Etiket arxivi: Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65
“ŞAİRLƏR BİR ÖMÜR EŞQ SƏRXOŞLARI”

Zamanın axarında ömrün sürət qatarı necə şütüyürsə, illərin necə gəlib-keçdiyinə təəccüb edirsən. Bir də baxırsan ki, cavan tanıdığın adam artıq müdrik yaşa gəlib çatıb… Bəlkə də, ən yaxşı ədəbi əsərlər isə zamanın axarına qarşı çıxaraq, əslində zamanın dərinliklərinə nüfuz etməyi bacaran ədiblərin yardıçılığında öz əksini tapır. Bu fikri 65 illik yubileyi ərəfəsində olması ilə məni ötən illərə çəkib aparan, uzun illərin dostu, dərin düşüncəli və zəngin ruhlu şair-publisist Tapdıq Əlibəyliyə də şamil etmək olar. Bu təmiz qəlb sahibi gözlərimin önündə 65 yaşı tamamlamaqdadır. İndi mən onu 65 yaşlı Tapdıq Əlibəyli kimi təqdir edir, şəxsiyyətinə də, yaradıcılığına da hörmətlə yanaşıram.
Tapdıq Əlibəyli öz ədəbi səsi-nəfəsi olan şairdir. Həyatı da, taleyi də eyni rakursdan çözür. Bu səbəbdən onun qələmə aldıqları oxucunu xoş ovqata kökləyir, onu daim düşünməyə, ciddi olmağa sövq edir. Bunu bütövlükdə yaradıçılığını səmimiyyət müşayiət edən şairin şeirlərində bariz şəkildə görmək mümkündür:

Qələmim – alın yazım,
Yazıya pozu yoxdu.
Özümə ayna sözüm,
Səfadan cəfa çoxdu.

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Bu poetik çalara bürünmüş düşüncədə – şeirdə Tapdıq Əlibəyli ömrü müqəddəs Sözün məqamları ilə yaşantı olaraq ehtiva olunub. Deyərdim ki, şeirdə Söz adamının sözlə çəkilmiş portreti olduqça canlı və təbii şəkildə təqdim olunur.
Səmimi deyim ki, bu şeirin içində insan özünü də görür, həyatını da, sabah-biri gün, ümumilikdə gələcəkdə yaşayacağı halları sətiraltı izləyir. Təbii ki, bir insan həyatında baş verə biləcək müəyyən hadisələri qabaqcadan bilmək üçün çox cəhdlər edir, bəzən buna nail olur, bəzən yanlışlıqlar onu öz əhatəsinə elə alır ki, çaş-baş qalır, ancaq ümid işığını söndürmür. Tapdıq Əlibəylinin yuxarıdakı şeiri oxucuya məhz bunu anladır.
Tapdıq Əlibəyli üçün sürətlə ötən ömür-həyat bir Tanrı nişanəsidir – Söz şəklində bir ruh, könül işidir:

Söz demərəm sözgəlişi,
Mən ki sözün pərvanəsi.
Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

Belə deyim ki, şair üçün “şeir feyzi” bir söz ehsanıdır, o, daim “bu fitrətə əhsən olsun” deyir. Sonra da “əzizlədim hər misranı, söz çələngim ehsan olsun” deməklə oxucuda həyata fərqli maraq yaradır.

65 yaşlı şair bu gün “yol gedirəm qərib-qərib, şeir-şeir dərgahına” fikri ilə ömür səfərinin ən qaynar həddində olduğunu bəyan edir. Bu yolda onu “qəlib-qəlib dualar” izləyir və bu dualar “Yaradana…agah”dır.
Tapdıq Əlibəyli yazır:

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkilməz tumar.

Bunu sözgəlişi demir əslində, razılaşaq ki, şairin dediklərində bir həqiqət var. Çünki “şairlər əzəldən söz pərvanəsi”dir, zaman-zaman “atəşə tutulub, oda yaxılıb”. “Sözü açıbsa da zindan-qəfəsi, şair ürəyinə güllə çaxılıb”… Bu fikirlərdə məyusluq doğuran heç nə yoxdur. Əksinə, şair həyatla insan arasındakı sərhədləri keçməyin mümkünlüyündən bəhs edir, çətin keçiləsi bütün yol ayrıclarında onu duyan oxucu üçün bir çıxış qapısının olduğunu deyir.
Şairin qəlbində yaşanan eşq həm fiziki, həm də mənəvi dünyanı aydınladan işıq kimidir. Bu, sadəcə insanın cismani eşqi deyil, həyatın bütün parıltılarına, müsbət və mənfi tərəflərinə duyulan dərin və əbədi sevgidir. Tapdıq Əlibəylinin qəlbi, məhz bu eşqin təsirindədir; onun ürəyi bir sehrin içindədir ki, hər an bir ritm tapır, hər an bir şeirə çevrilir. Bu, daha dərindən gələn bir ehtirasdır ki, insanın ruhunu oyandırır, varlığını özündən alır və onu sonsuz bir axtarışa, yaradıcı bir halətə gətirir.
Tapdıq Əlibəylinin şeirlərində bu axtarış bir çox formaya bürünür: bəzən incəliklə, bəzən isə sərt bir şəkildə. Ancaq nəticə eynidir: bu eşq heç vaxt bitmir, hər zaman yenilənir, hər zaman şairi özünə çəkir.
Şairlərin gözəlliyə olan sevgisi əbədidir. Onlar yalnız gözəl olanı yox, bu gözəlliyin arxasında dayanan acıları, ağrıları və həyəcanları da sevərlər. Bu sevgi onları dərinə, səmimi duyğulara aparır və yazılarında yalnız gözəlliyi deyil, həmin gözəlliyin kədərli çalarlarını da ortaya qoyurlar. Tapdıq Əlibəylinin yaradıcılığı məhz bu özəllikdə duyğuların, ehtizazların təcəssümüdür:

Gözümə, könlümə köçən gözəllik –
Tanrıdan boy alan bir əzəlilik.
Gəlimdən gedimə yol – əbədilik…
Baharla payızın gözəlliyitək.

O gözəllik ki, şairin varlığını riqqətə gətirir, hər bir kəlməni təzələyir, bütün aləmi bürüyür – bu, zamanın səsidir, əbədiliyin gözəlliyidir. Bu, bir həyat fəlsəfəsidir, varlığın hər anını təkrar-təkrar hiss etmə ehtiyacı ilə əlaqəlidir. Şair həyatın hər bir anını, hər bir gözəlliyi yeni bir başlanğıc kimi qəbul edir.
Tapdıq Əlibəylinin şeirləri, bu sevginin, bu ehtirasın, bu dərinliklərin ən yüksək nöqtələrində yüksəlir. Onun şeirində gözəllik bəzən pərişanlığın, bəzən sevdanın, bəzən nisgilin təbəssümüdür, amma hər zaman bir qeyri-adi dünya hissi ilə əlaqəlidir. Çünki onun sevgisi sadəcə bu dünyaya aid deyil – bu, əbədi, zamanın keçməz gözəlliyidir.
Şeirlərinin birinə belə yazır:

Çörəyi Sözdən çıxanın
Tüstüsü təpədən çıxır.
Özündə şimşək çaxanın
Sözü də şimşək tək çaxır.

Tapdıq Əlibəyli çörək, həyat və əl qabarı arasındakı məsamələrin hamısında eyni rəng çaları tapır və bunu hamımıza göstərməyə müvəffəq olur.
Şairin “dünya bəmdən zilə qəm nəğməsiymiş” fikri də eyni qənaəti ortaya qoyur. Çünki həyat acılarını “oxuyan da bizik, dinləyən də biz”. “Fələk saya salmaz sən saydığını”. Fələklə insan arasında olanlara ya insanın iradə zəifliyi, ya da şeytanın fövqəladə gücü səbəbdir.
Döğrudan da, “insan piyadadırsa, zamansa atdadırsa, qəfildən qara hislər həyatın ağlığını qara pərdələrlə örtər”.
Həyatda əbədi nə var? Heç nə. Tapdıq Əlibəylinin aşağıdakı misraları bu anlamı ifadə edir:

Bir vaxt bir ev vardı bağlı-bağatlı…
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı…
Səs susub, yanğısı özünə çəkir.

Zaman gəlir ki, atalı-analı günlərin bir xəyala çevrilir. Belə bir yaşantının acısı ilə tutuşan şair bu təlaşın hamıda eyni olduğunu, lakin bu ayrılığı hərənin bir cür çəkdiyini deyir.
Mən aşağıdakı şeir parçalarında da Tapdıq Əlibəylini həyata bağlı, zəhmət qubarında bərkiyən adam kimi görürəm:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət – torpaqdakı sirr…

Burda əzəlimin paklığı yatıb,
Ən ülvi hisslərə köklənib ruhum.
Fərəhim ürəkdə zivəyə çatıb,
Torpağın qüdrətin nə vaxt ki duydum.

                   *** 

Dağlar vüqarını çeşməyə süzüb,
Göylər ulduzunu çəmənə düzüb,
Günəş edənədək zirvədə qürub,
Təbiət çağırır, seyr et doyunca.

Bu misraları oxuduqca sanki Tapdıq Əlibəylinin yaşadığı 65 ilin hamısı gözlərimin önündən mülayim, ilıq-isti baxışlarla ötür, onun ömür-həyat göydələnində 65 mərtəbə Allah sevgisi ilə süslənmiş şəkildə nəzərimdə canlanır. Çünki şair qəlbi nə qədər təmizdirsə, bir o qədər israrlı, çək-çevirlidir. Bu israrlar,bu çək-çevirlər əsl insan sevgisi ilə doludur deyə mən Tapdıq Əlibəylinin ömür qatarının içində apardıqlarını dəqiq görür və bunları təqdir etməkdən məmnunluq duyuram.
Sənə can sağlığı arzu edirəm, şair qardaşım! 65-illik yubleyin mübarək olsun!

Raqif Nazimoglu,
hüquq elmləri üzrə fəlsəfə doktoru,
AYB və AJB-nin üzvü, şair-publisist,
“İti Qələm” Respublika Ədəbi Birliyi və
“Ağsu Yazarları” Ədəbi Birliyinin sədri,
Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının fəxri professoru

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ
Yaradıcılığına və şəxsiyyətinə ehtiram bəslədiyim şair-publisist və ictimai xadim Tapdıq Əlibəylini uzun illərdir tanıyıram. Onunla, Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyim vaxtlarda, tədbirlərin birində tanış olmuşduq. Həmin tədbirdə yenicə çapdan çıxmış “Poetik buta” kitabını da mənə hədiyyə etmişdi. Elə həmin gündən də Tapdıq bəylə mehriban ünsiyyətimiz yarandı.Tez-tez görüşməsək də, fəal istifadəçisi olduğum “fasebook” sosial şəbəkəsində müntəzəm olaraq onun yaradıcılığını və ictimai fəaliyyətini yaxından izləyirəm. Bu günlərdə öyrəndim ki, bu ilin iyulundaTapdıq bəyin 65 yaşı tamam olacaq. 65 yaş insan həyatında əlamətdar bir tarix olduğu üçün istədim ki, mən də bir yazı-pozu adamı kimi həmkarım Tapdıq Əlibəylinin yaradıcılığına səyahət edim. Bu yazı da həmin səyahətin nəticəsi olaraq meydana gəldi və düşnürəm ki, səmimiyyətdən yaranmış bu yazı Tapdıq bəyin yubileyinə mənim kiçik bir hədiyyəm olar.
Tapdıq Əlibəyli qədim türk yurdu, əsrarəngiz təbiəti olan Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açıb. Düşünürəm, Bürzünbülü oxucularına şair aşağıdakı misralarla təqdim edərək, onun haqqında dolğun təsəvvür yarada və sevdirə bilib:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası – Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ havasi, yurd sevdası – Bürzünbül.

Sadəliyi səmimiyyət batmanı,
Kədəri də, sevinci də bölüşər.
Halallıqdan yoğrulubdu imanı,
Bir-birinin köməyinə yetişər.

Təbii ki, Bürzünbül Tapdıq Əlibəylinin dünyaya göz açdığı kənddir, balaca Vətənidir onun. Lakin Tapdıq Əlibəylinin Vətən anlayışında bir adda əbədi məskən salıb -Yardımlı rayonu. O rayon ki, öz ziyalı, vətənpərvər, mərd, mübariz oğulları ilə Azərbaycanımıza kifayət qədər görkəmli şəxsiyyətlər, o cümlədən Sabir Rüstəmxanlı kimi görkəmli ictimai-siyasi və dövlət xadimi, Xalq şairi bəxş etmişdir. Təbii ki, Sabir Rüstəmxanlı kimi görkəmli bir ədəbiyyat adamını yetirən bir bölgədə, ondan sonra ələ qələm almaq hər kəsdən bir cəsarət və hünər tələb edir. O da qeyd edilməlidir ki, Sabir Rüstəmxanlı öz yaradıcılığı və fəaliyyəti ilə bu bölgədə ədəbiyyatın və poeziyanın inkişafına güclü təkan vermışdir. Heç şübhəsiz ki, ondan sonra ədəbiyyata gələn insanların yaradıcılığına onun təsiri olmamış deyil. Bununla belə Yardımlının təbiəti, suyu, havası, onun folkloru və ədəbi mühitinin özü bir poeziyadır və Sabir bəyin də elə bu mühitdən pərvazlanması qanunauyğunluqdur.
Yardımlı ədəbi mühitinin ədəbiyyatımıza verdiyi söz adamlarından biri də Tapdıq Əlibəylidir. O, Yardımlıya olan sevgisini aşağıda nümunə gətirdiyim misralarla ifadə edir:

Vətən – bir ağacsa, budaq Yardımlı,
Boy verir rişəsi minilliklərə.
Zirvəsi qartallı bu dağ Yardımlı
Bağlayıb yurddaşı minilliklərə.

Ər kişilər yurdu – mənaca adı,
Bürünüb övladı bu həqiqətə.
Bu dağlar qoynuna Yaradan yardı,
Bələnib Yardımlı saf təbiətə.

Ölkəmizin ictimai həyatında fəall iştirak edən, ədəbi cameədə həm publisist, həm də şair kimi yaxşı tanınan Tapdıq Əlibəylinin “Qəlbdən qələmə” şeirlər kitabı qarşımdadır və onun poeziya dünyasına səyahətdəyəm…
Bu bir danılmaz həqiqətdir ki, Tanrının yaratdığı canlılar arasında İNSAN ən mükəmməl varlıq və ən böyük möcüzəsidir. Tanrı bitkilərdən və heyvanat aləmindən fərqli olaraq insanlara danışmağı, dili verib. Əgər Tanrının yaratdığı ən böyük möcüzə insandırsa, insanın yaratdığı ən böyük möcüzə sözdür. Yəni insan da sözdən SÖZü yaratdı. Bu da bir həqiqətdir ki, Tanrının verdiyi qabiliyyətlə insanın yaratdığı, ifadə etdiy sözdən güclü heç nə ola bilməz. Söz fövqəl gücə malikdir. Söz sözlə yanaşı işlədiləndə fikir, məna ifadə edir:

Könül verdim saza-sözə,
Günəş doğdu sanki üzə.
Söz sovqatı göndər bizə…
Şeir – sözün ən göyçəyi.

Yaranmyır şeir əbəs,
Gül qoxuyan o bir nəfəs,
Göy üzündən gələn bir səs…
Şeir – sözün ən göyçəyi.

Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.
Tanrı sözün qüdrətini öz ali məqamına çatdırmaq üçün, öz bəndələrinin içərisindən bir qisminə qeyri-adi istedad verərək sözləri nəzmlə, ritmlə, ahənglə, qafiyə formasında işlətmək qabiliyyəti vermişdir ki, belə insanlara da söz adamı, şair, şeir yazan demişlər.

Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkiıməz tumar.

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Fikrimcə, Tanrı insana danışmaq qabiliyyətiu verdiyi andan, insanın insanla ünsiyyəti yarandığı məqamdan şeirin tarixi başlayır. Çünki başqa canlılardan fərqli olaraq Tanrı insanlara digər duyğu üzvləri ilə yanaşı həm də duymaq, düşünmək, hiss və həyəcanlarını, sevinc və kədərini ifadə etmək qabiliyyəti vermişdir. Şairlər üçün söz hər şeydir. Həyatın mənasıdır. Yaşamaq fəlsəfəsidir. Sevincdir, nəşədir, qəmdir, kədərdir.

Göydən enən mələkdir,
Simurqdan tel, lələkdir,
Ruhumuza gərəkdir
Misralanan ulu söz.

Tumurcuqdur, çiçəkdir,
Pöhrələnən özəkdir,
Bahar kimi bəzəkdir
Misralanan ulu söz.

Şeirlərini oxuduqca, publisistikası ilə tanış olduqca, gözlərimin qarşısında müəllifin Tanrının verdiyi istedadı, haqqa tapınan, sözə yüksək dəyər verən, onun məsuliyyətini dərk edən, zəhmətdən yoğrulmuş bir söz adamının obrazı, işıqlı siması canlanır. Tapdıq Əlibəylinin özü də, sözü də işıqdır, ziya saçır. Yaradıcılığı ilə tanış olduqca onun poeziyasının mövzuca zəngin və rəngarəng olduğunun şahidi olursan. Bir kiçik yazıda onun həm mövzu, həm məna, həm də forma etibarı ilə zəngin yaradıcılığı barədə bütöv fikir yürütmək imkanı məhdududur. Bununla bərabər hesab edirəm ki, Tapdıq Əlibəyliyə bir şair kimi dəyər vermək üçün onun sözə, sözün hikmətinə, dəyərinə həsr etdiyi şeirlərini oxumaq kifayət edər. Diqqət yetirək:

Cahana sığmayan Tanrı bəndəsi
İlahi şövq ilə Sözə sığındı.
Söz mülkünün əngin bəndi-bərəsi
Bir ovuc ürəyə necə yığıldı?…

Təbi-təbiəti sözlə dəyişən
Ümid işığında pərvanə olar.
Bəxtinə qismətdən şairlik düşən
Bircə söz üstündə “divanə” olar.

Doğurdan da onun şeirlərini oxuduqca aydın olur ki, “bircə söz üstündə” divanə” olanlardan biri də Tapdıq Əlibəylidir. Belə olmasaydı aşağıdakı misraları yaranmazdı:

Şairlər dünyanın söz divanəsi,
“Divan”ı üstündə qurulub divan…
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb, susmaz heç zaman!..

Hörmətli Tapdıq Əlibəylini!

Arzu edirəm ki, divanınınız həmişə “Divani” üstə qurulsun, söz həmişə qəlbinizin hakimi, dilinizin bəzəyi olsun, həmişə haqq sözə tapınasınız.
SÖZə olan eşqiniz heç zaman tükənməsin. 65 illik yubileyiniz mübarək olsun!
Ramiz GÖYÜŞ,    
yazıçı-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tapdıq Əlibəyli – 65

Tapdıq Əlibəyli – 65
TAPDIQ ƏLİBƏYLİNİN SÖZ DÜNYASI

1 iyul 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, şair və jurnalist Tapdıq Əlibəylinin 65 illik yubileyidir. Bu münasibətlə onu əvvəlcədən təbrik edirəm. Tapdıq müəllimə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
Tapdıq Əlibəyli ilə biz eyni bölgədə – cənub zonasında dünyaya göz açmışıq. Lakin onunla tanışlığım təqribən 20 il əvvəl mərhum professor İsa Alıyev vasitəsilə olub. İsa müəllimlə Tapdıq Əlibəyli yaxın dost idilər. İsa müəllim iqtisadçı alim olsa da, sözə və sənətə ürəkdən bağlı idi. Aşıq musiqisini, muğamı gözəl bilirdi. Özü də şeirlər yazırdı. Onlar tez-tez görüşürdülər. Tapdıq Əlibəyli İsa müəllimi görmək üçün İqtisadiyyat İnstitutuna gəlirdi. İsa müəllim həmin vaxt İqtisadiyyat İnstitutunun direktoru, mən isə elmi katibi idim. O görüşlərin birində İsa müəllim məni Tapdıq Əlibəyli ilə tanış etdi:
– Rəsmiyyə, qızım, tanış ol, sənin yerlin – şair Tapdıq Əlibəyli.
Əslində, mən Tapdıq Əlibəylini qiyabi də olsa şair və jurnalist kimi tanıyırdım, imzasına bələd idim. Sadəcə, əyani tanışlığımız İsa müəllimin sayəsində oldu.

Tapdıq Əlibəyli

Tapdıq Əlibəylinin 65 illik ömür yolu zəngindir. O, gənc yaşlarından könlünü poeziyaya verib. “Ülü söz”ün alovu onu da yandırıb yaxıb:

Şairlər əzəldən söz pərvanəsi,
Atəşə tutulub, oda yaxılıb.
Sözü açıbsa da zindan-qəfəsi,
Şair ürəyinə güllə çaxılıb…

Şairi tale sıxanda da, həyat üzərinə yeriyəndə də bütün qələm əhli kimi söz köməyinə çatıb:

İçimdə büdrəyəndə,
Əlimdən yapışdı Söz.
Qəlbimə söz dəyəndə,
Ruhumda alışdı Söz.

Tapdıq Əlibəylinin yaradıcılığında “söz” anlayışı yalnız ifadə vasitəsi deyil, həm də insanın mahiyyətini açan əsas amildir. “Şeirlərim bir duadı” adlı şeirində şair yazır:

Şeir – bir ruh, könül işi,
Sözdə Tanrı nişanəsi.

“Yanğı həzzi” şeirində şair sözün gücünü od, şimşək, yanğı kimi obrazlarla təqdim edir. Burada söz həm yaradan, həm də yandıran qüvvə kimi təsvir olunur. Şairin fikrincə, həqiqi söz ürəkdən gəlməlidir. “Şam təki şair ömrü də…” misrası ilə şair öz taleyini yanan, əridikcə işıq saçan bir varlığa bənzədir:

Yandırıb Sözü yaxanın
Sözü də yandırıb- yaxır.
Özünü özü yıxanı
Doğması, yadı da yıxır.

“Bükmə ətəyinə abrını sözün” şeirində isə şair sözün məsuliyyətini vurğulayır. Saxta, duyğusuz yazanlara qarşı sərt mövqe nümayiş etdirir:

Qoy səni mindirim mən cin atına,
Enişli-yoxuşlu çap yorulunca.
Özün enmədikcə sözün qatına,
Beləcə çaparsan ömrün boyunca…

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası ilə yaxından tanış olduqda onun yaradıcılığında üç əsas xətti görmək mümkündür: birincisi – sözün və sənətin müqəddəsliyi; ikincisi – cəmiyyətin mənəvi problemləri; üçüncüsü – doğma yurd və təbiət sevgisi.
Tapdıq Əlibəylinin poeziyasının dili sadə olsa da, lakin obrazlıdır. Xalq danışıq üslubuna yaxın ifadələr, atalar sözlərini xatırladan misralar şeirlərin təsir gücünü artırır, oxucunu düşündürməklə yanaşı, duyğulandırır.
Tapdıq Əlibəylinin şeirlərində xalqın mənəvi dəyərləri, tarixi yaddaşı, eləcə də müasir həyatın ritmi ahəngdar şəkildə birləşir. Onun incə lirizmi və vətənpərvərlik duyğusu yaradıcılığına xüsusi əhəmiyyət qazandırır. “Payız çöhrəsində yazdı 44 Gün” kitabı şairin vətənpərvərlik duyğularının tərənnümüdür. “Gördüyüm başqadı” şeirində isə daha çox ictimai-fəlsəfi motivlər ön plana çıxır. Dünya qeyri-sabit, ziddiyyətli bir məkan kimi təqdim olunur. Burada həqiqət və yalanın, düz və əyrinin qarşıdurması verilir. Şair cəmiyyətin mənəvi aşınmasından narahatlıq keçirir:

Gözlərin oynayır ala buludda,
Fələk saya salmaz sən saydığını.
Sən ki piyadasan, zamansa atda,
Qəfildən boyayar qara ağını…

yaxud:

Hər atası kordan zaman Koroğlu olmaz,
Ağsaqqal sayılmaz hər ahıl kəs də.
Olsa da nə qədər saç-saqqal bəyaz,
Müdriklik bir şərtdir ağsaqqal kəsdə.

Tapdıq Əlibəylinin yaradıcılığında yurd sevgisi xüsusi yer tutur. Bürzünbül mövzusunda yazdığı şeirlərdə doğma kəndin təbiətini təsvir edir:

Tanrı yazan bir əzəli ünvanım:
Dağ havası, yurd sədası -Bürzünbül
Göz açdığım, söz açdığım – rəvanım,
Dağ həvəsi, yurd sevdası -Bürzünbül.

Bu şeirlərdə sadəlik, halallıq, qonaqpərvərlik kimi milli dəyərlər ön plana çəkilir. Şair doğma torpağı yalnız coğrafi məkan kimi deyil, həm də mənəvi kök, milli kimlik kimi təqdim edir:

Köküm torpağımın dərinliyində,
Gövdəm torpaq üstə şaxələnibdir.
Azərbaycanımın şirinliyində
Vətənə məhəbbət -torpaqdakı sirr…

“Çanaq bulaq”, “Dağlar vüqarını çeşməyə süzüb”, “Təbiət sağlığı qoruyub burda” kimi şeirlərdə təbiət canlı, poetik lövhələrlə təsvir olunur. Təbiət yalnız fon deyil, insanın daxili aləmi ilə vəhdət təşkil edən canlı bir varlıqdır. Bulaq, dağ, çəmən obrazları saflıq, paklıq və həyatın davamlılığını simvolizə edir.
Lakin zamanın təsiri ilə itən dəyərlər şairi düşündürür, kədərləndirir. “Bir ev vardı…” şeiri nostalji ruhda yazılmışdır. Şair uşaqlıq xatirələrini, ailə mühitini, ata-ana obrazlarını sevgi ilə yad edir. Təbiət elementləri (söyüd, tut ağacı və s.) insan taleyi ilə paralel təqdim olunur:

Məntək qəribsəyib tut ağacımız?
Budanıb yüz illik qolu-budağı.
Bəlkə elə birdi ağrı-acımız…
Hopub xəyallara uşaqlıq çağı.

Ümumilikdə Tapdıq Əlibəylinin poeziyası milli ruhu, mənəvi dəyərləri qoruyan və sözün gücünü ucaldan poetik nümunələrdir.

Rəsmiyyə Sabir,
İqtisad elmləri doktoru,
professor

Rəsmiyyə Sabiirin yazıları

Tapdıq Əlibəylinin yazıları

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I