Kənan Hacı – Qələbəmizə layiq əsər

Sadıq Qarayev – 50

Qələbəmizə layiq əsər

Deyirlər müharibə haqqında əsər yazmaqdan ötrü zamana ehtiyac var. Müharibənin nəticələri bədii təfəkkürün süzgəcindən keçməli, savaşın zahirən görünməyən tərəflərinə aydınlıq gətirilənə qədər sular durulmalı, mənzərə tam aydın görünməlidir. Yazıçı bəzən uzaq məsafədən tarixi hadisələri təfərrüatı ilə görə bilir. 44 günlük Vətən müharibəsində isə görünməyən tərəflər yox idi, hər şey aşkar idi. İşğal altında olan torpaqlarımızın azad edilməsi bizim Vətən və Tarix qarşısında ümdə vəzifəmiz idi. Daxili ahəngin və harmoniyanın dəyişən nisbəti yalnız ruh-cism müstəvisində baş vermir, milli kontekstlər arasında da dəyişir. Sentyabrın 27-sində biz xalq olaraq milli kontekstdə birləşdik və bir yumruğa çevrildik. Dəmir yumruğa! Və tarixi Zəfərimizi qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik. Ən əsası, məğlubiyyət sindromundan xilas olduq. Azərbaycan yazıçısı olaraq bu sətirləri qürur hissiylə yazıram.
Azərbaycan yazıçısından Qələbəmizi əks etdirən əsərlər tələb olunur. Həmin əsərlər yazıldı və bu gün də yazılmaqdadır. Qələm dostum Sadıq Qarayevin bu günlərdə oxuyub bitirdiyim “N” saylı qəhrəmanlıq” romanı 44 günlük müharibənin salnaməsidir. Qələbəmizin mahiyyətini təkcə bədii formada təqdim etməklə kifayətlənməyən yazıçı elmi-fəlsəfi kontekstdə də müharibənin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu isbat edir. Əsərdə erməni-müsəlman savaşının tarixi kökləri araşdırılır, faktoloji əsaslara söykənən mühakimələrlə müharibənin mahiyyəti çözülür. Otuz il ərzində heç bir nəticə verməyən danışıqlar prosesinin aldadıcı illüziyası romanda təhlilə cəlb olunur. Sadıq Qarayevin başqa yazıçılardan fərqi bədiiliklə elmiliyin sintezini, elmi təfəkkürlə bədii düşüncənin vəhdətini yarada bilməsidir. Onun əsərləri akademizm cərəyanının ədəbiyyatımızda ilk nümunələridir. O, hələ 2014-cü ildə nəşr olunmuş “Sahilsiz təzadlar” romanında yazıçı uzaqgörənliyi ilə Şuşanın işğaldan azad edilməsini təsvir etmişdi. Cəmi altı ildən sonra bu romanda təsvir olunan hadisələr gerçəkliyə çevrildi. Çünki yazıçı Ali Həqiqətin yanında idi, intuisiyası onu heç vaxt aldada bilməzdi. Ədalətin nə vaxtsa bərqərar olacağına sarsılmaz inam ona bu əsərləri yazdırırdı.
“N” saylı qəhrəmanlıq” romanı Azərbaycan xalqının haqq işi uğrunda mübarizəsinin salnaməsidir. Bu əsərdə Ali Baş Komandan İlham Əliyevin obrazı o qədər mükəmməlcəsinə yaradılıb ki, bədii sözün qüdrətinə heyran qalmamaq mümkün deyil. Bu da ədəbiyyatımızda bir ilkdir. Onun daimi həmsöhbəti olan general obrazı xüsusilə diqqəti çəkir. Romanın redaktoru Əlisahib Hüseynli çox doğru qeyd edir ki, “əsərdə Ali Baş Komandanla söhbət edən, müstəsna səlahiyyətlər sahibi kimi təsvir edilən, Prezidentin həmişə ona baxdıqda üç rəngli bayrağı xatırladan general obrazı… Azərbaycan xalqının ümumi obrazını xatırladır, bəlkə də dövlətin özüdür, ya da Ali Baş Komandanın özü-özüylə güzgü effekti verən söhbətidir, ya da milli dövlətçiliyimizin işıqlı yolu olan azərbaycançılıq məfkurəsinin simvollaşmış obrazıdır”.
Romanın strukturunda bu iki şəxsin dialoqu ədəbi-bədii fənd olaraq çox uğurlu tapıntıdır və demək olar ki, süjet xəttinin lokomotividir.
Azərbaycan xalqının humanist obrazı Əlinin vəhşi ayının parçalamaqda olduğu ermənini xilas etməsi səhnəsində əyani şəkildə təqdim olunur. Yerlər dəyişsəydi, erməni Əlini ayının pəncəsindən xilas edərdimi?! Bu suala müsbət cavab vermək çətindir.
Əlinin Zori ilə dialoqu ibrətamizdir. Əli bu erməniyə izah etməyə çalışır:
“Vardan, sən yaz vaxtı təpələrdəki otları görmüsən? Tez göyərib istilər düşənədək toxum verib, tez də solurlar. Çünki kökləri çox zəifdir, dərinə gedə bilmir. Bax, sizin də tarixinizin, vətənpərvərlik ideyalarınızın, məfkurənizin bu cür efemer bitgilər kimi kökü yoxdur”.
Dialoq davam etdikcə görürsən ki, Əlinin nitqində zərrə qədər təhqir elementi yoxdur. O, həqiqətləri aydın formada, soyuqqanlı şəkildə qarşısındakı əsirə izah edir. Bu, bizim xalqın alinəcablığını və humanizmini göstərən yüksək keyfiyyətlərdir.
Romanda o qədər qan donduran təsvirlər var ki, bu barədə yazmaq istəmirəm. Qarşı tərəfin törətdikləri əməllər bəşəriyyət üçün üzqarasıdır. Keçmişdən ibrət dərsi almaq üçün bu kitabı mütləq oxumaq lazımdır. Yaddaşımızı daim oyaq saxlamaq üçün oxumalıyıq.
“N” saylı qəhrəmanlıq” romanı Qələbəmizə layiq bir əsərdir. Belə bir əsəri yalnız qalib xalqın yazıçısı yaza bilərdi. Bu münasibətlə dəyərli yazıçı dostum Sadıq Qarayevi ürəkdən təbrik edirəm!

18 iyun, 2024

Müəllif: Kənan HACI

KƏNAN HACININ YAZILARI

SADIQ QARAYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir