Milli düşüncənin aynası: Əhməd bəy Ağaoğlu Azərbaycan ədəbiyyatşünaslığında və ictimai fikir tarixində mühüm yer tutan simalardan biri də Əhməd bəy Ağaoğludur. Onun zəngin yaradıcılığı, çoxşaxəli fəaliyyəti və xüsusilə ədəbi-tənqidi baxışları milli ideologiyanın formalaşmasında mühüm rol oynamışdır. Bu mənada Həcər Atakişiyevanın “Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri” adlı tədqiqat əsəri həm elmi, həm də publisistik dəyəri ilə seçilən mühüm bir mənbədir. Kitab təkcə bir mütəfəkkirin yaradıcılığını təhlil etməklə kifayətlənmir, eyni zamanda bütövlükdə bir dövrün ideoloji, mədəni və ədəbi mənzərəsini canlandırır. Müəllifin araşdırmasında Ağaoğlunun şəxsiyyəti yalnız ədəbiyyatşünas kimi deyil, həm də filosof, publisist, siyasətçi və kulturoloq kimi çoxcəhətli şəkildə təqdim olunur. Bu yanaşma əsərin əsas üstünlüklərindən biridir. Həcər Atakişiyeva əsərində göstərir ki, Əhməd bəy Ağaoğlu üçün ədəbi tənqid sadəcə estetik mülahizələr sistemi deyildi. O, ədəbiyyatı cəmiyyətin inkişafına təsir edən mühüm vasitə kimi qəbul edirdi. Onun fikrincə, ədəbiyyat xalqın maariflənməsi, milli şüurun formalaşması və tərəqqinin təmin olunması üçün əsas amillərdən biridir . Ağaoğlu ədəbiyyata yalnız milli çərçivədə deyil, dünya kontekstində yanaşırdı. O, həm Şərq, həm də Qərb ədəbiyyatını müqayisəli şəkildə təhlil edir, klassiklərin yaradıcılığını analiz edərək ümumbəşəri dəyərlərin önəmini vurğulayırdı. Bu baxımdan Atakişiyeva onun ədəbi-tənqidi görüşlərini sistemli şəkildə araşdıraraq oxucuya aydın bir mənzərə təqdim edir. Kitabın diqqətçəkən məqamlarından biri də Ağaoğlunun dini dünyagörüşü və qadın məsələsinə münasibətinin geniş şəkildə işıqlandırılmasıdır. Müəllif göstərir ki, Ağaoğlu İslam dinini tərəqqiyə mane olan amil kimi deyil, əksinə, cəmiyyətin inkişafında mühüm rol oynayan bir sistem kimi dəyərləndirmişdir. Onun “İslama görə və islamda qadın” əsərinə əsaslanan fikirlərində qadın hüquqlarının müdafiəsi, onların cəmiyyətdə aktiv iştirakının vacibliyi xüsusi vurğulanır. Ağaoğlu qadının təhsil alması, sosial həyatda iştirak etməsi və hüquqlarının qorunmasını müasir cəmiyyətin əsas şərtlərindən biri hesab edirdi . Atakişiyeva bu məsələləri təhlil edərkən həm tarixi konteksti, həm də müasir yanaşmanı nəzərə alaraq Ağaoğlunun ideyalarının aktuallığını əsaslandırır. Əsərin mühüm hissələrindən biri də Əhməd bəy Ağaoğlunun kulturoloji baxışlarına həsr olunmuşdur. Müəllif göstərir ki, Ağaoğlu mədəniyyəti “həyat tərzi” kimi dəyərləndirir və müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini tərəqqinin əsas şərti hesab edirdi . O, Şərq və Qərb mədəniyyətlərini müqayisə edərək Qərbin elmi-texniki üstünlüyünü qəbul edir, lakin eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini də vurğulayırdı. Bu yanaşma onun düşüncəsində balanslı və realist mövqenin göstəricisidir. Atakişiyeva bu ideyaları geniş şəkildə şərh edərək Ağaoğlunun kulturoloji konsepsiyasını elmi əsaslarla təqdim edir və onun müasir Azərbaycan kulturologiyası üçün əhəmiyyətini ön plana çıxarır. Kitabın ən mühüm cəhətlərindən biri də onun üslubudur. Elmi araşdırma xarakteri daşımasına baxmayaraq, əsərdə publisistik ruh aydın hiss olunur. Müəllif faktlara əsaslanmaqla yanaşı, mövzuya emosional və ideya baxımından da yanaşır. Bu isə əsəri yalnız mütəxəssislər üçün deyil, geniş oxucu auditoriyası üçün də əlçatan edir. Həcər Atakişiyevanın “Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri” əsəri Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutan fundamental tədqiqatlardan biridir. Bu kitab vasitəsilə oxucu təkcə Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi baxışları ilə deyil, həm də onun dünyagörüşü, ideoloji mövqeyi və milli düşüncə sistemindəki rolu ilə yaxından tanış olur. Əsər həm elmi dərinliyi, həm də publisistik təsir gücü ilə seçilərək Azərbaycan ictimai fikir tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbə kimi qiymətləndirilə bilər. Bu kitab, eyni zamanda, milli kimlik, mədəniyyət və ədəbiyyat məsələlərinə maraq göstərən hər bir oxucu üçün düşünməyə vadar edən dəyərli bir əsərdir. Ülviyyə Nəriman qızı Hüseynova, Filologiya üzrə elmlər namizədi
Nizami Gəncəvi yaradıcılığında qadın obrazlarının müasir interpretasiyası
Azərbaycan klassik ədəbiyyatının ən qüdrətli nümayəndələrindən olan Nizami Gəncəvi yaradıcılığı yalnız poetik gözəlliyi ilə deyil, həm də yaratdığı kamil insan obrazları ilə seçilir. Bu obrazlar arasında qadın qəhrəmanlar xüsusi yer tutur. Nizami qadını sadəcə məhəbbət obyekti kimi deyil, düşünən, qərar verən və cəmiyyətə təsir edən güclü şəxsiyyət kimi təqdim edir. Müasir dövrdə bu obrazlara yenidən baxmaq onların nə qədər aktual və qabaqcıl olduğunu göstərir.
Nizami Gəncəvi yaradıcılığının ilk böyük poeması olan “Sirlər xəzinəsi” digər əsərlərindən fərqli olaraq süjet xəttindən çox, didaktik-fəlsəfi məzmunu ilə seçilir. Bu əsərdə konkret və geniş təsvir olunan qadın qəhrəmanlar az olsa da, qadın obrazı müxtəlif hekayələr, rəvayətlər və ümumiləşdirilmiş bədii təsvirlər vasitəsilə təqdim olunur. Nizami burada qadını daha çox mənəvi dəyərlərin daşıyıcısı, əxlaq və kamillik nümunəsi kimi təqdim edir. Əsərdə qadın obrazı ilk növbədə ana timsalında yüksək dəyərləndirilir.
Ana obrazı mərhəmət, qayğı, sədaqət və saf məhəbbətin simvolu kimi təqdim olunur. Nizami üçün ana yalnız övlad böyüdən bir insan deyil, həm də cəmiyyətin mənəvi əsaslarını formalaşdıran müqəddəs varlıqdır. Müasir interpretasiyada bu yanaşma qadının ailə daxilindəki rolunun yüksək qiymətləndirilməsi ilə yanaşı, onun tərbiyəvi və sosial funksiyasının da ön plana çəkilməsi kimi dəyərləndirilə bilər. “Sirlər xəzinəsi”ndə qadın həm də sədaqət və iffət rəmzi kimi çıxış edir. Şair qadının mənəvi saflığını onun ən böyük gözəlliyi kimi təqdim edir və zahiri gözəllikdən daha çox daxili paklığa üstünlük verir. Bu baxımdan qadın obrazı yalnız estetik deyil, etik kateqoriya kimi də çıxış edir. Nizami qadının daxili aləmini saf və kamil göstərməklə insanın mənəvi yüksəlişində qadının rolunu vurğulayır. Əsərdə diqqət çəkən digər məqam qadının müdriklik və nəsihətverici xüsusiyyətlərə malik olmasıdır. Nizami bəzi hekayələrdə qadını ağıl və uzaqgörənlik sahibi kimi təqdim edir. O, doğru yol göstərən, səhvlərdən çəkindirən və insanı mənəvi kamilliyə yönəldən bir qüvvə kimi çıxış edir. Bu isə qadının yalnız hissiyyatla deyil, eyni zamanda dərin düşüncə ilə də əlaqəli olduğunu göstərir.
Nizami Gəncəvi bəzi nümunələrdə qadın obrazı vasitəsilə mənfi xüsusiyyətləri də tənqid edir. Bu hallarda qadın obrazı simvolik xarakter daşıyır və daha çox insanın nəfsini, zəifliyini və dünyəvi aludəçiliyini ifadə edir. Lakin bu yanaşma konkret qadınlara deyil, ümumilikdə insan təbiətində mövcud olan mənfi cəhətlərə yönəlmişdir. Müasir baxış bu cür obrazları gender məsələsi kimi deyil, etik və fəlsəfi simvolika kimi qəbul etməyi tələb edir.
“Sirlər xəzinəsi”ndə qadın obrazlarının spesifik fərdi portretlərdən çox, ümumiləşdirilmiş şəkildə təqdim olunması əsərin ideya istiqaməti ilə bağlıdır. Bu əsərdə əsas məqsəd konkret hadisələri təsvir etmək deyil, insanı mənəvi cəhətdən tərbiyə etməkdir. Bu səbəbdən qadın obrazı da fərdi xüsusiyyətlərdən çox, ümumbəşəri dəyərlərin ifadəsinə çevrilir. Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində qadın obrazları klassik ədəbiyyatda rast gəlinən ənənəvi çərçivəni aşaraq daha geniş mənəvi və fəlsəfi məna kəsb edir. Bu obrazlar vasitəsilə şair insanın daxili aləmini, onun əxlaqi keyfiyyətlərini və kamilləşmə yolunu təsvir edir. Qadın burada həm ana, həm müdrik nəsihətçi, həm də mənəvi saflığın simvolu kimi çıxış edir.
Müasir interpretasiya göstərir ki, bu obrazlar bu gün də aktuallığını itirmir. Qadının tərbiyəedici rolu, onun mənəvi dəyərlərin qoruyucusu kimi təqdim olunması və cəmiyyətin inkişafında oynadığı rol bu gün də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qadın obrazının bəzi hallarda simvolik şəkildə mənfi xüsusiyyətlərin daşıyıcısı kimi təqdim olunması insan təbiətinin mürəkkəbliyini açmaq baxımından maraqlı bədii üsul kimi qiymətləndirilə bilər. Nizami Gəncəvi bu əsərində qadını yalnız bir obraz kimi deyil, bütöv bir mənəvi sistemin tərkib hissəsi kimi təqdim edir. Bu isə onun yaradıcılığının dərinliyini və çoxqatlı məzmununu bir daha təsdiqləyir. “Sirlər xəzinəsi”ndəki qadın obrazları oxucunu düşündürən, ona mənəvi istiqamət verən və insanın özünü dərk etməsinə kömək edən mühüm bədii vasitə kimi bu gün də öz dəyərini qoruyub saxlayır.
Şairin “Xosrov və Şirin” əsərində yaratdığı Şirin obrazı Nizami qadınlarının ən parlaq nümunələrindəndir. Şirin yalnız gözəl qadın deyil; o, müstəqil iradəyə malik, öz seçimlərini edən və sevgi uğrunda mübarizə aparan bir şəxsiyyətdir. Müasir interpretasiyada Şirin obrazı qadın azadlığının və öz taleyinə sahib çıxmağın simvolu kimi qiymətləndirilə bilər. O, sevgi münasibətlərində passiv deyil, əksinə, aktiv mövqe tutur və bu xüsusiyyəti ilə bugünkü qadın modelinə uyğun gəlir.
Nizaminin “İsgəndərnamə” əsərində təqdim etdiyi Nüşabə obrazı isə qadın müdrikliyinin və siyasi uzaqgörənliyin təcəssümüdür. Nüşabə yalnız bir hökmdar kimi deyil, həm də diplomatik bacarığı, ağlı və tədbirliliyi ilə seçilən bir qadındır. O, İsgəndər kimi qüdrətli bir hökmdarla qarşılaşmada öz ləyaqətini və zəkasını qoruyur. Müasir baxış bu obrazı qadın liderliyinin, idarəçilik qabiliyyətinin və intellektual gücünün simvolu kimi dəyərləndirməyə imkan verir. Bu isə göstərir ki, Nizami qadını yalnız ailə çərçivəsində deyil, ictimai-siyasi müstəvidə də aktiv bir qüvvə kimi görürdü.
“Leyli və Məcnun” əsərində isə diqqət yalnız Leyli obrazı ilə məhdudlaşmır. Burada Leylinin anası da mühüm psixoloji və sosial funksiyanı yerinə yetirir. O, ənənəvi cəmiyyətin qaydalarını təmsil edən bir obraz kimi çıxış edir. Leylinin anası qızının taleyinə təsir edən qərarlarda iştirak edir və onu cəmiyyətin qəbul etdiyi normalara uyğun yönləndirməyə çalışır. Müasir interpretasiyada bu obrazı bir tərəfdən qoruyucu ana, digər tərəfdən isə sosial stereotiplərin daşıyıcısı kimi qiymətləndirmək mümkündür. Bu isə ana obrazının daxili ziddiyyətlərini üzə çıxarır: o, həm övladını qorumaq istəyir, həm də cəmiyyətin sərt qanunlarına tabe olur.
Nizami yaradıcılığında qadın obrazlarının bu cür çoxşaxəli təqdimatı onların müasir dövrdə də аktual qalmasını təmin edir. Şirin azadlıq və sevgi uğrunda mübarizəni, Nüşabə müdriklik və liderliyi, Leylinin anası isə cəmiyyət və fərd arasında olan ziddiyyətləri təcəssüm etdirir. Bu obrazların hər biri bu gün də müxtəlif sosial və psixoloji kontekstlərdə yenidən dəyərləndirilə bilər.
Nizami Gəncəvi yaradıcılığının ən parlaq nümunələrindən biri olan “Yeddi gözəl” əsəri yalnız süjet zənginliyi ilə deyil, həm də təqdim etdiyi simvolik və dərin məzmunlu obrazlar sistemi ilə diqqət çəkir. Bu əsərdə qadın obrazları xüsusi yer tutur və onlar yalnız estetik gözəlliyin təcəssümü deyil, həm də müxtəlif mədəniyyətlərin, mənəvi dəyərlərin və fəlsəfi ideyaların daşıyıcısı kimi təqdim edilir. Əsərin mərkəzində duran yeddi gözəl – müxtəlif ölkələri təmsil edən şahzadələr – zahiri gözəllikdən daha çox daxili aləmləri, dünyagörüşləri və söylədikləri hekayələrlə seçilirlər. Hər bir gözəl fərqli rəngli günbəzdə yerləşdirilir və bu rənglər onların xarakterini, mənəvi dünyasını və təqdim etdikləri ideyanı simvolizə edir. Bu baxımdan Nizami qadını yalnız fərdi obraz kimi deyil, ümumbəşəri dəyərlərin daşıyıcısı kimi təqdim edir. Hind gözəli ehtirası, həyat enerjisini və insanın daxili istəklərini simvolizə edir. Onun danışdığı hekayə daha çox hiss və duyğuların ön planda olduğu bir dünyanı əks etdirir. Bu obraz müasir interpretasiyada insanın instinktiv tərəflərinin və emosional azadlığının ifadəsi kimi qəbul edilə bilər. Rum (Bizans) gözəli isə daha çox ağıl, nizam-intizam və məntiqi düşüncə ilə əlaqələndirilir. Onun hekayəsində həyatın daha ölçülü-biçili tərəfləri, insanın özünü idarə etmə bacarığı ön plana çıxır. Bu obraz qadının intellektual gücünü və rasional düşüncə qabiliyyətini təcəssüm etdirir. Slavyan gözəli sadəlik, təmizlik və səmimiyyətin simvoludur. Onun təqdim etdiyi dünya daha saf və təbii münasibətlər üzərində qurulub. Müasir baxışla bu obraz insanın daxili saflığını və mənəvi təmizliyini qorumağın vacibliyini vurğulayır. Məğrib (Qərb) gözəli isə həyatın cazibədarlığını, gözəllik və zahiri parlaqlığın insan üzərində təsirini əks etdirir. Bu obraz vasitəsilə Nizami zahiri gözəlliklə daxili dəyərlər arasındakı tarazlıq məsələsini gündəmə gətirir. Çin gözəli incəlik, sənətkarlıq və estetik zövqün daşıyıcısıdır. Onun obrazında harmoniya, gözəlliyin dərin mənası və ruhun incəliyi əks olunur. Bu, qadının yaradıcı və estetik tərəfinin ön plana çəkilməsidir. Xarəzm və İran gözəlləri isə sədaqət, müdriklik və mənəvi kamillik kimi xüsusiyyətləri təcəssüm etdirirlər. Onların hekayələrində həyat təcrübəsi, səbir və düzgün seçim etmə kimi dəyərlər ön plana çıxır. “Yeddi gözəl” əsərində diqqət çəkən əsas məqamlardan biri də odur ki, qadınlar burada yalnız gözəllik simvolu deyil, həm də müəllim rolunda çıxış edirlər. Onlar hökmdar Bəhram Gura hekayələr vasitəsilə həyatın mənasını, insanın kamilləşmə yolunu və düzgün davranış prinsiplərini öyrədirlər. Bu isə qadının maarifləndirici və yönləndirici rolunu ön plana çıxarır.
Müasir interpretasiyada bu qadın obrazları müxtəlif psixoloji tiplər, fərqli mədəni kimliklər və insan xarakterinin çoxşaxəli tərəfləri kimi dəyərləndirilə bilər. Nizami bu əsərdə qadını təkcə fərdi varlıq kimi deyil, həm də insanın özünü tanıma yolunda qarşılaşdığı mənəvi mərhələlərin simvolu kimi təqdim edir. Nizami Gəncəvi “Yeddi gözəl” əsərində qadın obrazları bədii təxəyyülün məhsulu olmaqla yanaşı, dərin fəlsəfi məna daşıyır. Bu obrazlar vasitəsilə şair insanın daxili dünyasını, onun zəif və güclü tərəflərini, mənəvi axtarışlarını və kamilləşmə yolunu təsvir edir. Hər bir gözəl fərqli bir həqiqətin, fərqli bir həyat dərsinin daşıyıcısıdır. “Yeddi gözəl” əsərindəki qadınlar yalnız ədəbi qəhrəman deyil, həm də düşüncə və ideya simvollarıdır. Onların müasir interpretasiyası göstərir ki, Nizami yaradıcılığı bu gün də aktualdır və insanın özünü dərk etməsi prosesində mühüm rol oynayır. Qadın obrazlarının bu cür çoxşaxəli təqdimatı isə Nizaminin sənətkarlıq qüdrətini və onun insan psixologiyasını dərindən anlama bacarığını bir daha təsdiqləyir.
Nizami Gəncəvi qadın obrazlarını yalnız dövrünün deyil, bütün zamanların qəhrəmanları kimi yaratmışdır. Onların müasir interpretasiyası isə göstərir ki, klassik ədəbiyyat yalnız keçmişin mirası deyil, həm də bu günün düşüncə və dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayan canlı bir mənbədir. Nizami Gəncəvi yaradıcılığında qadın obrazları yalnız estetik gözəlliyin və romantik duyğuların ifadəsi deyil, eyni zamanda dərin ictimai, fəlsəfi və psixoloji məzmun daşıyıcısıdır. Şairin yaratdığı Şirin, Nüşabə və Leylinin anası kimi obrazlar müxtəlif xarakter və mövqeləri təmsil etsələr də, onları birləşdirən əsas cəhət qadının gücünü, təsir imkanlarını və cəmiyyət daxilindəki mürəkkəb rolunu əks etdirməsidir. Şirin obrazında qadının azad seçim hüququ, sevgi uğrunda mübarizə əzmi və fərdi iradəsi ön plana çıxır. O, öz taleyini başqalarının iradəsinə tabe etməyən, əksinə, həyat yolunu özü müəyyənləşdirən bir şəxsiyyət kimi müasir dövrün qadın idealına yaxınlaşır. Nüşabə isə qadının yalnız emosional deyil, həm də intellektual və siyasi gücünü təcəssüm etdirir. Onun obrazı göstərir ki, qadın idarəçilikdə, qərarvermədə və dövlətçilik məsələlərində də mühüm rol oynaya bilər. Bu baxımdan Nüşabə obrazı bu gün də qadın liderliyinin simvolik ifadəsi kimi aktuallığını qoruyur. Leylinin anası isə daha mürəkkəb və ziddiyyətli bir obrazdır. O, bir tərəfdən ana qayğısını və övlad sevgisini təmsil edir, digər tərəfdən isə cəmiyyətin sərt qanunlarının daşıyıcısına çevrilir. Bu obraz vasitəsilə Nizami fərd və cəmiyyət arasındakı toqquşmanı, ənənə ilə hisslərin mübarizəsini incə şəkildə təqdim edir. Müasir baxış bu obrazı yalnız mənfi və ya müsbət çərçivədə deyil, daha çox sosial-psixoloji reallığın aynası kimi dəyərləndirməyə imkan verir. Bu qadın obrazlarının müasir interpretasiyası onu göstərir ki, klassik ədəbiyyat zamandan kənar bir dəyərə malikdir.
Nizaminin yaratdığı qadınlar bu gün də aktual olan məsələləri — qadın azadlığı, gender bərabərliyi, fərdi seçim hüququ, cəmiyyət təzyiqi və mənəvi dəyərlər kimi mövzuları özündə ehtiva edir. Bu isə klassik irsin yalnız keçmişin yadigarı deyil, həm də bu günün və gələcəyin düşüncə mənbəyi olduğunu təsdiqləyir.
Nizami Gəncəvi yaradıcılığına müasir prizmadan yanaşmaq yalnız ədəbi təhlil deyil, həm də ictimai düşüncənin inkişafına xidmət edən mühüm bir yanaşmadır. Onun qadın obrazları vasitəsilə irəli sürdüyü ideyalar bu gün də insanı düşündürür, müzakirəyə sövq edir və cəmiyyətin daha ədalətli, daha bərabər və daha humanist istiqamətdə inkişafına töhfə verir. Bu baxımdan Nizami irsi daim öyrənilməli, yenidən oxunmalı və hər dövrün baxış bucağından yenidən dəyərləndirilməlidir.
Mən kədərəm, İnsanları üzərəm, Yorğun, ümidsiz qəlblərdə gəzərəm, Ayrılıqdan, həsrətlərden bezərəm … Mən həsrətəm, Sevənlərin arasında yaşaram, Aşiqləri ayırmağa qoşaram, İztirabdan, acılardan coşaram … Mən sevincəm, Parlaram xoşbəxt gözlərdə, Görünürəm daim gülən üzlərdə, Yer alıram arzularda, sözlərdə … Mən ümidəm, Həyat eşqi verirəm, Nikbin baxışlar içərisindəyəm, İnsanları yaşamağa səslərəm … Mən sevgiyəm, Hər ürəkdə yerim var, Rəngsiz dünya mənimlə əlvan boyanar, Mənsiz həyat heç olar …
10.06.2022
****
Yazırsan yarımçıq, fikirlər dolmur, Elə şeylər var ki, söyləmək olmur. Dilə gətirməyə ürəyin qoymur, Ürək söyləmirsə, şair neyləsin?
Qəlb dolu kədərlə, qəmlə büsbütün, Sanki üzərində dünya var bütün… Çox şeyi ifadə eləmək çətin, Şair yazmayırsa, qələm neyləsin?
Yaşadığın həyat sənə dərs keçir, Hər kəs bu dünyada əkdiyin biçir. Biri səbr etməyib səhv yolu seçir, Məğlub dayanırsa, həyat neyləsin?
29.03.2021
****
Bir şəhid rütbəsi var ki, əbədi qılar insanı,
Ən ali məqamdır bilin əsgərin şəhidlik anı.
Vətən eşqiylə var olar, Vətən eşqiylə can verər,
Torpağı müqəddəs bilər, çəksə də cövri-cəfanı.
Bir gündə yüksələr ərşə qoruyub Vətən torpağın,
İstiqlal uğruna yalnız sipər eyləyər ol canı.
Bu zirvə olmayır nəsib hər kəsə fani dünyada,
Elə bir zirvə ki, ağlar qoyar o cümlə-cahanı.
Baş veren qəzavü qədər əzəldən yazılmış gərək,
Acizəm təsəlli etməkdə gözü yaşlı ananı.
Sanki şəhadət üçündür doğulan bu qədər can,
Yüksəlir ərşi-əlaya o şəhadət zamanı.
Qoy müdam qərzimiz olsun, unutmarıq haşa biz,
Xar edək düşməni, qalmasın yerdə şəhidin qanı
ŞƏHİDİN SEVDİYİ
Soyuq qış gecəsi, o dəhşətli an,
Qızğın döyüşlərin getdiyi zaman
Oynadı mərmilər, toplar yerindən,
Ayırdı onları biri-birindən…
Günlərdi, gözləyir səssiz-səmirsiz
Sevdiyinin yolun xəbər-ətərsiz..
Vəfanın gözləri yolda qalmışdı,
Baxıb pəncərəyə fikrə dalmışdı.
Onların arzusu, ümidi vardı,
Hamısı bir anda puç olub qaldı…
Hələ evlənib toy quracaqdılar,
Birlikdə çox xoşbəxt olacaqdılar…
…O, son məktubunda yazırdı belə:
“Görüşə bilməsəm daha səninlə,
Əzizim, bağışla məni, nə olar,
Vətənin bizlərə ehtiyacı var…”
Həmin gün sevdiyi şəhid olmuşdu,
Hamı hüzn içində, sanki donmuşdu…
…Aradan nə qədər vaxt ötüşsə də,
Hər şeyə alışsa belə get-gedə,
Könlünü vermədi Vəfa kimsəyə,
Böyük ehtiramı var idi deyə
Sevdiyi insanın xatirəsinə,
Ömürlük yazmışdı onu qəlbinə.
Darıxanda gedər məzarı üstə,
Toplayıb əlində çiçək bir dəstə,
Yaşarar baxdıqca dolu gözləri,
Astadan duyular onun sözləri:
“Keçsə aylar, illər, ömrü uzunu
Sadiqin Vəfası unutmaz onu…”
27.07.2020
Şeirin müəllifi: “Mənim həzin duyğularım”, “Ümid çələngi” və “Zəfər işığında” adlı şeir kitablarının müəllifi-gənc şairəRəşidə Arif
AYAQQABI (hekayə) Dəmir torla hasara alınmış həyətin içərisində çiy kərpicdən tikilmiş bir ev var idi. Evin tavanı quru ağacla örtülmüşdü, döşəməsinə isə seyrək toxunuşlar arasında yaşıl otların baş qaldırdığı həsir salınmışdı.
Otağın baş tərəfində, qırmızı güllü döşəyi sərilmiş çarpayını yığışdıran, əyinlərində ağ, qırmızı çiçəkli don olan yeddi yaşlı qıyıqgözlü əkiz qızlar, içərisi qaz tükü ilə doldurulmuş yastığı dartıb, onu kimin cehiz aparacağını müəyyən edə bilməyərək bir-biri ilə çəkişirdilər.
Otağın küncündə, üzərində yamamaq üçün biz, çəkic və müxtəlif mıxlar olan masaya tərəf əyilib işini görən atalarından sanki çəkinirdilər.
Atasının yanında diz çökərək nəzərlərini onun əlindəki cırıq ayaqqabıya zilləmiş, arıq, gözləri çuxura düşmüş, çopur üzlü, yanaqları batıq, boynunda sapla düzülmüş ləçəklərdən ibarət çobanyastığı boyunbağısı olan altı yaşlı Bahar, hərdən bir bacılarına göz ağardaraq onları sakitləşdirməyə çalışsa da, xəyalında ayaqqabıları ayağında olan Nicatın, üzərinə çobanyastığı düzülmüş taxtadan hazırlanmış tütəyi dodaqlarına sıxaraq arxın suyunu qırçınlayan, yarpaqları əsdirən qırmızı dimdikli, sapsarı ördək balalarını ovsunlamasını xatırlayırdı.
Ata əlindəki uc tərəfi balıq ağzı kimi açılmış, üstünə qəhvəyi parçadan yamaq vurulmuş, altlığı it qulağı kimi sallanan, bir neçə yerindən ağ kəndirlə bağlanmış qara rəngli cırıq ayaqqabını divar dibində təpə kimi yığılmış ayaqqabıların üstünə atdı. Bunu görən Bahar hövlnak yerindən qalxdı.
Atılan köhnə, cırıq ayaqqabını bağrına basaraq atasından onu mütləq təmir etməsini yalvara-yalvara xahiş etdi. Bundan əsəbiləşən pinəçi Vəli dedi: – O əzizlədiyin ayaqqabını apar, alkaş Nəcəfin oğlu Nicatın təpəsinə vur! De ki, avaralanmaqdansa getsin ot yığsın, mal-qaraya baxsın, pul qazansın, özünə bir ayaqqabı alsın. Artıq mən bu ayaqqabılara yamaq üstündən yamaq vurmaqdan bezmişəm. Daha ələ gələsi deyil. Ayaqqabı elə bil adamın əlindən “qaçmaq istəyir”.
Bahar atasına dedi: – Ata, bəlkə bir təhər yamaq vurub düzəldəsən? Onlar çox kasıbdırlar. O, bulaqdan su gətirəndə həmişə mənə kömək edir. Axı onun bundan başqa ayaqqabısı yoxdur…
Bunu deyərkən göz yaşları sel kimi axan qızının halını görən ata sanki bir anlıq yumuşaldı. Lakin dərhal özünü toparlayıb dedi: – Ay anasına oxşamış həyasız! Onun atası araq içib alkaşlıq edəcək, harda gəldi yıxılıb qalacaq, mən də onun yetimçəsinə ayaqqabı düzəldəcəyəm? Qoy rədd olsun! Elə bilirdim ki, sən saçına hər dəfə çiçək taxıb bulağa gedəndə bir iş çıxacaq. Əlinə bir az yun düşən kimi götürüb bulağa qaçırsan, yırğalana-yırğalana yunu yuyursan ki, Nicat sənə baxsın? Yoxsa indi də alkaş Nəcəfin oğluna vurulmusan?
Ata qəzəblə danışdıqca səsi daha da sərtləşirdi. Nəhayət, ayaqqabı tayını bağrına basıb hıçqıran qızı açıq qapıdan həyətə itələdi.
Bu anda əkizlərin dartışmasına dözməyən yastıq cırıldı və içindəki qaz tükləri bütün otağa yayıldı.
Ağappaq qar kimi görünən qaz tükləri havada süzülərək Vəlinin üst-başına qonanda, o qəzəblə ayağa qalxdı. Qızlar atalarının qəzəbini görüb qorxularından çarpayının altından sürünüb çölə qaçdılar.
Vəli içində bir qədər tük qalan yastığı götürüb həyətə atdı. Yastığın içindən çıxan ağ tüklər sarı-qırmızı çiçəklərin üstünə üzüqoylu uzanmış Baharın və onun yanındakı ayaqqabıların üzərinə kəfən kimi sərildi. Qız gözlərini yumdu.
Həyətdəki ördək balalarının dairəyə aldığı qız gözlərini açanda Nicatın qanlı ayaqlarını gördü. O, baş barmağı qanayan sağ ayağı və əlləri ilə tükləri aralayaraq ayaqqabılarını götürüb sakitcə uzaqlaşdı.
Bahar ayağa qalxıb qapının yanındakı qaloşları götürdü və oğlanın ayağından axan qanın iz saldığı çoban yastıqları arasından onun ardınca qaçdı.
Arxın kənarında iri bir daşın üstündə oturan Nicat əl atıb, ağ ləçəkləri qana bulaşmış çobanyastığından birini qıza uzatdı. Qızın gözündən axan yaş əlindəki çobanyastığının üzərinə düşərək inci kimi parladı.
Qız qaloşları daşın yanına qoyaraq, əlindəki çobanyastığı ilə evə qayıtdı.
Cırıq ayaqqabılarla evə qayıdan Nicat özünü üzüstə çarpayıya atdı. Gecənin bir yarısı ayılarkən, yanındakı çarpayıda saqqallı atasının uzandığını gördü. Başını yana çevirəndə, üzərinə ay işığı düşmüş ayaqqabılar gözünə sataşdı.
Bir an düşündükdən sonra cəld yataqdan qalxıb ayaqqabıları götürdü və qanı qurumuş ayaqlarına geyindi. Lakin ayaqqabının ucundan barmaqları göründüyü üçün onları çıxarıb kənara qoydu.
Mıxdan asılmış sırıqlını götürüb yatağına qoydu və üstünə yorğanı örtdü ki, yoxluğunu atası hiss etməsin. Sonra otağın küncündəki kisəni və qırxlığı götürərək həyətə çıxdı.
Qonşu Mehdi kişinin daşdan tikilmiş tövləsinə daxil oldu. Gətirdiyi kəndirlə tövlədəki qoyunlardan birinin ayağını bağladı və qırxlıqla onun yununu qırxıb kisəyə doldurdu. Daha sonra kisəni çiyninə ataraq, gəldiyi kimi sakitcə tövlədən çıxıb qonşu kəndə tərəf yollandı.
Səhərə yaxın Sənəm nənəgilə çatdı. Qapını döydü. Başında bir neçə yaylıq dolanmış, əynində gen tuman və arxalıq olan Sənəm nənə qapını açıb Nicatı həyətə çağırdı.
Nicat həyətdə sərilmiş xalçalara heyranlıqla baxırdı. Onun gözü yan tərəfdə taxtın üzərinə sərilmiş xalçanın üstündəki boyunbağılı qız təsvirinə sataşdı. Heyrətləndi — xalçadakı qız Bahara çox bənzəyirdi.
– Sənə ip əyirmək üçün cins qoyun yunu gətirmişəm, – deyə Nicat kisəni qadına uzatdı.
Sənəm nənə yunu götürüb boynundakı pul kisəsini çıxardı və ehtiyatla soruşdu: – Ədə, bu oğurluq deyil ki?
– Yox, Sənəm nənə, öz qoyunlarımızındır, – deyə Nicat cavab verdi.
Sənəm nənə başını yırğalayaraq dedi: – Atan sərxoşluğu ilə ananı çərlədib öldürəndən sonra qoyunları satıb arağa verməmişdimi?..
Buna baxmayaraq, o, Nicatla hesablaşdı. Nicat pulu alıb, qırmızı kərpicdən tikilmiş, bəzəkli qapısı olan dükana daxil oldu.
Dükanın içində divardan asılmış qəhvəyi rəngli ayaqqabılara baxdı və ən yaxşısını seçdi — təmiz dəridən, üstü qaytanlı, möhkəm tikişli bir ayaqqabı.
Ayaqqabını ayağına geyinərək sevinclə evə qayıdırdı. Birdən yol üstündə atasının onu söydüyünü eşitdi: – Köpək oğlu, təzə fırıldağa keçib! Sırıqlını yatağına qoyub, cins qoyunların yununu qırxıb aparıb satıb. Pulu götürüb Allah bilir hara qaçıb!
Bu sözləri eşidən Nicat ayaqqabıları çıxarıb ot tayasının altında gizlətdi və ayaqyalın halda tarlaya tərəf getdi. Atasının uzaqlaşdığını görüb geri qayıdanda dəhşətə gəldi: ayaqqabının bir tayı yerində idi, digəri isə yox idi.
Gözlərinə inanmadı. Ayaqqabının digər tayının yaxınlıqda duran alabaşın ağzında olduğunu gördü. Nicat ayaqqabını geri almaq üçün onun dalınca qaçdı. Bu zaman arxın kənarında yun yuyan Baharla rastlaşdı.
– Təzə ayaqqabı almışdım, itimiz bir tayını aparıb! – deyə əlindəki ayaqqabını göstərərək qaçmağa davam etdi.
Bahar da yunu kənara qoyub onun dalınca qaçdı. Onlar alabaşı bir müddət qovdular. İt böyürtkən kollarının arasından keçib, daşların üzərindən tullandı və gözdən itdi.
Onlar yorulub kolluğun kənarında oturdular.
Bir neçə ay keçdi. Nicat əynində topuğundan yuxarı şalvar, rəngi solmuş, qoltuq altı sökülmüş, düymələrinin bir neçəsi qırılmış köynəyi və ayağında cırıq ayaqqabılarla arxın kənarı ilə fikirli halda gedirdi.
Birdən arxasınca gələn qoyunlardan biri geri qalaraq suyu onun üstünə sıçratdı. Bu, vaxtilə yununu qırxdığı axsaq qoyun idi.
Bir az sonra əyilib su götürüb üz-gözünü yuyarkən qəribə mənzərə ilə qarşılaşdı: Baharın yuduğu yunlar boyunbağı kimi dolaşaraq qaytanlı qəhvəyi ayaqqabının içində bitmiş yarpız yarpaqlarına sarılmışdı.
Bu, vaxtilə alabaşın apardığı ayaqqabı idi.
Bir neçə gün sonra Nicat köhnə ayaqqabılarını iplə tikib ayaqlarına geyindi və kənddəki mağazada işləməyə başladı. İş ağır olsa da, dolanışığını təmin edirdi. O, böyük “Kamaz” maşınından un kisələrini boşaldıb anbara daşıyırdı.
Bir gün yorğun halda mağazanın qarşısında oturmuşdu. Birdən yerə düşmüş pul gördü. Ətrafa baxıb heç kəsi görmədikdə pulu götürüb cibinə qoydu.
Az sonra yaşlı bir qadın — Sənəm nənə ona yaxınlaşıb soruşdu: – Ay oğul, bayaq burada pulumu itirmişəm, görməmisən?
Nicat çaşaraq yalan danışdı və pulu gizlətdi.
Gecə güclü yağış yağdı. Səhər mağazaya gələndə su basdığı üçün işin dayandığını gördü. Günlər keçdi. Sonra o, gizlətdiyi pulu götürmək üçün anbara qayıtdı.
Lakin pullar islanmış, kiflənmiş və yararsız hala düşmüşdü. Bunu görən Nicat çox peşman oldu.
O, evə qayıdıb tək qalmış ayaqqabı tayını götürdü və bulağa tərəf getdi. Orada Baharla qarşılaşdı.
– Ayaqqabının o biri tayını tapa bilmədin? – deyə Bahar soruşdu.
– Yox, Bahar. Başa düşdüm ki, zəhmətsiz, düzgün olmayan yolla qazandığım pulla özümə yaxşı bir şey ala bilmərəm, – dedi Nicat.
Sonra əlindəki ayaqqabını təmiz, axar suya atdı. Ayaqqabı suyun üzərində axıb getməyə başladı.
Nicat özünü yüngülləşmiş hiss etdi. O, cibindən tütəyini çıxarıb həzin bir hava çalmağa başladı.
Ayaqqabı suyun üzərində axdıqca, bir ördək balası pəncəsini onun içinə qoyub sanki onunla oynayırdı.
Dikdirin qaşına gəlib dayandı. Yuxarıdan aşağıya boylanıb baxdı. Yolun buradan o tərəfi qara, çirkli suyun altında qalmışdı. Günəşin asfalt rəngindəki suda əks edən şəfəqləri gözlərini qamaşdırdı. Əllərini sinəsində çataqlayıb göz qapaqlarını endirdi. Kirpiklərinin kölgəsində yarıdan yuxarısı görünən evlərə baxıb köks ötürdü.
Onlar bu məhəlləyə köçdüklərində hələ gölü əhatə edən yamaclar məskunlaşmamışdı. Gölün gündoğar sahili adamın ayağının altında qar kimi xırçıldayan şoranlıq, günbatar sahili boydan-boya qamışlıq idi.
Sanitar-epidemioloji mərkəzin günaşırı ağ “Niva” ilə gələn işçiləri gölün kənarında yaşayan küçə itlərini güllələyirdilər. Onlar getdikdən sonra başqa bir idarədən gələnlər itlərin cəsədlərini torbalara doldurub aparırdılar. Uşaqların haradansa öyrəndiyinə görə, itlərin cəsədlərini aparıb sümüyündən kley hazırlayırdılar. Bir də soyuq qış günlərində ovçular gəlirdi. Onlar balıqçı çəkməsi adlanan “L-1” şalvarı geyinib gölün kənarı ilə uzanan qamışlıqda qaşqaldaq ovlayırdılar.Yayın qızmar vaxtlarında gölün suyu çəkilirdi. Ortadan üzə çıxan kəmər suyu ikiyə bölürdi. Uşaqlar ağappaq qara bənzəyən torpağın üstü ilə o tərəf-bu tərəfə qaçıb oynayırdılar. Çəpinə suya atdıqları ləpikləri kimin daha çox səkdirəcəyi barədə mübahisə edib yarışırdılar. Ləpik səkdirə bilməyənlər gölə atdıqları çınqılların yaratdığı ləpələrə baxıb əylənərdilər. Sonra gölün ətrafında evlər, iaşə obyektləri tikildi. Yeni tikililərin çirkab suları birbaşa gölə axıdıldı. Daha yayda gölün suyu çəkilmədi. Gölün ortasındakı kəmər də görünmürdü. Ətrafda gülüb-oynayan uşaqlar da gözə dəymirdi. Onların şən qəhqəhələri, çığır-bağırları qeybə çəkilmişdi. Bir vaxt uşaqların ayaqlarının altında xırçıldayan duzlu torpaq yoxa çıxmışdı. Onun yerinə çirkablı lehmə yaranmışdı. Evindən, həyətindən çıxan tullantıları dayanacaqdakı zibil qutularına qədər aparmağa ərinən tənbəl sakinlər qamışlıqda yaratdıqları zibilliyi gündən-günə bəsləyib-böyüdür, təpəciyə çevirirdilər. Divarlara yazılan allı-güllü söyüşlər zibilliyin böyüməsinin qarşısını ala bilmirdi. Yaxınlıqda yaşayanlar uşaqlardan güdükçü qoyur, əlində zibil torbası ilə tutulanları əməllicə danlayıb yola salırdılar. Amma nə zibil azalır, nə də zibillik təmizlənirdi. Artıq nə sanitar-epidemioloji mərkəzin işçiləri, nə də ovçular gəlirdilər. Onların bu göldən də, qamışlıqdan da ayaqları kəsiləli çox olmuşdu. Küçə itlərinin də sayı artmışdı. Zibilxananın ətrafında pırpız tüklü kök pişiklər peyda olmuşdular. Onlar zibillərin arasında yemək axtarır, elə özləri kimi kök siçovulları tutub yeyirdilər. Qamışlıqdan çıxan ağcaqanad sürüləri havanın sakit vaxtlarında zibilliyi keçib bulud kimi ətrafa yayılırdı. Bu kənddə üç iri göl var idi. Qır gölü, Duz gölü və Qotur göl. Qır gölü yerin təkindən qır kimi qatı neft çıxıb dibinə yayıldığı üçün belə adlanırdı. Duz gölündən duz çıxarılırdı. Bu göldən çıxan duz yüz ilər boyu kənd camaatının dolanışıq mənbəyi olmuşdu. Ərə gedən qızlara verilən ən qiymətli cehiz bir metr duz sahəsi idi. Dəfələrlə duz sahəsinin üstündə dava-dalaş düşmüş, ağappaq duz al-qırmızı qana boyanmışdı. Ancaq indi daha nə duz çıxaran vardı, nə də duz yeri üstə bir-birini boğazlayan. Dövlət gölü çəpərə salıb yanında da duz emalı zavodu tikmişdi… Qotur göldənsə heç nə çıxmırdı. Adi şor göl idi. Digər iki göl kimi Qotur göl də qrunt sularından qidalanırdı. bu gölə “Qotur” adını kim vermişdi, niyə vermişdi, bilinmirdi. Amma adı elə dədə-babadan belə idi. Təyyarə ilə Bakıya gəlib-gedən dostlarının dediyinə görə, yuxarıdan baxanda qır gölü bənövşəyi, duz gölü isə çəhrayı rəngdə görünürmüş. Ancaq onun özü heç vaxt təyyarəyə minmədiyindən göllərə də yuxarıdan baxmamışdı. Duz gölünün yanından hər keçdikcə bu əhvalat yadına düşürdü. Ürəyində təyyarəyə minib bu iki gölə yuxarıdan, ta səmanın yeddinci qatından tamaşa eləmək üçün qarşısıalınmaz istək duyurdu. Bir gün iritonnajlı yük maşınları göründü. Onlar gecə-gündüz haradansa daşıdıqları tullantıları gətirib gölün içinə boşaldırdılar. Sonra həmin maşınlar torpaq da gətirməyə başladılar. Amma uzunluğu beş yüz, eni yüz əlli, dərinliyi dörd metrdən çox olan gölü doldurmaq asan iş deyildi. İki il sonra gölün dörddə üçünü doldurub üzərində yüzlərcə ev tikmişdilər. O, hələ də kirpiklərinin arasındakı ensiz pəncərədən qapqara suyun içindən damları görünən evlərə baxırdı. Keçən il quraqlıq keçdiyindən göl sakinləri çətinliyə düşməmişdilər. Dörd ay öncə leysan yağdıqda ilk subasma yaşandı. Evlərə dolan su yarım metrdən çox qalxmışdı. O vaxt Fövqəladə Hallar Nazirliyinin işçiləri camaatı evlərindən qucaqlarında daşıyıb çıxararkən indi dayandığı yerdən boylanıb baxmışdı. Neçə il idi ki, gölün yaxınlığında yaşayanlar yığışıb Bələdiyyəyə, İcra Hakimiyyətinə gedir, şikayətlərini ard-arda sıralayırdılar: – Məhəlləyə yaxın yerlərə zibil qabları qoyun ki, camaat evindən çıxan zir-zibili torba-torba daşıyıb qamışlığa doldurmasın. İtlərin əlindən uşaqları küçəyə buraxa bilmirik. O günü Cəfərin oğlunu küçə itləri parçalayırmış, güclə əllərindən alıblar. Gölə axan çirkab sularına bir əlac edin. Üfunətdən başımız çatlayır. Qamışlığı dərmanlayın, ağcaqanadların əlindən nə gecəmiz var, nə gündüzümüz. Sonra camaat fikirləşdi ki, Bələdiyyəyə gəlmişkən elə biryolluq gölün qurudulmasını tələb etsinlər. Amma baxdılar ki, bu boyda gölü qurutmaq bələdiyyəlik deyiil, başladılar yuxarıların diqqətini çəkmək üçün yollar axtarmağa. Yolu kəsdilər. Sosial mediada videoçarxlar paylaşıb hay-küy saldılar. Nəhayət, bir pullu işbaz İcra Hakimiyyətinə gedib yerində ev tikib-satmaq qarşılığında gölü quruda biləcəyini bildirib müqavilə imzaladı. Deyirdilər ki, həmən işbaz göl doldurmaqda təcrübəli imiş. Daha öncə Qır gölünü də elə o qurudubmuş… Keçən günləri xatırlayıb başını bulayırdı. “Şaqman”larla haradansa daşıyıb gətirdikləri zir-zibili gölə doldurdular. Onun üstünə köhnə təkərləri tökdülər. Ən sonda təpələrdən oyub gətirdikləri torpağı traktorla yayıb hamarladılar. Gölün torpaqlanıb doldurulmuş hissəsini kərpic dəftərlər kimi asfalt yollarla böldülər. İp tutub him açdılar. İki kərpici beş santım aralı qoyub ipboyu düzdülər. Sonra da arasına sement tökdülər. Bu da oldu evin bünövrəsi. O bünövrələrin də üzərində ikiqatlı evlər tikdilər… Dar həyətli, arxa-arxaya söykənmiş evlər… Hovxurub qırtlağında topladığı tüpürcəyi gölü doldurub yerində evləri tikən şirkətin rəhbərinin üzünə tüpürdü…. – Belə alçaqlıq olar ə? Utanmırsan, bu qədər camaatı aldadıb ətək-ətək pulunu almısan. Əvəzində satdığın evlərə bir bax. Hamısının üstü bəzək, içi təzəkdir. Yerdən-yurddan sular çəkilsin, evlərin hamısı böyrünü verəcək yerə. Bu qədər adamın ah-naləsini alıb necə can verəcəksən ə, sən? – deyə danlamışdı. Qarşısındakı adam cibindən çıxardığı yaylıqla pazı kimi qızarmış sifətindən tüpürcəyi silərkən qulağının dibindən tutarlı bir sillə ilişdirib qovmuşdu: – Rədd ol gözüm görməsin, əclaf köpəkoğlu! Xəyalında da olsa, göl sakinlərinin acığını almışdı. O vaxt gölün suyu çəkilib getdi. Evlərdən də uçan olmadı. Amma indi vəziyyət dörd ay öncəki kimi deyildi. Göl əməlli-başlı dolmuşdu. Ən az iki metr su olardı. məhəllə sakinlərinin və gölətrafı iaşə müəsisələrinin kanalizasiyalarının axıdıldığı hovuzun nasosları da suyun altında qaldığından çalışmırdı. Hovuz dolub-daşır, çirkab su yağmur sularına qarışaraq iyrənc görüntü yaradırdı. Qapqara, zibilli, çirkli görüntü…. Dünəndən Fövqaladə Hallar Nazirliyinin işçilərinin gətirib quraşdırdığı nasos fasiləsiz işləsə də, su nə azalır, nə də çəkilirdi. Göz qapaqlarını araladı. Kirpiklərinin arasından asfalt rəngli suya baxa-baxa: “Göl geri qayıtmaq istəyir, insanlar imkan vermir. Görəsən, bu mübarizədə kim qalib gələcək? Təbiət, yoxsa acgöz insanlar?” – deyə düşünürdü…
Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.
Antiterror əməliyyatlarından bir neçə ay öncə idi… Gecə saat 2-də sərhəd gömrük postumuzda işdə olduğum zaman səfərbərlik idarəsindən zəng gəldi. Bildirdilər ki, müəyyən olunmuş qrupla təcili yola çıxmalıyam. Gecəylə gəlib məni işdən götürdülər. Bakıya qayıdıb evə gedib sağollaşmağa belə imkan olmadı. Təkid etsəm də, arxamca gələn nümayəndə vaxtımızın olmadığını dedi. Belə oldu ki, bir həftəlik ağır hərbi təlimdən sonra bizi əməliyyatlara qoşdular.
Təlimin son günləri idi əməliyyat üçün son hazırlıqlarımızı görürdük. Dağda idik. Telefonum da üstümdə idi. Zəng gəldi. Zəng edən qadın həmkarım idi. Halımı soruşdu, bizə olan hörmətini və ehtiramını bildirdi. Söhbət əsnasında dedi ki, övladının böyüyəndə hərbçi olmasını, Vətəni qorumasını istəyir. Hətta müharibə olsa, tərəddüt etmədən göndərəcəyini də dedi. Mən qeyri-ixtiyari soruşdum ki, doğrudan düşünmədən övladını müharibəyə göndərərsən? Cavabı qəti oldu:
-Əlbəttə! Mən isə dedim ki,inşallah övladlarımız sülh içində böyüyər, heç müharibə görməzlər… Müharibə ağırdır, ağrılıdır. Mən övladımı müharibəyə göndərmək qərarını asan verə bilmərəm… Bir anlıq susdu… sonra dedi: -“Mən səni vətənpərvər bilirdim… Heç səndən gözləməzdim”… Üstümdəki palçığa, silahıma, dağlara baxdım… Heç nə demədim.Sağollaşdıq. Telefonu söndürdüm.
O qız pis insan deyildi. Əksinə, Vətəni sevən biri idi. Bunu danışığından da hiss etmək olurdu. Amma mənə “vətənpərvər deyilsən” demişdi… Onun bu sözü bəzən yadıma düşür.
Əməliyyatları yerinə yetirib sağ-salamat geri döndüm. Gördüm ki, həyat hamı üçün əvvəlki kimi davam edir. Heç kim nə yaşadığımızı bilmirdi… Heç kim bizi xatırlamırdı… Yalnız bir nəfər xatırlamışdı və o da mənə bu sözləri demişdi… O mənə o sözləri deyəndə heç bilmədi ki, susuzluqdan ciyərlərim necə yanır… Ayaqlarım yeriməkdən necə taqətdən düşüb…. Patinka dabanlarımı necə yara edibsə hər addım atanda ağrısı ürəyimə sancılır…
Bu gün təsadüfən bir paylaşımı qarşıma çıxdı. Fərqinə vardım ki, məni feysbukda dostluqdan çıxarıb. Pis oldum… həm də çox pis oldum…
Hərə vətəni bir cür sevir… Hər kəs vətən sevgisini fərqli hiss edir. Kimi vətən sevgisini sözlə ifadə edir, kimi isə onu içində daşıyır…
Bulud qəzəbini dağlara tökdü, Göyün sevincindən rəngi boğuldu. O gün Şamaxının tən ortasında İbrahim adında uşaq doğuldu. Atası Əlinin gözləri doldu, Buludlar lal oldu bu heyranlığa. Uşaq adi uşaq deyildi, şükür, Təbiət çırpındı bircə anlığa. Bütün el-elata müjdə verildi, Qohumlar təbrikə yığıldı o gün. Sanki kəhkəşanda söz məna verdi, Şeirin ulduzu doğuldu o gün. Çatdı yavaş-yavaş həddi-buluğa, Hər gün əmisindən öyrəndi elmi. Şeir qəvvasıtək dəryada üzdü, Alimlər soruşdu: O, kimdi, ləlmi? Hamı heyran qaldı bu yaranışa, Zaman bəlli etdi o uşaq kimdi. İllər qatar kimi ötüb keçdikcə O da yaxşı bildi bu həyat qəmdi. Böyüdü, zəkalı bir cavan oldu, Şeiri, şeiriyyəti elə yayıldı. Az vaxtda hörməti artdı şəhərdə, Şirvanın hörmətli şəxsi sayıldı. Şeirin diliylə bəyan elədi: Nəfslə gələcək dünyanın sonu. Müdhiş büllur kimi özünə çəkdi, Bir gün Şirvanşahlar sarayı onu. Burda diqqət etdi əyyanlar ona, Müti savadsızlıq işini gördü. Din, cahillik xofu sıxdı canını, Dinlə arasında bir divar hördü. Şaha başqa cürə ərz eylədilər: Guya dinə qarşı çıxır Xaqani. Şairsə başqa şey demişdi qəti: Din nə bir xülyadı, nə də ki cani. Heyif ki, aranı qatanlar artdı, Şahın da başını “yedilər” belə. Paxıllıq işini gördü necə də, Şairi beləcə “atdılar selə”. Şahın əmri ilə həbs olundu o, Zindana atdılar el şairini. O, burda həbsiyyə şeiri yazdı, Geniş təqdir etdi elmlə dini. Xeyli vaxt zindanda qaldı səbəbsiz, Cavankən ömrünə xal saldı tale. Həyat necə acı, necə amansız… Gəl, indi bu sirri öz-özünə de. Zindan şair üçün dar qəfəs idi, O, bura — zindana sığmırdı qəti. Saçları çallaşdı, yanağı soldu, Ona adi gəldi ömrün sürəti. Bir gün sona çatdı zindan həyatı, Şairi azadlıq bərk qucaqladı. Ona — qal, — dedilər, — saray sənindir, Osa — sizin olsun, — deyib çağladı. Saray həyatına alışmadı o, Saray onun üçün ötəri yerdi. Bir-birindən gözəl əsərlər yazdı, O, burda ömrünün gücünü verdi. Xalqın cahilliyi qəlbini sardı, Ürəkdən acıdı avam kəslərə. Yetən din üstündə qınadı onu, O, önəm vermədi yalan səslərə. Tərk etdi Şirvanı — Şamaxını o, Küsdü doğulduğu yurddan-yuvadan. Xaqani üz tutdu qürbətə sarı, Qürbət iyi gəldi qəfil havadan.
İkinci hissə — Qürbət, zirvə və əbədiyyət
Şamaxıda qalmağı faydasız sandı şair. O, bu diyarçun söndü, zülmətə qərq oldu yer, Başqa bir məmləkətin fövqündə yandı şair. Tərk etdi Şamaxını, üz tutdu qürbət elə, Dedi: — Bu ellər niyə səs vermədi naləmə?! Yaxın Şərq ölkələri qarşıladı şairi, O, burda bir işıqtək şölə saçdı aləmə. Neçə Şərq ölkəsində səfərdə oldu şair… Səfər həyatı onu əldən salmışdı düzü, Saçları çallaşmışdı, yaşı olmuşdu əlli. Xaqani kim idi, o, hansı gücə sahibdi? — “Töhfətül-İraqeyn” poemasından bəlli. Mərsiyəsi, qəzəli, mədhiyyəsi bir ayrı, Rübai, qəsidəsi cana məlhəm olurdu. Yayıldıqca aləmə dünya dada gəlirdi, “Həbsiyyə” şeirləri ürəklərə dolurdu. Xaqani bir duyğutək Təbrizdə qaldı artıq, Qırıldı odlu eşqin ürək sızladan simi. O dövrün şairləri qəmi qəsidə sandı, “Şinniyə” və “Mədain xərabələri” kimi. Qayıtmadı geriyə, Şamaxı darıxsa da, Şair küsdü öz doğma elindən-obasından. Nə naləyə baxdı o, nə də aha susadı, İnad eləmək ona keçmişdi babasından. Ondan ötrü darıxdı Şamaxının dağları, Ondan ötrü darıxdı Nizami Gəncəvi də. Qəti idi qərarı, Təbrizdə qaldı şair, Bilmədi viran qalıb o yurddakı evi də. Şamaxıdan çıxanda Məkkəyə getmişdi o, Ziyarət eyləmişdi müqəddəs torpaqları. Səfər həyatı boyu müşahidə aparmış, Yaşıl kağız bilmişdi ağacda yarpaqları. Həyatı bu minvalla qürbət taxtında keçdi, Nə zülümdə axtarır onu, nə şərdə bilir. Nizaminin şairtək yetişməsində onun Böyük rolu var idi, bunu bəşər də bilir. Yetmiş yaşı var idi, ahıl olmuşdu artıq, Ölümün acıları qəfil qurmuşdu hana. Bir gün əcəl başının üstündə durdu söztək, Şair vida elədi doymadığı cahana. Bəşər necə pərişan, dünya necə lal idi, Onun ucalığını qanmaz idi hər nadan. Göy qapqara qaralmış, buludlar ağlayırdı, Xaqani köç edirdi daş atdığı dünyadan. Təbrizin söz ordusu hazır durmuşdu o gün, Onu yola salırdı ağrı deşən göz ilə. Nizami eşidəndə şair köçüb dünyadan, Dedi ki, bax mən indi yetim qaldım söz ilə. Daha yazmaz qələmim, ya da olar qəmxana, Daha məni yandırar içimdəki bu ahım. Necə dözəcəm axı mən onun yoxluğuna? Xaqaniydi dayağım, o idi qibləgahım. Ustadının ölümü çox ağrıtdı içini, Yaşlı, qoca adamtək göynədi, büküldü o. Ruhən də, ehkamca da dünyasından ayrıldı, Şamaxını tərk edib Gəncəyə çəkildi o. Dünya Xaqani adda bir zinəti itirdi, Buna zaman günahkar, buna insanlar səbəb. Neçə vaxtdı şairə bir “heykəl yonuram” mən, Nədənsə duyğulara ilişib, gəlmir ki, təb. Xaqani — böyük şair köçüb getdi uzağa, Qəbri ana yurdundan uzaqlarda qalıbdı, Dahi adamların da həyatı acı keçir, Bu əsər də Sonanı lal əzaba salıbdı.