Kateqoriya arxivləri: Hüseyn Cavid

HÜSEYN CAVİDİN “AZƏR” POEMASINDA MİLLİ AZADLIQ DUYĞULARININ POETİK TƏCƏSSÜMÜ

HÜSEYN CAVİDİN “AZƏR” POEMASINDA MİLLİ AZADLIQ DUYĞULARININ POETİK TƏCƏSSÜMÜ

Azərbaycan dramaturgiyasının düşünən beyni, ədəbi, ictimai zəka sahibi Hüseyn Cavid, dram və faciə janrlarında ədəbiyyatımıza bir-birindən dəyərli əsərlər bəxş etmişdir. Bunlara misal olaraq “Ana” (1910), “Maral” (1912),“Şeyx Sənan” (1914), “İblis” (1918), “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933) “Xəyyam” (1935), “İblisin intiqamı” (1937) əsərlərini göstərmək olar. Lakin onun mənzum poeziyası da məzmun və ideya baxımından dövrünü aşan bir aktual gücə malikdir.
Böyük mütəfəkkirin azadlıq mücadiləsini və milli müstəqillik ideyalarını parlaq şəkildə simvolizə edən mənzum əsərləri sırasında dastan ruhunda qələmə alınmış “Azər” poeması xüsusi yer tutur. 1926-cı ildə Almaniyada səfərdə olarkən qələmə aldığı “Azər” poeması azadlıq ideologiyası kontekstində həm bədii, həm də siyasi mövqe tutur. Hüseyn Cavidin azadlıq duyğularına poetik güzgü tutması əsərin dilini və ruhunu daha da zənginləşdirir, ona dərin mənəvi çalarlar qatır. “Azər” poeması, əslində, Cavidin azadlıq sevdasının, hürriyyət eşqinin və milli istiqlal duyğusunun daxili mübarizələr və sarsıntılarla müşayiət olunan ruhsal-poetik təcəssümüdür. Əsər bir neçə hissədən ibarətdir: “Azər düşünürkən”, “Gecə aydınlığı və gün doğuşu”, “Azərin cavabı”, “Qərbə səyahət”, “Azad əsirlər”, “Rəssamın qızı”, “Kömür mədənində”və s.
Azərin düşüncələrə dalması səhnəsində xəyalların ağuşuna çəkilən, içinə qapanmış bir insanın qaranlıqda susqun bir sevdalı çırpıntısı aydın sezilir. O, Şərqə doğacaq Günəşin qaranlıqları qovacağına ümid bəsləyərək, müdrik qəlbinin sükutu ilə bu işığa çıxacağı anı səbirsizliklə gözləyir. Gecənin aydınlığında dəniz sahilində gəzişərkən Azərin rəssam qıza cavabı isə əslində Hüseyn Cavidin daxili dünyasının dil açan həqiqətidir — azadlıq ideologiyasının parlaq işartısı, fərdlərin ümumbəşəri narahatlığı, haqq və ədalət zəminində səslənən vicdani çağırışıdır. Hürriyyət naminə aparılan siyasi mübarizələr və edilən üsyanlar Azərin dilindən söylənilən haqqın təntənəsinin poetik məhsuluna çevrilir:

Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzliyorkən sevgi yolu
Acı duydum hər kölgədən.
Bir yoqsulum, hər diləyim
Diz çökdürür zənginləri.
Bir arifim, bilmədiyim,
Aşar durur ənginləri.

Əsərin ruhu eyni zamanda Qərb və Şərq düşüncə sistemlərinin sintezində formalaşır. Cavid bu sintezi estetik və fəlsəfi baxımdan harmonik şəkildə təqdim edərək “Azər” obrazını həm milli, həm də ümumbəşəri simvola çevirir.
Poemanın lirikasında şairin daxili aləmi və poetik manifesti birbaşa təqdim olunur. Hüseyn Cavidin aşağıdakı misraları onun mənəvi aləminin, azadlıq duyğusunun və estetik iradəsinin poetik təcəssümüdür:

Bən əbədi hürriyyətin
Sevdalı bir cilvəsiyim.
Anlaşılmaz bir xilqətin
Parlar, sönər şö’ləsiyim.

Hüseyn Cavidin sərt mübarizə ruhlu qəhrəmanının üsyankar mövqeyi, əsərin analitik nəbzini tutaraq onun əsas ideyasını — milli azadlıq dəyərlərini — simvolik şəkildə daşıyır. Cavid sanki ruhdaşı olan Azər vasitəsilə oxucu ilə ruhi bir əlaqə qurur, hiss və düşüncələrini poetik dillə ötürür. Bu zəngin mənəvi epoxanın təməlində məhz azadlıq duyğularının bədii kontekstdə ifadəsi dayanır. Həmçinin milli-mənəvi dəyərlər kontekstində Hüseyn Cavid “Azər” obrazını irfani baxışlarla yetkinləşdirir, ona mənəvi dayaq və ruhi güc bəxş edərək mücadiləçi qəhrəman səviyyəsinə yüksəldir.
Qərb və Şərq təfəkkürünün kəsişdiyi məkanda dayanan Azər, daxilindəki sıxıntıya qalib gələrək hürriyyət arzusuyla, yeniliyə can ataraq uzun bir mənəvi səyahətə çıxır. Bu səyahət zamanı ona bələdçilik edən xatirələr, keçmişin enişli-yoxuşlu anlarını mütəmadi olaraq xatırladır. Hüseyn Cavid bu əsərdə həmçinin qədim mifik eybəcərliklərə toxunaraq köhnəliyi, xurafatı sərt şəkildə tənqid obyektinə çevirməklə dövrün ziddiyyətlərlə dolu sosial-siyasi çatışmazlıqlarını bədii formada ifşa edir. Azərin sosial əhatə dairəsi əsasən məzlumlar və yoxsullar olsa da, o, məhz bu sadə və zəhmətkeş kütlənin hayqıran səsi kimi çıxış edərək, haqq savaşının ön sırasına keçir. Əsərdə ənənə və qayda-qanunlara yanaşmada isə Şərqə deyil, Qərbə meylli təfəkkür sistemi daha üstün mövqedə dayanır.
Poemanın daha bir təsirli parçası sayılan “Kömür Mə’dənində” Hüseyn Cavidin özünün qeydlərinə əsasən Almaniyanın Rur civarında yazılmışdır. Hətta bir igidin dilindən səslənən “Bizim dağlar mayıs röyasına bənzər, Yamaclarda sürü-sürü ceyran gəzər” misraları sanki Cavidin baxış bucağından Azərbaycan istiqlaliyyətinin doğduğu mayıs dönəminə poetik bir səfər edir. Bu “mayıs sevdası” bir igidin dilində, xoş ümidlə xatırlanan incə bir şərqiyə çevrilir — keçmişə duyulan sevginin, azadlıq arzularının, ruhsal sükutun həsrətli ifadəsinə bürünür. Lakin burada ən ağrılı və sarsıntılı məqam ondan ibarətdir ki, mədəndə gecə-gündüz alın təri ilə zəhmətə qatlaşaraq çalışan fəhlələrin haqqı tapdalanır, hüquqları pozulur. Azər isə müşahidəçi qismində bu hadisələrin kənardan izləyicisi kimi çıxış edir. Şəxsiyyət vicdanını və insanlıq duyğusunu itirmiş müdirin qarşısında zülmə, haqsızlığa, ədalətsizliyə susmayan ixtiyar fəhlə –onunla qarşıdurmaya biganə qalmayıb, öz etirazını bildirir.Bu məqamda Azər ona ağıllı məsləhətlə təsəlli verərək, insani mövqedən çıxış edir. İxtiyar isə işdən uzaqlaşdırılaraq haqqında həbs qərarı verilən bir adam kimi, müdirə “Xayır, getməm, dedi acım, yoq yerim, Ölsəm belə burda ölmək istərim” – sözlərini söyləyərək, onun qəlbinə mərhəmət toxumu səpmək istəsə də, nəticədə hökm icra olunur. Bu ixtiyar “mücrim” kimi, yəni günahkar kimi həbsə atılır. Beləliklə, ədalətsizliyin hökm sürdüyü bu mədəndə Azərin şahidlik etdiyi acı və üzüntülü bir hadisə baş verməsilə bu səhnə əsərin təsirli final nöqtələrindən birinə çevrilir.
Azər bəzən duyğulanır, üzülür, yorulur, lakin onun üsyankar təbiəti haqqın səsinin içində boğulmasına imkan vermir. Bu daxili səs sükuta məhkum edilmir, əksinə, ruhun dərinliklərindən qoparaq zahirə çıxır və aydın şəkildə eşidilərək ali zümrələrə qədər çatır. Azər — mənəvi cəhətdən daxili zəngin, dərin və müdrik düşüncəli sadə bir qəhrəman kimi — xalqın haqq-ədalət harayının susmaz carçısına çevrilir.
Azər obrazı təkcə bir fərdin deyil, bütöv bir xalqın vicdanının, sükutunun və haqq axtarışının poetik simvoludur. Azərin azadlıq duyğusu altında coşan daimi axtarışları əsərin bütün hissələrində haqq və ədalətə işarə edir. Hər bir bölümdə onun ruhunun dərinliyindən gələn bu səs duyulur. Azər gah düşünür, gah susur, gah da içində çırpınan haqsızlığa qarşı durur. Onun ruhundakı axtarışlar əsərə xüsusi bir məna qatır.
Qeyd edək ki, bədii-estetik zəngin, fəlsəfi düşüncə tərzi Hüseyn Cavid yaradıcılığında dərin, axıcı, ibrətamiz və hikmətli xarakter daşıyır. Bu hikmətin sehrinə sığınan mənəvi dəyərlər, tarixin keşməkeşli mərhələlərindən keçərək, bir xalqın boğulmuş azadlıq ideyasının formalaşmasına güclü təkan verir.
Əsərin epiloqunda gəncliyə xitabən səslənən misralarda ümidli sabahların gur yanan işığı aydın şəkildə hiss olunur. Burada Hüseyn Cavid yeni quruluşdan deyil, əsarət altına alınmış, lakin ruhən azad olan bir millətin gələcəyini gəncliyin düşüncəsində və çarpışmasında görür. Gənclik — artıq yalnız müşahidəçi deyil, tarixi dəyişəcək gücə sahib bir qüvvə kimi təqdim olunur.

Bu gün gəncliyə baksan,
Bir sel kimi hər an
Sağlam, yeni məfkurələr izlər.
Bizlər?
…Bizlər yeniləşsək belə, daim,
Bir əskilik az-çox bizə hakim…
…Onlar qoşacaq, çırpışacaqlar,
Bir çox uçurumlar aşacaqlar.
Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var: ancaq yeniləşmək!
Onlardakı himmət və mətanət
Qırmaclayacaq Şərqi nihayət.
Onlardakı qüdrət və məharət,
Er-gec vercək xalqa səadət.
…Onlar güləcək güldürəcəklər,
Bizdən daha xoş gün görəcəklər!

Cavid gələcək gəncliyə işıqlı ümid və sonsuz inam bəsləyir, doğulduğu, yaşayıb-yaratdığı məmləkətin bir gün azadlıq, firavanlıq tapacağını uzaqgörənliklə qarşılayır.
Janr etibarilə lirik-romantik üslubda yazılmış “Azər” poeması milli ruhu, azadlıq ideyasını və insanın mənəvi dünyasını əhatə edən dərin fəlsəfi və estetik qatlarla zənginləşdirilmişdir.
Bu əsər milli azadlıq uğrunda aparılan haqq savaşının və çəkilən mübarizənin mənəvi yüksəlişlə nəticələnən poetik-bədii ifadəsidir. Hüseyn Cavid bu əsəri ilə həm öz ruhunun, həm də bir millətin zəncirlərini qırmağa çalışan azad düşüncəsinin hayqırtısını poeziya ilə dilləndirməyə nail olmuşdur.

Nəticə:
Hüseyn Cavidin “Azər” poeması, yalnız bir fərdin deyil, bütövlükdə bir xalqın azadlıq arzularının və mübarizəsinin poetik təcəssümüdür. Azər obrazı, milli müstəqillik ideyalarının, haqqın və ədalətin axtarışının simvoluna çevrilərək, Cavidin estetik və fəlsəfi baxışlarını ifadə edir. Şərq və Qərb düşüncə sistemlərinin sintezi əsərdə azadlıq və müstəqillik ideyalarının qlobal ölçüdə təhlilini təqdim edir. Hüseyn Cavid, bu əsərində yalnız özünün, həm də bir millətin ruhunu poeziya ilə ifadə edərək, azadlıq və firavanlıq uğrunda mübarizənin mənəvi yüksəlişini vurğulamışdır. Beləliklə, Cavidin “Azər”i milli azadlıq mücadiləsinin, insanlıq haqqının və mənəvi yüksəlişin poeziya ilə ifadə olunan dərin bir simvoludur.

Müəllif: Sevinc Ədalətqızı

HÜSEYN CAVİD HAQQINDA

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Maral” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Maral” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavidin “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Hüseyn Cavid 4 pərdəli “Maral” faciəsini 1913-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə geniş bir şəkildə toxunulmuşdur. H.Cavidin “Maral” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Maral” faciəsində kübar ailələrdə olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Maral” faciəsinin baş qəhrəmanı olan Maralın xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib olan varlı, 48 yaşında, ortaboylu, şişmanca bir mülkədar olan Turxan bəy ilə ailəli olan 16 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz idi. Mülkədar olan Turxan bəy Maralı kübar və zadəgan bir xanım edərək, xoşbəxt etdiyi düşüncəsində idi. Lakin əsər boyu hadisələr tamamilə bunun əksini göstərirdi. Hüseyn Cavid “Maral” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Maral mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çarəsizliyinə, məsumluğuna, romantik duyğularına məğlub olmağına, məhəbbətində uğursuz olmağına görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Çarəsizlik, məsumluq, romantik duyğularına məğlub olmaq Maral obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral 16 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. O, əsərdə burjua-zadəgan mühitinin iç üzünü öz sözləri ilə ifşa edir. Əsərin baş qəhrəmanlarından olan Turxan bəy bir mülkədar olaraq, özünü əsl öz sinfinin nümayəndəsi kimi xarakterizə edirdi. Turxan bəyin əsərdə oğlu kimi təqdim olunan Cəmil bəy 27 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir gənc idi. H.Cavid Maralın faciəsini onun öz sözləri ilə oxucuya belə çatdırır. “İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu”.                                                     

    Əsər boyunca Turxan bəyin “Fəzilət də paradadır, insaniyyət də”… kimi fikirləri onun mənəviyyatı haqqında oxucuda dolğun məlumat yaradır. Əsərdə Turxan bəy və Maral xəttinin uğursuz ailə münasibətinə qarşı Cəmil bəy və Humay sevgisi təsvir olunmuşdur. Cəmil bəy Humayı bütün ruhu, bütün vücudu ilə sevirdi. O, Humayın eşqindən dərdə düşmüş, ah çəkməkdən yorulub, cavan vaxtında saralıb, solmuşdu. Cəmil bəyin Məcnun kimi sevdiyi Humay olduqca mərhəmətli, mehriban, lakin nişanlı bir qız idi. İffətli qız olan Humay Cəmil bəylə ailə qurmağa ancaq nişanlısının intihar xəbərini eşitdikdən sonra razı olur.                               

   H.Cavidin “Maral” faciəsində Cəmil bəy Humaya öz sevgisini belə elan edir. “Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq… Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar”.                                                                                                      

Əsər boyunca Turxan bəyin qadın haqqındakı fikirləri dəyişilməz xətt ilə oxucuya çatdırıldı. “Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və yumşaq əllərilə məhv olub getmişlər… Şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm”.                 

Turxan bəy xarakter etibari ilə bədbin və mərhəmətsiz şəxs olduğu üçün qadınlardakı məsumanə və mələkanə xislətləri, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətləri görmürdü. H.Cavidin “Maral” faciəsinin əsas obrazı olan Maral Turxan bəylə ailə qurandan sonra onun murdar xasiyyəti ilə bacarmayıb, qoşulub qaçmağı yeganə çarə kimi görürdü, lakin iffəti bu əməli etməyə ona icazə vermirdi. Maralın çarəsiz və bədbəxt olmasının tək günahkarı Turxan bəy idi. Bu əzablı yaşayışa dözə bilməyən Maral Arslan bəyin təkidlərinə inanaraq, onunla xoşbəxt yaşayacağını ümid edərək, Turxan bəydən qurtulmaq məqsədi ilə yeni bir həyata başlamaq üçün Turxan bəyin evini tərk etmək istəyəndə, onun əli ilə silahla öldürülür. Məzlum Maralı öldürdükdən sonra, Arslan bəyi nişanlayaraq, öldürmək istəyən Turxan bəy Arslan bəy tərəfindən yaralanır. H.Cavid “Maral” faciəsində Maral obrazının məhzun və acı həyatının təsviri ilə zəmanənin mənzərəsini təsvir etmişdir.  

    H.Cavidin “Maral” faciəsi ədibin idrak tərzini və ideya-estetik prinsiplər sistemini özündə ehtiva edir. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu tamamilə dolğun bir şəkildə özünü əks etdirmişdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər. Hüseyn Cavidin “Uçurum” pyesi.

Hüseyn Cavidin “Uçurum” pyesi

(resenziya)

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanınınən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Uçurum” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin dörd pərdəli “Uçurum” pyesində öz şəhvət hislərinə görə ruhlarını şeytana satan insanların aqibəti təsvir olunmuşdur. Əsərdə hadisələr İstanbulda baş verir. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Uçurum” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm  pislənilir. Ədib  insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Uçurum” faciəsi əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət və digər insani dəyərlərlə bağlıdır. Ədibin “Uçurum” mənzum pyesinin ana xəttini ailə-məişət məsələləri mövzusu təşkil edir. Romantik olan Hüseyn Cavid “Uçurum” pyesində romantizmlə realizmi qarşılıqlı şəkildə təsvir etmişdir. Hüseyn Cavidin “Uçurum” pyesində bir gənc ailənin faciəsi təsvir olunmuşdur. Ədib əsərdə tipi ümumiləşdirərək yadda qalan obraz nümunələri yarada bilmişdir. Hüseyn Cavid “Uçurum” faciəsində Türk mədəniyyəti ilə Avropa mədəniyyətini qarşılıqlı müqayisəli şəkildə təqdim etmişdir. Əsərdə dəbdəbəli bir həyata yad olan birinin bu həyata anidən düşüb, dəyişən psixologiyasının nəticəsində faciə yaşayıb, məhv olmasının təsviri verilir. Əsərdə “mədəniləşmək” üçün mütləq Avropa ölkələrinə səyahətin zəruri olduğu fikri söylənilir. Hüseyn Cavid bu fikri əsərində təqdim etməklə tamamilə haqlı idi. Çünki o dövrdə belə düşünülürdü ki, mədəni olmaq, ziyalı olmaq üçün mütləq şəkildə Avropa ölkələrinə səyahət etmək lazımdır. Dramaturq isə “Uçurum” faciəsində oxucuya çatdırır ki, savadlı, təhsilli, mədəni, dünyagörüşlü olmaq üçün ölkənin bir fərqi yoxdur. “Uçurum” faciəsində ədib o fikri aşılayır ki, mədəniləşmək üçün mütləq Avropa ölkələrinə səyahət etmək yox, daxildən gələn insanlıq, sevgi, vicdan, mərhəmət, əxlaq hislərinə sahib olmalısan. “Uçurum” faciəsinin baş qəhrəmanı olan rəssam Cəlal bu insani hislərə sahib olmadığı üçün Parisə gedən kimi şəhvani hislərinə sahib çıxa bilməyib, gününü eyş-işrətlə keçirib mənasız və səfeh bir həyat sürməyə başlayır. Hüseyn Cavid “Uçurum” pyesində Cəlalın məhv olmuş həyatının nümunəsində gəncləri ədəbli, namuslu, ağıllı, dərrakəli, öz doğma yurduna, ölkəsinə, adət-ənənələrinə, ailə münasibətlərinə dəyər verən kimi görmək istədiyini açıq bir şəkildə göstərir. Əsərdə Türk ailə dəyərində mühüm yer tutan əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət anlayışları Avropanın puç, yalançı göz oxşayan “xoşbəxt” həyatı ilə qarşılaşdırılır. Hüseyn Cavid Türk ailə münasibətlərinə, ər və arvadın bir-birinə olan saf eşqinə, sədaqətinə əsərdə çox yüksək qiymət vermişdir. Hüseyn Cavidin “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjel ilə ailəsinə hər nə olursa olsun sadiq qalan ismətli Göyərçin obrazı qarşılaşdırılmışdı. Bu iki obraz əsərdə ümumiləşdirilmiş obraz kimi təqdim olunmuşdır. Ədib ismətli Göyərçinin timsalında Türk ailə münasibətlərini ucaldıb, yüksək dəyər verir. Ərinin yolunu gözləyən vəfalı, saf, namuslu, ismətli Göyərçin onun xəyanəti ilə qarşılaşanda belə ailə dəyərlərinə sahib çıxmağı bacarır. Lakin əsərdə öz vəfası, namusu, isməti ilə seçilən Göyərçin daim göz yaşı içində olur. Həyatı qəm, qüssə, bəla içində keçir. Göyərçin Cəlal ilə yeni evlidir və onun körpə qız övladı var. Buna baxmayaraq, o ailəsini atıb, “mədəniləşmək” üçün Fransaya gedir. Hüseyn Cavid “Uçurum” pyesində Cəlal obrazının simasında çox qabiliyyətli rəssam tipajı yaratmağa nail ola bilmişdir.

Onun bir tablosiçin erkək, qadın,

Bütün İstanbul alqışlarla doldu,

Ondakı qüdrətə hər kəs vuruldu.

Bu bacarıqlı rəssam Cəlalın faciəsi Fransız qadın Anjel ilə tanışlıqdan sonra başlayır. Əsərdə Anjel “Şeytan ruhlu bir mələk! Lətif çiçəkdir, fəqət pək zəhərli bir çiçək”! kimi xarakterizə olunur. Dramaturq əsərdəki Anjel obrazının xarakterini məhz onun öz sözləri ilə oxucuya çatdırır. “Halbuki Anjeldəki gözəlliyə bir yığın Cəlallar qurban olmuş. Gənc qraflar, prenslər əlimdən güc qurtulmuş…”

Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelin timsalında Fransız qadınlarını xarakterizə etmişdir. Ədib Anjelin sevgilisi olan Edmon obrazı vasitəsilə Fransız kişilərinin xarakterini oxucuya çatdırmışdır. Edmon Anjelə daim üzüklər, boyunbağılar, almazlar, incilər, pırlantalar hədiyyə edirdi. Əsərdə bu qədər xəyanətə, haqsızlığa uğrayan Göyərçinin tək ümidi və dəyərlisi nur üzlü qızı Mənəkşə idi. Yalnız bu körpə Göyərçinə dərdlərini unutdururdu. Ümumilikdə isə Göyərçin həyatdan, bütün xilqətdən, bütün kainatdan,  insanlardan gördüyü xəyanətə görə küskün idi. Göyərçin Cəlalın bu xəyanəti ilə bütün səadətli günlərini, bütün eşqini, bütün hissini, xəyalını, fərəhli günlərini, itirən bir qadın idi. O bütün alçaq niyyətlərdən uzaq idi. Cəlal isə əksinə olaraq, ailəsinə olan xəyanətinin nəticəsində fəlakətlərə düçar olub, bütün səadətini itirib, məhv oldu. Cəlal ailəsinə yaşatdığı kədərin, iztirabın, qara günlərin cəzasını çəkərək, məhv olub getdi. Əsərdə yaradılan Cəlalın əxlaqsız metresi Anjel yalnız onun xarakterindəki, ruhundakı eybəcərlikləri ifşa etmək üçün bir vasitə idi. Əsərdə Cəlalın ən böyük əxlaqsızlığı metresi Anjeli qonaq adı ilə öz evinə xanımı Göyərçinin yanına gətirməsi idi. Onun bütün fəlakətləridə məhz bu hadisədən sonra başlayır. Cəlal əxlaqsız metresi Anjeli öz məsum, sevimli uşağındanda üstün tutur, ona görə bu günahsız körpənin canını alır. Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelə Cəlalın, Edmonun, Yıldırımın qul-kölə olmasını, onun yolunda bütün fəlakətlərə düçar olsalar belə ondan əl çəkməməklərini, bu qadına görə məhv olmaqlarını əslində ümumiləşdirmişdir. Cəlal bu xarakterdə olan kişilərin ümumiləşmiş obrazı idi. Ədib demək istəyirdi ki, siz Cəlalların həyatının əxlaqsız Anjellər üçün bir mənası yoxdur. Siz olsanızda, olmasanızda onlar üçün bir mənası yoxdur, onlar özlərinə yeni Cəlallar, Edmonlar, Yıldırımlar tapacaqlar. Ancaq Cəlal nə edir, o, “Gözəl mələk! Cənnət pərisi!” adlandırdığı Anjelin yolunda öz körpəsini eyvandan ataraq, öldürür. Cəlalın cinayəti onun psixoloji vəziyyətini tamamilə pozur. Hər şeydən əvvəl o öz övladının qatili olmuşdu. Cəlalın xarakterindəki quduzluq, azğınlıq, sayğısızlıq, nifrət öz övladının qatili olması ilə üzə çıxmışdı.

Hüseyn Cavid “Uçurum” pyesindəki nəsihət xarakterli fikirlərini Göyərçinin atası Uluğ bəyin sözləri vasitəsilə oxucuya çatdırır.

O gün ki, İstanbulda gənclik fransızlaşdı,

Getdikcə türk evladı uçuruma yaqlaşdı.

Yurdumuzu sardıqca düşkün Paris modası,

Hər kəscə örnək oldu sərsəm firəng ədası.

Sərxoşluq, iffətsizlik sardı bütün gəncləri,

Zəhərləndi getdikcə məmləkətin hər yeri.

Qəhrəman Oğuzların, Böyük Ərtoğrolların

Sarsılmaz xələfləri şimdi həp sapqın, azğın…

Avropadan fəzilət, Himmət, ciddiyyət, vüqar

Dururkən yalnız çürük bir züppəlik aldılar.

Uluğ bəyin sözlərində çox böyük həqiqətlər vardır. O, Cəlalın həyatının məhv olma səbəbini bu sözləri ilə açıb göstərir. Həqiqəti söyləyir. Etdiyi səhvlərə görə köksü parçalanan, ruhu işgəncədən qurtula bilməyən, körpə Mənəkşəsinin soyuq məzarda yatmasına səbəbkar olan Cəlal nə qədər yalvarıb, yaxarsada Göyərçin onu bağışlamır. Cəlal öz əli ilə öz yurdunu, yuvasını, səfasını, xəyalını, müqəddəs saydığı hər şeyi məhv etmişdi. O özü özünü alçaldıb, məhv etmişdi. Ədibin “Uçurum” faciəsi Cəlalın aşağıdakı sözləri ilə bitir. Cəlal öz həyatını, ömür yolunu analiz edir. Bütün həyatının bir puç olduğunu dərk edib, özünü uçurumdan atıb, intihar edir.

Uçurum: qaranlıq, çıqılmaz yolum,

Uçurum: uçurum həp sağım, solum.

Uçurum: duyduğum həqiqət, xəyal.

Uçurum: uçurum yaldızlı amal.

Uçurum: çağlayanlar, kəhkəşanlar,

Uçurum: dənizlər, dağlar, ormanlar.

Uçurum: üfüqlər, əngin fəzalar.

Uçurum: uçurum çılğın dəhalar,

Uçurum: sürəkli, coşqun alqışlar,

Uçurum: uçurum süzgün baqışlar,

Uçurum: şu çirkin, şu alçaq həyat,

Uçurum: uçurum bütün kainat!..

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru