HÜSEYN CAVİDİN “AZƏR” POEMASINDA MİLLİ AZADLIQ DUYĞULARININ POETİK TƏCƏSSÜMÜ
Azərbaycan dramaturgiyasının düşünən beyni, ədəbi, ictimai zəka sahibi Hüseyn Cavid, dram və faciə janrlarında ədəbiyyatımıza bir-birindən dəyərli əsərlər bəxş etmişdir. Bunlara misal olaraq “Ana” (1910), “Maral” (1912),“Şeyx Sənan” (1914), “İblis” (1918), “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933) “Xəyyam” (1935), “İblisin intiqamı” (1937) əsərlərini göstərmək olar. Lakin onun mənzum poeziyası da məzmun və ideya baxımından dövrünü aşan bir aktual gücə malikdir. Böyük mütəfəkkirin azadlıq mücadiləsini və milli müstəqillik ideyalarını parlaq şəkildə simvolizə edən mənzum əsərləri sırasında dastan ruhunda qələmə alınmış “Azər” poeması xüsusi yer tutur. 1926-cı ildə Almaniyada səfərdə olarkən qələmə aldığı “Azər” poeması azadlıq ideologiyası kontekstində həm bədii, həm də siyasi mövqe tutur. Hüseyn Cavidin azadlıq duyğularına poetik güzgü tutması əsərin dilini və ruhunu daha da zənginləşdirir, ona dərin mənəvi çalarlar qatır. “Azər” poeması, əslində, Cavidin azadlıq sevdasının, hürriyyət eşqinin və milli istiqlal duyğusunun daxili mübarizələr və sarsıntılarla müşayiət olunan ruhsal-poetik təcəssümüdür. Əsər bir neçə hissədən ibarətdir: “Azər düşünürkən”, “Gecə aydınlığı və gün doğuşu”, “Azərin cavabı”, “Qərbə səyahət”, “Azad əsirlər”, “Rəssamın qızı”, “Kömür mədənində”və s. Azərin düşüncələrə dalması səhnəsində xəyalların ağuşuna çəkilən, içinə qapanmış bir insanın qaranlıqda susqun bir sevdalı çırpıntısı aydın sezilir. O, Şərqə doğacaq Günəşin qaranlıqları qovacağına ümid bəsləyərək, müdrik qəlbinin sükutu ilə bu işığa çıxacağı anı səbirsizliklə gözləyir. Gecənin aydınlığında dəniz sahilində gəzişərkən Azərin rəssam qıza cavabı isə əslində Hüseyn Cavidin daxili dünyasının dil açan həqiqətidir — azadlıq ideologiyasının parlaq işartısı, fərdlərin ümumbəşəri narahatlığı, haqq və ədalət zəminində səslənən vicdani çağırışıdır. Hürriyyət naminə aparılan siyasi mübarizələr və edilən üsyanlar Azərin dilindən söylənilən haqqın təntənəsinin poetik məhsuluna çevrilir:
Bən yetişdim atəşlə su Öpüşdüyü bir ölkədən. İzliyorkən sevgi yolu Acı duydum hər kölgədən. Bir yoqsulum, hər diləyim Diz çökdürür zənginləri. Bir arifim, bilmədiyim, Aşar durur ənginləri.
Əsərin ruhu eyni zamanda Qərb və Şərq düşüncə sistemlərinin sintezində formalaşır. Cavid bu sintezi estetik və fəlsəfi baxımdan harmonik şəkildə təqdim edərək “Azər” obrazını həm milli, həm də ümumbəşəri simvola çevirir. Poemanın lirikasında şairin daxili aləmi və poetik manifesti birbaşa təqdim olunur. Hüseyn Cavidin aşağıdakı misraları onun mənəvi aləminin, azadlıq duyğusunun və estetik iradəsinin poetik təcəssümüdür:
Bən əbədi hürriyyətin Sevdalı bir cilvəsiyim. Anlaşılmaz bir xilqətin Parlar, sönər şö’ləsiyim.
Hüseyn Cavidin sərt mübarizə ruhlu qəhrəmanının üsyankar mövqeyi, əsərin analitik nəbzini tutaraq onun əsas ideyasını — milli azadlıq dəyərlərini — simvolik şəkildə daşıyır. Cavid sanki ruhdaşı olan Azər vasitəsilə oxucu ilə ruhi bir əlaqə qurur, hiss və düşüncələrini poetik dillə ötürür. Bu zəngin mənəvi epoxanın təməlində məhz azadlıq duyğularının bədii kontekstdə ifadəsi dayanır. Həmçinin milli-mənəvi dəyərlər kontekstində Hüseyn Cavid “Azər” obrazını irfani baxışlarla yetkinləşdirir, ona mənəvi dayaq və ruhi güc bəxş edərək mücadiləçi qəhrəman səviyyəsinə yüksəldir. Qərb və Şərq təfəkkürünün kəsişdiyi məkanda dayanan Azər, daxilindəki sıxıntıya qalib gələrək hürriyyət arzusuyla, yeniliyə can ataraq uzun bir mənəvi səyahətə çıxır. Bu səyahət zamanı ona bələdçilik edən xatirələr, keçmişin enişli-yoxuşlu anlarını mütəmadi olaraq xatırladır. Hüseyn Cavid bu əsərdə həmçinin qədim mifik eybəcərliklərə toxunaraq köhnəliyi, xurafatı sərt şəkildə tənqid obyektinə çevirməklə dövrün ziddiyyətlərlə dolu sosial-siyasi çatışmazlıqlarını bədii formada ifşa edir. Azərin sosial əhatə dairəsi əsasən məzlumlar və yoxsullar olsa da, o, məhz bu sadə və zəhmətkeş kütlənin hayqıran səsi kimi çıxış edərək, haqq savaşının ön sırasına keçir. Əsərdə ənənə və qayda-qanunlara yanaşmada isə Şərqə deyil, Qərbə meylli təfəkkür sistemi daha üstün mövqedə dayanır. Poemanın daha bir təsirli parçası sayılan “Kömür Mə’dənində” Hüseyn Cavidin özünün qeydlərinə əsasən Almaniyanın Rur civarında yazılmışdır. Hətta bir igidin dilindən səslənən “Bizim dağlar mayıs röyasına bənzər, Yamaclarda sürü-sürü ceyran gəzər” misraları sanki Cavidin baxış bucağından Azərbaycan istiqlaliyyətinin doğduğu mayıs dönəminə poetik bir səfər edir. Bu “mayıs sevdası” bir igidin dilində, xoş ümidlə xatırlanan incə bir şərqiyə çevrilir — keçmişə duyulan sevginin, azadlıq arzularının, ruhsal sükutun həsrətli ifadəsinə bürünür. Lakin burada ən ağrılı və sarsıntılı məqam ondan ibarətdir ki, mədəndə gecə-gündüz alın təri ilə zəhmətə qatlaşaraq çalışan fəhlələrin haqqı tapdalanır, hüquqları pozulur. Azər isə müşahidəçi qismində bu hadisələrin kənardan izləyicisi kimi çıxış edir. Şəxsiyyət vicdanını və insanlıq duyğusunu itirmiş müdirin qarşısında zülmə, haqsızlığa, ədalətsizliyə susmayan ixtiyar fəhlə –onunla qarşıdurmaya biganə qalmayıb, öz etirazını bildirir.Bu məqamda Azər ona ağıllı məsləhətlə təsəlli verərək, insani mövqedən çıxış edir. İxtiyar isə işdən uzaqlaşdırılaraq haqqında həbs qərarı verilən bir adam kimi, müdirə “Xayır, getməm, dedi acım, yoq yerim, Ölsəm belə burda ölmək istərim” – sözlərini söyləyərək, onun qəlbinə mərhəmət toxumu səpmək istəsə də, nəticədə hökm icra olunur. Bu ixtiyar “mücrim” kimi, yəni günahkar kimi həbsə atılır. Beləliklə, ədalətsizliyin hökm sürdüyü bu mədəndə Azərin şahidlik etdiyi acı və üzüntülü bir hadisə baş verməsilə bu səhnə əsərin təsirli final nöqtələrindən birinə çevrilir. Azər bəzən duyğulanır, üzülür, yorulur, lakin onun üsyankar təbiəti haqqın səsinin içində boğulmasına imkan vermir. Bu daxili səs sükuta məhkum edilmir, əksinə, ruhun dərinliklərindən qoparaq zahirə çıxır və aydın şəkildə eşidilərək ali zümrələrə qədər çatır. Azər — mənəvi cəhətdən daxili zəngin, dərin və müdrik düşüncəli sadə bir qəhrəman kimi — xalqın haqq-ədalət harayının susmaz carçısına çevrilir. Azər obrazı təkcə bir fərdin deyil, bütöv bir xalqın vicdanının, sükutunun və haqq axtarışının poetik simvoludur. Azərin azadlıq duyğusu altında coşan daimi axtarışları əsərin bütün hissələrində haqq və ədalətə işarə edir. Hər bir bölümdə onun ruhunun dərinliyindən gələn bu səs duyulur. Azər gah düşünür, gah susur, gah da içində çırpınan haqsızlığa qarşı durur. Onun ruhundakı axtarışlar əsərə xüsusi bir məna qatır. Qeyd edək ki, bədii-estetik zəngin, fəlsəfi düşüncə tərzi Hüseyn Cavid yaradıcılığında dərin, axıcı, ibrətamiz və hikmətli xarakter daşıyır. Bu hikmətin sehrinə sığınan mənəvi dəyərlər, tarixin keşməkeşli mərhələlərindən keçərək, bir xalqın boğulmuş azadlıq ideyasının formalaşmasına güclü təkan verir. Əsərin epiloqunda gəncliyə xitabən səslənən misralarda ümidli sabahların gur yanan işığı aydın şəkildə hiss olunur. Burada Hüseyn Cavid yeni quruluşdan deyil, əsarət altına alınmış, lakin ruhən azad olan bir millətin gələcəyini gəncliyin düşüncəsində və çarpışmasında görür. Gənclik — artıq yalnız müşahidəçi deyil, tarixi dəyişəcək gücə sahib bir qüvvə kimi təqdim olunur.
Bu gün gəncliyə baksan, Bir sel kimi hər an Sağlam, yeni məfkurələr izlər. Bizlər? …Bizlər yeniləşsək belə, daim, Bir əskilik az-çox bizə hakim… …Onlar qoşacaq, çırpışacaqlar, Bir çox uçurumlar aşacaqlar. Lazımsa cəhalətlə güləşmək, Bir çarə var: ancaq yeniləşmək! Onlardakı himmət və mətanət Qırmaclayacaq Şərqi nihayət. Onlardakı qüdrət və məharət, Er-gec vercək xalqa səadət. …Onlar güləcək güldürəcəklər, Bizdən daha xoş gün görəcəklər!
Cavid gələcək gəncliyə işıqlı ümid və sonsuz inam bəsləyir, doğulduğu, yaşayıb-yaratdığı məmləkətin bir gün azadlıq, firavanlıq tapacağını uzaqgörənliklə qarşılayır. Janr etibarilə lirik-romantik üslubda yazılmış “Azər” poeması milli ruhu, azadlıq ideyasını və insanın mənəvi dünyasını əhatə edən dərin fəlsəfi və estetik qatlarla zənginləşdirilmişdir. Bu əsər milli azadlıq uğrunda aparılan haqq savaşının və çəkilən mübarizənin mənəvi yüksəlişlə nəticələnən poetik-bədii ifadəsidir. Hüseyn Cavid bu əsəri ilə həm öz ruhunun, həm də bir millətin zəncirlərini qırmağa çalışan azad düşüncəsinin hayqırtısını poeziya ilə dilləndirməyə nail olmuşdur.
Nəticə: Hüseyn Cavidin “Azər” poeması, yalnız bir fərdin deyil, bütövlükdə bir xalqın azadlıq arzularının və mübarizəsinin poetik təcəssümüdür. Azər obrazı, milli müstəqillik ideyalarının, haqqın və ədalətin axtarışının simvoluna çevrilərək, Cavidin estetik və fəlsəfi baxışlarını ifadə edir. Şərq və Qərb düşüncə sistemlərinin sintezi əsərdə azadlıq və müstəqillik ideyalarının qlobal ölçüdə təhlilini təqdim edir. Hüseyn Cavid, bu əsərində yalnız özünün, həm də bir millətin ruhunu poeziya ilə ifadə edərək, azadlıq və firavanlıq uğrunda mübarizənin mənəvi yüksəlişini vurğulamışdır. Beləliklə, Cavidin “Azər”i milli azadlıq mücadiləsinin, insanlıq haqqının və mənəvi yüksəlişin poeziya ilə ifadə olunan dərin bir simvoludur.
Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Maral” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Maral” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavidin “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Hüseyn Cavid 4 pərdəli “Maral” faciəsini 1913-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə geniş bir şəkildə toxunulmuşdur. H.Cavidin “Maral” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Maral” faciəsində kübar ailələrdə olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Maral” faciəsinin baş qəhrəmanı olan Maralın xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib olan varlı, 48 yaşında, ortaboylu, şişmanca bir mülkədar olan Turxan bəy ilə ailəli olan 16 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz idi. Mülkədar olan Turxan bəy Maralı kübar və zadəgan bir xanım edərək, xoşbəxt etdiyi düşüncəsində idi. Lakin əsər boyu hadisələr tamamilə bunun əksini göstərirdi. Hüseyn Cavid “Maral” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Maral mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çarəsizliyinə, məsumluğuna, romantik duyğularına məğlub olmağına, məhəbbətində uğursuz olmağına görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Çarəsizlik, məsumluq, romantik duyğularına məğlub olmaq Maral obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral 16 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. O, əsərdə burjua-zadəgan mühitinin iç üzünü öz sözləri ilə ifşa edir. Əsərin baş qəhrəmanlarından olan Turxan bəy bir mülkədar olaraq, özünü əsl öz sinfinin nümayəndəsi kimi xarakterizə edirdi. Turxan bəyin əsərdə oğlu kimi təqdim olunan Cəmil bəy 27 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir gənc idi. H.Cavid Maralın faciəsini onun öz sözləri ilə oxucuya belə çatdırır. “İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu”.
Əsər boyunca Turxan bəyin “Fəzilət də paradadır, insaniyyət də”… kimi fikirləri onun mənəviyyatı haqqında oxucuda dolğun məlumat yaradır. Əsərdə Turxan bəy və Maral xəttinin uğursuz ailə münasibətinə qarşı Cəmil bəy və Humay sevgisi təsvir olunmuşdur. Cəmil bəy Humayı bütün ruhu, bütün vücudu ilə sevirdi. O, Humayın eşqindən dərdə düşmüş, ah çəkməkdən yorulub, cavan vaxtında saralıb, solmuşdu. Cəmil bəyin Məcnun kimi sevdiyi Humay olduqca mərhəmətli, mehriban, lakin nişanlı bir qız idi. İffətli qız olan Humay Cəmil bəylə ailə qurmağa ancaq nişanlısının intihar xəbərini eşitdikdən sonra razı olur.
H.Cavidin “Maral” faciəsində Cəmil bəy Humaya öz sevgisini belə elan edir. “Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq… Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar”.
Əsər boyunca Turxan bəyin qadın haqqındakı fikirləri dəyişilməz xətt ilə oxucuya çatdırıldı. “Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və yumşaq əllərilə məhv olub getmişlər… Şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm”.
Turxan bəy xarakter etibari ilə bədbin və mərhəmətsiz şəxs olduğu üçün qadınlardakı məsumanə və mələkanə xislətləri, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətləri görmürdü. H.Cavidin “Maral” faciəsinin əsas obrazı olan Maral Turxan bəylə ailə qurandan sonra onun murdar xasiyyəti ilə bacarmayıb, qoşulub qaçmağı yeganə çarə kimi görürdü, lakin iffəti bu əməli etməyə ona icazə vermirdi. Maralın çarəsiz və bədbəxt olmasının tək günahkarı Turxan bəy idi. Bu əzablı yaşayışa dözə bilməyən Maral Arslan bəyin təkidlərinə inanaraq, onunla xoşbəxt yaşayacağını ümid edərək, Turxan bəydən qurtulmaq məqsədi ilə yeni bir həyata başlamaq üçün Turxan bəyin evini tərk etmək istəyəndə, onun əli ilə silahla öldürülür. Məzlum Maralı öldürdükdən sonra, Arslan bəyi nişanlayaraq, öldürmək istəyən Turxan bəy Arslan bəy tərəfindən yaralanır. H.Cavid “Maral” faciəsində Maral obrazının məhzun və acı həyatının təsviri ilə zəmanənin mənzərəsini təsvir etmişdir.
H.Cavidin “Maral” faciəsi ədibin idrak tərzini və ideya-estetik prinsiplər sistemini özündə ehtiva edir. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu tamamilə dolğun bir şəkildə özünü əks etdirmişdir.
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanınınən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Uçurum” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin dörd pərdəli “Uçurum” pyesində öz şəhvət hislərinə görə ruhlarını şeytana satan insanların aqibəti təsvir olunmuşdur. Əsərdə hadisələr İstanbulda baş verir. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Uçurum” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Uçurum” faciəsi əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət və digər insani dəyərlərlə bağlıdır. Ədibin “Uçurum” mənzum pyesinin ana xəttini ailə-məişət məsələləri mövzusu təşkil edir. Romantik olan Hüseyn Cavid “Uçurum” pyesində romantizmlə realizmi qarşılıqlı şəkildə təsvir etmişdir. Hüseyn Cavidin “Uçurum” pyesində bir gənc ailənin faciəsi təsvir olunmuşdur. Ədib əsərdə tipi ümumiləşdirərək yadda qalan obraz nümunələri yarada bilmişdir. Hüseyn Cavid “Uçurum” faciəsində Türk mədəniyyəti ilə Avropa mədəniyyətini qarşılıqlı müqayisəli şəkildə təqdim etmişdir. Əsərdə dəbdəbəli bir həyata yad olan birinin bu həyata anidən düşüb, dəyişən psixologiyasının nəticəsində faciə yaşayıb, məhv olmasının təsviri verilir. Əsərdə “mədəniləşmək” üçün mütləq Avropa ölkələrinə səyahətin zəruri olduğu fikri söylənilir. Hüseyn Cavid bu fikri əsərində təqdim etməklə tamamilə haqlı idi. Çünki o dövrdə belə düşünülürdü ki, mədəni olmaq, ziyalı olmaq üçün mütləq şəkildə Avropa ölkələrinə səyahət etmək lazımdır. Dramaturq isə “Uçurum” faciəsində oxucuya çatdırır ki, savadlı, təhsilli, mədəni, dünyagörüşlü olmaq üçün ölkənin bir fərqi yoxdur. “Uçurum” faciəsində ədib o fikri aşılayır ki, mədəniləşmək üçün mütləq Avropa ölkələrinə səyahət etmək yox, daxildən gələn insanlıq, sevgi, vicdan, mərhəmət, əxlaq hislərinə sahib olmalısan. “Uçurum” faciəsinin baş qəhrəmanı olan rəssam Cəlal bu insani hislərə sahib olmadığı üçün Parisə gedən kimi şəhvani hislərinə sahib çıxa bilməyib, gününü eyş-işrətlə keçirib mənasız və səfeh bir həyat sürməyə başlayır. Hüseyn Cavid “Uçurum” pyesində Cəlalın məhv olmuş həyatının nümunəsində gəncləri ədəbli, namuslu, ağıllı, dərrakəli, öz doğma yurduna, ölkəsinə, adət-ənənələrinə, ailə münasibətlərinə dəyər verən kimi görmək istədiyini açıq bir şəkildə göstərir. Əsərdə Türk ailə dəyərində mühüm yer tutan əxlaq, ailə münasibətləri, sədaqət, namus, qeyrət anlayışları Avropanın puç, yalançı göz oxşayan “xoşbəxt” həyatı ilə qarşılaşdırılır. Hüseyn Cavid Türk ailə münasibətlərinə, ər və arvadın bir-birinə olan saf eşqinə, sədaqətinə əsərdə çox yüksək qiymət vermişdir. Hüseyn Cavidin “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjel ilə ailəsinə hər nə olursa olsun sadiq qalan ismətli Göyərçin obrazı qarşılaşdırılmışdı. Bu iki obraz əsərdə ümumiləşdirilmiş obraz kimi təqdim olunmuşdır. Ədib ismətli Göyərçinin timsalında Türk ailə münasibətlərini ucaldıb, yüksək dəyər verir. Ərinin yolunu gözləyən vəfalı, saf, namuslu, ismətli Göyərçin onun xəyanəti ilə qarşılaşanda belə ailə dəyərlərinə sahib çıxmağı bacarır. Lakin əsərdə öz vəfası, namusu, isməti ilə seçilən Göyərçin daim göz yaşı içində olur. Həyatı qəm, qüssə, bəla içində keçir. Göyərçin Cəlal ilə yeni evlidir və onun körpə qız övladı var. Buna baxmayaraq, o ailəsini atıb, “mədəniləşmək” üçün Fransaya gedir. Hüseyn Cavid “Uçurum” pyesində Cəlal obrazının simasında çox qabiliyyətli rəssam tipajı yaratmağa nail ola bilmişdir.
Onun bir tablosiçin erkək, qadın,
Bütün İstanbul alqışlarla doldu,
Ondakı qüdrətə hər kəs vuruldu.
Bu bacarıqlı rəssam Cəlalın faciəsi Fransız qadın Anjel ilə tanışlıqdan sonra başlayır. Əsərdə Anjel “Şeytan ruhlu bir mələk! Lətif çiçəkdir, fəqət pək zəhərli bir çiçək”! kimi xarakterizə olunur. Dramaturq əsərdəki Anjel obrazının xarakterini məhz onun öz sözləri ilə oxucuya çatdırır. “Halbuki Anjeldəki gözəlliyə bir yığın Cəlallar qurban olmuş. Gənc qraflar, prenslər əlimdən güc qurtulmuş…”
Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelin timsalında Fransız qadınlarını xarakterizə etmişdir. Ədib Anjelin sevgilisi olan Edmon obrazı vasitəsilə Fransız kişilərinin xarakterini oxucuya çatdırmışdır. Edmon Anjelə daim üzüklər, boyunbağılar, almazlar, incilər, pırlantalar hədiyyə edirdi. Əsərdə bu qədər xəyanətə, haqsızlığa uğrayan Göyərçinin tək ümidi və dəyərlisi nur üzlü qızı Mənəkşə idi. Yalnız bu körpə Göyərçinə dərdlərini unutdururdu. Ümumilikdə isə Göyərçin həyatdan, bütün xilqətdən, bütün kainatdan, insanlardan gördüyü xəyanətə görə küskün idi. Göyərçin Cəlalın bu xəyanəti ilə bütün səadətli günlərini, bütün eşqini, bütün hissini, xəyalını, fərəhli günlərini, itirən bir qadın idi. O bütün alçaq niyyətlərdən uzaq idi. Cəlal isə əksinə olaraq, ailəsinə olan xəyanətinin nəticəsində fəlakətlərə düçar olub, bütün səadətini itirib, məhv oldu. Cəlal ailəsinə yaşatdığı kədərin, iztirabın, qara günlərin cəzasını çəkərək, məhv olub getdi. Əsərdə yaradılan Cəlalın əxlaqsız metresi Anjel yalnız onun xarakterindəki, ruhundakı eybəcərlikləri ifşa etmək üçün bir vasitə idi. Əsərdə Cəlalın ən böyük əxlaqsızlığı metresi Anjeli qonaq adı ilə öz evinə xanımı Göyərçinin yanına gətirməsi idi. Onun bütün fəlakətləridə məhz bu hadisədən sonra başlayır. Cəlal əxlaqsız metresi Anjeli öz məsum, sevimli uşağındanda üstün tutur, ona görə bu günahsız körpənin canını alır. Hüseyn Cavid “Uçurum” pyesində əxlaqsız Fransız qadını olan Anjelə Cəlalın, Edmonun, Yıldırımın qul-kölə olmasını, onun yolunda bütün fəlakətlərə düçar olsalar belə ondan əl çəkməməklərini, bu qadına görə məhv olmaqlarını əslində ümumiləşdirmişdir. Cəlal bu xarakterdə olan kişilərin ümumiləşmiş obrazı idi. Ədib demək istəyirdi ki, siz Cəlalların həyatının əxlaqsız Anjellər üçün bir mənası yoxdur. Siz olsanızda, olmasanızda onlar üçün bir mənası yoxdur, onlar özlərinə yeni Cəlallar, Edmonlar, Yıldırımlar tapacaqlar. Ancaq Cəlal nə edir, o, “Gözəl mələk! Cənnət pərisi!” adlandırdığı Anjelin yolunda öz körpəsini eyvandan ataraq, öldürür. Cəlalın cinayəti onun psixoloji vəziyyətini tamamilə pozur. Hər şeydən əvvəl o öz övladının qatili olmuşdu. Cəlalın xarakterindəki quduzluq, azğınlıq, sayğısızlıq, nifrət öz övladının qatili olması ilə üzə çıxmışdı.
Hüseyn Cavid “Uçurum” pyesindəki nəsihət xarakterli fikirlərini Göyərçinin atası Uluğ bəyin sözləri vasitəsilə oxucuya çatdırır.
O gün ki, İstanbulda gənclik fransızlaşdı,
Getdikcə türk evladı uçuruma yaqlaşdı.
Yurdumuzu sardıqca düşkün Paris modası,
Hər kəscə örnək oldu sərsəm firəng ədası.
Sərxoşluq, iffətsizlik sardı bütün gəncləri,
Zəhərləndi getdikcə məmləkətin hər yeri.
Qəhrəman Oğuzların, Böyük Ərtoğrolların
Sarsılmaz xələfləri şimdi həp sapqın, azğın…
Avropadan fəzilət, Himmət, ciddiyyət, vüqar
Dururkən yalnız çürük bir züppəlik aldılar.
Uluğ bəyin sözlərində çox böyük həqiqətlər vardır. O, Cəlalın həyatının məhv olma səbəbini bu sözləri ilə açıb göstərir. Həqiqəti söyləyir. Etdiyi səhvlərə görə köksü parçalanan, ruhu işgəncədən qurtula bilməyən, körpə Mənəkşəsinin soyuq məzarda yatmasına səbəbkar olan Cəlal nə qədər yalvarıb, yaxarsada Göyərçin onu bağışlamır. Cəlal öz əli ilə öz yurdunu, yuvasını, səfasını, xəyalını, müqəddəs saydığı hər şeyi məhv etmişdi. O özü özünü alçaldıb, məhv etmişdi. Ədibin “Uçurum” faciəsi Cəlalın aşağıdakı sözləri ilə bitir. Cəlal öz həyatını, ömür yolunu analiz edir. Bütün həyatının bir puç olduğunu dərk edib, özünü uçurumdan atıb, intihar edir.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli sənətkar, humanist ideallar çarçısı, böyük söz ustadı, pedaqoji fikrin inkişafında müstəsna rolu olan Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünün qeyd olunması ilə bağlı 24 sentyabr 2022-ci ildə Sərəncam imzalamışdır.
Vətən, vətənə sevgi, vətənə bağlı olmaq ideyası Hüseyn Cavidin həyatı və yaradıcılığında böyük önəm kəsb etmişdir. Vətənpərvər şair H.Cavid özünün məslək eşqinə, əqidəsinə müvafiq bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətənpərvərlik ideyasını yeni forma, yeni məzmunla ifadə etmişdir. O, vətənpərvərlik haqqında söylənilən fikirləri daha da zənginləşdirmiş, sözün əsl mənasında onu ən yüksək mərhələyə qaldırmışdır. Hüseyn Cavidin vətənpərvərlik ideyası demokratizm nöqteyi-nəzərindən də düzgün istiqamətləndirilmişdir. Çünki o, həmişə ictimai mübarizədə məhkum siniflərin tərəfində olmuş, onda zəhmətkeş siniflərə dərin rəğbət, vətənin mütərəqqi qüvvələrinə böyük inam, başqa xalqların mədəni nailiyyətlərini yüksək qiymətləndirməklə yanaşı, istismarçılara, hakim siniflərə qarşı dərin nifrət hissi çox qüvvətli olmuşdur. Bu keyfiyyətlər arzu və ideallarının sinfi səciyyəsini müəyyənləşdirməkdə, vətənpərvərlik ideyasını aydınlaşdırmaqda rəhbər rol oynayan demokratizm təliminə uyğundur. Hüseyn Cavidin vətənpərvər qayəli əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili sübut edir ki, onun vətənpərvərlik ideyaları zorakılığa, istismara, ədalətsizliyə, cəhalətə, nadanlığa qarşı çevrilmiş, doğma vətənin, xalqının taleyi və həyatı ilə bağlı olan, sinfi səciyyə etibarilə mütərəqqi məna daşıyan həqiqi vətənpərvər duyğulardır. H.Cavidin 1907 və 1917-ci illərdə «Vətən» mövzusuna müraciət etməsi məhz dövrün ictimai-siyasi hadisələri ilə bağlı idi. Bu şeir və əsərlərin mətbuatda dərc edilməsi («Füyuzat», «Açıq söz», «Qardaş köməyi» və s.) onu sübut edir ki, şair-müəllim gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük əhəmiyyət vermişdir. Onun vətənpərvərlik hissləri aşılayan əsərlərinin tədqiqi göstərir ki, vətənpərvərlik H.Cavidə görə gənc nəslin Vətənin tərəqqisinə, səadətinə, onun əməkçi insanlarına, dilinə, mədəniyyətinə şüurlu sədaqət və məhəbbət, əgər lazım gələrsə canını belə vətən uğrunda əsirgəməmək ruhunda tərbiyə olunmasından ibarətdir. Lakin o, əsərlərində sadəcə tərənnüm yolu ilə getməmiş, bu müqəddəs hissin mahiyyətini araşdırmaq, gənc nəslə çatdırmaq imkanlarını göstərmişdir. Odur ki, qarşıya belə bir təbii sual çıxır: Bəs H.Cavid vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması işində hansı metodlardan istifadə etmişdir? H.Cavidin vətənpərvər ruhlu əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili xalq şairinin vətənpərvərlik hissləri aşılayacaq əsərlər qarşısında qoyduğu müasir tələblərə tamamilə uyğun gəldiyini sübut edir.
Gülüşür pəmbə, al, bəyaz güllər,
Ötüşür hər tərəfdə bülbüllər.
Ninni söylər küçük sular xəndan,
Görünür hər tərəfdə bir orman.
Qarlı, qartallı bir yığın dağlar,
Ta uzaqlarda bəmbəyaz parlar.
…Burda qızğın günəş də pək munis
Gecələr büsbütün nədimeyi-hiss…
Hələ Kür nəhri başqa bir aləm!
Gecə mehtabə qarşı pək həmdəm
Yaxud:
Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən
misraları ilə başlayan şeirlərdə odlar diyarı Azərbaycan özünün zəngin təbiəti, dumduru, göz yaşı kimi axan sərin bulaqları, qövsi-qüzeh, otları, çiçəkləri, gülləri, ağacları, nəhrlər, hətta kiçik suları, gözəl ormanları, əməksevər insanları ilə hər bir yeniyetmə və yaşlı oxucunun gözü qarşısında canlanır. H.Cavidin «Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanə» şeiri gənclərin pedaqoji prinsipə əsaslanan vətənpərvərlik tərbiyəsinə xidmətin bariz nümunəsidir. Şair bu şeirdə hər bir namuslu şəxsi öz vətənini sevməyə, onu qorumağa çağırır:
Mayeyi-iftixarı ər kişinin
Vətən uğrunda bəzli-himmətdir.
Lafə baqmazlar, iştə hər kişinin
İşi ayinəsində müsbətdir.
Qeyrət istər ki, can nisar edəlim,
Mədəniyyətlə iftixar edəlim.
Cavid o zamankı vəziyyəti Azərbaycan üçün dözülməz sayırdı. O, vətən övladlarını ana vətənin tərəqqisi uğrunda çalışmağa, vüsət tapmağa dəvət edir. Vətənin mədəni, ictimai-siyasi inkişafdan geridə qalması (XIX əsrin axırları – XX əsrin əvvəlləri) və Azərbaycan xalqının məhkum bir millət halına düşməsini şair ağır dərd kimi qarşılayırdı. Vətən onun nəzərində «zəvalə uğramış», «böyük bəlalara düçar olmuş», «ayaq altında payimal olmuş», «dərmansız dərdə giriftar olmuş» kimi görünürdü. Əlbəttə, H.Cavidin «zavallı vətən» deməsi rus imperiyasının Azərbaycanda amansız surətdə apardığı mənfur milli siyasətdən doğurdu. Ümumiyyətlə, bütün türk qövmünə qarşı Rusiya imperiyası pis nəzərlə baxır və «istər çeçen, istər tatar, hər ikisi bir şeytandır. Hər ikisini də yer üzündən silmək gərəkdir. Tatar, türk, pers, çeçen və s. gərəksiz zir-zibillərin əlindən biz rus milləti çox qanlar udmuşuq. İndi böyük Rusiyada onlardan ötrü yer yoxdur» – deyirdi. Buna rəğmən məktəblərimizin vəziyyəti olduqca ağır idi. Azərbaycanın hər bir guşəsində fəaliyyət göstərən milli məktəblərimiz ya qapadılır, ya da adı dəyişdirilərək «Rus-tatar» məktəbi adı altında təsis edilirdi. H.Cavid bu acınacaqlı vəziyyətdən bəhs edərək yazırdı: «Naxçıvan on beş il əvvəl cəhalət uyqusundan diksinmək ehtiyacını duydu, maarif dairəsinə girmək istədi. Milli məktəb təsis etdi, mərhum Sidqi sayəsində çalışıb-çabalamağa həvəsləndi, gündən-günə arş irəli!.. Hərəkət etməyə başladı. Sidqi vətənpərvər idi, həmiyyətli idi, məslək sahibi idi, millətini sevərdi. Hər addım başında məşhur Napolyonun (dünyada olmaz-olmaz) düsturi-cəsuranəsi sərməşq (nümunə, örnək – K.C.) ittixaz (qəbul etmə, dərk etmə – K.C.) edilmişdi. Öyrənmək, bilmək, dev adamları ilə irəliləmək, əfkari (fikirlər – K.C.) milliyəyi aydınlatmaq ən birinci məqsəd sayılırdı. Bu hal beş-altı il qədər davam etdi. Sonra zavallı Sidqi getdi (ölümünə işarədir – K.C.), məktəbin məktəbliyi də onunla bərabər bitdi. Sonra nə oldu… Məktəb qapandımı? Xeyr, qapanmadı… Lakin nə zərər verdi, nə xeyir gətirdi. Zira qapansa idi, gözəl bir təhəssür, həzin bir arzu ruhu oxşar idi, insanı məşğul edərdi. Məktəbin bu uyğunsuz yaşaması hər kəsi iyrəndirdi. Xalqa böyük bir dərd oldu. Məktəbdə əvvəldən hökumət barmağı var idi (rus imperiyası nəzərdə tutulur – K.C.). Fəqət Sidqi dövründə əsla əl vurulmadı. O zavall sönər-sönməz istibdadın qara bulutları hər tərəfdən məktəbin üzərinə çökməyə başladı. İş büsbütün dəyişdi. Nəhayət işin sonu bir heçdən ibarət qaldı. İki-üç ay sonra qiraətxanə da fərağətxanəyə təbdil etdi». H.Cavid vətənin bu dözülməz hala salındığını görərək:
Bana gəl! Gəl bana, zavallı vətən!
Hiç unutmam səni bu halilə bən – deyirdi.
H.Cavid qeyd edir ki, hər bir vətənpərvər şəxs vətənin, xalqın azad, xoş gələcəyi uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi məhz vətən övladlarından vətəni, xalqı müdafiə edən mərd, mübariz vətənpərvər yetişdirmək idi. Cavid qeyd edir ki, vətənimizə göz tikənlərə layiqincə cavab verən igid, qəhrəman mübariz oğullar az deyil. O, «Səyavuş» əsərində yazırdı:
Yurdumuzu çignəyən
Sayğısız hər kim olsa.
İnan ki, çoq sürmədən,
Diz çökəcək qarşıda.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil;
Saldırıcı, hünərvər
Mərd oğullar az deyil.
Bütün şüurlu fəaliyyətini ədəbi yaradıcılığa, şeirə, sənətə, maarifə, məktəbə, təlim və tərbiyəyə həsr edən yüksək amallar sahibi H.Cavid istər doğma vətənində, istərsə də onun hüdudlarından kənarda olsa belə, doğma yurdunu ana kimi, ata kimi sevmiş, onun nəfəsiylə, oduyla isinmişdir. Şair vətən övladlarına deyir ki, «bu vətən bir sevimli validədir». Hələ vətənimiz Azərbaycanda ulduz parlayanda, Qərb əhli cahillik dövrü keçirirdi. Bəs, necə oldu ki, indi Azərbaycan tənəzzülə uğradı!?
Ey vətən!Səndə parlayanda ziya
Büsbütün əhli-qərb cahilimiş.
Ştmdi bulmuş vüqu əksi-qəza,
Əcəba bu nasıl təqafilimiş?
Kim təsəvvür edərsə bu hali,
Varlığı hissdən olur xali.
H.Cavid bunun səbəbini nankor övladlarda, biganə, əhlikef ziyayılarda görərək bədbinləşirdi. Lakin gələcəyə nikbin gözlə baxan şair vətənin xoşbəxt sabahına inanır və bu inamını belə ifadə edirdi:
Hər şita bir baharı mevcib olur,
Vardır əmniyyətim bu hala bənim,
Yenə onlar ən əski halı bulur,
Heç maraq etmə, nazənin vətənim.
Vətəni sonsuz məhəbbətlə sevən, vətən eşqiylə alovlanan H.Cavid onun sevincini öz sevinci, kədərini öz kədəri bilirdi. Hələ yaradıcılığının ilk çağlarında «Salik» təxəllüsü ilə yazdığı bir qəzəlində vətənə olan odlu məhəbbətini, alovlu sevgisini poetik dildə belə izhar edirdi:
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək hər diyara səs salıram.
Düşərmi bircə dilimdən mənim məqali-vətən?
Əgər sual edələr Salikin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub məali-vətən.
H.Cavid qabaqcıl maarif xadimi kimi, xalqın maariflənməsi, cəhalətdən xilas olması yollarını gənc nəsildə görür və gənclərdə axtararaq «Topal Teymur» əsərində fateh Teymurun dilindən xitabən qeyd edirdi: «Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda məmləkətimiz aslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət, qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və yaratmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir. Bununla bərabər yapdıqlarımız heç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım, gələcək üçün bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər üçün birər nümunə olmalı. Əvət, biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı çiçəkləndirmək… ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir». Bütün böyük sənətkarlar kimi, H.Cavid üçün də həqiqətin ancaq bircə mənası vardır ki, bu da öz doğma xalqını azad, xoşbəxt və mədəni görmək, vətənə xidmət etmək arzusudur. Cavidin romantik qəlbi nəcib əməllərlə döyünürdü. Şair «ayaq altında pamal olmuş» vətənin dərdlərinə acıyır, dəhşətə gəlib belə fəryad qoparırdı:
Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər… Dəyişdi zaman;
… Çoq əzildin, yetər, ər oğlu, ər ol!
Çırpınıb çareyi-xilas ara, bul!
Şair bu imtahanın uzaqda olmadığını görür və inanırdı ki, hər hansı bir yenilməz qüvvə meydana atılıb həyatda hökm sürən rəzalətlərə son qoyacaqdır.
Ey şanlı əmək ordusu, ey şanlı mübariz!
Çoqlar səni zənn etsə də aciz,
Sən yüksələcək, parlayacaq, parladacaqsın,
Hər qütbə şətarət qatacaqsın.
Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edilir. Orta məktəbin təkmilləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tutması da vətənpərvər şairin yaradıcılığına verilən yüksək qiymətdir.
Fikrimizi Hüseyn Cavid irsinin əbədi var olmasında tək səbəbkar ümumilli lider Heydər Əliyevin fikri ilə tamamlamaq istəyirik. Ulu öndər Heydər Əliyev Hüseyn Cavid və Cavid irsi ilə bağlı belə deyirdi: «Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur».
Hadisələr dəyişdikcə rejissorun və rəssamın düşüncəsinə görə səhnəyə bəzi məişət detalları qoymaq olar. Yaxşı olar ki, epoxa nəzərə alınsın. İstifadə olunan detallar “Mən”in xəyalında yaranır, sonra da yoxa çıxır. Pyes epik janrda qurulub. Hətta dialoqlar belə nəqldən yaranır. Hər bir deyilən fakt “Mən”in söylədiklərindən “oyuna” çevrilir.
I səhnə
Boş məkan… ara qaranlıqdır… Zaman görünür. Xeyli dayanıb salonda əyləşən tamaşaçılara baxır. Sonra cibindən kağız çıxarıb oxuyur.
Zaman: – 3 iyun 1937. Hüseyn Cavid. Cinayət Məcəlləsinin 68, 72, 73-cü maddələrinə əsasən ittiham olunub. 1882-ci ildə Naxçıvan şəhərində anadan olub. Yaşadığı ünvan: Bakı şəhəri, Kommunist küçəsi, ev 8. İxtisası və peşəsi: şair. İşləmir, təqaüdçüdür. Kəndli ailəsindən çıxmışdır. Təhsili: ali. Bitərəf. Milliyyəti: azərbaycanlı. Orduda xidmət etməyib. Arvadı: Mişkinaz – 36 yaşında. Oğlu: Ərtoğrol – 16 yaşında. Qızı: Turan – 13 yaşında. (Kağızı büküb cibinə qoyur. Sonra əllərini bir-birinə sürtüb yuxarı qaldırır. İşarə edir. Simfonik musiqi səslənir. Zaman sanki musiqini çalan orkestrə dirijorluq edir).
II səhnə
Qardaş: – Gecənin soyuqluğu xəfif səhər küləyinə çevrilmədədir. Quşcığazların səsi işıqlamanı xəbər verirdi… Dan yıldızı yenicə çıxır, günəş gecənin soyuq nəfəsi ilə donmuş buludları ilıq şüası ilə isidərkən mənim səadətimin dan yıldızı yenicə sönür, qaynar qəlbim isə kədər buzları ilə donurdu… Yarpaqların şehi təvəxxir edirkən, mənim gözlərim yeni-yeni yaşla dolurdu. Uf!.. Nə uğursuz gecə, nə pərişan mənzərə. Odanı məzar soyuqluğu, ölüm sükutu bürümüş. Kitablar, dəftərlər yerdə, şkafların qapıları açıq, hər şey tərpədilmiş, döşəklər yarıya qədər qatlanmış. Ümumən bir qırıqlıq. Odanın sükutunu pozan iki şeydi: quşların səsi və mışıl-mışıl uyuyan bacımın mışıltısı. Arabir anamın ah çəkməsi, boğuq hıçqırıqları eşidilirdi. Mənim qəlbim daş kəsilmişmi?.. Yox. Mənim bütün həyəcanlarım içimdə alovlanmış, içimdə sönür! Neçin?! Nə olmuş? Bir neçə saatdan sonra bacım qalxacaq, acı duyacaq, o: – babam hardadır? – deyə sorunca anam ağlayacaq, bacım da ona uyacaq. Neçin? Babam harda? Kim bilir?.. Babam gedirkən belə həmişəki kimi gülümsəyirdi. Lakin ağlasaydı daha yaxşı olardı. Mənalarla dolu bu gülüş daş ürəkləri əridər, insanın isə düşüncəsində silinməz iz buraxır…
III səhnə
Ata: – Azər düşünür… Bəlkə otuz yıldır o, hər an
Düşkün bəşərin eşqini, fəryadını inlər.
Yaqdıqca yaqar beynini bir kölgəli böhran,
Əflaka sorar dərdini, yıldızları dinlər.
Göz qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını duymaz.
Bəsləndi küçük duyğusu azadə çocuqkən,
Pək incə tərənnümlər öpən neylər icində.
Vurğundu o həp şer ilə ahəngə əzəldən,
Ağlar və gülümsərdi təğənnilər icində.
Hər gün yaralar qəlbini bir sıtmalı röya,
Hər gün uyutur dərdini bir nəşəli xülya.
Atəşkədələr, fırtınalar yavrusu Azər
Coşduqca alevlər və köpüklər kibi cılğın…
Bəzən bayılıb sərəli bir heykələ bənzər,
Yorğun gözü həsrətli üfüqlər kibi dalğın.
Bəzən o baqışlar yenə şimşək kibi parlar,
Qəsvət savuran hiçliyi bir anda yaqarlar.
Bir gün acı bir sis o gülümsər yüzü sardı,
Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən.
Bir qulbəyə saqlandı ki, issızca məzardı,
Məhrum idi dünyayı saran xeyr ilə şərdən,
Yıllarca dalıb getdi o böhranlı qəfəsdə,
İnsanları özlərdi hər atəşli nəfəsdə…
IV səhnə
Mən: – Babam çaya aludə deyildi. Daha çox qəhvə içərdi. Türkiyədə olduğu vaxtlar adət etmişdi. Gecələr bəzən ana, bəzənsə özü bişirərdi. 1937-ci il iyun ayının 3-də, gecə ana yatmağa hazırlaşanda qapını döyüb anadan yatıb-yatmadığını soruşub. Ana – yox – deyib, hələ yatmamışam. Bir şey lazımdı? Heç… qəhvə istəyirdim. Bir halda ki, uzanmısan, özüm bişirərəm – deyib qapını örtüb. Baba həmin gecə həbs olunub. Sonuncu dəfə bişirdiyi qəhvəni içə bilməyib… Bundan sonra ana bir daha qəhvə bişirmədi… və içmədi… (Ana görünür. Əlində bağlama var) Görüş verdilər?
Ana: – Yox. (Pauza) Dəhşətdir…
Mən: – Nə olub?
Ana: – Bir qadın ərinin paltarlarını aldı… qan içindəydi… Deyirdi ki, dəhşətli işgəncələr verirlər… Məhbusları böyük kisələrin içinə salıb rezinlə döyürlər, dırnaqlarını çıxarırlar, dırnaqlarının altına iynə batırırlar. Qorxa-qorxa açıb baxdım… heç bir işgəncə izi yox idi… Rahatlaşdım… Dedilər ara-sıra dəyişəcək gətirə bilərsiniz…
Mən: – Baba həmişə belə vəziyyətdə işarə bildirmək üçün deyərdi: Allahu əbha.
Ana: – Hə, hə… Allahu əbha…
Mən: – Yaxşını yaman qələmə verənlər yox olurlar.
Ata: – Təmiz adına ləkə vurulması, başı-qulağı üç qəpiyə dəyməyənin qarşısında dayanıb təhqirli sözlər dinləmək, anlamaz qarşısında susmaq, anlatmağa haqqın olmamaq cəza deyilmi? Elə təhqirli sözlər deyirlər ki, dözmək mümkün deyil. Gərək nə qədər ürəksiz, şərəfsiz adam ola ki, olmayan sözləri danışa. Nə isə… sözüm çoxdu. Əfsus ki, vaxt azdı. Əsl xain yaxşıları pis adlandırıb məhv edənlərdir. Vaxt gələcək bu günahsız zavallılar üçün nə qədər təəssüf ediləcək.
Mən: – Hə… umulmaz ümid…
Zaman: – Vaxt qurtardı!..
Ana: – Vaxt nə tez çatdı?!
Zaman: – Məndən asılı olsaydı bir az da gec gələrdim…
Mən: – İnsafsızlar içində insaflılar da varmış…
Zaman Mənə tərəf hərəkət edir.
Ata: – Toxunma… nənəsimə, toxunma!
VI səhnə
Ata: – Möhtərəm Mircəfər Bağırov yoldaş! Son zamanlarda mənə və yazılarıma qarşı istər mənəvi, istər maddi cəhətdən qaba və soyuq bir keçimsizlik var. Bu da tək-tək şəxslərin kaprizindən irəli gəlməkdədir. Düz iki il bir aydır ki, həbsdəyəm, cəsarət olsa da fikrinizi bu nöqtəyə cəlb etməklə 30 ildən artıq əmək sərf edən xəstə və yorğun bir yazıçının halını düşünməyinizi rica edirəm… Dərin hörmətlə, H.Cavid.
Mən: – Rəngi solğun, kədərli idi. Dəyişilmişdi. Çox həsrətlə baxırdı bizə. Elə bil bir daha görüşməyəcəyimizi bilirdi. Çox əsəbiydi. Qəribədir, görüş vaxtı hamı bizə baxırdı… Elə bil hamı bizi nəzarətdə saxlayırdı. Baba heç dinib-danışmırdı. Sadəcə qırıq-qırıq kəlmələr. Daha çox baxırdı. Düz iki il idi görüşmürdük. Mənə çox baxırdı… Özümü saxlaya bilməyib ağladım… İyulun 4-də gəmi ilə Krasnovodska apardılar. Sonra qatarla gedib, avqustun 22-də Vladivostoka çatıblar. Ordan da gəmiyə mindirib Maqadana aparıblar. Təsəvvür edin bütün iyul, avqust aylarını, iki aya yaxın, yük qatarında yol gedib. Yollarda nə qədər dözməyib ölənlər olurmuş. Ölənləri yollarda atırmışlar…
Qardaş: – Sən bu keçənlərə yaxşı bax, yadında saxla onların simasını. Babanı həbs etməyə gələn onlar idi. Rus və erməni…
VII səhnə
Ana: – (Həbsxanadan verilmiş növbəti bağlamanı açır. Diqqətlə hər geyimi nəzərdən keçirir). Bacın məni sənə tərifləyir. Sən də razılıq vermirsən. Sonra da şərt kəsirsən ki, özüm görməsəm “hə” deyə bilmərəm. Böyük qardaşının arvadı deyir ki, “Mişkinazı çağırım gəlsin bizə, deyim, gəlsin mənim tikiş maşınıma baxsın. Sən də onu orada görərsən”. Sizə get-gəlim olmadığı üçün gəlib anamdan icazə almışdılar. Mən də gəldim. Böyük bir ev idi. Yarı hissəsindən o yana iki böyük sandıq qoyub üstünə yük yığmışdılar. Sən də oturmusan yükün arxasında. Məni də üzü yükə tərəf oturdublar. Demə, işıq dal tərəfdən düşdüyü üçün məni yaxşı görə bilmədiyindən, razılıq vermirsən. Bir neçə gün götür-qoy edəndən sonra qərara gəlirlər ki, məni bu dəfə də bacısıgilə aparsınlar. (Paltarlara baxır) İçəri girəndə gördüm, samovar qoyub, dairəvi oturub çay içirlər. Məni təyin olunmuş yerdə oturdurlar. Sənsə o biri evdə qapının arasından baxırmışsan… Razılıq verirsən… 1918-ci ildə evləndik… Sonra Bakıya gəldik… Necə gəldik? Naxçıvandan Tiflisə dörd-beş günə çatdıq. O zaman yol oradan idi. İndiki təzə yol yox idi. İllərin ağır vaxtlarıydı. Qatar gündüzlər gedir, gecələr dayanırdıq. Üç günlük yolu bir həftəyə gəlib çıxdıq Bakıya… Kiçik bir ev kirayələdik. Evdə heç nə yox idi. O çətinliklə ki, biz gəlmişdik, evə dair heç bir şey götürə bilməmişdik… Sonra hər şey yoluna düşdü… Yoxdur…
Mən: – Ana, kiminlə danışırsan?
Ana: – Nə?
Mən: – Deyirəm, kiminlə danışırsan?
Ana: – Həbsxanadan dəyişikləri götürmüşdüm… Diqqətlə baxdım, Allaha şükür ki, qan izi yoxdu… yoxdu…
Zaman: – (peyda olur) Yığışın, köçürsünüz!
Qardaş: – Necə yəni?
Zaman: – Evin kişisi olmadığına görə, evin sahəsi artıq olduğu üçün, evi təhvil verib başqa evə köçməlisiniz.
Ana: – Mümkün qədər münasib ev olsun… gündüşən…
Zaman: – Xalq düşməninin arvadı kurort istəyir. Şeylərinizi yığın. Bu gün burdan köçməlisiniz. Sovet küçəsi, ev 92. (Gedir).
Ana: – Aman Allah, nə həyət, nə ev?! Az qaldım çığırıb qaçam… Həmin həyətdə on doqquz il nələr çəkdim?! Oğullu getdim, oğulsuz çıxdım… Amma hələ var… Görəcəkli günlərim hələ qabaqda imiş… Ev nə ev… Üç pillə aşağı enir. Bir göz otaq. Nazik taxta ilə aradan kəsilmiş. Hərəsi doqquz kvadratmetr. Birini mənə, birini də Qərənfil xanımgilə – Əsəd Verdiyevin ailəsinə – qonşuma verdilər. Onlara verilənin heç qapısı da yox idi. Bir pəncərəydi. Xeyli sonra o pəncərəni qapı açdılar. Onlar da bizim evdən keçirdilər. İndi gəl fəryada bax.
Bu an Mən və Qardaş bağlamaları bir yerə yığırlar. Sıxlaşıb epizodun sonunda otururlar bir yerə.
VIII səhnə
Həbsxana kamerası.
Zaman: – Sənin haqqında gör nə ifadələr verirlər: “O, həmişə narazıdır, şikayət edir ki, onu bir türk olaraq incidir, təqib edir, işləməyə və ailəsini dolandırmağa qoymurlar. Şəxsən mənə şikayət edirdi ki, erməni yazıçıları dəfələrlə xaricə getdikləri halda, ona xaricə getmək üçün ezamiyyə vermirlər. Artist Ponodyan həmişə xaricə gedir… türk artistlərindən heç kimi göndərmirlər.
“Türkiyənin şpionu, müsavatçı-pantürkist, əksinqilabi təşkilatın üzvü, ədəbiyyat və dramaturgiya sahəsində gənclərin millətçi əksinqilabi ruhda tərbiyə olunması istiqamətində iş görür, pantürkist ideyaların yayılmasına çalışır”.
“İran, Dağıstan, Ermənistan və Gürcüstan ərazilərindəki bütün Azərbaycan torpaqlarını birləşdirib, burjua təmayüllü müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda fəaliyyət göstərən pantürkist əks-inqilabçı təşkilatın üzvüdür”.
Zaman bir qəzet götürüb baxır. “Ədəbiyyat qəzeti” 16 iyun 1937. Məqalələrin başlıqlarını oxuyur: “Böyük dramaturq Qabriel Sundukyan”. “Xalq və səadət düşməni, şarlatan Hüseyn Cavid”.
Hətta səndən həyatın canlı məsələlərini yazmağı tələb edənlərə də “Bəncə, ədəbiyyat başqa, siyasət və təbliğat başqadır. Təbliğat bənim işim deyildir” – deyirmişsən.
Ata: – Nə deyəydim? Onların istədiyini yazaydım? “Ey quru şalban, // Mən sənə qurban!”.
Zaman: – Qardaşın Şeyx Məhəmməd yazırdı amma:
Ey sosializm ölkəsində ziya saçan qüvvəmiz!
Sən eylə bir mühəndissən yaparsan böyük bina.
…O binanın müəssisi böyük dahi Lenindir,
O binanın mühəndisi sevimli Stalindir.
Ata: – Mən qardaşımı bir Şeyx kimi tanımışam. Amma 1918-ci ildən sonra onu görməmişəm. İndi nə üçün belə yazdığını bilmirəm.
IX səhnə
Həbsxanada görüş yeri.
Ata: – Mişkinaz, sənə deyilməli o qədər sözüm var ki… Mişkinaz, mənim haqqımda deyilənlərin heç birinə inanma. İki dəfə məhkəmə etdilər. Axırda o qərara gəldilər ki, guya bir az vətən dəyişikliyi…
Ana: – Səni də “xalq düşməni” etdilər, hə?
Ata: – Cərəyandır, keçib gedər… Hamı məni satıb… Amma sən üzülmə, bu işləri gələcək həll edəcək. Həqiqət bir vaxt aşkara çıxacaq… Turan on illiyi bitirib bir il fasilə versin. Çox üzgündü yəqin. Sonra qoysalar, ali təhsil alsın.
Ana: – Oğlun oxuyur, heç bir söz deyən yoxdu. Bu da oxuyacaq. Onu özün gəlib oxudacaqsan.
Ata: – Sən deyən olsa.
Ana: – İnşallah…
Ata: – Ərtoğrolun oxumasına yaxşı ki, mane olmadılar. Şükür, xeyirxahlar, qədirbilənlər varmış. Haqlını haqsızdan xalq ayırıb qiymət verəcək. Əfsus ki, gördüyüm rəzalətləri, keçirdiyim günlərimi heç bir yerə qeyd edə bilmədim.
Ana: – Gələndən sonra hamısını yazarsan.
Ata: – Sözüm çoxdu, vaxt az… Bir də kim bilir, görüşmək qismət olacaqmı? Mən istərdim, biz həmişə bir yerdə, el içində şad, xoşbəxt olaydıq. Nə qədər işlərim, arzularım qaldı.
Ana: – Sənə ümidsizlik yaraşmır. Gələndən sonra bu acıları unudarsan.
Zaman gələcək, yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Azərbaycana vurulan yara çox dərindi. Əsrlər boyu bu yaralar sızlayacaq… Sən arzu etdiyin kimi olsa, gələsi olsam, onda hamısını danışaram… Üzləri “ağ” olsun ağ üzləri “qara” adlandıranların (Zaman görünür, Ata ayağa durur). Sağlıq olsa, yenə də görüşərik. Məktub yazmaq hüququm var. Harda olsam, məktub yazacağam. Məni bu yola yolçu edənlərdən yazsam, təbii ki, buraxmayacaqlar. Heç olmasa, barı bir-ikisinin adlarını deyim… biləsən…
Zaman: – Vaxt qurtardı…
Ata: – Uşaqları öpərsən… yaxşı dostlara, qonşulara salam de. Darıxmayın… Əlvida…
Ana: – Yox… yaxın vaxtda görüşənə qədər…
Ata görünməz olur.
Nə vaxt aparacaqlar?
Zaman: – Bilmək olmaz, yarım saat bundan əvvəl iki maşın apardılar. Bu qədər camaat da durub gözləyir. Gəlsən də görə bilməyəcəksən.
Ana başını yelləyib görünməz olur. Zaman əllərini qaldırır.
Təntənəli marş.
X səhnə
Mən və Qardaş evdədir. Qardaş sabahkı dərslərə hazırlaşır.
Mən: – Nə kitabı oxuyursan?
Qardaş: – “Hamlet”dir. Sabahkı dərsimizdir.
Mən:(Kitabı alıb vərəqləyir).
Qardaş: – Hamletin sarayın adətlərinə, insanlarına münasibəti başqadır. O, atasının ehsanından qalanların toyda paylanmasını izahla saraydakıların gəmik sümürən köpək olmasını demək istəyir. Onu qavrayanlar sərsəmdir. Hamlet istəmədiyi mühitə düşdüyündə pessimistdir…
Ana:(daxil olur) – Babadan sizə çoxlu-çoxlu salamlar. (Hər ikisini öpür) Babanın əvəzinə.
Qardaş: – Kaş biz də gedəydik.
Mən: – Necəydi, nə dedi?
Pauza.
Ana: – Çox yaxşıdı… Kiçik bir bağlama verdim… bir şələ dərd, kədər, nisgil gətirdim…
Pauza.
Qardaş: – Ana, sabah gedək, bəlkə görüş ala bildik.
Ana: – Artıq görüş yox, məktubunu gözləməliyik… Bu gün gecə, ya sabah səhər aparmalıdılar…
Pauza.
Qardaş: – Neçə il iş veriblər?
Ana: – Səkkiz…
Qardaş: – Səkkiz?!
Mən: – Səkkiz?!
Ana: – Nədi ki, beş ildən sonra gələcək…
Mən: – Mənə elə gəldi ki, ayağımın altında bir quyu açıldı, məni çəkdi aşağı. Başım gicəlləndi. Yerə baxdım. Quyu-filan, heç nə yox idi.
Qardaş: – Sanki yuxuda qaranlığa düşdüm. Həyat ağlamaq qədər çətindir… Nəşəli gənclik planlarım pozuldu. Zəhərli ilan belə bunlardan mərhəmətlidir. İnsanı su içirkən görsə sancmaz… Amma bunlar… qan və ölümlə oynayan ölülər, şər və nifrət yavruları… Bu sərsəm korlar bu böyük dünyaya tək gözlə baxırlar…
Mən: – Axı atam kimə pislik edib ki, hamı məndən məktəbdə də üz çevirib. Ən yaxın rəfiqələrim belə məndən yan qaçırlar.
Qatar səsi.
1937-ci il iyunun dördündə evindən çıxdı, 1939-cu il iyulun dördündə isə Vətənindən qapalı qatarda qarlı-şaxtalı səhralara əsir getdi. Ona “qardaşım, dostum” deyənlər də səfalı bağlara, sərin yaylaqlara…
Ana: – Ağlamaqdan bir şey çıxmaz… Çalışın yaxşı oxuyun, babanıza layiq olun. Heç kimə əyilməyin. Üzünüz ağ, alnınız açıq olsun. Şərəfli ad dünya qədər qiymətlidi. Ac qalmaq, solğun geyinmək, ağır işlərdə çalışmaq əskiklik deyil. Açıq alınla ac qalmaq alçaq yaşamaqdan qat-qat şərəflidir.
Mən: – Gözümüzü bağlı qapılardan çəkib uzaqlardan gələcək məktubların yoluna dikmişdik…
Zaman: – “Hara üz tutasan, hara gedəsən? Qapı da bağlıdır, dünya da bağlı…”.
Alaqaranlıq qatar.
Ata:– Nə əcayib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edər maymunlar.
Cühəla elm, fəzilət satıyor,
Xalqı əfsunlayaraq aldatıyor.
Kəndi əxlaqı sönükkən həpsi
Yeltənir verməyə əxlaq dərsi.
Sadə minbərdə deyil, coq yerdə
Göz boyar həp şu qaranlıq pərdə.
Hanki bir sərxoşu söylətdim, inan
Bəhs edər, gördüm, o huşyarlıqdan.
Nerdə beş kölgə görür ördəklər
Başlayıb nitqə həmən saz köklər.
Rəqsi təlim ediyor aqsaqlar,
Əzəmət düşkünüdür alcaqlar.
Zevqə biganə səfillər bol-bol
Şerü sənətdə arar bir yeni yol.
Sadədil, hissə uyan abdallar
Həp siyasi kəsilib at nallar.
Bir yığın kor qılavuzluq yaparaq
Göstərir zülməti aydın, parlaq.
Hər gülər yüzdə ölüm, qan görürəm,
Pək yaqın dostları düşman görürəm.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alcaqlıq…
XI səhnə
Ana: – Babadan məktub var…
Qardaş və mən onun üstünə atılırlar. Ana konverti cırıb açır. O yan, bu yana çevirir, qəhər boğduğundan oxuya bilmir.
Mən: – (məktubu ondan alıb oxumağa başlayır). Əzizim Mişkinaz. Köhnə yerimdəyəm. Sağlamam. Bağlama lazım deyil. Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın. Burda hərdən yüzlərlə dustaq azad edilir. Ya da müddətlərini qısaldırlar. Arxayın olun. Mənə də növbə çatacaq. Səni, ağıllı, bacarıqlı oğlumu və xüsusən, istəkli, mehriban Turancığımı öpürəm. İşlərinizdən yazın. Yenə öpürəm sizi. Hüseyn Cavid. 27 may 1941-ci il.
Ana: – Babaya mütləq bağlama göndərmək lazımdır. Yazmasa da bilirəm ki, ona çətindir…
Qardaş: – Anam, bacım və mən. Maddi vəsait təkcə mənim stipendiyamdır.
Ana: – Onu xilas etmək lazımdır. Yaz… mən deyim, sən də rəhbərə bir məktub yaz, bəlkə kömək oldu. Yaz:
“Hörmətli yoldaş Stalin! Necə ola bilər ki, xalqın son dərəcə böyük hörmətini qazanan bir adam “xalq düşməni” adı ilə həbs olunsun, ömrünün son günlərini xəstə vücudu ilə sürgünlərdə başa vursun… Hüseyn Cavid xalq düşməni olmamış və heç bir zaman da olmayacaq. Çünki qırx illik ədəbi yaradıcılığında xalqı duyaraq, ondan ilham alaraq yazmışdı… O, xalq düşməni deyil, ola da bilməz. Çünki xalqı sevməyən adamı xalq da sevə bilməz və o, xalqın ruhunu oxşayan böyük sənətkar ola bilməz. Bu günə kimi onun həbs olunmasını haqlı sayan bir fikir belə eşitməmişəm. Hamı bu işin səhv olub, tezliklə azad ediləcəyini söyləyir… Sizə dərin hörmətlə, Hüseyn Cavid ailəsi adından həyat yoldaşı Mişkinaz Cavid”.
Mən: – Ana…
Ana: – Bilirəm nə demək istəyirsən… amma indiki vaxtda belə yazmaq lazımdır.
Qardaş və Mən Cavidin məktubuna baxır… Sonra divara asdıqları SSRİ xəritəsinə yaxınlaşırlar. Qardaşın əlində qırmızı karandaş var. Məktubun göndərildiyi ünvanı qeyd edir.
Qardaş: – Babamın getdiyi yollar… Krasnovodsk, Daşkənd, Alma-Ata, Novosibirsk, Vladivostok, Maqadan. Dünyanın sonu… Babam Hüseyn Cavid bir günəş idi, yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Buludlar onun atəşli işıqlarını udmaq istədilər… Patlatmaq! O mənhus karvanı patlatmaq lazımdır. Top mərmiləriylə təbiətin anası günəşi yavrusundan ayıran dumanlar səltənətini patlatmaq…
XII səhnə
Mən qaçaraq gəlir. Həyəcanlıdır. Arxaya baxır. Ana həyətdədir. Sərgilərdə paltar sərir. Daha çox ağ mələfələrdir.
Ana: – Nə olub?
Mən: – Məktubu yola salmağa Mərkəzi Komitənin poçtuna getmişdim. Qayıdanda yolda Stalinin şəklini gördüm. Tüpürdüm şəklinə. Bayaqdan elə bilirəm kimsə görüb, ardımca gəlir, məni təqib edir.
Ana: – Çaşasan, məni çaşdıran…
XIII səhnə
Mən: – Babamdan aldığımız məktub bizə nə qədər ümid verdi… Yarıarxayın günlər keçirdi… İndi ayları yox, illəri sayırdıq… Gəlişini, şad günləri gözlədiyimiz halda, qanlı-qadalı, anaları ağlar qoyan, evlər yıxan 1941-ci il müharibəsi başlandı. Yara üstündən yara. Birinci həftə dayım Abuzəri apardılar…
Ana: – (işini yarımçıq qoyur) Cavidin böyük qardaşının böyük oğlu Tahir mənə oğul əvəziydi, o da getdi. Ağır işlərimi, ac günlərimi, yuxusuz gecələrimi demirəm. Deyirdim, Cavidim gələr, dərdlərimi onunla bölüşərəm, keçirdiyim ağır dərdlərimi unudaram. Noyabr ayında da oğlum getdi…
Qardaş: – “Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl Sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatlığım, anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçdiyimiz səmimi dərs illəri və ümidli gələcək xatirinə mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzarət etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm rədd etməzsiniz. Hörmətlə, Ərtoğrol. 25.II.1942”.
Mən: – Məktubu Üzeyir bəyə verdim. Oxuyub mənə qaytardı. Kim idi onun bir sözünü iki edən. Məni Radiokomitetə işə götürdülər. Birtəhər anamla dolanırdıq… Amma çətin idi, xalq düşməninin qızına iş verən şəxslər və ya ona kömək edənlər risk edirdilər… Ərtoğrolu əsgərliyə çağırsalar da, xalq düşməninin oğlu olduğundan etibar edib cəbhəyə də göndərmədilər. Fəhlə batalyonuna göndərmişdilər, yol tikintisinə. Gürcüstanda idi. Heç vaxt ağır iş görməyən bir adamı birdən-birə ağır işdə işlətdilər. O da soyuqladı, ciyərləri…
Ana: – Bir evin ki, çırağı söndü, heç yandan işıq düşməz. Sən demə, oğlumu ağır vəziyyətdə Tiflis qospitalına gətiriblər. Özünə demədən baş həkimin adından mənə teleqramma gəldi… Aman Allah “gəl” demək nə deməkdir? Gör nə haldadır ki, mənə “gəl” deyirlər. Birinci, maddi ehtiyac. İkinci, getmək üçün icazə verəcəklərmi?
Mən: – Həmişə evdən satılmaq üçün bir şey verəndə qardaşım deyirdi ki, Ana, elə et ki, ac da qalsaq, o halqa üzüyü satma. O, babamın yadigarıdır.
Ana: – Bundan ağır gün olmaz. Cavidimin yadigarını yadigarına sərf edəcəyəm. (Üzüyü barmağından çıxarır. Ətrafı nəzərindən keçirir). Satmağa bu üzükdən, bir də babanın xoşuna gələn paltardan başqa heç nə qalmayıb… Saxlamışdım ki, gələndə geyinərəm… qismət deyilmiş… özündən muğayat ol. (Qucaqlaşırlar).
Qatar səsi.
XIV səhnə
Ana yorğun-yorğun ətrafa baxıb, bir tərəfə çəkilib gözləyir.
Zaman görünür. Çiyninə ağ xalat atıb.
Zaman: – O, gəzən deyil, ağırdı…
Ana: – Doktor… (ağlayır)
Zaman: – Elə bir oğulun anası ağlamaz… Əlimizdən gələni etdik. Görək nə olacaq? Sizin xalqda qədirbilməzlər çoxdu, belə bir ağıllı, mədəni adamı saxlamalıydılar. Bütün həkimlər onun sağalmasına çalışırlar. Baş həkim hamısına tapşırıb… (Çamadanı götürür). Çalışın ağlamayın, ona həyəcanlanmaq olmaz.
İşıqlar dəyişir.
Palata. Ana çarpayıya yaxınlaşır.
Qardaş: – Nə yaxşı gəldin… Öpmə!..
Ana əyilib onu oxşayır.
Ana: – Bu nə sözdü?! Adam xəstə də olar, sağalar da. Sənə nə olub?
Qardaş: – Nə yaxşı gəldin… Yollar çox çətindi, çox əziyyət çəkdin…
Ana: – Yox, rahat gəldim…
Qardaş: – (onun barmaqlarına toxunur) Nə yaxşı gəldin… Ana, birdən üzüyü…
Ana: – Yox, evdədi…
Pauza.
Qardaş: – Ana, mən əsgər gedəndə dedim ki, səni qəhrəman anası edəcəyəm, demədim ki, ağır dərdinin üstünə sağalmaz dərd qoyacağam. Adamın ki, taleyi döndü, hərtərəfli dönür…
Ana: – Canın sağ olsun, inşallah, yaxşı olarsan… hər şey düzələr…
Qardaş: – Sağalsam…
Ana: – Adam ümidsiz olmaz.
Qardaş: – Yazıq anam… (Öskürür).
Zaman işarə edir, Ana ona yaxınlaşır.
Zaman: – İkitərəfli sətəlcəm olub, müalicəsi düzgün aparılmayıb. Sonra döndərib vərəmə. Keçən həftə çox qan itirdi. Mənim azərbaycanlı dostlarım, tanışlarım çox olub. Sizin dildə danışmağı da onlardan öyrənmişəm. Əlimizdən gələni edirik. Bir az yaxşı olsun, bir il vaxt verərik… Əgər o vaxta qədər müharibə qurtarmasa onu bir də əsgər getməyə qoymaram.
Ana: – Qalmaq mümkün deyil, aparmaq imkanım yoxdu… Onun kəlmə-kəlmə öskürməsi, ümidsiz baxışları ömrüm uzunu unudulmaz.
Qardaş: – Ana…
Ana: – (yaxınlaşır). Can ana…
Qardaş: – Ana, baba Keşlədə görüşəndə sizi mənə tapşırdı. İndi mən kimə tapşırım?
Zaman: – Bir az yaxşı olsun, sonra adamınız gəlib aparar.
Ana: – Onu elə ağır halda yataqda qoyub gedən köməksiz ananın vəziyyətini izah etmək çox çətindi…
Qardaş: – Turanı öpərsən, salam söyləyərsən. Deyərsən ki, yaxşıyam. Qismət olsa, görüşərik.
Ana: – İnşallah! Əlbəttə, görüşəcəksiniz, o nə sözdü…
Bu mənim onunla son görüşüm idi…
Qatar səsi.
XV səhnə
Qardaş: – Əzizlərim! Salamlar! Nəhayət, Naxçıvana da gəldim. Ümid bağladığım bir adam (Əziz Şərif) məni çox rahat gətirib çıxardı… Saat 7-nin yarısında çatdıq, əvvəl Əzizgilə getdik. Böyük ana qonşu kənddə idi. Şamil Bakıda, Süleyman Culfada, Hacı Bazarçayında… Sanki mənim gəlişimi eşidib qaçmışdılar… Ərtoğrol. 6 sentyabr 1943
Musiqi.
Mən bir tərəfə çəkilib məktub oxuyur.
Qardaş: – Əziz bacım Turan. Bu məktubu anaya göstərmə… Məni ən çox düşündürən səni əhatə edən mühitdir – yoldaşların, sənin xarakter inkişafındır. Hər addımda çox ehtiyatlı ol, hamı yalançıdır. Qardaşın Ərtoğrol.
Mən: – Nədənsə, çox rahatsızdır. 10 gün sonra təkrar başqa məktub aldım…
Qardaş: – Çalış familəmizin saflığını, ucalığını qoru. Möhkəm ol. Qırıl, lakin əyilmə. Yaxşı olar ki, çalış kimsə yaxın durmasın. Mümkün qədər kənar, ciddi, soyuqqanlı. Hamı yalançıdır. Hamı həm də etibarsızdır. Ərtoğrol.
Mən: – Hamı yalançıdır… Hamı həm də etibarsızdır… sentyabrın 15-dən sonra yazdığı məktublarsa ağrıyla, nisgillə, xəyal qırıqlığıyla doludur. Hər məktub sanki ölümqabağı fəryaddır…
Qardaş: – Onu bir daha anlayın ki… Siz bura gəlməsəniz nə yeməyim normal olacaq, nə yaxşılaşacam, nə də istirahət edə biləcəm. Bu evdə mən hələ isti yemək görmədim… Daha bir çox səbəblər var ki, sizin gəlməyinizi zəruri sayır. Belə vaxtlarda ailənin bir yerdə olması lazımdır. Mümkündür ki, həmişəlik ayrı düşək…
Mən: – 15 sentyabr…
Qardaş: – Burda sanki hər şey boğur, didir, insanın az qala qəlbi sızlayır. Nə bir dost, nə də bir həmdəm. Ən yaxın zənn etdiyim Şamil belə daş kəsildi… Bütün ümidlər boşa çıxdı…
Mən: – 27 sentyabr…
Qardaş: – Son dərəcə ağır haldayam. Dünən bütün günü yediyim iki nəlbəki süzmə qatıq və yeddi stəkan çay olub. Böyük ana çox qaba, kəm imiş… Sancı məni həlak edirkən, o, evdə tapılmır, Təzə kəndə quzuları otarmağa gedir, lazım olan yeməklərin heç birini hazırlamır. Bir sözü gərək beş-altı dəfə təkrar edəsən. Bir neçə gün bundan əvvəl məni hamama göndərib, özü də məndən sonra hamama gedir, açarları da özü ilə götürür. Mən geri dönərkən, bir saata qədər gün altında gözləməli oldum, gecə qızdırmam 39-a çıxdı… Turan! Doğum gününü təbrik edirəm, təəssüf ki, bir yerdə pilov yeyə bilməyəcəyik… Buraların havası müntəzəm deyil. Bir neçə gün bərk soyuq oldu, ətraf dağlar qarla örtülmüşdür. Bəziləri qış paltarı geymiş. Bu evdə bir dənə də kişi paltarı yoxdu… Gəlişimə çox peşmanam. Daha nə yazım. Mümkün qədər burdan tez çıxmağa çalışacağam. Hələlik. Bərk-bərk öpürəm sizləri…
Mən: – Qardaşın Ərtoğrol. 28 sentyabr. Naxçıvan.
Ana: – Hələ altı ay əvvəl Tiflis qospitalında mənə demişdilər ki, o, gəzən deyil, yəni yataq xəstəsidir. İndi altı ay sonra dərmansızlıqdan, qidasızlıqdan getdikcə ağırlaşan halını necə təsəvvür edəsən…
Mən: – Və ölümündən yeddi gün əvvəl yazdığı son məktub…
Qardaş: – Lazımi yemək yeyə bilmirəm. Heç olmasa, dərmanla özümü saxlayım… Mənə dava-dərman lazımdır… Tez gəlməsəniz dəlixanaya düşəcəyəm…
Mən: – Sonra sükut…
Qardaş: – Sonra sükut… Sükutun əks sədası…
Mən: – Məktublar bitir… Sonra xatirələr…
Zaman: – Ərtoğrolda son günlər qəribə bir şakər əmələ gəlmişdi. Tez-tez dırnağına baxırdı. Soruşanda ki, niyə dırnağına baxırsan, deyirdi ki, burda bir xətt var, o göyərəndə öləcəyəm…
Mən: – Ərtoğrol necə can verib? Son anında yanında kim var idi? Son sözü nə olub? Bu barədə heç kəsin xatirəsi yoxdu…
Zaman: – Yenə xatirələr… yalan xatirələr… Ölümündən altmış il sonra kimsə Ərtoğrola lazım olan dərmanları “alıb gətirir”. Kimisi onuncün dadlı yeməklər “hazırlayır”…
Mən: – (məktubları göstərir). Son məktubları isə bu xatirələrin üstündən qara bir xətt cəkir.
Qardaş: – “Kimsəyə salam söyləməyin”.
Zaman: – Cavidin oğlu hec kəsdən minnət götürmür.
Mən: – Ərtoğrol 1943-cü il oktyabrın 14-də dünyasını dəyişib… Vida şəkli cəkdiriblər. Sonra tabutu arabaya qoyublar və araba aramla, cırıltı salaraq həyətdən cıxıb…
Ana: – Cavid oğlunu Tuquş deyib əzizləyirdi.
Mən: – Tuquş belə tamama yetdi… Ağrılar icində, insanlardan küskün, həyata tamarzı…
Qardaş: – (görünür).
Bu uzun zaman nədən
Qəlbimi dəlib keçdin?
Heç etina etmədən
Qarşımdan gəlib keçdin.
Nə oldu ki, gözəl qız,
İndi deyirsən: mənim
Arzum, diləyim yalnız
Sənin olmaqdır, sənin?!
Gəl, ilıq dodaqların
Mənliyimi isitsin,
Ətirli yanaqların
Cismimi sərxoş etsin…
Birdən gözlərimi açınca qandım,
Gördüyüm yuxudan özüm utandım…
Mən: – 24 yaşı tamam olmadı… Pedaqoji İnstitutu bitirdi, Konservatoriyada oxudu. Yazdı, rəsmlər çəkdi, musiqilər bəstələdi… Çırpındı, qanadlandı, uçmağa macal tapmadı…
Qardaş: – Adamın ki, taleyi döndü, hərtərəfli dönür…
Mən: – Qardaşımın vəfatından sonra anamın qeyri-adi insan olduğunu gördüm. Əlbəttə, təklikdə yəqin ki, ağlayırdı. Amma o gündən sonra nə o mənim gözümdə yaş gördü, nə də mən onun. Demək olar ki, son dəqiqəsinədək. 1943-dən sonra 1976-dək bizim aramızda Ərtoğrolun adı çəkilmədi…
Ana: – İraq qızımın canından, mən qaragün, onun sağalıb gəlməsini gözləyirdim. Amma qara xəbərini aldıq. Heç analar, bacılar görməsin. Özü də necə nisgiliydim. Əlim çatmır, ünüm yetmir. Yeganə təsəllim o oldu ki, o hadisə burda olmadı. Onu yerdən götürmək üçün bir dost, bir qohum gəlməyəcəkdi. Gərək çıxıb yoldan keçənlərdən xahiş edəydim ki, gəlib mənə kömək etsinlər. Amma Naxçıvanda onu əzizləyənlər, layiqincə yerdən götürənlərim vardı…
XVI səhnə
Mən: – 1944-cü ildə sənədlərimi Tibb İnstitutuna verdim. Yüksək qiymətlər aldım və Müalicə fakültəsinə daxili oldum…
Zaman: – Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru, professor Z.Məmmədovun və qəbul komissiyası katibinin abituriyent Turan Cavidə verdiyi arayışda qəbul imtahanlarında aldığı qiymətlər öz əksini belə tapıb: “Fizika – 5, Kimya – 5, Azərbaycan dili, yazılı – 5, Azərbaycan dili, şifahi – 5”.
Mən: – Sentyabrda dərsə getdim… bir gün, iki gün, beş gün… Beşinci gün qərara gəldim ki, həkim ola bilmərəm…
Zaman: – Sənin institutdan çıxmağını istəmirəm.
Mən: – Mən həkim ola bilmərəm…
Zaman: – Axı niyə?
Mən: – Ərtoğroldan sonra yaşadıqlarıma, çəkdiklərimə görə elə bil birdən-birə otuz-qırx il böyümüşəm. Heç bir dərd-sər görməyən gənclərlə bir yerdə olmaq məni çəkindirir. Odur ki, xahiş edirəm sənədlərimi qaytarın…
Zaman: – Dekan sənin institutdan çıxmağını istəmir axı.
Ana: – Nə yaxşı sən həkim olmadın, Tibb İnstitutundan getdin… Xalq düşməninin qızını həkim kimi kim işə götürəcəkdi ki?
XVII səhnə
Mən: – 1945-ci ildə Teatr İnstitutuna qəbul olundum. Mən artıq yerimdə idim. Mən burda “xalq düşməninin” qızı olduğumu hiss etmədim. Məlum məsələlərə görə aspiranturaya girə bilməsəm də, hər halda, ali təhsil ala bildim. Burada Cavidə münasibət aydın idi. Heç elə bil repressiya olunmamışdı… Babadan isə xəbər yoxdu. Hara müraciət edirdiksə cavabsız qalırdı. Mən isə ümidimi itirmir ona məktub yazırdım. Ona Teatr İnstitutuna daxil olduğumu, burda hamının onu sevdiyni yazırdım. Əlbəttə, bu məktublarda Ərtoğrolun ölümünü gizlədirdim… Düşünürdüm ki, onun dərdinin üstünə dərd qoymaq lazım deyil. Özü gələr, özü bilər…
Zaman: – Müqəddəs yalançı məktublar. Xoşbəxt yaşayan sevimli qızın məktubları. Cavid çoxdan canını tapşırıb. Məktubları o yox, (özünə işarə edir). Zaman oxuyur.
Mən: – 1948-ci ildə heç gözləmədiyimiz halda bir bildiriş aldıq…
Zaman: – 59 yaşlı Hüseyn Cavid sepsisdən, iki ayağın pəncəsinin donması və ürək iflicindən 1941-ci il dekabr ayının 5-də gecə saat 22.30-da vəfat etmişdir. 21 saylı əlillər zonasının rəisi Sinitsın, həkim Vartminski, palata növbətçisi Fisunenko.
Mən: – Bəs mənim bu müddətdə babama yazdığım məktublar? Bəs mənim babama çatmalı olan məktublarım haradadır? Kimə çatıb o məktublar?! Kim məndən icazəsiz oxuyub o məktubları?! Axı niyə? Nə haqla?! Davamlı məktublar yazırdım. Maqadandan məktub kəsiləndən sonra yazdım ki, məktub almırıq.
Zaman: – Onlar da başqa bir ünvan göndərmişdilər: İrkutsk vilayətinin Bratsk şəhəri.
Mən: – Ora da yazdım.
Zaman: – Ordan da cavab alınmadı.
Mən: – 1948-ci ildə Ananı çağırıb bizim yaşadığımız rayonun VVAQ idarəsindən ölüm şəhadətnaməsi vermişdilər. 1956-cı ilə qədər Ana həmin şəhadətnaməni məndən gizləmişdi.
Zaman: – Azərbaycanda Hüseyn Cavidin ölümü haqqında qeydiyyat vəfatından 7 il sonra – 1948-ci il martın 31-də aparılıb, ölüm şəhadətnaməsi isə 1948-ci il mayın 4-də ailəsinə verilib. Ölüm tarixi dəqiq göstərilsə də, vəfat etdiyi yer bildirilməyib. Şəhadətnamə Caparidze rayonunun VVAQ bürosu tərəfindən təqdim olunub.
XVIII səhnə
Zaman: – (Stalinin ölümü haqda xəbəri oxuyur). 1953-cü il martın 5-də Stalin…
Zaman: – Stalin öldü, üç il sonra 1956-cı ildə Cavid bəraət aldı. Bəraət müjdəsini alan Mişkinaz – Ana hər zamankı təmkinliyini, mətinliyini itirmişdi.
Ana: – Ərtoğrol, ay oğul, hardasan?
XIX səhnə
Zaman: – Ən çox kimə ehtiyac duyursan?
Mən: – Ərtoğrola.
Zaman: – Cavidin həyatında rəqəmlərin mistikası var.
Mən: – Hə. Atanın saxlandığı kameranın nömrəsi qırxdan bir əskik idi… Yəni 39. Ailəsi ilə son görüşü 39-cu ilin iyulunda oldu. Cavid 59 yaşında vəfat edib. Sibirdəki qəbrinin nömrəsi də 59 idi. Ölüm aktı da 59 nömrəliydi. Məqbərədə Cavidlər 59 ildən sonra (1937-96) görüşdülər. Məqbərənin inşaya başlandığı gün (3 iyun 1996) Cavidin düz 59 il əvvəl (3 iyun 1937) həbs olunduğu gündü. Cavid cib dəftərçəsinə başının ölçüsünü qeyd edib – 59. Mənim tələbə biletim də 59 nömrəlidir. 1982-ci ildə Cavid vətənə gətiriləndə mən də, bu işin təşəbbüskarı Heydər Əliyev də – hər ikimiz 59 yaşındaydıq.
XX səhnə
Mən: – Əgər Heydər Əliyev olmasaydı, Cavidin Azərbaycana gətirilməsi baş tutmazdı. 1937-ci il repressiyasının qurbanlarından heç birisinin nəşi vətənə gətirilməmişdi. Bu, SSRİ-də yeganə hadisəydi… Səksən ikinci ilin oktyabr ayı qədər dəhşətli ay təsəvvür etmirəm. Bir tərəfdən Cavidin 100 yaşı tamam olur, digər tərəfdən, Ana yoxdu.
Zaman: – Cənazəni gətirməyə gedənlərin məqsədləri oymuş ki, ordan birbaşa Moskva – İrəvan reysilə uçsunlar. İrəvanda – belə planlaşdırıblar Naxçıvandan Cavidin obrazlarında aktyorlar gəlsin və cənazəni onlar aparsın.
Mən: – Sonralar mən onlara dedim bunu, necə insafınız yol verirdi ki, Cavid Azərbaycana İrəvandan daxil olsun. Amma yaxşı ki, bu plan baş tutmur.
Zaman: – İrkutskdan Moskvaya uçanda radioqramma alırlar ki, birbaşa Bakıya gəlmək lazımdır.
Mən: – Ömrümdə mənim o qədər əzab çəkdiyim olmayıb. Heç nədən xəbərim yoxdu. Ayın 26-da Mədəniyyət Nazirliyindən zəng vurdular ki, Cavidin cənazəsi gətirilir, saat 3-də işçilərlə olarsız aeroportda. Bunu eşidəndə dəhşətə gəldim. Bu barədə heç kəs mənə heç nə deməmişdi. Hara zəng vurmaq lazım gəldiyini bilmirdim. Birbaşa gəldik hava limanına. Həbibə Məmmədxanlı da mənimlə idi. Biz ora çatanda cənazə artıq meydanda qoyulmuşdu. Yaxınlaşdıq tabut qoyulan hissəyə.
Zaman: – Hansı hissləri keçirdiniz?
Mən: – Belə hallarda ən asan hal ağlamaqdı. Ətrafda heç kəsi görmürdüm. Biz qarşılaşanda baba 18 gün məndən böyük idi.
Mən:(Yaxınlaşıb tabuta əlini ehmalca sürtür). – Biz sonuncu dəfə ayrılanda üç nəfər idik. İndi səni tək qarşılayıram.
Zaman: – Amma ağlamadın…
Mən: – Ağlamaq, kədərin ən aşağı qatıdı.
XXI səhnə
Mən: – Gecə yuxuda Ananı görmüşəm.
Zaman: – Necə gördün?
Mən: – Evimizin eyvanı Qoşa Qala Qapıya baxır. Görürəm ki, həmin istiqamətdən evimizə tərəf sel gəlir. Ana da selin içərisindəydi. Çox nigaran oldum. Amma evə girəndə gördüm ki, üstü-başı qupqurudu…
(Musiqi)
Mən: – Heç islanmamısan.
Ana: – Səni aparmağa gəlmişəm.
Mən: – Seldən qorxuram.
Ana: – Qorxma, səni quru yollarla aparacam.
(Musiqi)
Zaman: – Nə olub?..
Mən: – Gedirəm.
Zaman: – Hara?
Mən: – … (Sükut).
Zaman: – (ətrafa) Susmaq! O da başqa dürlü fəryad.
Mən: – Görürsən, necə tərləmişəm? Bu əcəl təridi…
Zaman: – Sən hələ çox yaşayacaqsan…
Mən: – Deyirsən qurdnan qiyamətə qalacam?
Zaman: – Əlbəttə…
Mən: – Zarafat vaxtı deyil…
Zaman: – Bəlkə sizi xəstəxanaya aparaq?
Mən: – Yox!
Zaman: – Ağrı isə onu qovururdu…Təcili yardıma zəng vurdum. On dəqiqədən sonra iki həkim qadın gəldi. O isə sakitcə uzandı. Gözlərini otağın divarlarında gəzdirdi və iri dolabın üstündəki üç şəklə – özünün qibləgahına – Cavid əfəndinin, Mişkinaz xanımın və Ərtoğrolun şəkillərinə tərəf boylandı. Baxdı, baxdı, baxdı və gözlərini yummadı. …Keçindi… Miokard infarktından sonrakı kardioskleroz. Ürək astması. Ağ ciyər odemi. Təkrar miokard infarktı.