Bu, mistik-fəlsəfi realizmdir və sufi ədəbiyyatına yaxın üslubdur. Xaqani kimi şairə uyğun atmosferdir
Göz yaşları və zamanın səssizliyi
(hekayə)
Xaqani Şirvani XII əsrin böyük Azərbaycan şairi və filosofudur. O, daha çox qəzəl, qəsidə və fəlsəfi şeirləri ilə tanınır. Onun dövründə roman janrı mövcud olmadığından bu janrda əsəri olmamışdır. Xaqaninin həyat və yaradıcılığına məftun bir yazıçı kimi əvvəl onun haqqında roman yazdım. Daha sonra poema üzərində düşündüm və dörd ildən sonra həmin poemanı da ərsəyə gətirdim. “Şuşa mənim şah anam” adlı kitabımda dərc olundu. Bu dəfə isə kiçik bir hekayə yazmaq istədim. İbn Xaqani, gənc şair, Şirvanın geniş düzənliklərində sanki itirilmişdi. Onun qəlbi bir tərəfdən dünya malından və şan-şöhrətdən uzaqlaşmağa çalışırdı, digər tərəfdən isə daxilində bir səsləniş vardı həyatın mənasını, həqiqəti tapmaq arzusu. Qələmi ilə dünyaya meydan oxusa da, öz daxili ziddiyyətləri ilə baş-başa qalmışdı. Zaman keçdikcə özünü dünya ilə dil tapa bilməyən bir yolçu kimi hiss edirdi. Bu yolun sonunda bir qoca dərviş onun qarşısına çıxdı və soruşdu: Həyatın səndən istədiyi nədir, gənc şair? Sən bu dünyaya nə verməyə gəldin? İbn Xaqani susdu. O, bu sualın cavabını axtararkən gözləri günəşin batışını izləyirdi. Zamanın səssiz qapısı günləri bir-birinə calayırdı. Günlər keçdi. İbn Xaqani Şirvanın qaranlıq və dərin dağ yollarında irəliləyirdi. Onun addımları əvvəlki kimi inamlı deyildi. Qəlbində daşıdığı suallar ağırlaşmışdı. Hər gecə dağların kölgəsində ulduzlara baxıb düşünərdi: Mən kiməm? Mənim yolum nədir? Bir axşam böyük bir mağaranın önündə dayandı. Girişdə heç bir işarə yox idi, lakin içəridən qəribə bir sükut axırdı dərin, sakit və sanki əsrlərdir toxunulmamış bir sükut… İbn Xaqani tərəddüd etmədən içəri daxil oldu. Mağaranın divarlarında qədim rəsmlər və yazılar vardı. Hər biri ona tanış gəlirdi. Bunlar həqiqət axtaran şairlərin simvolları idi. Mağaranın ortasında qədim bir qapı diqqətini çəkdi. Qapının üzərində yazılmışdı: “Zamanın sükutu ilə açılan qapı yalnız öz qəlbinə güvənənə açılar.” İbn Xaqani bir anlıq duruxdu. Zamanın sükutu ilə açılan qapı nə demək idi? Yazını diqqətlə oxuduqca anladı ki, bu qapı keçmişin ağırlıqlarını və dünyanın boyunduruqlarını atmaqla açılacaq. O, öz qəlbinin dərinliklərinə enməli idi. Dərin bir nəfəs alıb qapıya toxundu. Heç bir səs çıxmadı. Qapı bağlı idi. Lakin o artıq cavabın səssizlikdə olduğuna inanırdı. Diz çökərək ürəyində pıçıldadı: Ey Zaman, ey dünya, mənə öz həqiqətini aç! Birdən mağara işıqlandı. Bu işıq günəşdən və ya aydan deyildi. İbn Xaqaninin öz daxili aləmindən gəlirdi. O an anladı ki, həqiqət heç vaxt kənarda olmamışdır həqiqət həmişə onun daxilində gizlənmişdir. Qapı yavaş-yavaş açıldı. Arxasında nə dünya zənginlikləri, nə də vədlər vardı. Yalnız böyük bir güzgü… Güzgüdə özünü gördü lakin fərqli bir şəkildə. Daha yetkin, daha dərin düşüncəli, amma yenə də uşaq məsumiyyəti ilə dolu. Güzgüdəki surət sanki danışırdı. Sən bu dünyaya cavablar axtarmaq üçün gəldin, lakin özündə olan cavabları görmədin. İndi öz varlığının həqiqətini görmə zamanıdır. Keçmişin ağrıları və dünyanın yükü səndən alınacaq, əgər sən ondan azad olmağa hazırsansa. İbn Xaqani başa düşdü ki, dünyanın ziddiyyətləri və mübarizələri həqiqi mənliyə aparan yolun bir hissəsidir. Həyatın məqsədi cavabları tapmaq deyil, o cavabları öz içində yaratmaqdır. Bir an sonra güzgü yox oldu. O, yenidən dağların arasında tək idi. Amma bu dəfə qəlbində bir yüngüllük və sülh vardı. İbn Xaqani artıq bilirdi… zamanın səssizliyi ilə insan öz mənliyini tapa bilər.
Bulud qəzəbini dağlara tökdü, Göyün sevincindən rəngi boğuldu. O gün Şamaxının tən ortasında İbrahim adında uşaq doğuldu. Atası Əlinin gözləri doldu, Buludlar lal oldu bu heyranlığa. Uşaq adi uşaq deyildi, şükür, Təbiət çırpındı bircə anlığa. Bütün el-elata müjdə verildi, Qohumlar təbrikə yığıldı o gün. Sanki kəhkəşanda söz məna verdi, Şeirin ulduzu doğuldu o gün. Çatdı yavaş-yavaş həddi-buluğa, Hər gün əmisindən öyrəndi elmi. Şeir qəvvasıtək dəryada üzdü, Alimlər soruşdu: O, kimdi, ləlmi? Hamı heyran qaldı bu yaranışa, Zaman bəlli etdi o uşaq kimdi. İllər qatar kimi ötüb keçdikcə O da yaxşı bildi bu həyat qəmdi. Böyüdü, zəkalı bir cavan oldu, Şeiri, şeiriyyəti elə yayıldı. Az vaxtda hörməti artdı şəhərdə, Şirvanın hörmətli şəxsi sayıldı. Şeirin diliylə bəyan elədi: Nəfslə gələcək dünyanın sonu. Müdhiş büllur kimi özünə çəkdi, Bir gün Şirvanşahlar sarayı onu. Burda diqqət etdi əyyanlar ona, Müti savadsızlıq işini gördü. Din, cahillik xofu sıxdı canını, Dinlə arasında bir divar hördü. Şaha başqa cürə ərz eylədilər: Guya dinə qarşı çıxır Xaqani. Şairsə başqa şey demişdi qəti: Din nə bir xülyadı, nə də ki cani. Heyif ki, aranı qatanlar artdı, Şahın da başını “yedilər” belə. Paxıllıq işini gördü necə də, Şairi beləcə “atdılar selə”. Şahın əmri ilə həbs olundu o, Zindana atdılar el şairini. O, burda həbsiyyə şeiri yazdı, Geniş təqdir etdi elmlə dini. Xeyli vaxt zindanda qaldı səbəbsiz, Cavankən ömrünə xal saldı tale. Həyat necə acı, necə amansız… Gəl, indi bu sirri öz-özünə de. Zindan şair üçün dar qəfəs idi, O, bura — zindana sığmırdı qəti. Saçları çallaşdı, yanağı soldu, Ona adi gəldi ömrün sürəti. Bir gün sona çatdı zindan həyatı, Şairi azadlıq bərk qucaqladı. Ona — qal, — dedilər, — saray sənindir, Osa — sizin olsun, — deyib çağladı. Saray həyatına alışmadı o, Saray onun üçün ötəri yerdi. Bir-birindən gözəl əsərlər yazdı, O, burda ömrünün gücünü verdi. Xalqın cahilliyi qəlbini sardı, Ürəkdən acıdı avam kəslərə. Yetən din üstündə qınadı onu, O, önəm vermədi yalan səslərə. Tərk etdi Şirvanı — Şamaxını o, Küsdü doğulduğu yurddan-yuvadan. Xaqani üz tutdu qürbətə sarı, Qürbət iyi gəldi qəfil havadan.
İkinci hissə — Qürbət, zirvə və əbədiyyət
Şamaxıda qalmağı faydasız sandı şair. O, bu diyarçun söndü, zülmətə qərq oldu yer, Başqa bir məmləkətin fövqündə yandı şair. Tərk etdi Şamaxını, üz tutdu qürbət elə, Dedi: — Bu ellər niyə səs vermədi naləmə?! Yaxın Şərq ölkələri qarşıladı şairi, O, burda bir işıqtək şölə saçdı aləmə. Neçə Şərq ölkəsində səfərdə oldu şair… Səfər həyatı onu əldən salmışdı düzü, Saçları çallaşmışdı, yaşı olmuşdu əlli. Xaqani kim idi, o, hansı gücə sahibdi? — “Töhfətül-İraqeyn” poemasından bəlli. Mərsiyəsi, qəzəli, mədhiyyəsi bir ayrı, Rübai, qəsidəsi cana məlhəm olurdu. Yayıldıqca aləmə dünya dada gəlirdi, “Həbsiyyə” şeirləri ürəklərə dolurdu. Xaqani bir duyğutək Təbrizdə qaldı artıq, Qırıldı odlu eşqin ürək sızladan simi. O dövrün şairləri qəmi qəsidə sandı, “Şinniyə” və “Mədain xərabələri” kimi. Qayıtmadı geriyə, Şamaxı darıxsa da, Şair küsdü öz doğma elindən-obasından. Nə naləyə baxdı o, nə də aha susadı, İnad eləmək ona keçmişdi babasından. Ondan ötrü darıxdı Şamaxının dağları, Ondan ötrü darıxdı Nizami Gəncəvi də. Qəti idi qərarı, Təbrizdə qaldı şair, Bilmədi viran qalıb o yurddakı evi də. Şamaxıdan çıxanda Məkkəyə getmişdi o, Ziyarət eyləmişdi müqəddəs torpaqları. Səfər həyatı boyu müşahidə aparmış, Yaşıl kağız bilmişdi ağacda yarpaqları. Həyatı bu minvalla qürbət taxtında keçdi, Nə zülümdə axtarır onu, nə şərdə bilir. Nizaminin şairtək yetişməsində onun Böyük rolu var idi, bunu bəşər də bilir. Yetmiş yaşı var idi, ahıl olmuşdu artıq, Ölümün acıları qəfil qurmuşdu hana. Bir gün əcəl başının üstündə durdu söztək, Şair vida elədi doymadığı cahana. Bəşər necə pərişan, dünya necə lal idi, Onun ucalığını qanmaz idi hər nadan. Göy qapqara qaralmış, buludlar ağlayırdı, Xaqani köç edirdi daş atdığı dünyadan. Təbrizin söz ordusu hazır durmuşdu o gün, Onu yola salırdı ağrı deşən göz ilə. Nizami eşidəndə şair köçüb dünyadan, Dedi ki, bax mən indi yetim qaldım söz ilə. Daha yazmaz qələmim, ya da olar qəmxana, Daha məni yandırar içimdəki bu ahım. Necə dözəcəm axı mən onun yoxluğuna? Xaqaniydi dayağım, o idi qibləgahım. Ustadının ölümü çox ağrıtdı içini, Yaşlı, qoca adamtək göynədi, büküldü o. Ruhən də, ehkamca da dünyasından ayrıldı, Şamaxını tərk edib Gəncəyə çəkildi o. Dünya Xaqani adda bir zinəti itirdi, Buna zaman günahkar, buna insanlar səbəb. Neçə vaxtdı şairə bir “heykəl yonuram” mən, Nədənsə duyğulara ilişib, gəlmir ki, təb. Xaqani — böyük şair köçüb getdi uzağa, Qəbri ana yurdundan uzaqlarda qalıbdı, Dahi adamların da həyatı acı keçir, Bu əsər də Sonanı lal əzaba salıbdı.
Bu gün sözün nəfəs aldığı, duyğuların sətirlərə çevrildiyi gündür Poeziya Günü. Poeziya insanın içində gizlənən səslərin dilə gəlməsidir. Bəzən bir misrada bir ömür yaşayır, bəzən bir kəlmə ilə qəlbin ən dərin qatlarına toxunur. Şeir nə zamana, nə sərhədə sığır o, ruhun azadlıq formasıdır. Bu gün qələm tutanların, sözə sığınanların, duyğunu qoruyanların günüdür. Hər kəsin içində bir şair var kimisi yazır, kimisi susaraq yaşayır. Poeziya gününüz mübarək. Sözünüz heç vaxt tükənməsin.
QƏLƏMİM ALTDA
Haqq başım üstündən baxır göz kimi, Ümid ürək açır şirin söz kimi. Misralar içimdə yanır köz kimi, Vərəqlər od tutur qələmim altda.
Bezib bu dünyanın ab-havasından, Atıram özümü söz qayasından. Səsimin, sözümün əlifbasından, Vərəqlər od tutur qələmim altda
Ağrı çöllərini adlayıb keçir, Möhnətin dizini qatlayıb keçir, Əcəlin bağrını odlayıb keçir, Vərəqlər od tutur qələmim altda
Sona, sinəmdəki duyğular kövrək, Açır yaxasını söz çiçək-çiçək. Şam kimi sinəmdə alışır ürək, Vərəqlər od tutur qələmim altda.
KÖVRƏK MİSRALARIM
Hökmünə “mərhəba” ulu nəqqaşın, Yaddaşı olmuşdu özü yaddaşın. Xətrinə dəymədi payızın, qışın, Kövrək misralarım,kövrək sözlərim.
Safdı ilhamımın ilki, əzəli, Duyğum heç görmədi payız xəzəli. Sevgiylə oxşadı min bir gözəli, Kövrək misralarım, kövrək sözlərim.
Kövrək bir dünyadır şair ürəyi, Bahar ətirlidir arzu, diləyi. Daim əziz tutdu halal çörəyi, Kövrək misralarım, kövrək sözlərim.
Üzü haqqa sarı erəyim qaçır, Könüllərin şahı müşküllər açir.. Qəlbimə, ruhuma nur, işıq saçan, Kövrək misralarım, kövrək sözlərim.
XƏBƏR AL MƏNİ
Möhnət qəfəsinə düşübdü bülbül, Misralar içində inildəyir gül. İrfan həsrətiylə alışan könül, Könlü oyaqlardan xəbər al məni.
Sözün zirvəsindən yollara boylan, Güllü qafiyənin başına dolan. Misra həsrətiylə gözləri dolan, Bəyaz vərəqlərdən xəbər al məni.
Belə qəribsəyib kövrəlmə, könülüm, Alışıb ocağım,üşüməz külüm. Haqqın şairinə neyləyər ölüm?- İsti ocaqlardan xəbər al məni.
Sona, xəyal qonub zirvə daşına, Hopub söz həniri ocaq daşına. Cığırlar hörmətlə çıxar qarşına, Qosqoca dağlardan xəbər al məni.
MƏNİ SORUŞUN
Söz hikmət nurutək dolaşır qanda, Anlasın məclis də, məclis quran da. Ellər bağçasında məclis quranda, Mənalı çağlardan məni soruşun.
Hikmətli kəlməsi nur, işıq saçan, Sənət eşqi ilə yaşadı bir can. Hər vaxt gəlişinə qolunu açan, Doğma qucaqlardan məni soruşun.
Sözün yamacına könlünü sərdi, Səbriylə ovutdu kədəri, dərdi. Hər çiçək üzündən bir misra dərdi, Güllü yaylaqlardan meni sorusun.
Adını əzizlə, xətrini istə, Ürək baş qoyubdu el qəmi üstə. “Kərəmi”, “Dübeyti”, “Dilqəmi” üstə, Gəzən barmaqlardan məni soruşun.
Sona, söz yaratdım tər güllər kimi, Yazdım varaqlara mən bu ərkimi, Öpəndə misramı təbərrik kimi, Şirin dodaqlardan məni soruşun.
DÜNYANIN DƏRDİNDƏN KEÇİB GEDİRƏM
Üfürmə bu sönmüş ocaq közünü, Səbrimlə kor etdim dərdin gözünü. Gördüm insanların min bir üzünü, Dünyanın dərdindən keçib gedirəm.
Butun ayrılıqlar sona çataçaq, Çəkdiyim ahlarda dünya batacaq. Onsuz da sönəcək bir gün hər ocaq, Dunyanın dərdindən keçib gedirəm.
Gözündən tanıdım mərdi, namərdi, Fələk qəm xalçası önümə sərdi. Bu ömrün axırı qəza-qədərdi, Dünyanın dərdindən keçib gedirəm.
Donub qulağımda zamanın səsi, Boğmuşam içində neçə həvəsi. Dərddir başdan-başa həyat səhnəsi, Dünyanın dərdindən keçib gedirəm.
Dərdin sarayını tarimar etdim, Nəfsimlə hər zaman intihar etdim. Sonayam, könlümün kamına yetdim, Dünyanın dərdindən keçib gedirəm.