
Kəndimizin ərazisindəki qədim alban şəhəri
XUNAN
XX əsrin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Xunan yaşayış məskənin və Xunan qalasının yerinin dəqiqləşdirilməsi məqsədi ilə ilkin tədqiqat işləri aparılmışdır: Qazıntılar zamanı qala divarlarının qalıqlarının bir hissəsi üzə çıxarılmışdır. Ərazidən ilkin orta əsrlər dövrünə aid mövcud olmuş təndir yerləri, ilkin istehsal ocaqlarının çuxurları tapılmışdır. Xeyli maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Arxeoloji qazıntılar Xunan şəhərinin III-V əsrlərdə inşa edildiyini göstərir. Sonrakı dövrlərdə də Xunan öz mövqeyini qoruyub saxlamışdır. Buna səbəb qalanın ilk növbədə sərhəd məntəqəsində yerləşməsi idi. Belə iri şəhərlər ilk orta əsrlər dövründə bütün yaşayış məntəqələri kimi hündür təpəliklərin üstündə inşa edilir, eyni zamanda qala funksiyasını yerinə yetirirdi. Şəhərləri sel və daşqınlardan qorumaq, yadelli hücumlar zamanı müdafiəni asanlaşdırmaq, uzaqdan gələn ticarət karvanlarını görmək məqsədi ilə yüksək təpəliklər üzərində tikərdilər.
Belə ki, ilk orta əsrlərdə iri feodal şəhərlərinin 150 kilometrlik məsafədə mərkəz olaraq inşa edildiyini nəzərə alsaq, Xunanın digər Azərbaycan torpaqları olan Borçalı, Başkeçid, Basarkeçər, Şəmşəddil, İrəvan, həmçinin Tiflis şəhəri üçün mərkəz olduğu bəlli olur.
Orta əsr müəlliflərinin məlumatlarında Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi ərazidə yerləşdiyi qeyd olunmuşdur.
X əsr ərəb coğrafiyaşünası, səyyah Əl-Müqəddəsi əsərlərində Xunanın Arran torpaqlarının tərkibində olduğunu qeyd etmişdir. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud İbn Namidar Xunan qalasını Arran sərhədlərinin dayağı adlandırmışdır.
Əl-İstəxri isə Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu izah edirdi. Xunandan Tiflisə gedən yol Kür çayının sağ sahilindədir. Əl-İstəxrinin Xunanı Qala-At-Turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Əl-İstəxri Xunan qalası ilə maraqlanarkən onun Xunandan başqa digər adının – Torpaqqala olduğunu müəyyən etmişdir. Onu ərəb dilində Qala-Ət-Turab (böyük təpə üzərində qala) adlandırmışdır. Albaniyalı tarixçi Musa Kalankatlı “Alban tarixi” əsərində Xunan qalasının adını qeyd edərək yazırdı ki, Arran hökmdarı Araz çayından başlayaraq Xunan qalasınadək uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.
Digər tərəfdən Gəncəli Kirokos ( Alban tarixçisi və rahibi) XIII əsrdə gürcülərlə monqollar arasında gedən hərbi əməliyyatların məhz Xunanda aparıldığını qeyd etmişdir. O, öz əsərində yazırdı ki, monqolların Azərbaycana yürüşü zamanı gürcü çarı İvani monqol qoşunlarının indiki Gürcüstan ərazinə keçməsinin qarşısı almaq məqsədilə sərhədi keçdi və Xunan qalasına çatdı. Çar İvaninin Xunan qalasında monqolları qarşılamaqda niyyəti həmin ərazidə monqollarla döyüşüb Gürcüstanı dağıntılardan xilas etmək idi. Amma döyüşlərdə İvaninin ordusu məğlub oldu, monqollar həmin ərazini tutdular və Xunan qalasını tamamilə dağıtdılar.
Mənbə: müxtəlif internet saytları
Qeyd üçün:
İlk dəfə Xunan şəhəri haqqında ibtidai sinifdə oxuduğum illərdə ( təxminən 1984 cü il) rəhmətlik babamdan eşitmişdim. Babam deyirdi ki, əsrlər öncə Xram çayının sahilində , Damğaçı deyilən təpəlikdə qədim alban qalası mövcud olub. Sovet hakimiyyətinin ilk illərinədək kənd sakinləri Xunan şəhərinin xarabalıqlarının şahidi olmuşdular.
Xunan şəhərinin İkinci Şıxlı kəndi ərazisindəki sahəsi təxminən 35-40 hektarı əhatə edirdi.
Sonrakı on illiklərdə arxeoloji qazıntılar nəticəsində şəhər haqqında məlumatlar əldə olundu.
Son araşdırmalar 2011-ci ildə tamamlandı.
Kəndimiz – Qazax rayonunun İkinci Şıxlı kəndi qədim oğuz elidi.
Orta əsrlər dövrü Xram çayının üzərində inşa edilmiş Qırmızı körpü bu günümüzədək tarixi əsər kimi qorunub saxlanılır.
El arasında bu körpünü Sınıq körpü də adlandırırlar.
İkinci Şıxlı kəndi Gürcüstanın Marneuli rayonu ( qədim Borçalı mahalı) və Ermənistanın Noyemberyan rayonu ilə həmsərhəddir.
Qeyd etmək istəyirəm ki, Noyemberyan rayonunun bəzi kəndləri sovet hakimiyyətindən əvvəl Qazax qəzasının tərkibində olub. 1937-ci ilin dekabrın 31-də Ermənistan respublikasının tərkibində Noyemberyan rayonu yaradılır. Bu torpaqların əvvəlki adı Barana, İncəsu idi. Kəndimizlə sərhəd olan Qalaça, Aşağı Körpülü, Yuxarı Körpülü, Ləmbəli kəndləri qədim oğuz yurdu olub.
Noyemberyan rayonunun ərazisindəki Körpülü kəndinin təməlini təxminən 300 il əvvəl İkinci Şıxlı kəndindən köçən sakinlər qoyub.
Qırmızı körpününün ərazisindən köçdüklərinə görə məskən saldıqları yeni yurd yerinin adını Körpülü adlandırıblar.
Körpülü kəndinin təbiəti çox gözəl, səfalı olub. Bizim kənd aran bölgəsi olduğuna görə yay aylarında Körpülü tərəflərə köç edərmişlər.
Məlumat üçün bildirim ki,
Sovet İttfaqı Qəhrəmanı Mehdi Hüseynzadənin komandiri olmuş Cavad Həkimli Ləmbəli kəndində (1914-2006) dünyaya göz açmışdır.
Fotolara görə Eloğlumuz Jamal Shikhlinskiyə təşəkkür edirəm..
Məlumatı hazırladı: Sultan Əhmədova
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru