Etiket arxivi: Yazarlar 51

Atakişiyeva Həcərin elmi məqaləsi

Atakişiyeva Həcər

DÜNYAYA ÖRNƏK OLAN AZƏRBAYCAN – TÜRKİYƏ MÜNASİBƏTLƏRİ     

Açar sözlər: Azərbaycan, Türkiyə, Zəngəzur dəhlizi, Şuşa Bəyannaməsi, Zəfər paradı

Ключевые слова: Азербайджан, Турция, Зангезурский коридор, Шушинская декларация, Парад Победы

Key words: Azerbaijan, Turkey, Zangezur Corridor, Shusha Declaration, Victory Parade

Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın və ölkələrimizin qardaşlığına söykənir. Buna görə də, Azərbaycanla təhdid dili ilə danışmaq istəyən mənfurlar Azərbaycanın İkinci Qarabağ müharibəsinə müdaxilə etmək fikrinə düşəndə qarşılarında Türkiyə kimi güclü və dayanaqlı bir dövlət gördülər. Azərbaycan-Türkiyə münasibətləri əsrlərin sınaqlarından çıxaraq, “dəmir yumruğ”a çevrilə bilmişdir. Bu münasibətlərin inkişafında Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı xalqlarımızın və ölkələrimizin də çox böyük rolları vardır. Əsrlərin sınaqlarından çıxmış Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya dəqiq bir mesajdır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı tarixi və möhtəşəm çıxışları bu münasibətləri daim gücləndirməyə xidmət etmişdir. Bu münasibətlərin qorunması hər bir zaman Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olan mövzulardandır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə simvollarından birinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərində ən böyük uğurlardan biri də “Şuşa Bəyannaməsi” oldu. Bu bəyannamə Azərbaycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit edir. “Şuşa Bəyannaməsi”- də öz əksini tapan strateji müttəfiqlik məsələləri Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə sıx əməkdaşlığı, təhlükəsizlik və müdafiə sahələrini nizama saldı. Bu Müttəfiqlik Bəyannaməsi xalqlarımızın və ölkələrimizin gücünə güc qatıb, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan Türk xalqlarının möhkəm bir şəkildə birləşməsini təmin etdi. Azərbaycan-Türkiyə münasibətləri daim dünya dövlətlərinə örnək olmuşdur. Bu iki qədim tarixə malik olan xalqın böyük uğurlar qazanaraq böyük dövlət qura bilməklərində Azərbaycan və Türkiyə qardaşlığının çox böyük rolu vardır. Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığının belə yüksək səviyyədə olmasında hər iki ölkənin dövlət başçılarının apardıqları ikitərəfli əlaqələrin mühüm əhəmiyyəti vardır. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz arasında müttəfiqlik, strateji tərəfdaşlıq, güclü iqtisadi və mədəni əlaqələrin ən yüksək həddə olmasında rolları əvəzolunmazdır. İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyədə olması tamamilə məntiqə əsaslanır. Qarşılıqlı güvənə əsaslanan münasibətlərin ən bariz nümunəsi Azərbaycanın müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasıdır. Ümumilikdə, Azərbaycan və Türkiyə dövlətləri arasında olan müttəfiqlik əlaqələri bölgədə daimi sülh və inkişafa xidmət edir. Azərbaycan və Türkiyə hər zaman bir- birinin sevincini öz sevinci, kədərini isə öz kədəri bilmişdir. 2023-cü ilin fevral ayında Türkiyədə başverən dəhşətli zəlzələ xalqımızı və ölkəmizi dərindən kədərləndirmişdir. Azərbaycan bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyi və yüksək həmrəylik nümunəsi olmuşdur. Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrin yaranmasına və bütün bölgənin inkişafına mühüm töhfələr vermişdir. Azərbaycan və Türkiyə münasibətləri beynəlxalq və regional səviyyəli olub, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına güclü təminat yaradır. Azərbaycan-Türkiyə münasibətləri türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın inkişafında ortaq tarixi köklər, iqtisadi əlaqələr, dövlət maraqlarının və gələcəyə birgə baxışın təsiri baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dost və qardaş olan Azərbaycanın və Türkiyənin dövlət başçılarınında arasında şəxsi dostluq və qardaşlıq münasibətləri vardır. Buda, həmçinin, əlaqələrin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən ən əsas amillərdəndir. Azərbaycan və Türkiyə dövlətlərini mədəniyyət ümumiliyi, sosial-iqtisadi əlaqələr, tarixi köklər, yaxın münasibətlər, liderlərinin bir-birinə olan güvən və etibarı, regiona olan münasibətləri, dünyaya sülh və rifah arzusu arzulamaqları, dövlət siyasətləri, strateji müttəfiqlikləri birləşdirir. Qardaş Türkiyə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasının bütün mərhələlərində Azərbaycanın yanında idi. Türkiyə dövlətinin Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyi əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi və müharibənin gedişatı proseslərində əhəmiyyətli təsir yaratdı. Türkiyə kimi hərtərəfli imkanlara malik güclü bir dövlətin Azərbaycanın yanında olması və hərtərəfli dəstəyini açıq bir şəkildə bəyan etməsi işğalçı Ermənistanın havadarlarına və özünə güclü bir zərbə oldu. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir. Çünki Türkiyə ilə Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması o deməkdir ki, Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması zəruri olacaqdır və hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələri intensivləşəcəkdir. Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması bütün Türk dövlətlərinin inkişaf etməsində mühüm rol oynayacaqdır. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsi regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanması deməkdir. Türk Dövlətləri Təşkilatını təşkil edən- Türk dünyası üçün xalqlarımızın birlik olması məsələsi daim prioritetdir və aparılan siyasət də bunu aydın göstərir.                                                       

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğulayaraq, ümumən, türk dünyasının birliyi məsələsini ön planda tutmuşdur. Türk Dövlətləri Təşkilatının birliyi yaxın gələcək üçün potensial qlobal güc kimi çox böyük perspektivlər daşıyır. Birləşmiş Türk dünyası gələcəkdə böyük coğrafiyaya, böyük əraziyə, böyük hərbi gücə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına, bir soydan, kökdən olan gənc və artan əhaliyə sahib olacaqdır. Bir soydan, kökdən olan xalqların güclü və müştərək birlik yaratmağa nail ola bilməkləri olduqca önəmli bir məsələdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı səyləri bu birliyin möhkəmlənməsinə xidmət edərək türk dövlətlərinin sıx birliyini daha da gücləndirir. Türk Dövlətləri Təşkilatının qlobal önəmi, miqyası və rolu olduqca yüksəkdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı atılan doğru addımları türk dünyasının beynəlxalq məkana inteqrasiyasını və iqtisadi potensialını gücləndirmişdir. Günü-gündən Azərbaycan və Türkiyə arasındakı hərbi sahədə əməkdaşlıq əlaqələri inkişaf edir və birgə ordu quruculuğu istiqamətində atılan addımlar möhtəşəm nəticələr verir. Azərbaycan və Türkiyə dövlətləri arasında təhsil, texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələri olduqca gücləndirilmişdir. Azərbaycan və Türkiyə dövlətləri hər bir zaman fəal əməkdaşlıq etmiş və birgəliyimizin gücü ilə dünya üçün sülh, təhlükəsiz inkişaf dəyərləri yaratmışdırlar. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin böyük bir tarixi vardır. Bu tarix ortaq kökə, dilə, din birliyinə, oxşar mədəniyyətə, adət və ənənələrə söykənir. Hər iki dövlət və xalq tarixlərin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olaraq çıxmışdırlar. Bunun bariz nümunəsi kimi Nuru Paşanın komandanlığı ilə 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi üçün Azərbaycana gəlməsini göstərmək çox doğru olardı. Nuru Paşanın komandanlığı ilə Türk ordusu Azərbaycana, Bakıya gəldi və  Azərbaycanı daşnakların təcavüzündən xilas etdi. Bakını xilas etməsi ilə Türk ordusu hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan və Türkiyə xalqları ağır dövrlərində bir-birilərinə göstərdikləri köməyi heç vaxt unutmayıblar. Hər iki dövlət bir-birilərinə daim maddi və mənəvi yardım göstərmişdir. Azərbaycan dünyaya hərtərəfli inteqrasiya edə bilmək üçün Türkiyə dövlətinin imkanlarından yararlanmışdır. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yarada bilmək üçün ən yaxın müttəfiqidir. Bu müttəfiqlik Azərbaycan – Türkiyə münasibətlərinin inkşafında mühüm vasitə rolunu oynayır. Türkiyə dövləti ilə Azərbaycan dövləti bir-birinə beynəlxalq aləmdə müttəfiq və dayaqdır. Azərbaycanın güclü dövlət olmasında Türkiyənin dünya siyasətindəki gücünün rolu danılmazdır. Hər iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanması dayanıqlı inkşafı zəruri edir.         

Bir millət, iki dövlət arasındakı münasibətlərin tarixi olduqca qədimdir. Perspektivlərə əsaslanan ikitərəfli siyasi münasibətlər Azərbaycan müstəqilliyini 1991-ci ildə  bərpa edəndən sonra daha da inkişaf etdi. Belə ki, 1991-ci il noyabrın 9-da Azərbaycan müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Bundan sonra münasibətlər daha da irəliləyərək 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Azərbaycan və Türkiyənin diplomatik fəaliyyətə başlaması ilə hər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı geniş perspektivlər açdı. Qarşılıqlı əlaqələrin əsas prinsiplərinin və inkişaf perspektivinin müəyyən edilməsi hər iki dövlətin qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmasının nəticəsi idi. Türkiyə hər bir zaman Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasında, regional təhlükəsizliyin qorunmasında, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında Türkiyə dövləti ilə yaradılan hərtərəfli əməkdaşlığın xüsusi əhəmiyyəti danılmazdır. Azərbaycan – Türkiyə münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabili olan Türkiyə daim bu münasibətlərin inkişafına xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir. Azərbaycan – Türkiyə münasibətlərinin həmişə yüksələn xətt üzrə inkişaf etməsi tərəflərin ümummilli liderlərinin xarici siyasət konsepsiyasınada verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyində göstəricisidir. Hər iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin atdığı addımlar iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər qarşılıqlı əlaqələri möhkəmləndirməyə xidmət edir. Strateji əməkdaşlığın dərinləşdirilməsi üçün Türkiyə və Azərbaycanın atdığı bütün addımlar dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olması üçündür. İki dövlət arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri daim müzakirə mövzusu olmuşdur. Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsi qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə ən əsas səbəblərdəndir.                                     Bayram Salmanov Respublika qəzetində dərc olunan “Dünyaya örnək qardaşlıq” məqaləsində Azərbaycan və Türkiyə münasibətlərini geniş bir şəkildə şərh etmişdir. “Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni əlaqələrinin formalaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə əlaqələri yüksək səviyyədə təmin etdi. Prezident Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verdi” [8,4].                                                  

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı  xidmətlərinə görə seçilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan və Türkiyə arasında birgə bəyanatlar, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlıq daim diqqət mərkəzində saxlanılan mövzulardandır. Türkiyə və Azərbaycan arasında münasibətlər köklü tarixə, mədəni bağlara, qardaşlıq təməlinə söykənir. Hər iki qardaş dövlət bir-birinə olan hər sahədə dəstəyi ilə inkişaf edib, günü-gündən güclənməkdədir.                                                                

Türkiyə və Azərbaycan arasında münasibətlərin ən əsas memarlarından biri böyük lider, hörmətli Heydər Əliyevdir. İki ölkə arasındakı əlaqələrin ideal vəziyyətdə saxlanıla bilməsində ən vacib məqam eyni millətin iki ayrı dövlətinin olmasıdır. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü Azərbaycanın neft-qaz sektoru sahəsində Türkiyə dövlətinə verdiyi dəstəkdir. Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması ilə Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsi formalaşdırıldı. Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı tamamilə rəsmiləşdi. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışının reallaşdırılması ilə Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunması baş tutdu. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışı ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələrin həyata keçirilməsinə əsas oldu. Bu layihələrdən ən əsası Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Türkiyə dövləti Azərbaycanın həmişə ən əsas ticarət tərəfdaşlarından biri olmuşdur. İqtisadi sahədə əməkdaşlıq uzun illər boyu davam etdirilir. Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətində istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından Türkiyə mədəniyyətinə yaxındır. Çünki bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələri ilə də doğmadır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə, xüsusəndə, mədəni münasibətlərdə Türkiyə ilə daha da yaxınlaşdı. Azərbaycan və Türkiyə mədəni əlaqələrinin inkişafında hər iki ölkə arasında keçirilən qarşılıqlı tədbirlərin mühüm rolu vardır. Ümumilikdə, Azərbaycan və Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf edir. Bununda ən əsas səbəbləri odur ki, bu məsələyə dövlət və hökumət rəhbərləri səviyyəsində baxılır. Buna görə də cəmiyyətlər və diasporalar əməkdaşlığı daim yüksək səviyyədə saxlayırlar. Azərbaycan və Türk diaspor təşkilatlarının beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlərə dair mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, daim bir-birinə qarşılıqlı dəstək verirlər. BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində baş tutan konfranslarda ölkələrimizin əməkdaşlığı olduqca əhəmiyyətlidir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi ilə Qafqaz bölgəsində sabitlik təmin edildi. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü Türkiyə tərəfindən dəstəkləndi.                     

   İki sahil qəzetində Azərbaycan və regionun vəziyyəti tamamilə geniş bir şəkildə şərh olunmuşdur. “Ancaq əhəmiyyətli olan ermənilərin geosiyasi proseslərə və dövlətlərarası münasibətlərə yanaşmasıdır. Onlar utanmadan Azərbaycanı aqressor adlandırmağa çalışırlar. Bu “aqressorluq” nədən ibarət imiş? Sən demə, Azərbaycan 2016-cı ilin Aprel döyüşlərində öz halal torpağının bir qismini hərbi yolla azad etməklə “aqressiya” nümayiş etdiribmiş?! Dünya tarixində bu qədər həyasızlıq nümunəsi olmayıb! Ermənilərin xəstə qafaları adi bir şeyi anlamır: insanlar axmaq deyillər və görürlər ki, erməni işğalçı qüvvələri rəsmən tanınmış Azərbaycan torpaqlarındadırlar! BMT-nin Nizamnaməsinin konkret maddəsinə görə, indiyə qədər beynəlxalq aləm işğalçıların oradan çıxmasını təmin etməli idilər. Ancaq havadarlar və BMT-nin qətiyyətsizliyi ucbatından erməni təcavüzkar qüvvələri hələ də Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Buna görə də Azərbaycan Ordusu hər an öz funksiyasını yerinə yetirmək üçün tam hüquqi əsasa malikdir. Aprel döyüşləridə  kənardan təsir nəticəsində yarımçıq bitdi, yəni Ordumuz bütövlükdə işğal altında olan ərazilərimizi azad etmək haqqına malik idi! İndi Azərbaycanın öz hərbi qüdrətini daha da artırması region üçün prinsipial müsbət əhəmiyyət daşıyır” [6,4].            Türkiyə və Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasında strateji faktorlarla yanaşı, dostluq, qardaşlıq prinsipləridə olduqca mühümdür. Xalqlarımızı və ölkələrimizi birləşdirən tarixi köklər, mədəni əlaqələr, keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Hər iki dövlət arasındakı dostluq-qardaşlıq  münasibətləri əbədi və sarsılmazdır, çünki bu dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Bütün dünyaya örnək ola bilən Türkiyə və Azərbaycan əlaqələrini şərtləndirən amillər sırasında ortaq kökümüzün, dilimizin, dil birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olması əsas amillərdəndir. Hər iki qardaş xalq və dövlət həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Bu ortaq kök, din, dil birliyi, oxşar mədəniyyət və adət-ənənələr bir millət, iki dövlətə əsrlərin əmanətidir. Türkiyə hər bir zaman müstəqil dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan Respublikasını dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına geniş yardımlar göstərmişdir.                                                                               

   Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşmasında, hərtərəfli əməkdaşlığın genişlənməsində, xalqlarımızın rifah halının yaxşılaşdırılmasında Türkiyə çox böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müstəqilliyimizin ilk günündən etibarən başlamışdır. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrindəki əməkdaşlıq, Qərblə Şərqin qovuşduğu nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri yüksək səviyyəli strateji əməkdaşlığın yaradılması nəticəsində ərsiyyə gəlmişdir. Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daimi əlaqələrlə dayanmadan inkişaf edir və möhkəmlənir. Nəticədə də, hər iki qardaş ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Türkiyə və Azərbaycan əlaqələri strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan və Türkiyə dövlətləri bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini hər bir zaman dəstəkləyirlər və ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində mühüm addımlar atırlar. Hər iki qardaş ölkənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir və bu  enerji layihələri ölkələrimizin Avropanın enerji təhlükəsizliyindəki rolunu günü-gündən daha da artırır. Hər bir zaman Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən ən yüksək qiymətə layiq qiymətləndirilib. Türkiyə və Azərbaycan əlaqələri regionda geosiyasi və geoiqtisadi münasibətlərin tənzimlənməsində olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqlarını nəzərə aldığı üçün qarşılıqlı əlaqələr hər bir zaman müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan yüksək səviyyəyə çatmışdır.

Ədəbiyyat:

  1. Azadi, Sevinc. Bölgənin söz sahibi olan iki qardaş ölkə: Türkiyə və Azərbaycan ən çətin zamanlarda bir-birinə dayağıdırlar / S. Azadi // İki sahil. – 2024.- 1 oktyabr. – № 179. – S.5.
  2. Bağırlı, Musa. Tarixin sınağından uğurla çıxan qardaşlıq / M. Bağırlı // Respublika. – 2024.- 16 yanvar. – № 8. – S. 4.
  3. Əliyeva, İradə. Dünyaya örnək olan Azərbaycan-Türkiyə münasibətləri / İ. Əliyeva // Azərbaycan. – 2024.- 24 fevral. – № 42. – S. 1,5.
  4. Əliyeva, Mehparə. Azərbaycan-Türkiyə: İki ölkə arasındakı diplomatik əlaqələr regional sülhə töhfə verir / M. Əliyeva // Respublika. – 2024.- 14 yanvar. – № 7. – S. 1-2.
  5. İbrahimova, Aygün. Azərbaycan ilə Türkiyənin enerji tandemi: İğdır-Naxçıvan qaz kəməri / A. İbrahimova // Respublika. – 2024.- 25 sentyabr. – № 209. – S. 4.
  6. İki sahil. – 2018.- 30 iyun. – № 121. – S. 2,4.
  7. Qurbanov, Füzuli. Azərbaycan-Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik: II məqalə / F. Qurbanov // Xalq qəzeti. – 2024.- 4 iyul. – № 137. – S. 5.
  8. Salmanov, Bayram. Dünyaya örnək qardaşlıq//Respublika. – 2024.- 15 iyun. № 126. – S. 4.

Atakişiyeva Həcəin digər yazıları

QOQOLUN “MÜFƏTTIŞ” PYESI: GÜLÜŞÜN ARDINDAKI ACI HƏQİQƏTLƏR

QOQOLUN “MÜFƏTTIŞ” PYESI: GÜLÜŞÜN ARDINDAKI ACI HƏQİQƏTLƏR

Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” (orijinal adı: “Ревизор”) pyesi, dünya ədəbiyyatında tənqidi realizmin ən parlaq nümunələrindən biridir. 1836-cı ildə yazılan bu əsər, insan cəmiyyətində mövcud olan rüşvətxorluq, saxtakarlıq və bürokratiya kimi problemləri satirik üslubda təqdim edir. Hüququn əksikliyi, korrupsiya və hakimiyyətin məsuliyyətsizliyi pyesin əsas dayaq nöqtələrindən biridir. Lakin Qoqolun bu problemləri təsvir etmək tərzi insana həm güldürür, həm də düşündürür. Pyes,üslub baxımından satirik komediya janrında olsa da, özündə əhəmiyyətli fəlsəfi dərinlik daşıyır. Əsər, insan təbiətinin, cəmiyyətin strukturlarının və mənəviyyatın universal problemlərini araşdırır. Qoqolun yumor vasitəsilə toxunduğu mövzular əslində insanlığın mənəvi-etik suallarına cavab axtarır. Onun “Müfəttiş” pyesi, təkcə gülüş doğuran bir əsər deyil, həm də insanı düşünməyə vadar edən bir şah əsərdir. İlk baxışdan adi bir komediya kimi görünsə də, onun dərinliyində çox ciddi və əbədi problemlər gizlənir: rüşvət, ikiüzlülük, saxtakarlıq, qorxu və cəmiyyətdəki əxlaqi tənəzzül. Bu pyesi oxuyarkən və ya səhnədə izləyərkən insan həm gülür, həm də gülüşün arxasında gizlənən acı həqiqətlərlə üz-üzə qalır.

Əsərin başlanğıcından etibarən hüququn formal mövcud olduğu bir cəmiyyət təsvir olunur, amma həmin hüququn real həyatda heç bir dəyəri yoxdur. Şəhər rəsmiləri – vali, məhkəmə hakimi, xəstəxana müdirləri və digərləri qanunları yalnız öz maraqlarını qorumaq üçün vasitə kimi istifadə edirlər. Onlar hüququn ədaləti təmin etməli olduğunu çoxdan unudublar. Əksinə, hüquq onlara görə, rüşvət, yalan və saxtakarlıqla dolu bir sistemin oyuncağıdır. Vali, şəhər rəhbəri olaraq qanunun tətbiqinə cavabdehdir, amma əslində bu qanun onun şəxsi maraqlarına xidmət edir. Xəstəxanadakı dəhşətli vəziyyəti ört-basdır etmək üçün “xəstələrin yatmağa məcbur olduğunu” söyləyən vali, hüququn və dövlət vəzifəsinin nə qədər gülünc hala gətirildiyini göstərir. Bu, açıq bir şəkildə hüququn yalnız kağız üzərində qaldığını, əməldə isə tamamilə fərqli bir mənzərə yaratdığını vurğulayır. Bəs Xlestakovun timsalında hüquq necə təsvir olunur? O, hüquqi sistemin və cəmiyyətin naqisliklərindən faydalanan bir dələduzdur. Maraqlıdır ki, Xlestakov heç bir qanun pozuntusuna görə cəzalandırılmır. Əksinə, hüququ “idarə edənlər” öz qorxaqlığı və yaltaqlığı ilə onun yalanlarına inanaraq özlərini daha da gülünc vəziyyətə salırlar. Qoqol burada hüququn yalnız güclülərin və ya manipulyatorların əlində bir vasitə olduğunu ironiya ilə göstərir. Əsərin sonunda isə hüququn komik trayektoriyası tamamlanır. Müfəttişin əslində şəhərə hələ gəlmədiyini öyrənən rəsmilər üçün artıq gecdir. Hüququn təməl prinsipləri – ədalət, şəffaflıq və vicdan – onlara yad olduğu üçün, öz riyakarlıqları ilə hüquq sisteminin bir parodiyasını yaradıblar. Və əsl müfəttiş gələndə, biz artıq bilirik ki, bu adamlar hüquq qarşısında deyil, yalnız öz qorxularının və günahlarının əsiridirlər. Qoqol göstərir ki, əgər insanlar əxlaqi prinsiplərdən uzaqdırsa, hüquq sistemi nə qədər mükəmməl olsa da, çürüyəcək.

Qoqol burada təkcə Rusiyanın XIX əsrdəki cəmiyyətini deyil, ümumilikdə insanlığın zəif cəhətlərini hədəf alır. Əsərdə hər bir personaj özünəməxsus naqisliklərin daşıyıcısıdır: vali rüşvətxor, məmurlar məsuliyyətsiz, adi bir dələduz olan Xlestakov isə bu xaosdan istifadə edən kimsəsiz bir dələduzdur. Maraqlısı odur ki, Xlestakov heç bir xüsusi plan qurmasa belə, hamı onun qarşısında özünü məhv edir. Bəs niyə? Çünki onların qorxusu, yalanları və günahları özlərini həqiqətdən uzaqlaşdırıb. Müfəttiş gəlməsə belə, bu insanlar artıq öz riyakarlıqları ilə özlərini məhv etməyə məhkumdurlar.Əsərdə adi bir şəhər məmurlarının absurd qorxusu, mənəvi iflası və riyakarlığı elə bir ustalıqla təsvir edilir ki, istər-istəməz özümüzü onların yerinə qoyuruq. Vali – böyük bir “mükəmməl rüşvət mexanizmi”nin başında duran adamdır, amma birdən xəbər alır ki, müfəttiş gəlir. Elə buradan başlasaq, maraqlıdır: müfəttiş gəlir deyə niyə qorxursan, ey vali? Niyə günahını bilən hər kəs həyəcanlanır? Çünki hər kəs çirkli işlərinin ifşa olunmasından qorxur. Bu qorxudan doğan vəziyyətlər isə insanı həm güldürür, həm də düşündürür. Sonra ortaya Xlestakov – tam təsadüfi, adi bir dələduz çıxır. Amma o qədər “inandırıcı” deyil ki, hamı onu müfəttiş hesab edir. Axı, biz belə vəziyyətləri reallıqda da görmürükmü? Biz də bəzən yalançıya inanmağa, həqiqəti görməməyə meyilli deyilikmi? Pyes göstərir ki, özünü aldatmaq bəzən həqiqəti qəbul etməkdən daha rahatdır. Gülüş də buradan gəlir – insanın öz absurdluğunu görə bilməməsi. Satira burada ən böyük silahdır. Qoqol açıqca deyir: “Hamımız Xlestakov kimi yalan deyə bilərik, amma məsələ ondadır ki, cəmiyyət yalanı sevəndə, yalan daha güclü olur.” Şəhər məmurlarının yaltaqlığı, qorxuları, rüşvətlə dolu həyatları o qədər ironik şəkildə təsvir edilir ki, özümüz də bu güzgüdə tanış üzlər görə bilərik. Rüşvət alan yalnız vali deyil, yalan danışan yalnız Xlestakov deyil – əslində bu, hər bir dövrün insanı, hər bir cəmiyyətin problemidir. Qoqolun təsvir etdiyi dünyada hüquq kağız üzərindəki qanunlardan ibarətdir, amma bu qanunların arxasında dayanacaq vicdanlı və əxlaqlı insanlar olmadıqda, hüquq sistemi öz mahiyyətini itirir. Əslində, hüquq sisteminin gülünc hala düşməsi, Qoqolun satirik güzgüsü vasitəsilə oxucunun diqqətinə çatdırılır. Oxuyarkən özümüzdən soruşuruq: “Hüquq idealına çatmaq mümkündürmü, yoxsa bu yalnız utopik bir düşüncədir?”

Qoqolun pyesində hüquq vicdandan tamamilə ayrılmış vəziyyətdədir. Şəhər rəsmiləri yalnız özlərini xilas etmək üçün hərəkət edir və hüququn ədalət prinsipləri onları maraqlandırmır. Əsərdə hüquq yalnız qorxu, yalan və manipulyasiya vasitəsidir. Müasir dünyada hüquq və vicdan bir çox cəmiyyətlərdə hələ də ayrıdır. Hüquq sisteminin effektiv işləməsi yalnız qanunlarla deyil, həm də onu tətbiq edən insanların vicdanı və əxlaqi dəyərləri ilə bağlıdır. Əgər hüquq vicdansız şəxslərin əlindədirsə, o zaman Qoqolun təsvir etdiyi mənzərə müasir dövrdə də reallığa çevrilir.Xlestakov, pyesdə yalançı müfəttiş kimi təqdim olunaraq, cəmiyyətin qüsurlarından istifadə edir və özünü sərbəst şəkildə ifadə edir. Onun davranışları əxlaqsız və riyakar olsa da, bu, cəmiyyətin içindəki böyük problemləri üzə çıxarmaq üçün bir vasitədir. Xlestakovun azadlığı əslində cəmiyyətdəki qanunsuzluğun nə qədər dərin olduğunu göstərir – insanlar onun saxta şəxsiyyətini sual etmədən qəbul edir və özlərini ona qarşı aciz hiss edirlər. Pyesin əsas fəlsəfi dərinliyi insan xislətinin naqisliklərini ifşa etməsindədir. Valinin və digər şəhər rəsmilərinin qorxu ilə dolu davranışları onların vicdanlarının təmiz olmamasını göstərir. İnsanlar rüşvət və saxtakarlıqla məşğul olduqları üçün özlərinə belə güvənmir, əxlaqi zəifliklərinin qurbanına çevrilirlər. Qoqol göstərir ki, insanın mənəvi zəifliyi onu daha da riyakarlığa, qorxaqlığa və özünə qarşı əminliksizliyə aparır. Qorxu və azadlıq mövzusu fəlsəfi cəhətdən diqqətəlayiqdir. Şəhər rəsmiləri “müfəttiş”dən qorxaraq öz hərəkətlərini gizlətməyə çalışırlar, lakin bu qorxu onların daxili mənəvi köləlik vəziyyətində olduğunu göstərir. Qoqolun fikrincə, mənəvi azadlıq yalnız insanın vicdanının təmiz olması ilə mümkündür. Həqiqətdən qaçmaq isə insanı yalnız daha dərin mənəvi köləliyə aparır. Xlestakovun müfəttiş kimi qəbul edilməsi əsərdə gerçəklik və illüziya arasındakı fərqi araşdırır. İnsanlar reallığı dərk etmək yerinə öz illüziyalarına inanırlar. Valinin və şəhər rəsmilərinin Xlestakovu müfəttiş kimi qəbul etməsi, onların həqiqəti anlamaq iqtidarında olmadığını göstərir. Bu, insanın öz gözləntiləri və illüziyaları ilə gerçəkliyi necə təhrif edə biləcəyini göstərən fəlsəfi bir mövzudur.

“Müfəttiş” pyesi həm də gülüşün gücünü göstərir. Qoqol bizə sübut edir ki, ən ciddi problemlər belə yumor vasitəsilə daha təsirli şəkildə ifadə oluna bilər. İnsanları düşünməyə məcbur etmək üçün onları güldürmək bəlkə də ən təsirli yoldur. Çünki gülüşün ardınca gələn düşüncə daha dərindir və insanın vicdanına toxunur. Oxuyarkən sanki Qoqol bir kənara çəkilib, əlinə güzgü alaraq hər birimizi bir-bir göstərir: “Baxın, budur siz, budur biz. Gülürsünüz, amma fərqindəsiniz ki, gülüşlərinizin arxasında siz də varsınız?” “Müfəttiş” nədir? Sadəcə bir oyun, bir tamaşa deyil. Bu, cəmiyyətin komediyasıdır. Gülürsən, amma axırda bir sual səni tərk etmir: “Mən də bu absurd teatrın aktyoruyam?” Yəni, Qoqol bizim həyatımızı gözümüzün önünə sərir, amma heç bir çıxış yolu təklif etmir. O, sadəcə deyir: “Özünüz baxın, qərarınızı özünüz verin.” “Müfəttiş” pyesinin fəlsəfi dərinliyi, insanın öz mənəvi məsuliyyətini anlaması və həqiqət qarşısında dürüst olması ilə bağlıdır. Qoqol, güzgü tutaraq insanları özlərini və cəmiyyətlərini dərk etməyə çağırır. Onun mesajı sadədir: insanın və cəmiyyətin inkişafı yalnız həqiqət, dürüstlük və mənəvi təmizliklə mümkündür. Pyes bu mənada yalnız gülüş doğuran bir komediya deyil, həm də insanın varoluşuna dair ciddi fəlsəfi bir araşdırmadır.

Bu əsər eyni zamanda güzgü kimi də işləyir – biz əsərin personajlarında yalnız Qoqolun dövrünün insanlarını deyil, özümüzü də görürük. Cəmiyyətin səhvlərini tənqid etmək asandır, amma bu əsər göstərir ki, bəzən bu səhvlərin səbəbkarı biz özümüz ola bilərik. Axı biz də bəzən həqiqəti görməkdən çəkinir, daha asan olanı seçir və vicdanımızın səsini susdururuq. Və bu qərar? Əgər biz də Xlestakovlara inanmağa, həqiqətdən qorxmağa davam etsək, bəlkə növbəti dəfə müfəttiş heç gəlməyəcək – çünki artıq hər şey çürüyüb bitəcək. Bu da Qoqolun güldürə-güldürə düşündürən mesajıdır. Bir az acı, bir az şirin, amma həmişə səmimi.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nurcan Allahverdiyeva – MART SOYQIRIMI

1918-Cİ İLDƏ BAKI QƏZASINDA MART SOYQIRIMI

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdi.

Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmiş, general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı martın 9-da onun dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlmişdir. General Talışinski Bakıya gəlmədən bir neçə gün öncə, Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır: ‘’Hörmətli yoldaş Şaumyan: Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostalara xoş arzular və salamlar. V. Ulyanov (Lenin)’’

 Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Sovetə qarşı müqavimət göstərməyə başlamışlar. Nəticədə baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-də qədər Bakıda davam etmiş və tarixə ”1918-ci ilin Mart Günləri” kimi həkk olunmuşdur. Ümumiyyətlə, ermənilərin azərbaycana qarşı törətdikləri ən qəddar soyqırım aktı 1918-ci ilin martında olmuşdur. Öz cirkin əməlllərinə davam edən ermənilər bu dəfə bolşevik adı altında öz əməllərini reallaşdırmağa başlamışdılar.

Mahiyyətcə milli soyqırımı olan ’’Mart döyüşləri” Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırmış, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurmuşdu.

1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi ”Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan ’’Kərpicxana”, ’’Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi “türk” deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: ”Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirir, azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış ’’İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” ni yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmış, ’’Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər.

Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar isə daha ağır şəkildə öldürülürdü. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: ’’Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”. Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” mövqeyindən çıxış edən S. Şaumyan başda olmaqla, Bakı bolşevikləri “Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına” çevirmək yolunu seçdilər. Oralar daşnaklarla birlikdə “antisovet qiyamı”na, “əksinqilab”a qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31- də) milli qırğın təşkil etdilər. Bu, müsəlmanlara qarşı, xüsusilə, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 50 mindən çox olduğu bildirilir. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi.  Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Kürdəmir, Lənkəran və digər bölgələrdə də edildi.

M.Ə.Rəsulzadə “Azərbaycan Cumhuriyyəti” əsərində erməni qətliamlarındən bəhs edərkən qeyd edirdi: ‘’əski Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib məşhur tarixi cameyə varıncaya qədər yaxıldı. Yalnız erməni məhləsi salamat buraxıldı. Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Səlyan, Quba, Navahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsnasında yaxılan xanimanların, qıyılan ərz və namusların, kəsilən qarı qocaların, yağmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir faciə təşkil edir’’

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: ”Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm… Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 167 kəndi yandırmışdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı Quba qəzasında 16 minə yaxın adam öldürüldü.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri ümumilikdə, 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmışdır.

Müəllif: Nurcan Allahverdiyeva

“Quba şəhərində Soyqırımı Memorial Kompleksi”nin Elmi Araşdırmalar, ekspozisiya və fond şöbəsinin əməkdaşı

Nurcan Allahverdiyevanın yazıları


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət ŞAMİLLİ – ZƏFƏR BAYRAMI

ZƏFƏR BAYRAMI

“Zəfər bayramımız mübarək!” deyək,
“Yaşa Azərbaycan!”-birgə söyləyək.
Cəsur oğulları olan bu xalqın,
Torpağı düşməndə qalmasın gərək.

Hər yerdə görürük üçrəngli bayraq,
Himnimiz səslənsə ayağa duraq.
Göylərə ucalsın Zəfər nəğməmiz,
Dünyaya yayılsın bizim səsimiz.

Uşaqlı-böyüklü sevinsin hamı,
Bu xalqa layiqdir Zəfər bayramı.
Otuz il yığılmış ağrı-acını,
Bayramı qeyd edib qəlblərdən silək.

Nəbinin, Babəkin yurdudur Vətən,
Ona baş əyəcək hamı ürəkdən.
İti qovan kimi qovduq düşməni,
Türkə dost olmayıb xain erməni.

Yüzlərlə şəhidin qanı var burda,
Əbədi uyuyur onlar torpaqda.
Torpağa axıdıb onlar qanını,
Qazilər də verib yarı canını.

Necə gözləmişdik bu əziz günü,
Zəfərçün oğullar verdi ömrünü.
Şəhidlik adına onlar ucaldı,
Xalqın tarixində əbədi qaldı.

İgidləri varsa basılmaz Vətən,
Həddini tanısın hər yoldan ötən.
Bir də torpaqlara tökülməsin qan,
Bayraqlar ucalsın burda hər zaman.

Zəngilan ,Xocavənd, Ağdam, Qubadlı,
Cəbrayıl ,Füzuli, Şuşa, Xocalı,
Var idi nə qədər əsir torpaqlar,
Rəbbimə şükr ki, azad oldular.

Sarsılmaz birliyin bu bəhrəsidir,
Müzəffər ordunun qalib səsidir.
Torpaqlar bizimdir eşitsin cahan,
Əbədi yaşasın can Azərbaycan!

TƏKBAŞINA OYUN

Şahmatı tək oynamaqla,
Önündə aciz qalmışam.
Sağda mən qalıb olsam da,
Sol tərəfdə uduzmuşam.

Sən olmasan sol yanımda,
Suallar da mənasızdı.
Cavabı mən neynirəm ki,
O cavablar ünvansızdı.

Özüm sorub cavab verdim,
Öz-özümü mən mat etdim.
Təkbaşına mən oynadım,
Təkbaşına gediş etdim.

Qalib kimdi,məğlub kimdi,
Onu necə təyin edim.
Hər ikisi mən idimsə.
Kimə mən üstünlük verim?

Mükafatda deyil söhbət,
Söhbət qürura aiddir.
Sağ yanım dik dura bilir,
Sol tərəfim qəddin əyir.

Şahmatda tək oynamasaz,
Qalib və məğlub olmazsız.
İki hissi yaşasanız,
Qəlbdə sevinci duymazsız.

Qalib,ya da məğlub olmaq,
İmkansızdı tək oynasaz.
Dərin duyğu yaşayarsız,
İkisindən biri olsaz.

İnsan özü mürəkkəbdir,
İçində bir dünya yatır,
O meşədə azmasa da,
Daxilində itib-batır.

Özünü təqsirli bilir,
Özü ilə hey çəkişir,
Gah özünə vəkil olur,
Gah hakimtək cəza kəsir.

Təlatümün içindədi,
Hər cür yollara gedəcək.
Ya özünü tanıdacaq,
Ya özünü məhv edəcək.

Qərarlarına bağlıdır,
Sonu əməl göstərəcək.
Ya ömürlük xatırlanıb,
Ya əbədi silinəcək.

Yaddaşlarda daim qalıb,
Ömür boyu xatırlanaq.
Yaxşı əməl sahibitək,
Savablarla biz tanınaq..

Könül qırıb,iş pozmayaq,
Yaxşıları pis yozmayaq,
Heç vaxt yolları azmayıb ,
Kələfin ucunu tapaq.

TANRI YAZISI

Gəlib keçib neçə zaman,
Dünya görüb neçə dövran.
İtlər hürüb əbəs yerə.
Ötüb bulud,ötüb karvan.

Ümidlə səni arayıb,
Tapmaqçün yola çıxmışam.
İtləri saya salmayıb,
O karvanla dolaşmışam.

İstəkləri Tanrı yazıb,
Mənzili də özü çızıb.
Məni yollar çox yubadıb,
Yollar yorğunu olmuşam.

Tanrı taleyi yazanda,
Təkcə xəyal edib qismət.
Bəxtimə səni yazmayıb,
Boşuna çəkdim əziyyət.

Xəyalınla çox dolandım,
Soraqladım,hey aradım.
Nədən sənə rast olmadım,
Tanrını görsəm sorardım.

Sorardım ondan hər şeyi,
Yazdığı acı taleyi.
Qovuşmayan məhəbbəti,
Boş qoyduğu bu qisməti.

Acı dərsi nədən verdi,
Niyə anlaya bilmirəm.
Mənə sitəm etdisə də,
Nədən belə etdi görən.

Yollar uzun,duracaq yox,
Vergüllər çox,nöqtələr yox.
Azuqə bol,mədələr tox,
Qisməti tapa bilmirəm.

Qisməti harda axtarım,
Harda ona rast gələrəm?
Tanrı onu yazmayıbsa,
Görəsən onu görərəm?

Bəlkə də biz rastlaşmışıq,
Yanından ötüb getmişəm.
Bəxtimə Tanrı yazmayıb,
Deyə səni görməmişəm.

SUSARAM

Yadından çıxarıb ötən illəri,
Yoxsa xəyallardan çəkildin geri?
Nə qədər nəğmələr gəldi dilimə,
Səninçün yazmışdım illərdən bəri.

Səninçün yazılan o nəğmələrə,
Səni sevdiyimi dedim min kərə.
Üzündə yəqin ki, gülüş yarandı,
Qanadlanıb uçdun sən də göylərə.

Sən mənim haqqımda nələr öyrəndin,
Qəlbimdə gizlənən sevgini bildin?
Hər sətrə tökülən göz yaşlarımı,
Nədən öz əlinlə gəlib silmədin?

Qəlbimə mən indi bir daş basaram,
Ağlımın səsinə qulaq asaram.
Vüsalsız həsrəti unudub daha,
Sevgi söhbətində laltək susaram.

Artıq xəyalını rahat buraxım,
Rahatca yaddaşdan silinəsən sən.
Dayanım sahildə nəğmələr yazım,
Gedən gəmilərtək gözdən itəsən.

Nakam sevgi vüsalsızdı öyrəndim,
Ürəyimdə məhəbbəti gizlədim.
Çəkdiyim iztirablar məni əymədi,
Bu sevgimiz bir salama dəymədi?

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“SİZDƏ MƏNİM HEYRƏTLƏRİM VAR…”

“SİZDƏ MƏNİM HEYRƏTLƏRİM VAR…”

Sevimli şairəm, ustadım Xosiyyət RÜSTƏMOVAya…

Şair qəlbinin rəngarəng dünyası həmişə sonsuzluğa bir yol axtarır… Hər bir yaradıcı insanın daxili aləmi — hələ kəşf edilməmiş dənizdir; orada ilham bir neçə şəklə bürünüb, ruhu bəsləyən şəffaf su kimi axır. Onların həyatı quru düşüncələr və adi dünyayla məhdudlaşmaz — bu dünya hər an özünəməxsus və gizli mənalarla doludur. Belə qəlb sahiblərinin düşüncələri, heyrət və ilhamları onlara yaxın olan şəxsiyyətlər vasitəsilə başqa bir dünyadan daşır. “Qəlbi anlayan insan dünyanı da anlayar” deyildiyi kimi, yaradıcı qəlbi dünyanı daxildən daha dərindən qavramağa çalışır. Mənim üçün Mövlana Rumi və Qəzzali əsərləri bu sırada xüsusi yer tutur.
Onların hər sözü ilahi nur kimi qəlbimə süzülür, içimdə sakitlik oyadıb, mənəvi güc bəxş edir. Şair qəlbim isə məni ruhlandıran, ilhamlandıran başqa bir yaradıcı — Xosiyyət Rüstəmovadır. Onun şeirlərini oxuduqca hər dəfə ruhumda yeni rənglər, təəccüblər açılır. Rumi’nin “Çaya heyran olma, orada sənin heyrətin var” deyimi mənə Xosiyyət Rüstəmovanın şeirlərində bir daha canlanır. Onun yaradıcılığı da bir dərin, sirli çay kimidir, burada sözlər adi vasitə deyil, qəlbi açan bir açardır.


Hər misrada sözün cazibəsi, şeiriyyətin zərifliyi, insan təfəkkürünün qüdrəti ilə üz-üzə gəlirəm. Əsrarəngiz sətirlər duyğularımın gərgin tellərinə toxunub, təkrarsız ahənglər yaradır. Həyatın qayğıları və məişət təlaşları içində qalıb, şeiriyyətin ilham və heyrət mənbəyindən uzaqlaşdığımı hiss edirəm. Daim oxuyub, məqalələr yazsam da, qəlbimin dərinliyində bir təklik var… Şeir əskikliyi…

Yazı masasına oturub, nəsə qələmə almağa çalışıram, ancaq içim dolub-daşsa da sətirlərə tökülə bilmirəm… Bu hiss yalnız yaradıcı insanlara məlumdur… Ruhum xəzanlanır, yaradıcılıq əhvalım itir, bu zaman sevimli şairəm Xosiyyət Rüstəmovanın sətirləri qəlbimdə bərq vurur. O itmiş ilhamlarımı, “şair ruhum”u tapıram. Hər oxuduğum şeir qəlbimdəki şeiriyyətə olan ehtiyacımı azaldır, yaradıcılığa olan sevgimi yenidən alovlandırır. “Ruhu ruhuna yaxın olan ilhamlanar” deyimi fikirlərimin aydın sübutudur.
Yaradıcılıq üçün ilham — ruhun yaşamağıdır, şeirlər isə onların səsidir. Ruhuna yaxın yaradıcı tapmış insan, öz daxili səsini anlamağa başlayır və ona can atır. Belə yaradıcılarla hər görüş, hər poetik söhbət şairi şeiriyyətlə birləşdirir. Xosiyyət Rüstəmovanın yaradıcılığına nəzər salanda, o yalnız böyük istedada yox, həm də yüksək qəlbə sahib olduğunu dərk edirəm. Öz sənətinə səma nəfəsi verən, sözlər vasitəsilə insanın dərinliklərinə enən bənzərsiz bir şairdir. Xosiyyət Rüstəmovanın hər sözü, hər misrası sevgi və məhəbbətlə doludur. Adətən, böyük şairlərin qəlbi dəniz kimi geniş, okean kimi dərin olur. Xosiyyət Rüstəmova da geniş qəlbi və böyük istedadıyla fərqlənir — insanlara sevgi, yaxınlarına və oxucularına səmimi hörmətlə doludur.
Rüstəmovanın yaradıcılığının gücü həm mənanın dərinliyində, həm də ruhunun zərifliyindədir. Şairənin hər misrasında gizlənən dərin fəlsəfi baxış var — sözlərlə insanı təəccübləndirib dünyanı yeni gözlərlə göstərməyi bacarır. Xosiyyət Rüstəmova sadəcə bir yaradıcı deyil, mənim ruhumu işıqlandıran şairəmdir. Onun hər şeirində ruhum ilahi ilhamla dolur, həyata və yaradıcılığa olan həvəsim artır. Belə genişqəlbli, mehriban insanların mövcudluğu dünyamı daha da işıqladır.
Bu dünyada şeiriyyətin ucalıq səmasına yüksəlmək qismət olmuş şairəm, hər zaman ruhunuz ucalsın! Samavi sözlərinizlə qəlblərdə “Nicat” günəşi kimi parlayın.

MüəllifCihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

1.11.2024


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru