Antiterror əməliyyatlarından bir neçə ay öncə idi… Gecə saat 2-də sərhəd gömrük postumuzda işdə olduğum zaman səfərbərlik idarəsindən zəng gəldi. Bildirdilər ki, müəyyən olunmuş qrupla təcili yola çıxmalıyam. Gecəylə gəlib məni işdən götürdülər. Bakıya qayıdıb evə gedib sağollaşmağa belə imkan olmadı. Təkid etsəm də, arxamca gələn nümayəndə vaxtımızın olmadığını dedi. Belə oldu ki, bir həftəlik ağır hərbi təlimdən sonra bizi əməliyyatlara qoşdular.
Təlimin son günləri idi əməliyyat üçün son hazırlıqlarımızı görürdük. Dağda idik. Telefonum da üstümdə idi. Zəng gəldi. Zəng edən qadın həmkarım idi. Halımı soruşdu, bizə olan hörmətini və ehtiramını bildirdi. Söhbət əsnasında dedi ki, övladının böyüyəndə hərbçi olmasını, Vətəni qorumasını istəyir. Hətta müharibə olsa, tərəddüt etmədən göndərəcəyini də dedi. Mən qeyri-ixtiyari soruşdum ki, doğrudan düşünmədən övladını müharibəyə göndərərsən? Cavabı qəti oldu:
-Əlbəttə! Mən isə dedim ki,inşallah övladlarımız sülh içində böyüyər, heç müharibə görməzlər… Müharibə ağırdır, ağrılıdır. Mən övladımı müharibəyə göndərmək qərarını asan verə bilmərəm… Bir anlıq susdu… sonra dedi: -“Mən səni vətənpərvər bilirdim… Heç səndən gözləməzdim”… Üstümdəki palçığa, silahıma, dağlara baxdım… Heç nə demədim.Sağollaşdıq. Telefonu söndürdüm.
O qız pis insan deyildi. Əksinə, Vətəni sevən biri idi. Bunu danışığından da hiss etmək olurdu. Amma mənə “vətənpərvər deyilsən” demişdi… Onun bu sözü bəzən yadıma düşür.
Əməliyyatları yerinə yetirib sağ-salamat geri döndüm. Gördüm ki, həyat hamı üçün əvvəlki kimi davam edir. Heç kim nə yaşadığımızı bilmirdi… Heç kim bizi xatırlamırdı… Yalnız bir nəfər xatırlamışdı və o da mənə bu sözləri demişdi… O mənə o sözləri deyəndə heç bilmədi ki, susuzluqdan ciyərlərim necə yanır… Ayaqlarım yeriməkdən necə taqətdən düşüb…. Patinka dabanlarımı necə yara edibsə hər addım atanda ağrısı ürəyimə sancılır…
Bu gün təsadüfən bir paylaşımı qarşıma çıxdı. Fərqinə vardım ki, məni feysbukda dostluqdan çıxarıb. Pis oldum… həm də çox pis oldum…
Hərə vətəni bir cür sevir… Hər kəs vətən sevgisini fərqli hiss edir. Kimi vətən sevgisini sözlə ifadə edir, kimi isə onu içində daşıyır…
Uniformologiya və uniformalı dövlət strukturları haqqında
Hörmətli general Qabil Mamedovun UNİFORMA haqqında təklifinin nəzərə alınmasının vaxtı deyilmi? Uniformologiya və uniformalı dövlət strukturlarımıza anlayış gətirmək haqqında Uniformologiya – xidməti (xüsusi) və əsasən də hərbi geyim formalarının yaranma tarixi və inkişafından, onların özünəməxsus xüsusiyyətlərindən bəhs edən köməkçi elmi-tarixi fəndir. Uniformologiya, bu gün digər elmi fənlərlə (geraldika, veksillologiya, faleristika, emblematika) sıx əlaqədə olaraq formalaşan və aktiv şəkildə inkişaf edən yeni elmi sahələrdən biridir. Uniforma (forma, mundir) – korporativ struktur üzvlərini fərqləndirici vahid görkəmə salmaq məqsədilə tiklişinə, stilinə, parçasına və rənginə görə seçilən xüsusi (xidməti) geyim deməkdir. Qədim zamanlarda, bir-birilə vuruşan qəbilə və tayfalar, öz düşmən və müttəfiqlərini üzdən tanıyırdılar. Amma əsrlər keçdikcə, aparılan miqyaslı savaşlar zamanı, öz qoşunlarını düşməndən ayırd edə bilmək ehtiyacı (problemi) üzə çıxdığından, uniforma həyatı tələbata çevrildi və bu günlərə kimi də, öz aktuallığını və texniki inkişafını artırmaqda davam edir. Və bu baxımdan, hər bir dövlətdə, uniformoloji tələbatı təmin etmək məqsədilə, müvafiq orqan (qurum, xidmət) yaradılır və bu orqan, öz fəaliyyətini normativ sənədlər əsasında həyata keçirərək, qəbul olunacaq unformaların standartlaşma göstəricilərini, aidiyyatı üzrə strukturların vəzifəli şəxslərinin əmr və sərəncamları vasitəsilə rəhbər tutduraraq həyata keçirir. Amma çox əfsuslar olsun ki, fəaliyyəti zəruri olan bu orqanın olmamazlığı və fəaliyyətsizliyi ucubatından, Azərbaycanda uniformadan istifadə edən dövlət qurumlarımızda, məntiqi yanaşma və identifikasiya yoxdur, elmi əsaslandırma aparılmadan yanlış standartlar təyin edilir və demək olar ki, artıq bu sahə üzrə çox gülünc bir mənzərə yaradılmışdır. Utancverici haldır ki, bizim bəzi “struktur rəhbərləri”, hətta dövlətin imicini belə düşünmədən, qadir olduqları şit fantaziyalarını (şöhrətpərəstliyə və düşüncəsizliyə söykənən), öz qurumları üçün yaratdıqları unformalarında əks etdirirlər. Və maraqlı olan budur ki, hələlik bu barədə nə düşünən, nə də soruşan bir qurum yoxdur. Mən bu gün burada, sadəcə olaraq bir sualı cavablandırmaq və bu cavabları da əsaslandırmaq istərdim: Dövlət strukturlarında uniformadan istifadə keçmiş zamanlardan qalma bir vərdişdir və ya tələbat? Biz, hərbi qulluqçu (əsgər, çavuş, gizir, zabit, ali zabit) və hərbi rütbə dedikdə, bir assosasiya olaraq, istər istəməz hansısa hərbi hissə və bölmələri, general dedikdə isə tabeçiliyində 10 minlərlə şəxsi heyəti olan bir qoşun komandanını gözlərimiz qarşısında canlandırmağa alışmışıq. Amma Azərbaycanda isə, bu sahəyə cavabdeh olanların şablonçuluğu və konservatorluğı səbəbindən, “hərbi xidmət” anlayışına uyğun gəlməyən bir sıra dövlət qurumlarımızın heyətini, vərdiş halında (pionerinin də uniforması olan SSRİ-dan və daha öncə Çar Rusiyasından qalma ənənə vərdişi), dəyəri milyonlarla ölçülən hərbi və xüsusi rütbəli uniformalarla təmin etməkdə davam edirlər. İndisə gəlin, aşağıda sadalanan uniforma istifadəçiləri olan qurumlara bir nəzər salaq. Onları sadalayıram:
-Gömrük Komitəsi
-Azərbaycan Baş Prokurorluğu
-Azərbaycan Dəmir Yolları
-Bakı Metropoliteni
-Vergilər
-Miqrasiya Xidməti
-Dövlət Təhlükəsizlik Xidməti
-Xarici Kəşfiyyat Xidməti
-Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti
-Fövqəladə Hallar Nazirliyi
-Daxili İşlər Nazirliyi
-Dövlət Avtomobil Nəqliyyatı Xidməti
-Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
-Mülkü Aviasiya
-AR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və digər kiçik strukturlar
Fərqli bir bucaq altında, nəzər salaq və baxaq görək ki, yuxarıda sadalanan strukturların heyətinə uniforma geyməyə ehtiyac varmı və ya bu sadəcə olaraq keçmişdən yaşatdığımız bir vərdişdir? Əgər varsa, o zaman bu kimlərə və necə şamil oluna bilər. Bu məsələ ilə bağlı, özümdə formalaşdırdığım düşüncələrimi diqqətinizə çatdırmaq istəyirəm. Strukturlar üzrə açıqlamalarım: 1) Gömrük Xidməti: Gömrük postlarında növbədə olan heyətlər – döş nişanları, müəyyən xüsusi kombinzon və ya jiletlərlə təmin oluna bilərlər (ancaq növbədə olduqları zaman). Buna ehtiyac vardır və hətta zəruridir. Misal üçün götürək mətbəxdə çalışan aşbazın (sanitar, ofisant, müxtəlif ustalar və s.) qiyafətini və yaxud iş başında olan tibb personalının iş geyimlərini (xalatları). Onlar işdən çıxıb evə döndükləri zaman, iş geyimlərini soyunaraq öz mülkü geyimlərini geyinib gedirlər. Gömrük Komitəsinin heyəti, ümumən heçbir rütbə və uniformaya malik olmamalıdır. Bu məsələ əsla anlaşılan deyil, hansı zəruri səbəblər əsasında gömrük işçiləri bütünlüklə uniforma geyərək xüsusi rütbə daşımalıdırlar?! 2) Azərbaycan Baş Prokurorluğu Bu sahədə də anlaşılan deyil ki, hansı zəruri səbəblərdən prokurorluq işçiləri uniforma geyərək zabit paqonları daşımalıdırlar?! Onlar üniformasız öz funksiyalarını yerinə yetirə bilmirlərmi?! Prokurorluq işçilərinə döş nişanları və ya vəsiqələri tam kifayət edə bilər. Müstəntiq və digərləri, hansısa cinayətləri araşdırdıqları və ya vətəndaşlardan izahat aldıqları zaman hansı zəruri səbəblərdən irəli gələn ehtiyaclar əsasında uniforma geyməlidirlər??? Absurd deyilmi? Prokurorluqdakı zabit və generallar hansı “qoşunları” idarə edirlər? 3) Azərbaycan Dəmir Yolları Bu sahədə də vəziyyət çox gülüncdür. Əlbəttə ki, qatar heyəti (qatar rəisi, bələdçi, maşinistlər, texniklər və s.), reysə çıxdıqları zaman xüsusi geyimlə (aşbaz və tibb işçiləri kimi) təmin olunmalıdırlar. Amma anlaşılan deyil ki, bu strukturun kabinet məmurları, hansı zəruri səbəblərdən qaynaqlanan ehtiyaclar əsasında xüsusi rütbəli uniforma ilə təmin olunmalıdırlar?! Bəlkə onlar da texniklər və maşinistlər kimi mazuta bulaşa bilərlər? Bunun səbəbini anlada biləcək adam tapılarmı? 4) Bakı Metropoliteni Məncə burada ümumən dayanmağa dəyməz. Çünkü vəziyyət ADY ilə eyni tipdə olduğundan təkrarlanmaq istəmirəm. 5) Vergilər Bəlkə hörmətli nazirimiz özü özündən soruşsun – hansı səbəblərdən döğan zəririyyətlər əsasında vergi müfəttişləri uniforma və xüsusi rütbə ilə təmin olunmalıdırlar? Hər hansı bir şirkətə və ya quruma yoxlama məqsədilə gəlmiş müfəttiş (hətta əgər əynində unforma varsa), öz xidməti vəsiqəsi və göndərişini təqdim etməzsə, o zaman heçkim ona şirkətə daxil olmağa izn verməz. Belə olan təqdirdə, uniformanın müfəttiş üçün yeri və rolu nədir? Bu onun professional və ya texniki imkanlarınımı artırır?! Vergi əməkdaşlarının uniforma ilə təminatına heçbir əsas, ehtiyac və zəruriyyət yoxdur. Sahib olduqları xidməti vəsiqə, yoxlama göndərişləri, onlar üçün tam yetərlidir. Bəlkə belə deyil?! 6) Miqrasiya Xidməti Bu xidmət rəhbərini və onun müavinlərini, general formasında görəndə lap çaşıb qaldım. Ruslar demişkən – “генералы диванных войск”. Bu sahədə çalışanlar, hansı zəruriyyətlərdən doğan tələbatlar əsasında xüsusi rütbəli uniforma geyməlidirlər? Buna səbəb nədir? Bu uniforma, vətəndaşı qeydə alan və ya qeydiyyatdan çıxaran məmurun hansı ehtiyaclarını və nə şəkildə təmin edir?! Bu xidmətin xüsusi rütbəli uniforma ilə təchizatına əsla ehtiyac yoxdur. 7) Dövlət Təhlükəsizlik Xidməti Adından bəlli olan bu mühüm xidmətin heyəti də özü kimi gözəgörünməz olmalıdır. Onların uniforma geymələrinə, hərbi rütbə daşımalarına əsla ehtiyac yoxdur. Və rütbə ilə ranq anlayışlarını qarışdırmamalıyıq. Bu qurumun tərkibindəki müvafiq güc hissə və bölmələrinin şəxsi heyəti, hərbi qulluqçu statusunda olaraq unifoma və hərbi rütbələrlə təmin edilməlidirlər. Digərlərindən hərbi qulluqçu və hərbi rütbə anlayışı götürülməli, onlar ancaq ranqlara mənsub olmalıdırlar. Xarici Kəşfiyyat Xidməti Adından bəlli olduğu kimi, bu xidmətin heyəti, zatən hərbi rütbələrə ehtiyac duymur və apardıqları fəaliyyət isə, qoşun kəşfiyyatından fərqli olaraq daha incə bir sahəyə aiddir. Onların uniforma geymələrinə, rütbə daşımalarına da əsla ehtiyac yoxdur. Bu qurumda da, ancaq müvafiq güc hissə və bölmələrinin şəxsi heyəti, hərbi qulluqçu statusunda olaraq unifoma və hərbi rütbələrlə təmin edilməlidirlər. Digərlərindən hərbi qulluqçu və hərbi rütbə anlayışı götürülməli, onlar ancaq ranqlara mənsub olmalıdırlar. 9) Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Bu xidmət, ümumən müstəqil bir qurum kimi tamamilə ləğv edilməli, onun funksiyaları bölüşdürülərək Baş Qərargaha və rayonların Pasport Qeydiyyat şöbələrinə (DİN) həvalə edilməlidir. Süni şəkildə yaradılmış, şişirdilmiş və çağırışdan başqa digər zəruri fəaliyyəti olmayan (buna hətta nəzəri cəhətcə də olsa mümkünat yoxdur, çünkü səfərbərliklə müstəqil şəkildə məşğulolma imkanlarına malik deyillər) bu quruma əsla ehtiyac duyulmadığından dərhal ləğv edilməlidir. 10) Fövqəladə Hallar Nazirliyi 19 ildir fövqəladə şəkildə büdcəni talayan, səmərəsiz, bu müddət ərzində 1 dəfə də olsun həyatda öz təyinatını döğrulda və təsdiqləyə bilməyən bu qurum – kimə və nəyə lazımdır?! Zaman var idi ki, bu qurumun heyəti, tikintilərdəki rüşvətlə məşğul idilər. Qurumun heçnəyə yaramayan general və zabitləri də, hərbi qulluqçu statusuna malikdirlər. Və bu hal, ordu ilə müqayisədə çox böyük bir ədalətsizlikdir. Bu böyüklükdə şişirdilmiş nazirlik əvəzinə, müqavilə əsaslı mülkü ixtisasçılardan seçilərək komplektləşdirilmiş (hərbi qulluqçu statusuna malik olmayan), xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş 5 regional bölüyün fəaliyyəti, kiçik bir Azərbaycanın tələbatını tam şəkildə ödəyə bilər. Belə olan təqdirdə kimə, nəyə lazım idi bu şişirdilmiş – general, polkovnik ştatları və özləri? Digər funksiyalr isə əvvəllər olduğu kimi aidiyyatı üzrə uyğun strukturlara həvalə edilməlidir. 11) Daxili İşlər Nazirliyi Bu nazirlikdə, PPX və YPX (bu 2 xidmət, vahid funksiya altında öz aralarında birləşdirilməlidir), şəxsi heyəti olan digər hissə və bölmələr (məsələn Çevik Alay, Xüsusi Təyinatlı Qüvvələr və s.) xüsusi rütbə daşıyaraq uniforma ilə təchiz olunmalıdırlar. Əhalinin içində işləməli olan digər struktur bölmələrinin şəxsi heyəti üçün uniforma və xüsusi rütbələrə ehtiyac duyulmur və buna heç lüzum da yoxdur. 12) Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bu xidmət növündə də, uniforma və xüsusi rütbələrə heçbir ehtiyac yoxdur. Yollarda xidmət aparan növbətçi heyət və onların xidməti avtomobilləri, fərqləndirici xüsusi görkəmə malik olmalıdırlar. 13) Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Üzən gəmi heyəti və ekipajlar, texniki personal, uniforma və xüsusi geyimlə təmin edilməli, digər ofis heyətlərinin xüsusi rütbə və geyimlər isə tam şəkildə ləğv edilməli, adi mülkü geyimdə çalışmalıdırlar. 14) Mülkü Aviasiya Üçuş heyəti və ekipajlar, texniki personal, uniforma və xüsusi geyimlə təmin edilməli, digər ofis heyətlərinin xüsusi rütbə və geyimləri tam şəkildə ləğv edilməli, adi mülkü geyimdə çalışmalıdırlar. 15) AR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (və digər kiçik strukturlar) Baytarlıq (meşəçilik) kimi xidmətlər üçün mən ümumən söz tapa bilmirəm. Əgər insanlara xidmət göstərən Səhiyyə Nazirliyi uniformada deyilsə, o zaman hansı zəruri səbəblərdən doğan ehtiyaclara əsaslanaraq, heyvanlara xidmət göstərən bu qurumun rəhbəri (general formasında və rütbəsində) və işçilərinə xüsusi rütbə verərək onları uniforma ilə təmin etmişik?! Gülünc deyilmi? Qeyd: Bu fikir və yanaşmam, adlarını çəkmədiyim digər bənzər strukturlara da eyni qaydada şamil olunur. Təklif: a) Nazirlər Kabineti, konservatizm əsaslı şablon qərarlarına yenidən nəzər salaraq bu anlaşılmaz vəziyyət üzərində düşünməli, dövlət büdcəsindən səmərəsiz olaraq istifadə olunan vəsait axının qarşısını almaq, milli unformalogiya anlayışına aydınlıq gətirmək məqsədilə təkliflər paketi hazırlayaraq Dövlət Rəhbərinə təqdim etməlidir. b) Bu vəsaitləri, dövlətimizin çətin və sıxıntılı günlərində, bəzənməyə ehtiyacları olmayan məmurlarımızın mənasız bəzək-düzəklərinə sərf etməkdənsə, ehtiyaclı sahələrimiz üzrə səmərli şəkildə istifadə etməyimiz (şəhid ailələri və qazilərimizə) daha məntiqli və anlayışlı olar.