Etiket arxivi: Atavizim

VAQİF OSMANLI YAZIR


OLMAYAN QUYRUĞU BULAMAQ
(Azad Qaradərəlinun “Atavizm” hekayəsindən yaranan yarıciddi, yarızarafat ovqat)

Ruhun şad olsun, Mirzə Cəlil.

Yazıçı Azad Qaradərəli bir “quyruqlu hekayə” yazıb, adı da “Atavizm”. Atavizm bəzi canlılarda əcdadlarından qalma qalıqların təkamül nəticəsində yoxa çıxmasından sonra yenidən yaranmasıdır. Terminin “ata” hissəsi sizi çaşdırmasın. Həmin qalıq atada da ola bilər, anada da. Məsələn, quyruq. Quyruq insan təşəkkül tapdıqca – “meymun insana çevrildikcə”, yaşamaq uğrunda mübarizə gərginləşdikcə heyvanlarda əlavə funksiya daşımasa da, bəni insanda çoxfunksiyalı orqana çevrilib. İndi işi çətinə düşəndə, dar macalda, canına qorxu dolanda, xüsusilə maddi durumu pisləşəndə asanlıqla, tər tökmədən, abır-həya bilmədən vəziyyətdən çıxmaq üçün ən asan üsul quyruq bulamaqdı. Nə olsun ki, quyruğun yoxdur, ancaq keçmişdə quyruq bitib sonra yoxa çıxan əzanı məharətlə oynatmaq bəs edir ki, əlavə “devident” əldə edəsən. Yəni quyruq “vəfasızlıq” etsə də, bulamalı arxa öz yerindədir.
İnsan sürü “mədəniyyəti”ndən çoxdan ayrılsa da, təbəqələşdikcə, yaşamaq, mübarizə təcrübəsi artdıqca anladı ki, bu dünyanın işləri quyruqsuz, arxasız düzəlməyəcək. Başın, bədənin ən “etibarlı qoruyucusu” elə arxada ingilis bayrağı kimi yellənən quyruqdu. Çoxları təkamülün atasına rəhmət oxuyur ki, nə yaxşı quyruqlarını gözəgörünməz edib, rahatca öz işini görə bilirlər, mənsəbə, sərvətə, rahat kürsüyə yol məhz quyruğun mütəhərrikliyindən keçir.
İllər keçdikcə, bədii söz yaradıcıları çoxaldıqca, aralarında yarınmaq, sarayda təlxəklik etmək uğrunda gərgin və amansız rəqabət yarandıqca quyruq (elə “arxa” da oxuya bilərsiniz) bulamağın dürlü-dürlü funksiyaları yarandı Rudiment orqanların (funksiyasını itirmiş) yeni funksiyaları sivilizasiyanın eybəcər işləkləridir, “istedad”ın varsa daha yaxşı yaşayacaqsan.
O vaxtdan quyruqlu və arxalı qələm sahibləri bizə ögey atalar sırımaq, soy-kökümüzü qarışdırıb yolumuzu, milliliyimizi həftəbecər etmək üçün quyruqlarını işə saldılar. Sən demə, obamıza işıq verən Lenin “babamız”mış, lampa da “babamız”ın atası İliçinmiş. Leninin başqa “ata”ları da varmış – Marks, Engels.
Engels bizə öyrətdi ki, bəs meymunun insana çevrilməsinin səbəbi əməkmiş. Qabaq ətraflarımız qul əməyi ilə məşğul olmaq üçün dikəlmək lazımmış. Belə çıxır ki, qul əməyi ilə məşğul olmayanlar dördayaqlılardır. Əslində Engels düz deyirdi, uzaqgörən idi. İndi sərvət qazanmaq üçün iki əl yox, bircə quyruq kifayətdir. Təki bulamağı bacarasan. Bacarmasan, vay halına! Acından ölməmək üçün əlləş ki, əlləş. İnsana çevrilmədik, belimiz yenidən büküldü, geriyə, insandan hansısa məzlum varlığa doğru “təkamül” yolu seçdik. Yazarlarımız da sadəlövh və müti varlıq yaratmaqda davam etdilər. Bizi aldada-aldada öz yalanlarına özləri də inandılar.
Şanlı kommunizm yolu ilə “işıqlı” gələcəyə yorulmadan irəlilədik, “xariqələr yaradır el Sumqayıtda” oxuya-oxuya gənclik şəhərini qoca “ölü zona”ya çevirdik, “qardaş olub Hayastan Azərbaycan” əzbərləyə-əzbərləyə xain, nankor, tamahkar “qardaş”la səngərdə üz-üzə gəldik. Cəfər Cabbarılının tuğlu Allahverdisi və İmamverdisi kimi. Ruhun şad olsun, Cəfər Cabbarlı!
Görəsən quyruq bulamaq nə vaxtdan qalmış incə “sənət”di? Sosializmdən qalıbsa, ondan əvvəl yaşayanlar necə dolanıblar? Yəqin sosializmdən əvvəl “məmur” adlı yeddimədəli müftəxor canlı olmayıb.
Eh… Nədən şikayət edirəm özüm də bilmirəm. İşlədik, işlədik, gözəgörünməz quyruğumuzu bulamağı bacarmadıq da. Qürur imkan vermədi. Nə yaxşı ki, qüruru bulamaq olmur.
Yazıçının təhkiyəsi ilə desək, doğrudan da “nağıldı, tamaşadı insan həyatı… Bir də şeir… “Yoxdan var olan…”
Azad müəllimin “quyruqlu hekayə”sinin epiqrafındakı qarğışına mən də şərikəm: “Bizə sırınan ögey atalarımızın ruhu şad olmasın heç!”…

08.03.2025

Müəllif:  VAQİF OSMANLI

VAQİF OSMANLININ YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|