Etiket arxivi: Esselər

VƏTƏNPƏRVƏRLİK

VƏTƏNPƏRVƏRLİK

(esse)

Antiterror əməliyyatlarından bir neçə ay öncə idi… Gecə saat 2-də sərhəd gömrük postumuzda işdə olduğum zaman səfərbərlik idarəsindən zəng gəldi. Bildirdilər ki, müəyyən olunmuş qrupla təcili yola çıxmalıyam.
Gecəylə gəlib məni işdən götürdülər. Bakıya qayıdıb evə gedib sağollaşmağa belə imkan olmadı. Təkid etsəm də, arxamca gələn nümayəndə vaxtımızın olmadığını dedi.
Belə oldu ki, bir həftəlik ağır hərbi təlimdən sonra bizi əməliyyatlara qoşdular.

Təlimin son günləri idi əməliyyat üçün son hazırlıqlarımızı görürdük.
Dağda idik. Telefonum da üstümdə idi. Zəng gəldi.
Zəng edən qadın həmkarım idi. Halımı soruşdu, bizə olan hörmətini və ehtiramını bildirdi. Söhbət əsnasında dedi ki, övladının böyüyəndə hərbçi olmasını, Vətəni qorumasını istəyir. Hətta müharibə olsa, tərəddüt etmədən göndərəcəyini də dedi.
Mən qeyri-ixtiyari soruşdum ki, doğrudan düşünmədən övladını müharibəyə göndərərsən?
Cavabı qəti oldu:

-Əlbəttə!
Mən isə dedim ki,inşallah övladlarımız sülh içində böyüyər, heç müharibə görməzlər… Müharibə ağırdır, ağrılıdır. Mən övladımı müharibəyə göndərmək qərarını asan verə bilmərəm…
Bir anlıq susdu… sonra dedi:
-“Mən səni vətənpərvər bilirdim… Heç səndən gözləməzdim”…
Üstümdəki palçığa, silahıma, dağlara baxdım…
Heç nə demədim.Sağollaşdıq. Telefonu söndürdüm.

O qız pis insan deyildi. Əksinə, Vətəni sevən biri idi. Bunu danışığından da hiss etmək olurdu.
Amma mənə “vətənpərvər deyilsən” demişdi…
Onun bu sözü bəzən yadıma düşür.

Əməliyyatları yerinə yetirib sağ-salamat geri döndüm.
Gördüm ki, həyat hamı üçün əvvəlki kimi davam edir. Heç kim nə yaşadığımızı bilmirdi… Heç kim bizi xatırlamırdı…
Yalnız bir nəfər xatırlamışdı və o da mənə bu sözləri demişdi…
O mənə o sözləri deyəndə heç bilmədi ki, susuzluqdan ciyərlərim necə yanır…
Ayaqlarım yeriməkdən necə taqətdən düşüb….
Patinka dabanlarımı necə yara edibsə hər addım atanda ağrısı ürəyimə sancılır…

Bu gün təsadüfən bir paylaşımı qarşıma çıxdı. Fərqinə vardım ki, məni feysbukda dostluqdan çıxarıb.
Pis oldum… həm də çox pis oldum…

Hərə vətəni bir cür sevir…
Hər kəs vətən sevgisini fərqli hiss edir.
Kimi vətən sevgisini sözlə ifadə edir, kimi isə onu içində daşıyır…

Müəllif: İqbal Səfərov

İqbal Səfərovun digər yazıları

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Heydər və Azad” essesində qəhrəmanlıq, vətən sevgisi və insan iradəsi

Zaur Ustacın “Heydər və Azad” essesində qəhrəmanlıq, vətən sevgisi və insan iradəsi
Azərbaycan ədəbiyyatında vətən mövzusu, xüsusilə Qarabağ müharibəsi ilə bağlı hadisələr həmişə xüsusi yer tutmuşdur. Müasir dövrdə bu mövzunu bədii-publisistik dillə oxucuya çatdıran müəlliflərdən biri də tanınmış qələm adamı Zaur Ustacdır. Onun “Azərbaycan” jurnalının 2026-cı il fevral sayında dərc olunmuş “Heydər və Azad” essesi həm tarixi yaddaşın qorunması, həm də qəhrəmanlıq salnaməsinin bədii söz vasitəsilə yaşadılması baxımından diqqətəlayiq publisistik nümunədir.
Esse 1992-ci ilin 17 fevralında Xocavənd rayonunun Qaradağlı kəndində baş verən faciəli hadisələr fonunda qurulmuşdur. Müəllif həmin dövrün ağır müharibə şəraitini, kəndin üzərinə çökmüş təhlükəni və insanların içində yaşanan qorxu ilə yanaşı, onların iradəsini və torpaq sevgisini təsirli şəkildə təsvir edir.
Mətnin süjet xəttində iki gənc – Heydər Quliyev və Azad Rüstəmov dayanır. Müəllif bu iki obraz vasitəsilə müharibənin insan talelərinə necə təsir etdiyini, gənclərin vətəni qorumaq naminə necə fədakarlıq göstərdiyini göstərir.
Esse yalnız döyüş səhnələrinin təsviri ilə məhdudlaşmır. Əksinə, müəllif hadisələrin arxa planında insan talelərinə toxunur. Azadın toyundan cəmi bir həftə keçməsi kimi faktlar müharibənin insan həyatına necə qəfil və amansız müdaxilə etdiyini göstərir.
Bu detal oxucuya müharibənin yalnız cəbhədə deyil, ailələrdə, sevgilərdə və ümidlərdə də iz buraxdığını xatırladır. Zaur Ustacın publisistik üslubu məhz bu cür emosional məqamların üzərində qurulmuşdur.
Essedə diqqət çəkən əsas məqamlardan biri qəhrəmanlıq ruhunun təsviridir. Müəllif göstərir ki, say və texnika baxımından üstün olan düşmən qarşısında belə kənd müdafiəçiləri geri çəkilməyi düşünmürlər.
Heydər və Azad obrazları burada təkcə iki fərdi qəhrəman deyil, bütövlükdə Azərbaycan gəncliyinin simvolu kimi təqdim olunur. Onların davranışları – yaralı halda belə döyüşü davam etdirmələri, kənd sakinlərini qorumağa çalışmaları – vətənpərvərlik ideyasını gücləndirir.
Zaur Ustacın esse janrına xas olan xüsusiyyətlərdən ustalıqla istifadə etdiyi görünür. Mətn həm sənədli faktlara, həm də bədii təsvirlərə əsaslanır.
Müəllifin dili sadə, lakin təsirlidir. Döyüş səhnələrinin təsviri, kəndin üzərinə çökmüş sükut, insanların həyəcanı və qorxusu canlı detallar vasitəsilə oxucunun gözündə canlanır. Bu xüsusiyyət esseyə həm tarixi sənəd, həm də bədii əsər kimi dəyər qazandırır.
“Heydər və Azad” essesi yalnız iki gəncin qəhrəmanlığından bəhs etmir. Əsər bütövlükdə Qarabağ müharibəsinin acı reallıqlarını, xalqın mübarizə ruhunu və milli yaddaşın qorunmasının vacibliyini vurğulayır.
Belə əsərlər bir tərəfdən tarixə işıq salır, digər tərəfdən isə gələcək nəsillərə vətən sevgisi və fədakarlıq nümunəsi göstərir. Bu baxımdan Zaur Ustacın essesi Azərbaycan publisistikasında mühüm yer tutan nümunələrdən biri kimi qiymətləndirilə bilər.
“Heydər və Azad” essesi müharibə mövzusunun publisistik və bədii vəhdətdə təqdim olunduğu təsirli əsərlərdən biridir. Zaur Ustac bu yazı vasitəsilə təkcə bir hadisəni xatırlatmır, həm də milli yaddaşı diri saxlayan, qəhrəmanlıq ənənəsini yaşadan bir ədəbi nümunə yaradır.
Bu esse oxucuya bir daha xatırladır ki, tarix yalnız kitab səhifələrində deyil, insanların taleyində, xatirələrində və ədəbiyyatın gücündə yaşayır. “Heydər və Azad” məhz belə yaddaş abidələrindən biridir.

13.03.2026. Bakı.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Qara sac

Qınından çıxıb qınını bəyənməyənlərə:

Qara sacın ağ kətəsi
(esse)
Qara sac… Torpağın bağrından qopub, insan düşüncəsinin hikməti ilə yoğrulmuş, əlinin bərəkəti ilə cilalanmış dəmir – Qara sac. Üzərinə düşən hər xəmir parçası təkcə bişmir – tarix yazır, dastan yaradır, yaddaş kök atır, nəsillər bir-birinə bağlanır. Böyük inamla dünyanın mərkəzi – deyə biləcəyimiz Adəmin yorulduğu, Nuhun gəmisinin endiyi, Mağara əhlinin merac etdiyi torpaqda; Azıx, Damcılı, Xocalı kimi qədim mədəniyyətin üzlərini əsrlərlə qoruyub saxlayaraq, gələcək nəsillərə ötürülməsi funksiyasının öhdəsindən şərəflə gələn ulu əcdadlarımızın və bizim yurdumuz olan Azərbaycanımızda sac sadəcə mətbəx aləti deyil, milli kimliyin səssiz daşıyıcısıdır. Onun üzərində bişən ağ kətə, yağlı fəsəli, xallı yuxa, içərisində bişən cız-bız, qovurma, çığırtma isə bu qara sacın min illərin ötəsindən bizm üçün dartıb gətirərək, bu gün də halal süfrələrimizi bəzəyən ən saf, ən faydalı, dadlı və ləzzətli qida olmaqla yanaşı ata-babaların, ana-nənələrin ən dəyərli mirası – yadigarıdır.
Azərbaycanın qədim yaşayış forması – yarımköçəri və kənd mədəniyyəti – sürətli, qənaətli və təbiətlə harmonik qida növlərinin yaranmasını şərtləndirmişdir. Sac məhz bu zərurətdən doğmuşdur. Arxeoloji və etnoqrafik araşdırmalar göstərir ki, sac tipli metal bişirmə alətləri hələ erkən orta əsrlərdən Qafqaz və Ön Asiya məkanında geniş yayılmışdır. Xüsusilə Qarabağ, Şəki-Zaqatala, Naxçıvan bölgəsində sac mətbəxi iqlim, təsərrüfat və ailə modeli ilə üzvi şəkildə formalaşmışdır. Yaylaq-qışlaq həyatı sacı ən zəruri alətlərdən (dəzgahlardan) – milli mətbəx ləvazimatlarından birinə çevrilmişdir.
Sacın üzərində bişən yuxa, fəsəli, kətə – hamısı çörək kultunun müxtəlif təzahürləridir. Azərbaycan folklorunda çörək müqəddəsdir: yerə düşəndə öpülür, üstünə and içilir, evdən çıxarkən yol payı kimi verilir. Kətə isə bu çörək kultunun bayramlı, bərəkətli formasıdır. O, gündəlik yemək deyil; toyda, el şənliklərində, Novruz süfrəsində, doğum və niyyət mərasimlərində sacdan qalxan ilk nemətdir. Bayram, toy-düyün, şölən payıdır.

Ağ kətə – sadə un, su və duzdan yoğrulan, bəzən isə içliklə (yağ, qoz, şəkər, göyərti) zənginləşdirilən xəmir məmulatı – zahirən sadə, mahiyyətcə dərin fəlsəfəyə malikdir. Onun ağlığı saflığı, halallığı, niyyəti simvolizə edir. Qara sac üzərində ağ kətənin bişməsi isə folklor düşüncəsində ziddiyyətlərin harmoniyasıdır: qaranlıqla işığın, odla suyun, torpaqla insanın birliyi.
Qarabağ, Şəki, Naxçıvan mətbəxində sac başında bişirmə prosesi təkcə kulinariya aktı deyil, sosial ünsiyyət formasıdır. Sac ətrafında qadınlar toplaşar, nəsihətlər deyilər, bayatılar söylənər, ailə tarixçələri ötürülərdi. “Sac başı söhbəti”, “Təndir başı söhbəti” ifadəsi bu gün də xalq dilində yaşayır və bu heç də kişilərin çayxana söhbətlərindən az əhəmiyyətli deyil. Əksinə bütün xeyr-şər* məsələlərin öz konkret həllini tapdığı məclislərdir ki, məhsuldarlığı kişilərin çayxana söhbətlərinə aid edə bilmərik. Sac başı (təndir başı) qadın folklorunun, şifahi yaddaşın canlı tribunası olub, bu gün də belədir, ümidvaram ki, həmişə belə olacaq!
Elmi baxımdan sac üzərində bişirmə üsulu sağlam qidalanma prinsiplərinə də uyğundur. Birbaşa alovla deyil, qızdırılmış metal səthlə bişmə xəmirdəki qida dəyərinin qorunmasına imkan verir, yağsız və ya azyağlı bişirmə isə qədim xalq təbabətində “yüngül, lakin qüvvətli yemək” kimi qiymətləndirilmişdir. Bu da sübut edir ki, xalq mətbəxi yalnız dad yox, yaşam fəlsəfəsidir.
Bu gün sacın üzərində yığılıb qalan yuxa qatları, üst-üstə düzülmüş kətələr bizə sadəcə keçmişi xatırlatmır – bizi kökümüzə bağlayır. Qara sacın ağ kətəsi milli mətbəximizin poetik simvoludur: sadəlikdə ucalıq, adətdə hikmət, yeməkdə tarix.
Zaman dəyişir, mətbəxlər müasirləşir, amma sacın istisi hələ də eyni sualı pıçıldayır:
Biz kimik və haradan gəlirik?
Cavab isə sacdan qalxan istinin, tüstünün, buxarın içindədir – Müqəddəs Azərbaycan torpağında, ocağın közündə, qara sacın üstündə ağaran kətədə, Mil-Muğan düzündə, Qarabağ ellərində, Laçının Səlvə dərəsində, Kəlbəcər, Batabat, Salvartı yaylaqlarında hər gün yeni hekayələrə şahidlik edən Qara sacdadır, “üzü qara sac”da:
Üzu qara cacam mən,
Hey yesəm də acam mən,
Söhbətləri məzəli,
Yolu dolanbacam mən…

01.02.2026. Bakı.
*- “xeyir-şər” ifadəsi burada müxtəlif tədbirlər, məclislər, elçilik, nişan, toy, yas mərasimləri mənasında nəzərdə tutulur.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – “Danışan şəkillər” silsiləsindən

MƏN BURADAYAM
(esse)
“Kür qırağının əcəb seyrəngahı var…”
                                               M.P.Vaqif

    Bağ yolunun sükutu içində dayanmış bir qadın… Ətrafında rənglərin bayramı var: çəhrayı, ağ, bənövşəyi güllər sanki bir-biri ilə pıçıldaşır. Amma bu bolluğun içində ən səssiz, ən dərin çiçək onun dodağındakı təbəssümdür.
   “Dodağımızdakı təbəssüm, üzümüzdəki ifadə bəzən içimizdəki söhbətlərin səssiz şəkli olur…”
Bu cümlə fotonun ruhunu açan açardır. Çünki bu təbəssüm nə sadəcə sevincdir, nə də ötəri bir anın donmuş halı. O, illərin, yaşanmışlıqların, udulmuş sözlərin, vaxtında deyilməmiş etirafların sükutla danışan dilidir.
   Ağ libasda dayanmaq — bu, təsadüf deyil. Ağlıq burada saflığın yox, barışın rəngidir. İnsan öz daxilində fırtınaları sakitləşdirəndən sonra ağ geyinir. Hər şey keçmişdə qalanda, artıq mübarizə yox, qəbul başlayanda… Üz cizgilərindəki sakitlik “mən bu yolu tanıyıram” deyir. Arxadakı yaşıl tağ isə elə bil bir keçiddir: ötən günlərdən bu ana açılan bir qapı.
   Bu fotoda baxışlar birbaşa obyektivə meydan oxumur. Onlar sakitcə dayanır, amma qaçmır da. Bu, özünlə üz-üzə gəlməkdən qorxmayan baxışlardır. Bəlkə də içində uzun-uzadı söhbətlər gedir: “Düz etdimmi?”, “Dəyərdimi?”, “Yenidən başlasaq, fərqli olardımı?” Amma cavablar səsə çevrilmir. Çünki artıq səsə ehtiyac yoxdur. Cavablar üz ifadəsinə hopub.
    Güllər çoxdur, amma o, güllərə qarışmır. Yolun ortasında dayanıb. Yol — insanın taleyidir. Kənara çəkilməyib, amma tələsmir də. Bu dayanış bir anlıq pauzadır: həyatın cümləsində qoyulmuş nöqtə deyil, vergüldür.
    Bu esse bir qadın haqqında deyil yalnız. Bu, insanın özü ilə apardığı səssiz dialoq haqqındadır. Hər kəsin dodağında bir təbəssüm var, amma hər təbəssüm gülüş demək deyil. Bəzən təbəssüm — “mən danışdım, amma səni sözlə yormadım” deməyin ən zərif formasıdır.
   Və bəzən bir foto min söz demir…
   Sadəcə bizi dinləməyə məcbur edir.  Biz buna ya “kürrük”, ya da “sükutun səsi” deyirik… Əslində isə bu sadəcə içdən gələn “MƏN HƏLƏ VARAM”, “MƏN HƏLƏ BURADAYAM” hayqırtısıdır.

29.01.2026. Bakı .

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

GÜL ƏTİRLİ KİTAB

Əvvəli burada: >>>  GÜL ƏTİRLİ KİTAB – MİNİATÜRLƏR

GÜL ƏTİRLİ KİTAB

(Qəndabın “Ətirli güllər”i haqqında)

ALTINCI YAZI – ESSELƏR

Salam olsun, çox dəyərli oxucum! Söhbətimiz qaldığımız yerdən davam edəcək.

Azərbaycan ədəbiyyatında esse janrı son illərdə təkcə bədii forma kimi deyil, həm də müəlliflərin daxili dünyasının, yaddaşının, fəlsəfi düşüncələrinin açıldığı mənəvi məkana çevrilmişdir. Bu mənada tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanımın esseləri həm poetik dərinliyi, həm də psixoloji-fəlsəfi yükü ilə seçilən nümunələr sırasında öz layiqli yerini tutmuşdur. “Ətirli güllər” kitabında toplanmış esselər demək olar ki, al-əlvan rəngləri və xoş rayihəsinə görə əsl cənnət bağlarında bitən çiçəkləri xatırladır. Bu esselər həmin çiçəklər qədər gözəl və müxtəlifdir. Esselərin hamısını dönə-dönə (ağlaya-ağlaya) oxusam da, hamı üçün maraqlı ola biləcək bir neçəsi üzərindən fikirlərimi sizinlə bölüşürəm:

“Kölgələr arasında” (səh. 105)

“Kölgələr arasında” essesi oxucunu zahiri hadisələr aləminə deyil, daha çox insanın daxili aləminə, xatirə və hisslərin kölgəli qatlarına aparır. Burada zaman axını, məkan təsviri, təbiət mənzərələri bir məqsədə xidmət edir: insanın ruh halını, təkliyini, yaddaşını və varlıqla üz-üzə qalmasını göstərmək.

Mətn “Yuxudan oyanan kimi Anamı xatırlayıram…” (yaddaşdan başlayan yol) cümləsi ilə açılır. Bu cümlə sadəcə xatırlama aktı deyil, bütöv essenin ideya mərkəzidir. Ana obrazı burada həm real, həm də simvolik məna daşıyır. Ana – başlanğıcdır, sığınacaqdır, həyatın köküdür. Qəndab xanım bu obrazı sadə nostalji vasitəsi kimi deyil, insanı həyata bağlayan mənəvi dayağın simvolu kimi təqdim edir.

Yuxu ilə oyaqlıq arasındakı keçid, gecənin səssizliyi, ehtiyatla açılan qapı – bütün bunlar essedə ruhun oyanışı kimi oxunur. Müəllif zahiri hərəkətləri minimal saxlayaraq daxili gərginliyi ön plana çəkir.

Essedə təsvir olunan qış gecəsi adi mənzərə deyil. Dolu ayın “hamiləliyinin son günlərini yaşayan qadının qarnına” bənzədilməsi müəllifin poetik təfəkkürünün (onun alimliyi qələmə aldığı hər cümlədə “mən buradayam” deyir) bariz nümunəsidir. Ay burada həm işıq, həm gərginlik, həm də yaxınlaşan dəyişimin rəmzidir.

Qəndab xanım təbiəti yalnız fon kimi təqdim etmir. Təbiət insanın daxili halını əks etdirən güzgüyə çevrilir:

-Ay işığı üşüdür,

-Sükut qorxudur,

-Qırov həyatın donmuş məqamlarını xatırladır.

Ağ tüklü itin qırovun üstündə yumru kimi bükülməsi isə esse boyu ən təsirli simvollardan biridir. Bu obraz həyatın zəifliyini, qorunmaq ehtiyacını, instinktiv yaşamaq istəyini ifadə edir. İtin başını qaldırıb yenidən bükülməsi sanki insanın dünyaya baxıb, sonra yenə öz içinə çəkilməsi kimidir.

Sonluq daha ibarətamiz və maraqlıdır: “… qaranlıq göy üzü Anamın toyuqsuz küməsi kimi ulduzsuz, bom-boş qalacaq, hər şey bitəcək, həyat duracaqdır!”

“Kölgələr arasında” essesi səsdən çox sükut üzərində qurulub. Burada sükut boşluq deyil, mənalı pauzadır. Gecənin səssizliyi, hər kəsin yatması, təbiətin donuq görünməsi insanın öz varlığı ilə tək qalmasını şərtləndirir.

Müəllif bu sükutda qorxu yaratmır, əksinə, düşünmək üçün imkan açır. Ay işığının üşütməsi fiziki soyuqdan çox, ruhi üşütmədir. Bu, insanın öz taleyi, keçmişi və gələcəyi ilə üzləşdiyi anın poetik ifadəsidir.

Esse nə tam hekayədir, nə də sırf lirika. Bu, düşünən, hiss edən, müşahidə edən insanın daxili monoloqudur. Alim təfəkkürü ilə şair duyumu burada bir nöqtədə qovuşur.

“Kölgələr arasında” Qəndab xanımın yaradıcılığında yaddaş, ana, təbiət və insan münasibətlərinin poetik-fəlsəfi təcəssümüdür. Bu esse oxucuya hazır nəticələr təqdim etmir; əksinə, onu öz xatirələri, öz kölgələri ilə üz-üzə qoyur.

Bu mətn sübut edir ki, əsl ədəbiyyat səs-küylü hadisələrdən deyil, sakit anların dərinliyindən yaranır. Qəndab xanımın essesi məhz bu səssiz dərinlikdə parlayan mənəvi işıqdır.

“Bir gün…” (səh. 106)

Qəndab xanımın “Bir gün…” essesi bədii düşüncənin dərin qatlarından süzülüb gələn, insanın öz iç dünyası ilə üz-üzə qalmasını şərtləndirən, psixoloji və mənəvi yükü son dərəcə güclü olan bir mətn kimi diqqəti cəlb edir. Bu esse ilk baxışda sevgi etirafı təsiri bağışlasa da, əslində daha geniş miqyaslıdır: insanın unutduqlarına, itirdiklərinə, gec dərk etdiklərinə yazılmış bir taleyazısıdır.

Əsərin mərkəzində “bir gün” anlayışı dayanır. Bu ifadə adi zaman göstəricisi deyil, gecikmiş vicdanın, oyanan yaddaşın və labüd peşmanlığın simvoludur. Müəllif “bir gün” deyərək oxucunu gələcəyə yox, əslində keçmişin içində gizlənmiş həqiqətə aparır. Bu “bir gün” mütləq gələcək, çünki insan nə qədər unutmağa çalışsa da, yaddaşın dərin qatlarında gizlənən sevgi və həqiqət gec-tez üzə çıxır.

Qəndab xanım essedə insanın özünü aldatmaq mexanizmini ustalıqla açır. Heç mən onu sevmirdim ki!” cümləsi sadəcə inkardır; bu inkara nə qədər inanmağa çalışılsa da, mətn boyu hiss olunur ki, bu sözlər ruhu sakitləşdirmir. Müəllif göstərir ki, insan başqasını yox, daha çox özünü inandırmağa çalışır. Lakin zaman keçdikcə bu müdafiə mexanizmi dağılır və etiraf qaçılmaz olur.

Essedə poetik təsvirlər xüsusi yer tutur. Qara buludların arxasından çıxan günəş, tumurcuqdan qəfil açılan çiçək obrazları yaddaşın və hisslərin qəfil oyanışını simvolizə edir. Bu bədii detallar mətni quru etirafdan xilas edir, ona poetik nəfəs, estetik dərinlik qazandırır. Qəndab xanımın alim təfəkkürü ilə şair duyumu burada üzvi şəkildə qovuşur.

Mətnin fəlsəfi yükü xüsusilə “ALLAH verəni, ancaq ALLAH alar” fikrində cəmlənir. Bu cümlə esseyə ilahi ölçü gətirir və sevgini sadəcə insani hiss yox, ilahi əmanət kimi təqdim edir. Bu baxımdan “Bir gün…” yalnız sevgi haqqında deyil, həm də insanın taleyə, qismətə və ilahi ədalətə münasibəti barədə düşünməyə vadar edir.

Əsərin dramatizmi səs-küyə, patetikliyə söykənmir. Əksinə, sakit, pıçıltı ilə deyilən etiraflar daha təsirlidir. “Mənsiz mənlə yaşayacaqsan” fikri insanın daxilindəki parçalanmanı, özündən qaça bilməməsini açıq şəkildə ifadə edir. Bu, müasir insanın ən böyük faciələrindən biridir: tək qalmaq yox, öz içində tənha qalmaq.

Publisistik baxımdan esse cəmiyyət üçün də aktual mesajlar daşıyır. Qəndab xanım oxucuya demək istəyir ki, sevgi və dəyər itirildikdən sonra yox, vaxtında tanınmalıdır. Əks halda “bir gün” gələcək, amma artıq gec olacaq. Bu fikir yalnız fərdi münasibətlərə deyil, insanın həyata, doğmalara, dəyərlərə münasibətinə də şamil olunur.

Ümumilikdə isə, “Bir gün…” Qəndab xanımın yaradıcılığında həm bədii, həm də mənəvi baxımdan mühüm mətnlərdən biridir. Bu esse oxucunu düşündürür, sarsıdır, öz yaddaşı ilə üz-üzə qoyur. O, oxucuya hazır cavablar vermir, əksinə, hər kəsi öz “bir gün”ü haqqında düşünməyə vadar edir. Məhz bu cəhəti ilə “Bir gün…” sadəcə oxunan yox, yaşanan bir esse təsiri bağışlayır.

“Çatdığı yer qaçdığı yerimiş!” (səh. 113)

Qəndab xanımın “Çatdığı yer qaçdığı yerimiş!” essesi zahirən sakit, lakin daxilən dərin psixoloji və metafizik qatlara malik bir mətn kimi oxucunu öz içinə çəkir. Bu esse yalnız bir yolun, bir hərəkətin təsviri deyil; bu, insanın həyat boyu qaçdığı həqiqətin, sonda yenə öz başlanğıcına – ana torpağa, ana qoxusuna, ana yaddaşına qayıdışının poetik etirafıdı.

Essedə yarpaq obrazı təsadüfi deyil. Yarpaq həm həyatın faniliyini, həm də insanın zamana tabe olan varlığını simvolizə edir. Yarpaqların torpağa düzülməsi – keçilmiş yolun üstündə sərilməsi – insanın öz taleyini özü üçün döşəməsi mənasını verir. Qəhrəman o yarpaqların üstü ilə addımladıqca, əslində öz yaddaşının, keçmişinin, duyğularının üzərindən keçir. Burada yol artıq coğrafi məkan deyil, daxili səyahətdir.

Mətnin emosional zirvəsi qaranlıqdan qaçış səhnəsidir. Qaranlıq – yadlıqdır, tənhalıqdır, insana doğma olmayan dünyadır. Qəhrəman qaranlıqdan qaçmaq istədikcə yol bitir, yarpaq tükənir. Bu nöqtədə Qəndab xanım həyatın paradoksunu ustalıqla təqdim edir: insan nə qədər uzaq qaçsa da, sonda qaçdığı yerin elə çatdığı yer olduğunu anlayır.

Küləyin səsi, nəm torpağın qoxusu, xəzəl qarışıq iy – bunlar fiziki təsvirlərdən çox, yaddaşın qapılarını açan duyğulardır. Və bu duyğuların içindən yüksələn nida:
“Anamın süd qoxusu!”
Bu nida esseni adi publisistik-fəlsəfi mətn olmaqdan çıxarıb, onu müqəddəs ana mifologiyası səviyyəsinə qaldırır.

Qəndab xanım üçün ana anlayışı yalnız bioloji bağ deyil. Ana – həyatın başlanğıcı, sığınacaq, son dayanacaqdır. Günəşin “qırmızı telləri”nin aləmə yayılması ilə bu ana obrazı kosmik ölçü qazanır. Sanki ana yalnız bir insan deyil, kainatın özü, torpağın özü, yaradılışın özüdür.

“Demə, çatdığı yer qaçdığı yerimiş!” – bu cümlə essenin fəlsəfi yekunudur. İnsan həyat boyu ağrılardan, qorxulardan, taledən qaçır, lakin sonda anlayır ki, qaçdığı hər şey onu öz kökünə, öz mahiyyətinə aparır. Bu, həm barış, həm də təslimiyyət anıdır.

Qəndab xanımın dili bu essedə son dərəcə axıcı, ritmik və poetikdir. Ellipsislər (“…”) düşüncənin davam etdiyini, sözlərin bitdiyi yerdə hisslərin danışdığını göstərir. Təkrarlar (“əyilir, əyilir… əriyir…”) qəhrəmanın torpağa, ana yaddaşına qarışmasını vizual və emosional şəkildə canlandırır.

“Çatdığı yer qaçdığı yerimiş!” essesi insanın taleyini ana qoxusunda, torpaq yaddaşında tamamlayan bir mənəvi etirafdır. Bu mətn oxucunu sarsıdır, düşündürür və sakitcə qucaqlayır. Həssas oxucu mətnlə qol-boyun olduqdan sonra için-için ağlayır. Qəndab xanımın janrından asılı olmayaraq, qələmə aldığı mətnlərin çoxu oxucunu ağlatmaqla yanaşı həm də düşündürür, dünyaya açıq gözlə baxmağa çağırır. Həyatın heç də çoxlarının, ələxsus gənclərin böyük əksəriyyətinin düşündüyü kimi sadəcə zahirdə görünən parıltıdan ibarət olmadığını vurğulayır. Qəndab xanım bu esse ilə bir daha sübut edir ki, o, yalnız alim və şair deyil, həm də insan ruhunun ən gizli qatlarına enməyi bacaran dərin düşüncə sahibidir.

Bu esse oxunmur – yaşanır. Və oxucu hər sətirdə öz qaçışını, öz dönüşünü, öz “ana”sını tapır.

“Əsas məsələ” (səh. 126)

Qəndab xanımın “Əsas məsələ” essesi müasir publisistik düşüncənin ən ağrılı, eyni zamanda ən vacib mövzularından birini – insan şüurunun formalaşması, mərhəmət anlayışının təhrif olunması və tərbiyə məsuliyyətinin kimə aid olması məsələsini gündəmə gətirir. Bu esse yalnız bir müşahidənin bədii təqdimatı deyil, həm də oxucunu silkələyən dərin fəlsəfi və etik çağırışdır.

Əsər müasir dövrün tipik informasiya mühitindən – sosial şəbəkədə yayılan bir videodan başlayır. Şir balasının körpə ceyranla “oynaması” kimi təqdim olunan bu görüntü ilk baxışda təbiətin maraqlı anı təsiri bağışlasa da, Qəndab xanım bu zahiri “şirinliyin” altındakı amansız həqiqəti ustalıqla açır. Şir balasının davranışı təbiətin vəhşiliyi deyil, onun təbiət qanunları ilə yaşamasıdır. Lakin insan bu görüntünü necə və hansı düşüncə ilə izləyir – məhz “əsas məsələ” burada başlayır.

Müəllif oxucunu sadəcə hadisəni seyr etməyə yox, düşünməyə məcbur edir: Niyə biz bu görüntüdən təəccüblənirik? Niyə uşaqlara izah etmirik ki, təbiətdə mərhəmət anlayışı insanın düşündüyü formada mövcud deyil? Niyə “şirin video” adı altında vəhşi instinktləri romantikləşdiririk? Bu suallar essedə açıq şəkildə verilir və cavab yükü birbaşa oxucunun üzərinə qoyulur.

Qəndab xanımın publisistik ustalığı ondadır ki, o, heyvan davranışından insan cəmiyyətinə keçidi təbii və inandırıcı şəkildə qurur. Şirin ceyranı diri-diri yeməsi faktı ilə insanların müxtəlif coğrafiyalarda diri canlı yemə adətlərinə toxunması müəllifin düşüncə miqyasını genişləndirir. Burada məqsəd sensasiya yaratmaq yox, ikili standartları ifşa etməkdir: Biz birinə “vəhşi” deyib, digərinə “mədəni” deməyə hansı mənəvi haqlarla cəhd edirik?

Essedə valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə düşən məsuliyyət xüsusilə vurğulanır.“Əsas məsələ onun nə öyrənməyi imiş…” fikri mətnin ideya zirvəsidir. Müəllif açıq şəkildə bildirir ki, uşağı dünyaya gətirmək kifayət deyil, ona düzgün bilik, doğru baxış və həqiqi anlayışlar vermək lazımdır. Əks halda, uşaq gördüyünü yanlış şərh edir, reallığı təhrif olunmuş şəkildə qəbul edir. Müəllif bu məsələyə də özünəməxsus şəkildə münasibət bildirir: “Əla tərbiyəli uşaq kimi yalnız ona öyrədilənləri öyrənmişdı…” Necə öyrənmək, öyrətmək, tətbiq etmək məsələsi bütün zamanlarda həyati əhəmiyyət kəsb etmiş və mədəni insanın, inkişaf etmiş cəmiyyətin, yüksək sivilizasiyanın göstəricisi olmuşdur. Müasir dövrümüzdə də ən aktual problemlərdən biri olan bu məsələyə olan mövcud münasibəti Qəndab xanım zərgər dəqiqliyi ilə hesablanmış bir cümlə ilə cavab şəklində verir (bildirir):“… – Mən nə bilim, – deyir və gözlərini qapadır.”

Qəndab xanımın dili sadə, lakin təsirli, üslubu isə həm elmi-publisistik, həm də bədii emosiyalarla zəngindir. Esse boyu müəllif oxucu ilə dialoq qurur, onu ittiham etmir, lakin məsuliyyətdən də azad buraxmır. “Bəlkə özü günahkardır, hə, özü?!” kimi ritorik suallar insanın vicdanına ünvanlanmış sarsıdıcı çağırışdır.

“Əsas məsələ” essesi, əslində, bir videonun yox, bir dövrün diaqnozudur. Bu, mərhəmətin yanlış anlaşıldığı, təbiətin romantikləşdirildiyi, uşaqların isə həqiqətlərdən qorunduğu bir cəmiyyətin portretidir. Qəndab xanım bu əsəri ilə oxucunu sadəcə məlumatlandırmır, onu mənəvi seçim qarşısında qoyur.

“Əsas məsələ” müasir Azərbaycan publisistikasında düşüncə dərinliyi, mövzu aktuallığı və etik cəsarəti ilə seçilən sanballı bir essedir. Bu yazı oxucunu rahat buraxmır, oxunduqdan sonra da insanın daxilində suallar doğurur. Və bəlkə də məhz buna görə, Qəndab xanımın dediyi kimi, əsas məsələ oxuduğumuz deyil, anladığımızdır.

“Unutmayım deyə…” (səh. 129)

Bu esse ilk baxışda şəxsi xatirə və etiraflar üzərində qurulmuş kimi görünür. Lakin mətni diqqətlə oxuduqda aydın olur ki, müəllif fərdi taledən çıxış edərək insan yaddaşının kollektiv ağrılarını, uşaqlıqdan daşınan travmaları və zamanın sağalda bilmədiyi yaraları sözə çevirir. Qəndab xanım burada həm alim düşüncəsi, həm də şair həssaslığı ilə çıxış edir.

Essedə diqqəti cəlb edən əsas məqamlardan biri müəllifin insanın varlığına münasibətidir. O, özünü “nəhəng, möhtəşəm bir tamın çox kiçik zərrəsi” kimi təqdim etməklə, insanın kainatdakı yerini dərk etməyə çalışan düşünən fərdin daxili monoloqunu yaradır. Bu yanaşma esseni sırf xatirə janrından çıxarıb fəlsəfi esse səviyyəsinə yüksəldir.

Müəllif hər şey arasında bağlar axtarır, lakin bu bağları tapmaq asan deyil. Burada insan idrakının məhdudluğu, sualların cavablardan çoxluğu açıq şəkildə hiss olunur. Qəndab xanım üçün düşünmək özü də bir ağrıdır – çünki düşünən ruh ilk əzabı da elə özü hiss edir.

“Bu dəfəki yaralarımı kimsəyə göstərməyəcəm…” – bu cümlə essenin psixoloji mərkəzini təşkil edir. Müəllif yaralarını nə başqasına, nə də “Sən” deyə müraciət etdiyi metafizik varlığa etibar edir. Çünki bu yaralar konkret zamana və şəxsə aid deyil; onlar yarım əsrlik uşaqlığın, susdurulmuş qorxuların, dilləndirilməmiş ağrıların izləridir.

Qızılgül obrazı burada xüsusi semantik yük daşıyır. Ətirli qızılgüllərin içində gizlənən yaralar zahiri gözəlliklə daxili faciənin qarşıdurmasını yaradır. Bu, Qəndab xanımın simvolik düşüncə tərzinin bariz nümunəsidir.

Essedəki ilan obrazı sadəcə təhlükə deyil, uşaqlıq travmasının canlı metaforasıdır. Zəhərsiz, lakin qəfil hücum edən, nəfəs almağa macal verməyən bu varlıq insanın həyatında qəfil baş verən sarsıntıları xatırladır. Müəllifin bu epizodu son dərəcə real, eyni zamanda poetik dillə təqdim etməsi oxucuda güclü emosional təsir yaradır.

Bu səhnə oxucunu düşünməyə vadar edir: bəzən insanın həyatındakı ən dərin izlər məhz “zəhərsiz” sayılan, amma ruhda sağalmayan yaralardır.

“Unutmayım deyə…” ifadəsi essenin yalnız adı deyil, həm də onun fəlsəfi mahiyyətinə götürən bələdçidir. Qəndab xanım üçün unutmaq xilas deyil; əksinə, yadda saxlamaq insanın özünə və keçmişinə qarşı məsuliyyətidir. O, sağalmayan yaralarını divardan asmaq istəyir – yəni onları göz önündə saxlamaq, onlarla yaşamağı öyrənmək istəyir.

Bu yanaşma esseni təkcə şəxsi etiraf deyil, həm də insan yaddaşına çağırış edən publisistik mətinə çevirir. Müəllif oxucuya demək istəyir ki, unutmaq asandır, amma xatırlamaq insanı insan edən əsas keyfiyyətdir.

“Unutmayım deyə…” essesi Qəndab xanımın yaradıcılığında yaddaş, ağrı və varlıq məsələlərinin yüksək bədii-estetik səviyyədə ifadəsidir. Bu mətn oxucunu sadəcə oxumağa deyil, öz daxili yaraları ilə üzləşməyə çağırır. Alim dəqiqliyi, şair həssaslığı və publisist cəsarəti bu essedə vəhdət təşkil edir.

Qəndab xanım bir daha sübut edir ki, əsl ədəbiyyat unutdurmur – xatırladır, sarsıdır və insanı özü ilə üz-üzə qoyur. Bu esse də məhz belə mətnlərdəndir: sakit oxunur, amma uzun müddət insanın yaddaşından silinmir.

Müasir Azərbaycan ədəbiyyatında elə qələm sahibləri var ki, onların yazdıqları yalnız estetik mətn deyil, həm də yaddaşın, ağrının və insan varlığının, düşüncənin, mahiyyətin poetik təcəssümü, bədii həllidir. Tanınmış ədəbiyyatşünas alim-şair Qəndab xanımın esseləri də məhz bu qəbildən olan, oxucunu sükutla düşünməyə, daxili hesabat verməyə sövq edən dərin fəlsəfi-psixoloji mətnlərdir.

Qəndab xanımın esseləri publisistik ruhla poetik ifadənin uğurlu sintezidir. Dil sadədir, lakin yüklüdür. Metaforalar süni deyil, təbii axardan doğur. Cümlələr uzun olsa da, oxucunu yormur; əksinə, düşünməyə vadar edir.

Növbəti yazımızda Qəndab xanımın ibrətamiz hekayələrindən söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

Ardı burada: >>> GÜL ƏTİRLİ KİTAB – HEKAYƏLƏR

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I