Etiket arxivi: AYB MİNGƏÇEVİR BÖLMƏSİ

Elçin Məhərrəmin povesti

KAKTUSLAR MƏCƏLLƏSİ 64

                                           (povestdən bir hissə)

Ceffersonun bəhs etdiyi böyük gün gəlib çatmışdı. Məhz bu gün o, işçilərə maaşlarının artacağı xəbərini verəcəkdi. İşçilər aylardır ki, bu xəbəri gözləyirdilər. Nə vaxt direktorla söhbət zamanı əmək haqqı barədə mövzu açılırdı, o şövqlə bu günü işardə edirdi. Hamı şirkətin iclas zalına ( köhnə teatrın zalı ) doluşmuşdu.  Zala həm şimal-cənub həm də şərq-qərb tərəfdən baxdıqda yanlız bir şeyin şahidi ola bilərdin- Təbbəsümün. Saça yapışan saqqız kimi təbbəssüm bütün işçilərin üzlərinə yapışmışdı. Hamı deyir-gülür, bir-biriylə zarafatlaşırdı. Birdən qapı cırıltı ilə açıldı. Direktor və idarə heyəti zala daxil oldular. Hamı ayağa qalxdı. Cefferson əliylə əyləşin göstərişini verdikdən sonra çıxış üçün hazırlanmış kürsüyə qalxdı. O çox gərgin, əsəbi görünürdü. Cibindən çıxardığı vərəqi kürsüyə qoyduqdan sonra gözlərini 200 nəfərin gözlərinə zilləyərək ( o bunu bacarırdı) danışmağa başladı.

-Hörmətli işçilər, əziz həmkarlar. Bilmirəm söhbətə haradan başlayım. Mən bu günü səbirsizlikə gözləyirdim. Bilirsiniz, siz mənim ailəmsiniz. Ailənin atası necə ki, ailəsini xoşbəxt görmək istəyir, mən də şirkətin atası olaraq işçilərimi xoşbəxt görmək istəyirəm. Lakin bəzən həyat ataları yorur, incidir, sıxır. Belə olan halda onlar övladlarını sevindirə bilmirlər. Onların üzlərini güldürə bilməmək… Ax bu necə dəhşətli bir vəziyyətdi. Bu gün mən də sizin qarşınızda yorğun ata kimi çıxış edirəm. Yorğun olmağımın səbəbi var. Bu günə olan statistik məlumatlara əsasən deyə bilərəm ki, reklam etdiyimiz məhsulların son səkkiz gündür, satışında kəskin azalmalar var. Mən böyük təəssüf hissiylə, kədərlənərək demək istəyirəm ki, mən sizin maaşlarınızı artıra bilməyəcəm…

Zalı bir anda hay-küy götürdü. İşçilər yerində qurcalanmağa, bir-biriylə söhbət etməyə başladılar. Sükutu direktorun “Bir dəqiqə əzizlərim” ifadəsi kəsdi. Bütün diqqətlərin yenidən özündə cəmləndiyini görən Cefferson sözünə davam elədi.

-Bütün bunların bir səbəbi var. Düz bir həftədir, mənim- şirkətin atasının haqqında qaralama kompaniyalarına başlayıblar. Ard-arda pamfletlər yazırlar, yuxarılara məktublar göndərirlər. Öz dalına şalvar ala bilməyən tüfeyli bir çayxana jurnalisti görün mənim – yəni sizin haqqınızda nə yazıb.

Pamfletdən bir hissə :

Dünən baş vermiş hadisə başdan ayağa fiasko idi. “Cefferson” reklam şirkətinin rəhbəri, direktoru dövlətin onlar üçün ayırdığı yardımı öz yaxın ətrafı ilə mənimsəyib. Buradan işçilərə bir qəpik də düşməyib. Bununla bağlı müraciət etdiyim rəsmi qurumlardan sonra şəxsimə dair təhdidlər almışam. Hətta, Cefferson məni birbaşa doğratmaqla təhdid edib. Qoçularını üstümüzə göndərməklə nəticə alacağını zənn edənlər, özlərini Stalinə, Hitlərə bənzədərək onların miras qoyduğu qara idarəetmə forması ilə hərəkət edənlər, qanun qarşısında cavab verəcəklər.Artıq bəsdi.

Ey Cefferson ! Sən kralsansa, Berlinin də hakimləri var .

Ölüm Haqdan , Kəfən Məmməcəfərbəydən…

-Düz 7 nəfər mənim yəni sizin haqqınızda bu cür cəfəng yazılar yazıblar.

Təəssüf,bu yazılardan sonra şirkətin nüfuzu aşağı düşdü. Nəticədə nüfuz aşağı düşdükcə çörək də əldən çıxdı. Yəni sizin, mənim övladlarımın çörəyi itdi.

 Bütün bunların səbəbkarı o itdöyən jurnalistdi. Bizdə, yəni sizdə nə İMAN qoydu nə də ÇÖRƏK. Hə, bir də unutmayın mən olduqca DEMOKRATİK biriyəm.

Cefferson fikrini tamamladı və kürsüdən düşərək ön sırada əyləşdi.

Zalın suyu qaynamağa başlamışdı. Bu çıxış onun suyunun 55 C-yə qaldırdı. Sonra

Lama İzabella ağır addımlarla kürsüyə qalxdı. Dombalmış gözləriylə ətrafın rentgenini çəkdi və çıxan nəticəni dəyərləndirdikdən sonra danışmağa (tüpürməyə) başladı.

-Uca, mərhəmətli, sevgi dolu, səbirli Yaradanın adıyla sizləri salamlayıram. Əzizlərim bilirsiniz ki,bu günün tez gəlməsi üçün çoxlu dualar edir, nəzirlər verirdim. Ramazan bayramında oruc tutur, heç bir Şabat gününü qaçırmır, İsa Məsihin doğum gününü qeyd edir, evimdə olan kiçik Budda heykəlini təmizləyir, Qızıl tovuzquşu təsvirinin ətrafında dövrələr vurur, Ahuramazdaya hər gün alqışlar söyləyirdim. Amma bu gün olduqca məyus oldum, kədərləndim. Sonra göz yaşlarımı sildim və bura çıxdım ki, sizə bu hadisədə bizim də günahımız olduğunu xatırladım. Bəli, biz günahkarıq. Bizim maaşlarımızın artmamasına səbəb elə özümüzük. Çünki biz Şeytanı, Demonu unutduq.Yadımızdan çıxdı ki, bu dünyada Əhriman da var. İndi biz əlimizi-qolumuzu bağlayıb oturmuşuq. Bəlkə bu zalda oturan bəziləri elə düşünür ki, o əxlaqsız jurnalistin yazdığı doğrudur ?! O şeytandır, şeytandır… İzabella əliylə zalın qapısına tərəf işarə elədi. Sonra uca səslə sözünə qaldığı yerdən davam etdi.

 “Burada təəccüblü heçnə yoxdur, çünki Şeytan da nur mələyin cildinə girir“

Bunu mən demirəm Müqqəddəs Kitab deyir. 2-ci Korinflilərə 11:14- ayəsi.

Dünən gecə hövnlak yerimdən dik atıldım. Kabus görmüşdüm.Dəhşətli kabusla bərabər qəribə bir möcüzə də əyan oldu mənə.

Deməli yuxuda gördüm ki, çayın sahilində tək gəzirəm. Bu çay İori çayıdı. Dəqiq bilirəm ki, İori idi. Birdən çayın içindən yeddi kök inək çıxıb çayın qırağında otlamağa başladı. Mən də bunlara tamaşa edirəm. Sonra çayın içindən yeddi arıq inək də çıxdı. Biri zil qaraydı.Bunlar kök inəklər kimi heç otlamadılar da.Sağlam inəklərin üstünə cumub onları parçalayıb yedilər. Mən donub qalmışdım. Gözümdəki yaşın yanağımı yandırdığını yuxuda da hiss edirdim. Birdən göydə nəsə parladı. Gözlərim o andaca qamaşdı. Gözümü açıb gördüm ki, qarşımda başdan-ayağa ağ paltara bürünmüş kök, yaypan bədənli bir kişi durub. Bu kişinin saçı yox idi,amma başında par-par parıldayan bir tacı vardı. Elə bil başına ulduz qonmuşdu. Əlində tutduğu yaşıl rəngə çalan əsayla yerə üç dəfə vurdu. Bu hərəkətdən sonra qeyri-ixtiyarı onun qarşısında təzim etdim. Əlini çiynimə qoydu və mənə dedi ki, mən Əldebaran ulduzundan gəlmişəm. Nəyə görəsə bu sözdən sonra mən rahatladım və ona gördüyüm hadisəni danışdım. Əlini çiynimdən çəkmədən dedi “Qorxma mən sənə kömək edəcəm”.

-Qulaq as İzabella. İori çayından çıxan yeddi sağlam inək o deməkdir ki, yeddi il siz bolluq, artım içində yaşayacaqsınız. Heç bir çətinliyiniz olmayacaq. Bağlarınız barlı,sularınız təmiz olacaq. Sonrakı yeddi il ərzində isə sizi quraqlıq, aclıq gözləyir. Meyvələrinizə, tərəvəzlərinizə qurd düşəcək. Aclıq bir yırtıcı heyvan kimi boğazınızdan yapışacaq. Sularınız qurayacaq. Quraqlığı, natəmizliyi bir libas kimi əyninizə keçirəcəksiniz.Biri-birinin iç-çalatını çıxarmağa hazır olan vəhşi, barbar tayfalar kimi özünüzlə vuruşacaqsınız.Xəstəlik,ağrılar,sancılar sizləri Olimp dağlarına qədər dırmaşdıracaq. Elə bir vaxt gəlib çatacaq ki, ana sağalamaq üçün övladının ətini çiy-çiy yeyəcək. Övlad anasının baş dərisindən sitayiş etdiyi bütlərə paltar tikəcək.

Əldebaran ulduzundan gələn müqəddəsin bu danışdığından sonra mən onun dizlərinə qapanıb yalvardım, vay-şivən qopardım, kömək istədim. O qolumdan yapışaraq ayağa qaldırdı və dedi :

-Qorxma İzabella. Əgər dediklərimi yerinə yetirsən sənə, sənin ətrafına, yaxınlarına və iş yoldaşlarına heç bir fəlakət toxunmaz. Mənə inan. Səhər açılan kimi hamama girib sirkə ilə yuyun. Yemək yeməmişdən qabaq üç dəfə Maidə surəsi 33-cü ayəni indi sənə oxuduğum kimi uca səslə oxu.

“Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əlləri və ayaqlarını çarpazvari kəsmək yaxud da yaşadıqları yerdən sürgün edilməkdir.Bu onlar üçün dünyada rüsvayçılıqdır.Axirətdə isə onları böyük bir əzab gözləyir”

Sonra ətrafına,dostlarına,iş yoldaşlarına bu ayəyə uyğun hərəkət etməli olduqlarını söylə. Əgər onlar işlərinizi pozan, çörəyinizi əlinizdən alanlara rəhm etsələr, Yaradan da onlara rəhm etməyəcək. Onları Gehinnom vadisində sonsuz əzaba düçar edəcək.

Unutma İzabella düşmənləriniz 7 gün içində 7 fərqli alətlə cəzalanmalıdır. Yaradanın buyruğu belədi – dedi və bir anda gəldiyi kimi də getdi.

Hamı ovsunlanmışdı. İzabella kürsünün yanından 5-6 addım kənara atıldı. Sonra əliylə giriş qapısının yanında duran şirkətin anbardarına işarə edib, danışmağa başladı ( tüpürməyə )

-Ey mənim əziz həmkarlarım ! Yaradan bizi sevir və bizə çıxış yolu göstərir. Bu müqqəddəs vəzifəni həyata keçirmək sizlərin içərisindən seçilmiş 7 nəfərə qismət olacaq. 200  nəfərdən kim öncə işi həll etdi, Əldebaran ulduzundan yaxasına parıltı düşəcək. Gedin o 7 qara ac inəyi məhv edin ki, ruzimiz tez bir zamanda verilsin, maaşlarımız artsın. Yaradanın buyruğu belədi.   – Lama İzabella nitqini bitirdi.

Suyun istiliyi artıq 100 dərəcəyə çatmışdı. Pıqqıltı qopararaq zaldakılar anbardarı, qarşısında duran stol qarışıq dövrəyə aldılar. Anbardar onlara sıraya keçmələrini bildirdi. Hər kəs sırayla anbardardan alət götürməyə başladı. Cefferson da sıranın lap sonunda dayanmışdı.Anbardar aləti verdikcə qarşısında duran kağıza qeydiyyatını aparırdı. Aləti alanlar avşar atılısı kimi çaparaq şirkətdən çıxırdılar.

Alətlər bunlar idi :

  1. Otellonun qılıncı ;
  2. Balta ;
  3. Ov bıçağı ;
  4. Lermantovun tapançası ;
  5. Veronal adlı yuxu dərmanı ;
  6. Obsidiyandan düzəldilmiş əl çapacağı ;
  7. Mauser C96 tapançası .

Mənim bəxtimə Veronal düşmüşdü. Hamı kimi mən də şirkətdən çıxdım.

Müəllif: Elçin Məhərrəm

Elçin Məhərrəmin yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİZ BİRLİKDƏ GÜCLÜYÜK…

BİZ BİRLİKDƏ GÜCLÜYÜK…
(AYB-nin Mingəçevir bölməsinin növbəti yaradıcılıq günündən gələn soraq)

Əvvəlcə Mingəçevirdə, sonrasa paytaxt Bakıda özünün 25 illik yubileyini keçirmək istəyiylə hazırlıq işlərini sonuclamaqda olan AYB Mingəçevir bölməsinin bu dəfəki (15.10.2024) yaradıcılıq günü də bir sıra əlamətləriylə hamını məmnun etdi.

Bölmə rəhbəri, şair-publisist İsmayıl İmanzadə qısa zaman ərzində görülməsi nəzərdə tutulan bir sıra vacib işlərdən söz açdı və onun təklifiylə yaradılan yubiley komissiyasında təmsil olunanlara,- bütövlükdə isə ayrı-ayrı yazarlara tapşırıqlar verildi. Bölmə rəhbərinin sözlrindən aydın oldu ki hazırda Bakıdakı nəşriyyatlardan birində “Bənövşə” ədəbi-bədii dərgisinin “25-Cİ ADDIM” adlı xüsusi buraxılışı çap olunan kimi hər iki yubiley tədbiri reallaşacaqdır. Bölmə rəhbəri bu əlamətdar hadsəni mingəçevirli yazarlar üçün həm yubiley sevinci, həm də yaradıcılıq hesabatı kimi dəyərləndirdi və : “Dostlar, unutmayın ki, biz birlikdə güclüyük!”-deyərək həmkarlarına uğurlar arzuladı…
Tədbirin sonrakı məqamlarında Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov və bölmə rəhbərinin “müşaviri” Rəşid Rəsulov xeyir-dualarıyla söz məclisinə sevinc dolu anlar bəxş etdilər…
“Ahıl və cahıl” şair dostumuz Ağabala Salahlının məhəbbət mövzusunda oxuduğu şeir də diqqətdən kənarda qalmadı. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Elçin Məhərrəm, Nicat Hunalp, Eldəniz Cəfəroğlu, Mahir Musanın müxtəlif mövzularda qələmə aldıqları şeirləriylə, gənc yazıçı-dramaturq Şamil Həsənsə təzəcə yazdığı pyesindən bir parça oxumaqla könül xoşluğuyla keçən anların yaddaşında iz saldılar. Elvin Rəfaeloğlunun bu il aprel ayında dünyasını dəyişən atası, AYB-nin üzvü Rəfael Dəmiroğlunun bir neçə şeirini söyləməklə yadda qaldı…
Bölmə rəhbəri İsmayıl İmanzadə də sonda iki şeirini oxudu və: “İnşallah, oktyabrın 27-də, saat 11-də “Palitra” Ədəbi Klubunda yenidən birlikdə olacağıq!”-deyərək, yazarlara uğurlar dilədi…

               

Müəllif: Məmməd MƏRZİLİ

Şair-publisist, AJB-nin üzvü.

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏDƏBİ GƏNCLİK MƏNİM QOLUM-QANADIMDI

ƏDƏBİ GƏNCLİK MƏNİM QOLUM-QANADIMDI …Bəzilərinin nəzərində sadəlöhv-avam adam kimi tanınsam da (Neyləyim, bir şeirimdə dediyim kimi, zəmanə adamı ola bilmədim!..) kimlərəsə yaxşılıq edəndə özümü çox rahat hiss edir, qarşılığını gözləmədən yoluma davam edirəm. Cəbrayılda yaşadığım illərdə “Ümid” Ədəbi Klubu adlanan söz məclisinə 1978-ci ildən 1993-cü ilə kimi rəhbərlik etmiş, rayonun istedadlı qələm sahiblərinin ölkə miqyasında tanınması naminə əlimdən gələni kimdənsə əsirgəməmişəm. İndiki günlərdə yaşları əllini-altmışı ötmüş yazar həmyerlilərimin ilk yazılarının o vaxtlardakı “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Ulduz”, “Kənd həyatı”, “Təşviqatçı”… jurnallarında dərc edilməsinə nail olmuş, bir sıra tanınmış qələm sahibləri ilə rayon mərkəzində, ayrı-ayrı kəndlərdə, mədəniyyət evlərində və məktəblərdə görüşlərini təşkil etmişdim. Allah şahiddir ki bu addımlarımın arxa üzündə heç bir təmənnam və umacağım olmayıb…

Mingəçevirə gələndən sonra şəhər qəzetində işləməyim yerli yazarlarlarla tanışlığımı dostluğa çevirdi. Onlarla istedadlı şəxsin yazılarının mətbuat səhifələrində yer almasında, sonra isə AYB Mingəçevir bölməsinin yaradılmasında önəmli pay sahibi oldum. Bölmə fəaliyyətə başlayan kimi ömürləri boyu mərkəzi mətbuatın yolunu tanımayan söz adamlarının şeir və hekayələrinin qəzet və jurnallarda dərc edilməsinin sevincini yaşadım…
Gənc yazarların ədəbi uğurlarına ürəkdən sevindim. Onların hər dəfə qəzet və jurnallarda yazıları dərc olunanda fərəh hissi keçirdim. Ümumiyyətlə, kimisə zəif yazısına görə acılayan adam olmamışam, əksinə yaşlı və orta nəslin nümayəndələrinə ehtiramla yanaşmış, cənc yazarlara isə etimad bəsləmişəm. Bunun nəticəsi olaraq bölməyə qədəm qoyan gənclərə qayğıyla yanaşmış, onlara inam bəslədiyimi sevinc hissiylə dilə gətirmişəm. Son 25 il ərzində iki-üç nəfər istisna olmaqla etdiyim yaxşılıqları unutmayıblar!..
İndiki günlərimizdə Mingəçevirdə yaşayan gənc yazarlara yönəlik etimadım artıq öz bəhrəsini verməkdə, ilin əvvəlində yaratmış olduğumuz Gənclər Şurası öz barını-bəhrəsini ortaya qoymaqdadır. İstedadlı gənc yazar Elçin Məhərrəmin rəhbərlik etdiyi şuranın üzvləri,-Nicat Hunalp, Şamil Həsən, Mədinə Rəhimova, Ruhani Cəfərov, Əfqan Dönməz, Talib Həsənli… indi mənim bükülməyən qolum-qanadlarımdı. Onlar bölmənin təzə simvolunu hazırlayıb ortaya qoyublar, “Bənövşə” ədəbi dərgisinin nəşrinin bərpası yönündə əməli fəaliyyətə başlayıblar…
P.S. Son bir aya yaxındır ki bölmənin 25 illik yubileyi ilə ilgili xüsusi buraxılışı nəşrə hazırlayıram. Demək olar ki bu önəmli işi tamamlamaq üzrəyəm. Bir neçə rəsmi şəxs, o cümlədən alim və yazar dostlarımın yazıları əlimin altındadır. İnşallah, tezliklə bu önəmli işin sevincini birlikdə yaşayacaq, Mingəçevirdə və paytaxt Bakıda yubiley mərasimlərinin iştirakçıları olacağıq. Məhz bununçün də xeyli vaxtdan bəri yaradıcılıqdan bir az uzaqlaşsam da, itirilən vaxtıma heyfsilənmirəm. Axı, mən həyatda heç vaxt təkcə özümçün yaşamamışam!..
18.09.24

İSMAYIL MƏRCANLI İMANZADƏ

AYB Mingəçevir bölməsinin sədri

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYB-nin Mingəçevir bölməsi-25

SEVİNCİMİZİ HAMINIZLA BÖLÜŞƏCƏYİK…

Sovetlər dönəmində fəaliyyət göstərən Azərbaycan Yazıçılar İttifaqının filiallarından fərqli olaraq (İndiki günlərimizdə də öz işlərini davam etdirən həmin filiallarda təmsil olunan qələmdaşlarıma uğurlar arzulayıram!) AYB-nin 1991-ci ildən sonra yaradılan Şəki, Aran, Xəzər, Sumqayıt, Abşeron, Qubadlı Mingəçevir…bölmələri müstəqilliyimizin bölgələrdə yaşayıb-yaradan yazarlarımıza yönəlik ən dəyərli töhfəsidir.

İllər boyu sənaye mərkəzi, fəhlə şəhəri kimi tanınan Mingəçevirdə 23 oktyabr 1999-cu ildə AYB sədri Anar, Fikrət Qoca, o vaxtkı şəhər rəhbəri Məhəbbət Qarabağlı (Allah hər ikisinə rəhmət eləsin!) və ictimaiyyət nümayəndələrinin xeyir-duaları ilə fəaliyyətə başlayan Mingəçevir bölməsi çox keçmədən sözün əsl mənasında ədəbi aləmin bir parçasına çevrildi. Tanınmış ədəbiyyatşünas Ramiz Göyüş və görkəmli alim Rüstəm Kamalın yazdıqlarına istinadən desəm, “sovetlər birliyi dövründə tədricən kosmopolitləşən və rus dilinin təsiri ilə milli köklərindən uzaqlaşmaqda olan bir bölgədə ədəbi mərkəzin yaradılması, ilk növbədə yerli yazarların püxtələməsində böyük rol oynadı. Həmin vaxta qədər tək bircə nəfər istisna olmaqla, mərkəzi mətbuatda heç vaxt imzaları görünməyən yerli yazarların əsərləri çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda ayaq açdı. Onların böyük bir qisminə yubiley və poeziya gecələrində, kitab təqdimatı mərasimlərində, tele-verilişlərdə öz sözlərini demək imkanı yarandı, ilk kitablarını çap etdirdilər. 2008-2020-ci illər aralığında bölmənin xəttiylə nəşr olunan “Bənövşə” (əzəlki adı “Mingəçevir leysanı”) ədəbi dərgisi öz qapısını istedad sahiblərinin üzlərinə taybatay açdı. Xeyli sayda mingəçevirli yazar AYB-yə üzv qəbul olundu, 2014-2022-ci illər aralığında bölmənin xəttiylə dörd almanax işıq üzü gördü…
Son iyirmi beş il ərzində ortaya qoyduğumuz önəmli işlərin hamısını sadalamaq fikrində olmadığımdan, bölmənin 25 yaşını qeyd etmək məqsədiylə nəzərdə tutulan silsilə tədbirlərin yalnız bir neçəsini diqqətə çatdırmaq istəyirəm. İnşallah cari ilin payızında əvvəlcə Mingəçevirdə, sonra isə paytaxt Bakıda yubiley sevincimizi sizlərlə bölüşəcəyik. Bu məqsədlə yazının sonunda üz qabığı ilə tanış olacağınız “Söz yaddaşı” adlı almanaxımız (bölmənin sayca beşinci toplusu) hazırda Bakıdakı nəşriyyatlarından birində yaxın həftələrdə işıq üzü görəcəkdir. Sonra isə yəqin ki sonnrakı aylardan birində AYB və Mingəçevir şəhər rəhbərliklərinin, bir neçə dəyərli alim-yazar dostlarımızın təbriklərinin, bölmənin 25 illik fəaliyyətini əks etdirən xronikanın, foto-şəkillərin yer aldığı “Bənövşə” jurnalının xüsusi buraxılışı ilə qarşınıza çıxacağıq…
Ümid edirik ki son 25 ildən bəri nur timsallı Mingəçevirdə şölə saçan söz ocağımızın xoş sorağı ilahi sözə dəyər verən hər kəsi ürəkdən sevindirəcəkdir.
İSMAYIL İMANZADƏ
AYB Mingəçevir bölməsinin sədri
21.06.2024

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏSL OXUCU KİMLƏRDİ…

ƏSL OXUCU KİMLƏRDİ…

İlk növbədə özümə ünvanladığım bu suala yəqin ki bəziləri birmənalı şəkildə yanaşmayacaq. Sosial şəbəkənin (FB-un) iç qatlarına bələd olduqca anladım ki bu virtual aləm arxa qapısı hamının üzünə açıq olan bir məkandı. Ədəbi aləmin çox vaxt bağlı olan qapılarından içəri keçməyi haqq etməyənlər, dal qapıdan asanlıqla içəri sivişib, ürəkləri istədiyi qədər özlərinə tərəfdar toplaya bilirlər. Və onu da anladım ki virtual aləmdə hər kəsin yazı savadını, istedad sahibi olub-olmadığını, ədəbi zövqünü, iç dünyasını asanlıqla dərk etmək mümkünmüş…
Hər şeydən qabaq bu aləm cızmaqaraçıların və onlara züy tutanların məkanıdır, burda şəxsi tanışlıq, yazı müəllifinin yaşı, cinsi, haralı olması vacib hesab edilir. Sizlər kimi mən də şahidəm ki, hansısa bölgədən olan bir “yazar”ın şeir adına ortaya qoyduğu “nəsnə”yə bəzi həmyerliləri nəzakət xatirinə dəstək verirlər. Yeri gəlmişkən, bu ilin əvvəllərində görkəmli bir alim eloğlumla çay süfrəsi arxasına əyləşib dərdləşəndə (Bizim tərəflərdə adətən bu ifadəni işlədirlər) dedim: “Qaqa, sən doğrudanmı o filankəs xanımın gün ərzində feysbukda nümayiş etdirdiyi ən azında iki-üç cızmaqaralarını şeir hesab edirsən?” Üzümə təbəssümlə baxıb dilləndi: “Neyləyim, öz kəndçimdi, vallah heç oxumadan “layk” edirəm…” Mənim şəxsi fikrimcə ən səmimi oxucu yüksək ədəbi zövqə sahib tərəfsiz oxuculardı. Ən istedadlı yazar dostlarımı da bu “qrafaya” əlavə edirəm. Ancaq bəzi qələm sahibləri incisə də deyəcəyəm, (çoxları bilir ki məndə heç əzəldən “zadnı skorus” yoxdu): “Bəziləri “bəyənmə” işarəsinə barmaq basanda, bunu “beh” hesab edir və qarşılığını gözləyirlər!” Yəni, “öy məni, öyüm səni” prinsipini əsas tuturlar. Ötən ilin sentyabr ayında üzləşdiyim göz əməliyyatından sonra bir müddət sosial şəbəkədən gendə dayanmağa məcbur oldum. Bəzi dırnaq arası “dostlar” üç-dörd həftənin içində qeybə çəkildilər. Həmin çətin günlərimdə yazı-pozu ilə məşğul olmayan, ancaq sözə dəyər verməyi bacaran söz sərrafları həmişə olduğu kimi məni yalqız buraxmadılar…
Elə indinin özündə də rəhbərlik etdiyim AYB Mingəçevir bölməsinin 25 illik yubileyi ilə ilgili işlərim çox olsa da, əsl söz sərrafları məni tərk etməyiblər…
P.S. Özümə söz vermişdim ki yalnız özümün və əhatəmdə olan yazarların qayğıları ilə ilgilənim, ancaq gec-tez yuxarıda dediklərimi üzə çıxarmalı idim. Mənim yazılarıma münasibət bildirən dostlara da, bilərəkdən gözardı edənlərə də cansağlığı arzulayıram. Tərif xəstəsi deyiləm ki yazılarımı oxuyanların sayı ilə qürrələnəm!..

TRİBUNADA: İSMAYIL İMANZADƏ
AYB Mingəçevir bölməsinin sədri
17.06.2024

YAZARLARIN TRİBUNASI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mingəçevir yazarları – ŞEİRLƏ İSİNDİK YAĞMURLU GÜNDƏ…

ŞEİRLƏ İSİNDİK YAĞMURLU GÜNDƏ…
(AYB Mingəçevir bölməsinin yaradıcılıq günündən reportaj)

Bu ilki yağışlı-yağmurlu yaz fəslinin “acığına” bu dəfə (15.05.2024) AYB-nin Mingəçevir bölməsinin iş otağına qədəm qoyan yazarların çöhrələrindən sanki nur yağır.

Əvvəlki dönəmlərlə müqaisədə söz ocağımızın başına toplaşanlar kifayət qədərdi. Tanınmış şair dostumuz Namiq Zaman Ağdaşdan, Araz Süleymanov Yevlaxdan, Mikayıl Yusif Salahlıdan gəlib. Mingəçevirdə görkəmli idman məşqçisi kimi tanınan ədəbiyyat sevdalısı Mehman Məlikov isə gəlişi ilə hamını məmnun edir. AYB Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə Mehman müəllimi yazarlara təqdim edib deyir: – Mehman müəllim yaxın keçmişdə Rusiyada sayılıb-seçilən idmançılardan biri olub. İllər boyu qürbət eldə keçirilən idman yarışlarında kürsünün ən uca nöqsəsinə qalxmaqla pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Bir neçə ildir ki Mingəçevirdə məşqçi kimi gənclərin yarışlara hazırlanmasında öz şəxsi təcrübəsinə arxalanır. Və ən başlıcası isə, bədii yaradıcılıqla məşğul olmasa da, ədəbiyyat sevdalısı kimi hamını heyran etməyi bacarır…
Bölmə sədri yaxın aylarda nəzərdə tutulan tədbirlərdən söz açır və yazarların bəzilərinin dillərində səslənən təklifləri də dəyərləndirir. İlk dəfə söz məclisinə qatılan gənc yazarları,-Mingəçevir Dövlət Universitetinin ikinci kursunda oxuyan Əfqan Dönməz və Mədinə Rəhimovanı həmkarlarına təqdim edəndən sonra, “gəlin, indi də bir az soyuq, qaşqabaqlı yaz havasını könlümüzün söz havası ilə isindirək deyərək, təbəssümlə yazarların ruhlarını dilə gətirir.
Əvvəlcə Mikayıl Yusif, onun ardınca Ağabala Salahlı oxuduqları şeirlərlə diqqəti cəlb edir. Tələbə gənclərin,-Əfqan Dönməz və Mədinə Rəhimovanın bir az çəkinə-çəkinə oxuduqları şeirlərə də heç kim biganə qalmır. Bölmənin sədri üzünü onlara tutub deyir: “Bu otağın qapıları hamının üzünə həmişə açıqdır, elə bilin ki öz ata evinizə gəlmisiniz, ancaq yazmaqla yanaşı, öyrənməyi də özünüzə elə bəri başdan təlqin edin. Şair Elşən Əzim də gənc həmkarlarına faydalı məsləhətlər verməyi özünə borc bilir. Mahir Musa həmişə olduğu kimi bu dəfə də pafos dolu misralarla həmkarlarının eynini açır. Rəfael Dəmiroğlu dünyaya göz açdığı Kəlbəcər rayonunun Susuzluq kəndindən olan şəhid eloğlularına həsr etdiyi şeirlə fərqlənməyi bacarır. Araz Süleymanovun oxuduğu yığcam-lakonik şeirlər hamı tərəfindən razılıqla qarşılanır. Şair-publisist Məmməd Mərzili bu dəfə yazdıqlarını oxumasa da, həmkarlarına xitabən xeyir-dualarını dilə gətirir.
Ağdaş şəhərində uzun illərdən bəri pedaqoji fəaliyyətini davam etdirən Laçınlı tanınmış şair Namiq Zaman yenicə qələmə aldığı şeirləri ilə həmişə olduğu kimi bu dəfə də hamının diqqətini cəlb etməyə nail olur. MDU-nun dosenti, tədqiqatçı alim Mehman Rəsulov tədbirə qatılanlara yönəlik xeyir-duaları ilə həmkarlarını gələcəyə səsləyir. Ölkəmizdən uzaqlarda da istedadlı qələm sahibi kimi tanınan Elşən Əzimin Şuşa şəhərində yaşamaqçün köç edənlərin sevinc hissini poetik cizgilərlə önə çıxaran şeiri ilə söz məclisinə əlvan çalarlar qatır. Mingəçevirli yazarların sevimlisi, şairə Bəsti Bərdəlinin oxuduğu şeirləri də qələm dostlarının alqışlarına layiq görülür.
Bölmə rəhbəri İsmayıl İmanzadə sonda həmkarlarına uğurlar diləməklə, ertəsi gün Bakıdan gələn bir alim-şair yazarla gözlənilən önəmli söz məclisində iştirak etməyi vacib hesab edir.
İki saata yaxın zaman kəsimi ərzində davam edən AYB-nin Mingəçevir bölməsinin növbəti söz məclisi ürək açıqlığı və könül xoşluğu ilə sonuclanır. Yazarların çöhrələrindən süzülən məmnunluq və sevinc hissi bunu bir daha təsdiq edir. Bir az sərin, dumanlı-sisli, ən başlıcası isə qaşqabaqlı yaz havası deyəsən Mingəçevirli yazarların xoş əhval-ruhiyələri qarşısında addım-addım geri çəkilir… Fotolar:

MƏMMƏD GÜRŞADOĞLU
Azərbaycan Jurnalıstlər Birliyinin üzvü, şair-publisist

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mingəçevirdə “Palira” Ədəbi Klubu üzvlərinin növbəti toplantısı baş tutub

VAHİD QAFARLNIN YAZILARI

ƏRƏN OĞULLARIN DÖYÜŞ HÜNƏRİNDƏN BƏHS EDƏN   

                              YENİ SÖZ SOVQATI

     Ağdamın Mərzili kəndində doğulan, doğma ata eli işğal olunandan sonra məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşan şair-publisist Məmməd Mərzili ötüb keçən illər ərzində xeyli sayda nəşr olunan kitabları ilə oxucular arasında imzasını tanıtmağa nail olub. Ana vətənimizə, uşaqlıq və gənclik illərində gəzib dolaşdığı Ağdama, cənnət timsallı Qarabağa qırılmaz tellərlə bağli olan vətənpərvər yazar oxuculara nəcib hisslər aşılamağı özünə borc bilib.

 Bununla yanaşı, AYB-nin Mingəçevir bölməsində  öz fəallığı, təşkilatçılıq bacarığı və məhsuldar yaradıcılığı fərqlənib. Yazar dostumuzun nəşr etdirdiyi kitabları arasında illər boyu düşmən tapdağı altda qalan doğma torpaqlarımızı  azad etmək naminə canlarından keçən şəhidlərimizə yönəlik sevgisi həmişə ön planda olub, Şəhidlik mövzusunda qələmə aldığı bir neçə kirabı da elə bu istəyin ən bariz nümunələridir…

 İllərdən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və adətən hər ayın sonuncu bazar günündə yazarları bir araya gətirən “Palira” Ədəbi Klubu üzvlərinin bu dəfəki toplantısı onun ötən ilin sonlarında işıq üzü görən “845” adlı kitabının təqdimatı ilə başlayıb.

   Tədbiri giriş sözüylə açan bölmə rəhbəri İsmayıl İmanzadə kitabın I Qarabağ Müharibəsində sözün əsl mənasında təkcə cəsur döyüşçü kimi deyil, həm də Ağdam bölgəsində şərid Eldar Bağırov adına 845-ci batalyonun yenilməz komandiri kimi tanınan, ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Allahverdi Bağırovun və onun döyüşçü dostlarından bəhs etdiyini diqqətə çatdırdı. Və cəmi şəhidlərimizə Allahdan rəhmər diləməklə, çıxışının aşağıdakı misralarla sonucladı:

Yurdunu ürəkdən sevənlər ölmür,

Əbədi yaşayır xatirələrdə…

     Şəhər Əmək Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı kitabı yüksək dəyərləndirməklə yanaşı, şəxsən tanıdığı və dəfələrlə cəbhə bölgəsində görüşdüyü ərən eloğlusu Allahverdi Bağırovla, onun komandiri olduğu batalyonda Ağdamdan və müxtəlif bölgələrdən olan igid döyüşçülərlə ilgili  xatirələrini dilə gətirdi.

 Şair, ehtiyatda olan polis mayoru Bəhman Gülövşəli də I Qarabağ Müharibəsinin getdiyi vaxtlarda 5 ay ərzındə Ağdamda işlədiyini, Allahverdi Bağırovu, onun rəhbərlik etdiyi 845 nömrəli batalyonun bir çox döyüşçülərini yaxından tanıdığını vurğuladı.

Mingəçevir Dövlət Universitetinin dosenti, tədqiqatçı-publisist Mehman Rəsulov şəhidlik mövzusunda yazılan əsərlərin, o cümlədən Məmməd Mərzilinin “845” adlı kitabının gənc nəslə vətənpərvərlik hissi aşılamaq baxımından böyük önəm kəsb etdiyini deyib, müəllifə yaradıcılıq uğurları arzuladı.

Tədbirə qatılanlardan Namiq Zaman, Bəsti Bərdəli, Rəşid Rəsulov və başqaları da kitab müəllifinin yaradıcılıq üslubundan, fəallığından və yurd sevgisindən söz açdılar. Müəllifin etibarlı faktlara və reallığı əks etdirən arxiv materallarına, o cümlədən, 1988-1992-ciilərdəki qanlı-qadalı döyüşlərdən sağ çıxan keçmiş döyüşçülərin xatirələrinə istinad etdiyin, bu baxımdan kitabın dövrki hərb tariximizi zənginləşdirdiyini dönə-dönə vurğuladılar…  

    Tədbirin ikinci bölümündə İsmayıl İmanzadə bildirdi ki,  Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Mingəçevir bölməsinin xəttiylə yanvarın sonu, aprel ayının birinci ongünlüyü ərzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş iki nominasya üzrə müsabiqə keçiriləcəkdir. Sonra o,  bu önəmli müsabiqənin müddəti, şərtləri və münsiflər heyətinin tərkibi barədə müfəssəl məlumat verərək, qaliblərə mükafatların aprelin ikinci ongünlüyünün sonlarında küçirilməsi nəzərdə tutulan poeziya gücəsində təqdim ediləcəyini qeyd elədi…

  Tədbirin sonrakı məqamlarında AYB Mingəçevir bölməsində təmsil olunan yazarlardan Bəsti Bərdəli, Ağabala Salahlı, Namiq Zaman, Bəhman Gülövşəli, Mahir Musa və İsmayıl Mərcanlı  vətən-yurd sevgisindən, ülvi məhəbbətdən, ana təbiətin gözəlliklərindən və günümüzün reallıqlarından bəhs edən şeirlərini söyləməklə, məclisə əlvan söz çalarları bəxş etdilər.

          


Vahid QAFARLI,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

VAHİD QAFARLNIN YAZILARI

HƏMÇİNİN:>>>> “RUHUMUZUN YAZ HAVASI”

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ
 HƏMÇİNİN:>> “RUHUMUZUN YAZ HAVASI”
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

 MİNGƏÇEVİRDƏ XURŞİDBANU  NATƏVANIN  RUHUNU ŞAD ETDİLƏR

CABİR QƏDİMOVUN YAZILARI

                     MİNGƏÇEVİRDƏ XURŞİDBANU  NATƏVANIN

                                      RUHUNU ŞAD ETDİLƏR

   Mingəçevir şəhərində XIX əsrdə Azərbaycan ədəbiyyatına misilsiz söz inciləri bəxş etmiş Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilən yubiley gecəsi keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB-nin Mingəçevir bölməsinin düzənlədiyi tədbirin aparıcısı, bölmənin sədri İsmayıl İmanzadə yubiley məclisində iştirak edən ictimaiyyət nümayəndələrini, yerli yazarları, ziyalıları, Mingəçevir Dövlət Universitetinin təmsilçilərini salamlamış və aşagıdakı misralarla xeyir-dualarıını  dilə gətirmişdir:

Özgə bir aləmdir Araz də, Kür də,

Heç vaxt ələ düşməz bu çağlar bir də.

Soyuq qış günündə Mingəçevirdə,

Odun-közün işığına gəlmişik.

Natəvanı ürəklərdə yaşadan –

Arzularda, diləklərdə yaşadan,

Şeirin-sözün işığına gəlmişik…

  Tədbirin sonrakı anlarında AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Elşən Əzim “Xurşidbanu Natəvanın həyat və yaradıcılığı”, şəhər Əmək və Müharibə Veteranları Şurasının sədr müavini, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı “Şairənin nəsil səcərəsi və övladları”, şəhər Bələdiyyəsini şöbə müdiri, yazıçı-publisist Zahid Qasımlı “Qarabağ xanlığının sonuncu varisi X.Natəvanın qəzəllərinin təsir gücü” və hüquqşünas-şair, “Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli “Şuşa ədəbi aləminin formalaşmasında Natəvanın aparıcı rolu və xeyrəçilik missiyası” mövzusunda çıxışlar etmişlər.

  Şəhərdə məlahətli səsləriylə el şənliklınə təravət bəxş eləyən müğənnilər,-Üzeyir Hacıbəyli adəna musiqi məktəbinin müəllimi Zülfiyyə Ələsgərli, Natiq Kəlbəcərli və MDU-nun I kurs tələbəsi Səma Zeynallı ifa etdikləri muğam və xalq mahnıları ilə məclisə unudulmaz anlar bəxş etmişlər.

   Dekabr ayının 22-də AYB-nin Natəvan klubunda Mingəçevir bölməsinin nəşr etdirdiyi “Ruhumuzun yaz havası” almanaxının təqdimatı zamanı “Zaur Ustac-Yazarlar” ədəbi qrumunun “İsa Muğanna” diplomları AYB üzvləri  Elşən Əzim və Zümrüd Rəhimovaya, “Mustafa Müseiboğlu” diplomu isə AYB üzvü şair Məhyəddin Məhərrəmoğluna təqdim edilmişdir.

   AYB Mingəçevir bölməsinin xəttiylə ötən ayın sonlarında keçirilən “Xurşidbanu Natəvanın qəzəllərinin ən yaxşı qiraətçisi” müsabiqəsinin qalibi, Yevlax rayonundakı Gülövşə kənd orta məktəbinin şagirdi Xədicə Səfərli şairənin bir qəzəlini əzbərdən söyləmişdir.

   Sonra yerli şairlərdən Ələkbər Sönməz, Bəsti Bərdəli, Namiq Zaman, Məhyəddin Məhərrəmoğlu öz şeirlərini, şair-publisist Məmməd Mərzili isə Natəvana həsr etdiyi şeirini oxumuşdar.

     Tədbirin aparıcısı XX əsr Azərbaycan ədəbiyyatını görkəmli simalarından olan Məmməd Rahimin “Natəvan” poemasından, İlyas Əfəndiyevin eyniadlı pyesindən, şairənin həyat və yaradıcılığından bəhs edən sənədli filimlərdən söhbət açanda, şəhər Veteranlar Şurasının sədri Tahir Məmmədov söz alaraq Səməd Vurğunun illər öncəsi Xurşidbanu Natəvana həsr etdiyi bir şeiri əzbərdən söyləmişdir.

    Sonda 44 günlük II Qarabağ Müharibəsində “Dəmir yumruq”la tarixi düşmənlərimizi diz çökdürüb xalqımıza qələbə sevinci bəxş edən ərən oğullarımızın musiqi-mədəniyyət beşiyi Şuşada büstü gülləboran edilən, Ağdamın “İmarət” qəbristanındakı gor evi dağıdılan xan qızı Natəvanın da ruhunu şad etdiklərini dilə gətirərək, şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə isə cansağlığı diləmişdir.

   Saat yarım ərzində hamıya unudulmaz anlar bəxş etməklə, foto-şəkillərdə iz salıb, video-çəkilişin yaddaşında yer alan yubiley məclisi Xurşidbanu Natəvana yönəlik ehtiram nümunəsi kimi hamını məmnun etdi.

Müəllif: CABİR QƏDİMOV,

“Bənövşə” ədəbi dərgisinin bədii redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

CABİR QƏDİMOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR QRUP YAZAR TƏLTİF OLUNUB

MUSTAFA MÜSEYİBOĞLU DİPLOMU

MİNGƏÇEVİRLİ YAZARLAR TƏLTİF OLUNDU

“Yazarlar” jurnalı və “Ustac.az” saytı tərəfindən həyata keçirilən “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin tərtib etdiyi “Ömrümüzün yaz havası” toplusunda yer almış bir qurup yazar “Mustafa Müseyiboğlu” diplomu ilə təltif olunmuşdur. Diplomlar sabah yəni, 20 noyabr 2022-ci il tarixində saat 14:00 -da AYB-nin “Natəvan” zalında təqdimat mərasimində təqdim olunacaq. Bütün laureatları təbrik edir, gələcək yaradıcılq fəaliyyətlərində uğurlar arzulayırıq. Uğurlarınız bol olsun!

TƏLTİF OLUNANLARIN SİYAHISI:

Ağabala Salahlı     N 002 – 20.11.2022 – Bakı.

Araz Süleymanov  N 003 – 20.11.2022 – Bakı.

Ayşən Rəhim         N 004 – 20.11.2022 – Bakı.   

Bəhman Gülövşəli N 005 – 20.11.2022 – Bakı.

Eyyub Rəşidov      N 006 – 20.11.2022 – Bakı.

Əhməd Süleymanov N 007 – 20.11.2022 – Bakı.

Gülnarə Acalova    N 008 – 20.11.2022 – Bakı.

İsmayıl Yusifli       N 009 – 20.11.2022 – Bakı.

Kəmalə Əyyubqızı N 010 – 20.11.2022 – Bakı.

Qüdrət Məmmədov N 011 – 20.11.2022 – Bakı.

Laçın Eyvazov        N 012 – 20.11.2022 – Bakı.

Mahir Musa            N 013 – 20.11.2022 – Bakı.

Məhyəddin Məhərrəmoğlu  N 014 – 20.11.2022 – Bakı.

Məmməd Mərzili    N 015 – 20.11.2022 – Bakı.

Namiq Zaman         N 016 – 20.11.2022 – Bakı.

Rafiq Ələkbər         N 017 – 20.11.2022 – Bakı.

Rəşid Rəsulov        N 018 – 20.11.2022 – Bakı.

Seymur Sönməz     N 019 – 20.11.2022 – Bakı.

Şahin Adıgözəlov  N 020 – 20.11.2022 – Bakı.

Ülviyyə Məmmədli N 021 – 20.11.2022 – Bakı.

Valeh Heydər        N 022 – 20.11.2022 – Bakı.

Vahid Xəyali         N 0 23– 20.11.2022 – Bakı.


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru