Etiket arxivi: YAZARLAR 44

Kənan Hacı – Qələbəmizə layiq əsər

Sadıq Qarayev – 50

Qələbəmizə layiq əsər

Deyirlər müharibə haqqında əsər yazmaqdan ötrü zamana ehtiyac var. Müharibənin nəticələri bədii təfəkkürün süzgəcindən keçməli, savaşın zahirən görünməyən tərəflərinə aydınlıq gətirilənə qədər sular durulmalı, mənzərə tam aydın görünməlidir. Yazıçı bəzən uzaq məsafədən tarixi hadisələri təfərrüatı ilə görə bilir. 44 günlük Vətən müharibəsində isə görünməyən tərəflər yox idi, hər şey aşkar idi. İşğal altında olan torpaqlarımızın azad edilməsi bizim Vətən və Tarix qarşısında ümdə vəzifəmiz idi. Daxili ahəngin və harmoniyanın dəyişən nisbəti yalnız ruh-cism müstəvisində baş vermir, milli kontekstlər arasında da dəyişir. Sentyabrın 27-sində biz xalq olaraq milli kontekstdə birləşdik və bir yumruğa çevrildik. Dəmir yumruğa! Və tarixi Zəfərimizi qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik. Ən əsası, məğlubiyyət sindromundan xilas olduq. Azərbaycan yazıçısı olaraq bu sətirləri qürur hissiylə yazıram.
Azərbaycan yazıçısından Qələbəmizi əks etdirən əsərlər tələb olunur. Həmin əsərlər yazıldı və bu gün də yazılmaqdadır. Qələm dostum Sadıq Qarayevin bu günlərdə oxuyub bitirdiyim “N” saylı qəhrəmanlıq” romanı 44 günlük müharibənin salnaməsidir. Qələbəmizin mahiyyətini təkcə bədii formada təqdim etməklə kifayətlənməyən yazıçı elmi-fəlsəfi kontekstdə də müharibənin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu isbat edir. Əsərdə erməni-müsəlman savaşının tarixi kökləri araşdırılır, faktoloji əsaslara söykənən mühakimələrlə müharibənin mahiyyəti çözülür. Otuz il ərzində heç bir nəticə verməyən danışıqlar prosesinin aldadıcı illüziyası romanda təhlilə cəlb olunur. Sadıq Qarayevin başqa yazıçılardan fərqi bədiiliklə elmiliyin sintezini, elmi təfəkkürlə bədii düşüncənin vəhdətini yarada bilməsidir. Onun əsərləri akademizm cərəyanının ədəbiyyatımızda ilk nümunələridir. O, hələ 2014-cü ildə nəşr olunmuş “Sahilsiz təzadlar” romanında yazıçı uzaqgörənliyi ilə Şuşanın işğaldan azad edilməsini təsvir etmişdi. Cəmi altı ildən sonra bu romanda təsvir olunan hadisələr gerçəkliyə çevrildi. Çünki yazıçı Ali Həqiqətin yanında idi, intuisiyası onu heç vaxt aldada bilməzdi. Ədalətin nə vaxtsa bərqərar olacağına sarsılmaz inam ona bu əsərləri yazdırırdı.
“N” saylı qəhrəmanlıq” romanı Azərbaycan xalqının haqq işi uğrunda mübarizəsinin salnaməsidir. Bu əsərdə Ali Baş Komandan İlham Əliyevin obrazı o qədər mükəmməlcəsinə yaradılıb ki, bədii sözün qüdrətinə heyran qalmamaq mümkün deyil. Bu da ədəbiyyatımızda bir ilkdir. Onun daimi həmsöhbəti olan general obrazı xüsusilə diqqəti çəkir. Romanın redaktoru Əlisahib Hüseynli çox doğru qeyd edir ki, “əsərdə Ali Baş Komandanla söhbət edən, müstəsna səlahiyyətlər sahibi kimi təsvir edilən, Prezidentin həmişə ona baxdıqda üç rəngli bayrağı xatırladan general obrazı… Azərbaycan xalqının ümumi obrazını xatırladır, bəlkə də dövlətin özüdür, ya da Ali Baş Komandanın özü-özüylə güzgü effekti verən söhbətidir, ya da milli dövlətçiliyimizin işıqlı yolu olan azərbaycançılıq məfkurəsinin simvollaşmış obrazıdır”.
Romanın strukturunda bu iki şəxsin dialoqu ədəbi-bədii fənd olaraq çox uğurlu tapıntıdır və demək olar ki, süjet xəttinin lokomotividir.
Azərbaycan xalqının humanist obrazı Əlinin vəhşi ayının parçalamaqda olduğu ermənini xilas etməsi səhnəsində əyani şəkildə təqdim olunur. Yerlər dəyişsəydi, erməni Əlini ayının pəncəsindən xilas edərdimi?! Bu suala müsbət cavab vermək çətindir.
Əlinin Zori ilə dialoqu ibrətamizdir. Əli bu erməniyə izah etməyə çalışır:
“Vardan, sən yaz vaxtı təpələrdəki otları görmüsən? Tez göyərib istilər düşənədək toxum verib, tez də solurlar. Çünki kökləri çox zəifdir, dərinə gedə bilmir. Bax, sizin də tarixinizin, vətənpərvərlik ideyalarınızın, məfkurənizin bu cür efemer bitgilər kimi kökü yoxdur”.
Dialoq davam etdikcə görürsən ki, Əlinin nitqində zərrə qədər təhqir elementi yoxdur. O, həqiqətləri aydın formada, soyuqqanlı şəkildə qarşısındakı əsirə izah edir. Bu, bizim xalqın alinəcablığını və humanizmini göstərən yüksək keyfiyyətlərdir.
Romanda o qədər qan donduran təsvirlər var ki, bu barədə yazmaq istəmirəm. Qarşı tərəfin törətdikləri əməllər bəşəriyyət üçün üzqarasıdır. Keçmişdən ibrət dərsi almaq üçün bu kitabı mütləq oxumaq lazımdır. Yaddaşımızı daim oyaq saxlamaq üçün oxumalıyıq.
“N” saylı qəhrəmanlıq” romanı Qələbəmizə layiq bir əsərdir. Belə bir əsəri yalnız qalib xalqın yazıçısı yaza bilərdi. Bu münasibətlə dəyərli yazıçı dostum Sadıq Qarayevi ürəkdən təbrik edirəm!

18 iyun, 2024

Müəllif: Kənan HACI

KƏNAN HACININ YAZILARI

SADIQ QARAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Maral” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Maral” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavidin “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Hüseyn Cavid 4 pərdəli “Maral” faciəsini 1913-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə geniş bir şəkildə toxunulmuşdur. H.Cavidin “Maral” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Maral” faciəsində kübar ailələrdə olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Maral” faciəsinin baş qəhrəmanı olan Maralın xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib olan varlı, 48 yaşında, ortaboylu, şişmanca bir mülkədar olan Turxan bəy ilə ailəli olan 16 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz idi. Mülkədar olan Turxan bəy Maralı kübar və zadəgan bir xanım edərək, xoşbəxt etdiyi düşüncəsində idi. Lakin əsər boyu hadisələr tamamilə bunun əksini göstərirdi. Hüseyn Cavid “Maral” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Maral mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çarəsizliyinə, məsumluğuna, romantik duyğularına məğlub olmağına, məhəbbətində uğursuz olmağına görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Çarəsizlik, məsumluq, romantik duyğularına məğlub olmaq Maral obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral 16 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. O, əsərdə burjua-zadəgan mühitinin iç üzünü öz sözləri ilə ifşa edir. Əsərin baş qəhrəmanlarından olan Turxan bəy bir mülkədar olaraq, özünü əsl öz sinfinin nümayəndəsi kimi xarakterizə edirdi. Turxan bəyin əsərdə oğlu kimi təqdim olunan Cəmil bəy 27 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir gənc idi. H.Cavid Maralın faciəsini onun öz sözləri ilə oxucuya belə çatdırır. “İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu”.                                                     

    Əsər boyunca Turxan bəyin “Fəzilət də paradadır, insaniyyət də”… kimi fikirləri onun mənəviyyatı haqqında oxucuda dolğun məlumat yaradır. Əsərdə Turxan bəy və Maral xəttinin uğursuz ailə münasibətinə qarşı Cəmil bəy və Humay sevgisi təsvir olunmuşdur. Cəmil bəy Humayı bütün ruhu, bütün vücudu ilə sevirdi. O, Humayın eşqindən dərdə düşmüş, ah çəkməkdən yorulub, cavan vaxtında saralıb, solmuşdu. Cəmil bəyin Məcnun kimi sevdiyi Humay olduqca mərhəmətli, mehriban, lakin nişanlı bir qız idi. İffətli qız olan Humay Cəmil bəylə ailə qurmağa ancaq nişanlısının intihar xəbərini eşitdikdən sonra razı olur.                               

   H.Cavidin “Maral” faciəsində Cəmil bəy Humaya öz sevgisini belə elan edir. “Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq… Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar”.                                                                                                      

Əsər boyunca Turxan bəyin qadın haqqındakı fikirləri dəyişilməz xətt ilə oxucuya çatdırıldı. “Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və yumşaq əllərilə məhv olub getmişlər… Şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm”.                 

Turxan bəy xarakter etibari ilə bədbin və mərhəmətsiz şəxs olduğu üçün qadınlardakı məsumanə və mələkanə xislətləri, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətləri görmürdü. H.Cavidin “Maral” faciəsinin əsas obrazı olan Maral Turxan bəylə ailə qurandan sonra onun murdar xasiyyəti ilə bacarmayıb, qoşulub qaçmağı yeganə çarə kimi görürdü, lakin iffəti bu əməli etməyə ona icazə vermirdi. Maralın çarəsiz və bədbəxt olmasının tək günahkarı Turxan bəy idi. Bu əzablı yaşayışa dözə bilməyən Maral Arslan bəyin təkidlərinə inanaraq, onunla xoşbəxt yaşayacağını ümid edərək, Turxan bəydən qurtulmaq məqsədi ilə yeni bir həyata başlamaq üçün Turxan bəyin evini tərk etmək istəyəndə, onun əli ilə silahla öldürülür. Məzlum Maralı öldürdükdən sonra, Arslan bəyi nişanlayaraq, öldürmək istəyən Turxan bəy Arslan bəy tərəfindən yaralanır. H.Cavid “Maral” faciəsində Maral obrazının məhzun və acı həyatının təsviri ilə zəmanənin mənzərəsini təsvir etmişdir.  

    H.Cavidin “Maral” faciəsi ədibin idrak tərzini və ideya-estetik prinsiplər sistemini özündə ehtiva edir. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu tamamilə dolğun bir şəkildə özünü əks etdirmişdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru