Etiket arxivi: Tapdıq ƏLİBƏYLİ

ONUN BÖYÜK ÜRƏYİ

Tapdıq Əlibəyli – 65
ONUN BÖYÜK ÜRƏYİ

O, dağlar oğludur, təbiət oğludur, bəşər oğludur. Gözlərini dünyaya açanda dağ görüb, gözəllik görüb, saflıq görüb. Göz yaşı kimi dumduru, buz kimi soyuq, büllur bulaqlardan su içib. Təbiətə, saflığa, şəffaflığa vurulub. İllər bir-birini əvəz etdikcə onun ilk sevgi payına – ana sevgisinə yurd sevgisi, təbiət sevgisi, Vətən sevgisi, insanlıq sevgisi də əlavə olunub, bəşər sevgisinə çevrilib. Elə həyatın sirlərini dərk etməyə başladığı yeniyetmə çağlarından onun balaca ürəyi bütün bəşəri sevgilərin yurdu, obası, ocağı, daimi məskəni olub. O, gözəllik vurğunudur, insanlıq vurğunudur, bəşər vurğunudur. O, həmişə yaxşıların yaxşısını axtarır, yaxşıların yaxşısına dəyər verir, hər şeyin, hər kəsin daha yaxşı olmasını arzulayır. Əgər Tanrının yaratdığı gözəl bir çiçək görürsə, ona qulluq edir, daha da böyüməsinə, daha da əsrarəngiz, daha da ətirli olmasına çalışır. Qoy bu gözəlliyi başqaları da görsün, ətrindən feyziyab olsun, deyir…
Bu yaxınlarda “YouTube” -də bir video-çarxa rast gəldim. Mövzu belə idi: “Gözəgörünməz bir zərrə olan atom bu qədər böyük enerjini necə yarada bilir?” Doğru sualdır, deyilmi? Möcüzədir, deyilmi? Bəs yumruq böyda kiçicik bir ürəyin bəşəri sevgisi möcüzə deyilmi?.. Şişirdilmiş müqayisədir? Niyə ki? Məgər atomun parçalanaraq yüksək enerji yaratmasını insan zəkası kəşf etməyibmi?..
O, şairdir, jurnalistdir, pulisistdir… bununla bitdimi? Əlbəttə, yox! O, həm də yorulmaq bilməyən ictimaiyyətçidir, təşkilatçıdır, natiqdir, yaxşıların yaxşısını etmək üçün bilik və bacarığını bütünlüklə ortaya qoyandır. Öz sözləri ilə desək: aydınımızdır.

Onu tanıdığım ilk gündən belə görmüşəm – o, hər yerdədir və hər yerdə öndədir. Təbii ki, söhbət dəyərli dostumuz, bu yaxınlarda mənalı, bəhrəli ömrünün 65 ilini başa vuracaq Tapdıq Əlibəylidən gedir. Qayıdıram yuxarıda söylədiyim fikirlərə aydınlıq gətirməyə. Yaradıcılığı barədə az sonra… Yeri gəlmişkən, o, öz fəaliyyəti və nailiyyətləri barədə danışmağı sevmir. Bu yaxınlarda, bir təsadüf nəticəsində öyrəndim ki, T.Əlibəyli Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi İctimai Birliyi (#TAİB) İdarə Heyətinin üzvüdür və təşkilatın sayılıb-seçilənlərindəndir. Yenə də yeri gəlmişkən: T.Əlibəyli şair, publisist, tənqidçidir. “Konstitusyia” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktoru, AYB-nin, AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsüdür. Bu yaxınlarda onun redaktoru olduğu, həkim-şair Hacı Çingiz Ərəblinin dini mövzuda yazdığı, yüksək tərbiyəvi əhəmiyyət yükü daşıyan “Eşqnamə” kitabının təqdimat mərasiminin aparısı kimi yüksək intellekt sahibi olduğunun, güclü yaddaşa, dərin tarixi biliyə və natiqlik qabiliyyətinə malik olduğunun bir daha şahidi oldum.
…Ötən əsrin sonları tariximizə qanlı-qadalı günləri ilə, 1987-ci ildən başlayaraq erməni faşizminin xalqımızın başına gətirdiyi vəhşiliklərlə, “20 Yanvar” faciəsi ilə, “Xocalı Soyqırımı” ilə, torpaqlarımızın işğalı ilə, bir milyondan artıq soydaşlarımızın min illərdən bəri sahib olduqları ev-eşiklərindən, yurd-yuvalarından didərgin salınmaları ilə, yüzlərlə günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə yazıldı. Torpaqlarımız şəhid qanları ilə yuyuldu… Eləcə də bu hadislərin fonunda son iki əsrdə həsrətində olduğumuz müstəqilliyimizi əldə edə bildik. Vətənə, xalqa bütün varlığı ilə bağlı olan, ömrünün cavan, qaynar çağlarını yaşayan Tapdıq Əlibəyli də bu proseslərin – Milli Azadlıq Hərəkatının öncüllərindən biri oldu, qələmi süngüsü oldu, damarlarından axan qanı mürəkkəbi… elə bu ağrılı-acılı hadisələrin axarında həm də “vətəndaş-şair” oldu…
Tapdıq Əlibəyli yaradıcılığı da məhz yuxarıda sadaladığım və sadalaya bilmədiyim digər milli, bəşəri dəyərlərdən bəhrələnib. O, qələmini rəngarəng mövzularda uğurla sınamaqla olduqca məhsuldar bir yaradıcılıq yolu keçib.

Araz ayırsa da o tay, bu taya-
Təbrizli, Bakılı Azərbaycana…
Bu ellər bağlıdır bir kökə, soya,
Əsil-nəcabətim bəlli cahana!-

deyən şair Vətən, millət, ədalət sevgisinin zirvəsində durduğunu bir daha sübut edir. Əslində Arazın bu ayrılıqda heç bir günah sahibi olmadığını hamı bilir. Amma, şair məhz bu məqamı önə çıxarmaqla tariximizə xəyanət edənlərə qarşı savaş açır, etiraz səsini ucaldır. O, Azərbaycanı o taylı bu taylı- bütöv görür, bu bütövlüyün uzaqda olmadığına öz varlığı kimi inanır. Bu yolda qarşımıza həmişə sədd çəkməkdə olan İranın irticaçı rejimini isə cəsarətlə ifşa etməkdən çəkinməyir:

Qəlbdə şeytan, əldə Quran,
“Hay”a həyan olan İran,
Başı duman başda duran
Fətva verir din adından…

İblislər dönüb “dindara”,
Haqq deyən çəkilir dara.
Saçılır tənabdan işıq,
Zülmətdir baxırsan hara…

Birinci Qarabağ savaşı bütün digər vətənpərvər ədiblərimiz kimi Tapdıq Əlibəyli yaradıcılığında da xüsusi bir iz buraxıb. Onun incə, həssas qəlbi o hadisələrə biganə qala biməzdi axı… qalmadı da. Bu baxımdan “Qanına qəltan Xocalı” poemasını qəlbinin süzgəcindən keçirərkən şair hansı hissləri yaşayıb görəsən?!

Dünya “zor dilində” danışır yenə,
Min il də, yüz il də əvvəl beləymiş…
Həqiqət gör necə düşüb düyünə,
Ədalət libasın şər geyinərmiş.

Təəssüf! Çox təəssüf! Ancaq, bu belədir, bu həqiqətin şəffaf, masksız üzüdür. Şair də bunu söyləyir, ürək ağrısı ilə hayqırır. Bu hayqırtı həm də bizi tarixin acı həqiqətlərindən ibrət dərsi almağa səsləyir. “Qalxaq ayağa, toparlanaq, ədalətin libasını şərin murdar simasından qoparaq, onu olduğu kimi- çılpaqlığı ilə aləmə göstərək!”- deyir.

Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki bitməyib son döyüş, savaş.
Xocalı harayı zamanla çağdaş…
Əsrın müsibəti – Xocalı səsi!..

Necə düşünürsünüz? Zamanında belə misralar yaranmasaydı unutqanlıq böhranından yaxa qurtara bilərdikmi?! Xalqımızı müqəddəs zəfərə aparan yollara işıq saçan həm də belə əsərlər olmadımı?.. 44 günlük Vətən müharibəsində yenilməz ordumuzun əldə etdiyi möhtəşəm Zəfərə isə şair belə münasibət bildirir:

Salam, 44 Günlük döyüş Bayrağım!
Şöləndə şanlı yol, Vətən savaşım.
Salam, halal haqqım, Zəfər Bayramım!
Səninlə üzüm ağ, ucadır başım!..

Azadlıq meydanı meydan sulayır,
Düşüb sümüyümə Şuşa havası.
Qələbə diliylə salam söyləyir,
Himnimin səsində şövqü, həvəsi…

Metaforaya, poetik tərənnümün gücünə diqqət edin: “Salam, 44 Günlük döyüş Bayrağım!”. Bəli, 44 günlük xilas savaşında, qeyrət savaşında qəhrəman döyüşçülərimizin Üçrəngli Bayrağımızı necə sevdiklərinin, onun müqəddəsliyinə necə inandıqlarının, bu müqəddəsliyi necə zirvələrə qaldırdıqlarının dəfələrlə şahidi olduq. Budur inam, budur Vətən sevgisi, budur bu sevginin layiqli tərzdə tərənnümü! “Azadlıq meydanda meydan sulayır,”- diqqət etdinizmi? “Meydan”- türk toponimidir, bir çox türk olmayan xalqların da leksikonuna daxil olub. Bizdən, bizim babalarımızın vaxtı ilə hərb meydanında “meydan sulamağından” götürüblər bu sözü. 44 günlük Vətən müharibəsində bu, bir daha təsdiqini tapdı. “Düşüb sümüyümə Şuşa havası.”- nəyə işarədir? “Nooldu Paşinyan, nooldu”?.. “Şuşada rəqs edirdin, “Yallı” gedirdin?!”. Hə?.. Paşinyan, nooldu?

Kimlərə də güvənsən,
Haya hay yox, alış, yan!..
Sən ki oyun sevənsən,
Qol götür-süz, Paşinyan!..

(“İti qovan” havası şeirindən, “Payız çöhrəsində yazdı 44 gün” şeirlər kitabı, Bakı-2021).

“Cücəni payızda sayarlar!”- bunu bizim atalarımız deyib, sizinkilər yox. Siz elə bütün varlığınız boyu “ata” axtarışındasınız… tapmayacaqsınız… Saydıqmı “cücəni”? Kimin əskiyi çıxdı, Paşinyan? Cavabını möhtərəm Ali Baş Komandanımızın “Dəmir yumruq” ilə qoyduğu “!” işarəsi verdi. Bircə ifadə ilə şair görün hansı dərinliklərə baş vurur- poeziyanın əfsanəvi gücü budur.
Təəssüflər olsun ki, müharibə itkisiz olmur, ədaləti qurbansız, şəhidsiz bərpa eləmək olmur. İstər birinci, istər ikinci Qarabağ savaşlarında, istərsə də “atəşkəs” dövründə şəhidlərimiz oldu – analarımız övlad itkisinin ağrısını yaşadılar, bacılarımız dul, övladlarımız atasız böyümək məcburiyyətində qaldılar. Bütün bunlar vətəndaş-şair Tapdıq Əlibəylinin yaradıcılığından yan keçmədi. O, neçə-neçə şəhid qəhrəmanlarımızın həyatlarını, döyüş bölgəsində göstərdikləri şücaətləri öyrənərək gözəl, yaddaqalan, təsirli əsərlər yaratmaqla bir daha öz vətəndaşlığını sübut elədi. Elə bu gün də bu istiqamətdə öz fəaliyyətini davam etdirir, şəhidlərimizin valideynləri, əzizləri ilə tez-tez görüşür, onların dərdlərinə şərik çıxır.. Bu baxımdan Azərbaycanın Milli Qəhrəmanları – general-mayor Polad Həşimova, polkovnik Şükür Həmidova, Mübariz İbrahimova, şəhid Əsəd Əsədliyə, baş leytnant İlqar Zeynalova, şəhid Xaliq Hüseynova, şəhid Asif Abdulova, şəhid Rəfael Nuriyevə, şəhid Mahir Səfərova və başqalarına ithaf etdiyi şeirlər diqqətəlayiqdir.
Şair “Şəhidlərə salam olsun” şeirində şəhidlərimizə olan düşüncə tərzini olduqca səmimi, hamının anlaya biləcəyi və poetik şəkildə ümumiləşdirərək aşağıdakı kimi ifadə edir:

Şəhid- yurdun şah damarı,
Əbədiyyət, cənnət barı…
Haqq sevdalı Tanrı yarı
Şəhidlərə salam olsun!

Tapdıq Əlibəyli lirikası da özəlliyi ilə seçilən, çeşmə kimi şəffaf, həzin bulaq nəğməsi kimi könül oxşayandır:

Mən sahiləm sənsə dəniz,
Ləpələnək əziz-əziz.
Sevgimizlə xoşbəxtik biz,
Sanki şirin bir yuxuyam.

Bəli, bu misralar oxucunu xəyallar aləminə aparır, şipşirin bir yuxunun tərkib hiisəsinə çevirir, “ayılsam, nəyimi isə- əvəzolunmaz bir nəyimi isə itirəcəm” təəssüratı yaradır… ya da ki… təəssüratı yox- qorxusu. Çünki, ayılandan sonra əhvalında yaranan süstlük səni yenidən geriyə- Tapdıq Əlibəyli lirikasının yaratdığı füsunkar aləmə çəkir…

Tapdıq Əlibəyli yaradıcılığı rəngarəngdir, müxtəlif baxış bucağına malikdir, mövzu kasadlığından əziyyət çəkmir. O, dostluğa olan sədaqətini də, təbiət lövhələrinin cazibəsini də qələminin dili ilə söyləyə bilir, sözlərin yaratdığı çalarlarla şəklini çəkə bilir o rəng möcüzələrinin…
Şairin “Facebook” səhifəsində “Özümdən-özümə yol…” başlığı altında yazdığı kiçik bir “hesabat-məqaləsi” diqqətimi çəkdi:

Arıya bax, xumar olub gül üstə,
Fikir sözlə çiçəkləyir dil üstə.
Fəsil-fəsil il gəlirsə il üstə,
Xatirələr – yol yorğunu bir qərib…

Birinci misranı oxuyanda düşünürsən ki, şair gözəl bir təbiət hadisəsinin tablosunu yaradıb. Əslində bu elə belədir, lakin… ikinci misra birincinin daha dərin fəlsəfəsini açıqlayır: “arı gül üstə nə üçün xumar olub?”- sualı yaranır. Əlbəttə, şirə çəkir. Bunun “xumar” olmağa nə dəxli var? “fikir sözlə çiçəkləyir gül üstə”. Sözün fəlsəfəsi güclüdürsə, o, dildən çiçək kimi çıxır. Arının güldən çəkdiyi şirə isə bala çevrilir, ləzzət, qida, məlhəm mənbəyi olur- bir növ, o da çiçəkləyir… Amma bu daimi olmur, il üstünə il gəldikcə həyatın geridə qalan anları xatirəyə çevrilir- yorulur, qəribləşir…

Yarpaq gözəlliyi- baharın hökmü,
Xəzan özəlliyi- yarpaq tökümü…

Bu beytin hər misrası bir fəslin bədii portetidir – desək, yanılmarıq.Təkcə təbiətin yox, həm də insan ömrünün…

Sonda yenə şairin öz deyim tərzinə, öz üslubuna, özünün tövsiyəsinə arxalanaraq öz sözləri ilə deyirəm: “şairlərin yaşı olmur”, dəyərli şair qardaşım! Həmişəki kimi yenə dəyərlilərin dəyərlisi olaraq yaşa, yarat. Uğurlar! Uğurlar! Yenə də uğurlar!

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Tapdıq Əlibəylinin yazıları

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65
“ŞAİRLƏR BİR ÖMÜR EŞQ SƏRXOŞLARI”

Zamanın axarında ömrün sürət qatarı necə şütüyürsə, illərin necə gəlib-keçdiyinə təəccüb edirsən. Bir də baxırsan ki, cavan tanıdığın adam artıq müdrik yaşa gəlib çatıb… Bəlkə də, ən yaxşı ədəbi əsərlər isə zamanın axarına qarşı çıxaraq, əslində zamanın dərinliklərinə nüfuz etməyi bacaran ədiblərin yardıçılığında öz əksini tapır. Bu fikri 65 illik yubileyi ərəfəsində olması ilə məni ötən illərə çəkib aparan, uzun illərin dostu, dərin düşüncəli və zəngin ruhlu şair-publisist Tapdıq Əlibəyliyə də şamil etmək olar. Bu təmiz qəlb sahibi gözlərimin önündə 65 yaşı tamamlamaqdadır. İndi mən onu 65 yaşlı Tapdıq Əlibəyli kimi təqdir edir, şəxsiyyətinə də, yaradıcılığına da hörmətlə yanaşıram.
Tapdıq Əlibəyli öz ədəbi səsi-nəfəsi olan şairdir. Həyatı da, taleyi də eyni rakursdan çözür. Bu səbəbdən onun qələmə aldıqları oxucunu xoş ovqata kökləyir, onu daim düşünməyə, ciddi olmağa sövq edir. Bunu bütövlükdə yaradıçılığını səmimiyyət müşayiət edən şairin şeirlərində bariz şəkildə görmək mümkündür:

Qələmim – alın yazım,
Yazıya pozu yoxdu.
Özümə ayna sözüm,
Səfadan cəfa çoxdu.

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Bu poetik çalara bürünmüş düşüncədə – şeirdə Tapdıq Əlibəyli ömrü müqəddəs Sözün məqamları ilə yaşantı olaraq ehtiva olunub. Deyərdim ki, şeirdə Söz adamının sözlə çəkilmiş portreti olduqça canlı və təbii şəkildə təqdim olunur.
Səmimi deyim ki, bu şeirin içində insan özünü də görür, həyatını da, sabah-biri gün, ümumilikdə gələcəkdə yaşayacağı halları sətiraltı izləyir. Təbii ki, bir insan həyatında baş verə biləcək müəyyən hadisələri qabaqcadan bilmək üçün çox cəhdlər edir, bəzən buna nail olur, bəzən yanlışlıqlar onu öz əhatəsinə elə alır ki, çaş-baş qalır, ancaq ümid işığını söndürmür. Tapdıq Əlibəylinin yuxarıdakı şeiri oxucuya məhz bunu anladır.
Tapdıq Əlibəyli üçün sürətlə ötən ömür-həyat bir Tanrı nişanəsidir – Söz şəklində bir ruh, könül işidir:

Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

Belə deyim ki, şair üçün “şeir feyzi” bir söz ehsanıdır, o, daim “bu fitrətə əhsən olsun” deyir. Sonra da “əzizlədim hər misranı, söz çələngim ehsan olsun” deməklə oxucuda həyata fərqli maraq yaradır.

65 yaşlı şair bu gün “yol gedirəm qərib-qərib, şeir-şeir dərgahına” fikri ilə ömür səfərinin ən qaynar həddində olduğunu bəyan edir. Bu yolda onu “qəlib-qəlib dualar” izləyir və bu dualar “Yaradana…agah”dır.
Tapdıq Əlibəyli yazır:

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkilməz tumar.

Bunu sözgəlişi demir əslində, razılaşaq ki, şairin dediklərində bir həqiqət var. Çünki “şairlər əzəldən söz pərvanəsi”dir, zaman-zaman “atəşə tutulub, oda yaxılıb”. “Sözü açıbsa da zindan-qəfəsi, şair ürəyinə güllə çaxılıb”… Bu fikirlərdə məyusluq doğuran heç nə yoxdur. Əksinə, şair həyatla insan arasındakı sərhədləri keçməyin mümkünlüyündən bəhs edir, çətin keçiləsi bütün yol ayrıclarında onu duyan oxucu üçün bir çıxış qapısının olduğunu deyir.
Şairin qəlbində yaşanan eşq həm fiziki, həm də mənəvi dünyanı aydınladan işıq kimidir. Bu, sadəcə insanın cismani eşqi deyil, həyatın bütün parıltılarına, müsbət və mənfi tərəflərinə duyulan dərin və əbədi sevgidir. Tapdıq Əlibəylinin qəlbi, məhz bu eşqin təsirindədir; onun ürəyi bir sehrin içindədir ki, hər an bir ritm tapır, hər an bir şeirə çevrilir. Bu, daha dərindən gələn bir ehtirasdır ki, insanın ruhunu oyandırır, varlığını özündən alır və onu sonsuz bir axtarışa, yaradıcı bir halətə gətirir.
Tapdıq Əlibəylinin şeirlərində bu axtarış bir çox formaya bürünür: bəzən incəliklə, bəzən isə sərt bir şəkildə. Ancaq nəticə eynidir: bu eşq heç vaxt bitmir, hər zaman yenilənir, hər zaman şairi özünə çəkir.
Şairlərin gözəlliyə olan sevgisi əbədidir. Onlar yalnız gözəl olanı yox, bu gözəlliyin arxasında dayanan acıları, ağrıları və həyəcanları da sevərlər. Bu sevgi onları dərinə, səmimi duyğulara aparır və yazılarında yalnız gözəlliyi deyil, həmin gözəlliyin kədərli çalarlarını da ortaya qoyurlar. Tapdıq Əlibəylinin yaradıcılığı məhz bu özəllikdə duyğuların, ehtizazların təcəssümüdür:

Gözümə, könlümə köçən gözəllik –
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol – əbədilik…
Baharla payızın gözəlliyitək.

O gözəllik ki, şairin varlığını riqqətə gətirir, hər bir kəlməni təzələyir, bütün aləmi bürüyür – bu, zamanın səsidir, əbədiliyin gözəlliyidir. Bu, bir həyat fəlsəfəsidir, varlığın hər anını təkrar-təkrar hiss etmə ehtiyacı ilə əlaqəlidir. Şair həyatın hər bir anını, hər bir gözəlliyi yeni bir başlanğıc kimi qəbul edir.
Tapdıq Əlibəylinin şeirləri, bu sevginin, bu ehtirasın, bu dərinliklərin ən yüksək nöqtələrində yüksəlir. Onun şeirində gözəllik bəzən pərişanlığın, bəzən sevdanın, bəzən nisgilin təbəssümüdür, amma hər zaman bir qeyri-adi dünya hissi ilə əlaqəlidir. Çünki onun sevgisi sadəcə bu dünyaya aid deyil – bu, əbədi, zamanın keçməz gözəlliyidir.
Şeirlərinin birinə belə yazır:

Çörəyi Sözdən çıxanın
Tüstüsü təpədən çıxır.
Özündə şimşək çaxanın
Sözü də şimşək tək çaxır.

Tapdıq Əlibəyli çörək, həyat və əl qabarı arasındakı məsamələrin hamısında eyni rəng çaları tapır və bunu hamımıza göstərməyə müvəffəq olur.
Şairin “dünya bəmdən zilə qəm nəğməsiymiş” fikri də eyni qənaəti ortaya qoyur. Çünki həyat acılarını “oxuyan da bizik, dinləyən də biz”. “Fələk saya salmaz sən saydığını”. Fələklə insan arasında olanlara ya insanın iradə zəifliyi, ya da şeytanın fövqəladə gücü səbəbdir.
Döğrudan da, “insan piyadadırsa, zamansa atdadırsa, qəfildən qara hislər həyatın ağlığını qara pərdələrlə örtər”.
Həyatda əbədi nə var? Heç nə. Tapdıq Əlibəylinin aşağıdakı misraları bu anlamı ifadə edir:

Bir vaxt bir ev vardı bağlı-bağatlı…
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı…
Səs susub, yanğısı özünə çəkir.

Zaman gəlir ki, atalı-analı günlərin bir xəyala çevrilir. Belə bir yaşantının acısı ilə tutuşan şair bu təlaşın hamıda eyni olduğunu, lakin bu ayrılığı hərənin bir cür çəkdiyini deyir.
Mən aşağıdakı şeir parçalarında da Tapdıq Əlibəylini həyata bağlı, zəhmət qubarında bərkiyən adam kimi görürəm:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət – torpaqdakı sirr…

Burda əzəlimin paklığı yatıb,
Ən ülvi hisslərə köklənib ruhum.
Fərəhim ürəkdə zivəyə çatıb,
Torpağın qüdrətin nə vaxt ki duydum.

                   *** 

Dağlar vüqarını çeşməyə süzüb,
Göylər ulduzunu çəmənə düzüb,
Günəş edənədək zirvədə qürub,
Təbiət çağırır, seyr et doyunca.

Bu misraları oxuduqca sanki Tapdıq Əlibəylinin yaşadığı 65 ilin hamısı gözlərimin önündən mülayim, ilıq-isti baxışlarla ötür, onun ömür-həyat göydələnində 65 mərtəbə Allah sevgisi ilə süslənmiş şəkildə nəzərimdə canlanır. Çünki şair qəlbi nə qədər təmizdirsə, bir o qədər israrlı, çək-çevirlidir. Bu israrlar,bu çək-çevirlər əsl insan sevgisi ilə doludur deyə mən Tapdıq Əlibəylinin ömür qatarının içində apardıqlarını dəqiq görür və bunları təqdir etməkdən məmnunluq duyuram.
Sənə can sağlığı arzu edirəm, şair qardaşım! 65-illik yubleyin mübarək olsun!

Raqif Nazimoglu,
hüquq elmləri üzrə fəlsəfə doktoru,
AYB və AJB-nin üzvü, şair-publisist,
“İti Qələm” Respublika Ədəbi Birliyi və
“Ağsu Yazarları” Ədəbi Birliyinin sədri,
Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının fəxri professoru

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hacı Çingiz Ərəbli – Tapdıq Əlibəyli – 65


ZAMANIN FÖVQÜNDƏ OLAN ŞAİR

Zaman hər kəsi sınağa çəkir. Bu həyatın dəyişməz qanunudur. Kimi bu sınaqdan üzüağ çıxır, kimi isə əksinə, çətinliklərin ağırlığı altında sınır. Kimi sözü ilə, kimi əməli ilə bu sınaqdan keçir və hər kəs öz mahiyyətini zamanın aynasında göstərir. Elə insanlar var ki, zaman onlardan sadəcə keçib getmir; əksinə, onların daxilindən süzülərək dərin bir mənaya, hikmətə çevrilir. Məhz belə şəxsiyyətlər cəmiyyətin və ədəbiyyatın yaddaşında iz qoyur. Ədəbi camiədə isə bu cür insanlar çox nadir yetişir. Şair Tapdıq Əlibəyli də məhz bu nadir şəxsiyyətlərdəndir. O, sözün həqiqi mənasında şairdir – sözü duyan, ona can verən, hissləri incə çalarları ilə ifadə etməyi bacaran sənətkardır. Eyni zamanda, o, insan kimi də öz bütövlüyünü qoruyan, mənəvi dəyərlərə sadiq qalan, saf və səmimi bir şəxsiyyətdir.
Dağlar qoynunda yerləşən Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açması onun taleyində təsadüfi bir məqam deyil. Uşaqlıqdan nəfəsinə qarışan saf dağ havası, təbiətin sakitliyi və ucalığı onun ruhunun formalaşmasında mühüm rol oynamışdır. Bu mühit insanın daxilində təmizlik, saflıq və həssaslıq yaradan təbii bir məktəb kimidir. Bununla yanaşı, onun şəxsiyyətinin formalaşmasında genetik irs və sosial mühit də az rol oynamamışdır.
Bütün bu amillərin vəhdəti nəticəsində o, həm mənəvi, həm də fiziki aləmin incəliklərini dərindən duymağı bacaran bir sənətkara çevrilmişdir. Bu duyum, bu həssaslıq onun sözündə, misralarında öz əksini tapır. O, sözü sadəcə ifadə vasitəsi kimi deyil, ruhun aynası, düşüncənin səsi kimi təqdim edir. Elə buna görə də Tapdıq Əlibəyli sözün əsl mənasında söz sərrafıdır – hər kəlməni seçən, ona dəyər verən və onu mənaya çevirən nadir sənətkarlardan biridir.
Tapdıq Əlibəyli publisistik məqalələrinin birində yazır: “Səhərin al şəfəqləri nura boyayır cahanı, günəş təbəssümün sanki qönçələrə süzür… Zaman öz axarındadır. Bu axarsa hər məqamı öz vədəsində salamlayır… Artıq üfüq boyu sanki tonqal qalanıb. Yavaş-yavaş bu şölə incəlir. Ay işığında yer üzü sanki süd gölünə bənzəyir. Göy üzünü bəzəyən, sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir. Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz dünya öz gərdişində, öz nizamındadır. Bu əzəli-əbədi nizamın ədəbi inikası olan bir ədəbiyyat nizamı, söz nizamı da var.

Hansı ki mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edən mütəfəkkir şair, könüllər sultanı Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız müqayisədən doğan müdrik bir qənaət… Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin o üzündən üzü bəri duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən keçirərək, “məndə mənini” arayıb. Mənəvi dünyamızın tükənməz enerji mənbəyi olan sözün (əsrarəngiz bədii – “nizamlı” söz – şeir) işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə.”
Özünün dediyi kimi, söz nizamının işığında sözün heyrətinə bələnə-bələnə ömür təqviminin 65 ilini tamamlamaqdadır Tapdıq Əlibəyli.

Söz sərrafı sığal çəkər sözünə,
Təriflənsə, həya çökər üzünə.
Sözdən elə saray tikər özünə,
Bülənd olar goy üzünə sədası.

Son dövrdə şeir yazanların sayı artıb, lakin əsl, özünəməxsus və şeiriyyəti dərin mənaya malik şairlər şübhəsiz ki, azdır. Bu ədəbi fonda Tapdıq Əlibəyli sözə sığal çəkib ona yeni məna qataraq, şeirin və sözün həqiqi təmsilçisinə çevrilir. O, göstərir ki, hər zaman sözün, şeirin və ədəbiyyatın keşiyində duran, təxəyyülü zəngin və ifadəsi güclü şairlər var və onlar öz poetik inciləri ilə ədəbiyyatımıza dəyər qatır.
Çağdaş ədəbiyyatımızda poeziyanı təkcə təmsil etməklə qalmayan, ona yeni bir nəfəs, rəng və şirinlik verən Tapdıq Əlibəyli, hər zaman bizim yolumuzu işıqlandıran, ruhumuzu qidalandıran bir bələdçimizdir. Onun şeirləri yalnız poetik məzmunu ilə deyil, həm də içindəki həyat fəlsəfəsi və bədii üslubunun incəliyi ilə diqqəti cəlb edir. Bu baxımdan, Tapdıq Əlibəylinin üslubu sadəcə müasir poeziyanın qiymətli bir nümunəsi deyil, həm də ədəbiyyatımızın gələcəyinə işıq tutan bir xəzinədir. Düşünürəm ki, onun əsərləri, hərtərəfli araşdırılmalı, daha dərindən öyrənilməli və dəyərləndirilməlidir.
Bəzən mənə elə gəlir ki, Tapdıq Əlibəylini şair olaraq ilk kəşf edən insan mənəm. Yəqin ki, bu hiss müəllifi olduğum və Tapdıq müəllimin redaktoru olduğu, ön söz yazdığı “Eşqnamə” əsəri üzərində birlikdə çalışmamızdan və bu çalışma sayəsində ona daha yaxından bələd olmamdan irəli gəlir. Təmiz ürəkli, xoş diləkli və zəngin iç dünyası olan bu insan ədəbi camiədə özünəməxsus bir yer tutub.
Əminəm ki, Tapdıq Əlibəyli sözünə olan məhəbbət və hörmət sayəsində, ədəbiyyatımızda silinməyən dərin izlər buraxacaq və əsərləri gələcək nəsillər tərəfindən də hər zaman sevilərək zaman-zaman oxunacaq. Çünki onun yaradıçılığı zamanın fövqündədir.
Tapdıq Əlibəylinin sözə sığal çəkmək bacarığı da özünəməxsusdur – hər bir ifadə sanki bir naxış kimi ortaya çıxır. Məsələn, “Payız çöhrəsində yazdı 44 Gün” kitabını oxuyarkən sanki təsirli bir filmə tamaşa edirsən. Qeyd edim ki, bu əsər nəşr tarixi etibarı ilə Zəfərlə nəticələnən Vətən müharibəsi (Qarabağ) mövzusunda ilk poetik salnamədir.

Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı…
Payız çöhrəsində yazdı 44 gün.

Əminliklə demək olar ki, çağdaş ədəbiyyatımızın görkəmli nümayəndilərindən biri olan Tapdıq Əlibəylinin yaradıcılığı, ədəbiyyatımıza dəyərli bir töhfədir. Aşağıdakı bəndin prototipi də elə sevimli şairimizdir.

Şairlər duyğusal, kövrək olurlar,
Elə bil nur üzlü mələk olurlar,
Möhürü söz olur, qibləsi sevgi,
Qəlbinin səsiylə ahəng olurlar.

Söz dəryasına dalmaq, onun dərinliklərinə enmək hər şairin qismətinə düşməz. Sözün hər incəliyini və gözəlliyini axtarıb tapmaq üçün bu dərinliklərə qəvvas kimi enən şairlər həqiqətən də tərifə layiqdir. Necə ki, özünün də dediyi kimi:

Qəvvasam sahilsiz söz dəryasında,
Qiyməti özündə inci gəzirım.
İnsan sevgisiylə söz dünyasında,
Tapdığım incidən çələng düzürəm.

Tapdıq Əlibəylinin ən diqqətçəkən və təqdirəlayiq xüsusiyyətlərindən biri onun insanlara olan dərin həssaslığı və yüksək dəyər verməsidir. O, Azərbaycana layiqincə xidmət etmiş, xalqının rifahı üçün çalışan şəxsləri mütəmadi olaraq gündəmə gətirir və dünyasını dəyişənləri heç vaxt unutmur, həmişə onların xatirəsini yad edir və bizə onların töhfələrini xatırladır.
Bu xüsusiyyətini nəzərə alaraq, Tapdıq Əlibəyliyə həsr etdiyim şeiri məmnuniyyətlə xatırlamaq istəyirəm:

Şair var boğulur öz göz yaşında,
Şair var heç adı yox baş daşında,
Şair var yüz sual var baxışında,
Sağ ol ki, hər kəsi yada salırsan.

Şair var gəlməyir səsi- sorağı,
Şair var yazdığı yalnız bayağı,
Şair var sönübdür ömür çırağı,
Sağ ol ki, hər kəsi yada salırsan.

Böyük ürəyin var, böyük amalın,
Tapdıq Əlibəyli, nurdur camalın,
Ünvanlar dolanır şair xəyalın,
Sağ ol ki, hər kəsi yada salırsan.

Çingiz Ərəblidir gördüyün yazan,
Yazdığı zamanda verildi azan…
İmzalar içində seçilir imzan,
Sağ ol ki, hər kəsi yada salırsan.

Tapdıq Əlibəyli həm də sədaqətli dostdur. Onunla söhbət etmək insanı daxilən rahatlaşdırır. Saçlarının ağarması və həyatın üzündə çəkdiyi naxışlar onun nurani çöhrəsinə yaraşır və əzəmətini artırır. Əlbəttə, bu onun qocalmasından yox, ucalmasından xəbər verir. Şair dostuma ithaf olaraq yazdığım kimi:

Şair dostum, gör bizi zaman necə qocaltdı;
Saçımıza dən salıb, gündən-günə çoxaltdı.
Bəlkə, heç zaman bizi qocaltmadı, ucaltdı…
Deyim var ki, başında zirvələrin qar olar.

Ruhumuzsa cavandır, sanki on beş yaşında,
Onun da ağ yoxdu ki, nə “saçında”, “qaşında”.
Bir ömürlük hakimdir qəlb evinin başında,
Vaxt gələr ki, ruhumuz əbədiyə yar olar.

Ağaran tək saç olsun, ürək qocalmasın heç,
Ömrümüzdən qoy illər təki bac almasın heç,
Dostlarımız ucalsın düşmən ucalmasın heç,
Yoxsa ki hər günümüz ancaq ahu-zar olar…

Tapdıq Əlibəyli yaradıcılığı çağlayan çeşmədir. O bulaqdan içmək könülləri saflaşdırır. Arzu edirəm ki, şairin həyata, sözə olan eşqi heç vaxt səngiməsin. İlhamı daim kükrəsin, qələmi kəsərli olsun. Bu yaşında belə yorulmadan çalışan Tapdıq Əlibəyliyə bəd nəzərdən, pis gözlərdən üzaq olmasını diləyirəm.
65 yaşın zirvəsindən üzü 100 ilin zirvəsinə ucalasan, əziz dost!

Hacı Çingiz Ərəbli,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair,
Bilgəh Sağlamlıq Mərkəzinin Baş Həkimi

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ
Yaradıcılığına və şəxsiyyətinə ehtiram bəslədiyim şair-publisist və ictimai xadim Tapdıq Əlibəylini uzun illərdir tanıyıram. Onunla, Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyim vaxtlarda, tədbirlərin birində tanış olmuşduq. Həmin tədbirdə yenicə çapdan çıxmış “Poetik buta” kitabını da mənə hədiyyə etmişdi. Elə həmin gündən də Tapdıq bəylə mehriban ünsiyyətimiz yarandı.Tez-tez görüşməsək də, fəal istifadəçisi olduğum “fasebook” sosial şəbəkəsində müntəzəm olaraq onun yaradıcılığını və ictimai fəaliyyətini yaxından izləyirəm. Bu günlərdə öyrəndim ki, bu ilin iyulundaTapdıq bəyin 65 yaşı tamam olacaq. 65 yaş insan həyatında əlamətdar bir tarix olduğu üçün istədim ki, mən də bir yazı-pozu adamı kimi həmkarım Tapdıq Əlibəylinin yaradıcılığına səyahət edim. Bu yazı da həmin səyahətin nəticəsi olaraq meydana gəldi və düşnürəm ki, səmimiyyətdən yaranmış bu yazı Tapdıq bəyin yubileyinə mənim kiçik bir hədiyyəm olar.
Tapdıq Əlibəyli qədim türk yurdu, əsrarəngiz təbiəti olan Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açıb. Düşünürəm, Bürzünbülü oxucularına şair aşağıdakı misralarla təqdim edərək, onun haqqında dolğun təsəvvür yarada və sevdirə bilib:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası – Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ havasi, yurd sevdası – Bürzünbül.

Sadəliyi səmimiyyət batmanı,
Kədəri də, sevinci də bölüşər.
Halallıqdan yoğrulubdu imanı,
Bir-birinin köməyinə yetişər.

Təbii ki, Bürzünbül Tapdıq Əlibəylinin dünyaya göz açdığı kənddir, balaca Vətənidir onun. Lakin Tapdıq Əlibəylinin Vətən anlayışında bir adda əbədi məskən salıb -Yardımlı rayonu. O rayon ki, öz ziyalı, vətənpərvər, mərd, mübariz oğulları ilə Azərbaycanımıza kifayət qədər görkəmli şəxsiyyətlər, o cümlədən Sabir Rüstəmxanlı kimi görkəmli ictimai-siyasi və dövlət xadimi, Xalq şairi bəxş etmişdir. Təbii ki, Sabir Rüstəmxanlı kimi görkəmli bir ədəbiyyat adamını yetirən bir bölgədə, ondan sonra ələ qələm almaq hər kəsdən bir cəsarət və hünər tələb edir. O da qeyd edilməlidir ki, Sabir Rüstəmxanlı öz yaradıcılığı və fəaliyyəti ilə bu bölgədə ədəbiyyatın və poeziyanın inkişafına güclü təkan vermışdir. Heç şübhəsiz ki, ondan sonra ədəbiyyata gələn insanların yaradıcılığına onun təsiri olmamış deyil. Bununla belə Yardımlının təbiəti, suyu, havası, onun folkloru və ədəbi mühitinin özü bir poeziyadır və Sabir bəyin də elə bu mühitdən pərvazlanması qanunauyğunluqdur.
Yardımlı ədəbi mühitinin ədəbiyyatımıza verdiyi söz adamlarından biri də Tapdıq Əlibəylidir. O, Yardımlıya olan sevgisini aşağıda nümunə gətirdiyim misralarla ifadə edir:

Vətən – bir ağacsa, budaq Yardımlı,
Boy verir rişəsi minilliklərə.
Zirvəsi qartallı bu dağ Yardımlı
Bağlayıb yurddaşı minilliklərə.

Ər kişilər yurdu – mənaca adı,
Bürünüb övladı bu həqiqətə.
Bu dağlar qoynuna Yaradan yardı,
Bələnib Yardımlı saf təbiətə.

Ölkəmizin ictimai həyatında fəall iştirak edən, ədəbi cameədə həm publisist, həm də şair kimi yaxşı tanınan Tapdıq Əlibəylinin “Qəlbdən qələmə” şeirlər kitabı qarşımdadır və onun poeziya dünyasına səyahətdəyəm…
Bu bir danılmaz həqiqətdir ki, Tanrının yaratdığı canlılar arasında İNSAN ən mükəmməl varlıq və ən böyük möcüzəsidir. Tanrı bitkilərdən və heyvanat aləmindən fərqli olaraq insanlara danışmağı, dili verib. Əgər Tanrının yaratdığı ən böyük möcüzə insandırsa, insanın yaratdığı ən böyük möcüzə sözdür. Yəni insan da sözdən SÖZü yaratdı. Bu da bir həqiqətdir ki, Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Söz sözlə yanaşı işlədiləndə fikir, məna ifadə edir:

Könül verdim saza-sözə,
Günəş doğdu sanki üzə.
Söz sovqatı göndər bizə…
Şeir – sözün ən göyçəyi.

Yaranmyır şeir əbəs,
Gül qoxuyan o bir nəfəs,
Göy üzündən gələn bir səs…
Şeir – sözün ən göyçəyi.

Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.
Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz adamı, şair, şeir yazan demişlər.

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkiıməz tumar.

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Fikrimcə, Tanrı insana danışmaq qabiliyyətiu verdiyi andan, insanın insanla ünsiyyəti yarandığı məqamdan şeirin tarixi başlayır. Çünki başqa canlılardan fərqli olaraq Tanrı insanlara digər duyğu üzvləri ilə yanaşı həm də duymaq, düşünmək, hiss və həyəcanlarını, sevinc və kədərini ifadə etmək qabiliyyəti vermişdir. Şairlər üçün söz hər şeydir. Həyatın mənasıdır. Yaşamaq fəlsəfəsidir. Sevincdir, nəşədir, qəmdir, kədərdir.

Göydən enən mələkdir,
Simurqdan tel, lələkdir,
Ruhumuza gərəkdir
Misralanan ulu söz.

Tumurcuqdur, çiçəkdir,
Pöhrələnən özəkdir,
Bahar kimi bəzəkdir
Misralanan ulu söz.

Şeirlərini oxuduqca, publisistikası ilə tanış olduqca, gözlərimin qarşısında müəllifin Tanrının verdiyi istedadı, haqqa tapınan, sözə yüksək dəyər verən, onun məsuliyyətini dərk edən, zəhmətdən yoğrulmuş bir söz adamının obrazı, işıqlı siması canlanır. Tapdıq Əlibəylinin özü də, sözü də işıqdır, ziya saçır. Yaradıcılığı ilə tanış olduqca onun poeziyasının mövzuca zəngin və rəngarəng olduğunun şahidi olursan. Bir kiçik yazıda onun həm mövzu, həm məna, həm də forma etibarı ilə zəngin yaradıcılığı barədə bütöv fikir yürütmək imkanı məhdududur. Bununla bərabər hesab edirəm ki, Tapdıq Əlibəyliyə bir şair kimi dəyər vermək üçün onun sözə, sözün hikmətinə, dəyərinə həsr etdiyi şeirlərini oxumaq kifayət edər. Diqqət yetirək:

Cahana sığmayan Tanrı bəndəsi
İlahi şövq ilə Sözə sığındı.
Söz mülkünün əngin bəndi-bərəsi
Bir ovuc ürəyə necə yığıldı?…

Təbi-təbiəti sözlə dəyişən
Ümid işığında pərvanə olar.
Bəxtinə qismətdən şairlik düşən
Bircə söz üstündə “divanə” olar.

Doğurdan da onun şeirlərini oxuduqca aydın olur ki, “bircə söz üstündə” divanə” olanlardan biri də Tapdıq Əlibəylidir. Belə olmasaydı aşağıdakı misraları yaranmazdı:

Şairlər dünyanın söz divanəsi,
“Divan”ı üstündə qurulub divan…
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb, susmaz heç zaman!..

Hörmətli Tapdıq Əlibəylini!

Arzu edirəm ki, divanınınız həmişə “Divani” üstə qurulsun, söz həmişə qəlbinizin hakimi, dilinizin bəzəyi olsun, həmişə haqq sözə tapınasınız.
SÖZə olan eşqiniz heç zaman tükənməsin. 65 illik yubileyiniz mübarək olsun!
Ramiz GÖYÜŞ,    
yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN SÖZ DÜNYASI

1 iyul 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, şair və jurnalist Tapdıq Əlibəylinin 65 illik yubileyidir. Bu münasibətlə onu əvvəlcədən təbrik edirəm. Tapdıq müəllimə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Tapdıq Əlibəyli ilə biz eyni bölgədə – cənub zonasında dünyaya göz açmışıq. Lakin onunla tanışlığım təqribən 20 il əvvəl mərhum professor İsa Alıyev vasitəsilə olub. İsa müəllimlə Tapdıq Əlibəyli yaxın dost idilər. İsa müəllim iqtisadçı alim olsa da, sözə və sənətə ürəkdən bağlı idi. Aşıq musiqisini, muğamı gözəl bilirdi. Özü də şeirlər yazırdı. Onlar tez-tez görüşürdülər. Tapdıq Əlibəyli İsa müəllimi görmək üçün İqtisadiyyat İnstitutuna gəlirdi. İsa müəllim həmin vaxt İqtisadiyyat İnstitutunun direktoru, mən isə elmi katibi idim. O görüşlərin birində İsa müəllim məni Tapdıq Əlibəyli ilə tanış etdi:
– Rəsmiyyə, qızım, tanış ol, sənin yerlin – şair Tapdıq Əlibəyli.
Əslində, mən Tapdıq Əlibəylini qiyabi də olsa şair və jurnalist kimi tanıyırdım, imzasına bələd idim. Sadəcə, əyani tanışlığımız İsa müəllimin sayəsində oldu.

Tapdıq Əlibəyli

Tapdıq Əlibəylinin 65 illik ömür yolu zəngindir. O, gənc yaşlarından könlünü poeziyaya verib. “Ülü söz”ün alovu onu da yandırıb yaxıb:

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Şairi tale sıxanda da, həyat üzərinə yeriyəndə də bütün qələm əhli kimi söz köməyinə çatıb:

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Tapdıq Əlibəylinin yaradıcılığında “söz” anlayışı yalnız ifadə vasitəsi deyil, həm də insanın mahiyyətini açan əsas amildir. “Şeirlərim bir duadı” adlı şeirində şair yazır:

Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

“Yanğı həzzi” şeirində şair sözün gücünü od, şimşək, yanğı kimi obrazlarla təqdim edir. Burada söz həm yaradan, həm də yandıran qüvvə kimi təsvir olunur. Şairin fikrincə, həqiqi söz ürəkdən gəlməlidir. “Şam təki şair ömrü də…” misrası ilə şair öz taleyini yanan, əridikcə işıq saçan bir varlığa bənzədir:

Yandırıb Sözü yaxanın
Sözü də yandırıb- yaxır.
Özünü özü yıxanı
Doğması, yadı da yıxır.

“Bükmə ətəyinə abrını sözün” şeirində isə şair sözün məsuliyyətini vurğulayır. Saxta, duyğusuz yazanlara qarşı sərt mövqe nümayiş etdirir:

Qoy səni mindirim mən cin atına,
Enişli-yoxuşlu çap yorulunca.
Özün enmədikcə sözün qatına,
Beləcə çaparsan ömrün boyunca…

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası ilə yaxından tanış olduqda onun yaradıcılığında üç əsas xətti görmək mümkündür: birincisi – sözün və sənətin müqəddəsliyi; ikincisi – cəmiyyətin mənəvi problemləri; üçüncüsü – doğma yurd və təbiət sevgisi.
Tapdıq Əlibəylinin poeziyasının dili sadə olsa da, lakin obrazlıdır. Xalq danışıq üslubuna yaxın ifadələr, atalar sözlərini xatırladan misralar şeirlərin təsir gücünü artırır, oxucunu düşündürməklə yanaşı, duyğulandırır.
Tapdıq Əlibəylinin şeirlərində xalqın mənəvi dəyərləri, tarixi yaddaşı, eləcə də müasir həyatın ritmi ahəngdar şəkildə birləşir. Onun incə lirizmi və vətənpərvərlik duyğusu yaradıcılığına xüsusi əhəmiyyət qazandırır. “Payız çöhrəsində yazdı 44 Gün” kitabı şairin vətənpərvərlik duyğularının tərənnümüdür. “Gördüyüm başqadı” şeirində isə daha çox ictimai-fəlsəfi motivlər ön plana çıxır. Dünya qeyri-sabit, ziddiyyətli bir məkan kimi təqdim olunur. Burada həqiqət və yalanın, düz və əyrinin qarşıdurması verilir. Şair cəmiyyətin mənəvi aşınmasından narahatlıq keçirir:

Gözlərin oynayır ala buludda,
Fələk saya salmaz sən saydığını.
Sən ki piyadasan, zamansa atda,
Qəfildən boyayar qara ağını…

yaxud:

Hər atası kordan zaman Koroğlu olmaz,
Ağsaqqal sayılmaz hər ahıl kəs də.
Olsa da nə qədər saç-saqqal bəyaz,
Müdriklik bir şərtdir ağsaqqal kəsdə.

Tapdıq Əlibəylinin yaradıcılığında yurd sevgisi xüsusi yer tutur. Bürzünbül mövzusunda yazdığı şeirlərdə doğma kəndin təbiətini təsvir edir:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası -Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ həvəsi, yurd sevdası -Bürzünbül.

Bu şeirlərdə sadəlik, halallıq, qonaqpərvərlik kimi milli dəyərlər ön plana çəkilir. Şair doğma torpağı yalnız coğrafi məkan kimi deyil, həm də mənəvi kök, milli kimlik kimi təqdim edir:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət -torpaqdakı sirr…

“Çanaq bulaq”, “Dağlar vüqarını çeşməyə süzüb”, “Təbiət sağlığı qoruyub burda” kimi şeirlərdə təbiət canlı, poetik lövhələrlə təsvir olunur. Təbiət yalnız fon deyil, insanın daxili aləmi ilə vəhdət təşkil edən canlı bir varlıqdır. Bulaq, dağ, çəmən obrazları saflıq, paklıq və həyatın davamlılığını simvolizə edir.
Lakin zamanın təsiri ilə itən dəyərlər şairi düşündürür, kədərləndirir. “Bir ev vardı…” şeiri nostalji ruhda yazılmışdır. Şair uşaqlıq xatirələrini, ailə mühitini, ata-ana obrazlarını sevgi ilə yad edir. Təbiət elementləri (söyüd, tut ağacı və s.) insan taleyi ilə paralel təqdim olunur:

Məntək qəribsəyib tut ağacımız?
Budanıb yüz illik qolu-budağı.
Bəlkə elə birdi ağrı-acımız…
Hopub xəyallara uşaqlıq çağı.

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası milli ruhu, mənəvi dəyərləri qoruyan və sözün gücünü ucaldan poetik nümunələrdir.

Rəsmiyyə Sabir,
İqtisad elmləri doktoru,
professor

Rəsmiyyə Sabiirin yazıları

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vidadi Orucov: SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

Tapdıq Əlibəyli – 65

SÖZÜN DƏ, ŞAİRİN DƏ YAŞI OLMUR

Şair ömrü illərlə misralara hopmuş duyğuların, poetik yaddaşın izləri ilə yazılır. Bu fikir müstəvisində, şair-publisist Tapdıq Əlibəylinin 65 illik yubileyinin ərəfəsində onun sənətinə və həyatına bir daha nəzər salmaq fürsəti yaranır.
Düşünürəm ki, tale ilə üz-üzə gəlmiş şair ünvanlı bir qəlbin hesabatıdır bu yubiley. Amma bu altmış beş il sadəcə zaman ölçüsü deyil – arxada qalan ağrılı-acılı yolların, sevinc və kədərin qoşa addımladığı bir ömür salnaməsinin, vətəndaş mövqeyinin və poeziyanın zəngin xəritəsidir. Çünki elə insanlar var ki, yaşlarını illərlə yox, yazdıqları sözlərlə ölçürlər.
Tapdıq Əlibəyli məhz belə sənətkarlardandır. Onun da tale payına “söz” məsuliyyəti düşdü. Yazıb-yaratdıqları ilə o, uca sözə sədaqəti, poeziyaya mənəvi məsuliyyəti sayəsində ədəbi mühitdə özünə məxsus, artıq təsdiqlənmiş və tanınan bir ünvana çevrildi. Yaradıcılıqda özünə meyar olaraq Xalq şairi Zəlimxan Yaqubun poetik ucalığını qəbul edir və bu ucalığı belə dəyərləndirir:

Zəlimxan ilhamı bir dünya qurdu,
Zamanın fövqündə sözü təzə-tər.
Nə qədər şeir var diri-durudu,
O səs, o nəfəsdən durular bəşər.

Tapdıq Əlibəylinin poeziyası da məhz bu diri sözlərdəndir. Onun misralarında səs var, nəfəs var, ruh var. Bu sözlər oxucunu təkcə düşündürmür – onu saflaşdırır, duruldur, iç dünyasına işıq salır. Bu poeziya süni deyil; yaşanmış hissin, halın, taleyin və vicdanın səmimi ifadəsidir.

Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır…
Şairliyin yaşı olmur!

Bu dördlük Tapdıq Əlibəylinin yaradıcılıq taleyinin poetik açarıdır. O, gah dərviş kimi könül qapılarını döyür, gah şaman kimi yaddaşın dərin qatlarına enir. Onun şeiri bəzən səhər işığı kimi ümid gətirir, bəzən axşam sükutu kimi insanı özü ilə üz-üzə qoyur. Bu yol Yunus Əmrələrin, haqq aşiqlərinin, söz fədailərinin yoludur. Söz onda həm dua, həm çağırış, həm də məsuliyyətdir.
Vətən mövzusu Tapdıq Əlibəylinin poeziyasında sadəcə mövzu deyil – taledir. Xüsusilə 44 günlük Vətən müharibəsi onun şeirində xalqın qəhrəmanlıq səlnaməsinə çevrilir. Hər misrada savaşın nəfəsi duyulur, şəhid ruhu dolaşır, Xudayar təsnifinin sədası eşidilir… Bir də gözləri yollardan çəkilməyən analar, yarımçıq qalan arzular, nisgilli nişanlı qızların səssiz göz yaşları…

Qırx dörd günlük savaş səsi –
Qəhrəmanlıq səlnaməsi.
Sönbaharın yaz çöhrəsi
Şəhidlərin gül üzündə
Gülümsəyir göy üzündə…

Bu misralarda ağrı ilə qürur çiyin-çiyinə addımlayır. Şair şəhidlərin gül üzündə yazı görə biləcək qədər saf, uca və mərhəmətli baxmağı bacarır.
Tapdıq Əlibəyli üçün torpaq sadəcə məkan deyil – qüdsiyyətdir, kimlikdir, alın yazısıdır. O, torpağı türk taleyi, türk yazısı kimi dərk edir. Onun üsyanı da, sevgisi də buradan doğur. “Tarix türkə, türk tarixə yaraşır” deyərək sözünü dünyaya deyir və türk olmağın şərəfini poeziyanın dili ilə əbədiləşdirir:


Türk soraqlı qüdsiyyətim – bu torpaq,
Qanımdakı heysiyyətim – bu torpaq,
Qayəmdəki hüsniyyətim – bu torpaq,
Azərbaycan – Tanrı yazan ünvanım!

Üçrəngli Bayraq isə onun poeziyasında sönməyən əqidə çırağıdır – yol göstərən, ruh oyadan, Vətəni Günəş kimi isidən bir işıqdır:

Üçrəngli Bayrağım –
Hürriyyət sorağım!
İstiqlal yolunda
Əqidə çırağım!

Tapdıq Əlibəyli 65 yaşında bir daha sübut edir ki, o, yaşa söz qatmayıb – sözə ömür qatıb. Onun ömrü misralarındakı təravətlə birgə axır, gündən-günə daha da şirinləşir və zaman-zaman mənəviyyatımızı zənginləşdirərək dünyamızı işıqlandıracaq. Məhz bu mənəvi-estetik keyfiyyətlər Tapdıq Əlibəylinin sözünə digər yazarların münasibətində də aydın görünür. Tanınmış şair İladi Öməroğlu Tapdıq Əlibəylini gözəlliyə meyil salan, sözü bülbülün nəğməsi, gülün ətri qədər saf və təbii olan şair kimi dəyərləndirir:

“Gözəlliyə meyil salar,
Bülbüldən, həm güldən yazar!”

O, həmçinin Tapdıq Əlibəylinin poeziyasında insafın, dinin, elm və irfanın, zəhmətkeş insanın – “qabarlı əlin” müqəddəsliyinin sözə çevrildiyini görür və bu mənəvi yaxınlığı söz qardaşlığı kimi qəbul edir:

“İnsaf-dindən, elm-irfandan,
O qabarlı əldən yazar!”

Tapdıq Əlibəylinin qələmindən çıxan hər bir əsər insana yaşamağı, yaratmağı, Vətəni, insanı və Uca Tanrını sevməyi öyrədir. Onun poeziyası ədəbiyyatımız üçün dayaqdır, arxadır, örnəkdir. Bu əsərlər həyat fəlsəfəsi, gənclik eşqi və sabaha inamla dolu olduğu üçün gəncləri gələcəyə aparan yorulmaz qanadlara çevrilir.
Dəyərli şairimiz, dəyərli Vətənoğlu, arzumuz budur ki, sözünüz həmişə diri qalsın, ilhamınız Uca Tanrının xeyir-duası ilə qurumayan bulaq kimi daim çağlasın. Qələm yolunuz işıqlı olsun, misralarınız Vətənə,insana və həqiqətə xidmət etsin. Sizə möhkəm can sağlığı, uzun ömür, ruh genişliyi və yeni-yeni poetik zirvələr arzulayırıq.
Çünki dəyişməyən bir həqiqət var: sözün də, şairin də yaşı olmur.

Vidadi Orucov,
Lənkaran Dövlət Universitetinin
Fizika, kimya və biologiya kafedrasının müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOV-38

MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOV-38

7 fevral – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun mövlud Günüdür. Şəhidimizin qutsal ruhuna, illər öncə yazdığım ithaf seirimlə salam olsun!
MÜBARİZ
Düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş şəhid gizirimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndinində oldum və valideyinlərini ziyarət etdim. Şəhid atası – əli dəstəmazlı, ağzı dualı, qəlbi imanlı Ağakərim kişi ilə sohbətimizdə oğlunun şəhid olduğu gün sübh namazını “birgə” qıldıqlarını söylədi… Bu ilahi hikmətin, həqiqətin işiğında deyirəm: Alllah ibadətinizi qəbul eləsin. Məqamın mübarək, Mübariz!

Ağakərim ata, Şamama ana
Oğul bəxş etdilər Azərbaycana.
Şəhid şərəfiylə dönüb dastana,
Xalqın iftixarı oldu Mübariz.

Böyük Qələbəyə olaraq əmin,
Dünyaya göstərdi öz milli Mənin.
Şərəfsiz dediyi yağı düşmənin
Canına vəlvələ saldı Mübariz.

Güc aldı Mübariz torpaqdan, haqdan,
Üzüağ çıxaraq ülvi sınaqdan.
Neçə qəsbkarı tapdaq torpaqdan
Alaq otu kimi yoldu Mübariz.

“Yolum şəhidlikdirdir” – eylədi bəyan,
Təki qalib olsun qoy Azərbaycan,
Üç rəngli bayrağa fəda etdi can,
Qəhrəman adını aldı Mübariz.

Döyüşçü arzusu olacaqmı çin?
Xocalı sızlatdı hey için-için…
Torpaq yanğısını söndürmək üçün
Qara bulud kimi doldu Mübariz!

Vətən köynəyindən keçdi Mübariz,
Andını Vətənə içdi Mübariz,
Öz zəfər yolunu seçdi Mübariz,
Əsir topaqlara yoldu Mübariz!
Düşməni sarsıdan qoldu Mübariz!

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tapdıq ƏLİBƏYLİ – Təbrik

PROFESSOR YAŞAR İBADOV – 66

Dünyanın əsrarəngiz mətləblərini özünəməxsus duyum və fəhmlə araşdıran həkim-alim, “Alternativ Psixologiya” elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor, Oksford Universitetinin Akademiki, Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri, illərin dostu Yaşar Saday oğlu İbadovu ömür təqviminin 66 illiyi münasibətilə “Xızır timsallı məqam” adlı yazımla təbrik edirəm.
XIZIR TİMSALLI MƏQAM
Dastan dili ilə desək, göz evi örtülü, könül evi açıq olan Murad, Yusifi Züleyxaya yetirən badələrdən olan eşq camını Yaşar həkimin əlindən alıb içəndən sonra həyacandan sinəsi korun-korun közərən dəmirçi körüyünə bənzəyirdi. Elə bil, ürəyi indicə yerindən çıxacaqdı… hər şey kinolent kimi gözünün önündən gəlib keçdi. Murad o yay Türkiyənin istirahət mərkəzlərinin birindəydi. Hadisə bir göz qırpımında baş verdi. Hovuzda huşunu itirmiş tanımadığı qızı boğulmaqdan son anda xilas etmiş və xəstəxanaya da özü çatdırmışdı. Pərvənə gözlərini açıb özünə gələndə başının üstündə ilk olaraq xilaskarını görmüşdü…
O gün baş verən xoşagəlməz hadisə vaxtı tanımışdı Pərvanəni. Qəribə, anlaşılmaz hisslər bürüdü onu. Bir ilə yaxın vaxt ötüb o gündən… Birdən-birə, xilas etdiyi o qızı görmək sevdası baş qaldırmışdı qəlbində.
Murad Pərvanənin başına pərvanə tək dolanmaq, gözlərini zilləyib onun gözlərinə baxmaq istədi…dilindən xəfif pıçıltı, köksündın narın sızıltı keçdi…
Murad bu səhər yuxudan gec ayılmışdı. Əslində ayılmaq belə istəməmişdi. Aramsız telefon zəngləri onu butasından-Pərvanədən ayırdı.
Yazdığım bu epizod real həyat hadisəsidir. Yazını “dastan dili” ilə başlamağımın isə əsaslı səbəbi var. Muradla bağlı hadisənin təfsilatından öncə bir haşiyə çıxmaq istərdim.
Şifahi xalq ədəbiyyatımızın dastan incilərindən olan “Abbas və Gülgəz” də mifik təfəkkür dünyasından qaynaqlanan belə bir epizod var: Bir gün Аbbаs dostu Sаqi ilə bаğа gəzməyə gеtmişdi. Bir qədər gəzəndən sonrа hərəsi uzаnıb bir аğаcın dibində yаtdı. Sаqi bir vахt yаtаqdаn qаlхıb gördü ахşаmdı, аmmа Аbbаs yuхudаn hələ аyılmаyıb. Nə qədər еlədi, Аbbаsı аyıldа bilmədi. Tеz gеdib Аbbаsın аnаsınа, bаcısınа, qonşulаrınа хəbər еlədi. Səs düşdü, hаmı tökülüb gəldi. Nə qədər еlədilər Аbbаsı oyаdа bilmədilər. Onu еlə yuхulu götürüb еvə gətirdilər. Bütün rəmmаllаr, qаrılаr yığıldılаr, bunu hərə bir yеrə yozdu. Kimi dеdi dəli olub, kimi dеdi bаşınа hаvа gəlib. Bir qаrı onun nəbzini tutub dеdi:
– O еşq yuхusundаdı, sаbаh аyılаcаq.
Sаbаh аçılаn kimi Аbbаs yuхusundаn аyılıb dеdi:
– Аnа, bu cаmааt burа niyə yığılıb?
Аnаsı əhvаlаtı onа söyləyib dеdi:
– Oğul, dərdin nədi?
Аbbаs dеdi:
– Bir ucu çömçə, bir ucu nimçə gətirin, dərdimi dеyim.
Gеdib Аbbаsа bir sаz gətirdilər. Аbbаs sаzı sinəsinə bаsıb, görək nə dеdi:
Ruzi-əl-məhşərdə mövlаm еşqinə
Içmişəm kövsərdən bir cаmi-ləziz.
Iskəndər ахtаrdı, tаpıb içmədi,
Хızır içdi oldu cəvаnü əziz…
Anası dеdi:
– Oğul, mən indi bаşа düşdüm. Bir qızа аşiq olmusаn. Dе görüm, kimə аşiq olmusаn? Sеvgilin hаrаlıdır?
Аbbаs dеdi:
– Аnа, qulаq аs, dеyim. Аldı Аbbаs, görək nə dеdi:

Аğаlаr аğаsı, аğаlаr хаsı,
Аnа, mövlаm mənə butа vеribdi.
Düldülün sаhibi, Qənbər аğаsı,
Аnа, mövlаm mənə butа vеribdi.

Mənim аğаm Şаhi-Mərdаn Əlidi.
Hökm еyləsə, düşmən bаğrın əridi,
Аbbаs dеyər: yаrım аdı Pəridi,
Аnа, mövlаm mənə butа vеribdi…

Qeyd edək ki, kökü çağdaş dövrümüzdən çox-çox öncəki zamanlardan qaynaqlanan buta mifoloji səciyyə daşıyan yuxu obrazları şəklində təzahür etməklə, müasir zamanda həyat həqiqəti olaraq reallıq baxımından da öz təsdiqini tapmaqdadır. Muradın butası, Pərvanənin ağ atlısı tək. Buradə sadəcə olaraq “buta verən” və “eşq badəsinin verilmə mexanizmi” fərqlidir. Dastanlarımızda yuxuda eşq badəsini dərviş, ya Xızır, ya Əli, ya da hatifdən – qayibdən gələn sehrli səs sahibi içirirsə, gerçək həyatda isə bu missiyanı həyata keçirməyə qadir olan, həyat kredosu xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş işıqlı insan, alim-həkim, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika Laborotoriyasının müdiri, alternativ psixologiya elminin müəllifi, tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovdur.

…Son vaxtlar Pərvanə yaman qaradinməz olmuşdu. Qız ata-anasının gözü qarşısında gün-gündən şam tək əriməkdə, gül kimi solmaqdaydı. Bir neçə həkimə aparıb müayinə etdirsələr də əlac yox idi ki, yox idi. Pərvanənin anası Arzu müəllimə qızının bu halından lap üzülmüşdü.
Ananı ən çox narahat edən bir də qızının yuxuda sayaqlamaları idi. Gecələrin birində Pərvanə yenə sayaqlayır-kiminləsə danışırdı. Ana səsə oyandı. Qızının yuxudakı “dialoqu” onu çox təsirləndirdi. Bəli, məsələ aydın idi. Qızı vurulmuşdu, amma kimə bunu özlüyündə aydınlaşdıra bilmədi. Qərara gəldi ki, səhər açılan kimi qızı ilə bu barədə söhbət etsin. Elə də etdi. Pərvanə sıxıla-sıxıla sevdiyi oğlanın Murad olduğunu söyləsə də, əvvəlcə ana bir şey anlamadı. Pərvanə sevdiyinin, ötən il anası ilə birlikdə Türkiyədə istirahətdə olarkən tanış olduğu, daha doğrusu suda onu boğulmaqdan xilas edən oğlanın oldğunu deyəndə, Arzu müəllimə təəccüblə qeyri-ixtiyari dilləndi:-Necə? Necə?.. Siz bəyəm görüşürsünüz?
-Yox, ay ana! Türkiyədə gördüyümdür, Bakıda heç rastlaşmamışıq. Amma…
Artıq hər şey məlum idi. Qızı sevir, oğlanınsa heç xəbəri yox… Arzu müəllimə fikir dəryasına ha baş vurdu, ağlabatan nəticəyə gələ bilmədi. Fikirləşdi ki, məhrəmlərinə, rəfiqələrinə necə desin ki, qızım vurulub…
Günlərin birində ürək qızdırdığı rəfiqələrindən birinə bu barədə danışıb, məsləhət istəyir. Rəfiqəsi isə ona məsləhət görür ki, sənin də tanıdığın bir həkim var, qızı onun yanına apar. Əminəm ki, o öz elmiylə qızının “dərdinə” əlac edər.
Arzu müəllimə əvvəlcə tərəddüd edir ki, bəs burda elmlik bir iş yoxdur axı. Rəfiqəsi professorun nəyə qadir olduğuna dəlillərlə onu inandırandan sonra, qızını da götürüb Yaşar həkimin yanına gətirir. Yaşar həkim ananı və qızı diqqətlə dinlıdikdən sonra qıza kömək edəcəyini bildirir. Beləcə müalicə -seansa başlayır. Bir neçə seansdan sonra məlum olur ki, oğlan da qızla maraqlanır. Bir müddətdən sonra isə bu maraq qarşılıqlı sevgi və ailə həyatı ilə nəticələnir.
Görkəmli ədəbiyyatşünas alim, mifoloq, filologiya elmləri doktoru, professor Mirəli Seyidov buta ilə bağlı fikrində yazır ki, yazı gətirən Xızır gəncliyə buta, istilik verməklə, onları yeni həyata hazırlayır, canlandırır. Dediyimiz kimi, buta həm də “qöncə” deməkdir. Qönçənin şəklinə diqqət yetirsək, görərik ki, onun odla, istiliklə bağlı olduğunu gözə çarpdırmaq üçün xalq sənətkarları – naxışçılar, memarlar, xalçaçılar, dulusçular və başqaları onun başını sağa əymişlər. Guya külək onun şöləsini tərpədir. Bu da təsadüfi deyildir. Bəllidir ki, oğuzlarda sağ həm də günçıxanın (gündoğanın) rəmzi imiş. Günçıxan isə Günəşlə bağlıdır. Butanın başının (şöləsinin) sağa əyilməsi onu Günəşlə əlaqələndirmək əlamətidir. Deməli, buta istiliklə, odla, Günəşlə, Dünya ağacı ilə bağlı mifoloji məna daşıyan sözdür, rəmzdir, nurlu-odlu içkidir…
Təsadüfi deyil ki, gələcəyin aşiqləri gənclərə badə verən Xızır və onun təqdim etdiyi badə də od kimidir, nur saçır. “Novruz diqqətlə dərvişə baxanda gördü ki, həm dərvişdən, həm də badədən bir nur qalxıb asimana bülənd oldu”; həm Xızırın özü, həm də verdiyi badə nurludur – işıqlıdır, odludur. Elə buna görə də gənc belə badəni içəndən sonra sinəsi od tutub yanır. Axı nuru-işığı “asimana bülənd” edən Xızır da, badə də Günəşlə – yağışla bağlıdır. Xızırın və onun badəsinin nurlu olması təsadüfi deyil, onlar yazın istisi, odu ilə sıx bağlıdırlar. Ona görə də Xızırın badəsini içən gəncin sinəsi odlanır. O, dərhal ilhama gəlib aşıq olur. Xızırın gənclərə verdiyi buta nədir? Bunun nə olduğunu aydınlaşdırmaq üçün “buta” sözünün həm lüğəmi, həm mifoloji mənalarına diqqət yetirək. “Buta”nın türk dillərinin çoxunda “şüvül”, “çubuq”, “hörük”, “çiçək hörüyü”, “şaxələnmə”, “qönçə”, “badamvari naxış” və s. mənaları vardır.
Diqqət edilərsə, görərik ki, butanın “qönçə”, “şüvül”, “şaxələnmə” mənaları onu istər-istəməz ağac, bitki mifi ilə bağlayır. Əsasən, yazla bağlı qönçə, şaxələnmə artımıdır. Bu, Dünya ağacı mifinin atributu, əlamətidir. Dünya ağacı kainatın yaradıcısı olduğu üçün , o həm də yaranışın, artımın da mifi sayılmışdır. Deməli, onun əlaməti, atributu – buta gəncliyə verilərkən onlar bir-birini sevməlidirlər ki, yeni ailə yaransın, artım olsun”.
Professor Yaşar İbadov “Valideynlərin yeni və sağlam nəsil üçün hazırlanması” məqaləsində yazır: “Günəş fəzada bütün planetlərlə birlikdə öz hərəkətində 8 rəqəmi formasında trayektoriya cızır. Günəş hərəkət etməklə yanaşı onun ətrafında bütün planetlər də hərəkətdədir. Bu şəkildə Günəşin ətrafında Yerin hərəkəti, eyni zamanda Yerin ətrafında Ayın hərəkəti təsvir edilmişdir. Göründüyü kimi Ayın Yer ətrafında bir spiralvari hərəkəti və Yerlə birlikdə Günəş ətrafında ikinci spiralvari hərəkəti təsvir edilmişdir. Bu hərəkətin spiralvari olmaqla hər bir budağı – elementi ayrı-ayrılıqda bir-birinin təkrarıdır. Həmin bu təkrar olunan simvol Alternativ psixologiya elminin psixoqrafiya metodunda “həyat açarı” adı almışdır.
Alternativ psixologiyanın metodologiyasında əsas yer tutan “psixoqrafiya” metodu vasitəsi ilə tapılmış bu yeni simvol – “həyat açarı” simvolu da psixi enerji dalğasının müəyyən bir təkrarlanan fazasını simvolizə edir. Həmin simvol həyat dalğasının hərəkət formasıdır və özündə dalğaların enerjisini, həm də informasiyasını saxlayır. “Həyat açarı” simvolu kainatdakı bütün ritmləri özündə əks etdirən spiralvari hərəkətin bir fraktal elementidir”.
Yaşar İbadovun eşq badəsini içirdiyi, buta verdiyi Muradla Pərvanənin ailə səadətinə qovuşması onlarla bele örnəklərdən sadəcə biridir. Cəmiyyətin saflığı, insanlığın ülviliyi sevgidən, ailə səadətindən keçir. Əbəs yeri deyilmir ki, ailə kiçik dövlətdir. Hörmətli professorumuzun elmi, dühası, xidməti şəfa ünvanında bütövlükdə insanlığa buta, buta verməsi isə Xızır timsallı məqamdır.

Sənin idrakında dünyanın dərkı,
Məsum körpə kimi insanın ilkı…
Bəşər övladısa özünü çoxdan
Körpəsiz beşiktək dərk edir sanki.

Ağac da, heyvan da, quş da, böcək də,
Böyük Yaradana edirlar səcdə.
Bəşər ovladısa ilkindən uzaq,
İblis əməllərlə gəlibdir vəcdə…

Bir qara qəvvəsə insan bilgisi,
Haqdan uzaq olar məram-segisi.
Hər kəsin əlində əməl dəftəri,
Qutsal Kitabımız Tanrının səsi…

Dünya təzadıyla qaralı-ağlı,
Doğma yurdun Ağdam aranlı-dağlı…
Haqqa, həqiqətə etibarın var,
İşıqlı insanlar Rəbbinə bağlı.

Ömür təqviminin 66 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli alim-aydınımız Yaşar həkim!

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÖZÜN ŞƏFƏQ ÇAĞI


SÖZÜN ŞƏFƏQ ÇAĞI

Elman Eldaroğlu – 60
Sabah 2026-cı ilin üçüncü günü… Hələ də Yeni il bayramının feyz şəbnəmləri ilə süslənmiş bir ovqatdayıq. Bu xüsusi gündə düşünürəm ki, dəyərli bir eloğlumuz və əziz aydınımızın, Söz Adamının 60 illik yubileyi də bayram təntənəsitək qeyd olunmağa layiqdir. Bu özəlliyi isə onun uzun illər boyu gur olan idrak işığı, düşüncə dünyası dəyər olaraq özündə ehtiva edir.
“Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Hər eşitdiyinə inanmır, onun üçün həqiqət gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir…” Bu sətirlər elə ona – şair, publisist, jurnalist Elman Eldaroğluna məxsusdur və mənim haqqımda qələmə aldığı məqalənin girişindən iqtibasdır. Fərəhlə deyə bilərəm ki, vurğulanan müsbət və fəzilətli keyfiyyətlər eyni zamanda həmin fikirlərin müəllifininin özünə də şamildir, həm də onun daxili aləmini və yaradıcılıq mövqeyini əks etdirir.
Zaman elə insanlar yetişdirir ki, onların həyatı şəxsi taleyin deyil, bütöv bir mühitin, bir elin, bir dövrün salnaməsinə çevrilir. Elman Eldaroğlu da məhz belə şəxsiyyətlərdəndir. Onun 60 illik ömür yolu təkcə yaşanan illərin ardıcıllığı deyil, sözə sədaqətin, ictimai məsuliyyətin, vətən və insan sevgisinin tərcümeyi-halıdır.
Əslən Yardımlıdan olan Elman Eldar oğlu Mustafayev 3 yanvar 1966-cı ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Sənaye şəhərinin zəhmətkeş mühiti, insanların sadə və səmimi yaşam tərzi onun gələcək dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. İlk təhsilini 1973–1976-cı illərdə Sumqayıt şəhər 9 saylı orta məktəbdə alan Elman Eldaroğlu daha sonra 17 saylı orta məktəbdə oxuyaraq 8 illik təhsilini başa vurub. Gənc yaşlarından həm texniki biliklərə, həm də humanitar sahəyə maraq göstərməsi onun çoxşaxəli şəxsiyyətinin ilk əlamətlərindən idi.
1981–1985-ci illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil alması ilə yanaşı, o, paralel şəkildə “Sosialist Sumqayıtı” qəzetində fəaliyyət göstərən iki illik jurnalistika kursuna qatılıb. Məhz bu dövrdə qələm onun üçün sadəcə yazı aləti deyil, düşüncənin, mövqenin və ictimai sözün ifadə vasitəsinə çevrilib. Həmin qəzetdə ştatdankənar müxbir kimi çalışması Elman Eldaroğlunun jurnalistika yolunda ilk ciddi addımı olub.
Onun həyat yolunda hərbi xidmət də mühüm yer tutur. 1985–1987-ci illərdə Sovet qoşunlarında, daha sonra 1995–1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etməsi Elman Eldaroğlunun vətənə bağlılığını, dövlətçilik düşüncəsini daha da möhkəmləndirib. Bu təcrübə onun publisistik yazılarında hiss olunan vətəndaş mövqeyinin, milli məsuliyyət duyğusunun qaynaqlarından biridir.
1987-ci ildə istehsalatdan ayrılmadan Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olunması onun əzmkar xarakterini, daim öyrənməyə, özünü inkişaf etdirməyə olan istəklərini təsdiqləyir. Lakin Elman Eldaroğlunun həyatında yalnız fərdi inkişaf deyil, ictimai fayda da hər zaman ön planda olub. Bu düşüncənin nəticəsi olaraq Yardımlı Xeyriyyə Cəmiyyətinin yaradılması və “Yardımlının səsi” müstəqil qəzetinin təsis edilib baş redaktoru olması onun ictimai fəaliyyətinin zirvələrindəndir. Bu qəzet uzun illər Yardımlının, onun insanlarının səsi, dərdi və sevinci olub.
Elman Eldaroğlu həm də söz adamıdır. Onun “Alın yazısı”, “Bir yarpaq ömrü” şeir kitabları insan taleyinə, zamanın ötəriliyinə, daxili duyğuların səmimiyyətinə işıq salır. “Bir elin övladları”, “Ömrün Yardımlı döngəsi” publisistik kitabları isə müəllifin doğma yurda, el-obaya, tarixi yaddaşa olan dərin bağlılığının bədii-publisistik ifadəsidir. Bundan əlavə, 20-dən çox maarifləndirici kitabçanın müəllifi kimi Elman Eldaroğlu cəmiyyətin bilik və düşüncə ehtiyacına xidmət edən qələm sahiblərindəndir.
Onun yaradıcılığı yalnız yazı ilə məhdudlaşmır. 19 noyabr vertolyot qəzasında həlak olmuş dövlət xadimi Vəli Məmmədova həsr edilən “Millətin Vəlisi”, kimyaçı alim Nərçə Bəhmən oğlu Ağayev haqqında “Odlu həyat”, el ağsaqqalı Baxas Qubadov barədə “Söz və əməl sahibi” sənədli filmləri Elman Eldaroğlunun tarixi şəxsiyyətlərə, milli dəyərlərə verdiyi önəmin ekran ifadəsidir. Bu filmlərdə o, unudulmamalı taleləri yaddaşlarda yaşatmaq missiyasını üzərinə götürür.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Elman Eldaroğlu Prezident təqaüdçüsü kimi də dövlət tərəfindən qiymətləndirilən ziyalıdır. 2015–2020-ci illərdə ABŞ-ın Miçiqan ştatında yaşaması onun dünyagörüşünü daha da genişləndirmiş, beynəlxalq təcrübə ilə milli düşüncənin sintezini yaradıcılığına gətirmişdir.
Bu gün Elman Eldaroğlunun 60 yaşı tamam olur. Bu 60 il sözün, əməyin, vicdanın və xidmətin 60 ilidir. O, qələmi ilə insanlara yol göstərən, publisistik mövqeyi ilə cəmiyyəti düşündürən, fəaliyyəti ilə doğma elinə dayaq olan ziyalı obrazıdır. Elman Eldaroğlu üçün yaş yalnız rəqəmdir; əsas olan arxada qalan iz, deyilən söz və görülən işdir. Bir şeirimdə dediyim kimi : şairlərin yaşı olmur.

Şair özü qocalsa da,
Sözü vaxtdan ucadırsa,
Ömürdürsə uzun, qısa…
Şairlərin yaşı olmur!

Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır…
Şairlərin yaşı olmur!

Nə vaxt gəlsə ilham pərim,
Qantək tutur şairliyim.
Başqa vaxtlar öz dərd-sərim…
Şairlərin yaşı olmur.

Ömür təqviminin 60 illik zaman məsafəsindən dünyaya ulu sözün gözü ilə baxan Elman Eldaroğlunun ədəbi dünyasına, düşüncələrinə, publisist mövqeyinə bələd olduqca bələ qənatə gəlmək olur ki, sözün gücünü və gözəlliyini yalnız kağıza köçürən deyil, həm də oxucusunun ruhunu oxşayan, düşüncələrinə gur işıq salan bir insanın 60 illik yubileyini qeyd edirik. Onun yazdıqları zamansızdır, millətinin və cəmiyyətinin səsini və ruhunu əks etdirən əbədi işıqlardır. Məncə, “SÖZÜN ŞƏFƏQ ÇAĞI” ifadəsi Elman Eldaroğlunun bir şair, fikir adamı olarqaq ən təbii xülasəsidir. Şəfəq, təkcə səhərin ilk işıqlarını, ağaran dan yerini deyil, həm də şairin sözlərinin, düşüncələrinin oxucuların qəlbinə necə işıq tutduğunu simvollaşdırır.
60 il boyunca sözü ilə insanlar arasında körpülər qurmuş, fərqli fikir və görüşlər arasında anlaşma yolunu açmış bir şair və publisist, şübhəsiz ki, özünü bir zamanlar təqdir etdikləri və oxuduqları yazıçılardan biri kimi görür. Onun irsi yalnız bu günün deyil, gələcəyin də əhəmiyyətli bir qaynağı olacaq. Çünki hər bir yazısında bir insanı düşündürən, onu idrak dərinliyə aparan və onu insanlıq adına daha yaxşı bir yola yönəldən bir mesaj var.
Bu yubiley yalnız bir aydının 60 illik həyatını qeyd etmək deyil, həm də o insanın sözlərinin və düşüncələrinin gələcək nəsillərə necə bir işıq tutduğunun tanınmasıdır. Sözünün şəfəq çağı heç vaxt bitməyəcək, hər zaman yeni səhərlər, yeni ümidlər gətirəcək.
Ömür təqviminin 60 illiyi gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklərlə qutlu olsun, dəyərli aydınımız Elman Eldaroğlu!

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

Elman Eldaroğlunun yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÖZ KƏHKƏŞANINDA POEZİYA BÜRCÜ

1 dekabr – Xalq şairi Məmməd Arazın anım günüdür. Könlü Vətən torpağını vəsf edərək Azərbaycan dünyasından dünyaya baxan əbədiyaşar-müqtədir Şairimizin ruhuna salam olsun! Ustadın işıqlı xatirəsini sağlığında yazdığım “Təzələnir söz qatı” ithaf şeirim və vəfatından təsirlənərək qələmə aldlığım “Söz kəhkəşanında poeziya bürcü” düşüncələrimin aynasında ehtiramla yad edirəm.Yolum demək olar ki, hər gün “Zabitlər bağı”ndan keçir. Redaksiyamız bu bağın həndəvərində olduğundan əsas gediş-gəlişim də bura təsadüf edir. Bağda gövdəsi yarı yanmış, oyuğu kömürləşən bir tut ağacı var, yanından etinasız ötə bilmirəm. “Əmi” deyə müraciət etdiyimiz bənzərsiz şair Məmməd Arazla bağlı bir xatirə tilsimləyir burdan keçəndə məni.

…Məmməd Arazın solğun, lakin nurani çöhrəsində xəfif bir təbəssüm var idi. Baharın nisan ayının həlimliyi deyəsən, bir az da həlimləşdirmiş, kövrəltmiş, duyğulandırmışdı şairi. Əlindəki əsaya dirsəklənib oyuğu kömürləşən ağaca heyran-heyran tamaş edirdi. (Görən, Məmməd əmi nələr düşünürdü, ilahi?!) Şairin necə deyərlər, “canlı əsası” – daim qayğısını çəkən, “Dədə” deyə müraciət edən Mais dostumuz isə nədənsə şairdən aralı dayanıb fikrə getmişdi. Bəlkə də, şairi düşüncələrindən ayırmaq, “tənhalığına” mane olmaq istəmidi… Məmməd Arazın nəzər – diqqəti tut ağacının “qaysaqlanmış yarasında” idi. Kənardan xeyli seyr etdim şairin bu halətini. Handan-hana yaxınlaşıb ziyarət etdim… Baxışlarında bir nisgil var idi şairin… Baharın cilvəli çağında yaşıllığa bürünmüş bu guşədə görən, niyə məhz bu “yaralı” tut ağacının seyrinə dalmışdı?..

Bəlkə, öz taleyinin oxşarlığını təbiətdə sonuncu dəfə seyr etdiyindən, ömrünün sonuncu ilinə düşən bu baharla vidalaşması idi?.. Bəlkə, onun üçün bu baharın sonuncu olması dammışdı ürəyinə…

…Məmməd Araz ömrünün 72-ci ilində (1 dekabr 2004-cü il) dünyasını dəyişdi. Məmməd Araz dünyası isə əbədidir, dəyişməzdir. Nə qədər ki, ruhumuzun təsəllisi, mənəvi dünyamızın aynası olan poeziya duyğulara sığal çəkirsə, Məmməd Araz ədəbi irsi də zamandan asılı olmayaraq ürəkləri riqqətə gətirəcək, hər nəsil öz ruhunda yaşadacaq və yaşayacaq Məmməd Araz dünyasını. 

Şərqin böyük mütəfəkkirlərindən olan Cəlaləddin Rumi demişkən: “Ölümümüzdən sonra məzarımızı yerdə arama,ariflərin könlündədir könlümüz”.

Məmməd Araz haqq nuruna boyanan haqq şairi idi… Şair “Vəsiyyət” şeirində yazır:

Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy – adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim, 
Qoy mən 
Qara torpaq üstündə
Üfüqə doğru gedən 
Ağ yola bənzəyim.

Qara torpaq üstündə üfüqə doğru gedən ağ yola dönmüş Məmməd Araz poeziyasının məziyyətləri haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mən sadəcə olaraq dəryadan damla timsalında bir məqamı qeyd etmək istəyirəm. Məmməd Araz poeziyasında mövzu zənginliyi vahid struktur bütövlüyünə köklənir. Bu bütövlük şairin “ mizan-tərəzisinin“ haqq pərsəngində olması ilə şərtlənir. Oxucunu psixoloji ətalətdən silkindirir, öz poetk kredosunu – məslək kredosunu aşılayır. Məmməd Araz poeziyası Ulu Sözün poetik məqamında bizi duyğuların zirvəsinə ucaldan bənzərsiz bir dünyadır. Bu dünyanı yaradan şair özü isə dünyaya Azərbaycan dünyasından baxır:

Azərbaycan – qayalarda bitən bir çiçək, 
Azərbayan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək, 
Azərbaycan dünyasından baxır dünyaya.

Baxır söz-zöz, misra-misra Azərbaycan xalqının müqtədir oğlu, Xalq şairi. ( təkcə fərmanla verilən təltiflə, fəxri adla deyil, sözün müstəqim mənasında da xalq şairi). Bədi fikir daşıyıcılarından olan İ.Y. Frankonun “ Böyük şairlər xalqın vicdanıdır” deyimi unudulmaz ədəbi sima olan Məmməd Araz şəxsiyyətinin və şeiriyyətinin boyuna biçiilb. Şeiriyyəti duyğularıma məhrəm və məlhəm olan Məmməd Arazın dünyaya “özü kimi” sığal çəkən söz qatına yenməyə çalışıram. Çağdaş ədəbiyyatımızın – söz kəhkəşanımızın poeziya bürcü haqqında vaxtilə (1994) yazdığım “Təzələnir söz qatı “ adlı şeirim Ustadı anım məqamı ilə yaddaşımda bir daha misra-misra yarpaqlanır:

Zaman məkan üstündə çapırdır öz atını,
Dolayıb biləyinə dünyanın damarını.
Məmməd Araz kəlməsi təzələr söz qatını,
Dünyaya özü kimi çəkəndə tumarını.

Aqil sözü-haqq sözü, haqqın olar bir üzü,
“Ağızda dil sümüksüz, amma sümük sındırar”.
Görəndə bir biçimdə naşı əyriylə düzü,
Kor gözlərə şairin sözü çıraq yandırar.

Dünya dəyirman daşı, hərləndikcə hikkəli,
Üyütsə neçə kərə, unu olmaz kəpəksiz.
“Bir zərrənin işığı milyonlara şərikli”,
Nə qədər ki, işıq var, olmayacaq şəriksiz.

“Dünya sənin” deyəndə, dünya mənim deyənlər
Yanıldı gümanında duyğusuz, daş ürəklər.
Dünyanı evi bilsə bu dünyaya gələnlər,
Dünyamızı bəzəyər, açar güllər-çiçəklər.

O “iti bazarında atından baha dünya”
“…Taleyin oyununda” neçə kərə kəm oldu.
Arazın axarını kəsdi “xırsız əjdaha”,
Ürəklər qübarlandı, gözün payı nəm oldu.

Misqal-misqal o nəmi ürəyinin istisi
Qurutmağa çalışdı, özü yandı, alışdı.
Araz keçdi özündən, doğdu coşmaq həvəsi,
Qovuşdular – gur Araz nur Araza qarışdı…

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I