TÜRKÜN QILINCI Türkün qılıncıyla yoğrulan torpaq, Onun namusudur əl vurmaq olmaz! Türkün nəfəsindən titrəşər yarpaq, Onun qabağında sədd qurmaq olmaz! * * * Kimsənin malında gözü yox onun, Malına toxunsan peşiman edər. Nəfsinə hakimdir gözü tox onun, Süfrəsi açıqdır ürəyi qədər. * * * Türkün nifrəti də sevgisi qədər, Düşmənə zalımdır, dosta mehriban. Onu əyə bilməz qüssə qəm kədər, İnamı sarsılmaz sınmaz heç zaman. * * * Tanrıdan güc alar çətin anında, Nə dala çəkilər, nə qorxu bilər. İlahi yanğı var onun qanında, Qanı qaynadısa özünə gələr. * * * Torpağı uğrunda canından keçər, Namusu qeyrəti hamıya bəlli. Nə yurdu dəyişər nə yurddan köçər, Nəyə sahibdisə tutar beşəlli. * * * Türkün canındadır əzəmət vüqar, Heç kəsə baş əyməz bu minnət deyil. Onun qanındadır sədaqət ilqar, Dostuna sadiqdir müxənnət deyil.
OLUR Sular tərsə axarmı heç?! Ömür sözə baxarmı heç?! Tək əldən səs çıxarmı heç?! Təlatümlər çoxdan olur. * * * Yatan bəxti açan olmur, Heç qədərdən qaçan olmur, Öz xoşuyla köçən olmur, İnsanlar var-yoxdan olur. * * * Nə səhv elə, nə də ki çaş, Can ağrıdar gözdəki yaş, Ağılsıza gülmə, qardaş, Bu, qismətdən, baxtdan olur. * * * Yaşamaqdan yorulanda, Candan bezib, xar olanda, Haqq divanı qurulanda, Demə ki, nahaqdan olur. * * * Yaxşı övlad baş ucaldar, El içində eyləməz xar, Ac yazığın imkanı var?! Hər fırıldaq toxdan olur. * * * Gəl ağlama, yana- yana, Dostum, girmə min bir dona, Asi olma, Yaradana, Nə olursa, haqdan olur.
VƏTƏN Bu torpaq hamıya Vətəndi, qardaş, Hamı bu torpaqdan qüvvət, güc alır. Bu ömür nə vaxtsa bitəndi, qardaş, Bəs niyə kasıblar vaxtsız qocalır?! * * * Dünyanın dərd-səri bunamı qalıb?! İlahi, kasıbın Allahı yoxmu?! Dərd elə boğub ki gözləri dolub, Göz yaşı quruyub, damcı yaş axmır. * * * Ruzini harına, çörəyi toxa, Dərdi toxum bilib əkənə verdin. Nə əkir cücərmir, çıxardır yoxa, Əzabı göz yaşı tökənə verdin. * * * Vətən dara düşür, dərdini çəkir, Özünə qəsd edir, canına qıyır. Özüylə bərabər dördünü çəkir, Nə işdən soyuyur, nə qorxu duyur. * * * Bir oğul böyütdü min bir əzabla, Düşündü nə vaxtsa nəvə görəcək. Bir oğlu varıydı, oğulsan tabla, Onu da Vətənə qurban verəcək. * * * Ay Allah kasıba az zülüm eylə, Vətənin dərdini alır kasıblar. İlahi, bəndənə düzünü söylə, Nədən üzüyola olur kasıblar?!
YADDAŞA ƏLAVƏ Yaxşılığı duymaq, görmək, Borcumuzdur, ad, san deyil. Günahsıza torba hörmək Hörən kimsə, insan deyil! * * * Əziz olmaz kimsə sənə, Qanı qanından olmasa. Canı yanmaz bir dərdinə, Canı canından olmasa. * * * Dəyər vermə hər yetənə, Nə soyuq ol, nə yandırma. Kimsə dəyər versə sənə, Yüz ölç bir biç, utandırma. * * * Yoxlamamış tez güvənmə, Çiy süd əmib insan oğlu. Səviyyəndən qəti enmə, Yaxın qoyma dayaz ağlı. * * * Dərd eləmə gələn dərdi, Öz vaxtı var, keçib gedər. Tanrı bizə ömür verdi, Çalış qoyma getsin hədər. * * * Doğru sözün yükü ağır, Baş ağrısı, eh, çox olar. Doğru danış olma fağır, Qorxun, hürkün tam yox olar. * * * Kobud olma, mərd ol işdə, İnsanlığı düşün hər an. Kimisə də ilk görüşdə Cahil bilmə, ağıllı san. * * * Həya umma həyasızdan, Abır, ismət, arın gedər. Uzaq dolan ağılsızdan, Malın, mülkün, varın gedər.
YOXSA Dünya, mənlə nə işin var?! Mənə çatan varın yoxsa! Dərələrdə bulaqların, Dağ başında qarın yoxsa. * * * Qan ağlayır yaylaqların, Yiyəsizdi oylaqların, Geri dönməz qonaqların, Təmiz, düz ilqarın yoxsa. * * * Nə sirdi ki, biləmmərik?! Biz nəşənə bələnmərik, Hüzuruna gələmmərik, Bizlə bir simsarın yoxsa. * * * Çarəsi yox deyinməyin, Ora-bura tüyünməyin, Yeri varmı öyünməyin? Bir namusun, arın yoxsa. * * * Murad, illər yol salacaq, Sinən üstən ,iz qalacaq, Əziyyətin puç olacaq, Bir dil bilən yarın yoxsa.
NƏ XOŞ… Ömür nə tez keçir fəsillər kimi, Gah isti, dözülməz bir yaya bənzər. Bəzən səmt dəyişən sərt yellər kimi, Bəzən də lal axan bir çaya bənzər. * * * Mənasız günləri ömürdən silsək, Bu ömrün mənası heç nəyə dəyər. Mənalı, mənasız günlərə bölsək, Həm ömür inciyər, həm gün inciyər. * * * Yaxşısı yaxşısa, pisi də pisdir, Hamısı keçilmiş bir yolun sonu. Hər bir yaşanan gün ötəri hisdir, Sonradan anlayıb duyarsan bunu. * * * Ömür yollarında şütüyən mənəm, Amma hər əzaba dözən ürək var. İstədim həmişə nəfsimi yenəm, Göz açdım qarşımda yenə çörək var. * * * Ömür İlahidən paydı bizlərə, Bu ömrün cəfası da, səfası da xoş. Tanrı elə cığır qoydu bizlərə, O yolun sonunda qaldıq əli boş.
KEÇİR Niyyətin pak olsa, qəlbin ağrımaz, Çəkdiyin dərd-azar ürəkdən keçir. İnsanın qaməti niyə əyilsin? Çünki əzabların kürəkdən keçir. * * * Dolğunluq dövründən öncə dərilən, Əksər günahları Tanrıdır silən. Qiyamət günündə sənə verilən, Nə qədər sual var gərəkdən keçir. * * * Murad dinməsə də hər şeyi görür, Gündəlik özünə hesabat verir. İnsanlar əyilir min dona girir, Ən ağır imtahan çörəkdən keçir.
YANDIRIR Cəfasını çəkmirsən, Yar adamı yandırır. Yağış qoymur, əkmirsən, Var adamı yandırır. * * * Hərdən şimşək tək çaxan, Yurd dağıdan, ev yıxan, Baxıram, yoxa çıxan, Ar adamı yandırır. * * * Min bəlanı addayan, Neçə dizi qatdayan, Dərd azardan çatdayan, Gor adamı yandırır. * * * Toz-torpağa bələnən, Hey seçilən, ələnən, Qapı-qapı dilənən, Kor adamı yandırır. * * * Od, ocaqdan yan dursan, Yanmamış kimi varsan, Çaşıb külə əl vursan, Qor adamı yandırır. * * * Ney ağlayır, inləyir, Kaman ruha dil deyir, Saz səsi cingildəyir, Tar adamı yandırır. * * * Zəmanə tələ qurur, Səni bezdirir, yorur, Qəfildən dolu vurur, Bar adamı yandırır. * * * Dərd içində iş getmir, Həvəs ölür, baş ötmür, Dərdə bax, heç üşütmür, Qar adamı yandırır.
BİR ÖMÜR YAŞADIM Bir ömür yaşadım bildiyim kimi, Səssizcə gedəcəm gəldiyim kimi, Neçə günahları sildiyin kimi, İlahi, rəhm elə keç günahımdan. * * * Bilmədim kiminsə haqqına girdim, Bəzən gec anladım, səhvimi gördüm, Oldu ki nahaqdan yüz günah dərdim, İlahi, rəhm elə keç günahımdan. * * * Mən elə yaşdayam məramım bəlli, Üzümdə yalvarış, gözdə təsəlli, Nə desən razıyam indi beş əlli, İlahi, rəhm elə keç günahımdan. * * * Sənin rəhiminlə dünyaya gəldim, Oxudum özümü ağıllı bildim, Gah yersiz ağladım, gah yersiz güldüm, İlahi, rəhm elə keç günahımdan. * * * Mən yaxşı bilirəm səbrin böyükdü, Mənim günahlarım çiynimdə yükdü, Üç övlad böyütdüm, üç ağac əkdim, İlahi, rəhm elə keç günahımdan. * * * Ömür sınağıymış, gec başa düşdüm, Bütöv qınağıymış gec başa düşdüm, Gələn qonağıymış, gec başa düşdüm, İlahi, rəhm elə keç günahımdan.
ETİRAF Ağlımın ucundan keçmir inan ki, Nə məşhur yazıçı, nə şair olum. Beynimdə yüz fikir dolanır, sanki, Bağlanır qollarım, kəsilir yolum. * * * Elə bir yaşdayam hamıya bəlli, Məqsədim, məramım məndən vaxt alar. Söz ilə oynamaq acı təsəlli, Qırxında öyrənən gorunda çalar. * * * Deyibsə atalar günahkar mənəm. Neynəyim söz məni rahat buraxmır. Gah rahat oluram, gah dolur sinəm, Ha daşır, kükrəyir sularım axmır. * * * Söz elə bir möcüzə, elə bir yara Düşdüsə sinənə çağlayır, dolur. Heç özüm bilmirəm aparır hara Gah mənsiz dolaşır, gah mənnən olur. * * * Baxıram bu ömrə, bu günə yadam Söz məni dünyadan özümdən alır. Ona sevinirəm, bir ona şadam Yazdığım nə varsa nişanə qalır.
DOĞRUYA DOĞMAYAM Doğruya doğmayam, yalana yadam, Dilbilməz naşını qarsıyan odam, Ay haqqı-salamı tapdayan adam, Bu dünya fırlanır, anlamadınmı?! * * * Böyüdün, boy atdın bizi saymadın, Yığdın, yığışdırdın vardan doymadın, Böyüyə, kiçiyə hörmət qoymadın, Bu dünya fırlanır, anlamadınmı?! * * * Günlər yel tək ötər, aylar dəyişər, Ömür buxarlanar, qaynayar, bişər, Nə vaxtsa sənin də kəmərin düşər, Bu dünya fırlanır, anlamadınmı?! * * * Nə olsun qismətin, əlin gətirir, Qursağın böyüyür, mədən götürür, Ömrü kin, küdurət, tamah bitirir, Bu dünya fırlanır, anlamadınmı?! * * * Gənclik uçar gedər, cavanlıq ötər, Qamətin əyilər, gözəllik itər, Qismət daşa dəyər, qırılar, bitər, Bu dünya fırlanır, anlamadınmı?! * * * Tanrıya şükr elə, qəflətdən oyan, Kimdi bu dünyada həyatdan doyan? Adam ol! Az danış yalandan, dayan! Bu dünya fırlanır, anlamadınmı?!
QƏLBİ TƏMİZ (Ceyhun Haşımova) Qəlbi təmiz, ədalətli, Saf ürəkli gözəl hakim. Sənətində bir zirvəsən, Sən ürəkdə olmaz heç kim. * * * Neçə könül sevindirdin? Neçə ürək şad elədin? Qulaq asdın, gah dindirdin! İçində fəyad elədin! * * * Əl tutmağın savabını Bu dünyada hamı bilir. O dünyada cavabını Bəndə verir, Tanrı silir. * * * Qazandığın sevinc olur Əziyyətin bada getmir. Bu savabdan gözlər dolur Ömür bitir, arzu bitmir. * * * Arzuların qoy çin olsun! Əməllərin gül açdıqca. Bir manatın qoy min olsun! Möhtac kəslər dil açdıqca. * * * Ay qəlbləri gəzən oğlan Ruhunu Tanrı dindirsin! Kasıblığı əzən oğlan Allah səni sevindirsin!
ÖMRÜM Günlər uçur, aylar gedir, İllər ömrə sığal çəkir. İçimizi ağrı didir, Qəlbimizdə yüz dərd əkir. * * * Günlər, aylar qayıtsa da, Heyif illər geri dönmür. Səhvlər bizi ayıltsa da, Xatirələr bəri dönmür. * * * Keçən illər ömrümüzə Qətrə-qətrə yaş çiləyir. İllər geri dönmür, bizə Gələn illər daş çiləyir. * * * Ömür ötür sətir-sətir Fikir kimi, kəlmə kimi. Yaş artdıqca sanki bitir Gödək ömür ilmə kimi. * * * Günlər ötür, bayram gəlir Biz bu günə şad oluruq. Yaxşı günü sevinc bilir Yaman günə yad oluruq. * * * Hansı ki bu günlərimiz Ömrümüzün bir parçası. Yelə verdik günləri biz, Bu dərdi kimə açası?! * * * Aylar, illər tez ötsə də, Keçən ömür geri dönmür. Arzu, kamın lap bitsə də, Gözün doymur, həvəs sönmür. * * * Bu illərin savaşında Hər gün başa qar ələnir. Alnımıza qırış gəlir Çöhrəmizdən nur ələnir. * * * Ay illərin arasında Xatirəyə dönən ömrüm! Qırılacaq harasında?! Neçə dərdi yenən ömrüm!
DÜNYA Dünyaya gələndə anlamadım ki, Bu dünya kəmfürsət, səbri darıymış. O qədər çalışdım nəbzini tutam, Önümdə nə qədər kölgə varıymış?! * * * Yüz dərdin içində bir can bəslədim, Dünyanı xeyirə, haqqa səslədim, Çətinə düşəndə kömək istədim, Gözü kor, qulağı tamam karıymış. * * * Gün vurdu qaraldım, istidən yandım, Aza qane oldum, nəfsimi dandım, Özümü dünyanın halalı sandım, Qazancım halallıq, namus, arıymış. * * * Bu dünya əzəldən sirli bir otaq, Sonda hamımıza qaranlıq yataq, Üzümə gün doğdu, bəxtimə bir bax, İçimdə sırsıra, çovğun, qarıymış. * * * Murad geri döndü, xəyala daldı, O ötən günləri yadına saldı, Beynimdə o qədər arzu, kam qaldı, Neyləyim?! Puç olan arzularıymış.
OLMAZ İnsan vardan ötrü göz yaşı tökməz, Qismətdən kənarda dövlət, var olmaz. Ağlını işlətsə, başı dərd çəkməz, Ailə yanında heç vaxt xar olmaz. * * * Dəyər ver, məna ver işə, əməyə, Əziyyətin itməz, gələr köməyə, Çəkinmə dərdini dosta deməyə, Ağzı bütöv olsa, eldə car olmaz. * * * Paxıllıq, xəbislik ziyandı cana, Kişi ol, sadə ol, baxma heç yana, Vaxtında kömək ol, əl tut insana, Dost, tanış yanında yerin dar olmaz. * * * Çətinə düşəni qəti qınama! Dayaq ol bacarsan, heç nə unama! Kasıbı aclıqla, pulla sınama! Varlıda səxavət, düz ilqar olmaz. * * * Tanrıya yaxın ol, Allaha əyil, Yaramaz işlərə eyləmə meyil, Zahiri gözəllik əbədi deyil, Sifəti yanandan sənə yar olmaz. * * * Muradın məna var hər an üzündə, Əbədi gülüş var daim gözündə, Nifrət toxumları gəzmə sözündə, Şairlər heç zaman zülümkar olmaz.
BACIM (Bacımın 55 illiyinə) Küsmə vəfasız həyatdan, Ömür sənin taleyindir. İncimə qohumdan, yaddan, Xoş üz göstər, yaxşı dindir. * * * İncidiyin fani dünya, Sənə doğru yol göstərdi. Üç övladı olan kəsin, Üzü gülər, olmaz dərdi. * * * Gileylənmə öz bəxtindən, Taleyini Tanrı yazdı. Qismətinə şükr elə sən, Şükr eləmək inan azdı. * * * Ömür gödək olur bacı, Gülüşünü kəm eləmə! Bu ömürdə ağrı, acı, Olmalıdı qəm eləmə. * * * Bu rəqəmlər heç nə demir, Sənə ruhu Allah verdi. İstəyincə sağlam ömür Diləyirəm rəqəm sirdi.
DAĞLAR Nə yaxşı ki, sizi gördüm, Bir dəyişdi halım ,dağlar! Yaddan çıxdı bir an dərdim, Ay fidəniz olum ,dağlar! * * * Neçə vaxtdı yoxdu tünlük?! Nə sizlikdi, nə də mənlik, İmkan verin onca günlük, Sizdə mehman qalım, dağlar! * * * Ətəyində binə salıb, Bir doyunca nəfəs alıb, Neyləyim ki, sirdaş olub, Sizə mehir salım, dağlar! * * * Bir xeyir var hər səbirdə, Dözümlü ol gələn dərdə, Sağlıq olsun siznən bir də, Kəsişərmi yolum, dağlar! * * * Hər nakəsi yar etməyin, Çox sirrimi car etməyin, Siz Muradı xar etməyin, Qadanızı alım, dağlar!
BU DAĞLARIN Bu dağların əzəməti, duruşu, Qarşısında baş əyirəm dünəndən. Nə cəzb etdi? Nə gözəldi? Soruşun, Sadalayım, töhvə olsun bu məndən. * * * Baxıram, papağım düşür başımdan, Balaca nöqtəyəm ətəyində mən. Göz yaşı car olur çınqıl, daşından, Baxır, sanki, qan ağlayır ürəkdən. * * * İlahi zövqü var ulu Tanrının, Nəyi yaradıbsa, şövqlə yaradıb. Burda gözəl keçir zamanın, anın, Gərək zövq alasan tamını dadıb. * * * Neçə nəsil görüb yaranışından, Başından tüfənglər, toplar atılıb. Baxıb zövq alıram şax duruşundan, Görən nə düşünür, qaşı çatılıb?! * * * Şahanə gözəllik var bu yerlərdə, Ruhumu oxşayır, ruh verir mənə. Havası dərmandı sağalmaz dərdə, Qismətdə olarsa gələrəm yenə.
EY KÖNÜL Ey könül, ovutma məni, Dərd, azardan gəl qıraq ol! Sözə bağlı bu bəndəni, Qoyma sönə, gur çıraq ol! * * * Demirəm ki, nəşəli ol, Ömrüm keçsin yuxu kimi. Yol seç, olsun şərəfli yol, Qınanmayım çoxu kimi. * * * Təpər olsun qoy canında, Haqdan nisyə gün diləmə. Qohum, qonşu, dost yanında, Məni peşiman eləmə! * * * Həyatda yaşadığın yox, Yaşatdığın yadda qalır. Səni, sonradan daha çox, Əməllərin yada salır. * * * Neyləsən də saf, təmiz qal, Uzaqlaşma təmiz addan. Səhvim varsa, sən yada sal, Qoyma, küsüm bu həyatdan.
DAĞLARIN Baxıram duvağı dumandı, çəndi, Çəkilsə gül açar gözü dağların. Bağlansa yolları, bərəsi, bəndi, Danışmaz, qurtarar sözü dağların. * * * Gülünü tapdama, kolunu əymə, Zirvəyə dırmanıb özünü öymə, Nəbadə dağların xətrinə dəymə, Dil deyib ağlayar özü dağların. * * * İlahi hüsnündən mehmanı doymaz, Gözündən kənara kimsəni qoymaz, Pulsuzu xar etməz, pullunu saymaz, Yandısa kül olmaz közü dağların. * * * Zirvəsi sıldırım silsilə daşdır, Söykənib bel-belə hey başa-başdır, Yayı, payızı da, qışı da xoşdur, Murada ruh verər yazı dağların.
YAŞADIM Mən ruhla yaşadım, qalmadım onsuz, Bir sifət daşıdım boyasız, donsuz, Geriyə boylandım, xəyallar sonsuz, Ruhum yamyaşıldı abad bağ kimi. * * * Gəl ruha toxunma, qanatma, oyma, Həzz al gözəllikdən, arif ol, doyma, Qara çirk götürməz deyiblər, uyma, Qara da çirklənər bəyaz ağ kimi. * * * Sağ var ki, kimsənin yadında qalmır, Bir salam verən yox, vecinə almır, Ölü var dəyəri ölmür, azalmır, Qalır yaddaşlarda, yadda sağ kimi. * * * Dünyada dərd etmə hər kiçik dərdi, Bu dünya dərdliyə müəmma, sirdi, Kim ki bu dünyanın gözünə girdi, Ay Murad, ucaldı uca dağ kimi.
DÖYÜNƏN ÜRƏYİM Döyünən ürəyəm, təntiyən nəfəs, Əlçatmaz arzuyam, sönməyən həvəs, Ay Allah bəndəsi, neyləyim ki, bəs, Sən məni anlayıb başa düşəsən. * * * Nə qədər aşağı enim görəsən?! Nə qədər özümü yenim görəsən?! Nə qədər danışım, dinim görəsən?! Sən məni anlayıb başa düşəsən. * * * Nəyi bağışlayım, mən nəyi keçim, Doğrumu, yalanmı? Sən eylə seçim, Nəyi girov qoyum, nəyə and içim, Sən məni anlayıb başa düşəsən. * * * İnsana ruh verər xoş sözün ətri, Duyub anlayanda hər fikri, sətri, Bu Murad neyləsin de, səndən ötrü, Sən məni anlayıb başa düşəsən.
OLSA Dünyanın dərd, səri vecimə olmaz, Yanımda bir nəfər dərd bilən olsa. Nə pislik, yamanlıq yadımda qalmaz, Niyyət gözəl olsa, üz gülən olsa. * * * Məni aldadammaz şirin yalanar, Ruhumla oynayıb, ləzzət alanlar, Canımda o qədər arzu, istək var, Aşaram yüz təpə, yüz bələn olsa. * * * Baxaram, üşütsə dərdimin nəmi, Yaxına qoymaram qüssəni, qəmi, Yanaram oduna pərvanə kimi, Dərdimi anlayıb tən bölən olsa. * * * Ay Murad, gözəldi hər keçən anın, Canına ziyandı qaralsa qanın. Başı ağrıyarmı görən insanın? Sözü əməliylə düz gələn olsa.
QORXMAZ Bu bazar təzə nırxdan, Qorxmaz, əzizim, qorxmaz. Cana doyan çarmıxdan, Qorxmaz, əzizim, qorxmaz. * * * Qəvvas olan dərindən, Kim inanır, pirindən, İnsan dünya şərindən, Qorxmaz, əzizim, qorxmaz. * * * Pulu olan bazardan, İmanlı kəs məzardan, Salim olan azardan, Qorxmaz, əzizim, qorxmaz. * * * Başı çəkən yamandan, Dolu başlar gümandan, Dərdli ahdan, amandan, Qorxmaz, əzizim, qorxmaz. * * * Yolu azan qabaqdan, Kasıb olan yamaqdan, Taleyi kəm sabahdan, Qorxmaz, əzizim, qorxmaz. * * * Xəbərsiz can olumdan, Zulum çəkən zulumdan, Saf bəndələr ölümdən, Qorxmaz, əzizim, qorxmaz. * * * Çünki dünya dəyirman, Bəndə, bozaran xırman, Allah vuran heç zaman, Qorxmaz, əzizim, qorxmaz.
YURDUMUN (İncə dərəsi, Kəmərli.) Sarsılmaz ruhu var baxsan əzəldən Ağıllı başlarla dolu yurdumun. Sevilər, az olmaz ruhu gözəldən Tanrıdan lütfü var ulu yurdumun. * * * Qaydası, nizamı öz yerindədir, Hamı eyni kökdə, eyni dindədir, Tarixi varaqla, çox dərindədir, Mübarək imzası, qolu yurdumun. * * * Əlini uzatsan göylərə çatan Dağların qoynunda başını qatan Köksündə pir olmuş insanlar yatan Türbəyə açılır yolu yurdumun. * * * Qazaxdan çıxanda görünür məncə, Adı Kəmərlidir, soyadı İncə, Görən nə baş verir?! Murad gəlincə, Dəyişir növrağı, halı yurdumun. Müəllif: Murad MƏMMƏDOV
DOSTUMA Sevgidir məlhəmi sevən ürəyin, Sevmirsə , o ürək, daşdı, əzizim. Ayrılıq bir dərddi, olmaz gərəyin, Çarəsi gözlərdə yaşdı, əzizim. * * * Ürək geniş olsa, yerin dar olmaz, Sevən könüllərdə dərd, azar olmaz, Gözü oynayandan sənə yar olmaz, Məhəbbət ağılla xoşdu, əzizim. * * * Hər yaşın sevgisi ruha dayaqdı, Yüz insan seyr edir, baxma, oyaqdı, Bir qoca kiminsə gözünə baxdı, Dalınca dedilər, çaşdı, əzizim. * * * Məhəbbət yandıran, alovlu yoldu, Neçəsi alışdı, yarıda qaldı, Kimi dəli etdi çöllərə saldı, Dedilər həddini aşdı, əzizim. * * * Neçə canda neçə sevgi boğular, Qocalarıq, eşq, məhəbbət soğular, Sevgi də beyində, başda doğular, İnsanı var edən başdı, əzizim. * * * Ay Murad, ayıq ol ,yuxudan oyan, Naşıdı dünyanın malına uyan, Eşqdən xumarlanıb, iyini duyan, Ləzzət alan, gözlə qaşdı , əzizim.
ÖVLADLARIMA Dünya, fani dünyadır, Öz ağlınla otur, dur. Laylay çalır, oynadır, Axırda qalib odur. * * * Yıxıldınsa, çalış dur Qorunma yedəklərdə. Özünə bir koma qur, Sürünmə ətəklərdə. * * * Öz qədrini özün bil Özgəyə möhtac olma! Eşqlə yaşa, sevin, gül, Çalış, işlə, ac olma! * * * Ümid olma heç kəsə, Nəyin varsa, yiyə dur. Girmə heç kimlə bəhsə, Ağıllısı, bax budur! * * * Pisi yaxına qoyma, Sadə davran, ayıq ol. Yalana, küyə uyma, Aldanarsan, sayıq ol. * * * Yalqız olma həyatda Təklik bir həyat deyil. Yandırsalar da odda, Ancaq Allaha əyil. * * * Nəfsinə qul olma sən, Tamahında batarsan. Səbr eyləyib gözləsən, İstəyinə çatarsan. * * * Təkəbbürlü olma heç, Tanrı sevmir dikbaşı. Sən gəl günahından keç, Adam olmur hər naşı. * * * Dərdi yaxına qoyma, Həyatda pozitiv ol! Yaxşılıq elə, doyma, Pisliyə heç açma yol! * * * Həyat, mübarizədir, Sabaha yoxdur güman. Mənim sözüm sizədir, Halal olun hər zaman!
İNCƏ DƏRƏSİ Nə gözəl mənzərədi Ruhumu alıb gedir. Bəlkə, buna görədi Əhvalım göylərdədi. * * * Yaradandan bəndəyə Lütf olan gözəllikdir. Ruhum dil açır deyə Yarəb, dünya mənlikdir. * * * Ətrafımda quş səsi Burnumda gül qoxusu. Cəzb eləyir hər kəsi Cuşa gəlir çoxusu. * * * Bura cənnətin özü, Laylam oxunan yerdir. Azərbaycanın gözü, Mənə səcdəgah, pirdir. * * * Bütün dərdi-sərini Burda unutmaq olur. Könlüm məzar yerini Sonunda burda bulur. * * * Bura arxam, güvənim Mənim qibləgahımdır. Yaşadığım dünənim, Bu günüm, sabahımdır. * * * Bu yaşımda anladım, Ömrü harda bitirdim. Öz-özümü danladım Gör, nələri itirdim. * * * Bu yurdun torpağına, Daşına qurban olum! Gələcəm ayağına İncə dərəm, son yolum!
XEYİR GÖZLƏ Hər işdən bir xeyir gözlə, Şəri ancaq xain istər. Dərd ovunmaz adi sözlə, Bir istilik, qayğı göstər. * * * Alnımızda yazılanın Sahibiyik, yiyəsiyik. Bir qaranlıq gündə hamı Eyni qapı döyəsiyik. * * * İçimizdə ölüm xofu Gah ölürük, dirilirik. Canımızdan qopan ofu Ağrı, acı, dərd bilirik. * * * Bu dünyanın qonağıyıq Dünyamızda çoxu kimi. Yüz oyunun qınağıyıq Unudarıq yuxu kimi. * * * Arzuların arxasınca Hey qaçarıq, yorulmarıq. Ömür bitib can çıxınca Nəfsimizdə durulmarıq. * * * Sonda ruhla vidalaşıb, Bu dünyanı anlayırıq. Son keçilən səddi aşıb, Özümüzü danlayırıq.
MÜBARƏK OLSUN Gəldi ramazan ayı Yarəb ayın mübarək! Payla ramazan payı Hər süfrəyə! Şükr edək! * * * Qoy sevinsin insanlar Xəstələr şəfa tapsın. Nolar naşükür canlar Şükr etsin, tövbə yapsın. * * * Yaradan millətimə, Kin, küdurət verməsin! Daim gülsün ürəklər, Heç kim kədər dərməsin! * * * Küsülülər barışsın, Nifrət, nifaq olmasın. Başlar xeyrə qarışsın, Şər əməllər qalmasın. * * * Bu ay ruzi gətirsin, Hər süfrəyə, hər evə. Saf diləklər bitirsin Yaşayaq sevə sevə.
ÜRƏYİMİN SƏSİ Ruh halımı bölüşməyi sevmərəm Üç olarıq kağız, qələm, bir də mən. Dəyişmədim, dəyişmədi yan yörəm Otaq həmən, masa həmən, ruh həmən. * * * Sakit gecə, sözə bağlı bir canam Eşidirəm ürəyimin səsini. Uşaqlıqdan üzüyola insanam Nə deyir yazıram hər kəlməsini. * * * Elə gün olur ki, qapımı döymür Bəzən əzab verir ürəyim mənim. Olur ki, ruh verir xətrimə dəymir Nə bu günüm inciyir, nə də dünənim. * * * O, məni yaşadır, o, nəfəs verir Məni incitsə də, mən ona qulam. Əgər ağrımırsa boş həvəs verir Bilir ki tükənmiş , keçilmiş yolam. * * * Bu yaşa çatmışam, ona borcluyam Nə yazdım qəlbimin səsiylə yazdım. Vallah inanmıram yazmaqdan doyam Yazdıqca bu ömür yolunda azdım.
YAĞIŞ YAĞIR Yağış yağır ümidlərim yuylur Çiçək ömrüm yavaş yavaş gül açır. Bu yağışdan saf diləklər ayılır Körpə kimi gülümsəyir, dil açır. * * * Damlaların tappıltısı oyadır Neçə neçə mürgüləyən hissləri. Qəm yuyulur, sanki rəngli boyadır Tam ağardır günah görmüş kəsləri. * * * Yağış yağır, həyat sanki canlanır Elə bil ki nəfəs alır kainat. Köhnə dərdlər yaddan çıxır sonlanır Gül arzular həmən açır qol qanad. * * * Bu his pasın çevrəsində bəxtimiz Yuyulmasa kif balayar pas atar. Nə yaxşı ki, selə dönüb axdınız Yağ ey yağış, yoxsa dünya tam yatar.
YOXDUR Verilən ömürə inamım yoxdur Sabahın işini yaradan bilir. Bu gündən sabaha gümanım yoxdur Nə gəlir başıma sonradan gəlir. * * * Var olan nə varsa qismətdə olur İnsanın qisməti Tanrıya bəlli. Bu dünya dəyişir, boşalır ,dolur Görmədim yapışan ondan beşəlli. * * * İstəklər, arzular çoxdu həyatda Ömrü uzatmağa varmı qüdrətin?! Çox şeyi görürük gözlə üst qatda Alt qatda nə olur anlamaq çətin. * * * Taleyi, qədəri poza bilmərik Tanrı qarşısında qolumuz bağlı. Yenidən bəxt, tale yaza bilmərik Hər zülmə tabeyik biz insan oğlu. * * * Bu dünya mehriban anaya bənzər Heç kəsin könlünə, qəlbinə dəyməz. Bəzəkli, düzəkli sonaya bənzər Baxanda cəlb edər, kimsəni öyməz!
OĞLUMA Ömrün yolları yoxuş Dolanbac, çətin olur. Bu yolları yoranlar Əzizim, mətin olur. * * * Bu ömrə asan demə Çalışsan asan olar. Hər işin bir çəmi var Alışsan asan olar. * * * Heç kimdə qüsur gəzmə Özündə qüsur axtar. Ağlı başda olanın Həm düzü, həm səhvi var. * * * Üzünə güləndisə Ondan uzaq, qıraq ol. Dərdini biləndisə Ona yanan çıraq ol. * * * Baban öyrətdi mənə Xeyri şərdən ayır sən. Torpağı sanı yaşa Babana oxşayırsan. * * * Ata nəsihətindən Adama ziyan olmaz. Doğmalara yad olma Qıraqdan həyan olmaz.
VƏTƏN İnan, heç vaxt unutmaram Mən anamın can səsini. Yüz alxışa tay tutmaram Qurban olum kəlməsini. * * * Bir suçum yox, başım uca Ruhum payız havasında. Mən baxıram anam qoca Özüm dərd sər yuvasında. * * * Yenə ana nəfəsinin Duasının mən acıyam. Dərdin alım kəlməsinin Tamarzısı, möhtacıyam. * * * Bu kəlmənin istisindən Dilim, dodağım əsir. Ögey baxış yad səsindən Dişim bağrımı kəsir. * * * Anam indi öz hayında Nə danışmır, nə də dinmir. Fikri Tanrı sarayında Min zikri var yerə enmir. * * * Balaları ondan kənar Bir oğlu var dada yetən. Vətən üçün canı yanar Mənim anam, ana Vətən!
BU DÜNYA İnsanıq dünyaya adsız gəlirik Sən kimsən, nəçisən xəbərin olmur. Ad alıb, böyüyüb hey yüksəlirik Köçürük, adımız, sanımız qalmır. * * * Bu dünya çeynəyir başsız bütləri Bu dünya boy verir şərəfsizlərə. Yal verir, hürdürür zalım itləri Dil verir, ruh verir tərəfsizlərə. * * * Heç zaman ayırmır yaxşını pisdən Ürəyi genişdir, qəlbi genişdir. İncitməz, inciməz heç vaxt heç kəsdən Gülüb yola salmaq sevdiyi işdir. * * * Bu dünya məzardı ölü canlara Sənə əbədilik fürsəti verməz. Danılmaz şahiddir nahaq qanlara Susar! Günahı yox! Günaha girməz! * * * Hər kəsə qol açar, hər kəsə qucaq Bəsləyər qoynunda ölənə qədər. Bu dünya hamıya doğmadır, ancaq Kimiyə ruh verər, kimiyə kədər.
KÖNLÜM Könlüm evi işıq saçar Ürək sözlə barışanda. Təbim sanki tər gül açar Başım sözə qarışanda. * * * Sözdü ruhumun açarı Ruhuma gedən yaxın yol. Qoy ruhum sevinsin barı Ürəyim, ona kömək ol! * * * Duyğularım pərvazlanar Söz ruhumu oyadanda. Könlüm duyar, hey nazlanar Söz dünyama qayıdanda. * * * Sözsüz həyat bir lal sükut Səs səmirsiz çölə bənzər. Qulaq batar, tamam sakit Qıfıllanmış dilə bənzər. * * * Söz dəlisi, söz acıyam Söz dərdimə məlhəm olur. Şirin sözün möhtacıyam Duyammıram hey kəm olur. * * * Söz oyadar lal dilləri Sözlə gözdən yaş tökülər. Söz titrədər könülləri Göz kor edər, qaş tökülər. * * * Söz acıdı, söz şirindi Gah incidər, sevindirər. Məna yükü çox dərindi Gah qaldırar, gah endirər. * * * Sözdə qəzəb, xof, kin, nifrət Həm təravət həm dad olur. Təkcə həsrət nisgil olmur Yüz çağırış, fəryad olur. * * * Sözü udmaq, yemək olmur Pərçim olur boğur səni. Sözə dayan demək olmur Can boğaza yığır səni. * * * Sözün yükü ağır olur Toparlamaq, bükmək olmur. Kürəklərin yağır olur Söz yükünü çəkmək olmur!
ARZULARIM Körpə, kövrək arzularım Boy atmadı, həmən söndü. Topa topa bu nisgillər Ürəyimdə dərdə döndü. * * * Ha çalışdım yola verim Ki azalsın dərdi-sərim. Ona qalsa mənim yerim Dərdə sarı, dərdə yöndü. * * * Taleyimi fələk yazar, Heç etmərəm giley, güzar Məni yeyən bu dərd, azar Saçlarımda dümağ dəndi. * * * Dünya şəndi qalanlara, Dərdsiz, qəmsiz olanlara, Asan ruzi bulanlara, Sevinc birsə, əzab mindi. * * * Gecə, gündüz hey çalışdım, Öz odumdan mən alışdım, Yıxıldım, durdum, dolaşdım, Sanki dövrəm duman çəndi. * * * Xəyallarım göydən enməz, Günahlarım susar, dinməz, Qaynar eşqim bir an sönməz, Qibləgahım bu Vətəndi!
YOXDUR Verilən ömürə inamım yoxdur Sabahın işini yaradan bilir. Bu gündən sabaha gümanım yoxdur Nə gəlir başıma sonradan gəlir. * * * Var olan nə varsa qismətdə olur İnsanın qisməti Tanrıya bəlli. Bu dünya dəyişir, boşalır ,dolur Görmədim yapışan ondan beşəlli. * * * İstəklər, arzular çoxdu həyatda Ömrü uzatmağa varmı qüdrətin?! Çox şeyi görürük gözlə üst qatda Alt qatda nə olur anlamaq çətin. * * * Taleyi, qədəri poza bilmərik Tanrı qarşısında qolumuz bağlı. Yenidən bəxt, tale yaza bilmərik Hər zülmə tabeyik biz insan oğlu. * * * Bu dünya mehriban anaya bənzər Heç kəsin könlünə, qəlbinə dəyməz. Bəzəkli, düzəkli sonaya bənzər Baxanda cəlb edər, kimsəni öyməz!
QADIN Qadın ruha yaraşıq Ömrümüzün yarısı. Sevgisiylə qarışıq Həm xanımı, qarısı. * * * O, dünya yaranandan Sevgi dolu sonadır. Biz asılıyıq ondan Çünki qadın Anadır. * * * Qadın həyatın gözü Aldığımız nəfəsdir. Həm söhbəti həm sözü Sevgiylə dolu kəsdir. * * * Bu dünya gül qoxuyar Ətir saçar onunla. Sevgiylə can toxuyar Qürur duyar bununla. * * * Qadın övlad anası Hamımızın canıdır. Bütün bəşəriyyətin Üzüdür, ad sanıdır. * * * Başımızın tacıdır Həyası, ismətiylə Qadın ana, bacıdır Gözəldir qismətiylə. * * * O, dünyanın bəzəyi İnsanlığın yaşıdır. Sevgimizin özəyi Onun məhək daşıdır.
YAŞADIM Dünyanın dolanbac dolaylarında Azmadım, ömrümü sürdüm yaşadım. Gül açıb saralan ömür bağımdan Yüz ağrı, yüz acı dərdim yaşadım. * * * Bir məna var hər gülüşün dalında, Yüz çalar var üzdə olan xalında, Uymadım şeytana haqqın yolunda, Nə qədər şər, böhtan gördüm yaşadım. * * * Şimşək tək kükrədim, bulud tək doldum, Yazda çiçək açdım payızda soldum, Hər an təbiətlə qol boyun oldum, Könlümü dağlara verdim yaşadım. * * * Min arzu, min istək qalır beynimdə, Bir dağın yükü var inan çiynimdə, Dərddən qurumur ki paltar əynimdə, Dərdimi sinəmə sərdim yaşadım. * * * Ay Murad, tapdanmış köhnə izəm mən, Bəzən haylı küylü səbirsizəm mən, Demirəm mələyəm, tərtəmizəm mən, Bəlkə min günaha girdim yaşadım.
ŞUŞANI GÖRDÜM Bu gecə yuxumda Şuşanı gördüm Hər tərəf yamyaşıl, quşlar ötüşür. Yarəb bundan sonra olarmı dərdim Bu Şuşa dərdimə deyən gün düşür. * * * Elə bil cənnətdir havası sərin Gül gülü çagırır, çiçək çiçəyi. Üzündən oxunur qəmin kədərin Bizim şəhərlərin gözü göyçəyi! * * * Bulaq şırıltısı şəlalə səsi Bir anlıq insanı özündən alır. Bu ilahi şəhər deyim hər kəsi Yolundan döndərir tilsimə salır. * * * Nə xoşbəxt görünür burda insanlar Baxıram hər kəsin üzündə gülüş. Bəs niyə danışmır dillənmir onlar? Nə bir gediş gördüm nə də ki gəliş. * * * Elə bil şəhər də sevinir gülür Gah Günəş boylanır gah da Ay doğur Bəlkə mən qəribəm məni yad bilir Dumanlı çiskinli boz yagış yağır. * * * Ancaq ki doymadım bu mənzərədən Burnumda min gülün ətiri qaldı. Gah dağa boylandım, gah da dərədən Yadda nə qaldısa ötəri qaldı. * * * Bir uzun zəng səsi ayıltdı məni Bilmədim yuxumu söyləyim kimə? Ömründə Şuşada olmayan kəsi Apardı qaytardı bir yuxu demə!
QALA İstəmirəm bu dünyadan Ayrılanda gözüm qala. İstəyirəm az da olsa Məndən sonra izim qala. * * * Gözüm yoxdu var dövlətdə, Nə ad sanda nə şöhrətdə, Hərdən hərdən söz söhbətdə, Bir anılam sözüm qala. * * * Dünya puçdur anlayıram, Hey özümü danlayıram, Gələn dərdi sonlayıram, Bəlkə dərdə dözüm qala. * * * Qalan ömrü vursam başa, Dərdim olmaz bir tamaşa, Agır gündə yar yoldaşa, Söz deməyə üzüm qala. * * * Bir az qışda bir az yazda, Nə yazmışam var kagızda, Könlüm istər dil agızda, Beş on kəlmə yazım qala.
VAR Hələ neçə arzularım Ürəyimdə min kamım var. Nə doyunca dövlət varım Nə doğrusu imkanım var. * * * Amma sağlam bir ürəyim, Yerə dəyməz heç kürəyim, Bir qismət halal çörəyim, Təmiz şəffaf ad sanım var. * * * Bu dünyanın savaşından, Yer nəm çəkər göz yaşından, Mənə uyğun bir başından, Bəlli olan ünvanım var. * * * Unudulmaz köhnə vərdiş, Bizi cana yığdı gərdiş, Səndən mənə qalan dərdiş, Bir dərd idi dərmanım var. * * * Pələng ilim oğlaq bürcüm Muraddan sor nədi xərcim?! Allahıma bir can borcum Sizə qurban bir canım var.
YOLLAR Bir kənddən şəhərə heç nəyə satdı Məni gəncliyimdən qoparan yollar. Məni dilə tutdu yaman aldatdı Qazaxdan Bakıya aparan yollar. * * * Yüz arzu vəd etdi gözüm qamaşdı, Beynim dumanlandı əlifim çaşdı, Önümdə təzə bir səhifə açdı, Qazaxdan Bakıya aparan yollar. * * * Yolların içində gözümdə təkdi, Mən kənddən çıxan gün göz yaşı tökdü, Aldı ağuşuna şəhərə çəkdi, Qazaxdan Bakıya aparan yollar. * * * Kiminə güvəndi kiminə güldü, Nə xoş üz göstərdi nə acı dildi, Bir ömrü aylara illərə böldü, Qazaxdan Bakıya aparan yollar. * * * Min arzu gül açdı alışdı tək tək, İstədim bu yolda vüsala yetək, Qoymadı büdrəyək qoymadı itək, Qazaxdan.Bakıya aparan yollar. * * * Bu yol nabələdi gözündən seçir, Düzü naxələfi üzündən seçir, Yüz elin çölündən düzündən keçir, Qazaxdan Bakıya aparan yollar. * * * Bir arzu ,bir ümid dalınca gəldik, Bu yolu hər dərdin əlacı bildik, Vallah burda sevdik burda sevildik, Bizi sevgilərə aparan yollar. Məni gəncliyimdən qoparan yollar.
DOSTLARI Kəmfürsət deyilsə günahından keç Tanrım utandırma, aman, dostları. Niyyəti pisdirsə yaxın qoyma heç Məndən uzaq eylə yaman dostları. * * * Qəlbinə işıq saç daim gur eylə, Tərtəmiz bulaq tək üzün nur eylə, Yarəb, kəramət ver özün pir eylə, Ürəyinə şübhə daman dostları. * * * Hər kəs bir ağılda, dində nə edim?! Hamıya hər yerdə sözümü dedim, Heç vaxt qınamadım ancaq sevmədim, Hər şeydən mənfəət uman dostları. * * * Sən elə sanma ki Murad naşıdı, İndi ömrümüzün kamil yaşıdı, Sızıldayan ürəyimin başıdı, İtirdikcə zaman zaman dostları.
TORPAQ Türkün qılıncıyla yoğrulan torpaq Onun namusudur əl vurmaq olmaz! Türkün nəfəsindən titrəşər yarpaq Onun qabağında sədd qurmaq olmaz! * * * Kimsənin malında gözü yox onun Malına toxunsan peşiman edər. Nəfsinə hakimdir gözü tox onun Süfrəsi açıqdır ürəyi qədər. * * * Türkün nifrəti də sevgisi qədər Düşmənə zalımdır, dosta mehriban. Onu əyə bilməz qüssə qəm kədər İnamı sarsılmaz sınmaz heç zaman. * * * Tanrıdan güc alar çətin anında Nə dala çəkilər, nə qorxu bilər. İlahi yanğı var onun qanında Qanı qaynadısa özünə gələr. * * * Torpağı uğrunda canından keçər Namusu qeyrəti hamıya bəlli. Nə yurdu dəyişər nə yurddan köçər Nəyə sahibdisə tutar beşəlli. * * * Türkün canındadır əzəmət vüqar Heç kəsə baş əyməz bu minnət deyil. Onun qanındadır sədaqət ilqar Dostuna sadiqdir müxənnət deyil.
KƏNARDAN BAXANDA Kənardan baxanda çox bəxtəvərəm Bu pünhan dərdimi bir kimsə bilməz. Boy verən gül açan min dərdi sərəm Üzüm gülərsə də ürəyim gülməz. * * * Tale möhürlənmiş bir yazılı baxt, Ömür saat saat hey əriyən vaxt, Nə tez külə döndü bu qurduğum taxt, Heyif dövran keçdi dün geri gəlməz. * * * Ay Murad, fikirləş gör bu nə sirdi?! Səcdəm Allahadı inancım pirdi, İnsanı öldürən dərddi, fikirdi Yüz fikir eyləsən bir borcu silməz.