Nə boyda təkəm, İlahi! Dünyaya sığmayan bu təkliyi necə daşıyım, hara daşıyım… Məndən və ofisiant qızdan başqa bir kimsə yoxdu bu miskgin kafedə, onun gözlərindəki kədər qədər təkəm… kimsəsiz payız gecəsində başına yağış tökən saqqallı bir sərsəri məndən siqaret istədi, ondan səxavətimi əsirgəmədim, o zavallının çaresizliği qədər təkəm… pəncərələrdə sönən işıqlar qədər təkəm… bir nəfərlik çaydan qədər, nimdaş sirrimi təkrar -tekrar özümə picildayacaq qədər təkəm eeee, təkəm… Bu məşum həqiqəti dərk edəcək qədər təkəm… bu yağışlı gecədə təkliyimi mənə xatırlatdı ofisiant qız, saqqallı sərsəri, bir də yolumu kəsən küçə itləri…
Kakao, südlü sosiska, suxarı, mətbəx semantikasının minimal lüğəti, xoşbəxt uşaqlığımızın qida rasionu, arzularımın kosmik Saturnu, ofisiantı çağırıram “Qurman” kafesində, suxarı gətir, bir də kakao, üzündə təəccüb ifadəsi donub qalır, “bizdə elə şeylər olmur”, “nə kakao, nə suxarı”, piyada qalxıram Dağlı məhləsiylə üzüyuxarı, əllərimi yandırır təndirdən təzə çıxmış Dağlı çörəyi, burda döyünür Bakının ürəyi…
Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb…
Deyir ki:- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”
Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir…
“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qəzetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qəzeti buraxmaq istəyirlər. Mən də dedim, əlimdə tərcümələrim var. Dedi, gətir, çap edək. Elə oldu ki, həmin qəzeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qəzetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qəzetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qəzeti buraxdıq.”- söyləyir…
Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir…
Deyir ki:- “Mənsub olduğum ədəbi nəslin giley-güzarı bitməsə də əsas məsələ, ortada böyük qələbəmiz var. Demək, bizim qismətimizdə Qarabağı azad görmək də var imiş. O ki qaldı mənim ədəbiyyatda qalıb-qalmayacağıma bunu yalnız gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam…”
Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib…
“Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq…”- söyləyir.
…Hazırda “Mücrü” jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 15-ə yaxın kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayna dillərinə tərcümə olunub…
Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var…
Daxili aləmi çox rəngarəngdir. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır…
…Martn 3-ü həm Kənanın və həm də ömür-gün yoldaşı İlhamə Dağlının ad günüdür. Bu münasibətlə hər ikisini təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasınlar, cüt yaşasınlar!
SƏLİM BABULLAOĞLU Azərbaycan ədəbiyyatının sərvətidir. Ədəbi mühitdə onun qədər vicdanlı, dürüst, ədalətli, punktual olan çox az sayda qələm adamı tapa bilərsiniz. Səlim bəy o təklərdəndir. Çox sevdiyim şairlərdəndir. Novator şairdir. Ədəbiyyatımızın təbliğində xidmətləri ölçüyəgəlməzdir. Bu gün əziz dostumun, qardaşımın dünyaya gəldiyi gündür. Səmimi-qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, yaradıcılıq sevincləri arzulayıram!
Ömrümdən bir ovuc kül qalmışdı, külün altında iynə ucu boyda köz işarırdı, mən var gücümlə o külü üfürdüm, aylarla, illərlə… külək arxamca sovurmuşdu külü, itmişdi ayaq izlərim, tüstüdən kor olmuşdu gözlərim… bir səs qulağıma pıçıldayırdı: döz, döz, döz, insafa gəlmirdi köz… nəfəsim kəsilincə üfürdüm közü, bir gün… böyüdü, alışdı gözü, köz-köz olmuş yaralarım qaysaq bağladı, sevincdən ocağın küncündə oturub doyunca ağladım… sonra sən gəldin, gülüm…
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevanın (Şəhla Tahirqızı) “Çağdaş ədəbiyyata baxış” adlı kitabı işıq üzü görüb.
Kitabda müəllif tərəfindən müxtəlif illərdə qələmə aldığı ədəbi və portret yazılarının bir qismi toplanıb. “Ədəbi düşüncələr” və “Müəllimlərimə ehtiramla” başlıqlarında qruplaşdırılan yazılarda müxtəlif ədəbi nəsilləri təmsil edən qələm sahiblərinin yaradıcılığına nəzər salınıb, bu nümunələrin ümümi mənzərəsi və gəlişmə tendensiyaları təhlil edilib.
Ədəbiyyatşünaslar və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş toplunun ön sözünün müəllifi yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Hacı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, rəyçisi isə Əməkdar jurnalist, yazıçı Yunis Orucovdur.
Deyirlər müharibə haqqında əsər yazmaqdan ötrü zamana ehtiyac var. Müharibənin nəticələri bədii təfəkkürün süzgəcindən keçməli, savaşın zahirən görünməyən tərəflərinə aydınlıq gətirilənə qədər sular durulmalı, mənzərə tam aydın görünməlidir. Yazıçı bəzən uzaq məsafədən tarixi hadisələri təfərrüatı ilə görə bilir. 44 günlük Vətən müharibəsində isə görünməyən tərəflər yox idi, hər şey aşkar idi. İşğal altında olan torpaqlarımızın azad edilməsi bizim Vətən və Tarix qarşısında ümdə vəzifəmiz idi. Daxili ahəngin və harmoniyanın dəyişən nisbəti yalnız ruh-cism müstəvisində baş vermir, milli kontekstlər arasında da dəyişir. Sentyabrın 27-sində biz xalq olaraq milli kontekstdə birləşdik və bir yumruğa çevrildik. Dəmir yumruğa! Və tarixi Zəfərimizi qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik. Ən əsası, məğlubiyyət sindromundan xilas olduq. Azərbaycan yazıçısı olaraq bu sətirləri qürur hissiylə yazıram. Azərbaycan yazıçısından Qələbəmizi əks etdirən əsərlər tələb olunur. Həmin əsərlər yazıldı və bu gün də yazılmaqdadır. Qələm dostum Sadıq Qarayevin bu günlərdə oxuyub bitirdiyim “N” saylı qəhrəmanlıq” romanı 44 günlük müharibənin salnaməsidir. Qələbəmizin mahiyyətini təkcə bədii formada təqdim etməklə kifayətlənməyən yazıçı elmi-fəlsəfi kontekstdə də müharibənin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu isbat edir. Əsərdə erməni-müsəlman savaşının tarixi kökləri araşdırılır, faktoloji əsaslara söykənən mühakimələrlə müharibənin mahiyyəti çözülür. Otuz il ərzində heç bir nəticə verməyən danışıqlar prosesinin aldadıcı illüziyası romanda təhlilə cəlb olunur. Sadıq Qarayevin başqa yazıçılardan fərqi bədiiliklə elmiliyin sintezini, elmi təfəkkürlə bədii düşüncənin vəhdətini yarada bilməsidir. Onun əsərləri akademizm cərəyanının ədəbiyyatımızda ilk nümunələridir. O, hələ 2014-cü ildə nəşr olunmuş “Sahilsiz təzadlar” romanında yazıçı uzaqgörənliyi ilə Şuşanın işğaldan azad edilməsini təsvir etmişdi. Cəmi altı ildən sonra bu romanda təsvir olunan hadisələr gerçəkliyə çevrildi. Çünki yazıçı Ali Həqiqətin yanında idi, intuisiyası onu heç vaxt aldada bilməzdi. Ədalətin nə vaxtsa bərqərar olacağına sarsılmaz inam ona bu əsərləri yazdırırdı. “N” saylı qəhrəmanlıq” romanı Azərbaycan xalqının haqq işi uğrunda mübarizəsinin salnaməsidir. Bu əsərdə Ali Baş Komandan İlham Əliyevin obrazı o qədər mükəmməlcəsinə yaradılıb ki, bədii sözün qüdrətinə heyran qalmamaq mümkün deyil. Bu da ədəbiyyatımızda bir ilkdir. Onun daimi həmsöhbəti olan general obrazı xüsusilə diqqəti çəkir. Romanın redaktoru Əlisahib Hüseynli çox doğru qeyd edir ki, “əsərdə Ali Baş Komandanla söhbət edən, müstəsna səlahiyyətlər sahibi kimi təsvir edilən, Prezidentin həmişə ona baxdıqda üç rəngli bayrağı xatırladan general obrazı… Azərbaycan xalqının ümumi obrazını xatırladır, bəlkə də dövlətin özüdür, ya da Ali Baş Komandanın özü-özüylə güzgü effekti verən söhbətidir, ya da milli dövlətçiliyimizin işıqlı yolu olan azərbaycançılıq məfkurəsinin simvollaşmış obrazıdır”. Romanın strukturunda bu iki şəxsin dialoqu ədəbi-bədii fənd olaraq çox uğurlu tapıntıdır və demək olar ki, süjet xəttinin lokomotividir. Azərbaycan xalqının humanist obrazı Əlinin vəhşi ayının parçalamaqda olduğu ermənini xilas etməsi səhnəsində əyani şəkildə təqdim olunur. Yerlər dəyişsəydi, erməni Əlini ayının pəncəsindən xilas edərdimi?! Bu suala müsbət cavab vermək çətindir. Əlinin Zori ilə dialoqu ibrətamizdir. Əli bu erməniyə izah etməyə çalışır: “Vardan, sən yaz vaxtı təpələrdəki otları görmüsən? Tez göyərib istilər düşənədək toxum verib, tez də solurlar. Çünki kökləri çox zəifdir, dərinə gedə bilmir. Bax, sizin də tarixinizin, vətənpərvərlik ideyalarınızın, məfkurənizin bu cür efemer bitgilər kimi kökü yoxdur”. Dialoq davam etdikcə görürsən ki, Əlinin nitqində zərrə qədər təhqir elementi yoxdur. O, həqiqətləri aydın formada, soyuqqanlı şəkildə qarşısındakı əsirə izah edir. Bu, bizim xalqın alinəcablığını və humanizmini göstərən yüksək keyfiyyətlərdir. Romanda o qədər qan donduran təsvirlər var ki, bu barədə yazmaq istəmirəm. Qarşı tərəfin törətdikləri əməllər bəşəriyyət üçün üzqarasıdır. Keçmişdən ibrət dərsi almaq üçün bu kitabı mütləq oxumaq lazımdır. Yaddaşımızı daim oyaq saxlamaq üçün oxumalıyıq. “N” saylı qəhrəmanlıq” romanı Qələbəmizə layiq bir əsərdir. Belə bir əsəri yalnız qalib xalqın yazıçısı yaza bilərdi. Bu münasibətlə dəyərli yazıçı dostum Sadıq Qarayevi ürəkdən təbrik edirəm!
Dünənə qədər Həmid Herisçini özünə ustad bilənlər bu gün onu linç etməklə məşğuldurlar. Siz yazıçı nüfuzunun aşağı düşməsindən danışırsınız, oxucunun kitabdan üz döndərməsindən dəm vurursunuz. Amma öz qələm dostunuzun statuslarınızın altında təhqir olunduğuna göz yumursunuz! Onun “ölüm xəbəri”ni tirajlayıb bundan ləzzət alırsınız. Özünə “ədəbiyyat adamı” deyən kəs öz həmkarına qarşı axıdılan çirkab selinə kənardan durub baxa bilməz! HƏMİD HERİSÇİnin Azərbaycan Yazıçılar Birliyinin üzvü olmasında hansı qəbahət var? Bəlkə Aqronomlar Birliyinə ya Memarlar İttifaqına üzv olmalıydı?! Bu nə hay-həşirdir? Bir yazıçının Yazıçılar Birliyinə üzv olması niyə bu qədər ajiotaj doğurmalıdır? Bu, hər bir yaradıcı şəxsin öz seçimi, öz qərarıdır. Düşünürəm ki, Yazıçılar Birliyinə qarşı şəxsi ambisiyalar üzərində qurulan təmənnalı münasibət də dəyişməlidir. Narazılıqların kökündə də bu dayanır. Yazıçının işi mətn yazmaqdır. Həmid bəyin də Yazıçılar Birliyində təmsil olunması təbiidir. O, böyük yazıçıdır. Gəlin, dəyərlərimizin qədrini bilək.