Etiket arxivi: Hərb tarixi

VƏTƏNPƏRVƏRLİK

VƏTƏNPƏRVƏRLİK

(esse)

Antiterror əməliyyatlarından bir neçə ay öncə idi… Gecə saat 2-də sərhəd gömrük postumuzda işdə olduğum zaman səfərbərlik idarəsindən zəng gəldi. Bildirdilər ki, müəyyən olunmuş qrupla təcili yola çıxmalıyam.
Gecəylə gəlib məni işdən götürdülər. Bakıya qayıdıb evə gedib sağollaşmağa belə imkan olmadı. Təkid etsəm də, arxamca gələn nümayəndə vaxtımızın olmadığını dedi.
Belə oldu ki, bir həftəlik ağır hərbi təlimdən sonra bizi əməliyyatlara qoşdular.

Təlimin son günləri idi əməliyyat üçün son hazırlıqlarımızı görürdük.
Dağda idik. Telefonum da üstümdə idi. Zəng gəldi.
Zəng edən qadın həmkarım idi. Halımı soruşdu, bizə olan hörmətini və ehtiramını bildirdi. Söhbət əsnasında dedi ki, övladının böyüyəndə hərbçi olmasını, Vətəni qorumasını istəyir. Hətta müharibə olsa, tərəddüt etmədən göndərəcəyini də dedi.
Mən qeyri-ixtiyari soruşdum ki, doğrudan düşünmədən övladını müharibəyə göndərərsən?
Cavabı qəti oldu:

-Əlbəttə!
Mən isə dedim ki,inşallah övladlarımız sülh içində böyüyər, heç müharibə görməzlər… Müharibə ağırdır, ağrılıdır. Mən övladımı müharibəyə göndərmək qərarını asan verə bilmərəm…
Bir anlıq susdu… sonra dedi:
-“Mən səni vətənpərvər bilirdim… Heç səndən gözləməzdim”…
Üstümdəki palçığa, silahıma, dağlara baxdım…
Heç nə demədim.Sağollaşdıq. Telefonu söndürdüm.

O qız pis insan deyildi. Əksinə, Vətəni sevən biri idi. Bunu danışığından da hiss etmək olurdu.
Amma mənə “vətənpərvər deyilsən” demişdi…
Onun bu sözü bəzən yadıma düşür.

Əməliyyatları yerinə yetirib sağ-salamat geri döndüm.
Gördüm ki, həyat hamı üçün əvvəlki kimi davam edir. Heç kim nə yaşadığımızı bilmirdi… Heç kim bizi xatırlamırdı…
Yalnız bir nəfər xatırlamışdı və o da mənə bu sözləri demişdi…
O mənə o sözləri deyəndə heç bilmədi ki, susuzluqdan ciyərlərim necə yanır…
Ayaqlarım yeriməkdən necə taqətdən düşüb….
Patinka dabanlarımı necə yara edibsə hər addım atanda ağrısı ürəyimə sancılır…

Bu gün təsadüfən bir paylaşımı qarşıma çıxdı. Fərqinə vardım ki, məni feysbukda dostluqdan çıxarıb.
Pis oldum… həm də çox pis oldum…

Hərə vətəni bir cür sevir…
Hər kəs vətən sevgisini fərqli hiss edir.
Kimi vətən sevgisini sözlə ifadə edir, kimi isə onu içində daşıyır…

Müəllif: İqbal Səfərov

İqbal Səfərovun digər yazıları

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

2009-cu ilin soyuq 11 fevralı

2009-cu ilin soyuq 11 fevralı

2009-cu ilin soyuq 11 fevralı… səhər saatları… Azərbaycan müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı olmuş general-leytenant Rail Rzayev Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evindən çıxıb asta addımlarla xidməti maşınına əyləşir. General-leytenantın olduğu maşının sürücüsü həmin küçənin başındakı zibil qutularının yanında saxlayıb və düşüb zibil torbasını qutuya atıb.

Sürücü qayıdıb maşına əyləşənə qədər maşına yaxınlaşan killer arxa sağ oturacaqda əyləşən Rail Rzayevə səsboğucusu olan silahdan atəş açıb. Digər gülləni isə maşının arxa təkərinə vurub. Maşının arxa şüşəsini dəlib keçən güllə Rail Rzayevin təpə nahiyəsinə dəyərək həyatına son qoyub. Sürücü maşına əyləşəndə Rail Rzayevin ağzından qan töküldüyünü görüb. Ağlına belə gəlməyib ki, general-leytenantı güllə ilə vurublar, onun infarkt keçirdiyini zənn edib. General Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bəli, o müdhiş hadisədən 17 il ötür.

Həmin vaxt media xəbər verirdi:”Qətl hadisəsi o dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun yaşadığı evin eyvanının altında törədilmişdi. Eldar Mahmudov evinin pəncərəsindən baxsaydı, killerin Rail Rzayevin maşınına necə yaxınlaşması, 2 atəş açıb zibil qutularının yaxınlığındakı üzüaşağı – “Sovetski” məhləsinə enən pilləkənlərlə qaçmasının şahidi ola bilərdi. Həmin gün Eldar Mahmudov ölkədə olmadığından qətlə şahidlik edə bilməmişdi. Onun yaşadığı bina qudası Cahangir Hacıyevin o dövrdə rəhbərlik etdiyi “Beynəlxalq Bank”ın əsas ofisinin 2-ci mərtəbəsində yerləşdirdi. Qətl bankın dörd bir tərəfində quraşdırılan müşahidə kameralarının əhatə dairəsində törədilmişdi.

İllərlə Azərbaycanın hava məkanına, hərbi yük daşımalarına nəzarət edən general-leytenantın qətlinin üstü bu günə qədər konkret olaraq açılmayıb. Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyib ki, “general-leytenant Rail Rzayevin qətlindən tutmuş 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin “qəzaya uğramasınadək” baş verənlərdə Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.

General qətli müstəqillik əldə etmiş Azərbaycanda ilk sui-qəsd deyildi. 1993-cü ildə general-mayor Eduard Hüseynov, 8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilən general-mayor Vahid Musayev və nəhayət general-leytenant Rail Rzayev…

Sui-qəsdlə qətl edilən ictimai, siyasi və dövlət xadimləri

  1. Eldar Bağırov – Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı idi. 1991-ci ildə Bakıda-Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır. Eldarın aradan götürülməsi o vaxtkı hakimiyyətə sərfəli idi.
  2. Vaqif Vəliyev – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olub. Hacı Vaqif kimi tanınan Vəliyev, 1993-cü ildə – Gəncə Şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
  3. Azər İsmayılov – DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi . 2000-ci il iyunun 21-də gündüz şəxsi avtomobili ilə «Ramstor» ticarət mərkəzinə gedərkən yoxa çıxıb. Yalnız bir neçə il sonra ifşa olunan Hacı Məmmədov bu qətli də özünün törətdiyini və bundan peşman olmadığını etiraf edib.
  4. Afiyəddin Cəlilov – Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışıb. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Bu işdə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovsa günahsız olduğunu bildirir.
  5. Şahmərdan Cəfərov – Milli Məclisin deputatı, Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı olub. 1995-ci il mayın 30-da deputat səlahiyyətləri alınıb. Kələkidən qayıdarkən yolda güllələnib. Məlumatlarda deyilir ki, Ş.Cəfərov polisə silahlı müqavimət göstərərkən qətlə yetirilib. Lakin Aİ hesabatında bildirilir ki, ağır yaralanmış Ş.Cəfərovu Naxçıvan xəstəxanasına polis deyil, yerli sakinlər çatdırıblar. Onun Naxçıvandan Bakıya niyə gətirilməsi və Şüvəlan həbsxanasında ölməsi faktına da aydınlıq gətirilməyib.
  6. Şəmsi Rəhimov – Azərbaycanın dövlət xadimi, polkovnik, Prezident yanında Xüsusi İdarənin rəisi olub. 29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilib.
  7. Əli Ansuxski – Azərbaycan SSR Ali Sovetinin (1990-1995) xalq deputatı, Milli Məclisinin üzvü (1995-1996) olub. 1996-cı ildə Bakıda evinin qarşısında silahla qətlə yetirilib.
  8. Ziya Bünyadov – şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bünyadovun ölümü ilə bağlı bir çox iddialar gündəmə gəlib. Qətlin hansısa terror təşkilatları ilə yanaşı, ermənilər tərəfindən törədiləcəyi də istisna edilməyib. Ancaq alimin qətlində ilk dəfə olaraq “Hizbullah” təşkilatının adı hallanıb.
  9. Rövşən Əliyev – Baş Prokurorluqda Ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini olub. 2002-ci il, martın 13-də Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirildiyi qeyd olunub. Hacı Məmmədov Rövşən Əliyevi bandanın izinə düşdüyü üçün öldürdüyünü desə də, qətlin «siyasi sifariş» olduğunu, sifarişçinin Daxili İşlər Nazirliyinin idarə rəisi Zakir Nəsirov olduğunu da söyləyib.
  10. Fətulla Hüseynov – polkovnik, Daxili İşlər Nazirliyi polis polkunun komandiri olub. 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi deyilir. Hacı Məmmədov məhkəmədə bu qətlin də «siyasi sifariş» olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı.
  11. Elmar Hüseynov – jurnalist, baş redaktor. 2005-ci ilin martın 2-də Bakıda – yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Hacı Məmmədov məhkəmədə deyib ki, redaktoru sabiq nazir Fərhad Əliyevin sifarişiylə onun dəstə üzvləri öldürüb. MTN bu versiyanı araşdırsa da, hələlik rəsmi açıqlama yoxdur.
  12. Etibar Elkin- Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru 14 yanvar 1999-cu ildə öldürülüb. ( Etibar Elkin iki oğluyla birgə öldürülmüşdü.) Qətli «Ceyşullah» adlı təşkilatın üzvlərinin törətməsi haqda məhkəmə hökmü olsa da, tərəfdarları buna inanmırlar.
  13. Gülşad Zərbəliyev- Prezidentin köməkçisi, beş dövlət başçısının köməkçisi işləyib.
  14. Sabir İsmayılov -Daxili İşlər nazirinin sabiq müavinini olub . Telefon naqiliylə boğulmuş şəkildə tapılıb.

16.Rafiq Tağı – tanınmış həkim-yazıçı, 2011-ci il noyabrın 19-da Bakıda işdən evə gələrkən naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanada müalicə edilsə də, həyatını qurtarmaq mümkün olmayıb. Rafiq Tağının qətlinə görə heç kim məsuliyyəti öz boynuna göturməmiş, lakin çoxları belə düşünür ki, Rafiq Tağı İslamı tənqid etdiyinə görə hədəfə alınıb.

  1. Əjdər Xanbabayev Azərbaycan jurnalisti. O, Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” nəşriyyatının və “Yazıçı” nəşriyyatının direktoru olub. Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnmişdi. Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb.

Qeyd edək ki, evinin qarşısında güllələnən sonuncu şəxs Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa olub. Şükür ki bu terror hadisə faciə ilə bitməyib.

Müəllif:Əntiqə RƏŞİD

ƏNTİQƏ RƏŞİDİN YAZILARI

Tarix.Az

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“QORİDƏN GƏLƏN QATAR” yenidən işıq üzü gördü

“QORİDƏN GƏLƏN QATAR” yenidən işıq üzü gördü

ADA Universitetinin rektoru, çox hörmətli Hafiz Paşayevin dəstəyi ilə Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı Şəmistan Nəzirlinin “QORİDƏN GƏLƏN QATAR” kitabı yenidən nəfis şəkildə çap olunub. Qeyd edək ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında Şəmistan Nəzirlinin yenidən əldə etdiyi arxiv materialları da kitaba daxil edilmişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, İlham Pirməmmədov, İctimai Birliyin üzvləri və Qazax mahalının ziyalıları Hafiz Paşayevə Şəmistan Nəzirli irsinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edir və minnətdarlıq edirlər.

P.S. Yaxın vaxtlarda kitabın təqdimatı keçiriləcəkdir.

Müəllif və mənbə: Səbinə Yusif

FƏRİDƏ LƏMANIN YAZILARI

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zakir Osmanov – Marşal

Hərb tarixi

Marşal Beriyanı güllələyən marşal – Batitski hökmün icrasının ona həvalə olunmasını özü xahiş edib

Onu əfsanəvi sərkərdə adlandırıblar.
Sovet ordusunda hərbi-hava və hava hücumundan müdafiə qüvvələrinin əsasını qoyanlardan biri sayılan marşal Pavel Batitski bütün ömrünü hərbi işə həsr edib.
O, orta ixtisas hərbi məktəbini bitirdikdən sonra əvvəlcə Frunze adına Hərbi Akademiyada təhsil alıb, daha sonra Baş Qərargah yanında Hərbi Akademiyanı bitirib.

Milliyətcə ukraynalı olan Pavel Batitski 1910-cu ildə Xarkovda fəhlə ailəsində anadan olub.
Uşaqlıqdan həmyaşıdlarından ciddiliyi və bir az da sərtliyi ilə fərqlənən Batitski xidmət etdiyi bütün hərbi hissə və qoşunlarda ən intizamlı və ən məsuliyyətli zabit kimi tanınıb.
Müasirlərinin söylədiklərinə görə, onun rütbələri və vəzifələri dəyişsə də, xarakteri sabit qalıb, ciddi, tələbkar, ən başlıcası isə ədalətli.
Pavel Batitski 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə ən ağır döyüş bölgələrində xidmət edib, ən mürəkkəb hərbi əməliyyatları uğurla həyata keçirib.
Berlin əməliyyatının hazırlanmasında və keçirilməsində Pavel Batitskinin xüsusi xidmətləri olub.

Marşal Pavel Batitskinin adı SSRİ tarixinə təkcə peşəkar hərbçi, xüsusi xidmətləri olan hərbi məmur kimi düşməyib. O, həm də tarixə öz adını marşal Beriyanı güllələyən marşal Batitski kimi yazıb.

23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunduqdan sonra Pavel Batitski hökmün icrasının ona həvalə olunmasını xahiş edib.
Bütün bu proseslərin şahidi olan ehtiyatda olan polkovnik Xijnyak sonralar “Veçernyaya Moskva” qəzetinə hadisə ilə bağlı geniş müsahibə verib.
Polkovnikin söylədiyinə görə, Beriya ömrünün son dəqiqələrində heç də çoxlarının dediyi kimi ağlayaraq kimlərinsə ayağına yıxılmayıb:
“Mən həmin prosesin əvvəlindən sonuna qədər iştirak etmişəm. Əvvəlcə mənə tapşırıq verildi ki, gedib Beriyanın evindən ona qara kostyum gətirim.
O, elə həbs oldunduğu vaxt əynində olduğu boz rəngli kostyumda idi. Mən onun Kaçalova küçəsində yerləşən mənzilinə yollandım. Qapını tanımadığım bir qadın açdı.
Gəlişimin məqsədini dedim, qadın heç nə soruşmadan qara kostyumu mənə verdi.
Kostyumu Beriyaya mən geyindirdim, boz rəngli kostyumu isə yandırdım.
O artıq hiss edidi ki, onu nəyə hazırlayılar və başa düşürdü ki, əfv olunmayacaq.
Sonra mənə göstəriş verdilər ki, eni üç metr, uzunluğu iki metr olan qalın taxtadan lövhə düzəldib güllələnmənin icra olunacağı zirzəmidəki otağın divarana vurum.
Bunu da etdim. Daha sonra zirzəmidə olan polad həlqəni həmin taxta lövhənin yuxarı tərəfinə vurdum.
Qeyd edim ki, hökm Moskva Hərbi Dairəsinin qərargahının bunkerində icra olunurdu.
Beriyanı həmin otağa mən gətirdim. Qolları qandallı deyildi. Yalnız taxta lövhənin qarşısında dayananda mənə əmr etdilər ki, qollarını kəndirlə polad həlqəyə bağlayım.
Bu əmri də icra etdim. O, nə ağlayırdı, nə də yalvarırdı. Amma rəngi dəmir rəngindən seçilmirdi, bir də üz hissəsinin sağ tərəfində əzələləri nəzərəçarpacaq dərəcədə titrəyirdi.
Mən əvvəlcədən onun gözlərini bağlamaq üçün üz dəsmalı da hazırlamışdım.
Adətən, güllələnmə icra olunanda güllələnənlərin gözlərini bağlayırdıq. Onu bağlamaq istəyəndə Batitski qəzəblə mənim üstümə qışqırdı:

-Sən nə etmək istəyirsən?
Mən son dərəcə gərgin olan bu atmosferdə özümdə cürət tapıb Pavel Batitskiyə cavab verdim:

-Gözlərini bağlamaq istəyirəm, adətən…
O sözümü yarımçıq qoydu:

-Lazım deyil, qoy hər şeyi gözləri ilə görsün.
Beriya heç nəyə reaksiya vermirdi. Mən elə düşünürdüm ki, onun bu anlarda ürəyi dayanacaq.
Mən geri çəkildim. Məhkəmə üzvləri, Moskva Partiya Komitəsinin birinci katibi Nikolay Mixaylov, Ümumittifaq Həmkarlar İttifaqının sədri Nikolay Şvernik, SSRİ-nin baş prokuroru Roman Rudenko və digər bir neçə nəfər Beriyadan 6-7 metr aralıda dayanmışdılar. Həkim dəvət olunmamışdı.
Pavel Batitski isə digərlərindən bir addım irəlidə dayanmışdı. Hər şey hazır idi. Təxminən bir dəqiqə, bəlkə də çox, araya dəhşətli bir sükut çökdü.
Bu kiçik zaman kəsiyi bəlkə də iştirak edənlərin hamısı üçün uzun bir vaxta bərabər idi.
Pavel Batitski tabel silahını çıxarıb atəş açdı. Güllə Beriyanın burun körpüsünə dəydi. Marşal Lavrenti Beriya qolları bağlanmış polad həlqədən asılı vəziyyətdə qalmışdı…”
Hökmün icrasından dərhal sonra, 23 dekabr 1953-cü il, saat 19.50” tarixli akt tərtib olunub. Akta ilk olaraq hökmün icracısı Pavel Batitski imza atıb.
Marşal Pavel Batitski həmin müdhiş hadisələrdən sonra hələ uzun illər hərbi xidmətini davam etdirib, ən yüksək dövlət mükfatları ilə təltif olunub.
Pavel Batitski 1984-cü ildə 73 yaşında vəfat edib. Marşal Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(c)
Müəllif: Zakir Osmanov

Zakir Osmanov – Mixail Yefremov haqqında

Bakını işğal edən sovet generalı – Almanlar özünü vuran Yefremov ehtiramla dəfn ediblər

Onun tərcümeyi-halında qaranlıq məqamlar çoxdur. Məsələn, Mixail Yefremov imperator ordusunda xidmətə başlayanda bütün sənədlərdə heç də yoxsul olmayan xırda burjua ailəsində anadan olduğunu qeyd edib.
Sonralar qırmızı orduda xidmətə başlayanda isə özünü fəhlə oğlu kimi təqdim edib. Bu kimi qeyri-dəqiq bioqrofik faktlara çox rast gəlmək olar.
Amma Yefremovun xidməti fəaliyyətində bir fakt tam dəqiqdir. Azərbaycan Sovet Sosialist Respublikasının ilk “Qırmızı bayraq” ordeni (1 nömrəli ulduz) məhz ona təqdim edilib.
13 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsində bununla bağlı əmr imzalanıb.
Əmri Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və katib Qabricidze imzalayıb.
Əmrdə qeyd edilib ki, XI qırmızı ordunun və Azərbaycan SSR-in dəmir yollarının mühafizəsi qoşunlarının rəisi Mixail Yefremova bu orden Bakının tutulmasında göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib.
Hadisələrdən öncə Yefremov XI ordunun dörd zirehli qatardan ibarət dəstəsinə rəhbərlik edib.
Mixail Yefremov 1897-ci ildə Kaluqa vilayətinin Tarusa şəhərində anadan olub. Yeniyetməlik yaşlarından öz şəxsi təsərrüfatlarında atasının yanında işləyib.
1915-ci ildə Yefremov imperator ordusuna hərbi xidmətə çağrılıb. Bir aydan sonra onu Gürcüstana, Telavi şəhərinə gizirlər məktəbində oxumağa göndəriblər.
Məktəbi bitirdikdən sonra o, Cənub-Qərb cəbhəsində artileriya divizionunda xidmət edib, I dünya müharibəsinin iştirakçısı olub.
Yefremov 1917-ci ildə ordudan tərxis olunub.
Ancaq çox keçməmiş, 1918-ci ildə o, qırmızı ordunun sıralarında yenidən xidmətə başlayıb. Zabit kurslarında, sonralar isə Frunze adına hərbi akademiyada təhsil alıb.
Yefremovun qırmızı orduda ilk xidməti Qafqazdan başlayıb və o, məhz bu bölgədən tanınıb.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın ilk “Qırmızı bayraq” ordenini alan Yefremov bu təltifdən az sonra ikinci dəfə də “Gəncəyə görə” eyni mükafata layiq görülüb. İkinci ordenin arxasında məhz belə də yazılıb: “Gəncəyə görə”.

Sovet-alman müharibəsi başlanana qədər Yefremov Volqa, Baykalyanı, Orlov hərbi dairələrində yüksək hərbi vəzifələr daşıyıb.
Məhz bu ərəfədə o, repressiya dalğalarına düşsə də xilas olmağı bacarıb. Belə ki, 1938-ci ildə Yefremov xidməti işi ilə əlaqədar təcili olaraq Moskvaya çağrılıb.
Paytaxta axşam saatlaında çatdığından o, Moskva mehmanxanasında yer alıb.
Gecə ikən “NKVD” əməkdaşları onu həbs ediblər. Yefremov xalq düşməni elan edilən marşal Tuxaçevski ilə əlaqədə ittiham olunub. Sorğu-sual iki aydan artıq davam edib.
Məsələyə Anastas Mikoyan müdaxilə edib. Onların arasında hələ Bakı hadisələri vaxtından sıx dostluq münasibətləri yaranıb. Nəhayət, Yefremovla son sorğu-sual Mikoyanın da iştirakı ilə Stalinin kabinetində aparılıb.
Bundan sonra Stalin onu azadlığa buraxıb. Mikoyanın oğlu Serqo öz xatirələrində bu məsələyə də toxunub:
“Yefremovun azad olunması sırf atamın xidmətidir. Atam onu 1920-ci illərdən tanıyırdı.
Onların aralarında yaxın yoldaşlıq münasibətləri var idi. Qafqazda çətin və mürəkkəb inqilabi proseslərdə birlikdə olmuşdular. Sözsüz ki, atam Yefremovun həbsinə imkan verə bilməzdi…”

Sovet-alman müharibəsi dövründə Yefremov 21-ci, 10-cu, 33-cü orduların komandanı olub.
General-leytenant rütbəsi daşıyıb.
Yefremov müharibə zamanı daha çox 1941-ci ilin noyabr ayında Nara çayı sahili boyunca alman qoşunları ilə üzbəüz olan 32 kilometrlik zolağın müdafiəsi zamanı yadda qalıb.
Vermaxt qoşunları bu ərazini keçdikləri halda Moskvaya istiqamət almaları daha da asanlaşdığından onların qarşısını kəsmək sovet qoşunları üçün vacib sayılıb.
33-cü ordu bu missiyanı lazımi səviyyədə həyata keçirib və almanları geri çəkilməyə məcbur edib. Əslində bu heç də Yefremovun xidməti olmayıb.
Georgi Jukov Yefremova güvənmədiyi üçün həmin oktyabr və noyabr günlərində generala 15-dən artıq əmr-təlimat göndərib və əməliyyatları hər dəqiqə öz nəzarətində saxlayıb.
Sonralar Jukov 1942-ci ilin yanvarında Yefremov haqqında xasiyyətnamə yazanda aşağıdakı ifadələr də öz əksini tapıb:
“General-leytenant Yefremovun əməliyyat düşüncəsi olduqca məhduddur. İstənilən böyük və kiçik hərbi əməliyyatlarda o, cəbhə komandanlarının təlimat və göstərişlərinə ehtiyac duyur. Əmrləri vaxtında və dəqiq yerinə yetirə bilmir…”

1942-ci ildə keçirilən əməliyyatların birində Jukov Yefremova komandanı olduğu 33-cü ordu ilə birlikdə Kirov istiqmətinə getməyi əmr edib. Həmin məsafə 180 kilometr olub.
Yefremov düşünüb ki, bu məsafəni daha qısa yolla qət etmək olar. O, bu haqda Jukova heç nə deməyib.
Yaxşı anlayıb ki, Jukovu fikrindən döndərmək mümkün deyil. Yefremov birbaşa qərargahla əlaqə saxlayıb və öz planı haqqında Stalinə məruzə edilməsini xahiş edib.
Bu haqda Stalinə məruzə edəndə o da öz növbəsində Jukovla əlaqə yaradıb, Yefremovun qısa məsafə məsələsini ona söyləyib. Jukov qəti şəkildə etirazını bildirib.
Buna baxmayaraq, Yefremov öz bildiyi yolu seçib və məsafəni heç yarıya qədər qət etməmiş almanların mühasirəsinə düşüb. 33-cü ordu həm canlı qüvvə baxımından, həm də texnika və silah-sursat itkisi böyük itki verib.
Yefremov mühasirəyə düşən zaman yararlanıb.
Almanların mühasirə halqası daraldıqca onun əsir düşmək təhlükəsi reallaşıb. Yefremov bu reaalıqdan uzaq olmaq üçün özünü güllələyib.
Almanlar sovet generalının meyidini tapdıqdan sonra ona fərqli münasibət bəsləyiblər, Yefremovun nəşini meşənin içində atıb getməyiblər.
45 yaşlı Yefremov müharibə dövründə həlak olan yeganə general olub ki, alman zabitləri onu hərbi şərəflə dəfn ediblər.
Onun məzarı üzərinə qoyulan xatirə lövhəsində adı, soyadı və rütbəsi isə həm rus, həm də alman dilində yazılıb.
Bununla da Bakını işqal edən generalın karyerası intiharla yekunlaşıb.

Müəllif: Zakir Osmanov

Foto – 14 may 1993 – Yaşma

Foto 14 may 1993-cü ildə Yaşamda Azərbaycanın ilk yaradılan XTT-dan birində Hərbi Andiçmə günü çəkilib. Nurcahan Hüseynovanı və Zaur İbrahimovu rəhmətlə anırıq. Məqamları ucadır. Allah Zaur Ustaca can sağlığı versin:

BU BELƏDİR…

(Əsgər haqqında ballada…)

Nədir yenə, ümman kimi,

çalxalanıb, coşdun, ürək?

İçindəki bu təlatüm,

bu oyanış de nə demək?

Həsrətdənmi, nisgildənmi,

Ürək, yenə çağlayırsan?

Anasına həsrət qalmış,

Körpə kimi, ağlayırsan…

İçindədir; ümid adlı,

qığılcımın od-alvu,

tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!

Həqiqətlər qarşısında,

Biz gücsüzük, biz heç nəyik,

Dinlə məni deyim, ürək,

Biz nəçiyik; şan-şöhrətli,

– “hüququndan keçmiş əsgər”,

həmdəminə həsrət canıq,

bəzən canlı, bəzən cansız,

biz “robotuq”, biz “əşyayıq”…

Bu torpaqdan yoğrulmuşuq,

Bu torpaqdan doğulmuşuq,

Yardan əfsəl, anamızın

Qulluğuna buyrulmuşuq!!!

Şeirin müəllifi: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru