15 iyul, 2026-cı ildə AYB Mingəçevir bölməsinin növbəti toplantısı keçirilib
15 iyul, 2026-cı ildə AYB Mingəçevir bölməsinin növbəti toplantısı keçirildi. Toplantını giriş sözü ilə açan Azərbaycan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mingəçevir bölməsinə yeni sədr təyin olunmuş şair Elşən Əzim bölmənin yaradıcısı və 27 il sədri olmuş İsmayıl İmanzadə nin xatirəsinin bir dəqiqəlik sayğı duruşu ilə yad edilməsini təklif etdi. Sayğı duruşundan sonra Elşən Əzim görkəmli şair-publisist İsmayıl İmanzdənin çoxşaxəli fəaliyyətindən, Mingəçevir ədəbi mühitinin formalaşmasındakı rolundan danışdı.
Çıxış edənlər MDU-nun müəllimi Mehman Rəsulov, gənc şair-drammaturq Elçin Məhərrəm, qocaman şair Ağabala Salahlı, gənc yazıçı-esseist Şamil Həsən, tarixçi Qurban Vahidov, AYB üzvü, şair Əhməd Əfsun, AYB üzvü yazıçı Zümrüd Rəhimova, şairə Rahilə Hüseynqızı, AYB üzvü, şair Bəhman Gülövşəli, AYB üzvü, gənc şair Nicat Hunalp , şair – publisist, AJB üzvü Məmməd Mərzili, satirik şair Eldəniz Cəfəroğlu və b. Yeni ədəbi-bədii yazılarını səsləndirdilər, arzu və təkliflərini bildirdilər.
“Yazarlar” olaraq mərhum İsmayıl İmanzadəni rəhmətlə anır, AYB MİNGƏÇEVİR BÖLMƏSİnin kollektivinə bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində vəfat edib
Azərbaycan ədəbiyyatına itki üz verib. Tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində vəfat edib.
İsmayıl Səlim oğlu İmanzadə 10 dekabr 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1965-ci ildə indiki Gəncə Dövlət Universitetini bitirib. Uzun illər orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb.
1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Mingəçevir şəhərində məskunlaşıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində şöbə redaktoru, sonradan “Mingəçevir” qəzetində müxbiri vəzifələrində çalışıb. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri, “İnam” qəzetinin, “Bənövşə” və “Mingəçevir leysanı” ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktoru olub.
İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. “Səni soraqlaram” adlı ilk kitabı 1980-cı ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb. Sonralar onlarla kitabı nəşr olunub. Şeirlərinin əsas mövzusu vətənpərvərlik duyğusu, yurd sevgisidir. Uşaqlar üçün yazdığı şeirlərinin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün vəsaitlərdə yer alıb. Altmışa yaxın şeirinə bəstəkarlar tərəfindən musiqi bəstələnib.
İsmayıl İmanzadə təkcə istedadlı ədib deyil, həm də fədakar ziyalı, qayğıkeş rəhbər idi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri kimi gənc istedadların üzə çıxarılmasına, ədəbiyyatımızın inkişafına və ictimaiyyət arasında layiqincə təmsil olunmasına əmək sərf etmiş, həmişə qələm əhlinin yanında olub.
Ədəbi-publisistik yaradıcılığı ilə otuz ildən artıq yaşadığı Mingəçevir şəhərinin ictimaiyyətində, eləcə respublika ədəbi mühitində rəğbət qazanıb.
Tanınmış söz ustadı, ziyalı İsmayıl İmanzadənin əziz xatirəsi onu tanıyanlar xatirəsində, ədəbiyyat tarixində yaşayacaq.
***
İsmayıl İmanzadə Mingəçevir şəhərində dəfn edilib. Vida mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir və Cəbrayıl ziyalıları, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu gün, 15 aprel AYB-nin Mingəçevir bölməsinin yazarları baharın söz otağında sözün içığına toplaşdılar. Söz otağına toplaşanları AYB-nin Mingəçevir bölməsin sədri, çağdaş poeziyamızın tanınmış şairi İsmayıl İmanzadənin vacib işi olduğuna görə Məmməd Mərzili salamladı. O, İsmayıl müəllimin salamlarını yazarlara çatdırdı. Sonra vaxtsız dünyasını dəyişmiş şairə Minarə İsgəndərlinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüşdə iştirak edən yazarlardan Bəhmən Gülövşəli, Namiq Zaman, Əhməd Əfsun, Eldəniz Cəfəroğlu, Ağabala Salahlı, Mikayıl Yusifli, Mehman Rəsulov, Mehman Məlikov, Mahir Musa, Elçin Məhərrəmli, Vahid Bəkiroğlu və Məmməd Mərzili vaxtsız dünyasını dəyişən Minarə İsgəndərli ilə olan xatirələrindən danışdılar. Sonra hərə öz yazdığı yeni şeirlərindən nümunələr səsləndirdilər. Yazarlar bu görüşdə istedadlı şair, yazıçı Elşən Əzimin təsis etdiyi, yeni çapa hazırlanan “Söz odası” jurnalına da öz münasibətlərini bildirdilər. Elə bu görüşdə jurnala abunə oldular. Sonda Məmməd Mərzili görüş iştirakçılarına uğurlar arzuladı! Tədbirdən fotolar:
15.03.2026-cı il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının növbəti yaradıcılıq görüşü keçirildi. Əvvəlcə ustad İsmayıl İmanzadə şair Əhməd Əfsunun Azərbaycan Yazıçılar Birliyinə üzvlük vəsiqəsini təqdim etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı, həmçinin qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bölmə yazıçılarını səmimi qəlbdən təbrik etdi. Daha sonra şairlərdən Mikayıl Yusif, Bəhman Gülövşəli, Ağabala Salahlı, Mahir Musa, Rəşid Rəsulov, Mehman Rəsulov, Namiq Zaman, Eldəniz Cəfəroğlu və Əhməd Əfsun müxtəlif mövzularda qələmə aldıqları şeirlərini səsləndirdilər.
Nəhayət, gənc yazıçılardan Nicat Hunalp yeni şeirlərini və Şamil Həsən yeni essesini oxuyaraq tədbiri başa çatdırdılar.
Məlumatı hazırladı: Şamil HƏSƏN AYB Mingəçevir bölməsinin mətbuat katibi
Otuz yaşın mübarək, Nicat. Necəsən? Bu suala “bir şair necə olmalıdırsa o cürəm” şablonda cavab verəcəksən?
Şamil, əvvəlcə məndən müsahibə aldığına görə sənə təşəkkür edirəm. Çox sağ ol. “Necəsən” sualını gündəlik həyatımızda çox eşidirik. Və demək olar, heç kim bu suala səmimi cavab vermir. Problemi olmayan da, ruhi sıxıntılarla boğuşan da, əzablarla qovrulan adam da bu suala “yaxşıyam” cavabını verir. Mənə elə gəlir ki, bunu ümumiləşdirmək olmaz. Bu hadisə hər şairdə eyni ola bilməz. Şair Əlisəmid Kür həyata fərqli bucaqdan baxırdı. Şair “Kentavr” şeirində Əlisəmid Kür birbaşa olaraq öz taleyini yazıb. Rüstəm Behrudi şeirlərində Tanrıyla danışır, yer-göylə əlləşir, iblisi günahkar görmür. Mənə maraqlıdır ki, Rüstəm Behrudi içindəki kədəri, ruhsal sıxıntıları çözə bildimi? Nicat Hunalp olaraq, mən özümü tapa bilməmişəm. Bir boşluğun içində, natamamlıq içindəyəm. Sanki nadanlar tərəfindən quyuya atılmış Yusif peyğəmbərəm. Daima düşünürəm, amma özümü tapa bilmirəm. Ümumiyyətlə, hansısa bir yazıçı özünü tapdığına əmin olanda yaradıcılığı da bitir.
“Şair taleyi” adlı bir şeirində belə bir sətr gözümə dəymişdi: “Bir şair taleyi yaşamalıyam mən”. Nicat, məgər indi başqa tale yaşayırsan?
Xeyr, mən elə doğulandan şair taleyi yaşayıram. Hər kəs şeir yaza bilər, ancaq şairlik başqa bir zirvədir. Əsl şairlərin özlərinə xas taleləri olur, əgər o taleyi yaşamırsansa, şair deyilsən. Əlisəmid Kür şair taleyi yaşadı, Musa Yaqub, Rüstəm Behrudi və s siyahımızı uzada bilərik. Səməd Vurğun səhvləriylə, düzləriylə şair taleyi yaşadı. Hüseyn Cavid, bəli, şair taleyi yaşadı. Məncə, rahatlıq, vəzifə yaradıcılığı öldürür. Necə ki tufanlardan küləklərdən, yağışlardan keçən ağaclarla dekorotiv bitkilər bir deyilsə, komfortda yaşayan insan da əzablar içində qıvrılanla eyni deyil.
Təxəllüsün Hunalpdır. Niyə Hunalp? Niyə Kamaloğlu və ya soyadına görə Qasım deyil, məhz Hunalp? Bunu sənin üçün xüsusiləşdirən nədir?
İstədim, təxəllüsüm daha fərqli olsun. Buna görə də Hunalp təxəllüsünü götürmüşəm. Hunalp, yəni hun igidi. Düzünü desəm, insanlar eşidəndə təəcüblənirlər, hətta sərgilərdə qeydiyyatçılar Hunalpı səhv yazırlar, dəyişdirməyə məcbur qalıram.
Səncə, Azərbaycan vətənpərvərlik ədəbiyyatı çərçivədən kənara çıxıbmı? Məsələn, sən bu çərçivədən çıxmısanmı?
Xeyr, bir mənalı olaraq bu çərçivədən kənara çıxa bilməmişik. Bizim yazdığımız pafoslu şeirlər hansısa avropalıya maraalı deyil. Şair Elşən Əzim Kəlbəcərə səfəri zamanı eynəyin itirib və eynək şeirin qələmə alıb. Son zamanların ən gözəl vətən şeirlərindən sayıram. Biz də bəzi şairlər elə bilir ki, şeirdə Şuşanın, Laçının adın çəkməsə, dünya dağılacaq. Şuşaya yazılan şeirlərin, demək olar əksəriyyətinin poetik çəkisi yoxdur. Mənim poeziyamda ara-sıra pafoslu şeirlər olub, ancaq o şeirlərin əksəriyyəti poetik çəkiyə malikdir. Vətəni, milləti sevməliyik, ancaq onu mistikləşdirməyək.
Venn diaqramı çəksək, səni digər şairlərdən fərqləndirən şərtlər hissəsində nələri qeyd edərdin?
O şairin ki şeiri, başqa şairlərin şeirindən fərlənmirsə, şeiri oxuyanda “bu şeir Vaqif Bayatlının şeiri ola bilər, bu şeir Ramiz Rövşənin şeiridir” demirsənsə, onda sən heç şeir yazma. Əvvəl şeir yazanda, şeirlərim bəzi şairlərin şeiri ilə oxşar idi. Amma zaman keçdikcə mən öz üslubumu formalaşdıra bildim. Mənim “Ayaqqabı tənhalığı” şeirim var. Orada vəfat etmiş birinin ayaqqabısının qapı ağzında qalmasından bəhs edilir. O ayaqqabı, sahibi öldükdən sonra tənhalığa məhkum olur. Onu külək vurur, yağış yuyur, gün qurudur. O yalnızlığı, tənhalığı poeziyaya gətirmişəm. “Alp Aruz taleyi” şeirimdə heç kimin baxmadığı prizmadan Alp Aruza baxmağa çalışmışam. Şeirdə Dədə Qorquda qarşı bir etiraz, küskünlük var. Daha bəsdir da, Tanrı taleyi yazıbsa, kimisə niyə sonsuz olmağına görə qınamalıyıq? Düzdümü? Men daha çox şeirlərimdə insanların ağrı-acısına şərik çıxmışam.
Atı daha çox düşünürsən, yoxsa yuxusu ərşə çəkilən balıqçını?
Səmimi olum. Atı çox düşünürəm. At mənə görə ideoloji bir şey də deyil. At bütün millətlər üçün eynidir. Atın əhilləşdirilməsi Eneolit dövrünə gedib çıxır. Atı ona görə sevirəm ki, at insanların tarix boyu ağrısını, yükünü çəkibdir. İnsanlar tarixdə addımlamağını atlara borcludur. Mən düşünmürəm ki, nə zamansa atlar dəbdən düşəcək. Mən at sürürəm deyəndə çox adam qəribə yanaşır. Maşınlar zamanla sıradan çıxa bilər, amma atlar çıxa bilməz. Ümumilikdə mən otaqda yalqız əzab çəkən hörümçəyi də, səhər yuxusu ərşə çəkilmiş balıqçını da düşünürəm. Amma indi atdan çox yazıram, yəqin ki ruhumun at ruhuna yaxınlığına görədir
Özünü yazırsan, Nicat, yoxsa başqasını? Şeirlərində intihara cəhd etdiyindən danışırsan. “Ölüm simfoniyası”nın sirkəni başına çəkmək istəyən drijoru sənsən?
“Konfransa Elegiya” şeirində özümü yazmışam. “Ölüm simfoniyası” şeirində xalamın ölümündən yazmışam. Anam qədər mənim əziyyətimi çəkib xalam, məni öz övladlarından ayırmayıb. Bu şeiri də yazmağı xalamın qarşısında mənəvi borc bildim. “Ayaqqabı Tənhalığı” kitabımı da xalamın ruhuna ithaf eləmişəm. Şeirlərimin demək olar, çoxunda özüm varam. “Bir bulud ağlayır, ay göy üzü, əl çək daha yaxamdan” şeirlərimdə darıxmalarım, sıxıntılarım əks olunub. Bəli, şeirlərimdə ölüm əsas yer tutur. Bilmirəm nədən, məncə, ölüm yaşamdan daha çox yaxındır mənə.
Deyirsən ruhum Altayda gəzir, amma Mingəçevirdə küçəyə çıxanda üşüyürsən. Sənin ruhun ora tab gətirər? Yoxsa yenə pafos?
Uzaq Altaylarda bir ruh dolaşır, Obun, Yeniseyin, Orxunun üstə Yazılır tarixin qanlı sözləri, Göytürkün, Ağ Hunun, Uyğurun üstə.
Tək Altaylarda yox, dünyada ruhlar dolaşır. Amma məhz ruhuma yaxın olduğu üçün şeir belə qələmə alınıb. Altay yazıram? Mənim ruhum Temza çayının sahilində də dolaşa bilər, Monqolustanda Qobi səhrasında da, Afrikanın Saxara səhrasında da. Altayın çöllərində ruhum həmişə tab gətirər, cismim tab gətirə bilməz. 50 dərəcə soyuqda, təbii ki, cismim tab gətirə bilməz.Pafos lazım deyil.
Ədəbiyyatda əyalət paytaxt ayrı-seçkiliyinin səbəbinin nə olduğunu düşünürsən? Bir əyalət şairi olaraq buna münasibətin necədir?
Əvvəlcə onu deyim ki, paytaxt-əyalət problemi tək bizdə deyil. XVIII-XIX əsr Fransa ədəbiyyatında əyalət şairləri Parisə köçməsəydilər, tanınmaqda çətinlik çəkərdilər. Uzun zaman ingilis yazıçıları London ətrafında cəmləşmiş, irland, şotland kimi millətlərin yazıçılarını qəbul etmirdilər. Rusiyada da bu problemi görə bilərik. Moskva, Peterburqda çap olunmayan yazıçılara məşhurluq misqal-misqal gəlirdi. İlk dəfə bu düşüncəni sarsıdan əyalət insanlarının həyatından yazmaqla Anton Çexov oldu. Məncə, bu məsələ bizdə çox sərt şəkildə gedir. Əyalət şairlərinə yuxarıdan aşağı baxmaq Azərbaycan ədəbiyyatına baş ucalılığı gətirməyəcək. Belə bir psixologiya formalaşıb ki, paytaxtdadırsa, deməli, yaxşı yazır. Bu kökündən yanlış düşüncədir. Əyalətdə də, paytaxtda da istedadlı şairlər var, həmçinin tərsinə istedadsız. Bu gün yaşadığım əyalətdə Mingəçevir şəhərində kifayət qədər ədəbiyyat adamları var. İsmayıl İmanzadə, Elşən Əzim, Əhməd Əfsun, Namiq Zaman kimi şairlərin adın çəkə bilərəm. Paytaxtla müqayisədə əyalətdə imkanlar azdı. Əyalətdə yaşayan şairlərin əli Bakıya çox zaman çatmır. Bunun kökündə ilk olaraq maddi sıxıntılar dayanır. Bəzi hallarda şəxsən paytaxt qəzetleri əyalət şairlərini çap etmir. Mən əminliklə deyə bilərəm ki, əyalət adını eşidən kimi çoxusu yazını oxumur heç. Bu gün öz imkan və əlaqələrimiz yetdiyi yerə qədər əyalətdə ədəbiyyat adına işlər görməyə çalışırıq. Vallah, əyalətdə elə gənclərimiz var ki, istedadlıdır, fərqli baxış bucağı var. Mən ilk növbədə Elçin Məhərrəmin adını çəkə bilərəm. Müasir Azərbaycan dramaturgiyasında yeni bir günəş doğulub desəm yanılmaram. Pyesləri Azərbaycanın müxtəlif teatrlarında səhnəyə qoyulub. Hətta Mingəçevir Dram Teatrına yeni nəfəs gətirib. Bir müddət əvvəl işlədiyi teatrı kitabxana ilə təmin etməyi bacardı. Elçin Məhərrəm əsərlərində insan ağrı-acısını, əzablarını, həyatın çılpaqlığını göstərir. Bu yaxınlarda “Günəşin Dostları” adlı əsəri Qax Kukla teatrında səhnəyə qoyulacaq. İcazənlə səni də qeyd eləmək istəyirəm. Şamil Həsən olduqca istedadlı, daima mütaliə edən bir yazıçıdır. Hər zaman müşahidə edir, öyrənir. Mən deyərdim ki, son dövrün ən yaxşı hekayələrindən birini – “Bağacıqlar”ı yazıb. Bu hekayəyə dəyərli ədəbiyyatşünasımız Mətanət Vahid təhlil yazıb. “Bumeranq” essesi isə başqa bir uğurlu alınıb. Essedə yaradıcılıq prosesinin necə baş verməsindən danışılır. Bayaq da dediyim kimi, əyalətdə bu gün də istedadlı şair və yazıçılarımız var. Sadəcə imkanların kasadlığı, təəəsüf ki, onların çoxunu kölgədə saxlayıb.
Müsahibə alan: Şamil HƏSƏN AYB Mingəçevir bölməsinin mətbuat katibi
25.01.2026-cı il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının yaradıcılıq görüşü keçirildi. Ustad İsmayıl İmanzadə giriş nitqində hər kəsi salamlayaraq, keçən il görülmüş ədəbi işlərlə bağlı fikirlər söylədi və başda şəhərin gənc yazıçıları olmaqla, bölmənin bütün qələm əhlini təqdir edərək onlara uğurlar arzuladı. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Ağabala Salahlı, Mahir Musa, Eldəniz Cəfəroğlu, Əhməd Əfsun, Zümrüd Rəhimova, Mehman Rəsulov, Ruhani Gülövşəli, Rəşid Rəsulov müxtəlif mövzularda qələmə aldıqları şeirlərini səsləndirdilər. Gənc yazıçılardan Nicat Hunalp xalq yaradıcılığından təsirləndiyi “Bayquş kədəri” şeirini, Elçin Məhərrəm ekspressionist sərbəst şerini, Şamil Həsən isə “Bumeranq” adlı yeni essesini oxudular.
Müəllif: Şamil HƏSƏN AYB Mingəçevir bölməsinin mətbuat katibi
Ceffersonun bəhs etdiyi böyük gün gəlib çatmışdı. Məhz bu gün o, işçilərə maaşlarının artacağı xəbərini verəcəkdi. İşçilər aylardır ki, bu xəbəri gözləyirdilər. Nə vaxt direktorla söhbət zamanı əmək haqqı barədə mövzu açılırdı, o şövqlə bu günü işardə edirdi. Hamı şirkətin iclas zalına ( köhnə teatrın zalı ) doluşmuşdu. Zala həm şimal-cənub həm də şərq-qərb tərəfdən baxdıqda yanlız bir şeyin şahidi ola bilərdin- Təbbəsümün. Saça yapışan saqqız kimi təbbəssüm bütün işçilərin üzlərinə yapışmışdı. Hamı deyir-gülür, bir-biriylə zarafatlaşırdı. Birdən qapı cırıltı ilə açıldı. Direktor və idarə heyəti zala daxil oldular. Hamı ayağa qalxdı. Cefferson əliylə əyləşin göstərişini verdikdən sonra çıxış üçün hazırlanmış kürsüyə qalxdı. O çox gərgin, əsəbi görünürdü. Cibindən çıxardığı vərəqi kürsüyə qoyduqdan sonra gözlərini 200 nəfərin gözlərinə zilləyərək ( o bunu bacarırdı) danışmağa başladı.
-Hörmətli işçilər, əziz həmkarlar. Bilmirəm söhbətə haradan başlayım. Mən bu günü səbirsizlikə gözləyirdim. Bilirsiniz, siz mənim ailəmsiniz. Ailənin atası necə ki, ailəsini xoşbəxt görmək istəyir, mən də şirkətin atası olaraq işçilərimi xoşbəxt görmək istəyirəm. Lakin bəzən həyat ataları yorur, incidir, sıxır. Belə olan halda onlar övladlarını sevindirə bilmirlər. Onların üzlərini güldürə bilməmək… Ax bu necə dəhşətli bir vəziyyətdi. Bu gün mən də sizin qarşınızda yorğun ata kimi çıxış edirəm. Yorğun olmağımın səbəbi var. Bu günə olan statistik məlumatlara əsasən deyə bilərəm ki, reklam etdiyimiz məhsulların son səkkiz gündür, satışında kəskin azalmalar var. Mən böyük təəssüf hissiylə, kədərlənərək demək istəyirəm ki, mən sizin maaşlarınızı artıra bilməyəcəm…
Zalı bir anda hay-küy götürdü. İşçilər yerində qurcalanmağa, bir-biriylə söhbət etməyə başladılar. Sükutu direktorun “Bir dəqiqə əzizlərim” ifadəsi kəsdi. Bütün diqqətlərin yenidən özündə cəmləndiyini görən Cefferson sözünə davam elədi.
-Bütün bunların bir səbəbi var. Düz bir həftədir, mənim- şirkətin atasının haqqında qaralama kompaniyalarına başlayıblar. Ard-arda pamfletlər yazırlar, yuxarılara məktublar göndərirlər. Öz dalına şalvar ala bilməyən tüfeyli bir çayxana jurnalisti görün mənim – yəni sizin haqqınızda nə yazıb.
Pamfletdən bir hissə :
Dünən baş vermiş hadisə başdan ayağa fiasko idi. “Cefferson” reklam şirkətinin rəhbəri, direktoru dövlətin onlar üçün ayırdığı yardımı öz yaxın ətrafı ilə mənimsəyib. Buradan işçilərə bir qəpik də düşməyib. Bununla bağlı müraciət etdiyim rəsmi qurumlardan sonra şəxsimə dair təhdidlər almışam. Hətta, Cefferson məni birbaşa doğratmaqla təhdid edib. Qoçularını üstümüzə göndərməklə nəticə alacağını zənn edənlər, özlərini Stalinə, Hitlərə bənzədərək onların miras qoyduğu qara idarəetmə forması ilə hərəkət edənlər, qanun qarşısında cavab verəcəklər.Artıq bəsdi.
Ey Cefferson ! Sən kralsansa, Berlinin də hakimləri var .
Ölüm Haqdan , Kəfən Məmməcəfərbəydən…
-Düz 7 nəfər mənim yəni sizin haqqınızda bu cür cəfəng yazılar yazıblar.
Təəssüf,bu yazılardan sonra şirkətin nüfuzu aşağı düşdü. Nəticədə nüfuz aşağı düşdükcə çörək də əldən çıxdı. Yəni sizin, mənim övladlarımın çörəyi itdi.
Bütün bunların səbəbkarı o itdöyən jurnalistdi. Bizdə, yəni sizdə nə İMAN qoydu nə də ÇÖRƏK. Hə, bir də unutmayın mən olduqca DEMOKRATİK biriyəm.
Cefferson fikrini tamamladı və kürsüdən düşərək ön sırada əyləşdi.
Zalın suyu qaynamağa başlamışdı. Bu çıxış onun suyunun 55 C-yə qaldırdı. Sonra
Lama İzabella ağır addımlarla kürsüyə qalxdı. Dombalmış gözləriylə ətrafın rentgenini çəkdi və çıxan nəticəni dəyərləndirdikdən sonra danışmağa (tüpürməyə) başladı.
-Uca, mərhəmətli, sevgi dolu, səbirli Yaradanın adıyla sizləri salamlayıram. Əzizlərim bilirsiniz ki,bu günün tez gəlməsi üçün çoxlu dualar edir, nəzirlər verirdim. Ramazan bayramında oruc tutur, heç bir Şabat gününü qaçırmır, İsa Məsihin doğum gününü qeyd edir, evimdə olan kiçik Budda heykəlini təmizləyir, Qızıl tovuzquşu təsvirinin ətrafında dövrələr vurur, Ahuramazdaya hər gün alqışlar söyləyirdim. Amma bu gün olduqca məyus oldum, kədərləndim. Sonra göz yaşlarımı sildim və bura çıxdım ki, sizə bu hadisədə bizim də günahımız olduğunu xatırladım. Bəli, biz günahkarıq. Bizim maaşlarımızın artmamasına səbəb elə özümüzük. Çünki biz Şeytanı, Demonu unutduq.Yadımızdan çıxdı ki, bu dünyada Əhriman da var. İndi biz əlimizi-qolumuzu bağlayıb oturmuşuq. Bəlkə bu zalda oturan bəziləri elə düşünür ki, o əxlaqsız jurnalistin yazdığı doğrudur ?! O şeytandır, şeytandır… İzabella əliylə zalın qapısına tərəf işarə elədi. Sonra uca səslə sözünə qaldığı yerdən davam etdi.
“Burada təəccüblü heçnə yoxdur, çünki Şeytan da nur mələyin cildinə girir“
Bunu mən demirəm Müqqəddəs Kitab deyir. 2-ci Korinflilərə 11:14- ayəsi.
Dünən gecə hövnlak yerimdən dik atıldım. Kabus görmüşdüm.Dəhşətli kabusla bərabər qəribə bir möcüzə də əyan oldu mənə.
Deməli yuxuda gördüm ki, çayın sahilində tək gəzirəm. Bu çay İori çayıdı. Dəqiq bilirəm ki, İori idi. Birdən çayın içindən yeddi kök inək çıxıb çayın qırağında otlamağa başladı. Mən də bunlara tamaşa edirəm. Sonra çayın içindən yeddi arıq inək də çıxdı. Biri zil qaraydı.Bunlar kök inəklər kimi heç otlamadılar da.Sağlam inəklərin üstünə cumub onları parçalayıb yedilər. Mən donub qalmışdım. Gözümdəki yaşın yanağımı yandırdığını yuxuda da hiss edirdim. Birdən göydə nəsə parladı. Gözlərim o andaca qamaşdı. Gözümü açıb gördüm ki, qarşımda başdan-ayağa ağ paltara bürünmüş kök, yaypan bədənli bir kişi durub. Bu kişinin saçı yox idi,amma başında par-par parıldayan bir tacı vardı. Elə bil başına ulduz qonmuşdu. Əlində tutduğu yaşıl rəngə çalan əsayla yerə üç dəfə vurdu. Bu hərəkətdən sonra qeyri-ixtiyarı onun qarşısında təzim etdim. Əlini çiynimə qoydu və mənə dedi ki, mən Əldebaran ulduzundan gəlmişəm. Nəyə görəsə bu sözdən sonra mən rahatladım və ona gördüyüm hadisəni danışdım. Əlini çiynimdən çəkmədən dedi “Qorxma mən sənə kömək edəcəm”.
-Qulaq as İzabella. İori çayından çıxan yeddi sağlam inək o deməkdir ki, yeddi il siz bolluq, artım içində yaşayacaqsınız. Heç bir çətinliyiniz olmayacaq. Bağlarınız barlı,sularınız təmiz olacaq. Sonrakı yeddi il ərzində isə sizi quraqlıq, aclıq gözləyir. Meyvələrinizə, tərəvəzlərinizə qurd düşəcək. Aclıq bir yırtıcı heyvan kimi boğazınızdan yapışacaq. Sularınız qurayacaq. Quraqlığı, natəmizliyi bir libas kimi əyninizə keçirəcəksiniz.Biri-birinin iç-çalatını çıxarmağa hazır olan vəhşi, barbar tayfalar kimi özünüzlə vuruşacaqsınız.Xəstəlik,ağrılar,sancılar sizləri Olimp dağlarına qədər dırmaşdıracaq. Elə bir vaxt gəlib çatacaq ki, ana sağalamaq üçün övladının ətini çiy-çiy yeyəcək. Övlad anasının baş dərisindən sitayiş etdiyi bütlərə paltar tikəcək.
Əldebaran ulduzundan gələn müqəddəsin bu danışdığından sonra mən onun dizlərinə qapanıb yalvardım, vay-şivən qopardım, kömək istədim. O qolumdan yapışaraq ayağa qaldırdı və dedi :
-Qorxma İzabella. Əgər dediklərimi yerinə yetirsən sənə, sənin ətrafına, yaxınlarına və iş yoldaşlarına heç bir fəlakət toxunmaz. Mənə inan. Səhər açılan kimi hamama girib sirkə ilə yuyun. Yemək yeməmişdən qabaq üç dəfə Maidə surəsi 33-cü ayəni indi sənə oxuduğum kimi uca səslə oxu.
“Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əlləri və ayaqlarını çarpazvari kəsmək yaxud da yaşadıqları yerdən sürgün edilməkdir.Bu onlar üçün dünyada rüsvayçılıqdır.Axirətdə isə onları böyük bir əzab gözləyir”
Sonra ətrafına,dostlarına,iş yoldaşlarına bu ayəyə uyğun hərəkət etməli olduqlarını söylə. Əgər onlar işlərinizi pozan, çörəyinizi əlinizdən alanlara rəhm etsələr, Yaradan da onlara rəhm etməyəcək. Onları Gehinnom vadisində sonsuz əzaba düçar edəcək.
Unutma İzabella düşmənləriniz 7 gün içində 7 fərqli alətlə cəzalanmalıdır. Yaradanın buyruğu belədi – dedi və bir anda gəldiyi kimi də getdi.
Hamı ovsunlanmışdı. İzabella kürsünün yanından 5-6 addım kənara atıldı. Sonra əliylə giriş qapısının yanında duran şirkətin anbardarına işarə edib, danışmağa başladı ( tüpürməyə )
-Ey mənim əziz həmkarlarım ! Yaradan bizi sevir və bizə çıxış yolu göstərir. Bu müqqəddəs vəzifəni həyata keçirmək sizlərin içərisindən seçilmiş 7 nəfərə qismət olacaq. 200 nəfərdən kim öncə işi həll etdi, Əldebaran ulduzundan yaxasına parıltı düşəcək. Gedin o 7 qara ac inəyi məhv edin ki, ruzimiz tez bir zamanda verilsin, maaşlarımız artsın. Yaradanın buyruğu belədi. – Lama İzabella nitqini bitirdi.
Suyun istiliyi artıq 100 dərəcəyə çatmışdı. Pıqqıltı qopararaq zaldakılar anbardarı, qarşısında duran stol qarışıq dövrəyə aldılar. Anbardar onlara sıraya keçmələrini bildirdi. Hər kəs sırayla anbardardan alət götürməyə başladı. Cefferson da sıranın lap sonunda dayanmışdı.Anbardar aləti verdikcə qarşısında duran kağıza qeydiyyatını aparırdı. Aləti alanlar avşar atılısı kimi çaparaq şirkətdən çıxırdılar.
Alətlər bunlar idi :
Otellonun qılıncı ;
Balta ;
Ov bıçağı ;
Lermantovun tapançası ;
Veronal adlı yuxu dərmanı ;
Obsidiyandan düzəldilmiş əl çapacağı ;
Mauser C96 tapançası .
Mənim bəxtimə Veronal düşmüşdü. Hamı kimi mən də şirkətdən çıxdım.
BİZ BİRLİKDƏ GÜCLÜYÜK… (AYB-nin Mingəçevir bölməsinin növbəti yaradıcılıq günündən gələn soraq)
Əvvəlcə Mingəçevirdə, sonrasa paytaxt Bakıda özünün 25 illik yubileyini keçirmək istəyiylə hazırlıq işlərini sonuclamaqda olan AYB Mingəçevir bölməsinin bu dəfəki (15.10.2024) yaradıcılıq günü də bir sıra əlamətləriylə hamını məmnun etdi.
Bölmə rəhbəri, şair-publisist İsmayıl İmanzadə qısa zaman ərzində görülməsi nəzərdə tutulan bir sıra vacib işlərdən söz açdı və onun təklifiylə yaradılan yubiley komissiyasında təmsil olunanlara,- bütövlükdə isə ayrı-ayrı yazarlara tapşırıqlar verildi. Bölmə rəhbərinin sözlrindən aydın oldu ki hazırda Bakıdakı nəşriyyatlardan birində “Bənövşə” ədəbi-bədii dərgisinin “25-Cİ ADDIM” adlı xüsusi buraxılışı çap olunan kimi hər iki yubiley tədbiri reallaşacaqdır. Bölmə rəhbəri bu əlamətdar hadsəni mingəçevirli yazarlar üçün həm yubiley sevinci, həm də yaradıcılıq hesabatı kimi dəyərləndirdi və : “Dostlar, unutmayın ki, biz birlikdə güclüyük!”-deyərək həmkarlarına uğurlar arzuladı… Tədbirin sonrakı məqamlarında Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov və bölmə rəhbərinin “müşaviri” Rəşid Rəsulov xeyir-dualarıyla söz məclisinə sevinc dolu anlar bəxş etdilər… “Ahıl və cahıl” şair dostumuz Ağabala Salahlının məhəbbət mövzusunda oxuduğu şeir də diqqətdən kənarda qalmadı. Şairlərdən Bəhman Gülövşəli, Məmməd Mərzili, Elçin Məhərrəm, Nicat Hunalp, Eldəniz Cəfəroğlu, Mahir Musanın müxtəlif mövzularda qələmə aldıqları şeirləriylə, gənc yazıçı-dramaturq Şamil Həsənsə təzəcə yazdığı pyesindən bir parça oxumaqla könül xoşluğuyla keçən anların yaddaşında iz saldılar. Elvin Rəfaeloğlunun bu il aprel ayında dünyasını dəyişən atası, AYB-nin üzvü Rəfael Dəmiroğlunun bir neçə şeirini söyləməklə yadda qaldı… Bölmə rəhbəri İsmayıl İmanzadə də sonda iki şeirini oxudu və: “İnşallah, oktyabrın 27-də, saat 11-də “Palitra” Ədəbi Klubunda yenidən birlikdə olacağıq!”-deyərək, yazarlara uğurlar dilədi…
ƏDƏBİ GƏNCLİK MƏNİM QOLUM-QANADIMDI …Bəzilərinin nəzərində sadəlöhv-avam adam kimi tanınsam da (Neyləyim, bir şeirimdə dediyim kimi, zəmanə adamı ola bilmədim!..) kimlərəsə yaxşılıq edəndə özümü çox rahat hiss edir, qarşılığını gözləmədən yoluma davam edirəm. Cəbrayılda yaşadığım illərdə “Ümid” Ədəbi Klubu adlanan söz məclisinə 1978-ci ildən 1993-cü ilə kimi rəhbərlik etmiş, rayonun istedadlı qələm sahiblərinin ölkə miqyasında tanınması naminə əlimdən gələni kimdənsə əsirgəməmişəm. İndiki günlərdə yaşları əllini-altmışı ötmüş yazar həmyerlilərimin ilk yazılarının o vaxtlardakı “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan müəllimi” qəzetlərində, “Ulduz”, “Kənd həyatı”, “Təşviqatçı”… jurnallarında dərc edilməsinə nail olmuş, bir sıra tanınmış qələm sahibləri ilə rayon mərkəzində, ayrı-ayrı kəndlərdə, mədəniyyət evlərində və məktəblərdə görüşlərini təşkil etmişdim. Allah şahiddir ki bu addımlarımın arxa üzündə heç bir təmənnam və umacağım olmayıb…
Mingəçevirə gələndən sonra şəhər qəzetində işləməyim yerli yazarlarlarla tanışlığımı dostluğa çevirdi. Onlarla istedadlı şəxsin yazılarının mətbuat səhifələrində yer almasında, sonra isə AYB Mingəçevir bölməsinin yaradılmasında önəmli pay sahibi oldum. Bölmə fəaliyyətə başlayan kimi ömürləri boyu mərkəzi mətbuatın yolunu tanımayan söz adamlarının şeir və hekayələrinin qəzet və jurnallarda dərc edilməsinin sevincini yaşadım… Gənc yazarların ədəbi uğurlarına ürəkdən sevindim. Onların hər dəfə qəzet və jurnallarda yazıları dərc olunanda fərəh hissi keçirdim. Ümumiyyətlə, kimisə zəif yazısına görə acılayan adam olmamışam, əksinə yaşlı və orta nəslin nümayəndələrinə ehtiramla yanaşmış, cənc yazarlara isə etimad bəsləmişəm. Bunun nəticəsi olaraq bölməyə qədəm qoyan gənclərə qayğıyla yanaşmış, onlara inam bəslədiyimi sevinc hissiylə dilə gətirmişəm. Son 25 il ərzində iki-üç nəfər istisna olmaqla etdiyim yaxşılıqları unutmayıblar!.. İndiki günlərimizdə Mingəçevirdə yaşayan gənc yazarlara yönəlik etimadım artıq öz bəhrəsini verməkdə, ilin əvvəlində yaratmış olduğumuz Gənclər Şurası öz barını-bəhrəsini ortaya qoymaqdadır. İstedadlı gənc yazar Elçin Məhərrəmin rəhbərlik etdiyi şuranın üzvləri,-Nicat Hunalp, Şamil Həsən, Mədinə Rəhimova, Ruhani Cəfərov, Əfqan Dönməz, Talib Həsənli… indi mənim bükülməyən qolum-qanadlarımdı. Onlar bölmənin təzə simvolunu hazırlayıb ortaya qoyublar, “Bənövşə” ədəbi dərgisinin nəşrinin bərpası yönündə əməli fəaliyyətə başlayıblar… P.S. Son bir aya yaxındır ki bölmənin 25 illik yubileyi ilə ilgili xüsusi buraxılışı nəşrə hazırlayıram. Demək olar ki bu önəmli işi tamamlamaq üzrəyəm. Bir neçə rəsmi şəxs, o cümlədən alim və yazar dostlarımın yazıları əlimin altındadır. İnşallah, tezliklə bu önəmli işin sevincini birlikdə yaşayacaq, Mingəçevirdə və paytaxt Bakıda yubiley mərasimlərinin iştirakçıları olacağıq. Məhz bununçün də xeyli vaxtdan bəri yaradıcılıqdan bir az uzaqlaşsam da, itirilən vaxtıma heyfsilənmirəm. Axı, mən həyatda heç vaxt təkcə özümçün yaşamamışam!.. 18.09.24
Sovetlər dönəmində fəaliyyət göstərən Azərbaycan Yazıçılar İttifaqının filiallarından fərqli olaraq (İndiki günlərimizdə də öz işlərini davam etdirən həmin filiallarda təmsil olunan qələmdaşlarıma uğurlar arzulayıram!) AYB-nin 1991-ci ildən sonra yaradılan Şəki, Aran, Xəzər, Sumqayıt, Abşeron, Qubadlı Mingəçevir…bölmələri müstəqilliyimizin bölgələrdə yaşayıb-yaradan yazarlarımıza yönəlik ən dəyərli töhfəsidir.
İllər boyu sənaye mərkəzi, fəhlə şəhəri kimi tanınan Mingəçevirdə 23 oktyabr 1999-cu ildə AYB sədri Anar, Fikrət Qoca, o vaxtkı şəhər rəhbəri Məhəbbət Qarabağlı (Allah hər ikisinə rəhmət eləsin!) və ictimaiyyət nümayəndələrinin xeyir-duaları ilə fəaliyyətə başlayan Mingəçevir bölməsi çox keçmədən sözün əsl mənasında ədəbi aləmin bir parçasına çevrildi. Tanınmış ədəbiyyatşünas Ramiz Göyüş və görkəmli alim Rüstəm Kamalın yazdıqlarına istinadən desəm, “sovetlər birliyi dövründə tədricən kosmopolitləşən və rus dilinin təsiri ilə milli köklərindən uzaqlaşmaqda olan bir bölgədə ədəbi mərkəzin yaradılması, ilk növbədə yerli yazarların püxtələməsində böyük rol oynadı. Həmin vaxta qədər tək bircə nəfər istisna olmaqla, mərkəzi mətbuatda heç vaxt imzaları görünməyən yerli yazarların əsərləri çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda ayaq açdı. Onların böyük bir qisminə yubiley və poeziya gecələrində, kitab təqdimatı mərasimlərində, tele-verilişlərdə öz sözlərini demək imkanı yarandı, ilk kitablarını çap etdirdilər. 2008-2020-ci illər aralığında bölmənin xəttiylə nəşr olunan “Bənövşə” (əzəlki adı “Mingəçevir leysanı”) ədəbi dərgisi öz qapısını istedad sahiblərinin üzlərinə taybatay açdı. Xeyli sayda mingəçevirli yazar AYB-yə üzv qəbul olundu, 2014-2022-ci illər aralığında bölmənin xəttiylə dörd almanax işıq üzü gördü… Son iyirmi beş il ərzində ortaya qoyduğumuz önəmli işlərin hamısını sadalamaq fikrində olmadığımdan, bölmənin 25 yaşını qeyd etmək məqsədiylə nəzərdə tutulan silsilə tədbirlərin yalnız bir neçəsini diqqətə çatdırmaq istəyirəm. İnşallah cari ilin payızında əvvəlcə Mingəçevirdə, sonra isə paytaxt Bakıda yubiley sevincimizi sizlərlə bölüşəcəyik. Bu məqsədlə yazının sonunda üz qabığı ilə tanış olacağınız “Söz yaddaşı” adlı almanaxımız (bölmənin sayca beşinci toplusu) hazırda Bakıdakı nəşriyyatlarından birində yaxın həftələrdə işıq üzü görəcəkdir. Sonra isə yəqin ki sonnrakı aylardan birində AYB və Mingəçevir şəhər rəhbərliklərinin, bir neçə dəyərli alim-yazar dostlarımızın təbriklərinin, bölmənin 25 illik fəaliyyətini əks etdirən xronikanın, foto-şəkillərin yer aldığı “Bənövşə” jurnalının xüsusi buraxılışı ilə qarşınıza çıxacağıq… Ümid edirik ki son 25 ildən bəri nur timsallı Mingəçevirdə şölə saçan söz ocağımızın xoş sorağı ilahi sözə dəyər verən hər kəsi ürəkdən sevindirəcəkdir. İSMAYIL İMANZADƏ AYB Mingəçevir bölməsinin sədri 21.06.2024