
Gülnarə İsrafilin şeirləri
Gülnarə İsrafilin şeirləri ilə tanışlığım dörd il əvvəl başlayıb. Sonra özüylə görüşdüm. Axırıncı şeirlər kitabını “Sirran” və son illərdə yazdığı şeirləri də mənə verdi ki, oxuyum, fikirlərimi bildirim, “Torpaq adamlar” və “İki” adlı iki şeir kitabını da əldə etdim. İndi mən onun şeir dünyası ilə üz-üzəyəm.
Bir şeir dünyasından nələr əxz etdim?- Oxuduğum şeirlər müasir poeziyamızın yaddaşında yaşaya biləcəkmi? O şeirlər təkcə Gülnarə İsrafilin deyil, bizim də könül duyğularımıza yol tapa biləcəkmi?
Və Gülnarə İsrafilin şeirlərində onun bir şair kimi özünəməxsusluğu nəzərə çarpırmı? Adını çəkdiyim şeir kitablarına yazılan ön sözlərinə nəzər yetirirəm.
Kənan Hacı “Torpaq adamlar”a yazdığı ön sözdən: Gülnarənin şeirlərini oxuduqca görürsən ki, o, sanki öz hisslərini çarmıxa çəkir, yaşantılarının maddi formasını – söz formasını yaratmağa cəhd edir. Gülnarə hansı sözün hansı formanı tələb etdiyini duyur və hisslərini həmin formada ifadə etməyə çalışır. Onun şeirlərinin fərqli bir intonasiyası var.”
Bilal Alarlı “İki” şeirlər kitabına yazdığı ön sözdə deyir: “Gülnarə İsrafilin poetik dünyası, fərqli dil üslubu, obrazlı ifadəsi ilə diqqət çəkir.”
“Sirran” şeirlər kitabındakı ön söz müəllifi isə Naibə Yusifdir. O, şairin ayrı-ayrı şeirlərindən söz açır və onun bir şair kimi özünə məxsusluğunu nəzərə çarpdırır.”Özünəməxsusluq, bənzərsizliyi onun poeziyasının özəlliyidir.” Əlbətdə, hər üç ön sözdə tərif ahəngi üstündür. Belə də olmalıydı, çünki bu gün nəşr olunan bütün şeir kitablarına yazılan ön sözlərdə bu ahəng pozulmur.
Gülnarə İsrafili özünəməxsus bir şair kimi səciyyələndirmək üçün onun bir neçə şeirinə müraciət etmək istəyirəm.
Vətən və müharibə mövzusu son otuz ilin poeziyasında şairlərimizi düşündürüb və bu düşüncələr də müxtəlif şəkildə öz əksini tapıb. Nədir bu müxtəlflik?
İlk növbədə, ənənəvi tərzdə, demək olar ki, “sovet şeiri” üslubunda – Vətəni və müharibəni məlum ifadə vasitəsi ilə yazılan şeirlər.
İkincisi, dövrün, zamanın, gerçəkliyin ruhuna uyğun yazılan şeirlərdir. Burada Vətənin təsvir və tərənnümü o qədər də ardıcıl deyil, əsas məsələ vətənpərvərlik və səfərbərlik ruhunun aşılanmasıdır.
Məsələn: Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun “Qalx ayağa Azərbaycan” çağrışlı şeirləri kimi.
Üçüncü isə, Vətən və müharibə mövzusuna tamamilə fərqli bucaq altında yanaşan şeirlərdir. Bu tipli şeirlərdə ağrı, kədər motivləri üstünlük təşkil edir və əlbəttə bu motivlər vətənpərvərliyin ağrı səviyyəsində dərki deməkdir.
“Müharibə” şeirində müəllif bir nənənin müharibəylə bağlı ömrü qısaca “səhifələnir”.
“ Nənəmin tellərində ağarmışdı müharibə,
ala gözləri qonurlaşmışdı yanğıdan.”- Bu nənə ümumiləşmiş bir obrazdır, “qara kağız öpdü nənəmin kəhraba əllərini”. Və o nənə hər gün ölür, “son dəfə öləndə gözündəki yaş nəsə deyirdi.”- Metaforalardan ibarət bu şeirdə, nənə-qara kağız, ölüm simvollarında reallaşır. Göründüyü kimi, sırf müharibə nə deməkdir şeirlərdən fərqli olaraq, Gülnarə İsrafil ənənəvi mövzuya təzə rəng qatır.
“Vətən” şeiri mən deyərdim, Gülnarə İsrafilin metaforik şeirlər sırasında ən görümlü, duyumlu şeiridir.
“Bir şəhid gördüm ki, mən
Köynəyi can verirdi.
Dilində ilk yaddaşı,
Qurumuş son kəlməsi
Yerdən torpaq dərirdi.
Doğacaq körpəsinin
Qoxusuna tamarzı.
Unudurdu nığməni
Dodaqları qaçaraq,
Pıçıltı qovlayırdı,
Hənirti axtarırdı
Canından can açaraq.
Bir şəhid görüm ki, mən
Torpaqdan don geyinmiş.
Anadan köz atəşi,
Atadan sirr daşları
Geyinmiş də, geyinmiş…
Bir şəhid görüm ki, mən
Vətən olmuşdu, Vətən!”
Kimdir o şəhid? Anamı, atamı, oğulmu? Və sonda Vətənləşir o şəhid. Gülnarə İsrafil “Şəhid Vətən” ümumiləşmiş bir obraz yaradır. Gülnarə İsrafilin şeirlərində obraz yaratmaq xüsusiyyəti daha qabarıq nəzərə çarpır. O, ayrı-ayrı fərdlərin (müşahidə etdiyi insanların taleyi ilə maraqlandığı) obrazlarını həm zahiri, həm də daxili- mənəvi planda təqdim edir.
“Nə durmusan yol üstündə,
qarı nənə!
Gedənə də,
gələnə də əl açırsan,
ovcuna qəpik düşəndə
küçələrdə
qəpik-qəpik gül açırsan.
Kədərin yoxmu sənin
üzüləsən?”
İlk baxımdan adət etmədiyimiz bir mənzərə ilə qarşılaşırıq. Bir nənə dilənçilik edir, yalvarış, sızıltı ilə yox…Əksər dilənçilərə xas olan “yalvarış mexanizmindən” uzaq bir nənə. Amma bu zahiri bir görüntüdür və bu görüntü elə buradaca sona çatır. Amma Gülnarə İsrafil bu obrazı böyüdür, ümumuləşdirir və şeirin ifadə etdiyi məna bir dairədən digərinə adlayır.
“Sən dalansan,
sən küçəsən,
yox, elə sən,
özün boyda bir şəhərsən.”
O qarı nənə bütün gəlib keçənlər üçün bir dayanacaqdır, onun “əvvəlki şəhərinə” qayıtması lazım… Şeirdə bir insan həyatından cəmiyyət həyatına keçid diqqəti cəlb edir. Təfərrüata varmadan Gülnarə İsrafilin “Viran şəhərlərin uşaqlarıyıq”,”İşıqçı”,”hər gülün dibində bir şəhid”,”Ağdam”,”Balacam”,”İnsan” şeirləri haqqında da eyni fikirləri söyləmək olar. Mən Gülnarə İsrafilin nakam şair Həsən Kürə həsr etdiyi şeiri onun ən kədərli şeiri hesab edirəm.
Niyə “ən kədərli”? Çünki, Həsən Kürün faciəli həyatına şairin də öz kədəri qarışır. Ümumiyyətlə Gülnarə İsrafil bir çox şeirlərində kədər, ağlamaq, sıtqamaq yox, düşünmək əhvalını yaradır.
“Düşünmək əhvalı”ifadəsini nahaq yerə işlətmirəm. Əlbəttə hər hansı şeirdə müəyyən düşüncə – fikir öz ifadəsini tapmalıdır. Təbii ki, bu düşüncələr obrazlı şəkildə əks olunmalıdır.
Mən onun “Yol”və “Elə istəyirəm”şeirlərini bu baxımdan bitkin şeir hesab edirəm. O, yol obrazını insan obrazı ilə vəhdətdə təqdim edir.
“Bu yol məhəbbətdi, bu yol məşəqqət,
Ayağım torpaqda sırsıralanıb.
Yolun üzündəki mənim göz yaşım,
Yolun ürəyində sirr sıralanıb.
Bu yol arzuların budağı kimi,
Bu yol günahların otağı kimi,
Bu yol dirilərin ölüm ayağı,
Bu yol ölülərin torpağı kimi.”
Gülnarə İsrafilin şeirlərində lirik qəhrəman obrazı daha çox üstünlük təşkil edir. Bu lirik qəhrəman sevgi yolunun yolçusudur.
O öz sevgi yolunda “Mən”- dən “Sən”- ə doğru yol gedir və bu yolda xoşbəxtliyə ümid və çağrış da var, üzüntü də var, məyusluq da, anlaşılmazlıq da. Onun digər şeirlərindəki təzadlı hisslər, sevgi şeirlərində də öz əksini tapır.
“Yandırıb eşq oduna,
Qəlbimi şan-şan etmisən.
Şirinin qəmdən acı,
Qəmimi al-qan etmisən.
Nə məni öldürmüsən,
Nə də məni var etmisən.
Yaralanmış ürəyimi
hansı yana alım gedim?
Dəvətsiz qonaq olmuşam
bu sevgiyə, qalım, gedim?”
Qalsa yaxşıdır… Çünki sevgi ömrü tükənmir. Füzuli babamız demişkən:
“Ey Füzuli, çıxdı can,
çıxmam təriqi eşqdən,
Pərgüzari əhli-eşq
üzrə qılın mədfən mənə”.
Gülnarə İsrafilin şeirlərində sərbəst dil manerası ilə rastlaşdım. Doğrudur, çətin anlaşılan sözlər, ifadələr də var, amma bundan keçmək olar. Fəqət bir çox şeirlərində şeirə uyuşmayan sözlərə, ifadələrə nə deyəsən? Şair bir də baxsın “Mən adlı kim qaldı ki…”,”Boşluqda ulayan “mən”im”, “Sonsuzluq” şeirlərinə… Bu şeirlərdə fikir var, amma şeir yoxdur. Və birdə baxsan “Payız” və “Dirilim” şeirlərinə əsl şeir kimi şeir…
Gülnarə İsrafil! Sənin üç kitabının şeirlərini mən oxudum. Və sevindim ki, sən, əsl şairsən…Yoluna davam et!

Filologiya elmləri doktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında