YAXŞI SÖZ, YAXŞI ƏMƏL, YAXŞI NİYYƏT

YAXŞI SÖZ, YAXŞI ƏMƏL, YAXŞI NİYYƏT

Yaradan insan ömrünün ayrı-ayrı anlarını dörd xislətli fəslə böləndə baharın payına daha ülvi duyğular düşüb, onu daha sevimli yaradıb. Adına qan qaynayan vaxt, həyatın başlanğıcı, çiçək, sevgi, niyyəttutma, küsənlərin barışma fəsli demişik. Qışın qarlı çağında bir çox insanlardan duyğulu və həssas novruzgülü, bənövşə uzaqdan baharın nəfəsini duyaraq bəyaz qarın sinəsini yarıb ürkək-ürkək Günəş anaya boylananda onların yaşamaq eşqinə qibtə etmişik.
Baharın gəlişi ulu Türkün həyatına al-əlvan rəng qatıb, bayramına çevrilib. Bu bayram Şimal yarımkürəsində astronomik yazın başlandığının, gecə ilə gündüzün bərabərliyinin, Günəşin insanlara daha doğmalığının müjdəçisidir. İnsanlar yeni günə, yeni həyata qədəm qoyur, torpaq oyanır, damarlarda qan, ürəklərdə arzular dağ çaylarının suyu kimi çağlayır.
Dörd ünsürün – su, od, külək və torpağın sarsılmaz vəhdətindən yaranmış təbiət baharda daha da mükəmməlləşir. Türk xalqlarının müqəddəs günlərindən dördü baharın gəlişinə dörd həftə qalmış keçirdikləri çərşənbələrdir. Bu çərşənbələr də Türkün qanındakı dörd ünsürlə bağlıdır.
Su çərşənbəsindən bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyir, torpaq yavaş-yavaş nəmlənməyə, canlanmağa başlayır. Yel çərşənbəsində külək oyanmağa başlayan torpağı, yaza, istiliyə həsrət çiçəkləri, tumurcuqlayan ağacları tumarlayır. Od çərşənbəsindən başlayaraq Günəş torpağı isindirir. Od, ocaq, atəş böyük Türkün sarsılmaz gücü olub, “od haqqı!” andımız bu inanca söykənir. Həyatın ilk dövrlərindən od Günəşin rəmzi sayılırdı. Çərşənbələrdə qalanan tonqal Oğuz Türkünün inanc yeriydi, odun təmizləyici, saflaşdırıcı qüvvəsinə inamın təcəssümüydü. Torpaq çərşənbəsi insanları yaz əkininə başlamağa çağırışdır, torpağı həyatverici su damlaları isladır, cana gətirir. Qışdan çıxmaq üçün tonqal, od yandırılması Günəşin, yazın çağrılması, ağrı-acının odda yandırılması mərasimidir.
Bahar bayramı günlərində bişirilən şirniyyatlar təbiətin ayrı-ayrı ünsürlərinin, göy cisimlərinin rəmzi sayılırdı. Qoğal Günəşin, şəkərbura Ayın, paxlava ulduzların, səməni təbiətin canlanmasının, əkinçiliyin, bol ruzi-bərəkətin rəmzidir.
Onu da qeyd edim ki, bahar bayramını, Türkün oda, atəşə sitayişini Zərdüştlə, atəşpərəstliklə bağlamaq düzgün yanaşma deyil. Əksinə, Zərdüşt özündən əvvəlki insanların inanclarına söykənib öz fəsəfəsini yaratmış və sistemləşdirmişdir. Od xalqımızı mədəniyyətə qovuşdurub, saflaşdırıb, zənginləşdirib.
“Avesta”nın yaradıcısı öz dini dünyagörüşündən bəhs edən kitabını ana dilimizdə – Türk dilində yazmışdır. Əbu Reyhan Biruni, görkəmli filoloq Qafar Kəndli, məşhur şərqşünas A.O.Makovelski Zərdüştün Muğan elindən olduğunu, müqəddəs kitabını Türk dilində yazdığını təsdiq etmişlər.
Tədqiqatçı jurnalist Əjdər Fərzəliyə görə, çoxəlamətli od – hərəkət – həyat əbədi mövcuddur. Həyat odun dadında, şirinliyindədir.
Müdrik fikirlər toplusu “Avesta”da Zərdüşt həqiqətə, işığa çata biləcək insanlara baba öyüdü verir, yazır ki, insana üç şey vacibdir: yaxşı söz, yaxşı əməl və yaxşı niyyət.
Ulu babamızın nəsihətini unutmayaq…

Müəllif:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

Azad Qaradərəlinin yazıları

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir