Etiket arxivi: Ramiz Göyüş

TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ
Yaradıcılığına və şəxsiyyətinə ehtiram bəslədiyim şair-publisist və ictimai xadim Tapdıq Əlibəylini uzun illərdir tanıyıram. Onunla, Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyim vaxtlarda, tədbirlərin birində tanış olmuşduq. Həmin tədbirdə yenicə çapdan çıxmış “Poetik buta” kitabını da mənə hədiyyə etmişdi. Elə həmin gündən də Tapdıq bəylə mehriban ünsiyyətimiz yarandı.Tez-tez görüşməsək də, fəal istifadəçisi olduğum “fasebook” sosial şəbəkəsində müntəzəm olaraq onun yaradıcılığını və ictimai fəaliyyətini yaxından izləyirəm. Bu günlərdə öyrəndim ki, bu ilin iyulundaTapdıq bəyin 65 yaşı tamam olacaq. 65 yaş insan həyatında əlamətdar bir tarix olduğu üçün istədim ki, mən də bir yazı-pozu adamı kimi həmkarım Tapdıq Əlibəylinin yaradıcılığına səyahət edim. Bu yazı da həmin səyahətin nəticəsi olaraq meydana gəldi və düşnürəm ki, səmimiyyətdən yaranmış bu yazı Tapdıq bəyin yubileyinə mənim kiçik bir hədiyyəm olar.
Tapdıq Əlibəyli qədim türk yurdu, əsrarəngiz təbiəti olan Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açıb. Düşünürəm, Bürzünbülü oxucularına şair aşağıdakı misralarla təqdim edərək, onun haqqında dolğun təsəvvür yarada və sevdirə bilib:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası – Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ havasi, yurd sevdası – Bürzünbül.

Sadəliyi səmimiyyət batmanı,
Kədəri də, sevinci də bölüşər.
Halallıqdan yoğrulubdu imanı,
Bir-birinin köməyinə yetişər.

Təbii ki, Bürzünbül Tapdıq Əlibəylinin dünyaya göz açdığı kənddir, balaca Vətənidir onun. Lakin Tapdıq Əlibəylinin Vətən anlayışında bir adda əbədi məskən salıb -Yardımlı rayonu. O rayon ki, öz ziyalı, vətənpərvər, mərd, mübariz oğulları ilə Azərbaycanımıza kifayət qədər görkəmli şəxsiyyətlər, o cümlədən Sabir Rüstəmxanlı kimi görkəmli ictimai-siyasi və dövlət xadimi, Xalq şairi bəxş etmişdir. Təbii ki, Sabir Rüstəmxanlı kimi görkəmli bir ədəbiyyat adamını yetirən bir bölgədə, ondan sonra ələ qələm almaq hər kəsdən bir cəsarət və hünər tələb edir. O da qeyd edilməlidir ki, Sabir Rüstəmxanlı öz yaradıcılığı və fəaliyyəti ilə bu bölgədə ədəbiyyatın və poeziyanın inkişafına güclü təkan vermışdir. Heç şübhəsiz ki, ondan sonra ədəbiyyata gələn insanların yaradıcılığına onun təsiri olmamış deyil. Bununla belə Yardımlının təbiəti, suyu, havası, onun folkloru və ədəbi mühitinin özü bir poeziyadır və Sabir bəyin də elə bu mühitdən pərvazlanması qanunauyğunluqdur.
Yardımlı ədəbi mühitinin ədəbiyyatımıza verdiyi söz adamlarından biri də Tapdıq Əlibəylidir. O, Yardımlıya olan sevgisini aşağıda nümunə gətirdiyim misralarla ifadə edir:

Vətən – bir ağacsa, budaq Yardımlı,
Boy verir rişəsi minilliklərə.
Zirvəsi qartallı bu dağ Yardımlı
Bağlayıb yurddaşı minilliklərə.

Ər kişilər yurdu – mənaca adı,
Bürünüb övladı bu həqiqətə.
Bu dağlar qoynuna Yaradan yardı,
Bələnib Yardımlı saf təbiətə.

Ölkəmizin ictimai həyatında fəall iştirak edən, ədəbi cameədə həm publisist, həm də şair kimi yaxşı tanınan Tapdıq Əlibəylinin “Qəlbdən qələmə” şeirlər kitabı qarşımdadır və onun poeziya dünyasına səyahətdəyəm…
Bu bir danılmaz həqiqətdir ki, Tanrının yaratdığı canlılar arasında İNSAN ən mükəmməl varlıq və ən böyük möcüzəsidir. Tanrı bitkilərdən və heyvanat aləmindən fərqli olaraq insanlara danışmağı, dili verib. Əgər Tanrının yaratdığı ən böyük möcüzə insandırsa, insanın yaratdığı ən böyük möcüzə sözdür. Yəni insan da sözdən SÖZü yaratdı. Bu da bir həqiqətdir ki, Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Söz sözlə yanaşı işlədiləndə fikir, məna ifadə edir:

Könül verdim saza-sözə,
Günəş doğdu sanki üzə.
Söz sovqatı göndər bizə…
Şeir – sözün ən göyçəyi.

Yaranmyır şeir əbəs,
Gül qoxuyan o bir nəfəs,
Göy üzündən gələn bir səs…
Şeir – sözün ən göyçəyi.

Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.
Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz adamı, şair, şeir yazan demişlər.

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkiıməz tumar.

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Fikrimcə, Tanrı insana danışmaq qabiliyyətiu verdiyi andan, insanın insanla ünsiyyəti yarandığı məqamdan şeirin tarixi başlayır. Çünki başqa canlılardan fərqli olaraq Tanrı insanlara digər duyğu üzvləri ilə yanaşı həm də duymaq, düşünmək, hiss və həyəcanlarını, sevinc və kədərini ifadə etmək qabiliyyəti vermişdir. Şairlər üçün söz hər şeydir. Həyatın mənasıdır. Yaşamaq fəlsəfəsidir. Sevincdir, nəşədir, qəmdir, kədərdir.

Göydən enən mələkdir,
Simurqdan tel, lələkdir,
Ruhumuza gərəkdir
Misralanan ulu söz.

Tumurcuqdur, çiçəkdir,
Pöhrələnən özəkdir,
Bahar kimi bəzəkdir
Misralanan ulu söz.

Şeirlərini oxuduqca, publisistikası ilə tanış olduqca, gözlərimin qarşısında müəllifin Tanrının verdiyi istedadı, haqqa tapınan, sözə yüksək dəyər verən, onun məsuliyyətini dərk edən, zəhmətdən yoğrulmuş bir söz adamının obrazı, işıqlı siması canlanır. Tapdıq Əlibəylinin özü də, sözü də işıqdır, ziya saçır. Yaradıcılığı ilə tanış olduqca onun poeziyasının mövzuca zəngin və rəngarəng olduğunun şahidi olursan. Bir kiçik yazıda onun həm mövzu, həm məna, həm də forma etibarı ilə zəngin yaradıcılığı barədə bütöv fikir yürütmək imkanı məhdududur. Bununla bərabər hesab edirəm ki, Tapdıq Əlibəyliyə bir şair kimi dəyər vermək üçün onun sözə, sözün hikmətinə, dəyərinə həsr etdiyi şeirlərini oxumaq kifayət edər. Diqqət yetirək:

Cahana sığmayan Tanrı bəndəsi
İlahi şövq ilə Sözə sığındı.
Söz mülkünün əngin bəndi-bərəsi
Bir ovuc ürəyə necə yığıldı?…

Təbi-təbiəti sözlə dəyişən
Ümid işığında pərvanə olar.
Bəxtinə qismətdən şairlik düşən
Bircə söz üstündə “divanə” olar.

Doğurdan da onun şeirlərini oxuduqca aydın olur ki, “bircə söz üstündə” divanə” olanlardan biri də Tapdıq Əlibəylidir. Belə olmasaydı aşağıdakı misraları yaranmazdı:

Şairlər dünyanın söz divanəsi,
“Divan”ı üstündə qurulub divan…
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb, susmaz heç zaman!..

Hörmətli Tapdıq Əlibəylini!

Arzu edirəm ki, divanınınız həmişə “Divani” üstə qurulsun, söz həmişə qəlbinizin hakimi, dilinizin bəzəyi olsun, həmişə haqq sözə tapınasınız.
SÖZə olan eşqiniz heç zaman tükənməsin. 65 illik yubileyiniz mübarək olsun!
Ramiz GÖYÜŞ,    
yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu il Səməd Vurğunun 120 illik yubiley ilidir

Bu il Səməd Vurğunun 120 illik yubiley ilidir

Əziz dostlar! Yeni At iliniz bir daha mübarək , düşərli və uğurlu olsun. Bu il bütün dövrılərin ən böyük söz adamlarından biri, Böyük Səməd Vurğunun 120 illik yubiley ilidir. Əminəm ki, Səməd Vurğun ocağına böyük sevgisi, məhəbbəti və hörməti olan Prezidentimiz, Cənab İlham Əliyev bu mühüm ədəbi, mədəni və ictimai hadisəni öz Sərəncamı ilə rəsmiləşdirəcək. Bununla belə hesab edirəm ki, bütün Vurğunsevərlər üçün 2026-cı il “Səməd Vurğun ili” kimi tarixə düşəcək və bu il böyük ədəbiyyat adamı və ictimai xadimin 120 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd ediləcəkdir. Qeyd etməyi zəruri hesab edirəm ki, bu ilə öz dəyərli töhvəsini görkəmli rəssamımız Nəvai Metin təqdim edərək sosial şəbəkədə öz profilində paylaşıb. Düşünürəm ki, əgər Vurğunsevərlər tərəfindən dəstəklənərsə bu portret həm də “Səməd Vurğun ili”nin loqosu ola bilər. “Səməd Vurğun yaradıcılığı küll halında dünya görmüş, sinəsi xəzinə ağsaçlı müdrik bir qocaya bənzəyir. Bu qocanın sinəsindəxalqın nağıl və dastanları, atalar sözləri. məsəlləri, muğamı. aşıq mahnıları, üzərində iztirablı günlərin kədəri, xoşbəxt günlərin sevinci, fərəhi naxış bağlamışdır. Bu Qoca ağsaçlı Azərbaycan xalqının simvoludur, bəlkə də şairin qəhrəmanlarından Azər babanın özüdür. Azərbaycan xalqının “Avesta” dövründən bu günə qədərki tarixi-Nizami qüruru, Xaqani mübarizliyi, Füzuli kədəri, Nəsimi hikməti, Vaqif səmimiyyəti, Koroğlu qəhrəmanlığı, Sabir gülüşü bu böyük yaradıcılıqda öz əksini tapmışdır. Bu böyük yaradıcılığın epiqrafı şairin “Azərbaycan” şeiridir.”(Bəxtiyar Vahabzadə) Həmin şeiri və dostumuz Nəvai Metinin yeni çəkdiyi portreti Sizlər üçün təqdim edirəm.
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən nəslərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…

Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…

Bir tərəfin bəhri-Xəzər,
Yaşılbaş? sonalar gəzər;
Xəyalım dolanar gəzər
Gah Muğanı, gah Eldarı,
Mənzil uzaq, ömür yarı!

Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr…
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.

Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan.
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar…

Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlaraının dümağ qarı
Yaranmışdır qarlı qışdan,
Bir səngərdir yaranışdan.

Lənkəranın gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver görək,
Anamın dilbər gəlini!
Yadlara açma əlini.

Sarı sünbül bizim çörək,
Pambığımız çiçək-çiçək,
Hər üzümdən bir şirə çək
Səhər-səhər acqarına,
Qüvvət olsun qollarına.

Min Qazaxda köhlən ata,
Yalmanına yata-yata,
At qan tərə bata-bata,
Göy yaylaqlar belinə qalx,
Kəpəz dağdan Göy gölə bax!..

Ey azad gün, azad insan,
Doyunca iç bu bahardan!
Bizim xalı-xalçalardan
Sar çinarlar kölgəsinə,
Alqış günəş ölkəsinə!

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan;
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Gözəl Vətən! Mənan dərin,
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin,
Son günəşin qucağısan
Şeir, sənət ocağısan.

Ölməz könül, ölməz əsər
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

Bir dön bizım Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çollərə,
İşıqlanır hər dağ, dərə.

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək,
Bizim Bakı – bizim ürək!
İşıqdadır qüvvət sözü,
Səhərlərin ülkər gözü.

Gözəl Vətən! O gün ki, sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən.
Gülür torpaq, gülür insan
Qoca Şərqin qapısısan.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrilarmı könül candan?
Azərbaycan, Azərbaycan!

1933-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm edib. “Bu şeir Vurğunun ideyasına görə həm də “Azərbaycan” epopeyasının proloqudur.”

 Ramiz GÖYÜŞ,       

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tanrının verdiyi istedad sahibi- YUNUS OĞUZ -65

Tanrının verdiyi istedad sahibi

Yunus Oğuzu 1993-cü ildən tanıyıram. Bu tanışlığa ümumi dostumuz, Yunuz Oğuzun tələbə yoldaşı, onunla birlikdə Rostov Dövlət Universitetində təhsil almış, mənim də 30 illik dostum Zahir Abdullayev vəsilə olmuşdu. O vaxtlar Yunus Oğuz gənc olmasına baxmayaraq, dövlət qulluğunda yüksək vəzifə sahibi idi- dövlət müşaviri. Bir az sonra biz Yunus Oğuzla ailəvi  görüşdük. Bu görüş mənim Yunus Oğuzla ən yaxın təmasım idi…      Sonralar müxtəlif dost məclislərində, ədəbi, ictimai-siyasi tədbirlərdə vaxtaşırı görüşür, ünsiyyətimiz daha da intensivləşirdi…Əlaqələrimiz sıxlaşdıqca  bir-birimizi daha yaxşı başa düşür, fikirlərimizin üst-üstə düşməsi bizi daha da yaxınlaşdırırdı. İndi əvvəlki dövrlərdən daha çox ünsiyyətdəyik və mən bu ünsiyyətdən bir yaxınlıq, doğmalıq,  səmimiyyət duyuram….
    …   Ümumiyyətlə götürdükdə ömrünə-gününə bir dövlət adamı, siyasətçi, publisist və yazıçı qisməti yazılmış, keşməkeşlər və mübarizələrlə dolu bir ömür yaşayan Yunus Oğuz bir vücudda üç əsas fəaliyyəti birləşdirmişdir. Bu xüsusiyyətlərin hər üçü də paralel olaraq yaşanır və ideal formada bir- birini tamamlayır. Sözsüz ki, onun bütün fəaliyyətini bu kiçik yazıya sığışdırmaq mümkün deyil. Yunus Oğuzun həyat və fəaliyyətinin hər bir istiqaməti böyük bir mövzudur və onların hər biri haqqında ayrıca tədqiqatlar, monoqrafiyalar yazmaq lazımdır və bu monoqrafiyalar yazılır. 
      Yunus Oğuz siyasi fəaliyyətə gənc yaşlarından başlamışdır. 1988-ci ildə Rostov Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirərək mükəmməl fəlsəfə ixtisasına yiyələnən Yunus Oğuz təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq İnstitutuna göndərilir və burada kiçik elmi işçi vəzifəsində çalışır. Bu həmin dövr idi ki, Azərbaycanın da tərkibində olduğu SSR İttifaqının mənəvi  və siyasi, həm də sosial səbəblərdən aşınmış divarları yavaş-yavaş sökülür və çökürdü…Bu çökmələr fonunda müttəfiq respublikalarda xalqların milli oyanışı özünü qabarıq şəkildə göstərir, SSRİ  hökuməti və hakimiyyətdə olan Kommunist Partiyası bu oyanışların qarşısını zorla almağa çalışsa da buna müvəffəq ola bilmirdi. Qatar tərpənmişdi və tarixin təkərini geri döndərmək mümkün deyildi.
     SSRi-nin o zamankı  rəhbəri satqın Mixail Qorbaçovun dəstəyi, Moskvada yaşayan və Qorbaçovun ətrafında yuva salmış erməni ideoloqlarının birbaşa çağırışı ilə keçmiş Dağlıq Qarabağda separatçıların törətdiyi ixtişaşlar nəticəsində Bakıda və bölgələrdə Milli Azadlıq Hərəkatı daha aktiv fazaya keçirdi və bu hərəkata qoşulanların böyük əksəriyyəti gənclər idi. Həmin gənclərin önündə gedən, onlara ideoloji istiqamət verən, yol göstərən gənclərdən biri də Yunus Oğuz idi…
     Dövlət müstəqilliyimizin bərpası, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın azadlığının və firavan yaşamasının, ərazi bütövlüyümüzün təmin edilməsi, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə nüfuz sahibinə çevrilməsi, türkçülük, turançılıq Yunus Oğuzun həyat amalı və mübarizəsinin əsas qayəsi idi və o, həyatının sonrakı dövrlərində bütün fəaliyyətini bu müqəddəs işə həsr etdi. Bu mübarizədə o iki taktiki yol seçdi. Publisistika və yaradıcılıq. 
        Yunus Oğuz hələ Fəlsəfə və Hüquq İnstitutunda işləyərkən 1989- 1991-ci illərdə “Azad söz” qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib və 1991-1992-ci illərdə “Ordu”qəzetinin baş redaktoru vəzifəsində çalışırıb. 1995-ci ildən  isə “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru vəzifəsində çalışır. 
        Mətbuat, publisistika həm də Yunus Oğuzun tale yazısı imiş. Bu il ölkəmiz Azərbaycan mətbuatının yaranmasının 150 illiyini qeyd edir. Həm də ölkəmizin mətbu ictimaiyyəti “Olaylar”ın 30 illik yubileyini qeyd edir. 22 iyul Azərbaycan mətbuatının yaranma günüdür, eyni zamanda Yunus Oğuz 22 iyulda dünyaya gəlib. Üstəlik həmin gün Yunus Oğuz həm də 65 illik yubileyini qeyd edəcək. Sadaladığım bu qədər əlamətdar tarixi günlərin Yunus Oğuzun tale göstəricisi olduğu təsadüfdür, yoxsa zərurət?  Bunu hər halda bir filosof kim Yunus Oğuz daha aydın izah edə bilər. Ancaq görünür bu tarixi rəqəmlərdə də bir mistika var.
       Bu yaxınlarda Azərbaycan Mətbuat Şurasında “Olaylar”n 30 illik tədbirinə mən də dəvət almışdım. Tədbirdə ölkəmizin görkəmli elm, mətbuat və ədəbiyyat adamları iştirak edirdi. Tədbir boyu iştirakçılar çıxış etdikcə məni sevinc qarışıq təəccüb bürüyürdü. Çağdaş mətbuatımızın öncül nümayəndələri, media kapitanları, mətbuatımızın aparıcı simalarının, görkəmli jurnalistlərin böyük bir dəstəsi sən demə öz fəaliyyətlərini Yunus Oğuzun yaratdığı və 30 il rəhbərlik etdiyi “Olaylar”dan başlamışlar. Deməli Yunus Oğuz təkcə qəzet yaratmayıb, həm də məktəb yaradıb və ölkəmizin jurnalistlər ordusunun xeyli hissəsi “Olaylar” məktəbini keçib. Yunus Oğuzun nüfuzlu bir informasiya agentliyinin rəhbəri olaraq haqqında çox dəyərli sözlər deyilib, lakin mənim ən xoşuma gələn fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini hörmətli Natiq Məmmədlinin ifadəsindən eşitdim : “Olaylar”ın ənənə yaratmış başqa qəzetlərdən fərqli xüsusiyyəti ondan ibarətdir ki, “Olaylar” bir fikir məktəbidir. “Olaylar” həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz keyfiyyəti, xarakteri, yaradıcılıq tərzi yaratdığı qəzetdə özünü ifadə edib. Bir yazıçı kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. “Olaylar” da bizim mətbu yaddaşımızdır”. Məncə şərhə ehtiyac yoxdur.
 Yunus Oğuzun fəaliyyətinin 3-cü hissəsini,  vaxtının və düşüncəsinin əhəmiyyətli hissəsini bədii yaradıcılıq təşkil edir. Ümumiyyətlə, yaradıcılıq Yunus Oğuzun stixiyasıdır. O, publisistikasında da, nəsrində də, dramaturgiyasında da yaradıcı bir şəxs olaraq çıxış edir. Nə qədər mübahisəli də olsa mən jurnalistikanı da yaradıcılıq hesab edirəm. Və bu mənada Yunus Oğuzu həm jurnalist, həm də yazıçı və nasir kimi hərtərəfli yaradıcı bir şəxs hesab edirəm. Belə düşünürəm ki, onun publisistikasında bir bədiilik, nəsr əsərlərində və pyeslərində publisistika var. Bəlkə də dediyim bu fikir mübahisə doğurar. Ancaq mənim qənaətim belədir.
      Heç şübhəsiz ədəbiyyat tariximizdə Yunus Oğuz cox ciddi və maraqlı publisistikası,  dramaturgiyası ilə yanaşı  məşhur bir romançı- tarixi romanlar müəllifi kimi qalacaq. Azərbaycan ədəbiyyatı tarixində tarixi roman yazan müəlliflərimiz kifayət qədər olmuşdur və bu gün də bu ədəbi proses davam edir. Bununla belə Yunus Oğuz qədər məhsuldar tarixi roman yazan ikinci bir müəllif yadıma gəlmir. Hər kəs bilir ki, bu səpkili əsər yazmaq müəllifdən istedad qarışıq, həm də müraciət etdiyi tarixi dövr və hadisələr barədə zəngin bilik və informasiya tələb edir. Onun tariximizi dərindən bilməsi, ictimai özünüdərk, vətənpərvərlik, vətəndaşlıq mövqeyi, Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələlərində keçdiyimiz çətin və şərəfli yolu, həm də səhvlərimizi öz əsərlərində əks etdirən və tarixdən ibrət götürmək üçün bir çağırış edən Yunus Oğuzun tarixi mövzulara müraciət etməsinin əsas səbəbləridir, Bu istək həm də onun vətəndaşlıq, dövlətçilik, milliyyətçilik mövqeyindən irəli gəlr.  Qeyd etdiyim kimi Yunus Oğuz çox məhsuldar bir yazıçıdır. Onun tarixi roman və pyeslərinin adları saymaqla bitmir və bu əsərlər oxunur, sevilir, təkrar-təkrar nəşr edilir, dərsliklərə salınır, dərsdənkənar oxu ədəbiyyatı kimi istifadə olunur, tərcümə edilir, xarici ölkələrdə təqdimatı keçirilir, haqqında araşdırmalar aparılır, tamaşaya qoyulur, həmin əsərlər əsasında ssenarilər yazılır, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda müxtəlif çoxsaylı mükafatlar, ödüllər alır. Əsərləri Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatıda, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib. Bütövlükdə 30 -a yaxın ölkədə 50-dən çox kitabı nəşr edilib. Kitabları haqqında üç monoqrafiya yazılıb. Əsərlərinin xarici dillərə tərcümə olunaraq nəşr edilməsi dövlətimizin və xalqımızın tarixinin və dəyərlərinin dünyada tanıdılmasında, təbliğində mühüm rol oynayır və bütün bunlar Yunus Oğuzun xalqına vətəninə, dövlətinə xidmət nümunəsidir.
       Yunus Oğuzun 44 günlük Vətən müharibəsi və   qələbəmizə həsr olunmuş “Cığır” romanı bu mövzuda son illər yaradılmış ən dəyərli əsərlər sırasındadır. O, “Cığır”ı qibtə ediləcək bir sürətlə yazdı. Ümumiyyətlə, sürətli yazı Yunus Oğuz yaradıcılığı üçün xasdır ki, bu da onun yaradıcılıq stixiyasından irəli gəlir.  Sanki, mövzu onun içində illərlə yuva salır və kiçicik bir qığılcım lazımdır ki, mövzu müəlifin içindən vulkan kimi püskürsün. Yunus Oğuz əsərlərində tarixi paralellər apramaqla, həm də bu prosesləri bir-biri ilə sıx bağlayır. Əsər boyu tarixi dərinliklərə vararaq oxucuya haşiyələrlə daha maraqlı məlumatlar verir. Onun tarixi romanlarının adlarına, əsərdə nəql olunan hadisələrə və bu əsərlərin baş qəhrəmanlarına diqqət yetirsək görərik ki, bu əsərlər tarixin müxtəlif dönəmlərində fəaliyyət göstərmiş türk dünyasının hökmdarlarına, sərkərdələrinə, dövlət xadimlərinə və onların iştirakı ilə cərəyan edən hadisələrə həsr olunmuşdur ki, burda da müəllifin əsas məqsədi “Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan”və tarixdən ibrət götürməkdən ibarətdir
      Son vaxtlar “Olaylar” qəzetinin səhfələrində dərc olunan parçalardan aydın olur ki, Yunus Öğuz “Türk etnonimləri və törələri” adlanan daha bir qiymətli əsər üzərində işləyir və  hiss olunur ki, bu əsər türklük və türkçülük elminə daha bir qiymətli və sanballı töhvə olmaqla onu daha da zənginləşirəcək. 
      Yunus Oğuzun şəxsiyyəti də yaradıcılığıl və fəaliyyəti kimi bütövdür.Tanrının verdiyi istedad, zəngin tarixi bilgi, fəlsəfi düşüncə, zəhmətsevərlik, sürətli və məhsuldar yaradıcılıq, təvazökarlıq və sadəlik, dövlətçilik, milliyətçilik, türklük və türkçülük, turançılıq onun yaradıcılığı üçün xarakterikdirsə, peşəkarlıq, operativlik, yenilik, qərəzsizlik, vətənpərvərlik, vətəndaşlıq onun publisistikası üçün xarakterikdir və o, şəxsi keyfiyyətləri ilə də yaradıcılığını tamamlayır. Bütün istedadı və möhtəşəm yaradıcılığı ilə həm də son dərəcə təvazökar, təkəbbürdən uzaq, sadə, səmimi, hay-küydən kənar, dövlətinə, xalqına, vətəninə, dostluğa sədaqət nümunəsi, mövqeyinə görə həm özünə, həm də qarşı tərəfə münasibətini dəyişməyən bir şəxsiyyətdir.
       Yunus bəy bu günlər 65 illik yubileyini qeyd edərək yaşının müdriklik çağına qədəm qoyur. Onsuz da müdrik olan Yunus bəyi səmimiyyətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırm. 
 Ramiz GÖYÜŞ,