Etiket arxivi: Sultan Əhmədova

Eldəniz Firuddin oğlu Namazov (1978)

Qəhrəman eloğlumuz Eldəniz Firuddin oğlu Namazov 27 iyun 1978-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində dünyaya göz açmışdır. 1995-ci ildə Şəhid Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbini bitirdikdən sonra (1995–1999-cu illərdə) Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin “Ümumqoşun” fakültəsində “Motoatıcı taqım komandiri” ixtisası üzrə təhsil alıb.
Eldəniz Namazov 1999-cu ildə leytenant rütbəsi alaraq motoatıcı taqım komandiri kimi xidmətə başlayıb. 1999–2013-cü illərdə cəbhə bölgəsində motoatıcı və kəşfiyyat bölmələrində bölük komandiri, dəstə komandiri və bir neçə ön briqadanın kəşfiyyat rəisi vəzifələrində xidmət etmişdir. E.Namazov 2013-cü ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamış, 2014-cü ilin mayından cəbhəboyu döyüş tapşırıqlarında iştirak etmişdir. 2014-cü ilin avqust döyüşlərində ağır yaralanmışdır. Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Murovdağ–Kəlbəcər, Lələtəpə–Cəbrayıl, Füzuli–Hadrut, Xocavənd, Şuşa istiqamətlərində əməliyyatlarda iştirak etmişdir. Kənd Horadiz və Dördçinarın azad olunması əməliyyatlarına rəhbərlik etmişdir. 2021-ci ildə Laçın və Kəlbəcər ətrafında mühüm yüksəkliklərin alınması əməliyyatlarına, 2022-ci ilin may–iyununda və 12-14 sentyabrında Göyçə–Cermux istiqamətlərində döyüşlərə rəhbərlik etmişdir.

//

“Hikmət Mirzəyevdən tapşırıq aldım – o döyüşdə gediş vardı, amma gəliş yox idi” – Polkovnik Eldəniz Namazovun etirafları.

HafizTimes.com-un budəfəki müsahibi ehtiyatda olan polkovnik Eldəniz Namazovdur. O, 44 Günlük Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) Kəşfiyyat rəisi kimi xidmət edib və döyüşlərdə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə təltif olunub. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran polkovnik Namazov müharibənin gedişi, şəxsi təcrübələri və döyüş anları ilə bağlı mühüm məqamlardan danışıb, etiraflarını bölüşüb.

//_

– 44 günlük müharibə zamanı bir çoxları sadəcə döyüşü gördü, amma siz onu yaşadınız. O ilk günlərdə cəbhəyə baxanda sizdə “bu, artıq tarixdir” hissi nə vaxt yarandı?

– Müharibənin özü bir tarixdir. Tarixi günlər və tarixi anlar da çox fərqli olurlar. Tarixi gün olsa da, elə günlər var ki, o günlər kövrəkliklə, üzülərək, hansısa məqamları yada salaraq anılır. Elə tarixi günlər də var ki, illərlə həsrətlə gözlənilir, anıldıqca da insana qürur verir. 44 günlük Vətən müharibəsi bizim üçün çox fərqli çeşidlərlə dolu anlar, günlərlə yadda qalıb. Müharibədə iştirak etmək xoşbəxtlik olsa da, bir o qədər də çətin və dözülməzdir. Müharibə insanın yaddaşında silinməz izlər buraxır.

Sual verirsiniz ki, “o ilk günlərdə cəbhəyə baxanda sizdə ‘bu, artıq tarixdir’ hissi nə vaxt yarandı?” Mən deyərdim ki, bu, elə ilk andan baş verdi. Mənim ən yaxın silahdaşım, dostum – neçə illər çiyin-çiyinə vuruşduğum, tapşırıqlar zamanı kürək-kürəyə dayandığım bir yoldaşım var – Nəsimi. Onun şücaətindən, məğrurluğundan, döyüş əzmindən həmişə güc almışam. Nəsimi ilə elə bir yerdə durmuşduq ki, atəşdən yayınmaq mümkün olan gizli bir yer idi (hazırkı xidməti ilə bağlı ətraflı məlumat verə bilmirəm). Bölmələr hücum çıxış xəttində hazır vəziyyətdə idilər. Anlar, bəlkə də saniyələr qalmışdı. Biz siqnalın verilməsini gözləyirdik. Bilirdik ki, həmin siqnal bizim döyüş aviasiyamızın fəaliyyətindən sonra veriləcək.

Təsəvvür edin, səhər yeni açılır, hava işıqlanırdı. Şahinlərimiz artıq səmada görünürdü. Su-25 təyyarələrimiz cəbhəyə doğru hərəkətdə idi. İçimizdə bir tərəddüd var idi – bəlkə də bu baş verməyə bilər. Əgər müharibə başlamasaydı, bu bizi çox məyus edərdi.

Və budur – təyyarələrimiz yüksəklikdən şığıyır, bombalar düşmənin döyüş mövqelərinə atılırdı. Həmin an təsəvvür edin ki, dünyalar bizim oldu. Bu, müharibənin başlanması demək idi. Sevincimizin həddi-hüdudu yox idi. Dostum Nəsimi Kəlbəcər rayonundandır. Onun həmin torpaqlara necə həsrətlə baxdığını bilirəm. Həmin vaxt onun nələr hiss etdiyini anlayırdım.

Artıq müharibə başladı. Təyyarələrimizin atəşindən 3–5 saniyə sonra artilleriya zərbələri başlandı. Müharibə başlayanda sevincdən gözlərimiz yaşarmışdı. Bir-birimizi qucaqlayıb “Uraaa!” deyə qışqırırdıq. Həmin anı heç vaxt unutmaram.

– Bəzən bir döyüş anı insanın bütün dünyagörüşünü dəyişir. Siz hansı anı “həyatım bu saniyədə başqa istiqamət aldı” deyə xatırlayırsınız?

– İkinci Qarabağ müharibəsi bizim haqq savaşımız idi. 27 sentyabrda əks-hücumun ilk həmləsində rəşadətli Ordumuzun torpaqlarımızı azad edəcəyinə əmin idik. Biz döyüşə də, qələbəyə də inanırdıq və buna hazır idik. Bu vətən torpaqlarının, bu millətin azadlığı uğrunda canımızı fəda etmək üçün həmin yola çıxmışdıq.

Hər hansı bir döyüş anını seçmək çətindir. Tarixi torpaqlarımızı azad etmək üçün atdığımız hər addım bizi dəyişdi. Hələ müharibə başlamazdan əvvəl keçdiyimiz yollar, döyüş hazırlığı, təlimlər, tapşırıqlar bizi formalaşdırmışdı. Bildiyiniz kimi, Xüsusi Təyinatlı Qüvvələr 2012-ci ildən 2016-cı ilin Aprel döyüşlərinə qədər dəfələrlə döyüş tapşırıqları yerinə yetiriblər. Dəfələrlə düşmənə “Sizin qarşınızda bu cür ordu, bu cür döyüşçülər var. Müharibədə bununla qarşılaşacaqsınız” mesajını vermişdik.

Artıq düşmən Xüsusi Təyinatlı Qüvvələri müharibədən əvvəl tanıyırdı. Onların gücünü, qüvvəsini bilirdilər və bunun nəticəsinin nə olacağını da anlayırdılar.

Həyatımın başqa istiqamət almağını isə mən hələ uşaq yaşlarımdan bilmişəm. Mənim bir yolum vardı: düşmənə ölüm, Vətən torpaqlarının azadlığı və bunun uğrunda əlimdən gələn hər şeyi etmək.

Amma həyatımı dəyişən an tam fərqli idi. 90-cı illərdən danışmaq istəyirəm. Bağanıs Ayrım faciəsini yəqin ki, hamınız bilirsiniz. Həmin vaxt mənim 12 yaşım vardı. Qazax rayonunun Abbasbəyli kəndindənəm. Balaca uşaq idim, eşitmişdim ki, belə bir faciə baş verib. Hər kəs həyəcan içində idi. Bağanıs Ayrımdan rayon mərkəzinə gedən yol bizim kəndin tam ortasından keçir.

1990-cı il martın 23-dən 24-nə keçən gecə düşmən həmin kənddə qətliam törətmişdi. Yeddi nəfər öldürülmüş, üç nəfər yaralanmışdı. Öldürülənlərin hamısı bir ailənin üzvləri idi. Vəhşi düşmən həmin ailəni diri-diri yandırmışdı. Martın 24-ü indiki kimi yadımdadır: böyük yük avtomobilinin kuzasına saman düzüb üstünə ağ parçalar sərmişdilər. Həmin maşınlar kəndin yanından keçirdi. Dedilər ki, bunlar şəhid olanların nəşləridir. Camaatdan qara parça tapıb maşına bağlamaq istəyirdilər. Hamı yola çıxmışdı, maşınlara baxmaq istəyirdi. Mən də 12 yaşlı bir uşaq idim, maşının kuzasına çıxdım, yuxarıdan içəri baxdım… Həmin anı heç vaxt unutmaram. Tam yanmış, sanki odun parçasına dönmüş bir qadın meyiti və yanında balaca uşaq…

Bu mənim həyatımı dəyişdi. O andan bütün fikrim bu istiqamətə yönəldi. Həmin gündən döyüşçü, əsgər olmaq arzusu ilə yaşadım. Düşmənə nifrətim artdı. Biz müharibə şəraitində yaşayan kənddə idik – evlərin dağılması, hücumlar… nələr gördük.

Bir gün televizorda Allahverdi Bağırovu gördüm. Onun qəhrəmanlığını izlədim və zabit olmağa qərar verdim. Bağanıs Ayrım faciəsi Qarabağ müharibəsində məni silkələyib oyadan, döyüş ruhu verən ilk an idi.

– Müharibə zamanı qərarlar çox vaxt saniyələr içində verilir. O anlarda siz daha çox nəyə güvənirdiniz – illərin təcrübəsinə, intuisiya gücünüzə, yoxsa inamınıza?

– Müharibə zamanı zabitin qərarvermə qabiliyyəti o qədər güclü olmalıdır ki, o, döyüş taktikasını, düşməni və döyüşün gedişatını düzgün qiymətləndirə bilməlidir. Zabitdə bir növ “öngörənlik” olmalıdır. Bu da onun bilik və bacarıqlarına əsaslanır.

Mən kadr zabitiyəm, yəni oxuduğum Ali Hərbi Məktəbi yüksək qiymətlərlə bitirmişəm. Peşəmin vurğunu olmuşam. Özümü yalnız bu sahədə püxtələşdirməyə səy göstərmişəm. Leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər 15 il ön cəbhə postlarında xidmət etmişəm. Dəfələrlə tapşırıqlarda, lokal döyüşlərdə iştirak etmişik.

Təcrübə, keçdiyin xidmət yolu və peşənə sahib çıxmaq öz sözünü deyir. Mənim üçün ən güvənli olan yer silahdaşlarım, zabit yoldaşlarım olub. Döyüş bölmələrinə olan inamım, güvənim çox böyük idi. Sizi əmin edirəm ki, böyük dövlətlərin yüksək rütbəli zabitlərinin tərəddüd edəcəyi tapşırıqları biz tərəddüdsüz yerinə yetirmişik. Xüsusi Təyinatlı Qüvvələrə o qədər güvənimiz var idi ki, çoxlarının “olmaz” dediyi tapşırıqlara biz “bəli, olacaq” deyirdik və bunu da bacarırdıq.

Mənə ən çox inam verən, bizim döyüşçülərin hazırlığı, mümkün olmayanı mümkün etmə bacarığı idi. Onların bilik, bacarıq və vərdişləri bizə imkan verirdi ki, tərəddüd etmədən hər hansı bir qərarı qəbul edək və bilək ki, onun öhdəsindən gələcəyik.

– Qələbənin arxasında yüzlərlə görünməyən fədakarlıq var. Sizcə, 44 günlük müharibənin ən az danışılan qəhrəmanlıq hekayəsi hansıdır və niyə bu günə qədər gizli qalıb?

– Qələbənin arxasında o qədər qəhrəmanlıq və fədakarlıq var ki, saysız-hesabsızdır. Bunu hamı danışsa da, bitib-tükənməz. Minlərlə kitablar, dastanlar yazılsa belə, yenə kifayət etməz. Müharibə zamanı hər bir əsgər, döyüşçü, zabit böyük fədakarlıq göstərdi – o pulemyotu susduran, bölmələrin keçməsi üçün özünü atəşin üstünə atan əsgərdən tutmuş, vurulan təyyarəsini düşmən mövqeyinə yönəldən pilota qədər. Hətta döyüşdə əsgərlərin ac-susuz qalmaması üçün öz həyatlarını riskə atan xalqımızın hər bir nümayəndəsi də bu qələbənin təminatçılarıdır.

Bir qəhrəmanlıq hekayəsini xatırlatmaq istəyirəm. Düşmənin “Adil 82” kimi tanıdığı, Xüsusi Təyinatlılarda qrup komandiri – Adil İbrahimli. Onun fəaliyyəti haqqında geniş bəhs edilməlidir ki, gələcək nəsillər belə qəhrəmanlarımızı tanısın. Baş leytenant Adil İbrahimli tutduqları mövqeyə hücum edən, sayca qat-qat çox olan düşmənin qarşısını almağa çalışırdı. O bilirdi ki, mövqeyi tərk etmək qeyri-mümkündür – ya şəhid olmaq, ya da mövqeyi qorumaq.

Yanındakı bütün döyüşçüləri geri çıxarır, özü isə tək qalır. Bir sutkadan artıq təkbaşına döyüşür. Düşmənin yüksək rütbəli zabitləri belə etiraf ediblər ki, “biz elə bilirdik, orada 20 nəfər azərbaycanlı döyüşür”. Adil təkbaşına 40-dan çox düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Bu, gələcək nəsillər üçün bir qəhrəmanlıq nümunəsidir.

– Sizin üçün “Zəfər” nə deməkdir – qazanılmış döyüş, yoxsa bir millətin yenidən özünə qayıdışı?

– Ümumiyyətlə, müharibələr fərqli olur. Tarixdə saysız-hesabsız müharibələr olub: haqlı, haqsız, müdafiə məqsədli və ya işğalçı müharibələr… Amma hər biri ədalətli deyil. Bizim müharibəmiz haqq-ədalətin bərpası idi. Biz haqq yolunda vuruşurduq.

1988-ci ilin fevralından başlayan torpaq iddiaları, faciələr, ilk şəhidlər… o vaxtdan xalqımızın ağrılı tarixi başladı. Analarımız ağlamağa başladı və bu gün də o göz yaşları tam qurumayıb. Bizim üçün “Zəfər” sadəcə bir döyüşün udulması deyildi. Bu, düşməni haqsız duruma salmaq, onu torpağımıza göz dikmək sevdasından əl çəkməyə məcbur etmək idi.

Zəfər – millətin yenidən özünə qayıdışı, özünü tapması, Babəklərin, Koroğluların, Şah İsmayılların nəvələri olduğumuzu xatırlatmaq idi. Biz məğrur xalqıq, torpağımıza göz dikənin burnunu sındırmağı bacarırıq. Bu zəfər tarixi ədalətin bərpası idi və bu, bizim nəslin üzərinə düşdü. Cənab Ali Baş Komandanımızın rəhbərliyi, xalqın birliyi, ordumuzun gücü ilə düşmənə layiqli cavab verdik. Bu zəfər bizim üçün yaşamaqdan da vacib idi. Biz canımızı qoyaraq bu zəfəri qazanmalı idik, çünki bu, bizim haqq yolumuz idi – dövlətimizə, torpağımıza uzanan əlləri kökündən kəsmək. Və biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik.

– Komandirlik bəzən səssiz qərar vermə sənətidir. Siz necə anlayırsınız ki, hansı an susmaq, hansı an danışmaq vaxtıdır?

– Komandirlik səssiz qərarvermə sənətidir, bu fikirlə razıyam. Amma mənə elə gəlir ki, komandir danışmalı, ruhlandırmalı və nümunə olmalıdır. Mən burada Vətən, millət, döyüş, şəhidlik haqqında danışıb əsgərləri irəli göndərib, özüm arxada dayansam – bu doğru olmaz. Komandir bir an susub düşünməyi bacarmalıdır, amma sonra “Bəli, biz bunun öhdəsindən gələcəyik!” deməlidir. Komandir ruhlandırmalı, bir addım öndə olmalı, əsgərləri ilə birlikdə döyüşməli, döyüş meydanında nümunə göstərməlidir. Susmaq anı isə döyüş bitdikdən, qələbə əldə edildikdən sonra gəlir. O zaman başqaları sənin haqqında danışırlar. Komandir yalnız bir halda danışmalıdır – o da qəhrəmanlıq nümunəsi göstərən döyüşçünün haqqını müdafiə etmək üçün. Sən bu xalq, vətən, torpaq uğrunda canını qurban vermiş şəhidin valideynlərinin əllərini öpərək onlara sizin oğlunuz belə qəhrəmandır deyərək danışmalısan.

– Hər liderin içində bir “ikinci səs” olur – şübhə, qorxu, vicdan. Siz o səslə necə davranırsınız – onu susdurursunuz, yoxsa dinləyirsiniz?

– Mən bunu təkcə liderlərə aid etmək istəməzdim. Hər bir insanın içində ikinci bir səs, bir duyğu var. Şübhə etmək bizim vəzifəmizdir. Yeri gələndə insan özündən də şübhə etməlidir. Hər şeyə şübhə ilə yanaşmalısan ki, dəqiqliyinə, dürüstlüyünə və etibarlılığına tam əmin olasan. Vicdan isə millət olaraq bizə xas bir hissdir. Şükürlər olsun ki, biz vicdanlı xalqıq. Bizim vicdanımız imkan verməz ki, haqsızlığa, ədalətsizliyə yol açaq.

Qorxu hissinə gəldikdə, onu müxtəlif cür izah edirlər. Kimisi deyir, qorxu qeyri-müəyyənlikdən, kimisi isə ümidin itirilməsindən doğur. Mən qorxunu özümə yaxın buraxmamağa çalışmışam. Amma etiraf edim: qorxmayan insan yoxdur. Qorxu bir növ ehtiyatın təminatçısıdır. Cəsurlar isə ona görə fərqlənirlər ki, qorxularını içlərində boğmağı bacarırlar. Mən də hər zaman bu hissi boğmağa səy göstərmişəm. Hər zaman düşünmüşəm: mən kimdən qorxmalıyam? Qarşımda olan döyüşçüdənmi? O mənim düşmənimdir. O, məndən qorxsun! O da silahlıdır, mən də! O da döyüşçüdür, mən də! Niyə mən qorxmalıyam?! Tabeçiliyimdə olanlara da hər zaman bu hissi aşılamağa çalışmışam. Bir sözlə, xüsusi təyinatlılar bu hisslərdən uzaq olan adamlardır. 44 günlük Vətən Müharibəsi bunun bariz nümunəsidir. Onlar qorxmadan qorxutmağı, qorxmadan öldürməyi bacaran oğullardır. Və torpağımıza girmiş yağı düşməni elə torpağımızda da məhv etdik. Qorxmadan, çəkinmədən üzərlərinə getdik və qalib gəldik. Bütün dünyaya sübut etdik ki, Azərbaycanın ərazisi toxunulmazdır, ordusu güclüdür və bu millət bir olduqda ona heç kim qalib gələ bilməz.

– Müharibədə itki qaçılmazdır. Amma bir komandir üçün itkilər yalnız rəqəm deyil, ad və yaddaşdır. O anlarda döyüşçülərin ruhunu bərpa etmək üçün onlara ilk nə deyirdiniz?

– Müharibə, qələbə də qurban tələb edir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram. Biz illərlə çiyin-çiyinə xidmət etdiyimiz, qardaş qədər doğma silahdaşlarımızı itirdik. Bu, bizə çox ağır təsir edirdi. Amma hamımızın dilində bir cümlə vardı: “Vətən sağ olsun!” – “Yeri gələrsə, mən də öləcəm, mən də şəhid olmağa hazıram.” Biz əslində kəfənimizi geyinib döyüşə girmişdik. Bir məqsədimiz vardı: Qarabağ azad olunmalıdır! O 44 gün ərzində itkilərin ağrısını dərindən hiss etmirdik. Amma müharibədən sonra… sıralarımızda o dostlarımızı görməyəndə bizə çox pis təsir edirdi…

Bir məqamı da deyim: döyüşə gedirsən, şəhid olursan, missiyan bitir. Amma sağ qalanlar hər bir şəhidlə bir dəfə də ölür. Mən hər bir şəhid yoldaşımın itkisi ilə bir dəfə ölmüşəm.

– Bəziləri deyir ki, ölümə bu qədər yaxın olan insan həyatın mənasını daha dərindən anlayır. Sizcə, müharibə həyatın mənasını aydınlaşdırır, yoxsa onu daha da sirrli edir?

– Məncə, müharibə həyatın mənasını aydınlaşdırmır. Müharibə sadəcə sənə “sən kimsən, niyə yetişdirilmisən, nə uğrunda ölməyə hazırsan” suallarını xatırladır.

Müharibə səni bir daha sınağa çəkir. O sənə göstərir ki, bu illər ərzində sənə öyrədilənlər, aşılananlar, ruhuna yazılan missiya indi həyata keçirilməlidir. Döyüşçü üçün əsas məqsəd ölmək deyil. Onun missiyası düşməni məhv edib qələbəni qazanmaqdır.

– O 44 gün sizi daha sərt etdi, yoxsa daha duyğusal?

– Mən 1999-cu ilin avqust ayından səngərdə zabit kimi xidmətə başlamışam. Hər gün düşmənin snayper fəaliyyətini görmüşəm, şəhid xəbəri eşitmişəm. 2002-ci ilin Yusifcanlı əməliyyatında, daha sonra 2014–2016-cı illərdə xüsusi təyinatlı əməliyyatlarda, döyüş tapşırıqlarında olmuşam. 2016-cı ilin aprel döyüşləri… O qədər itkilər, döyüşlər, pusqular, basqınlar gördük ki… Bizim duyğusal olmağa haqqımız yox idi. Biz sərtləşməli, bərkiməli, bişməli idik.

44 günlük müharibədə isə o illərin bütün ağrısı, bütün hazırlığı öz bəhrəsini verdi. Biz o müharibənin möhürünü vurduq.

– Əgər müharibə bir insan olsaydı və bu gün qarşınızda dayansaydı, ona nə deyərdiniz?

– Əgər müharibə bir insan olsaydı, mən hamıdan fərqli olaraq onun əllərindən öpərdim və deyərdim: “Nə yaxşı ki, sən gəldin!” 27 sentyabr 2020-ci ildə sən gəldin və biz özümüzü sübut etdik. Millət olaraq varlığımızı dünyaya göstərdik. Sən gəldin və biz Xocalının qisasını aldıq. Biz Babəkin, Şah İsmayılın nəvələriyik! Biz itirdiyimiz qardaşlar – Mühüd Orucov, Raquf Orucov, Allahverdilərin, Şamoların, Natiqlərin və minlərlə qardaş-bacılarımızın qisasını ala bildik, millətimizin alnındakı o ləkəni sildik.

– General-polkovnik Hikmət Mirzəyevin hansı qərarı və ya davranışı sizdə daha dərin və unudulmaz təəssürat yaratdı?

– Cənab general Azərbaycan xalqının əsl sərkərdələrindəndir. Vətəninə, millətinə layiq oğul, hərbçi, döyüşçü, lider – öndə gedən bir komandirdir! Mən 10 il onun tabeliyində olmuşam. Hətta yuxarı vəzifələrdə olsam da, həmişə özümü onun bir əsgəri hesab etmişəm. Çox vaxt özümü ona oxşatmağa və onun kimi bir komandir olmağa çalışmışam. 2014–2016-cı illərdə onun iclaslarında iştirak edəndə belə, özümü sanki müharibənin içində hiss edirdim. Çünki onun davranışı, tapşırıqları, danışıq tərzi elə idi ki, adama elə gəlirdi – “bir saatdan sonra müharibə başlayacaq.”

Onunla xidmət sanki müharibədəki kimidir. Bütün qərarları qələbəyə aparırdı. Xüsusilə noyabr ayının 4-ü günü Şuşa istiqamətində son tapşırıqlarını verəndə dediyi bir söz yaddaşımdadır: “Unutmayın, Şuşa kimindirsə, Qarabağ onundur!”

Bu sözün dəyərini isə iki gün sonra düşmənin etirafı ilə gördük. General Hikmət Mirzəyevin tapşırıq və planlamaları Şuşanın azad olunmasının əsasını qoydu və döyüşün müqəddəratını həll etdi. Ona böyük hörmətimiz var. Allah ona uzun ömür versin.

– 44 günün hər anı bir roman dəyərində idi. Amma o günlərdən birini bu gün də eyni canlılıqla xatırlayırsınızsa, o hansı andır? Həmin xatirədə nəyi heç kimə deməmisiniz, amma indi etiraf etmək istərdiniz?

– 44 günün hər anı mənim üçün unudulmaz bir roman, bir dastandır. Etiraf edim ki, oktyabrın 5-i günü cənab komandan Hikmət Mirzəyevdən bir tapşırıq aldım. Həmin tapşırıq ehtiyatda saxladığımız bir taborla bağlı idi. O tapşırıq həm son dərəcə məsuliyyətli, həm də döyüşün dönüş nöqtəsinə təsir edəcək qədər ağır idi. Həm də o döyüşdə gediş vardı, amma gəliş yox idi. Hamımız bunu belə bilirdik. Bir tabor və mən. Mayor Almuradov da taborun komandiri idi. Bunu dərk edirdik və canla-başla buna hazır idik. Artıq tam hazırlaşmışdıq, getmək üzrə idik.

Mənim qardaşımın oğlu da yaxınlıqdakı bölmələrdən birində döyüşürdü. Üstümüzdə telefon yox idi. Ümumiyyətlə, 44 gün ərzində mobil telefondan istifadə etməmişdim. Elə bir an gəlib çatmışdı ki, bilirdim səhər saat 06:30-da fəaliyyətə başlayıram. Bu isə 95 faiz sondur. Amma ürəyimdə istəklər vardı, bunu etiraf edirəm. İmkan tapıb qardaşım oğlu Coşqun Namazovu tapdım. Onların bölməsinin istiqamətinə getdim, komandirinə xahiş etdim. O da dedi ki, “döyüşdən çıxmışıq, hazırda döyüş qabiliyyətinin bərpası ilə məşğuluq”. Dedim, “Coşqunu bura göndər.” Coşqun gəldi. Mən orada ona vəziyyətin necə olduğunu deyə bilmədim, çünki çox gənc idi – cəmi 19 yaşı var idi. Nə onu ruhdan sala bilərdim, nə də istərdim ki, o düşünsün: “Əmim bilir ki, bu, sondur.” Mən ona bəzi tapşırıqlar verdim, bir növ vəsiyyət etdim. Amma elə etdim ki, nə o hiss etdi, nə də mən büruzə verdim. O anı unutmaq mənim üçün çox çətindir. Artıq bu, xatirəyə çevrilib. İndi də o, xidmətdədir, yaxşı döyüşçüdür. Onu görəndə hər dəfə düşünürəm ki, bu həyatda yeganə vəsiyyət etdiyim insan o olub.

– Bir Xüsusi Təyinatlı kimi, həyatını Vətən üçün riskə atan bir insan olaraq, siz valideynlərə – xüsusilə oğul böyüdən və hərbi xidmətə yola salanlara nə demək istərdiniz? Sizcə, bir övladda “vətənpərvərlik” hissi necə yetişir; tərbiyə ilə, yoxsa nümunə ilə?

– Mən bir Azərbaycan zabiti, əsgəri kimi bütün valideynlərə, xalqımıza üzümü tutub demək istəyirəm ki, övladlarınıza birinci və ikinci Qarabağ müharibələrindən nümunələr gətirin. O oğulların, qəhrəmanların adlarını övladlarınıza qoyun. Nağıllardakı kimi “mənim Məlikməmməd oğlum” deməyin, “Sən mənim Mübarizim, Poladım, Mühüdüm, Raqufum, Allahverdim, Adilimsən” deyin. Övladlarınızı onlara bənzədin.

Bu xalq tarix boyu igidlər, qəhrəmanlar, döyüşçülər yetişdirib. Tarix boyu bu xalqı öz oğulları qoruyub – güclü düşməndən də, zəif düşməndən də. İstəsəniz də, istəməsəniz də, o övladlar bu ruhda böyüyüblər və böyüyəcəklər də. Şükür olsun ki, bizim belə bir Vətənimiz, xalqımız var və biz belə bir müqəddəs coğrafiyada yaşayırıq. Biz həm müqəddəs, həm də əvəzsiz xalqıq. Bizim xalqımız kimi xalq bu dünyada yoxdur və olmayacaq da. Belə Vətən, belə millət uğrunda bir dəfə yox, yüz dəfə ölməyə dəyər.

Mən bir daha bu dünyaya gəlsəm, yenə bu peşəni seçərdim, yenə kəşfiyyatçı olardım, yenə müharibəyə gedərdim. Övladlarımızı Vətən ruhunda böyüdək, onları o qəhrəmanlar kimi yetişdirək. Səfərli Gündüz, Saleh Həsənov kimi oğullar olsunlar. Arzum budur ki, hər bir Azərbaycan oğlu döyüş əzmi, döyüş ruhu və Vətən, millət sevgisi ilə böyüsün.

– Hərbi formanı çıxardıqdan sonra mülki geyimdə güzgüyə baxanda nə hiss edirsiniz? Özünüzü eyni adam kimi görürsünüz, yoxsa döyüşdən sonra insan bir az başqa adam olur?

– Hərbi formanı əynimdən çıxardıqdan sonra mülki geyimdə ümumiyyətlə güzgüyə baxmaq istəmirəm. Mən özümü hərbi formanı geyinəndə daha xoşbəxt hiss edirəm. Ondan gözəl geyim tanımıram. Hərbi formamı, üzərindəki nişanları, o bayrağı sevirəm. Vətənimi, millətimi, bayrağımı sevdiyim qədər hərbi formamı da sevir və ona eyni dərəcədə hörmətlə yanaşıram. Deyirlər, insan yeddisində nədirsə, yetmişində də odur – çox doğru kəlamdır. Əsas odur ki, insan əynindəki formadan asılı olmayaraq, içindəki özünü tanıya bilsin.

Bir məsəli xatırladım: qaynar suya kartofu atırsan yumşalır, yumurtanı atırsan bərkiyir. Deməli, söhbət suda deyil, ora atılandadır. Yəni insan hansı şəraitdə olursa-olsun, öz vicdanına baxa bilməli, alnıaçıq yaşamalıdır. Mən kim olmuşam, kiməm, nə etmişəm və nəyi etməmişəm – əsas sual budur. Əgər insan bu suallara vicdanla cavab verə bilirsə, deməli, doğru yoldadır.

– Sizi tanıyanlar deyir ki, siz düşünən və oxuyan bir zabitsiniz. Bu illər ərzində hansı kitab və ya müəllif sizin düşüncə tərzinizi formalaşdırıb? Bəlkə də müharibədə elə bir cümlə olub ki, illərlə oxuduğunuz bütün kitabları xatırlatdı?

– Mən mütaliəni sevirəm. Klassik və bədii ədəbiyyata üstünlük verirəm. Orta məktəbdən başlayaraq çox kitab oxumuşam. Hər bir yazıçı və müəllifin əsərinə onun gözü ilə baxmağa, onun kimi dəyərləndirməyə çalışmışam.

Kitab müqəddəsdir. Oxumaq gözəl şeydir, amma oxuduğuna da düzgün və ədalətli qiymət verməyi bacarmaq lazımdır. Son illər ən çox Elxan Elatlının əsərlərini oxumuşam. Bəzi fikirləri ilə razılaşmasam da, ümumilikdə çox dəyərli yazardır. Qələminə qüvvət!

Müharibədə isə bir an oldu ki, oxuduğum bütün kitabları mənə bir cümlə xatırlatdı. Komandirim general Zaur Cavanşir bir tapşırıq verəndə dedi: “Eldəniz, diqqətli ol. Bu təlim deyil. İkinci şansımız yoxdur.”

Bu söz üzərində çox düşündüm. Gör nə qədər dərin və əhəmiyyətli fikirdir. Həqiqətən də bizdə ikinci şans yox idi. Bu, təlim deyildi – bu, reallıq idi. Reallıqda isə səhvə yol vermək olmaz. Elə komandirlərim, döyüş yoldaşlarım, silahdaşlarım olduğu üçün qürur duyuram.

– İndi, illər sonra, sükut içində bir vaxtlar döyüşdüyünüz torpaqlara baxanda, ürəyinizdə hansı sual doğulur ki, hələ cavabını tapa bilməmisiniz?

– Torpaqlarımız işğaldan tam azad ediləndən sonra hələ hərbi xidmətdə idim və həmin torpaqlarda, rayonlarda və kəndlərdə olur, onları qarış-qarış gəzirdim. Mən Azərbaycanımızı, Qarabağımızı çox sevirəm; yəni hər qarışı ilə nəfəs alıram. Ordu sıralarından tərxis olunduqdan sonra da o torpaqları qarış-qarış gəzməyə böyük üstünlük vermişəm. Həmin vaxt mənəvi rahatlıq tapıram, bir az sakitləşirəm, şəhid döyüşçülərimizi düşünür və dualar oxuyuram. Hiss edirəm ki, onların ruhları şaddır. Bu qədər əsrarəngiz, gözəl torpaqların düşməndə qalması haqq deyildi. Bunun üçün biz bir millət olaraq hamımız öz canımızdan keçməyə hazır olmalıydıq. Hazır olduq da!

Amma mənim cavabını tapa bilmədiyim suallar da var. Məsələn, Laçınla Kəlbəcərin sərhəddində Dəvəgözü dağı, Sərçəcik və Keyti dağı, Sərasər, Gömür dağı var. Zod aşırımının yanında qızıl mədənləri yerləşir. Oralarda olmuşam. Və oradan baxdıqca yenə də bizim əzəli torpaqlarımız, dədə-baba yurdumuz görünür; baxanda dərindən köks ötürürük. Bizim bədbəxtliyimiz odur ki, hər tərəfdən öz torpağımızla sərhədik. O yüksəkliklərdən baxanda Göyçə mahalı, Göyçə gölü görünür. Şişqaya, Pəmbəkdən tutmuş Şəfəqə, Nəriman kəndə, Zod, Şorcalara qədər görünür. Digər dağlardan baxanda isə Dərələyəz, Cermuk görünür. Düz Naxçıvanla sərhədə qədər olan dağlar, Qafan, Gorus, Sisyan görünür. Elə bil ovcunun içindədir. Baxanda bir sual yaranır: Allah bizə bir daha o şansı verəcəkmi? Bir daha bu 44 Günlük müharibədəki şəraitdən bizə qismət olacaqmı ki, biz bu əzəli torpaqlarımızı da azad edək?

HafizTimes.com

Məlumatı hazırladı: Sultan Əhmədova

OSMAN BATUR HAQQINDA

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.

Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm.

Hörmətlə,

Sultan Raev

TÜRKSOY-un Baş katibi

Mənbə: Prezidenti.az

Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Xunan yaşayış məskənin və Xunan qalası

Kəndimizin ərazisindəki qədim alban şəhəri

                XUNAN 

XX əsrin sonlarında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Xunan yaşayış məskənin və Xunan qalasının yerinin dəqiqləşdirilməsi məqsədi ilə ilkin tədqiqat işləri aparılmışdır: Qazıntılar zamanı qala divarlarının qalıqlarının bir hissəsi üzə çıxarılmışdır. Ərazidən ilkin orta əsrlər dövrünə aid mövcud olmuş təndir yerləri, ilkin istehsal ocaqlarının çuxurları tapılmışdır. Xeyli maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.
Arxeoloji qazıntılar Xunan şəhərinin III-V əsrlərdə inşa edildiyini göstərir. Sonrakı dövrlərdə də Xunan öz mövqeyini qoruyub saxlamışdır. Buna səbəb qalanın ilk növbədə sərhəd məntəqəsində yerləşməsi idi. Belə iri şəhərlər ilk orta əsrlər dövründə bütün yaşayış məntəqələri kimi hündür təpəliklərin üstündə inşa edilir, eyni zamanda qala funksiyasını yerinə yetirirdi. Şəhərləri sel və daşqınlardan qorumaq, yadelli hücumlar zamanı müdafiəni asanlaşdırmaq, uzaqdan gələn ticarət karvanlarını görmək məqsədi ilə yüksək təpəliklər üzərində tikərdilər.
Belə ki, ilk orta əsrlərdə iri feodal şəhərlərinin 150 kilometrlik məsafədə mərkəz olaraq inşa edildiyini nəzərə alsaq, Xunanın digər Azərbaycan torpaqları olan Borçalı, Başkeçid, Basarkeçər, Şəmşəddil, İrəvan, həmçinin Tiflis şəhəri üçün mərkəz olduğu bəlli olur.
Orta əsr müəlliflərinin məlumatlarında Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi ərazidə yerləşdiyi qeyd olunmuşdur.
X əsr ərəb coğrafiyaşünası, səyyah Əl-Müqəddəsi əsərlərində Xunanın Arran torpaqlarının tərkibində olduğunu qeyd etmişdir. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud İbn Namidar Xunan qalasını Arran sərhədlərinin dayağı adlandırmışdır.
Əl-İstəxri isə Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu izah edirdi. Xunandan Tiflisə gedən yol Kür çayının sağ sahilindədir. Əl-İstəxrinin Xunanı Qala-At-Turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Əl-İstəxri Xunan qalası ilə maraqlanarkən onun Xunandan başqa digər adının – Torpaqqala olduğunu müəyyən etmişdir. Onu ərəb dilində Qala-Ət-Turab (böyük təpə üzərində qala) adlandırmışdır. Albaniyalı tarixçi Musa Kalankatlı “Alban tarixi” əsərində Xunan qalasının adını qeyd edərək yazırdı ki, Arran hökmdarı Araz çayından başlayaraq Xunan qalasınadək uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.
Digər tərəfdən Gəncəli Kirokos ( Alban tarixçisi və rahibi) XIII əsrdə gürcülərlə monqollar arasında gedən hərbi əməliyyatların məhz Xunanda aparıldığını qeyd etmişdir. O, öz əsərində yazırdı ki, monqolların Azərbaycana yürüşü zamanı gürcü çarı İvani monqol qoşunlarının indiki Gürcüstan ərazinə keçməsinin qarşısı almaq məqsədilə sərhədi keçdi və Xunan qalasına çatdı. Çar İvaninin Xunan qalasında monqolları qarşılamaqda niyyəti həmin ərazidə monqollarla döyüşüb Gürcüstanı dağıntılardan xilas etmək idi. Amma döyüşlərdə İvaninin ordusu məğlub oldu, monqollar həmin ərazini tutdular və Xunan qalasını tamamilə dağıtdılar.

Mənbə: müxtəlif internet saytları


Qeyd üçün:

İlk dəfə Xunan şəhəri haqqında ibtidai sinifdə oxuduğum illərdə ( təxminən 1984 cü il) rəhmətlik babamdan eşitmişdim. Babam deyirdi ki, əsrlər öncə Xram çayının sahilində , Damğaçı deyilən təpəlikdə qədim alban qalası mövcud olub. Sovet hakimiyyətinin ilk illərinədək kənd sakinləri Xunan şəhərinin xarabalıqlarının şahidi olmuşdular.
Xunan şəhərinin İkinci Şıxlı kəndi ərazisindəki sahəsi təxminən 35-40 hektarı əhatə edirdi.


Sonrakı on illiklərdə arxeoloji qazıntılar nəticəsində şəhər haqqında məlumatlar əldə olundu.
Son araşdırmalar 2011-ci ildə tamamlandı.
Kəndimiz – Qazax rayonunun İkinci Şıxlı kəndi qədim oğuz elidi.
Orta əsrlər dövrü Xram çayının üzərində inşa edilmiş Qırmızı körpü bu günümüzədək tarixi əsər kimi qorunub saxlanılır.
El arasında bu körpünü Sınıq körpü də adlandırırlar.
İkinci Şıxlı kəndi Gürcüstanın Marneuli rayonu ( qədim Borçalı mahalı) və Ermənistanın Noyemberyan rayonu ilə həmsərhəddir.
Qeyd etmək istəyirəm ki, Noyemberyan rayonunun bəzi kəndləri sovet hakimiyyətindən əvvəl Qazax qəzasının tərkibində olub. 1937-ci ilin dekabrın 31-də Ermənistan respublikasının tərkibində Noyemberyan rayonu yaradılır. Bu torpaqların əvvəlki adı Barana, İncəsu idi. Kəndimizlə sərhəd olan Qalaça, Aşağı Körpülü, Yuxarı Körpülü, Ləmbəli kəndləri qədim oğuz yurdu olub.

Noyemberyan rayonunun ərazisindəki Körpülü kəndinin təməlini təxminən 300 il əvvəl İkinci Şıxlı kəndindən köçən sakinlər qoyub.
Qırmızı körpününün ərazisindən köçdüklərinə görə məskən saldıqları yeni yurd yerinin adını Körpülü adlandırıblar.
Körpülü kəndinin təbiəti çox gözəl, səfalı olub. Bizim kənd aran bölgəsi olduğuna görə yay aylarında Körpülü tərəflərə köç edərmişlər.

Məlumat üçün bildirim ki,
Sovet İttfaqı Qəhrəmanı Mehdi Hüseynzadənin komandiri olmuş Cavad Həkimli Ləmbəli kəndində (1914-2006) dünyaya göz açmışdır.

Fotolara görə Eloğlumuz Jamal Shikhlinskiyə təşəkkür edirəm..

Məlumatı hazırladı: Sultan Əhmədova

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zülfüqar Rüfətoğlunun şeirləri

Tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun könül dünyasından incilər:

***

Heç vaxt unutmaram o avtobusu…
Adlar sadalandı, başlandı minik
İki dayanacaq var idi yolda,
Biri qazilikdi, biri şəhidlik.

Nəğmə deyə-deyə, rəqs edə-edə,
Sanki gedirdilər toya, düyünə,
Az sonra avtomat asacaqdılar,
Hələ yük görməyən zərif çiyinə.

Heç görməmişdilər,
Eşitmişdilər adını Şuşanın,
Ya Zəngilanın,
Heç 19 yaşı hələ yox idi,
Mənim əvəzimə ölən oğlanın…

Lap tezdən getdilər,
Günəş doğmadan,
Körpə balaları oyatmadılar,
Hamı qayıtmaqçün çıxmışdı evdən,
Getdilər…Bir daha qayıtmadılar.

***

İtkin əsgər

İtkin əsgər, ölməmisən, bilirəm,
Sən eləcə son döyüşə getmisən,
Biz bilməyən nəsə bir sirr bilmisən,
Sən o sirri saxlamaqçün itmisən.

Biz burada qocalmışıq hamımız,
Sənsə bütün yuxularda cavansan.
Bacıların, qardaşların gözləyir,
Sən onlara ümid boyda gümansan.

İtkin əsgər, daha qızın böyüyüb,
Xəbərin yox, indi daha babasan,
Nə məzarın, nə ünvanın bilinir,
Sən Vətənsən, sən ocaqsan, obasan.

İtkin əsgər son döyüşə getmisən,
İrəlidə hələ neçə döyüş var.
O şəkildən niyə elə baxırsan?
Bilirsən ki, irəlidə görüş var…

***

Gecəyarı qapıları döyməyin

Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.

Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah-billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?

Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!” deyən var,
Gecəyarı evinizə tələsin,
Bəlkə sizin qapını da döyən var..

***

Daha zəng eləmirlər,
Darıxmıram heç mən də.
Əvvəlki tək dərd olmur
Qəfil yada düşəndə.

Günəş mənsiz çıxırsa,
Günəş mənsiz batırsa,
Nə mənası, xatirəm
Kölgəlikdə yatırsa..

Pislərdən yaxşı olmur,
Yaxşılardan pis çıxmaz.
İnsanlar olan yerdə ortaya iblis çıxmaz.

Bir zərrə fəhmim varsa
Demək, heç sevməyiblər
Əgər unudublarsa…

***

Çıxdım siqaret almağa,
Qərib London gecəsinə
Bu qaranlıq lap oxşadı,
Şərifzadə küçəsinə

Qərib London gecəsində
“Şərifzadə küçəsində”…
Qəfil anam düşdü yada,
Qəfildən də xatırladım
Daha yoxdu bu dünyada.

Daha vətən qürbətləşib,
Daha qürbət vətənləşib,
Hansısa şəhəri sevmək
İnnən belə çətinləşib…

Nə Liverpul, nə də Kentdə
Nə Yasamal, Çəmbərkənddə,
Bu xaraba məmləkətdə,
Bu avara planetdə,
Daha anam yoxdu mənim…

Siqareti tüstülətdim,
Tanış qaranlıqda itdim…

Şeirlərin müəllifi: Zülfüqar Rüfətoğlu

Məlumatı hazırladı: Sultan Əhmədova

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Biz Sizi unutmadıq! – Təşəkkür edirik!

AYNI OYUN BU GÜN DE TEKRARLANIYOR
SÜMERLİ LUDİNGİRRA’NIN MEKTUBU

Üç bin altı yüz yıl öncesinden size bir mektup var deseler tepkiniz ne olurdu?

Sümerli bir şair ve öğretmen olan Ludingirra binlerce yıl öncesinden bize bir mektup yazmış.

Mektubunda şunları söylüyor;

“Ben bir Sümerli öğretmen, şair ve yazarım.

Yaşım yetmiş beşi bulduğundan öğretmenliği bıraktım fakat şairlik ve yazarlık ölünceye kadar sürecek.

Bu yaşam öykümü daha çok gelecek kuşaklar için yazmaya başladım.

Bizim ulusumuz, dilimiz, geleneklerimiz, sosyal yaşantımız, sanatımız unutuluyor artık.

Bu güzel ve uygar ülkemize heryerden göz diktiler.

Göklere uzanan basamaklı kulelerimizin, görkemli tapınaklarımızın, arı gibi çalışan çarşılarımızın, her tarafa ulaşan kervanlarımızın, dümdüz uzanan yollarımızın, bol ürün veren tarlalarımızın, nehirlerimizde ve açtığımız kanallarda salına salına yüzen teknelerimizin, her türlü bilgiyi veren okullarımızın ünü uzak ülkelere kadar yayıldığından; ilkel olan bu ülkelerin halkı kıskandı bizi.

Fırsat buldukça üzerimize saldırdılar. Kentlerimizi yakıp yıktılar.

Biz yaptık, onlar yıktılar; biz yaptık, onlar yaktılar. Halkımız hatta krallarımız tutsak oldu.

Ailelerimiz dağıldı. Tarlalarımız, bahçelerimiz bakımsızlıktan kurudu; hayvanlarımız açlıktan öldü ve böylece kökü binlerce yıl önceye dayanan ulusumuz yoruldu, dayanamayacak hale geldi ve içimize yavaş yavaş sızıp bizi yiyen yabancıların kucağına bırakıverdi kendini.

Onlar yönetiyor bizi şimdi. Topraklarımıza ilkel geldiler; sayemizde uygar olmaya başladılar. Ne yazıdan, ne tarımdan, ne sanattan, ne dinden, ne okuldan, ne attan, ne arabadan, ne aydan, ne yıldan haberleri vardı.

Hepsini bizden öğrendiler. Sonra da “biz yaptık, biz bulduk” diye övünmeye başladılar.

Hep korkuyorum, bir gün gelecek, adımız da uygarlığımız da unutulacak. Biz ne yaptık, ne başardıysak hepsini onlar üstlenecekler.

Bu durum beni yıllardan beri üzüyordu. Ben küçük bir adamım, bunu önlemek elimden gelmez diye yakınıyordum. Bir gün aklıma geldi.

Ben bir yazar olduğuma göre; ulusumuzun bulduklarını, başardıklarını, geçmişini, geleneklerimizi yazmaya karar verdim. Böylece herkese ulaşacağını umut ediyorum.

Bizim uygarlığımız belki binlerce yıl sonra yaşayan insanlara da geçecek. Bizim attığımız temeller üzerine yenilerini koyacaklardır.

Ah! Onlar da bizi hatırlayıp bıraktığımız kültür mirasları için teşekkür edebilseler!..”

Muazzez İlmiye Çığ

Şairin asıl adı Lu-diĝira . Tableti ilk okuyan Civil, Miguel, “The ‘Message of Lú-dingir-ra to His Mother’ and a Group of Akkado-Hittite ‘Proverbs'”, Journal of Near Eastern Studies 23 (1964), 1-11.
Teşekkürler Sebahattin Karaçay

Məlumatı hazırladı: Sultan Əhmədova

XURŞİDBANU NATƏVANIN YAZILIARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

6 avqust görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür.

Bu gün sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür.

Mehdiqulu xan qızı Xurşidbanu Natəvan Cavanşir (06.08.1832 – 01.10.1897) Şuşada dоğulub.
Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yekta” (“Tək inci”), el arasında isə “Xan qızı” çağırıblar.

Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir; anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.

Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlub. Məktəb yaşına çatdıqda isə evdə, dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşidbanu “Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlub. XIX yüzildə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dillə yanaşı, ərəb və fars dili də öyrədildiyindən, Xan qızı da bu dilləri öyrənib, оnların vasitəsi ilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. О, gərəkən dərəcədə bilik əldə etdikdən sоnra, ardıcıl surətdə mütaliə ilə məşğul оlub. Dahi Şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlayıb.

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmayışb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeir-sənətə marağı qüvvətləndiriblər.

Xarici və daxili durumun ciddi surətdə gərginləşməsi ilə bağlı, xan ailələri üzərində nəzarətin gücləndirildiyi bir vaxtda Xurşidbanu, Vоrоntsоvun şəxsi yavəri kumık türklərindən Xasay bəy Usmiyevlə ailə həyatı qurub. 1850-ci ilin payızındakı toylarından sonra, Xasay bəy Xurşidbanunu Dağıstana öz doğma kəndinə, оradan da Tiflisə aparıb.

Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılıb, Şuşanın qəribliyini çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətləri ilə tanış olub, özü də milli ənənəsi, kübarlara xas davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyadıb. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün yeni çalarlar qazanmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Bakıya, Naxçıvana və b. şəhərlərə səfəri zamanı, o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb, fikir mübadiləsi aparıb.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. O, “Məclisi-üns” ədəbi məclisinin başçısı olub, Azərbaycan mədəniyyətində və ictimai həyatında özünəməxsus izlər qoyub. Bu fenomenin meydana gəlmə¬sinin bir neçə əsas səbəbi vardır. Bunlardan biriincisi, şairin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra görkəmli ziyalı gətirib (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olublar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında (B., 1989) bu məsələni geniş açıqlayıb. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən başqa kitablarda da söz açılıb. M.Füzuli adına Respublika Əlyazmalar İnstitutunun fondunda Müsahib Gəncəvinin “divan”ı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparır.

Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb; onun bir neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” (B., 2000) kitabında çap olunub.

Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Önqafqazda xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.

Natəvan yaradıcılığa təxminən XIX yüzilin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin çoxu itib-batıb, yalnız az bir bölümü bizə gəlib çatıb.

Natəvanın həzin lirikasında sevimli oğlu Mir Abbasın vaxtsız ölümündən sonra kədərli motivlər daha da güclənib. 1870-ci ildən etibarən şair özünə (köməksiz, kimsəsiz, dayaqsız… anlamında işlənən) “Natəvan” təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaradıb. Onun şeirləri hələ sağlığında dildən-dilə düşüb, əlyazma şəklində yayılıb. Xurşidbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür:

-aşiqanə şeirlər,
-təbiət gözəlliklərinə həsr edilən şeirlər,
-çağdaşlarına yazdığı mənzumələr,
-hüznlü şeirlər.

Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən biri, Şuşanın təkraredilməz yaradıcı iqlimi və mədəniyyət iqlimi, kübar yaradıcılıq mühiti olub.

Xan qızının poeziyası Azərbaycan xanəndələrini də ruhlandırıb. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairin qəzəllərini “Segah” üstündə oxuyarmış; və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairin qəzəllərini oxuyub, ilham alırlar.

Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir; o, rəssamlıqla da məşğul olub, həmçinin, onun nəfis əl işləri, müxtəlif türdə tikmələr bacarığı da olub. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adı ilə ün qazanıb.

Əsərləri (“Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və b.) dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq örnəyi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənib.

M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr edib.

1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda ünlü fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırıb. Natəvanın həyat yoldaşı Xasay bəyin fransız dilini yaxşı bilməsi onların arasında dostluq telləri yaradıb. Onlar Abşeronda birgə gəzintiyə çıxıb, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim ediblər. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk bilgi də, A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.

Şəxsi həyatındakı problemlər, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb və nəhayət həyata gözlərini əbədi yumub… Xurşidbanu Natəvan Ağdamın İmarət qəbristanlığında dəfn olunub.
Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

Əsərləri dəfələrlə kütləvi tirajlarla nəşr edilib.

Xurşidbanu Natəvana, fərqli sənət sahələrinə aid bir çox əsərlər həsr olunub.
Xurşidbanu Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində öz əksini tapıb. Bunun parlaq misalı kimi, tanınmış bəstəkar, Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış ünlü “Qərənfil” mahnı-romansını göstərə bilərik. Bəstəkar “Xan qızı Natəvan” operasını da yazıb.

Həmçinin digər əsərləri göstərə bilərik:

Məmməd Rahim – “Natəvan” poeması,
İlyas Əfəndiyev – “Xurşidbanu Natəvan” pyesi,
Əzizə Cəfərzadə – “Natəvan haqqında hekayələr”,
Məmmədov B. “Xurşidbanu Natəvan”, “Natəvanın şair qohumları” və s…
Adına küçə, klub, kitabxana və məktəb, paytaxt Bakının mərkəzi yerində heykəli var.
Xan qızı Natəvanın (eləcə də, Üzeyir Bəy Hacıbəyli və BÜLBÜLün) Şuşadakı büstləri ermənilər tərəfindən gülləylə deşik-deşik edilib, sonra başqa metal məmulatlarla birgə Gürcüstanda satışa çıxarılıb. Həmin büstlər Azərbaycan maddi mədəniyyət nümunəsi olmaq etibarı ilə Azərbaycana gətirilib və hazırda Ramiz Mustafayev adına İncəsənət Muzeyinin həyətində saxlanılır. (İnşallah Şuşa azad edildikdən sonra, yenidən öz həqiqi yerinə bərpa olunacaq).
2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış törəni keçirilib. (Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir).
RUHU ŞAD OLSUN!

Məlumatı hazırladı: Sultan Əhmədova

İlkin mənbə: Şuşa rayon İcra Hakimiyyəri

XURŞİDBANU NATƏVANIN YAZILIARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məmməd İsmayıl – Tovuz hadisələri haqqında

Neçə gündü vətənim, vətənimiz Tovuzda baş verənlərə görə qürbətdə özümə yer tapa bilmirəm. Əslində ölüm yaşında olduğumu da bilirəm, mən ölməliydim, amma amansız ölüm nə yaşa, nə başa baxır…
“Kahramanlar can verir yurdu yaşatmak üçün.” Orda Tovuz torpağında neçə-neçə genc əsgərimiz vətən uğrunda can verdi.Onların hər biri bizim üçün əsl qəhrəmanlıq nümunəsi göstərdi. Amma aralarında adı çəkilən birsi vardı: Polad Həşimov!
Arxasında buraxıb getdiyi örnək izləri ilə elə bilirəm ki, hər kəsə dürüstlük, qəhrəmanlıq dərsi verdi. Məzarın nurla dolsun, içinin sönməz işığı üzünə yansıyan igidim! Ölümünlə bir nəfərə deyil, milyonlara çox gerçəyi bir daha təsdiqlətdin. Şəhadətinlə sadəcə Azərbaycanı deyil, bütün Türk Dünyasını riqqətə və hərəkətə gətirdin. Ötən gecə gənclərin Azərbaycanın bütün bölglərini bürüyən hayqırışları sənin ölümünlə ölümsüzlük ismarıcının təntənəsi idi. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət elesin.


Bu Vәtәnın nәyi var azı-çoxu döyüşәr,
Dağı, daşı, torpağı, varı, yoxu döyüşәr.
Neçә şәhid iğidin nakam ruhu döyüşәr,
Bir әsgәrә çevrilәr burda hәr mәzar daşı,
Yetәrki ayağa qalx, sәn başla bu savaşı!

Ocağının başına çıxmağa yad gözlәmә,
Dur, ayaqdan başa çıx, başdan imdad gözlәmә.
Andın vәtәnin andı, başqa bir and gözlәmә,-
Adın vәtәn adıyla çәkilәrsә yanaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!

Bu insan dәnizindә hәr insan bir adacıq,
Doğmaca yurdumuzu viran qoydu yad açıq.
Haqdı sәni sәslәyәn haqq üçün cihada çıx!
Yürü, iğid sәfinin nә arxası, nә başı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!

Beşcә kәlmә sözüm var: Dayan, ey cavan әsgәr!
Yoluna uğur deyim, Xan Eyvazım , xan әsgәr!
Boyuna göz dikmişәm, boyuna qurban әsgәr!
Bu hücumun sonunda ölüm var uzaq başı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!

Ağzımda haqq deyirәm, bu haqq sәsi sәnindir!
Hәlә haqqın nahaqla bәhsəbәhsi sәnindir!
Dünyanın әn mübarәk qәlәbәsi sәnindir!
Bu qәlәbә yolunda nә dayan, nә yavaşı!
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı!

MƏMMƏD İSMAYIL

17 iyul 2020 – ci il

Mənbə: Sultan Əhmədova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞEH KİMİ QISA ÖMÜR – ŞAMO RƏHİMOV

ŞEH KİMİ QISA ÖMÜR – ŞAMO RƏHİMOV

9 iyul yazıçı-publisist, geoloq, böyük yazıçımız Süleyman Rəhimovun oğlu Şamo Rəhimovun doğum günüdür.
Xatırlayaq. Ruhu şad olsun.

O, 1931-ci ilin aprelində Xalq yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olmuşdu. Ömrü çox qısa olub – cəmi 34 il! Arzuları içində vulkan kimi püskürsə də, ömrü şeh kimi qısa oldu…

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist:

Orta məktəbdə oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi, amma ilhamına da biganə qalmadı. Hələ məktəbli vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdı. Bəzən də şeirlərini Kəskin təxəllüsü ilə qələmə alırmış. İndi ondan yadigar qalan şeir dəftərçələrini və vəfatından bir neçə il sonra çap edilmiş “Ayrılıq” adlı kitabını vərəqlədikcə, məni ən çox heyrətləndirən məktəbli gəncin ölüm barəsindəki düşüncələridir: “Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini”. “…Zamanın əsən küləyi ömür çəmənimi tapdayıb biçir” söyləyən xiffətli Şamonun 24 yaşında yazdığı şeirdən bir parçaya diqqət edək:

İstərəm qəlbimə səs verə-verə,
Dilim öz halını desin bəşərə.
Halım elə səda salsın hər yerə,
Nəhrlər, dalğalar, sellər ağlasın,
Tufanlar, ormanlar, göllər ağlasın!!.

Həyat eşqli, yaşamaq arzulu bir gəncin şeirlərindəki ölüm hökmünün addımları nədən belə tez görünüb, məni xeyli düşündürdü. Bu dərəcədə hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir? Şamonun şeirlərində həm də sevən bir gəncin duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi ayrılığın rüzgarı əsməkdədir:

Yer fırlanır, günəş batır, dayanmadan külək əsir,
Kainatı dərk etməyə insan oğlu hey tələsir.
Karvan gəlir, karvan gedir, təbiət şən, zaman yorğun,
Əlvidalıq yeli əsir, insan isə ömrə vurğun.

Onun erkən yaşlarında yazdığı şeirlərdə zamanın, quruluşun gerçək sifəti də görünür. Çox güman ki, bu da ailə mühitindən, atasının söhbətlərindən, ətrafda olan müzakirələrdən yaranırmış. Cəmi 14 yaşında yazdığı misralara fikir verin:
Xalqın mərd oğulları zindanlarda çürüyür,
Ölüm vəhşi qurd kimi insanlığa yüyürür.

Məşhur alimlərin səhv etdiklərini aşkarladı
Şamo Rəhimov orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada M.V. Lomonosov adına Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb Onun haqqında çox mükəmməl bir məqalənin müəllifi olan profesdor Qulu Xəlilov yazırdı: “Hələ ali məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu, böyük bir döyüşə atılırsan”.

Yer quruluşunun və qabığının öyrənilməsi sahəsində tədqiqatlar aparmaq üçün böyük ingilis fiziki Reley tərəfindən kəşf edilmiş metod uzun illər (80 ildən çox) əsas götürülürdü. Şamo Rəhimovun seysmologiya sahəsinə gətirdiyi yeniliklər nəticəsində isə bir çox məşhur alimlərin səhv etdikləri də aşkarlandı. Gənc seysmoloqun şöhrəti təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo Rəhimov seysmologiyaya yeni anlayış- “qlobal dalğalar anlayışı” gətirmişdi. Bu qlobal dalğalar bu gün də bütün dünyanaın seysmik stansiyalarında qeyd edilir. Azərbaycan aliminin elmi kəşfi dünya alimlərinin diqqətini çəkirdi. Hətta onu Amerikaya da dəvət etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində Şamo Rəhimov okeanın o tayında keçirilən konfransa buraxılmadı… Doğrudur, Şamo Rəhimovun əsərləri xarici ölkələrdə çap olunurdu, məşhur alimlər tərəfindən yüksək qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin Şamoya yazırdı: ” Çox təəsüf ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm. İstəyirəm Sizə doğma dilinizdə təşəkkür edəm. Tədqiqatlarınız gözəl nəticə vermişdir. Bundan sonra Yer qabığının quruluşunu daha asanlıqla öyrənmək olar.”

“AZƏRBAYCANIN SEYSMİK ULDUZU”
Azərbaycan seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında Şamo Rəhimovu “Azərbaycanın seysmik ulduzu” adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə olunur. Onun seysmologiya elmindəki kəşfləri ildırım sürətilə bütün dünyanı dolaşdı . Azərbaycanlı alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri də istifadə etdikləri metodlara tənqidi yanaşmağa başladılar. Uzun illər bütün dünya tərəfindən qəbul olunmuş, ötən əsrin ortalarına qədər də tətbiq edilmiş və Amerika alimi M. Yunq tərəfindən irəli sürülmüş faza sürətlərinin təyinetmə metodundakı yanlışlıqları elmi dəlillərlə əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi katibi , professor Fyodr Press tərəfindən dəvətlər, məktublar gələrdi. Hətta öz kitablarını da Şamoya hədiyyə göndərərdi. Bundan başqa, seysmologiya ilə bağlı çap etdikləri bülletenləri də Azərbaycana – Şamo Rəhimova göndərərdi. Şamonun ölümündən sonra da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri öyrənən cəmiyyətin orqanı “Nauka” jurnalının naşiri Filip Eybelsonun məktubundan: ” Əziz həmkar! Bizim jurnalımız… elmin və texnikanın, həmçinin elmi cəmiyyətlərin qarşılıqlı əlaqə və problemlərinin müzakirəsi üçün Beynəlxalq forum rolu oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və bizim elmi səylərimizə kömək etməyə ürəkdən dəvət edirik. Əgər siz bizim jurnalın səhifələrində dünyanın bir sıra, eləcə də Amerika alimlərilə elmi əlaqə saxlasaydınız, çox şad olardıq.” Arxivində dünyanın bir çox ölkələrindən gəlmiş belə məktublar çoxdur.

“Şamo Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Yeni metod zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını öyrənmək əsasında Yer qabığındakı yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir. ” ( “Kommunist” qəzeti,21 iyul 1966).

Ermənilərin xisləti heç xoşuma gəlmədi
Yer qatının xüsusiyyətlərini öyrənmək üçün Şamo Rəhimov Qafqazın bütün yaşayış sahələrində tədqiqatlar aparardı . Belə elmi araşdırmaların növbəti ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra hansı elmi nəticəyə gəlib? Bu barədə elmi bülletenlərdə rəylər var. Diqqətimi çəkən Şamonun dəftərçəsinə yazdığı qeydləri oldu: “Ermənilərin xisləti heç xoşuma gəlmədi. Onlar əhalidən pul toplamaqla məşğuldurlar. Silahlanırlar. Ürəklərindən Dağlıq Qarabağ keçir. “Bizimdir” deyirlər…” Şamo Rəhimov tərəfindən bu xəbərdarlıq diqqət edin, görün nə vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin qara caynaqları Şamonun başının üstünü çox tez aldı. Neçə-neçə arzusu yarımçıq qaldı. Şamo ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü elmə həsr edən bu istedadlı alim neçə kəşfini, yaradacaqlarını özü ilə apardı. Şamodan sonra nələr baş verdi?. Qardaşı adının əvvəlinə onun ismini yazaraq doğmasını bu şəkildə yaşatmağa çalışdı: Şamo Arif. Cild-cild romanların müəllifi Şamo Arif. Atası Süleyman Rəhimov ömrünün sonuna kimi “Şamo” epopeyasının üzərində işlədi. Yoxluğu onu tanıyanları yandırıb-yaxdı. Toy üstündə olan oğlunu itirən Aşıq Şəmşir görün Dədə Süleymana nə yazırdı:

Yanmalıdır yaralıya yaralı
Ürəyim alışdı ürəyin kimi.
Uzaq olsun qalanların canından,
Dirəyim çəkildi dirəyin kimi.

“Biləyim sınıbdır biləyin kimi” deyən Şəmşirin şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər, Feyruz Məmmədov kimi şairlər məhz öz sarsıntılarını şeirlə dilə gətiriblər.
Şamo Rəhimov Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas müəlliflərdəndir. Şamo Rəhimov seysmologiyaya yeni anlayış “qlobal dalğalar” gətirməklə, bunun əsasında Yer quruluşunun bütünlüklə öyrənilməsinin son dərəcədə səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur.
2 aprel Şamo Rəhimovun doğum günüdür. Heykəltəraş Ömər Eldarovun böyük ustalıqla yaratdığı qəbirüstü abidə elə canlı və mükəmməldir ki…Bir qədər diqqətlə baxdıqda, sanki Şamonun öz səsini eşidirsən:
Qəlblərdə sönməyən xatirə qoydum
İndi xumar-xumar rahat uyuyum.

Mənbə: Sultan Əhmədova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

          

SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

Günaydın əziz, dəyərli Dostlarım!
Bu gün ulu babamız- klassik şair M.V.Vidadinin övladları, nəvələri və nəticələri haqqında uzun zaman öncə araşdırdığım və özümdə əxz etdirdiyim məlumatları Sizlərin nəzərinə çatdırmağı mənəvi borc bildim.
Görən gözləriniz var olsun!
Öncədən hər birinizə dərin təşəkkürümü bildirirəm!

_//

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə dünyaya göz açmışdır. Şairin uşaqlığı və ilk gənclik illəri Şəmkirdə keçmişdir. Atası Məhəmməd ağa, babası Alı ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından idilər. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindən idi. Belə ailədə böyüyən Vidadi kiçik yaşlarından mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, təhsil almaq məqsədilə Qazağa köçmüşdür. İlk təhsilini Şəmkirdə almışdır. Amma ərəb, fars dillərini mükəmməl öyrənmək üçün bir müddət Qazağın Poylu kəndində yaşamışdır. Təhsil aldıqdan sonra Şıxlı kəndində mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Molla Vəli adı ilə tanınmışdır. Qıraq Salahlı kəndində yaşayan Molla Cəbrayıl Qayıbovun qızı Tükəzban xanımla evlənmiş, Şıxlı kəndində məskən salmışdır.
Bu nigahdan şairin altı oğul və iki qız övladı dünyaya gəlmişdir.
Ömrünün müəyyən qismini Tiflisdə yaşamış, gürcü çarı II İraklinin katibi vəzifəsində çalışmışdır.
1809- cu ildə doğma kəndi Şıxlıda vəfat etmişdir.
Kəndin Gəmiqaya adlanan ərazisində dəfn olunmuşdur.

//

General Əliağa Şıxlinski (1865-1943) “Xatirələrim” əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Azərbaycan şairi Molla Vəli Vidadinin qız nəvəsi idi.
M.V. Vidadinin qızı Cəvahiri xanım anasının qohumu Mirzə Məhəmməd Qayıbovla ailə qurmuşdur.

//__

Şair və araşdırmaçı Salman Mümtaz ( 1884- 1941) yazırdı: “Molla Pənah Vaqif ilə Molla Vəli Vidadi qohum (quda) idilər. Mərhum Abbas ağa Nazir Qayibov vaxtı ilə mənə demişdir ki, şair M.P.Vaqifin iki qızı – Pəri-Soltan xanım və Mələk-Cahan xanım M.V. Vidadinin oğulları ilə ailəli idilər. Böyük oğlu Müfti Osman Əfəndi Pəri-Soltan xanımla, kiçik oğlu Molla Ömər isə Mələk-Cahan xanımla evlənmişdir. Mələk- Cahan xanım klassik şair Yəhya bəy Qazağinin anası idi.
Bu məlumat M.V. Vidadinin nəticəsi general Əliağa Şıxlinski tərəfindən də təsdiq olunmuşdur.”

__//

Müfti Osman Əfəndi Qazax qəzasının Birinci Şıxlı kəndində dünyaya göz açmışdır. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan şair Molla Vəli Vidadinin oğlu idi.

İlk təhsilini atasından almışdır. Ənənəvi şərq elmlərinə və rus dilinə dərindən yiyələnən Osman Əfəndi gənclik illərində Qazax, Borçalı, Tiflis mühitində mötəbər alim və müdərris kimi tanınmışdır. Qafqazda Öməriyyə (sünni) məzhəbi üzrə ali ruhani – müfti olmuşdu.
Qafqaz müsəlmanlarının I müftisi Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Yevgeni Qolovinin təklifi ilə Osman Əfəndi Qafqazın (Zaqafqaziyanın) Il müftisi təyin edilir.
1847-ci ilin dekabrında Tiflisdə ilk şiə mədrəsəsi açıldıqdan sonra müfti Osman Əfəndi canişin Mixail Vorontsovun qarşısında oxşar əsasnamə ilə sünni mədrəsəsinin də açılması məsələsini qaldırmışdır. Məhz onun təklifi ilə 1848-ci ildə sünni mədrəsəsinin nizamnaməsi təsdiq edilmişdir.

1849-cu ildə məktəbin təntənəli açlışı olub. Osman Əfəndi həmin məktəbin fəxri hamisi idi. Bu məktəbdə din ilə bərabər dünyəviliyə daha çox üstünlük verilirdi. Tələbələr təhsilə görə vəsait ödəməkdən azad idilər, başqa yerlərdən gələnlər isə mədrəsənin nəzdindəki pansionda məskunlaşmışdılar. Məktəb özü isə məscidin vəsaiti hesabına saxlanılırdı. Qafqazın Avropa ruhlu ilk türk ziyalıları dəstəsinin yetişməsində Osman Əfəndinin böyük rolu olmuşdur.
0, 1850- ci ildə vəfat etmişdir.

//___

Mötəbər din xadimlərindən biri olan Səadəddin Əfəndi Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsi idi. Atası Osman Əfəndi Qafqazın II müftisi idi.
Səadəddin Əfəndi dini təhsilini Şamaxı mədrəsəsində almışdır.
1868- ci ildə Şuşa qəzasına sünni qazisi vəzifəsinə təyin edilmişdir. On il Şuşada fəaliyyət göstərdikdən sonra 1878- ci ildə Qazax qəzasının qazisi vəzifəsinə təyin edilmişdir. Yerli əhalini çəyirtkə ilə mübarizəyə səfərbər etdiyinə görə 1882- ci ildə ll dərəcəli Müqəddəs Anna gümüş medalı ilə təltif edilmişdir. 1888- ci ildə vəzifəsindən istefa etmişdir. 1894- cü ildə Yelizavetpol (Gəncə) qubernatorunun təkidlərindən sonra yenidən Qazağın qazisi vəzifəsini icra etmişdir. Səadəddin Əfəndi Qazağın varlı şəxslərindən biri idi. Birinci Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, naxırları və qoyun sürüləri var idi.
O, 1916- cı ildə vəfat etmişdir. İkinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Qəbri qardaşı Məhəmməd ağanın qəbrinin yanındadır.

Ailəsi haqqında:
Qızı Güləndam xanım Alay bəy Şıxlinski ilə ailə qurmuşdur. Kiçik qızı Badisəba xanım Alay bəyin əmisi oğlu Qiyas bəy Şıxlinski ilə nigahda idi.

Qeyd: Hal-hazırda Qazi Səaddədin Əfəndinin adını onun nəvəsi – BDU- nin müəllimi, fizika- riyaziyyat elmləri namizədi, dosent Səadəddin Əfəndiyev (1952) yaşadır.

__//

Qafqazın din xadimlərindən olan Məhəmməd Əfəndi Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin isə qız nəvəsi idi.
İlk təhsilini əvvəl öz atası Müfti Osman Əfəndidən almışdır. Sonralar isə Qafqazın müftisi Taciddin Əfəndidən İslam elmlərinin sirlərini öyrənmişdir.
O, 1838- ci ildə Qafqaz Ordusunun Baş Qərargahına işə qəbul edilmişdir. Həmin il ordunun Dağıstan yürüşündə iştirak etmiş və yürüşdə fərqləndiyinə görə 1859- cu ildə ona gizir hərbi rütbəsi verilmişdir. Dağıstan qoşunlarının komendantı general Fezin tabeliyində xidmət edən Məhəmməd Əfəndi Samur, Axta əhalisinə və çərkəzlərə qarşı ordunun apardığı əməliyyatlarda fəal iştirak etmişdir. Buna görə də ona ömürlük təqaüd kəsilmişdir.

Məhəmməd Əfəndi 1845- ci ildə Qafqaz canişini Knyaz Mixail Vorontsov tərəfindən Tiflis cümə məscidinin imamı təyin edilir. O, 1847- ci ildə canişin tərəfindən Qazax qəzasının baş qazisi vəzifəsinə göndərilir.

1852–ci ildə İmperator Coğrafiya Cəmiyyətinə əməkdaş üzv, 1857-ci ildə isə həqiqi üzv seçilmişdir.
Knyaz Aleksandr Baryatinski tərəfindən qızıl zəncirli qızıl saatla və brilliant üzüklə mükafatlandırılmışdır. Məhəmməd Əfəndi 1857- ci ildə Qafqazın Öməriyyə məhzəbli (sünni) əhalisinin müftisi təyin olunmuşdur.

İmterator 1861-ci ildə Kutaisiyə gələrkən
Məhəmməd Əfəndi ilə görüşmüşdür. Bu görüş imperatorda dərin təəssürat oyatmışdır və ayrılarkən ona gümüş tütünqabı və brilliant üzük bağışlamışdır.
1871- ci ildə imperator tərəfindən qeyri- xristianlar üçün nəzərdə tutulmuş II dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Məhəmməd Əfəndi 1872-ci ildə martın 27-də vəfat etmişdir. Məzarı İkinci Şıxlı kəndinin qəbirstanlığındadır.

__//

Abbas ağa Nazir 1849-cu il oktyabrın 9-da Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçisi idi. “Bəyani-hal” poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğunu nəzmə çəkmişdir.
İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşınadək kənd məktəbində oxumuşdur. Dayısı oğlu Məhəmməd ağanın məsləhəti və köməyi ilə Tiflisdəki “Məvariyi-Qafqaz ruhani idarəsi”nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilədək müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuşdur. Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il çalışmışdır. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur.
30 dekabr 1919- cu ildə Salahlıda vəfat etmişdir.

//_

Xədicə (Müftizadə) Qayıbova 1893-ci il mayın 24-də Tiflisdə Qafqazın ll müftisi Osman bəy Müftizadənin oğlunun ailəsində dünyaya göz açmışdır. Babası Osman bəy Müftizadə Azərbaycan şairi M.V.Vidadinin oğlu idi.
Anası Züleyxa xanım isə XIX əsrdə Tiflisdə məskunlaşan tatar əsilli Terequlovlar nəslinin nümayəndəsi idi.
Xədicə xanım ilk təhsilini Müqəddəs Nina Qızlar məktəbində almışdır.
1911-ci ildə Tiflisdə yayılan vərəm xəstəliyi səbəbindən Xədicə xanım atasını, bacısını, və qardaşını erkən itirir.
Ona görə də təhsilini yarımçıq qoymağa məcbur olur.
Ailəsini itirən Xədicə Müftizadə 18 yaşında ikən Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu – Nadir Qayıbzadə ilə ailə həyatı qurur.
Onlar bir müddət Tiflisdə yaşadıqdan sonra 1919-ci ildə Bakıya köçürlər.
X.Qayıbova cümhuriyyət illərində ictimai həyatda çox fəal idi. O, qadınlara təhsil verilməsi ilə bağlı keçirilən layihələrdə iştirak edir, qadınları təhsil almağa yönləndirirdi.
H.Z.Tağıyevin X.Qayıbovaya xüsusi hörməti və rəğbəti var idi.

X. Qayıbova sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSRİ Xalq Təhsil Komissarlığında Şərq Musiqisi şöbəsinə rəhbər təyin edilir.
Həmin illərdə yaradılan Şərq konservatoriyasının banilərindən sayılan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanır.
Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edir.
Ü. Hacıbəyov, R.M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M.L. Presman, L. Rudolf, Q. Primov kimi sənətkarlarla əlaqə saxlamış, Azərbaycan musiqi folklorunun toplanmasında böyük xidmətləri olmuşdur.

Cümhuriyyətin süqutundan sonra Azərbaycanın müstəqilliyinə söz verilmişdir, hər kəs öz sahəsində fəaliyyətlə məşğul idi.
Bir müddət sonra repressiyalar, təqiblər başlandı.
Bu dalğanın içində X. Qayıbova da vardı.

Həyat yoldaşı Nadir Qayıbov repressiya qurbanı olduqdan sonra X. Qayıbova ikinci dəfə ailə həyatı qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşid Qayıbov 1933-ci ildə həbs edilir ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir.
Təqiblər səngimir.
Bu dəfə də sovet hüquq-mühafizə orqanları şübhəli şəxs qismində X.Qayıbovanı 3 ay müddətinə həbs edirlər.
O, da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırırlar, amma heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edirlər.

1934-ci ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə məşğul olmağa başlayır,
konservatoriyanın tədqiqat heyətində çalışır.
Missiyası Azərbaycanın musiqi mirasının araşdırılması idi.

Çox keçmir ki, 1937-ci ildə X.Qayıbovanın həyat yoldaşını yenidən həbs edirlər. Rəşid Qayıbov bu dəfə geri qayıtmır. 1938-ci ildə qətlə yetirilir.

16 mart 1938-ci il tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinin lll şöbə rəisinin müavini leytenant Tevosyan belə bir sənəd tərtib edir:

“Türk və İngilis qərargahları Bakıda olduqları zaman X.Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra X.Qayıbova evində Müsavat partiyasının başçılarından olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır.
M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-ci ildə X.Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib.
O, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir.
X.Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatın üzvü kimi həbs edilmişdir.
Göstərilənlərə əsasən, X.Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir.”

X. Qayıbova həbs olunan zaman oğlu Abdulkərimin 23, qızı Alanqunun 12 yaşı var idi.

1938-ci ildə 9 dəfə dindirilən Xədicə Qayıbova dindirilmə zamanı heç kimin əleyhinə ifadə verməyib və güllələnməyə rəvac verən heç bir ifadəsi olmayıb. Ancaq mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. X.Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir sayılır.

Altı aydan sonra belə qərar çıxarılır: “Qayıbova Xədicə Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin.”
Xədicə Qayıbova 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnib.
1956-ci ildə X.Qayıbova ölümündən sonra bəraət almışdır.

Mənbə: Sultan Əhmədova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Danışan fotolar: Bakı – 1989.

Azadlıq meydanı və bulvar – 1989. Azərbaycan, Bakı şəhəri.

Mənbə: Sultan Əhmədova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru