasında gizlənir. Axır ki, qurtula bilir. Buradan doğma Afurcaya gəlir. Yeddi il burada yaşayır. Sonra yenidən Türkiyəyə, İrşadiyyə kəndinə qayıdır. Ömrünün axırına kimi burada yaşayır. 1957-ci ildə dünyasını dəyişir.
Seyid Əbdülvahab və Seyid Ridvan qardaşlarının nəsilləri “Caksu” soyadını daşıyırlar.
Seyid İsmayıl Afurcada anadan olmuşdur. Üç oğlu: Səid, Mahir və İbrahim İrşadiyyədə anadan olmuşlar. Səid Seyid İsmayılın birinci xanımından olan oğlu idi. O, Çanaqqala döyüşlərində şəhid olmuşdur.
Seyid İsmayılın 3 oğlunun nəsilləri “Uzgor” soyadını daşıyırlar.
Mən bu ailələrdən ancaq bur neçəsi haqqında danışdım. Çalışdım ki, oxucular öz qohum-qardaşlarını bu yazı vasitəsilə tapa bilsinlər. Qəriblikdə yaşayan həmyerlilərimiz bu nəsillər haqqında kitablar yazmış, qəzet və jurnallarda məqalələr dərc etmişlər. Bizdə isə bu iş çox zəifdir. Bu vaxta kimi bu haqda heç bir yazılı məlumat verilməmişdir.
İrşadiyyədə yaşayan Maruf Caksu “İrşadiyyə Seyidləri” adlı kitab yazmışdır. (Maruf Caksu “İrşadiyyə Seyidləri”, Liva nəşriyyatı, Balıkesir, 2008).
Bu gün Türkiyədə 150 Afurcalı ailəsi yaşayır. Bunların içərisində alimlər, müəllimlər, mühəndislər, dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslər də var.
Onlar həmişə vətən həsrətilə yaşayırlar. Afurca sözü dillərindən düşmür. Eynilə bizdə olan xörəkləri bişirirlər. Alkoqollu işkilərdən istifadə etmirlər. Sahib olduqları nəslin adını həmişə uca tuturlar.
Bu gün İrşadiyyə kəndi Balıkesir bölgəsinin tabeliyindədi.
Bu yazı üzərində işləyərkən yadıma bir Azərbaycan bayatısı düşdü:
“Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı”.

Lakin afurcalılar Türkiyəni qərib ölkə hesab etmirlər. İrşadiyyə onlar üçün Afurca qədər doğmadır. Türkiyəyə gedən adamlarla rastlaşdıqda sevinclə deyirlər ki, biz Afurcalıyıq. Onlarla bizə salam göndərirlər. Onlar Afurcalı olmaqları ilə fəxr edirlər.
Dili bir, canı bir, qanı bir qardaşlarımızla bir yerdə yaşamaq nə qədər xoşdur!
Afurcalılar bu qardaşlıq münasibətlərini daha da inkişaf etdirirlər. Qardaşlığımız, dostluğumuz əbədidir!

Abid ŞAMİLOĞLU,
Müəllim, Quba, Afurca kəndi

ZAUR USTACIN YAZILARI

ABİDB ŞAMİLOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Afurca kəndinin seyidləri

Afurca kəndinin görünüşü

Bir kəndin əhvalatı

(Esse)

Seyidlər kimdir?

Seyid ərəb sözü olub, əfəndi, rəis, öndər mənasını verir.
Həzrəti Məhəmmədin (s.a.v.) kiçik nəvəsi Həzrəti Hüseyn və onun nəslindən gələnlərə seyid deyilir.
Həzrəti Məhəmmədin nəsli qızı Həzrəti Fatimə ilə çoxaldı. Həzrəti Həsən və Həzrəti Hüseyn Həzrəti Fatimə ilə Həzrəti Əlinin oğullarıdır. Həzrəti Həsənin nəslindən gələnlərə şərif deyilir. Seyid ilə şəriflərə peyğəmbərimizin uşaqları mənasına gələn “Övladi-Rəsul” deyilir.
Peyğəmbər əfəndimiz cümə gününə “günlərin seyidi”, Həzrəti Həsən və Həzrəti Hüseynə “Cənnət gənclərinin seyidləri” adını vermişdir.
İslam dövlətlərində həmin dövrlərdə peyğəmbərimizin nəslindən gələnlərə böyük hörmət göstərilirdi. Osmanlı sultanlarının şərif və seyidlərə xüsusi sevgi və hörmətləri vardı. Belə ki, Türkiyədə seyid və şəriflərin işlərinə baxan ayrı təşkilat vardı. Onların haqları qorunurdu. Onlara layiq olmayan işlərdə işləmələrinə, bu nəsildən olan qadınların başqa nəsillərlə evlənmələrinə icazə verilmirdi.
Şəriflər başlarına ağ sarğı, seyidlər isə yaşıl sarğı sarıyırdılar. Bununla onları tanımaq mümkün olurdu.
Seyid və şəriflərin rahat yaşamaları üçün hər cürə xidmət göstərilirdi. Onlar vergilərdən azad olunmuşdular. Onlara dövlət təqaüd verirdi. Onları əsgərliyə aparmırdılar. Mərasimlərdə onlar dövlət adamlarından qabaqda gedirdilər. Onların etdiyi dualar məqbul sayılırdı.
“Əhli-Beyt” Həzrəti Peyğəmbərimizin ailəsi və onun nəsilləri mənasına gəlir. Müsəlmanların nəzərində “Əhli-Beytə” aid olanlar müstəsna bir mövqeyə sahib olmuşlar. Onları sayıb-sevmək vacib bir iş kimi qəbul olunmuşdur.

Tarixi məlumatlar

Kərbəlada olan hadisələrdən sonra sağ qalmış Zeynalabidin əvvəlcə Şama gəlir. Sonra Mədinəyə gedir. Bir müddətdən sonra bəzi seyidlər Bağdada gedirlər. Bəziləri isə Şam şəhərində qalırlar.
Seyidlərin hörmətə sahib olmaları hakim dairələrin xoşuna gəlmirdi. Onlar fikirləşirdilər ki, seyidlər güclənər, hakimiyyəti ələ ala bilərlər. Onların Bağdadda qalması üçün əngəllər törədilirdi. Bu məqsədlə onların bir hissəsi Xorasana köçür, bir hissəsi isə Türkiyəyə pənah aparır.

Afurca seyidlər məskənidir

Çox gözəl mənzərəsi var kəndimizin. Uca Allah öz qadir əllərilə yaratmışdır kəndimizdəki bu mənzərələri. Kəndin girəcəyindəki məşhur “Təngə dərəsi” xüsusi gözəlliyi ilə insanı valeh edir. Kəndin yuxarısındakı Ağ qaya, Qilit yaylağı necə də möhtəşəm görünür! Qilit yaylağında olan qırx dənə bulağın suyu bir-birinə qarışıb axır, Qırmızı qayanın üstündən tökülərək şəlalə əmələ gətirmişdir. Bu şəlaləyə babalarımız “Suatan” adı vermişlər. Yetmiş beş metr hündürlükdən tökülən bu şəlalə hamını valeh edir.
“Afurca” adının mənası hündürlükdən tökülən su deməkdir. Farsca ab-su, fru – hündürdən, cəstə -tökülən deməkdir. Bu sözlər formalaşıb Afurca şəklinə düşmüşdür. Sasanilər dövründə bu kəndi belə adlandırmışlar.
Kənd payız fəslində daha gözəl görünür. Kəndin evləri yaşıllıqlara qərq olmuşdur. Dağların başına elə bil ağaclardan çələng hörülüb. Payızda isə bu yaşıllıqlar sarı, qırmızı, bənövşəyi, mavi, çəhrayı rənglərlə əvəz olunur. Kənd rəngbərəng dona bürünür.
Kəndin aşağısından axan Vəlvələ çayı yaz yağışları yağanda aşıb-daşır, qabağına çıxan hər şeyi – ağacları, iri daşları götürüb aparır. Şəlalənin suyu da Vəlvələ çayına qarışır.
“Təngə” adının mənası dar yer deməkdir. Keçmiş zamanlarda buradan keçməyə yol yox idi. Adamlar bu dağdan o tərəfə piyada, suyun içi ilə, çayın axınına qarşı keçərək gedirdilər. Gediş-gəliş olduqca çətin idi. Çox sonralar – Sovet höküməti dövründə dağ çapılaraq yol salınmışdır. Dağın olduqca gözəl görünüşü var. Sal daşlardan “hörülmüş” bu dağ elə bil ki, iki laya ayrılıb. Sağ və sol tərəflərdə çox hündür qayalar var, onlar xüsusi, əzəmətli görünüşü ilə ilk baxışda insanları qorxutsa da, sonradan buna öyrəşirlər.
Təngə dağından salınan yol Afurca kəndinin qabaq tərəfindən keçərək Qonaqkənd qəsəbəsinə və ətraf kəndlərə gedir. Bu yol ilə Şamaxı rayonuna da getmək mümkündür.
Kəndin aşağı tərəfində nisbətən düz, geniş bir yerdə iki türbə vardır. Burada bizim seyid babalarımız basdırılıb. Sonradan qəbirlər üzərində türbələr tikilmişdir.
Afurca kəndi qədim zamanlardan müqəddəs kənd sayılmışdır və bu gün də öz müqəddəsliyini qoruyub saxlayır. Əhalisi isə hörmət sahibi olmuşlar.
Yadımdadır, hələ uşaq ikən görürdüm ki, yoldan keçən adamlar maşınlarını saxlayıb üzlərini kəndə tərəf tutur, babalarımıza salam verir, dua oxuyur, sonra yollarına davam edirdilər.
İşi çətinə düşənlər, sağlamlığı zəif olanlar bura ziyarətə gəlir, babalarımızdan kömək istəyir, öz arzularına çatırlar.
Sovet dövləti qurulanda Afurcanın əhalisi sıxışdırılmış, ruhanilər sürgünə göndərilmişlər. Kəndin məscidi sökülmüş, onun daşları ilə klub tikmişlər. Həmin dövrdə camaat qorxudan namaz qıla, ibadətlə məşğul ola bilmirdilər. Evlərində olan dini kitabları vaxtı ilə babamızın namaz qıldığı yerə aparıb tökmüşdülər.
Qəbiristanlığın qapısı bağlanmışdı. Camaatı türbələrin yanına buraxmırdılar. Sonradan vəziyyət yaxşılaşdı. Adamlar azad yaşamağa başladılar.
Mən seyid babalarımız haqqında bəzi məlumatları kəndin yaşlı adamlarından öyrəndim. Onlar haqqında bu yazını yazmağı özümə borc bildim. Çünki indiki və gələcək nəsillər öz babalarını tanımalı, nəsilləri haqqında məlumat əldə etməlidirlər. Belə olduqda, insan daha da saflaşır, onda yaşamaq arzusu daha da güclənir. Belə insan rəhmli olur, başqalarına öz köməyini əsirgəmir. Gözəl fikirləri olan bir insan həm daxili, həm də xarici gözəlliyə sahib olur. Pis fikirlər, nifrət ondan uzaqlaşır. Axırda o, hər yerdə yaxşı insan kimi tanınır. Tərbiyəli, mədəniyyətli bir insana çevrilir. Belə insan cəmiyyətimiz, xalqımız üçün çox dəyərlidir.

Tarix unudulmur

12-ci əsr. Suriya. Şam şəhəri. Hal-hazırda bu şəhər Dəməşq adlanır. Dəməşq sözünün mənası ərəb dilindən “təşəbbüs” mənasını verir. Hələ qədim zamanlarda bəzi mənbələrdə bu Ərəb ölkəsini“ başı bəlalı ölkədə ” adlandırırdılar. Tez-tez səlcuqlar, səlibçilər, Misir məmlükləri, monqollar Suriyaya hücum edib, ölkəni dağıtmışdılar. Əhali aclıq içində yaşayırdı. 1187-ci ildə Səlahəddin Əyyubi ətrafına könüllüləri toplayıb onları silahlandırdı. İşğalçılar ölkədən qovuldu. Lakin ölkə xarabalığa çevrilmişdi; evlər dağıdılmış, əhali qırılmışdı. Sağ qalanlar çadırlarda, uçuq evlərdə yaşayırdı. Aclıq, dilənçilik hökm sürürdü. Belə bir yerdə yaşamaq çox çətin idi. Barada çayı Şam şəhərini iki yerə bölmüşdü. Çayın hər iki sahilində dağılmış yaşayış evləri vardı. Şəhər Qasyon dağının ətəklərində yerləşirdi. Ölkədə mədrəsələr, məscidlər dağıdılmışdı. İnsanlar işləyib çörək pulu qazanmaq üçün heç bir iş yeri tapa bilmirdi.
Şam şəhərinin yoxsullar məhəlləsində üstü qamışla örtülmüş bir evdə bir ata ilə oğlu yaşayırdı. Ev çiy kərpicdən tikilmişdi. Yağış yağanda burada yaşamaq çox çətin olurdu. Ana bir il idi ki, həyatdan getmişdi. Ata və oğul mədrəsədə dərs keçirdilər. Hər ikisi yüksək savada malik idi. Həm dini, həm də dünyəvi elmləri çox yaxşı bilirdilər. Lakin yoxsulluqdan, aclıqdan adamlar uşaqlarını dərsə göndərə bilmirdilər. Buna görə də mədrəsələr bağlanmışdı.
Çox vaxt ata və oğul evdə oturub ibadətlə məşğul olurdular. Ata Quran oxuyur, oğul qulaq asırdı. Sonra ata Seyidşah oğlu Məhəmmədə mənsub olduqları nəsil haqqında söhbət edirdi. Ata və oğul yeddinci imam Musa Əl Kazımın nəslindən idilər. Peyğəmbərimizdən sonra şəcərədə yeddinci yerdə Musa Əl Kazım dururdu. Ata və oğul özlərində İlahi tərəfindən verilmiş kəraməti hiss edirdilər. Buna görə də insanlara kömək etmək, xidmət göstərmək onların arzusu idi. Şamdan “Əhli-Beyt” ailələrinin hamısı köçmüşdü. Bircə ata və oğlu qalmışdı.
Bir gün ata və oğul bütün gecəni söhbət elədilər. Belə qərara gəldilər ki, Şamdan köçüb uzaq bir yerə getsinlər. Oğul atadan soruşdu ki, biz getdiyimiz yerdə nə işlə məşğul olacağıq? Ata dedi ki, biz orada mədrəsə açarıq. Uşaqlara, böyüklərə savad, elm öyrədərik. Artıq qərar qəti idi. Səhər tezdən yuxudan durdular. Əvvəlcə qəbiristanlığa getdilər. Ananın və bütün qohum-qardaşın qəbirlərini ziyarət etdilər. Sonra oradan qayıdıb azuqə və paltarlarını götürüb piyada yola düşdülər. Yol olduqca çətin və məşəqqətli idi. O vaxt nəqliyyat ancaq at, öküz, dəvə idi; onların sahibləri adamları bir şəhərdən digərinə aparırdılar.
Ata və oğul əvvəlcə at arabası ilə yola düşdülər. Bir neçə günə Türkiyəyə çatdılar. Türkiyədə onları böyük hörmətlə qarşıladılar. Onlara təklif etdilər ki, qalıb burada yaşasınlar. Lakin ata oğluna dedi ki, bizim gedəcəyimiz yer mənim gözlərimin qarışısındadır. Mən həmin yeri görürəm. Biz oraya çatmalıyıq.
Onları böyük hörmətlə Türkiyədən yola saldılar. Bir neçə günə onlar Azərbaycanın Naxçıvan vilayətinə çatdılar. Bir neçə gün burada qaldılar. Camaat onlara qonaqpərvərlik göstərib evlərində saxladılar, onları azuqə ilə təmin etdilər. Bir neçə gündən sonra onları atlarla yola saldılar. Günlərlə yol gəlib Azərbaycanın Quba bölgəsinə çatdılar. Burada bir neçə gün qalıb istirahət etdilər. Hər yerdə onlara hörmət edirdilər. Ata oğluna bildirdi ki, biz dağlara tərəf getməliyik.
Onlar səhər tezdən yola düşdülər. Dağlara tərəf hərəkət edib Təngə dağına çatdılar. Dağın dibində oturub istirahət etdilər. Sonra çırmalanıb çayın o biri tərəfinə keçdilər. Oradan çox məsafə gedib Afurca kəndinin qarşısında dayandılar. Ata oğluna dedi ki, gözlərimin qabağına gələn kənd bu kənddir. Biz bütün ömrümüzü bu kənddə yaşamalıyıq.
Onlar yoxuş yol ilə gedərək kəndə çatdılar. Kənddə onları çox yaxşı qarşıladılar. Kəndin ağsaqqalı Həsən kişi bu kənddə hörmət sahibi idi. Hamıya kömək edirdi. Həm şadlıq, həm də yas məclisləri onun köməyi ilə həyata keçirilirdi. O, kəndə başçılıq edirdi. Kənddə məscid tikdirmişdi. İmkansız ailələrə öz kömək əlini uzadırdı. Ata və oğul onun yanına gedib bu kənddə yaşamaq istədiklərini bildirdilər. Onlara müvəqqəti yaşamaq üçün ev verdilər. Sonra kəndin aşağısında onlar üçün yer ayırdılar. Kənd camatının köməyi ilə onlar üçün ev tikdilər.
Kənddə mədrəsə tikintisinə başlanıldı. Az vaxtda bura hazır odlu. Onların hər ikisi məktəbdə işləyirdi. Kənd uşaqlarına savad öyrədirdilər. Onlar dini elmlərlə yanaşı, dünyəvi elmləri də tədris edirdilər. Az vaxtda dil də öyrəndilər. Bu kənddə türk dili ilə yanaşı, tat dilində də danışırdılar. Ata oğluna başa saldı ki, Sasanilər dövründə bu kəndə tat dilində danışan ailələri köçürmüşlər. Onlar cəsur və mərd olduqları üçün ölkənin sərhədlərini qorumuşlar. Bu məqsədlə dağlıq yerlərdə mühafizə qalaları tikmişlər. Ölkə bu yolla qorunurdu.
Həmin vaxtda seyid Məhəmmədin artıq iyirmi yaşı vardı. Evlənmək yaşı çatmışdı. Seyidşah ata Həsən kişinin evinə elçi getdi. Onun kiçik qızını oğlu üçün aldı. Toy mağarı quruldu. Həsən kişinin qızı seyid Məhəmmədin həyat yoldaşı oldu. Bu, hamını sevindirirdi. Kənd peyğəmbər nəslindən olan bir ailə ilə qohum olmuşdu. Onlar şad və xoşbəxt yaşadılar. İllər keçdi. Seyidşah baba həyatdan getdi. Onu evlərindən bir az aralıda basdırdılar. Seyid Məhəmməd yaşa dolu. Onu bu kənddə seyid Kələ Ağa adlandırırdılar – mənası Böyük Ağa deməkdir. Onların üç oğlu var idi. Böyüyünün adı Ələddin, ortancılın adı Qələmi, kiçiyinin adı Canqardaş idi. Onlar da atalarından dərs almışdılar. Olduqca savadlı idilər. Onlar bölgənin başqa yerlərində yaşayıb mədrəsələrdə dərs deyirdilər. Ələddin Xırt kəndində, Qələmi Xınalıq kəndində, Canqardaş isə Küçeyi kəndində fəaliyyət göstərirdi. Elə indi də onların türbələri həmin kəndlərdədir.
Seyid Məhəmməd babamızın böyük kəramətləri vardı. Bu kəramətləri ilə hamını heyrətə gətirirdi. O, bu kəramətlərdən əhalinin xoşbəxt yaşamağı üçün istifadə edirdi.
Kənd ağsaqqalları danışırdılar ki, bir dəfə babamız ilə qayınatası Həsən kişi arasında narazılıq yaranır. Babamız kənddən köçmək istəyir. O, yola düşüb gedir. Bütün qoyun sürüləri, mal naxırları onun ardınca getməyə başlayır. Bunu görən Həsən kişi tez onu geri qaytarır.
Babamız namaz qılmaq üçün hər həftənin cümə günü atla Dərbənd şəhərinə gedir. Həmişə həyat yoldaşına deyir ki, mən bir günə Dərbənd şəhərinə gedib Böyük Cümə məscidində namaz qılıram. Axşam namazına evə çatıram. Həyat yoldaşı ona deyir ki, sənin bu işində mənim də köməyim var. Mən sənin paltarını təmiz yuyuram, xörəyini təmiz hazırlayıram.
Bir dəfə nənəmiz xörək bişirirmiş, qazanın altından quru mal təzəyini keçirir. Həmin gün babamız vaxtında evə gəlib çata bilmir. Təngə dağının dibində axşam namazını qılır. İndi həmin yerdə onun nişangahı vardır. İndi də qorunub saxlanılır.
Kəndin yuxarısında “Çiləxana” adlanan bir yer vardır. Camaat buranı da ziyarət edir. “Çiləxana”nın yuxarısında babamızın namaz qıldığı bir namazgah vardır. Təbiət tərəfindən daşlar baş-başa durub otaq əmələ gətirmişdir. Babamız burada namaz qılıb Allaha ibadət edirmiş.
“Çiləxana”nın aşağı tərəfində “Buzxana” adlanan bir bulaq var. Deyilənə görə, babamız çomağını yerə vurub bulaq yaratmışdır. Bununla kəndin suya olan ehtiyacını təmin etmişdir.
Kəndin aşağı başında iri bir daş vardır. Daşın ortasında bir çuxur vardır. Deyilənə görə, babamız dincini almaq üçün dirsəyini bu daşın üzərinə qoymuş, ona görə çuxur əmələ gəlmişdir.

Afurca şəlaləsi
Namazgahdan üst tərəfdə bir oyuq vardır. Yayın ən isti vaxtlarında burada buz olur. Ağır xəstələr üçün buradan buz çıxarıb aparırlar. Bununla da xəstələr sağalıb, şəfa tapırlar. Buranı da öz kəraməti ilə babamız yaratmışdır.
İllər keçdi. Babamız həyatdan getdi. Onu da atasının yanında dəfn etdilər.
Həmin vaxtlarda kəndin qəbiristanlığı kəndin yuxarısında idi. Babamız orada dəfn olunduqdan sonra kənddə rəhmətə gedənləri orada dəfn etdilər. Böyük bir qəbiristanlıq yarandı.
Ata və oğulun qəbirləri üzərində tübələr tikildi. Həmin müqəddəs yer Seyidşah, seyid Kələ Ağa qəbristanlığı adlanır. Xalq bu müqəddəs yeri sevir, bu yerə hörmətlə yanaşır. Belə müqəddəslər heç vaxt unudulmur, ürəklərdə yaşayır.
İllər keçdi. Afurca kəndində əhali çoxaldı. Ətrafdakı torpaqlara köçüb yeni kəndlər saldılar. Sonra isə ölkənin başqa bölgələrinə köçüb yurd saldılar. Seyidlərin bir çoxu Türkiyəyə köçdü.
1859-cu ildə Şeyx Şamil vuruşmanı dayandırdı. Onun “naib”lərindən biri Afurca seyidi idi. Buna görə seyidlərə qarşı inamsızlıq əmələ gəldi. Onları bir növ təhlükə gözləyirdi. 1860-cı ildə bir neçə ailə məsləhətləşib Türkiyəyə köçdülər. Bu köç 1900-cu illərə kimi davam etdi. Bir qrup Afurca seyidi Türkiyədə Niksarın Yarbaşı kəndində, digər bir qrup Malatya bölgəsinin Hamidiyə kəndində, başqa bir qrup isə Samsunda yerləşmişdi. Lakin onlar bir yerdə yaşamaq istəyirdilər. Buna görə Afurcadan köçmüş seyid İsa Əfəndi Sultan Əbdüləzizin yanına gedir, onun tərəfindən qəbul olunur. Sultan Əbdüləziz onun seyid olmağını yoxlamaq qərarına gəlir. Seyid İsa Əfəndi sarayın bağında olarkən sultan əmr edir ki, onun üzərinə bir aslan buraxsınlar. Aslan seyid İsa Əfəndinin ayaqlarını yalayır.

Təngə dağı
Sultan ikinci bir sınaq keçirir. Pilləkənin altında Quran kitabını gizlədirlər. Seyid İsa Əfəndi pilləkənə çıxmamış durur. Deyir ki, yox, gələ bilmərəm, yolumun üzərində sizdən də böyük “padşah” var. Quran kitabını götürürlər, o, yuxarı çıxır.
Sutlan onu tanımaq üçün otuz səkkiz dənə sual hazırlatmışdı. O, sualların hamısına dürüst cavab verir. Sultan Əbdüləziz ona xüsusi bir sənəd verir. Bu sənədə görə seyidlər Osmanlı torpaqlarının istədikləri yerində özlərinə kənd sala bilərdilər.
1883-cü ildə indiki İrşadiyyə kəndinin əsası qoyuldu. Kənd əvvəlcə Afurca adlandırılmışdı. Sonra onu Seyidlər adlandırdılar. İndiki zamanda dövlət qurumları tərəfindən rəsmi olaraq İrşadiyyə adlandırılmışdır.
Seyidlər elə bir yer seçmişdilər ki, eyni ilə bizim Afurcanın mənzərələrini xatırladır.
İrşadiyyədə yaşayan seyidlər arasında alimlər, sənətkarlar, dövlət məmurları yetişmişdir.
Qonşu kəndlərdən İrşadiyyə kəndinə seyidləri ziyarət etmək üçün çox adamlar gəlirlər. Onların xeyir-dualarını dinləmək üçün bu kəndə pənah gətirirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra yollar açıldı. Birinci dəfə 1992-ci ildə onlardan iki nəfər öz qohum-qardaşlarını tapmaq, babalarının qəbirlərini ziyarət etmək üçün Afurca kəndinə gəldilər. Çox sevinirdilər. Bu sevinc göz yaşları ilə müşayiət olunurdu. Onların ardınca Türkiyədən bir çox adamlar ziyarətə gəldilər. İndinin özündə də əlaqələr daha da genişlənir.
Həyat davam edir. Tarix unudulmur. Nəsillər yaşayır, yaradır. Öz müqəddəs əcdadlarını heç vaxt unutmurlar.

Abid Abidov (Şamiloğlu)
Müəllim, Afurca kənd sakini

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru