Pedaqogika elmləri doktoru, professor KAMAL CAMALOVİstanbul şəhərində keçirilən beynəlxalq konfransdan sonra öz təəssüratlarını bölüşüb:
“İstanbul şəhərində keçirilən beynəlxalq konfransda şair Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabına həsr olunmuş məqalə ilə çıxış etməyim elmi və ədəbi baxımdan mühüm təcrübə kimi dəyərləndirilə bilər. Məruzəmdə şairin poetik yaradıcılığında əks olunan mənəvi-estetik dəyərləri, sevgi mövzusunun bədii ifadə xüsusiyyətlərini və onların tərbiyəvi mahiyyətini elmi müstəvidə təhlil etmişdim. Beynəlxalq elmi mühitdə səsləndirdiyim bu fikirlər Azərbaycan ədəbiyyatının və milli pedaqoji fikir ənənələrinin tanıdılması baxımından əhəmiyyətli hesab oluna bilər. Təqdim etdiyim məruzə konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmış və çıxışıma görə müvafiq sertifikatla təltif olundum. Bu fakt görülən elmi işin və təqdim olunan araşdırmanın beynəlxalq elmi mühitdə müəyyən dərəcədə qiymətləndirildiyini göstərir gümanındayam.”
YAZARLAR olaraq professor Kamal Camalovu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Zaur Ustacın “Heydər və Azad” essesində qəhrəmanlıq, vətən sevgisi və insan iradəsi Azərbaycan ədəbiyyatında vətən mövzusu, xüsusilə Qarabağ müharibəsi ilə bağlı hadisələr həmişə xüsusi yer tutmuşdur. Müasir dövrdə bu mövzunu bədii-publisistik dillə oxucuya çatdıran müəlliflərdən biri də tanınmış qələm adamı Zaur Ustacdır. Onun “Azərbaycan” jurnalının 2026-cı il fevral sayında dərc olunmuş “Heydər və Azad” essesi həm tarixi yaddaşın qorunması, həm də qəhrəmanlıq salnaməsinin bədii söz vasitəsilə yaşadılması baxımından diqqətəlayiq publisistik nümunədir. Esse 1992-ci ilin 17 fevralında Xocavənd rayonunun Qaradağlı kəndində baş verən faciəli hadisələr fonunda qurulmuşdur. Müəllif həmin dövrün ağır müharibə şəraitini, kəndin üzərinə çökmüş təhlükəni və insanların içində yaşanan qorxu ilə yanaşı, onların iradəsini və torpaq sevgisini təsirli şəkildə təsvir edir. Mətnin süjet xəttində iki gənc – Heydər Quliyev və Azad Rüstəmov dayanır. Müəllif bu iki obraz vasitəsilə müharibənin insan talelərinə necə təsir etdiyini, gənclərin vətəni qorumaq naminə necə fədakarlıq göstərdiyini göstərir. Esse yalnız döyüş səhnələrinin təsviri ilə məhdudlaşmır. Əksinə, müəllif hadisələrin arxa planında insan talelərinə toxunur. Azadın toyundan cəmi bir həftə keçməsi kimi faktlar müharibənin insan həyatına necə qəfil və amansız müdaxilə etdiyini göstərir. Bu detal oxucuya müharibənin yalnız cəbhədə deyil, ailələrdə, sevgilərdə və ümidlərdə də iz buraxdığını xatırladır. Zaur Ustacın publisistik üslubu məhz bu cür emosional məqamların üzərində qurulmuşdur. Essedə diqqət çəkən əsas məqamlardan biri qəhrəmanlıq ruhunun təsviridir. Müəllif göstərir ki, say və texnika baxımından üstün olan düşmən qarşısında belə kənd müdafiəçiləri geri çəkilməyi düşünmürlər. Heydər və Azad obrazları burada təkcə iki fərdi qəhrəman deyil, bütövlükdə Azərbaycan gəncliyinin simvolu kimi təqdim olunur. Onların davranışları – yaralı halda belə döyüşü davam etdirmələri, kənd sakinlərini qorumağa çalışmaları – vətənpərvərlik ideyasını gücləndirir. Zaur Ustacın esse janrına xas olan xüsusiyyətlərdən ustalıqla istifadə etdiyi görünür. Mətn həm sənədli faktlara, həm də bədii təsvirlərə əsaslanır. Müəllifin dili sadə, lakin təsirlidir. Döyüş səhnələrinin təsviri, kəndin üzərinə çökmüş sükut, insanların həyəcanı və qorxusu canlı detallar vasitəsilə oxucunun gözündə canlanır. Bu xüsusiyyət esseyə həm tarixi sənəd, həm də bədii əsər kimi dəyər qazandırır. “Heydər və Azad” essesi yalnız iki gəncin qəhrəmanlığından bəhs etmir. Əsər bütövlükdə Qarabağ müharibəsinin acı reallıqlarını, xalqın mübarizə ruhunu və milli yaddaşın qorunmasının vacibliyini vurğulayır. Belə əsərlər bir tərəfdən tarixə işıq salır, digər tərəfdən isə gələcək nəsillərə vətən sevgisi və fədakarlıq nümunəsi göstərir. Bu baxımdan Zaur Ustacın essesi Azərbaycan publisistikasında mühüm yer tutan nümunələrdən biri kimi qiymətləndirilə bilər. “Heydər və Azad” essesi müharibə mövzusunun publisistik və bədii vəhdətdə təqdim olunduğu təsirli əsərlərdən biridir. Zaur Ustac bu yazı vasitəsilə təkcə bir hadisəni xatırlatmır, həm də milli yaddaşı diri saxlayan, qəhrəmanlıq ənənəsini yaşadan bir ədəbi nümunə yaradır. Bu esse oxucuya bir daha xatırladır ki, tarix yalnız kitab səhifələrində deyil, insanların taleyində, xatirələrində və ədəbiyyatın gücündə yaşayır. “Heydər və Azad” məhz belə yaddaş abidələrindən biridir.
“BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü
Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü görüb. Bu barədə SƏADƏT KƏRİMİ məlumat verib:
“Hörmətli ədəbiyyatsevər yurddaşlar! Qüdrətli Azərbaycan şairi, bütövlükdə Türk dünyasının görkəmli şairi kimi tanınan Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü. Kitabın elmi redaktoru, yayına hazırlayanı və ön sözün müəllifi Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru VAQİF SULTANLIDIR. Xeyirli və uğurlu olsun! Başda Vaqif müəllim olmaqla bütün müəllifləri və Bəxtiyarsevərləri təbrik edirəm.
Kitabda bir bölüm də mənə aiddir. Burada mənim “BƏXTİYAR VAHABZADƏNİN HƏYAT VƏ YARADICILIĞINDA LƏYAQƏT” adlı əsərim yer almışdır, səh. 80- 109. Ləyaqət anlayışı birmənalı deyil. Tədqiqatların (Nordenfelt 2004, 2009, Schroeder 2008, Sulmasy 2013 və b.) nəzəri hissəsində ləyaqətin dörd fərqli anlayışı ortaya çıxır: 1) sosial rütbə və mövqedən asılı ləyaqət (müasir dövrdə isə profesionallıq və kvalifikasiyalarla bağlı), 2) mənəvi mövqe ləyaqəti, 3) şəxsiyyət ləyaqəti 4) insan ləyaqəti. Bu dörd anlayışın hər biri Bəxtiyar Vahabzadə əsərlərində bir-birini tamamlayan, daim inteqrə olunmuş anlayışlar olaraq mövcuddur.”
Kitab haqqında Prof. Dr. VAQİF SULTANLInın (Bakı, Azərbaycan.) fikirləri:
“Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılsa da, onun bənzərsiz bədii irsi hələ də gerçək dəyərini almamışdır. Bu isə şairin yaradıcılığına dəyişən zamanın ədəbi-estetik dəyərləri bağlamında yanaşılması zərurətini şərtləndirir. Müəllifin poetik irsinin sadəcə milli ədəbi sferada deyil, bağlı olduğu böyük Türk mədəniyyəti kontekstində dəyər ləndirilməsi problemi isə fərqli yanaşma tərzi tələb edir. Bəxtiyar Vahabzadənin poeziyası uzun illər güncəlliyini qoruyub saxlayacaq, yeni-yeni nəsillərin mütaliə edəcəyi sənət örnəkləri kimi yaşayacaqdır. Oxucuların mühakiməsi nə verilən, elmi məqalələr toplusundan ibarət olan bu kitab mütəfəkkir şairin bədii portretinin kölgədə qalan bəzi qaranlıq məqamlarının canlandırılması niyyəti ilə yayınlanır.”
Siz də oxuyub fikirlərinizi bildirə bilərsiniz. Qeydlərinizi elə bu məlumatın şərh bölümündə yaza bilərsiniz. Biz dərc edəcəyik.
Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın və ölkələrimizin qardaşlığına söykənir. Buna görə də, Azərbaycanla təhdid dili ilə danışmaq istəyən mənfurlar Azərbaycanın İkinci Qarabağ müharibəsinə müdaxilə etmək fikrinə düşəndə qarşılarında Türkiyə kimi güclü və dayanaqlı bir dövlət gördülər. Azərbaycan-Türkiyə münasibətləri əsrlərin sınaqlarından çıxaraq, “dəmir yumruğ”a çevrilə bilmişdir. Bu münasibətlərin inkişafında Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı xalqlarımızın və ölkələrimizin də çox böyük rolları vardır. Əsrlərin sınaqlarından çıxmış Azərbaycan-Türkiyə münasibətləri bütün dünyaya dəqiq bir mesajdır. Azərbaycan və Türkiyə prezidentlərinin Zəfər paradındakı tarixi və möhtəşəm çıxışları bu münasibətləri daim gücləndirməyə xidmət etmişdir. Bu münasibətlərin qorunması hər bir zaman Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olan mövzulardandır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə simvollarından birinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərində ən böyük uğurlardan biri də “Şuşa Bəyannaməsi” oldu. Bu bəyannamə Azərbaycan və Türkiyənin strateji müttəfiqlik münasibətlərini rəsmi səviyyədə təsbit edir. “Şuşa Bəyannaməsi”- də öz əksini tapan strateji müttəfiqlik məsələləri Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə sıx əməkdaşlığı, təhlükəsizlik və müdafiə sahələrini nizama saldı. Bu Müttəfiqlik Bəyannaməsi xalqlarımızın və ölkələrimizin gücünə güc qatıb, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan Türk xalqlarının möhkəm bir şəkildə birləşməsini təmin etdi. Azərbaycan-Türkiyə münasibətləri daim dünya dövlətlərinə örnək olmuşdur. Bu iki qədim tarixə malik olan xalqın böyük uğurlar qazanaraq böyük dövlət qura bilməklərində Azərbaycan və Türkiyə qardaşlığının çox böyük rolu vardır. Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığının belə yüksək səviyyədə olmasında hər iki ölkənin dövlət başçılarının apardıqları ikitərəfli əlaqələrin mühüm əhəmiyyəti vardır. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ölkələrimiz arasında müttəfiqlik, strateji tərəfdaşlıq, güclü iqtisadi və mədəni əlaqələrin ən yüksək həddə olmasında rolları əvəzolunmazdır. İkitərəfli əlaqələrin hazırkı yüksək səviyyədə olması tamamilə məntiqə əsaslanır. Qarşılıqlı güvənə əsaslanan münasibətlərin ən bariz nümunəsi Azərbaycanın müstəqilliyinin ilk dəfə Türkiyə tərəfindən tanınmasıdır. Ümumilikdə, Azərbaycan və Türkiyə dövlətləri arasında olan müttəfiqlik əlaqələri bölgədə daimi sülh və inkişafa xidmət edir. Azərbaycan və Türkiyə hər zaman bir- birinin sevincini öz sevinci, kədərini isə öz kədəri bilmişdir. 2023-cü ilin fevral ayında Türkiyədə başverən dəhşətli zəlzələ xalqımızı və ölkəmizi dərindən kədərləndirmişdir. Azərbaycan bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyi və yüksək həmrəylik nümunəsi olmuşdur. Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrin yaranmasına və bütün bölgənin inkişafına mühüm töhfələr vermişdir. Azərbaycan və Türkiyə münasibətləri beynəlxalq və regional səviyyəli olub, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına güclü təminat yaradır. Azərbaycan-Türkiyə münasibətləri türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın inkişafında ortaq tarixi köklər, iqtisadi əlaqələr, dövlət maraqlarının və gələcəyə birgə baxışın təsiri baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dost və qardaş olan Azərbaycanın və Türkiyənin dövlət başçılarınında arasında şəxsi dostluq və qardaşlıq münasibətləri vardır. Buda, həmçinin, əlaqələrin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən ən əsas amillərdəndir. Azərbaycan və Türkiyə dövlətlərini mədəniyyət ümumiliyi, sosial-iqtisadi əlaqələr, tarixi köklər, yaxın münasibətlər, liderlərinin bir-birinə olan güvən və etibarı, regiona olan münasibətləri, dünyaya sülh və rifah arzusu arzulamaqları, dövlət siyasətləri, strateji müttəfiqlikləri birləşdirir. Qardaş Türkiyə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasının bütün mərhələlərində Azərbaycanın yanında idi. Türkiyə dövlətinin Azərbaycana açıq, dəqiq və birmənalı dəstəyi əsgər və zabitlərimizin döyüş qüdrətini daha da yüksəltdi və müharibənin gedişatı proseslərində əhəmiyyətli təsir yaratdı. Türkiyə kimi hərtərəfli imkanlara malik güclü bir dövlətin Azərbaycanın yanında olması və hərtərəfli dəstəyini açıq bir şəkildə bəyan etməsi işğalçı Ermənistanın havadarlarına və özünə güclü bir zərbə oldu. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəkdir. Çünki Türkiyə ilə Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması o deməkdir ki, Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması zəruri olacaqdır və hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələri intensivləşəcəkdir. Naxçıvan-Qars dəmir yolunun fəaliyyətə başlaması bütün Türk dövlətlərinin inkişaf etməsində mühüm rol oynayacaqdır. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsi regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanması deməkdir. Türk Dövlətləri Təşkilatını təşkil edən- Türk dünyası üçün xalqlarımızın birlik olması məsələsi daim prioritetdir və aparılan siyasət də bunu aydın göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğulayaraq, ümumən, türk dünyasının birliyi məsələsini ön planda tutmuşdur. Türk Dövlətləri Təşkilatının birliyi yaxın gələcək üçün potensial qlobal güc kimi çox böyük perspektivlər daşıyır. Birləşmiş Türk dünyası gələcəkdə böyük coğrafiyaya, böyük əraziyə, böyük hərbi gücə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına, bir soydan, kökdən olan gənc və artan əhaliyə sahib olacaqdır. Bir soydan, kökdən olan xalqların güclü və müştərək birlik yaratmağa nail ola bilməkləri olduqca önəmli bir məsələdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı səyləri bu birliyin möhkəmlənməsinə xidmət edərək türk dövlətlərinin sıx birliyini daha da gücləndirir. Türk Dövlətləri Təşkilatının qlobal önəmi, miqyası və rolu olduqca yüksəkdir. Azərbaycanın və Türkiyənin qarşılıqlı atılan doğru addımları türk dünyasının beynəlxalq məkana inteqrasiyasını və iqtisadi potensialını gücləndirmişdir. Günü-gündən Azərbaycan və Türkiyə arasındakı hərbi sahədə əməkdaşlıq əlaqələri inkişaf edir və birgə ordu quruculuğu istiqamətində atılan addımlar möhtəşəm nəticələr verir. Azərbaycan və Türkiyə dövlətləri arasında təhsil, texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələri olduqca gücləndirilmişdir. Azərbaycan və Türkiyə dövlətləri hər bir zaman fəal əməkdaşlıq etmiş və birgəliyimizin gücü ilə dünya üçün sülh, təhlükəsiz inkişaf dəyərləri yaratmışdırlar. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin böyük bir tarixi vardır. Bu tarix ortaq kökə, dilə, din birliyinə, oxşar mədəniyyətə, adət və ənənələrə söykənir. Hər iki dövlət və xalq tarixlərin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olaraq çıxmışdırlar. Bunun bariz nümunəsi kimi Nuru Paşanın komandanlığı ilə 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun Bakını xilas etməsi üçün Azərbaycana gəlməsini göstərmək çox doğru olardı. Nuru Paşanın komandanlığı ilə Türk ordusu Azərbaycana, Bakıya gəldi və Azərbaycanı daşnakların təcavüzündən xilas etdi. Bakını xilas etməsi ilə Türk ordusu hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan və Türkiyə xalqları ağır dövrlərində bir-birilərinə göstərdikləri köməyi heç vaxt unutmayıblar. Hər iki dövlət bir-birilərinə daim maddi və mənəvi yardım göstərmişdir. Azərbaycan dünyaya hərtərəfli inteqrasiya edə bilmək üçün Türkiyə dövlətinin imkanlarından yararlanmışdır. Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yarada bilmək üçün ən yaxın müttəfiqidir. Bu müttəfiqlik Azərbaycan – Türkiyə münasibətlərinin inkşafında mühüm vasitə rolunu oynayır. Türkiyə dövləti ilə Azərbaycan dövləti bir-birinə beynəlxalq aləmdə müttəfiq və dayaqdır. Azərbaycanın güclü dövlət olmasında Türkiyənin dünya siyasətindəki gücünün rolu danılmazdır. Hər iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanması dayanıqlı inkşafı zəruri edir.
Bir millət, iki dövlət arasındakı münasibətlərin tarixi olduqca qədimdir. Perspektivlərə əsaslanan ikitərəfli siyasi münasibətlər Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa edəndən sonra daha da inkişaf etdi. Belə ki, 1991-ci il noyabrın 9-da Azərbaycan müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Bundan sonra münasibətlər daha da irəliləyərək 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Azərbaycan və Türkiyənin diplomatik fəaliyyətə başlaması ilə hər iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı geniş perspektivlər açdı. Qarşılıqlı əlaqələrin əsas prinsiplərinin və inkişaf perspektivinin müəyyən edilməsi hər iki dövlətin qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanmasının nəticəsi idi. Türkiyə hər bir zaman Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasında, regional təhlükəsizliyin qorunmasında, siyasi-iqtisadi və elmi-mədəni maraqların reallaşmasında Türkiyə dövləti ilə yaradılan hərtərəfli əməkdaşlığın xüsusi əhəmiyyəti danılmazdır. Azərbaycan – Türkiyə münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf etmişdir. Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabili olan Türkiyə daim bu münasibətlərin inkişafına xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir. Azərbaycan – Türkiyə münasibətlərinin həmişə yüksələn xətt üzrə inkişaf etməsi tərəflərin ümummilli liderlərinin xarici siyasət konsepsiyasınada verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyində göstəricisidir. Hər iki ölkənin əlaqələri və bu əlaqələrin genişlənməsi üçün Azərbaycan tərəfinin atdığı addımlar iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşlıqlı təşviqi və qorunması haqqında saziş və digər mühüm sənədlər qarşılıqlı əlaqələri möhkəmləndirməyə xidmət edir. Strateji əməkdaşlığın dərinləşdirilməsi üçün Türkiyə və Azərbaycanın atdığı bütün addımlar dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olması üçündür. İki dövlət arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivləri daim müzakirə mövzusu olmuşdur. Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsi qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə ən əsas səbəblərdəndir. Bayram Salmanov Respublika qəzetində dərc olunan “Dünyaya örnək qardaşlıq” məqaləsində Azərbaycan və Türkiyə münasibətlərini geniş bir şəkildə şərh etmişdir. “Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni əlaqələrinin formalaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə əlaqələri yüksək səviyyədə təmin etdi. Prezident Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabərhüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verdi” [8,4].
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinə görə seçilən şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan və Türkiyə arasında birgə bəyanatlar, mülki aviasiya və mədəniyyət sahəsində əməkdaşlıq daim diqqət mərkəzində saxlanılan mövzulardandır. Türkiyə və Azərbaycan arasında münasibətlər köklü tarixə, mədəni bağlara, qardaşlıq təməlinə söykənir. Hər iki qardaş dövlət bir-birinə olan hər sahədə dəstəyi ilə inkişaf edib, günü-gündən güclənməkdədir.
Türkiyə və Azərbaycan arasında münasibətlərin ən əsas memarlarından biri böyük lider, hörmətli Heydər Əliyevdir. İki ölkə arasındakı əlaqələrin ideal vəziyyətdə saxlanıla bilməsində ən vacib məqam eyni millətin iki ayrı dövlətinin olmasıdır. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının real təzahürü Azərbaycanın neft-qaz sektoru sahəsində Türkiyə dövlətinə verdiyi dəstəkdir. Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlığın qurulması ilə Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsi formalaşdırıldı. Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı tamamilə rəsmiləşdi. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışının reallaşdırılması ilə Azərbaycanın və Türkiyənin, eləcə də Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunması baş tutdu. Azərbaycan qazının Türkiyəyə və Avropanın digər ölkələrinə satışı ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələrin həyata keçirilməsinə əsas oldu. Bu layihələrdən ən əsası Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Türkiyə dövləti Azərbaycanın həmişə ən əsas ticarət tərəfdaşlarından biri olmuşdur. İqtisadi sahədə əməkdaşlıq uzun illər boyu davam etdirilir. Azərbaycan Respublikasının beynəlxalq mədəni fəaliyyətində istər dil, istərsə də adət-ənənə oxşarlığı baxımından Türkiyə mədəniyyətinə yaxındır. Çünki bir-birinə çox yaxın olan hər iki xalq mədəni-kulturoloji əlaqələri ilə də doğmadır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə, xüsusəndə, mədəni münasibətlərdə Türkiyə ilə daha da yaxınlaşdı. Azərbaycan və Türkiyə mədəni əlaqələrinin inkişafında hər iki ölkə arasında keçirilən qarşılıqlı tədbirlərin mühüm rolu vardır. Ümumilikdə, Azərbaycan və Türkiyə mədəni əlaqələri son dövrdə daha yüksək templə inkişaf edir. Bununda ən əsas səbəbləri odur ki, bu məsələyə dövlət və hökumət rəhbərləri səviyyəsində baxılır. Buna görə də cəmiyyətlər və diasporalar əməkdaşlığı daim yüksək səviyyədə saxlayırlar. Azərbaycan və Türk diaspor təşkilatlarının beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlərə dair mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, daim bir-birinə qarşılıqlı dəstək verirlər. BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində baş tutan konfranslarda ölkələrimizin əməkdaşlığı olduqca əhəmiyyətlidir. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi ilə Qafqaz bölgəsində sabitlik təmin edildi. Bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü Türkiyə tərəfindən dəstəkləndi.
İki sahil qəzetində Azərbaycan və regionun vəziyyəti tamamilə geniş bir şəkildə şərh olunmuşdur. “Ancaq əhəmiyyətli olan ermənilərin geosiyasi proseslərə və dövlətlərarası münasibətlərə yanaşmasıdır. Onlar utanmadan Azərbaycanı aqressor adlandırmağa çalışırlar. Bu “aqressorluq” nədən ibarət imiş? Sən demə, Azərbaycan 2016-cı ilin Aprel döyüşlərində öz halal torpağının bir qismini hərbi yolla azad etməklə “aqressiya” nümayiş etdiribmiş?! Dünya tarixində bu qədər həyasızlıq nümunəsi olmayıb! Ermənilərin xəstə qafaları adi bir şeyi anlamır: insanlar axmaq deyillər və görürlər ki, erməni işğalçı qüvvələri rəsmən tanınmış Azərbaycan torpaqlarındadırlar! BMT-nin Nizamnaməsinin konkret maddəsinə görə, indiyə qədər beynəlxalq aləm işğalçıların oradan çıxmasını təmin etməli idilər. Ancaq havadarlar və BMT-nin qətiyyətsizliyi ucbatından erməni təcavüzkar qüvvələri hələ də Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayır. Buna görə də Azərbaycan Ordusu hər an öz funksiyasını yerinə yetirmək üçün tam hüquqi əsasa malikdir. Aprel döyüşləridə kənardan təsir nəticəsində yarımçıq bitdi, yəni Ordumuz bütövlükdə işğal altında olan ərazilərimizi azad etmək haqqına malik idi! İndi Azərbaycanın öz hərbi qüdrətini daha da artırması region üçün prinsipial müsbət əhəmiyyət daşıyır” [6,4]. Türkiyə və Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasında strateji faktorlarla yanaşı, dostluq, qardaşlıq prinsipləridə olduqca mühümdür. Xalqlarımızı və ölkələrimizi birləşdirən tarixi köklər, mədəni əlaqələr, keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Hər iki dövlət arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır, çünki bu dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Bütün dünyaya örnək ola bilən Türkiyə və Azərbaycan əlaqələrini şərtləndirən amillər sırasında ortaq kökümüzün, dilimizin, dil birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olması əsas amillərdəndir. Hər iki qardaş xalq və dövlət həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Bu ortaq kök, din, dil birliyi, oxşar mədəniyyət və adət-ənənələr bir millət, iki dövlətə əsrlərin əmanətidir. Türkiyə hər bir zaman müstəqil dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan Respublikasını dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına geniş yardımlar göstərmişdir.
Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşmasında, hərtərəfli əməkdaşlığın genişlənməsində, xalqlarımızın rifah halının yaxşılaşdırılmasında Türkiyə çox böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı müstəqilliyimizin ilk günündən etibarən başlamışdır. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım, müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrindəki əməkdaşlıq, Qərblə Şərqin qovuşduğu nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri yüksək səviyyəli strateji əməkdaşlığın yaradılması nəticəsində ərsiyyə gəlmişdir. Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daimi əlaqələrlə dayanmadan inkişaf edir və möhkəmlənir. Nəticədə də, hər iki qardaş ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Türkiyə və Azərbaycan əlaqələri strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan və Türkiyə dövlətləri bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini hər bir zaman dəstəkləyirlər və ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində mühüm addımlar atırlar. Hər iki qardaş ölkənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir və bu enerji layihələri ölkələrimizin Avropanın enerji təhlükəsizliyindəki rolunu günü-gündən daha da artırır. Hər bir zaman Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən ən yüksək qiymətə layiq qiymətləndirilib. Türkiyə və Azərbaycan əlaqələri regionda geosiyasi və geoiqtisadi münasibətlərin tənzimlənməsində olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqlarını nəzərə aldığı üçün qarşılıqlı əlaqələr hər bir zaman müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan yüksək səviyyəyə çatmışdır.
Ədəbiyyat:
Azadi, Sevinc. Bölgənin söz sahibi olan iki qardaş ölkə: Türkiyə və Azərbaycan ən çətin zamanlarda bir-birinə dayağıdırlar / S. Azadi // İki sahil. – 2024.- 1 oktyabr. – № 179. – S.5.
Bağırlı, Musa. Tarixin sınağından uğurla çıxan qardaşlıq / M. Bağırlı // Respublika. – 2024.- 16 yanvar. – № 8. – S. 4.
Əliyeva, İradə. Dünyaya örnək olan Azərbaycan-Türkiyə münasibətləri / İ. Əliyeva // Azərbaycan. – 2024.- 24 fevral. – № 42. – S. 1,5.
Əliyeva, Mehparə. Azərbaycan-Türkiyə: İki ölkə arasındakı diplomatik əlaqələr regional sülhə töhfə verir / M. Əliyeva // Respublika. – 2024.- 14 yanvar. – № 7. – S. 1-2.
İbrahimova, Aygün. Azərbaycan ilə Türkiyənin enerji tandemi: İğdır-Naxçıvan qaz kəməri / A. İbrahimova // Respublika. – 2024.- 25 sentyabr. – № 209. – S. 4.
İki sahil. – 2018.- 30 iyun. – № 121. – S. 2,4.
Qurbanov, Füzuli. Azərbaycan-Türkiyə birliyi: “Geosiyasi layları” tərpədən müttəfiqlik: II məqalə / F. Qurbanov // Xalq qəzeti. – 2024.- 4 iyul. – № 137. – S. 5.
Salmanov, Bayram. Dünyaya örnək qardaşlıq//Respublika. – 2024.- 15 iyun. № 126. – S. 4.
Dünya bir sirli nəğmədir – Gülhüseyn Kazımovun özü və sözü üzərinə notlar
Tanınmış şair və kulturoloq, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımovun “Şuşaya o qədər yağış yağmışdı” şeirlər kitabının fevralın 17-də AYB-nin Natəvan klubunda təqdimatı oldu və biləndə ki, bu, artıq ikinci min ildir (!) üzvü olduğu yaradıcılıq qurumunda müəllifin ilk belə yığıncağıdır, təəccüb elədim. Axı, söz konusu sıradan biri deyil, dörd ali məktəb bitirən, uzun illər çoxsaylı dövlət işlərində çalışan, bədii və kulturoloji olmaqla iyirmi beş kitabı işıq üzü görən, sayılıb-seçilən bir imzadır. Onun ünlü maarifçi Əsgər ağa Goraniyə dair min bir çətinliklə əldə elədiyi sənədlərə söykənən, ədibin indiyəcən adı olub, özü əldə olmayan “Qocalıqda yorğalıq” vodevilini ortaya çıxaran “Qaranlıqdan işığa” kitabı yetərdi ki, Natəvan klubunda yaxınlar-uzaqları da başına yığıb, bir törən düzənləsin və “zəhmətimə dəyər verin” desin. O isə iyirmi dörd dəfə bunu eləməyib, əgər yaxın çevrəsi – kitabın düzənçisi və naşiri Turan İbrahim, redaktoru Kənan Hacı, eləcə də qələm dostu Maşallah Məftunun təkidi olmasaydı, bəlkə, iyirmi beşinci dəfə də eləməyəcəkdi.
G.Kazımlı Cəbrayılın Kovdar kəndində anadan olub və “Şuşaya o qədər yağış yağmışdı” kitabı şairin öz ata yurdunun işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyevlə Cəbrayılda çəkdirdiyi foto ilə açılır. Fotoda cənab Prezident həmişəki özünəməxsus təbəssümü, qətiyyət və inamlı baxışları, Gülhüseyn müəllim isə üzündəki məmnun, bir az da yoğrun ifadəylə əbədiləşiblər. Bu qiymətli foto öz nəzakət və səmimiyyəti ilə seçilən dövlət başçımızın elm-sənət adamlarına sayğısının ifadəsidir. Amma söhbətə şəkillə başlamağım bu məlum gerçəyi xatırlatmaq üçün deyil. Bəs, onda nə üçündür? Oxuyacağınız yazı öz mahiyəti etibarilə bu sualın cavabından ibarətdir.
Seçiminə qədər ziyalıdır və ziyalı xarakteri onun haqqı yetən bir çox şeyləri əldə eləməsinə az mane olmayıb. Bu məntiqidir – xarakter varsa, insana mane olmalıdır. Bunu ustad şair Məmməd Araz ilk şeirlərini yazan Gülhüseynə uğurlu yol arzuladığı, Pedaqoji İnstitutun “Gənc müəllim” qəzetində dərc olunan “Şeirin dayaq nöqtəsi” adlı yazısında hələ 35 il öncə belə qeyd edirdi: “Arzu edirik ki, onun özündən narazılığı, təvazökarığı, özünə qapanıb qalmağa deyil, ağır zəhmətə, yüksək poetik düşüncələrə xidmət eləsin.” Mənə elə gəlir ki, Gülhüseyn gənc bir şair kimi o “dayaq nöqtəsini” hətta ustadın özündə də tapa bilməyib və onun sonralar şeirdən elmi-publisist fəaliyətə keçməsi səbəblərindən biri, olsun ki, budur. Bu gün əlimizdə olan isə “Şuşaya o qədər yağış yağmışdı” kitabıdır və indi giley-güzarı bir yana qoyub, əldə olandan danışmaq istəyirəm.
Söz kökü üstə bitər və kitabdakı şeirlər şairin həm folklor, həm divan şeiri, həm də romantik poeziya ilə dialoquna işarələr edir. Bu, məntiqidir. G.Kazımlı xalq dilimizin zənginliyini özündə yaşadan, muğamın beşiyi olan Qarabağda dünyaya göz açıb. Onun Şuşanın adını öz kitabının sərlövhəsinə çıxarması da mövzu arxasında gizlənmək, plakatçılıq, şüraçılıqdan uzaq olub, qutsal muğam beşiyimizə bir ömürlük bağlılığın ifadəsidir və muğam səsləşən şeir, qəzəl deməkdir. G.Kazımlı təbiətcə romantik, duyğusal adamdır və poeziya romantika deməkdir. Amma onun istər folklor, istərsə də, klassikaya yanaşması yaşadığı konkret zamanın mentallığlndan doğan özünəməxsus səciyyə daşıyır. Məsələn, xalq arasında hər hansı arzuya çatmağın mümkünsüzlüyünü göstərən “yuxunda görərsən”, yaxud “heç yuxunda da görə bilməzsən” deyimlərini G.Kazımlı gənc yaşlarında yazdığı bir şeirində poetik yöndən belə emal eləyir:
Mən sənin yuxunda ağlar, gülərəm,
Sən nə ağlamazsan, nə də gülməzsən.
Mən sənin yuxuna xəlvət girərəm,
Məni yuxunda da görə bilməzsən.
“Yuxuna girərəm”
Zahiri əksliyə baxmayaraq, “yuxunda görərsən” və “heç yuxunda da görə bilmzəsən” deyimləri mahiyətcə bir medalın iki üzüdür, sadəcə, birincidə ironiya var. Şairin məsələyə yanaşmasındakı özünəmxəsusluq da elə bu ironiyadadır. Aşiq mümkünsüz olduğunu yaxşı bilə-bilə uşaqcasına “cahillik” eləyib, məşuqun yuxusuna girməkdən danışır – təcahüli-arifanəlik göstərir. Çünki yuxu idarəolunmaz, qeyri-ixtiyari psixoloji fenomen olduğundan, heç kəs hətta sevdiyi adamın da yuxusuna öz istəyi ilə girə bilməz. Odur ki, xalq deyimində başqasına yönələn ironiya şeirdə müəllifin özünə şamil olur, aqressiya öz yerini yumora verir, ironiya isə avtoironiya ilə əvəzlənərək önəmli dərəcədə yumşalır. İkincisi, müəllif fiziki ilə psixolojinin sınırını keçir, yuxuya girməkdən elə danışır ki, guya bir otağa, evə, ümumən harasa gerçək məkana daxil olmaqdan söz gedir. Nəhayət, əgər birinin yuxusuna girmisənsə, o səni necə görməyə bilər? Və sonucda bütün bu bədii yalanlar oxucunun dodağını qaçırır.
G.Kazımlı klassik divan şeirinə də epiqonçu kimi yanaşmır. Nəsimi yazırdı ki, mənim sözümü “heç kimsə… fəhm edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir ancaq.” G.Kazımlı isə nəinki quş, hətta daşın da dilini bildiyindən söz açır:
Bir qalanın divarları səhərə kimi,
Nağıl dedi, nəğmə dedi, qəlbimə girdi.
Eston dilin bilməsəm də, başa düşürdüm,
Qala dili, nağıl dili hər yerdə birdir.
“Tallin”
Qala dili, nağıl dili, daş dili! Bunar gəlişigözəl metafora, nağıl, əfsanə deyil. Daşın dili sükutun, heç vaxt səsə çevrilməyəcək, yatmış, dərin trans durumunda olan düşüncənin dilidir və şairlik telepatik bir qabiliyyətlə onu sezməkdən başlayır. G.Kazımlının fikrincə, bu hamının və hər şeyin bir nöqtəyə cəm olduğu birliyin (tövhidin!) dilidr. Amma şairin sovet dönəmi üçün səciyyəvi materialist dünyagörüşü tövhidin əsl qaynağı olan metafizik sınırlara varmağa ona macal vermir. O, başacan yox, daşacan, həqiqətəcən yox, nağılacan gedir. Nağıl isə metafiizik həqiqətin xalq yaddaşında deformativ rəmzi-simvolik saxlancıdır. Qutsal Kitabın özünəməxsus batini təfsirinə söykənən Nəsimi “quş” deyəndə “səf-səf düzülən” mələkləri göz önünə alır, durmadan Quranı “zikr edən” bu metafizik varlıqların dilində yazdığını bəyan edir (Qurani-Kərim, “Əssəffat”, 83; 1-2), əğyarın tənə və təzyiqlərindən qurtarmaq üçün rəmzlərin sətiraltı diliylə Allah-insanı vəsf elədiyinə işarə edirdi. İntibah şairinin bədii düçüncəsi insanın Allah və mələklərlə bir olduğu metafizik, əbədi “zamana” və cənnətəcən gedib çıxır. Çağdaş şair isə adam dilində yazır, uzaqbaşı daş dilində düşünür və onun düşüncəsi tarixin və təbiətin başlanğıcı olan daş dövrünəcən gedir. Onun cənnəti daşın, quşun, bir sözlə, təbiətin dilini anlamaq və varlıqla özünün metafizik yox, təbii-tarixi birliyini, məkan-zaman sınırlarındakı vəhdətini duymaqdan doğan mənəvi zövqdədir. Simvolik dillə desək, o, Aristotelin ünlü kitabxanasında fizikaya dair kitabları oxuyur, metafizika bölməsinə isə keç(ə bil)mir.
Arisitoteldən söz düşümşkən, kökü antik filosofun “Estetika”sına gedib çıxan bir haşiyə çıxmaq istəyirəm. Sənətin elə bir paradoksal özəlliyi var ki, ustalıqla rəsm edilmiş eybəcərlik də gözəlliyə çevrilir. Bəxtiyar Vahabzadənin Mikelancelonun “Kədər” heykəlinə həsr elədiyi şeirində dediyi kimi, “özgəyə bir can verib İsaya sənət / Ölü cəsədinin canszlığında!” Mən antik filosofun nəzəri fikrinin konkret təsdiqi kimi bura üçüncü bir mövzunu da artırmaq istəyirəm – hətta cəhənnəm səhnələrinin məharətlə yaradılmış təsvirində belə cənnət zövqü duyulur. Siz, yəqin ki, Dantenin “Cəhənnəm”ini xatırladınız. Amma mən gənc Gülhüseynin Leninqrad blokadasının dəhşətlərini əks etdirən şeirindən, bütün tragik məzmunu ilə yanaşı, bu şeiri düzüb qoşarkən şairin keçirdiyi zövq qarışıq hiss-həyəcandan danışıram:
O gecə o evlər döyüşə girdi,
Gözünün qəzəbli yaşına imi.
O gecə o evlər döyüşə girdi,
Vuruşdu sonuncu daşına imi.
“Dağılmış evlərin monoloqu”
Təbiətin idillik mənzərələrinə vurğun və gözəllik peşincə qoşan G.Kazımlının şeirləri üçün romantik ovqat səciyyəvidir. Təsadüfi deyil ki, kitabdakı şeirlərdən biri romantik düşüncənin başlıca simvolu olan ay işığına həsr olunub. Aydındır ki, milli bədii fikrimizdə romantizmin öz qızıl erasını yaşadığı Cavid dönəmindən G.Kazımlını onillər ayırırdı. O, İkinci Cahan savaşı sonrasının cocuğu, kosmik uçuş və elmi-texniki inqilab erasının gənci olub və “yerə enməm də, səma şairiyəm” kimi inadkar romantik kreododan uzaqdır. S.Vurğuna xüsusi şeir (“Səməd Vurğun”) həsr eləməsinə baxmayaraq, sovet dönəmi poeziyamızın bayraqdarına məxsus “inqilabi romantika” da ona yabançıdır. Hər halda, kitabda nə kommunizm idealı, nə də onun “romantikasına” dair şeir yoxdur.
G.Kazımlının romantizmi öz zamanına uyğundur. O, ay işığını “müqəddəslik”, “ədalət”, “məhəbbət” və “gözəlliyin” rəmzi kimi mənalandırsa da, elmi-texniki inqilabın sürətli sıçrayışıyla klassik romantik idealların aradan qalxması onun nəzərindən yayınmır. İnsan Aya enir və bu səma gözəlinin Yerdən nurlu görünən çöhrəsindəki ləkələri bütün genişliyi, çala-çökəkləri bütün dərinliyi ilə görür. Sən demə, Nizami düz deyirmiş, “ayı gendən görmək daha yaxşıymış.” Amma şairin texnogen erada ay işığına sədaqətini qoruyub saxlayan tənhaları, təkləri ürək ağrısı ilə xatırlaması da gözdən qaçmır. Romantik idealların dirilməsiylə bağlı arzularının bütün şiddətinə baxmayaraq, şeir müəllifinin ağlı və qəlbi arasındakı qarşıdurma heç-heçə quratrır – o, ağlı ilə pealist, qəlbiylə romantikdir. Və beləcə, gələnəksəl romantizmə məxsus hiperbolizm, yerlə-göylə əlləşən mübaliğələrin “iynəsi vurulur”, yüksək romantik doza şairin yaşadığı, bəzən məişət detallarınacan öz ifadəsini tapan konkret zamanın etkisi altında bəlli ölçüdə aşağı düşür və müəllifi “neoromantikə” çevirir.
Ay işığı bir adama borclu qalmayıb,
Heyif, ona saf inamı sındıranlar var.
Elkektrik işığına pulu olmayıb,
Öz evində ay işığı yandıranlar var.
Burda daha bir haşiyə çıxmaq istəyirəm. İnsan psixologiyasına məxsus bir yön var ki, o özünü – kənara çıxanda, hər şeyi – qıraqdan baxanda bilir. 60-cı illər 40 illik kommunist cəfəngiyatından sonra fərdi və milli anlamda özünüdərkə başladığımız dönəm idi – kəndimizə qayıdırdıq! G.Kazımlı nə qədər “Ey uzaq səfərlər, muradım, kamım/ Keçin arzu kimi, keçin qəlbimdən/ Nə vaxtı mən sizi arzulamadım/ Bilin ki o zaman qocalmışam mən/ – desə də, Hötenin ev muzeyi, Drezden şəkil qalereyası, Praqa, Tallin, Karlovı Varıya şeirlər həsr eləsə də, daxilən həmişə vətəndədir: Zaqrebdə Bakını, Tümendə Fərman Salmanovu yada salır; sonucda fikrən, ruhən (baş)kəndimizə qayıdır:
Doğma Bakı yağış kimi durulmaq üçün,
Nəğmə olub hər küçəndə axmaq gərəkmiş.
Doğma Bakı səni sevmək, vurulmaq üçün,
Sənə bir az ayrılıqdan baxmaq gərəkmiş.
“Doğma Bakı”
Və öz uşaqlığını, gəncliyini əbədi itirdiyi (“Çox uzaqda kiçik bir kənd”, “Doğma yerlər”) dəyirmanı (“Köhnə dəyirmanda keçən bir gecə”), yolu (“Kənd yolu”), otu (“Biçilmiş ot”), üzümü (“Kavdar üzümü”), çayı (“Araz vadisində”), quşu (“İsaq-musaq quşları”), insanı (“Kənd müəllimi”) ilə birlikdə dünyaya göz açdığı Kavdar kəndinə dönür. Bununla da, öz dövri-aləm səyahətini başa vurur, əvvəllə axır birləşir, çevrə qapanır:
Çox erkən yaşımda çıxdım yollara,
Uzaqlar gözümə yaxın göründü.
Məni öz kəndimdən aparan yollar
Axırda yenə də kəndimə döndü.
“Kavdar kəndi”
Şair üçün unudulmaz xatirələrlə bağlı olduğu doğma yerlərin otuz illik ayrılıqdan sonra azad edilməsinin, onun cənab Prezidentlə birlikdə çəkdirdiyi fotoda üzündəki məmnunluq və yorğunluğun nə demək olduğu bu şeirlərdən sonra tam aydın olur. Doğma torpaqların geri qaytarılması ilə o, “körpə dincliyi”, “uşaq nadincliyi”, “ömrün gəncliyi”nə, bir sözlə, “əsl həyata” qayıdrıdı – məmnunluğu bundan irəli gəlirdi. Amma o, bu günü 30 il gözləmişdi – yorğunluğu isə bundan doğurdu.
***
Dünyada olan hər şeyin və hər kəsin, o sıradan hər şairin iki koordinatı var – məkan və zaman. G.Kazımlının məkan koordinatı onun kəndidir. Bəs, zaman? Onun bir insan kimi formalaşması 60-70-ci illərə – özünüdərk və özünəqayıdışdan doğan oyanış dönəminə düşürdü. Şeirlərindəki hər cür kədəri yuyub aparan bahar ovqatı, sevinc duyğusu, həyat nəşəsi də bu oyanışdan doğurdu. Şeir sehrli çubuq kimidir, onu kədərə toxundurub, sevincə, payıza, qışa vurub, bahara çevirmək olar. Şairin təkcə kənddə müəllimlik edən qardaşı İslam deyil, özü də bu sirlə-sehrlə dolu şeir havasında bütün fəsilləri bahar bilir:
Günəş doğar yer üzünə, şəfəq saçılar,
Bahar bilər fəsillərin hamısını o.
Səhər-səhər gözlərində günəş açılar,
Açıb girər bir sinifin qapısını o.
“Kənd müəllimi”
Kitabların fəsilləri, hər şairin isə bir fəsli olur. Baharda doğulan S.Vurğunun poetik fəsli bahar, yayda doğulan Puşkininki isə payız idi. İndi poeziyamızda payız ovqatı dəbbədir. Xalq Yazıçısı Elçin bu mövzuya həsr elədiyi məqaləsində çağdaş şeirimizdəki payız ovqatını hər cür kədərin yasaqlandığı sovet dönəminin çöküşündən sonra ümumbəşəri dünya kədərinə qayıdış kimi mənalandırır. G.Kazımlının zamanı isə bahardır və bu, “işıqlı gələcəyə” dair kommunist optimizmindən doğmur. Çünki onun poetik baharı da, bədii kəndi də siyasi-ideoloji deyil, fərdi-psixoloji səciyyə daşıyır. Kənd və bahar onun daxili cənnətinin iki göstəricisidir və bir-birindən ayrılmazdır – bahar onun kəndi, kənd baharı, ikisi bir yerdə kəndisi, özüdür. Məhz içindəki bahar havası hesabına onun şeirlərində (ömürlük!) ayrılığın özü belə zərif, akvarel hüzn qarışıq nikbin auraya bürünür. O dərəcədə ki hətta “ayrılıq” sözünə mətndə yer qalmır, o “sən bir nağıldasan, mən bir nağılda” şəklində daha yumşaq, daha evfemistik ifadə forması alır:
Nağıla bənzəyir o ilk görüş də,
Yaşar təmiz hissdə, uzaq xəyalda.
Nağıla köçmüşük biz özümüz də,
Sən bir nağıldasan, mən bir nağılda.
“İki nağıl”
Kitabda payız sözü bir neçə (“İlk payız… ilk durna qatarı”, Payızın qızıl çağı”, “Payız səxavəti”, Payız nəğməsi”) bahar isə cəmi bir dəfə (“Bahar havası”) başlığa çıxır. Amma “Bahar havası”nda sözün birbaşa anlamında bahardan yox, qışdan söz gedir. “Musiqi çalınırdı/ Dünya ağappaq qardı/ Pəncərədən o yana/ Qış almışdı hər yanı/Pəncərədən bu yana/Bahar havası vardı”/ deyən şair çöldəki yox, içəridəki bahardan, özü də otağın içindəki yox, can evindəki bahardan, subyektiv fəsildən danışır. İkincisi, hansı fəsildən yazırsa-yazsın, G.Kazımlının şeirlərində daxili zaman bahar havası üstə köklənir. Bu köklənmənin hesabına məkan anlayışı keyfiyyətcə çevrilməyə uğrayır, qürbət doğmalaşır, baharın ardınca qoşan durnalar özlərini dünyann heç yerində qərib hiss etmədiyi kimi:
Çox eldə dost kimi qanad saxlayar,
Qayğı da, qırğı da görüb durnalar.
Bir ömrü yüz yerdə yaşasalar da,
Olmayıb heç yerdə qərib durnalar.
“İlk payız… ilk durna qatarı”
Diqqət eləsək, bu parçada bədii fikir üç dəyişməyə məruz qalır: qayğı və qırğı daxili qulaq qafiyələri olmaqla zahirən səsləşir, bir misraya düzülürlər – bu, tezisdir; qayğı məhəbbət və nəvazişi, qırğı isə ölüm və aqressiyanı işarələməklə təzad yaradır, antoqonizmə çevrilirlər – bu, antitezisdir; bahar eşqinin, bahar həsrətinin olduğu yerdə təzad aradan qalxır, hər yer dost elinə çevriilir – bu, sintezdir. Hər dəfə yeniləşən fikir, sonucda barış ünvanına gəlib çıxır, əksliklərin mübarizəsi öz yerini onların vəhdətinə verir. Bu, metafizik vəhdətin şair düşüncəsindəki doğal ifadəsidir. Şair bu vəhdətin yerdəki işarələrini görsə də, klassik divan şairlərindən fərqli, işarələrdən o yana keç(ə bil)mir. Bu, əlbəttə ki, G.Kazımovun “suçu” olmaqdan daha çox taleyi idi. Onun doğulduğu, təhsil və tərbiyə aldığı sovet dönəmində ictimai şüurun bütün sahələrində olduğu kimi, bədii düşüncənin də “ana təbiətdən” o yana gedən yoluna materialsit düçüncənin qadağanedici nişanı qoyulmuşdu. Bu yoldakı işıqforun yalnız bir işığı varıydı – qırmızı!
***
Mən yuxarıda “…G.Kazımlının şeirlərində daxili zaman bahar havası üstə köklənir” deyəndə “köklənmək” sözünü təsadüfən işlətməmişdim, çünki onun şeirləri musiqilidir və o, nəğməkar şairdir. Bunu deyəndə onun şeirlərinə Ş.Axundova, O.Rəcəbov, A.Rzayev, N.Məmmədov, S.Fərəcov kimi ünlü bəstəkarların 30-dan çox mahnı bəstələdiyini, musiqi xadimlərinin həyat və yaradıcılığından bəhs eləyən çoxaylı kitablara imza atdığını, Muğam Mərkəzində yubiley tədbirlərinə vaxtaşırı aparıcılıq elədiyini, ən nəhayət, muğam-sənət vurğunu olduğunu göz önünə almaqla yanaşı, əksər şeirlərinin formaca olmasa da, mahiyətcə nəğmə olduğunu vurğulamaq istəyirəm. Təsadüfi deyil ki, “Bahar” və “kənd”lə yanaşı “nəğmə” onun poeziyasında üç açar sözdən biridir. Onun poetik dünyasında “durna qatarları mahnı kimi axıb gedir”, “gecə nəğmə kimi əriyir”, “yol kənarındakı tək çinar”, hətta gururltulu “qatar relsləri” belə müğənni, “küləklər bəstəkardır”:
Küləkdə bəstəkar barmaqalrı var,
Yazır bir nəğməni neçə budaqda.
Yellənə-yellənə bir yarpaq düşür,
Saralmış hüsnünə baxır bulaqda.
“Payız nəğməsi”
Şübhəsiz ki, bu cür təşbeh və metaforalara çoxlu sayda digər şairlərdə də rast gəlirik. Amma G. Kazımlının dünyaduyumunda musiqi anlayışını şablonlaşmağa qoymayan bir fərqləndirici özəllik var – panmuzıkalizm. Yəni hara baxırsa, nəyi görürsə, musiqi səsləri eşidən şair üçün hər şey sadəcə nəğmə oxumaqla qalmır, bütün varlıq, hətta sükutun özü də sirli bir nəğmədir, hətta lal daşlarda da nəğmə uyuyur. Nəğmə, musiqi, səs təbiətin hər il yenilənən dialektik yaşam ritmi, əzəli və əbədi dövriyyəsi, yerin altından vurub, üstündən çıxan həyatverici qüvvə, həm payız, həm də bahar, həm ölüm, həm də qalımdir. Ruhu muğamla aşılanan qarabağlı şairin belə düşünməsi təbiidir:
Uzun gecələrin yaddaşı kövrək,
Çaylar həzin-həzin bayatı çəkir.
Baharda təzədən göyərmək üçün
Payız, nəğmələri torpağa əkir.
“Payız nəğməsi”
“Şuşaya o qədər yağış yağmışdı” kitabında yaddaqalan, orijinal bədii təsvir və ifadə vasitələrinə az rast gəlmirsən. Şairlərin öz ürəyini tərənnüm eləməsiylə hər addımda üzləşirik, amma insan qəlbinin səmimiyyəti və təvazö duyğusunu “Palazı pambıqdan, yorğanı çitdən / Sadə evimizə bənzər ürəyim” şəklində ifadə eləmək dünyada, yəqin ki, yalnız G.Kazımlıya məxsusdur. Duman haqqında “dağı dolanar. qiyamət, … yola sallanar, cinayət olar” (Qabil) deyə baxış bucağını tam əksinə dəyişməklə çox yazılıb və yaxşı da yazılıb. Amma oxucunu anidən yaxalayan bu rakurs dəyişkənliyi “Elə bil, dumanda bitib zirvələr/ Ya da zirvələri duman qaldırıb/” deyən G.Kazımlıda daha gözlənilməzdir və mənə Tarkovskinin “Solyaris” filminin qəfil finalını xatırladır.
Füzulidən tutmuş R.Rza, V.Səmədoğlu, R.Rövşən, V.B.Odər, İ.Qəhrəman, S.Sarvan, Q.Ağsəs və S.Babullaoğluna qədər əksər şairlər tənhalıqdan yazıb. G.Kazımlı öz təbii inancına uyğun olaraq təkliyi bir armud ağacının naturasında rəsm edir. U.Uitmenin çöldə bitən tək ağac haqqında ünlü şeirini yada salan “Armud ağacı”nda da ağacın kosmik və antropomorf portreti yaradılır. Mən armud ağacını cənnətdəki Tubanın dünyəvi işarəsi kimi anladım və mənə elə gəlir ki, o elə məhz tək olmalıdır. Şair isə ona yerlə göyü birləşdirən mifik dünya ağacı, göydən yerə enmiş romantik gözəlliyin son nişanəsi kimi baxır və bundan kədərlənir:
Axşamlar –
Ulduzlarla gözənmiş
Gecə paltarını çəkib əyninə,
Baş qoyub ulduzların çiyninə,
Yatar yək armud ağacı.
Bu qərib, bu tənha görkəmiylə
Düzənlərin boz görkəmini
Bəzər tək armud ağacı.
Bu qərib, bu tənha görkəmiylə
Qırılıb tükənmiş bir meşə nəslinin
Son yadigarına
Bənzər tək armud ağacı.
Bəzi şeirlərindəki bu romantik kədərə baxmayaraq, G.Kazımlı nikbin şairdir və onun həyatsevərliyinin məkan kodu dünyaya göz açdığı Qarabağdır. Bu nikbinlik bəzən Qarabağ elatı üçün səciyyəvi yumor, zarafat, baməzəliyə çevrilir:
Yüz nəğmə oxudu çarxlar bir anda,
Qaldı uzaqlarada neçə bərə-bənd.
Biz əsgər gedirik, bir həftə sonra
Məktub yağışına düşəcək bu kənd.
“Biz əsgər gedirik”
Bəzən isə bu yumor “Elə dolanıram/ Havalı kimi/ Sərxoş xanənədinin/ Qavalı kimi”, yaxud da “Maşınlar çoxdan ötüb/ Axşamdır soyuq düşüb/ Dayanmışam küçədə/ Yadıma toyum düşüb”/ şəklində, Molla Nəsrəddin sayağı avtoironiyaya qədər gedib çıxır və toy, qaval, bir sözlə, musiqi söhbəti yenə də şairin məkan kodundan gəlir.
Və nəhayət, adı kitabın başlığına çıxarılan “Şuşaya o qədər yağış yağmışdı” şeiri:
Qəfil günəş doğdu, gözüm qamaşdı,
Yolları yoxuşdu, enişdi Şuşa!
Şuşaya o qədər yağış yağmışdı,
Yuyulub şüşəyə dönmüşdü Şuşa!
Əgər O.Suleymanov, yaxud E.Z.Qaraxanlıdan söz getsəydi, bir bənddə 15 dəfə təkrarlanan “ş” səsinin yaratdığı nəğmənin misrabaşı alliterasiya üstündə qurulan əski türk şeiriylə səsləşdiyini deyərdim. Söhbət G. Kazımlıdan getdiyindən bunu demirəm, çünki bir-iki istisnanı çıxmaqla, milli poetik yaddaşımız şeirimizin min illərin o üzündə qalmış əski çağlarını unudub. Bu şeirdə “nəğmə” sözü yoxdur, əvəzində nəğmənin özü var. Yağış sularının öz yaş barmaqlarıyla toxunduğu təbiətin notları kitabda ilk və son dəfə məhz burda səslənir, nəğmə düşüncədən maddəyə, sözdən səsə keçir, dillənir, əyaniləşir. Mən bunu varlığın əsasında duran, mahiyəti bizə indiyəcən açılmayan və ta qiyamətəcən açılmayacaq nəsə sirli bir nəğmənin ani səslənişi kimi anlayıram. O səs məni eşidin deyir!
Zərövşən Babayeva Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar müəllim dr.zarifbabayeva@yahoo.com
TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR – BİOLOJİ BİLİKLƏRİ
BACARIĞA ÇEVİRMƏLİ
Məşhur fizik Albert Eynşteynin fikrinə görə: “Məktəbin əsas məqsədi hər zaman bir mütəxəssis deyil, ahəngdar şəxsiyyətin formalaşması olmalıdır”. Məlumdur ki, hər bir fənnə aid biliklərin öyrənilməsi şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır. Həmçinin müxtəlif məktəb fənlərinin bir – birinə inteqrativ, kompleks tədrisi məktəblilərdə həyati bilik və bacarıqları inkişaf etdirməsilə – STEM proqramına uyğunlaşdırılır.
Müasir texnologiyalardan istifadə etməklə canlı orqanizmlərdə gedən fizioloji prosesləri, onların anatomik-morfoloji quruluşu rəqəmsal səviyyədə öyrətmək müəllimlərin də güncəllənməsini tələb edir. Texnologiyalar sayəsində elm və təhsil sahəsində elə keyfiyyət dəyişiklikləri baş verir ki, 2050-ci ildə dünyanın necə olacağı, hansı yeni elm, təhsil imkanlarının yaranacağını proqnoz vermək imkansızdır. XXI əsrdən sabitlik gözləmək, kimliyini, işini, dünyagörüşünü sabit saxlamaq zamandan geri qalmaq riskidir. Süni intellekt inqilabı həm də təbiət və sosial elmlər sahəsindəki irəliləyişlərdən qaynaqlanır. İnsan duyğularını, istəklərini və üstünlüklərini əsaslandıran biokimyəvi mexanizmləri nə qədər yaxşı başa düşsək, kompüterlər insan davranışını təhlil etməkdə, insanların üstünlüklərini proqnozlaşdırmaqda və əvəz etməkdə bir o qədər uğurlu olacaq. (Yuval Harari). Gələcəkdə insanın qarşılaşacağı problemləri dəqiq bilməsək də uşaqlarımızın qarşılaşacağı problemlərlə baş edə bilməsi üçün çalışmalıyıq. Dünya mütərəqqi bilim adamları tüm səylərini bu yöndə qurarsa, düşünürük ki, gələcək nəsilləri çıxmazdan qorunmaya hazırlamış olarıq.
A.Eynşteyn demişdi: “Hər kəs dahidir, ancaq sən balığı ağaca çıxa bilməmək qabiliyətinə görə tənqid etsən, o, ömrü boyu özünün qabiliyyətsiz olduğuna inanaraq yaşayacaq”. Təhsilalanların sahib olduğu, yaxud qazandığı fərqli qabiliyyətləri aşkar etmək, maraqlarını bilib düzgün istiqamətə yönləndirmək əsas amillərdəndir. Buna nail olmaq üçün müəllim müşahidə aparmalı, sosial-elmi sorğu müsahibələri etməli, digər fənn müəllimləri və valideynlərlə əlaqə saxlamalıdır. Bu işin səmərəliliyini artırmaq üçün həm də gənc nəsli gələcəkdə aktuallıq qazanacaq peşələr istiqamətində maraqlandırmaq üçün bütün sahələrdə baş verən yeniliklərlə tanış etmək, texnoloji savadlılıq, kreativlik, tənqidi düşünmə bacarıqlarını artırmaq da lazımdır. Hazırda müxtəlif texnologiyalar, proqramlar, vasitələr mövcuddur. Şagird indi istər məktəbdə, istərsə də evdə müxtəlif səviyyəli texnoloji qabiliyyətlərini inkişaf etdirərək həm əylənə, həm öyrənə, həm də ideyalarını həyata keçirmək üçün virtual aləmdə fəaliyyət göstərə bilər.
Sürətlə rəqəmsallaşan dünyada yeni nəsil yetişdirmək əvvəlki dövrlərlə müqayisədə daha məsuluyyətlidir. Artıq müəllimin auditoriyada görə biləcəyi ən son iş məlimat verməkdir. İndiki nəsil 50-100 il bindan əvvəlki dövrə görə yetərincə məlumata və məlumat alma bazasına malikdir. Buna görə də bilikləri bacarıqlara çevirərək tətbiqinə nail olmaq, kreativ, fərqli təfəkkürə, düşüncəyə malik insan potensialı yetişdirmək kimi bir missiya müəllimlərin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, XXI əsrdə daimi olan bir şey varsa, o da dəyişiklikdir. Günümüzdə vaxt məfhumu da qalmamış, saniyələrlə dəyişən, yeniləşən, rəqəmsalaşan bir cəmiyyətin fərdi olaraq təhsilimiz kimi fəaliyyətimizi də güncəlləməmiz lazımdır. Beynəlxalq səviyyədə aparılan müzakirələrdən faydalanmaq da işimizin keyfiyyətinə təsir göstərəcəkdir. Bu səbəbdən beynəlxalq səviyyəli tədbirlərdə pedaqoq və metodistlərin fikir mübadiləsi, təcrübələrini bölüşməsi onlar arasındakı potensillar fərqini minimuma endirməyə xidmət edir. Təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, tədris prosesində özünü təsdiqləyən yeni təlim texnologiyaları, müasir təlimlər, metod, üsul və vasitələr yalnız yerində və düzgün tətbiq olunarsa səmərə verə bilər. Xüsusilə biologiyanın tədrisində ilk növbədə yerli fauna və floranın müqayisəli öyrədilməsi də vacib şərtlərdəndir.
Yaşadığımız planetin sirlərinin öyrənilməsi daim məqsədimiz olmalı, gənc nəsli bu istiqamətə ruhlandırmalıyıq. Bunun üçün müxtəlif reformlar, layihələr, ideyaların həyata keçirilməsinə ehtiyac vardır. İslahatların məqsədi cəmiyyətdə dəyişiklik etmək, sonda müvəffəqiyyət qazanmaqdır. Lakin bu dəyişikliklərin nailiyyətə çevrilməsi göründüyü qədər sadə deyil (Michael Fullan). XXI əsr sürət, texnika, yeni kəşflər əsri olduğundan təhsil müəssisələri, təhsilverənlər bütün fəaliyyətləsində bu məqamlara diqqət etməli, təcrübə mübadiləsinə, fənnlərarası inteqrasiyaya üstünlük verməlidirlər. “Öyrənənlər üçün həyat məktəbdən sonra başlayır” – fikri yanlışdır. Əslində onlar həyatı hərtərəfli şəkildə məktəbdə yaşamalı, hərtərəfli inkişafları üçün düşüncə və çalışmalarına sərbəstlik verilməlidir. Bu zaman səriştəli, yaradıcı, bilikli, məntiqi-tənqidi təfəkkürə qadir olan gənclərin formalaşması baş verər. Beynəlxalq miqyaslı konfrans, vebinar, simpozium, təhsil debatlarına qoşulmaq fəaliyyətimizin əsas məqsədi halına gətirməyi təklif edir, qarşılıqlı virtual, onlayn tədbirlərin keçirilməsini vacıb sayırıq. Dünyagörüşün zənginləşməsi təfəkkürdə, həyat fəaliyyətində müsbət dəyişikliklər yaradır.
XXI əsr xəyalların məhsullarına əsaslanır. Yəni xəyal qurarkən özünüzə sərhədd qoymayın. Bütün bunlara nail olmaq bəzən fantastik gələ bilir, amma 2023-cü ilin yanvar ayında Azerbaycanda ANM, UNEC-in II kurs tələbəsi Nasa-nın saytında kibertəhlükənin qarşısını alıb. O, NASA-nın saytında xəta olsuğunu aşkarlayaraq, Nasa-ya bu barədə rəsmi məlumat vermiş, olası haker hücumundan qorunmaq üçün onları uyarmışdır. (10) XXI əsr tam da bu gənclərin yetişdirilməsini, Marsda, Ayda yaşam kalitesi yaratmağı planlayır, gələcəkdə süni zəka ilə yarışdan qalib çıxa bilən mütəxəssislər yetişdirməyi tələb edir. Bakı Ali Neft Məktəbinin 2017-ci il məzunu, hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan S.Həsənov cəmi 5 ayda yazdığı proqram vasitəsilə Linux əməliyyat sistemində iki ədəd kritik boşluq aşkar etmişdir. Bundan başqa, ABŞ-da keçirilən Kopernik Olimpiadasının Fizika və Astronomiya üzrə qlobal mərhələsində ölkəmizi təmsil edən Azərbaycanlı şagird Rice Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq qızıl medal qazanmış, NASA-ya getmək, oranı gəzmək, tanış olmaq şansı əldə etmişdir. Və gələcəkdə NASA-da işləməyi arzu edir. Bu faktlar gənclərimizin fantastik sayılan arzularının gerçəkləşməsindən xəbər verir.
3D texnologiyalar sayəsində 12.000-dən çox real anatomik model/struktur, bədən quruluşuna uyğun keyfiyyət tərifləri və minlərlə ətraflı mikro anatomiya strukturları ilə anatomiyanı öyrənmək və öyrətmək imkanımız vardır. Buna zəmin yaratmaq üçün bioloji təhsilin təşkilini günün tələblərinə uyğunlaşdırmaq, təhsil müəssisələrinin maddi-texniki bazasını müasirləşdirmək, öyrədib-öyrənmənin səviyyəsini dünya standartları səviyyəsinə yüksəltmək vacibdir.
3D Organon 70-dən çox ölkədə yaradılıb və bütün dünyada nüfuzlu universitetlər, xəstəxanalar, və s. tərəfindən qəbul edilib. O, həmçinin Huffington Post, Scimex, SBS, Futurism və başqaları kimi elm, təhsil və tibbin gələcəyi haqqında hesabat verən aparıcı nəşrlər tərəfindən tövsiyyə edilmişdir. 3D Organon həm də maneken və ya digər xüsusi avadanlıq tələb etməyən virtual reallıq üçün ultrasəs simulyatorunu birləşdirən dünyada ilk proqram platformasıdır. Ən son 2022-ci il buraxılışı tibb və səhiyyə tələbələri üçün real vaxt həcmli skan və ətraflı anatomik görünüşləri ilə tam immersiv virtual reallıq təlim həllini təqdim edir. İlk dəfə olaraq VR nəzarətçiləri əyri, xətti və ürək zondlarını hamısı bir həlldə simulyasiya edir. Tətbiqdəki 3D modellər əsas anatomik anlayışların dərindən başa düşülməsini və məlumatın saxlanmasını təkmilləşdirən mühüm koqnitiv girişlər əlavə edə bilər.
“3D texnologiyaların biologiyanın tədrisində tətbiqi perspektivləri” mövzusundakı Qrand
layihədə təlimçi kimi fəaliyyətim bu sahədə təməlli inkişaf və təkmilləşmə işlərinin aparılmasına
ehtiyac olduğunu göstərdi. Bu yeniliklər həm insan orqanizmini əhatəli öyrənməyə, həm də tibb tələbələrinin və həkimlərin diaqnoz qoyarkən edə biləcəkləri səhvləri minimuma endirməyə imkan yaradır. Hazırlanmış 3D insan modeli, VR gözlüklərin tədrisə tətbiqi də biologiya və tibb sahəsində böyük uğurlar qazanmağa şərait yaradır.
XXI əsr Yeni Dünya Düzəni – yeni format, yeni metod və vasitələr tələb etməkdədir. Artıq qloballaşan dünyada hər bir inkişaf kimi, problemlər də tez bir zamanda bütün dünyanı əhatə etməklə səfərbərlik tələb edir. Tədris sahəsi də artıq dünyada baş verən dəyişikliklərə səmərəli
cavab vermək məcburiyyətindədir. Çünki cəmiyyəti idarə edəcək potensiallı kadrları məktəblər, müəllimlər yetişdirir. Bunun üçün dünyada gedən yeniliklərə inteqrasiya etmək üçün təhsil sahəsi
də təhsil formatı və texnologiyalar sahəsində kadr potensialını zənginləşdirməlidir. Buraya təhsil
ocaqlarının maddi-texniki bazasının zənginləşdirilməsi də daxildir. Hazırda biologiyanın tədrisindəistifadə etdiyimiz metod və üsullar tədrisin səmərəliliyinə təsir göstərməkdə davam edir. Lakin daim fərqli, yeni imkanlar axtarışı davam etməlidir.
2022-ci il niyabr-yanvar ayında isə 9 saylı orta məktəbin direktoru Natella Rzayevanın hazırladığı “Təhsildə 3D texnologiyalardan istifadə” adlı qrand layihəsi qalib gəldi. Layihənin əsas məqsədi VR gözlüklərdən Biologiya dərslərində istifadənin perspektifləri və istifadə potensialını orta məktəb müəllimləri və şagirdlərinə öyrətmək olmuşdur. Təlim müddətində tərəfimizdən müxtəlif məzmunlu təlim dərsləri keçirilmiş, VR gözlüklərin iş prinsipi, biologiyanın tədrisində tətbiqi imkanları öyrədilmişdir. Layihədə əldə edilmiş vəsait hesabına alınmış Oculus Quest 2 All-In-One Kabelsiz VR Virtual Reallıq Gözlükləri 128 GB – kabelsiz olması ilə hərəkət məhdudiyyəti yaratmadan iş prosesində komfort hissi yaşadır. İlkin olaraq VR texnologiyaların iş prinsipi, istifadə potensialı, proqram təminatı və s. məsələlər aydınlaşdırılmışdir. Bu gözlüklər və digərləri bir-birindən müxtəlif özəllikləri ilə seçilməklə məqsədəuyğun şəkildə istifadəyə yararlıdır.
Bu vasitələrdən fənlərin tədrisində istifadə həm əhatəli, dərindən öyrənməni, həm də aydın dərketməyə şərait yaratdığından tədrisə gətirilməsi zəruri texnologiyalarındandır. Bunun üçün müxtəlif mövzuda mühazirələr aparılmış və praktik çalışmalar yerinə yetirilmişdir:
İqtisadi və emli-texniki tərəqqinin necə sürətli getdiyi dövrdə yaşadığımızı müqayisəli göstərmək üçün öncə 2017-2018-ci illə müqayisədə 2020 və gələcək illər üçün müəyyənləşdirilmiş ixtisasların siyahısına diqqət yetirdikdə, süni intellekt, AR, VR və MR texnologiyaları, Dron texnologiyaları, genetika mühəndisliyi ilə əlaqəli ən müxtəlif ixtisas və peşələrə yiyələnmiş mütəxəssislərə ehtiyac olacağını anlamaq heç də çətin deyildir.
AR (artırılmış reallıq), VR (virtual reallıq), MR (mix – qarışıq reallıq) texnologiyalarının müxtəlif sahələrdə, o cümlədən təhsil və elm sahələrində tətbiqi imkanları genişləndikcə, istehsal sahələrinin artması zərurəti ilə bu sahəyə olan tələbat olduqca yüksəlmiş və satış qiymətlərində eniş müşahidə edilmişdir. Bunun üçün təhsil müəssisələrinin də bu texnologiyaları əldə etmək üçün həm imkanı yaranmış, həm də ehtiyacları artmışdır. Bəs bu reallıqlar və zərurətlərin oxşar və fərqli cəhətləri nələrdir:
VR – Virtual Reallıq, yəni üçölçülü dünya (3D), bu dünya bütünlüklə virtualdır və kompüter tərəfindən hazırlanmış məhsula əsaslanmışdır. Yaddan çıxmamalıdır ki, VR dünyası hər zaman tamamilə virtual aləmdir, yəni real deyildir.
AR – Artırılmış reallıq, yəni bu dünya qismən realdır, qismən virtual, reallığın artırılmış boyutudur. Əslində bu dünya dijital informasiya daşıyıcısı olaraq mövcud olub, artırılmış reallıq kimi də qəbul edilir. Artırılmış Reallıqda cihazın tutduğu mövqe, yaxud istiqamət dəyişərsə təsvirin də mövqeyi dəyişəcəkdir. Sükan arxasında AR gözlüklü şəxs avtomobilin qabaq şüşəsini virtual ekran daşıyıcısı olaraq qəbul edib istifadə etsə, bu zaman sürücü başını çevirərdiyi zaman rəqəmsal informasiyanın mövqeyi də dəyişəcəkdir. Bütün bunlara səbəb informasiyanın daima öndə olmasının zəruriliyini nəzərə alıb təmin etməkdir. Real dünyada elmin sirlərini dərindən öyrənib-öyrətmək üçün müasir dövrdə istifadə edə biləcəyimiz ən yeni texnologiyalara həqiqaətən sahib ola bilməkdir. Aşağıdakı düstur virtuallıqdan reallığa aparan müasir yolu tamamilə aydın təsvir edir: MR = VR + AR = virtual dünya + rəqəmsal məlumat + real dünya
MR – virtual və realaləmin toplusu kimi qəbul edilir. Mix Reallıqda rəqəmsal daşıyıcı kimi həm də paralel olaraq real dünyadan istifadə edilir. Bu informasiya üçölçülü olması ilə digərlərindən fərqlənir və digərləri ilə müqayisədə daha realdır. O halda MR və AR arasında nə kimi fərqlər mövcuddur? MR dünyasında real dünyada təqdim olunan virtual obyektlər iştirakçının mövqeyi dəyişdikcə yerlərini dəyişmir.
Biologiya mühəndisi insan orqanizminə aid süni ürək və müxtəlif süni daxili orqanı modelləşdirərək hazırlayır. Bu sahədə mütəxəssis ola bilmək üçün biologiya mühəndisi biologiya, mühəndislik, riyaziyyat fənini dərindən bilməli, tətbiq sahələrini düzgün dəyərləndirməlidir. Bunun üçün STEM mütəxəssisləri, pedaqoji kadrlarının bilik-bacarıq səviyyəsini yüksəltməklə öyrənənlərdə elmi potensialı, praktik bacarıqları uyğun istiqamətdə inkişaf etdirmək olar. Heç də təsadüfi deyildir ki, STEM metodunun nailiyyətlərini görən qabaqcıl ölkələr bu işə böyük yatırımlar etməkdədir. Çünki STEM layihələri gənc nəslin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirir, xüsusilə şagirdlərdə bir sıra şəxsi keyfiyyətlərin, şəxsiyyətyönümlü inkişafın artmasına şərait yaratmaqla tədqiqatçı, səbirli, nizamlı, özgüvənli, özünəinamlı, uzaqgörən, əməkdaşlıq, rəqabət etməyi bacaran, bir-birinə hörmət və vətənpərvərlik hisslərini inkişaf etdirir. Artıq fərdi fəaliyyət əvəzinə inteqrasiyalı əməkdaşlığa getmənin tam zamadır. İKT vasitələri, internet, müxtəlif platformalarlar vasitəsilə istənilən ölkədən, məktəbdən hər hansı bir tədbirə mühazirəyə qatılmaq imkanımız yaranmışdır. Bu imkanlar sayəsində müxtəlif problemləri həm müzakirə edə, həm də təcrübə mübadilə ilə ümumi qərarlar ala bilərik. Məsələn, Facebook sosial şəbəkəsində onlayn vebinarların birində liderlik, əməkdaşlıq, rəqabət və s.məsələlərin müzakirəsi təşkil olunmuşdur:
Sual: özünə təhsil lideri deyənlər başda təhsil müəssisələrindən də məsul olmalıdır. əməkdaşlıq edərək rəqabət etmək necə mümkündür?
Cavab: başlıca olaraq: müəllimlər siniflə məhdüdlaşmamalı, digər müəllimlərlə əlaqəli əməkdaşlıq etməli, təcrübələrini müqayisəli müzakirə etməlidirlər.
Rəqabət? – Təhsil sahəsində hansı rəqabətdən söhbət gedə bilər?
Cavab? – Rəqabət – digər məktəblərlə əməkdaşlıq, təcrübə mübadiləsi, məktəblilərin iş birliyi, müəllimlərin əməkdaşlığı, dünya standartları səviyyəsində təhsilin təşkilinə dəstək olmaq. (Michael Fullan).
Bütün bunlar təhsildə yeni çağırışlardır, yeni dalğadır və təhsilin səmərəliliyini artırmaqdadır. Ali məktəbdə uzun illər öyrətmənlik təcrübəmə görə diqqət yetirdiyim məqamlardan biri budur ki, hər kəsin yenilikçi, çalışqan olduğu mühitdə də, mühafizəkar bir ortamda da bəzən insanlar fərdi fəaliyyətə üstünlük verir, təcrübələrini bölüşməkdən çəkinirlər. Bəzən bu, müəssisənin kadrlara olan etinasızlığından, bəzən də həmin kadrın qısqanclığından irəli gəlir. Müasir cəmiyyət nə qədər inkişaf etmiş, məlumatlı olsa da, yenə də insanlar, millətlər, irqlər arasında anlaşılmazlıqlar, təzadlı fikirlər qalmaqdadır. Bu problem sadə insanlar, qurumlar arasında da yaşana bilir, təhsil alanında da. İnsanlar arasında ayrı-seçkilik olmamalıdır”. Bunun üçün “ədalət”, “səy” lazımdır, amma “bərabərlik” həmişə ədalət deyil, “bərabərliyi təmin etmək çətindir”, ədalət burada nəzərə alınmalıdır. Halbuki ədalət hər kəs üçün fərqlidir. Buna görə də hər bir insana “fərqli davranılmalı”, ədaləti müzakirə edərək tapmalı. Təhsilverənlər öz iş praktikasında ədaləti necə təmin etməlidirlər? Burada müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Əvvəla öz fəaliyyəti daim yenilənməli, biliyi təkmilləşməlii, tədris formatı dəyişdirilməli, çevik olmalı, tənqidi-məntiqi təfəkkürü inkişaf etdirməlidir.
“Öyrədən öyrənməyi buraxarsa, o, adi bir lövhəyə çevrilər” – deyimi yerinə düşür. Bu hal nəticədə təhsilimiz üçün heç bir inkişafa səbəb olmaz. Ali və orta məktəblərdə biologiya dərslərinin keçirilməsində son iyirmi ildə bir çox yeniliklər baş vermiş, tədrisə yeni texnologiyalar, yeni təlimlər, texniki vasitələr, STEAM metodu və s. yeniliklər daxil olmuşdur. Bunlara İKT, elektron mikroskoplarını, elektron lövhələri, VR gözlükləri; interaktik, konstruktiv təlimləri, Boloniya təhsil sistemini və s. göstərmək olar. Şifahi, əyani, praktik metodlarla yanaşı, yeni metodlar da mövcuddur. Bu metodlardan, texniki vəsaitlərdən istifadə müəllimlərin pedaqoji-metodik ustalığına görə tətbiq edilməkdədir. Əvvəllər dərsdə İKT ilə şagirdi, tələbəni təəccübləndirə bilirdiksə, bu günün öyrəncisi artıq 3D boyutda filmlərə, oyunlara baxmağı üstün tuturlar. Bu məqsədlə tədrisdə yenicə istifadə etməyə başladığımız 3D eynəklər artıq sinfin, auditoriyanın marağını daha çox cəlb edərək fənnlərin öyrənilməsinə marağı artıra bilər. İştirak etdiyimiz konfranslarda STEAM metodu, 3D texnologiyaların təhsildə tətbiqini, təlimçisi olduğumuz layihələrdə biologiyanın tədrisində VR gözlüklərin faydasını, iş prinsipini əhatəli şəkildə müzakirə etdik.
Bəs XXI əsr yeni təhsil mühitini yaratmaqla nəyə şərait yarada bilərik? XXI əsr öyrədici mühiti ənənəvi təhsildən, yeni keyfiyyət göstəriciləri ilə tamamilə fərqlənməlidir. Tədris prosesinin maraqlı təşkili, öyrənənlərin yeni biliklərin kəşf etmələrinə, analiz-sintez qabiliyyəti, məntiqi təfəkkürünün formalaşması, səriştəli, yaradıcı olmasına, sərbəst layihələr düşünməsinə şərait yaradıldıqda öyrənmə istəyi arta bilər. Həmçinin müəllimlərin işbirliyi, bacarıqların artırılmasına, fənlərin inteqrasiyasına, differensisaiyasına nail olunarsa məktəblərdə təhsilin keyfiyyətini artıra bilərik. Yəni öyrənmə formal xarakter daşımamalı, bu zaman dərin öyrənmə, tətbiqetmə bacarıqlarının, düşünmə vərdişlərinin yaranmasına xüsusi fikir verilməlidir.
Təhsil müəssisələrinin rəhbərləri də öz işlərində islahat aparmalı, təhsilverənlərin işində qarşılıqlı rəğbətləndirmələr, ehtiyacların öyrənilib təmin edilməsi, təcrübə mübadiləsi etməklə təhsil sahəsində yüksək səmərəliliyə nail olmağa çalışmalıdırlar. Təhsil sistemində müəllim xarakteri mühüm rol oynayır: burada əsasən onların prinsipiallığı, tədris prosesində özgüvəni, məktəbdə müəllimlərlə münasibəti və s. çox vacibdir. Düşünürük ki, təhsil sisteminin strukturunun yenidən qurulması ilə öyrənənlərdə səriştələrin, imkan-bacarıqların, fiziki mühitin düzgün təşkili vasitəsilə öyrədən və öyrənənlərin iş qabiliyyətini, marağını, motivasiyasını artıra bilərik.
Bununla yanaşı, müxtəlif layihələrdə tələbə və müəllimlərin iştirakı da təcrübə mübadiləsinə ən güclü motivasiyadır. 2-3 İyul 2022-ci il tarixlərində İstanbul İbn Haldun Universitetində STEAM müəllimlərinin III Beynəlxalq Konfransında (III. Uluslararası STEM Öyretmenler Konferansı–2-3 Temmuz-Türkiyə) “XXI əsr STEAM müəllimlərindən gözlənilənlər” mövzusunda təqdimatla çıxışım bir sıra layihələrə dəvət almağıma səbəb oldu. Layihələr içərisində Erasmus+ layihəsi də vardır. Biologiya müəllimliyi ixtisası tələbələrinin hazırladıqları ağıllı əyani vəsaitlər və digər mövzularda hazırladıqları işlər konfransda iştirak edən digər fənn müəllimlərinin marağına səbəb oldu. Təqdimatlar içərisində təbiət elmlərinə həsr olunmuş işlər daha çox maraq doğurmuşdur.
Paralel panellərdə – Təqdimatlar, STEM Show Time / Playground / İnteractive Poster Session / TEM Expo, Workshoplar, Paralel atolyelerdə praktik çalışmalar, “STEM Eğitimi uygulamaları” IV Kitabı Yazarlar Toplantısı, Öyrənci Mərkəzi, Etkinlik Salonu / Fuaye və Açık Alanlarda rəngarəng işlər nümayiş etdirilmişdir. Təhsil sahəsində istifadə olunan yeni pedaqoji-texniki vasitələr, İKT-dən istifadənin fərqli metodikası və s. tədrisə gətirməklə öyrənənlərdə marağı artırmaq tədrisin keyfiyyətini artıracaq amildir. Bunun üçün xüsusilə biologiya müəllimləri əyanilikdən maksimum istifadə etmək üçün təlim üçün istifadə oluna biləcək texnologiya, proqramlar və s. bacarıqlarını yeniləməlidir. O zaman təhsildə yeni çağırışların nailiyyətindən, bioloji biliklərin bacarıqlara çevrilməsindən danışa bilərik.