Epiqraf əvəzi: Babamızdan qalma bir misal var: çörəyini yeyib sənə xəyanət edəni qovma, onu çörək özü tutacaq. Kəndimizdə bunu hamı bilir… Müəllifdən
Kərəm Məmmədli– Borçalını, Dilavər Əzimlini gözdən iraq görənlər tarix meydanında at oynadır… Cavanşir, Babək, Koroğlu, Xətayi , Vaqif, Nəbi , Həcər , Mirzə Fətəli… Nəriman Nərimanov, Səməd Vurğun… hədəfdədir… Tarix (ədəbiyyat) İnstitutu elnurlardan, sərdarlardan beləmi ehtiyatlanır…
Mən iki- üç cümləlik qeydimlə mütəxəssislərə eyham elədim ki, hardasınız, görünün, sözünüzü deyin… Ancaq mütəxəssislər yox, Galib S-ov adlı birisi ortalığa çıxdı… Ziyalılıqla bir araya sığmayan hədyanlar yazdı;Siz də oxuyun Bəli, Galib S-ov yazır: “Elnur yüz ildir bolşevizmin sizə qəhrəman kimi soxuşdurduğu anti qəhrəmanları ifşa edir. Siz isə cəhalət və qəflətdən ayrılmaq istəmirsiniz. Neyləyəcək “inistitutşiklər” Elnur bəyə? Azərbaycanda real tarixi bilən tək alimdir! Allah onu qorusun” Bu, Galib S-ovun “ziyalı” mövqeyidir Nə deyəsən…Böyük elm məbədinin əməkdaşlarını “institutşiklər ” adlandırır… Galib S-ov un, bu andırabadi adın sahibinin bu hazır cavabından sonra düşünürəm ki, xalqın ruhunu yaşadan tarixə hücumlar hansısa bir mərkəzdən idarə olunur Yoxsa o, açıq — aşkar bu cür xəncər çəkməzdi.. Hörmətli oxucular! Qısa qeydlərində onun opponentlik iddiasında olduğu şəxsə , yəni mənə hansı səviyyədə ” mədəniyyətli” münasibətinə də özünüz dəyər verin… Qaldı cəhalət məsələsinə münasibət… Bəli savadsızlıq özü cəhalətdir… Nə isə… meydanı boş görəndə qorxaqlar da , cılızlar da özünü qəhrəman hesab edir…
Antiterror əməliyyatlarından bir neçə ay öncə idi… Gecə saat 2-də sərhəd gömrük postumuzda işdə olduğum zaman səfərbərlik idarəsindən zəng gəldi. Bildirdilər ki, müəyyən olunmuş qrupla təcili yola çıxmalıyam. Gecəylə gəlib məni işdən götürdülər. Bakıya qayıdıb evə gedib sağollaşmağa belə imkan olmadı. Təkid etsəm də, arxamca gələn nümayəndə vaxtımızın olmadığını dedi. Belə oldu ki, bir həftəlik ağır hərbi təlimdən sonra bizi əməliyyatlara qoşdular.
Təlimin son günləri idi əməliyyat üçün son hazırlıqlarımızı görürdük. Dağda idik. Telefonum da üstümdə idi. Zəng gəldi. Zəng edən qadın həmkarım idi. Halımı soruşdu, bizə olan hörmətini və ehtiramını bildirdi. Söhbət əsnasında dedi ki, övladının böyüyəndə hərbçi olmasını, Vətəni qorumasını istəyir. Hətta müharibə olsa, tərəddüt etmədən göndərəcəyini də dedi. Mən qeyri-ixtiyari soruşdum ki, doğrudan düşünmədən övladını müharibəyə göndərərsən? Cavabı qəti oldu:
-Əlbəttə! Mən isə dedim ki,inşallah övladlarımız sülh içində böyüyər, heç müharibə görməzlər… Müharibə ağırdır, ağrılıdır. Mən övladımı müharibəyə göndərmək qərarını asan verə bilmərəm… Bir anlıq susdu… sonra dedi: -“Mən səni vətənpərvər bilirdim… Heç səndən gözləməzdim”… Üstümdəki palçığa, silahıma, dağlara baxdım… Heç nə demədim.Sağollaşdıq. Telefonu söndürdüm.
O qız pis insan deyildi. Əksinə, Vətəni sevən biri idi. Bunu danışığından da hiss etmək olurdu. Amma mənə “vətənpərvər deyilsən” demişdi… Onun bu sözü bəzən yadıma düşür.
Əməliyyatları yerinə yetirib sağ-salamat geri döndüm. Gördüm ki, həyat hamı üçün əvvəlki kimi davam edir. Heç kim nə yaşadığımızı bilmirdi… Heç kim bizi xatırlamırdı… Yalnız bir nəfər xatırlamışdı və o da mənə bu sözləri demişdi… O mənə o sözləri deyəndə heç bilmədi ki, susuzluqdan ciyərlərim necə yanır… Ayaqlarım yeriməkdən necə taqətdən düşüb…. Patinka dabanlarımı necə yara edibsə hər addım atanda ağrısı ürəyimə sancılır…
Bu gün təsadüfən bir paylaşımı qarşıma çıxdı. Fərqinə vardım ki, məni feysbukda dostluqdan çıxarıb. Pis oldum… həm də çox pis oldum…
Hərə vətəni bir cür sevir… Hər kəs vətən sevgisini fərqli hiss edir. Kimi vətən sevgisini sözlə ifadə edir, kimi isə onu içində daşıyır…
Müharibə — hər bir xalqın taleyində ən ağır, ən faciəli, amma bəzən də ən qürurlu səhifələrdən biridir. Azərbaycan xalqının yaddaşında Qarabağ savaşı, şəhidlərin müqəddəs adı, torpaq uğrunda gedən mübarizə heç vaxt silinməz izlər buraxıb. Bu izləri sözə çevirən, qələmi ilə xalqının dərdini, kədərini, həm də qürurunu yaşadan sənətkarlarımızdan biri də Zaur Ustacdır.
Zaur Ustacın yaradıcılığında müharibə yalnız güllə səsi, top gurultusu, qan və göz yaşları ilə təsvir edilmir. Onun şeirlərində müharibə həm də milli kimliyin, vətən sevgisinin, haqqın müdafiəsinin rəmzi kimi təqdim olunur. O, döyüş meydanında şəhid olmuş igidləri sadəcə bir insan kimi deyil, bütöv bir xalqın qeyrətini ucaldan qəhrəmanlar kimi görür. Hər şəhid onun sətirlərində bir ulduza, hər qazimiz bir dastan qəhrəmanına çevrilir.
Zaur Ustac müharibəni həm faciə, həm də qəhrəmanlıq kimi dəyərləndirir. Onun misralarında dağılan evlərin, yurd-yuvaların ağrısı ilə yanaşı, işğaldan azad edilən torpaqların sevinci də var. Bu, bir yazıçının deyil, həm də bir vətəndaşın, bir Azərbaycan övladının mövqeyidir. Çünki o, yaxşı bilir: müharibə sadəcə tarix kitablarının səhifəsində qalmır, bu gün də şəhid analarının göz yaşında, qazilərin yarasında, azad olunmuş kəndlərin torpağında yaşayır.
Zaur Ustacın poeziyası müharibənin insanlıq üçün böyük bir dərs olduğunu göstərir. O, sözləri ilə həm gənclərə, həm də böyüklərə bir mesaj verir: “Müharibəni unutmamalıyıq, çünki unutsaq, təkrar yaşaya bilərik. Amma biz onu həm də qəhrəmanlıq salnaməsi kimi yaşatmalıyıq ki, gələcək nəsillər torpağın hansı bədəllə azad olunduğunu heç vaxt unutmasınlar.”
Onun qələmi ilə yazılan misralar bir növ milli yaddaşın qorunması, tarixi unudulmamaq üçündür. Bu mənada, Zaur Ustac müharibəni yalnız bədii obrazlarla yox, həm də publisistik çağırışlarla təsvir edir: xalqına ümid, gənclərə vətən sevgisi, şəhidlərə ehtiram, gələcəyə isə güvən bəxş edir.
Müharibə mövzusu Zaur Ustacın yaradıcılığında həm dərsdir, həm də and. O, yazır ki, bu torpaqlar uğrunda canını verənlərin ruhu qarşısında borcumuz var – yaşamaq, qorumaq, sevmək və daha gözəl bir Azərbaycan qurmaq!
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
MÜHARİBƏ GÜNÜ Müharibədən gələn xəbər Ürəyimi gülləliyən an, Doğum evinin başında Bir ana bulud daşıyır çiyinlərim. Yüyürüb bir çağa həsrətin arxasında gizlənir əllərim. Yolunu gözlədikcə doğum gününün. Yollar sancı çəkir ayaqlarımda.
Bir az keçmiş, tibb bacısı oğlumun üzünü Tanrıdan gizlədib gətirdi kor bir pəncərəyə. Gördüm gözlərini, Ağaclar sevinc gətirdi qollarıma, Qucağıma aldım doğum gününü.
Müharibədən gələn xəbər; Qarşı pəncərədə Körpə bir səs atasız qalır. Hardasa bir ana oğlunu mərmilərin yadından çıxarır.
Müharibə şəkilli adamların arasında, Kəpənəklərə dil öyrətməkdir addımlarını böyütmək…
Rəqəmlərin ölümüymuş doğum günün. Cibimdə çağırış vərəqi, dilimdə doğum günün dayanmışam müharibənin ağzında.
Doğum günündən uzaqlaşdıqca, oğlum! Gözlərimdə uşaqlar müharibələrlə yaşıd qalır, Axı anaların qucağı həmişə körpədir.
EMİN PİRİNİN “SƏFİLLƏRİ” və ya EMİN PİRİ YARADICILIĞINDA UŞAQ OBRAZLARI.
” Tanrı heç bir uşağı pis olsun deyə yaratmaz. Onu pis edən pis təhsildir. Pis ata-ana, pis ətraf, pis idarə palçıq kimidir, yazıq balaları da çəkib udar.” (Viktor Hüqo) Tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı (baş leytenant), şair – Emin Pirinin haqqında oxuduğum ilk yazı qələmyoldaşı Taleh Mənsurun imzasından olmuşdu. Həmin məqalədən bu cümlələr yaddaşıma hopmuşdu : ” Mənim tanıdığım Emin Piri uşaqlar olan yerdə nəfəs almır. Uşaqların ciyərlərinə çatacaq havanı öz ciyərlərinə çəkməyi özünə haram bilir. Ən böyük arzusu-günahsız uşaqlara tuşlanmış güllələri bir badə şərab kimi başına çəkməkdi.” Vətən müharibəsindən öncə cəbhəyə könüllü yollanan tarix müəllimi müsahibələrindən birində müharibə zamanı ona gələn məktəbli məktublarından birini müharibənin sonuna kimi ürəyinin üstündə gəzdirdiyi deyir və əlavə edir : “Tarix dərsini keçərkən Vətənin bütövlüyü, azadlığı uğrunda döyüşməyi, Vətəni qorumağı aşılayırsansa və bunları tövsiyyə etdikdən sonra sən yenə də sinif otağında qalırsansa buna dözmək çətin bir məsələ olardı. Təbii ki, sən bu dediklərinə özün öz əməlinlə nümunə olmalısan ki, sabah o şagirdə etdiyin tövsiyyəyə o şagird inana bilsin. “ Ucqar kəndlərdən birindəki orta məktəbdə uşaqlara tarix dərsini tədris edən müəllimin tariximizin şanlı səhifələrində birinin yazılacağı bir vaxtda qələmi partada qoyub əlinə silah alıb bu səfər tarix yazmağa getməsi təkcə Vətənə yox, həm də uşaqlara olan sevgisinin bariz nümunəsi idi. Bu cümlələri yazarkən çox sevdiyim Atamın (M. K. Atatürk) uşaqlar haqqında dediyi bu sözləri unuda bilməzdim : “Uşaqlarımızı artıq düşüncələrini çəkinmədən açıq ifadə etməyə, daxilən inandıqlarını müdafiə etməyə, buna qarşılıq da başqalarının səmimi düşüncələrinə hörmət etməyə alışdırmalıyıq. Eyni zamanda onların təmiz ürəklərində; vətən, yurd, ailə və vətəndaş sevgisi ilə bərabər doğrunu, yaxşını və gözəl şeyləri təbliğ etməliyik. Vətəni qorumaq uşaqları qorumaqla başlayar”. Deməli, yaşadıqları zamandan və məkandan asılı olmayaraq bütün aydınlar eyni cür düşünürlər. Emin Pirinin yaradıcılığına nəzər salarkən ayrı – ayrı vaxtlarda və mövzularda yazılmış şeirlərdə ecazkar bir bağlılıq gördüm, sanki o obrazlar hansısa romanın hissələrindəndirlər, həm bir- birlərinə yaxın olduğu qədər uzaq, həm də yad olduqları qədər doğma idilər. Şairin şeirləri arasındakı görünməz bağlar mənə V. Hüqonun “Səfillər” romanını xatırlatdı. Emin Pirinin də şeirlərinin öz Qavroşu, Fantinası, Kozettası var idi. Amma bir məqam da var ki, E. Pirinin səfilləri, yəni şərqin səfilləri V. Hüqonun səfillərindən yəni, qərbin səfillərindən daha şanslı idilər, çünki E. Pirinin səfillərinin anaları qavroşların (qomenlərin) anasından fərqli olaraq nə olursa olsun övladını tək qoymaz, onlara sahib çıxardı. Qavroş hərdən evlərinə gedərdi və orda qarşılaşdığı mənzərə bu cür olardı : “Qavroşun nə sığınacaq yeri, nə yeməyi, nə də əzizləyib, himayə edəcək bir adamı var. Amma qüssələnmir, çünki sərbəst idi. Lakin atılmış olsa da, bəzən ağlına gəlirdi: “Gedim anamı görüm”. O, vərdiş etdiyi yerləri, səsli-küylü meydanları, bulvarı tərk edər, sahil küçəsinə enər, körpülərdən keçər və sonda kasıblığın, yoxsulluğun məskunlaşdığı şəhər kənarındakı daxmaların birinə gələrdi. Bu kasıb daxmada həmin şən uşağın ailəsi yaşayırdı. O gəlirdi və burda yoxsulluq və qəm-qüssədən başqa heç nə görmürdü. O, burada heç bir mehriban təbəssüm görməmişdi – ən kədərlisi də məhz bu idi. Boş ocaqlar kimi, ürəklər də soyuq idi. O buralarda görünəndə ondan soruşurdular: “Haradan gəlirsən?”. O cavab verirdi: “Küçədən”. O gedən zaman isə, soruşurdular: “Haraya gedirsən?” . “Küçəyə” – deyərək o cavab verirdi. Anası isə onun arxasınca qışqırırdı: “ Sənə burada nə lazım idi?” Oğlan, zirzəmidə bitən solğun, xırdaca bir ot kimi, sevgi və nəvazişdən məhrum yaşayırdı. O, bundan nə əziyyət çəkir, nədəki kimisə günahlandırırdı. O heç lazımınca bilmirdi ki, ata-ana necə olmalıdır.” Emin Pirinin şeirlərində isə Ana obrazı hər zaman övladının yanındadır, müharibənin ən qızğın, amansız səhnələrində belə duasıyla, sevgisiylə, fədakarlığı ilə balasının yanındadır. E. Pirinin şeirlərindəki qavroşun anası birdən uşaqlarının ürəyi alma istəyər deyə danışdığı nağılların sonunda “göydən üç alma düşdü” demir: ” Kişilər ağlamaz deyən anam yerimə özü ağlayardı. Nağıl söyləyərdi, göydən üç alma düşməzdi nağıllarında, deməzdi bunu anam- birdən ürəyimiz alma istəyər…” Emin Pirinin qavroşunun anası oğlu müharibəyə gedəndə qədim türk inancına əsasən oğlunun saçına xına yaxır, sağ – salamat qayıtsın deyə: ” Saçımda Anamın xınası Yolların ayaqlarımçün duası… “ Bəlkə də Hüqonun qavroşunun Paris üsyanında bir gülləyə qurban olub dünyasını dəyişməsinin bir səbəbi də anasızlığı idi. Şairin başqa bir ana obrazı müharibədə öz qolu ilə birlikdə itirdiyi körpəsinə görə özünü qınayır, balasını özündən ayrı düşən qoluna tapşırır ki, ondan muğayat olsun : “şəhər bombalanarkən itirmişdi altıaylıq körpəsini qoparmışdı əllərindən mərmilər bir qolu balasında biri özündə qalmışdı ananın…
itgin qoluna yalvarıb, itgin balasını tapşırırdı, ana: ” yaxşı bax balama… “ V. Hüqonun Qavroşu məktəbə getməyi arzulasa da heç vaxt məktəbə getməmişdi. Emin Pirinin Qavroşu məktəbə gedir, amma sosial bərabərsizliyə, kasıblığa görə məktəbin bufetinə yaxın düşə bilmir : “Sərhəddin tikanlı məftilləri kimi görünərdi kasıb uşaqlarının gözündə məktəb bufetinin qapısı. …Hindus olmasaq da, atamızın cibinə görə bölmüşdülər bizi sinif otaqlarında Kastalara.” Hüqonun Qavroşu bərbərin qovduğu iki oğlan uşağına çörək alır, onların qarınlarını doyurduqdan sonra köhnə fil heykəlinin içində uşaqlara yatmağa yer düzəldir. Emin Pirinin qavroşu da “Dərdin əlindən gedək kimisə sevindirək” deyib uşaqlarla qar adam düzəldir, qar adamın burnunu – yerkökünü nəvəsinə aparmaq istəyən yaşlı nənəyə verir: ” Geyimi kimi yaşlı bir qadın yaxınlaşıb fağır-fağır : -olar, bu yerkökünü nəvəmə aparım…”
V. Hüqonun Fantinası (Kozetta nigahdankənar dünyaya gəlmiş uşaq idi) Kozettanı dünyaya gətirib qayğısına qala bilmir, müvəqqəti olaraq meyxanaçı ailəyə əmanət edir, Kozetta orda hədsiz iztirablar çəkir, zülmlərə məruz qalır. Emin Pirinin “fantinası” isə bətnindəki balası ilə abort masasında vidalaşır : “… qadın dözür ancaq Və baxır… … Alın yazısında həyat ana bətnindən abort stoluna kimi uzanan yolmuş.” Və yaxud adama elə gəlir ki, bəlkə də Emin Pirinin “kozettası” “Boşanmış qadın” şeirindəki uşaqdır, şair misralarında boşanmış qadının vəziyyətini bu cür təsvir edir : “Snayper kimi atar sözlərini ac pişik kişilər. sürüdən ayrı düşmüş ceyrandı indi, axşam yeməyidir gözlərində. … Sıxılarlar bir-birinə Qadın Körpəsi Və A… yı oyuncağı… “ Bəlkə də bu həmin o qızcığazdır ki, uşaq vaxtı ata-anası onun gözünün önündə dalaşanda bu davanı görməmək üçün oyuncağını gözünə tutur, böyüyəndə abort masasında “can qurtarır”. Bu haqqında yazdığım obrazlar ayrı-ayrı şeirlərdəndir, amma adama elə gəlir ki, bir qızcığazın uşaqlığı bir şeirdə, sonrakı həyatı digər şeirdə təsvir olunub: “ Xatırladınmı,
ata-anası savaşarkən
oyuncağının gözlərini tutan
qızcığaz
bu gün “xilaskar” kimi
“Can qurtarırdı” abort masasında.” Bəli, Emin Piri yaradıcılığının prioritet mövzusu humanizmdir, insan, ailə və cəmiyyətdir, o uşaqların xoşbəxt, firavan yaşayacağı bir dünya istəyir, müharibələri lənətləyir, savaşlarda körpələrin, qadınların da səngərdəki döyüşçü qədər əzab-əziyyət çəkdiklərini göz önünə gətirir. Şairin şeirlərinin, “Müharibə gündəliyi” nin orta məktəb dərsliklərinə salınması arzusu ilə Şairə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Əzizbəyov könüllülər batalyonu. 1993 cü il. Ağdamın Cəvahirli kəndi.
Arif BUZOVNALI: “Sağımda Ədalət Rəhimov (o zaman Buzovnada icra nümayəndəsi idi), solumda Hacı Vaqif müəllim( idman müəllimim olub). Cəbhəyə sovqat gətirmişdilər. Allah hər ikisinə rəhmət eləsin.” Mənbə: Arif Buzovnalı
Kapitan Zeynalov Elçin Əsədağa oğlu – 44 günlük müharibə zamanı taborun qərərgah rəisi.
MÜHARİBƏ – REAL DÖYÜŞ SƏHNƏLƏRİ
Salam olsun! İlk öncə nəzərinizə onu çatdırım ki, həmişə öyrəşdiyimiz şişirdilmiş qəhrəmanlıq söhbətlərinin əksinə tam səmimi real etiraf dinləyəcəksiniz. Həm də bu söhbəti sizə döyüşlərin ilk günündən ön xətdə olub, fərqli döyüş tapşırıqlarını yerinə yetirmiş 1987 – ci il (bu çox önəmlidir) təvəllüdlü 44 günlük müharibə zamanı döyüşən taborun qərərgah rəisi olmuş kapitan Zeynalov Elçin Əsədağa oğlu təqdim edir. Dəyərli qazimiz kapitan Zeynalovun söhbəti o qədər səmimi, o qədər realdır ki, döyüş səhnələrinin bu qədər dəqiq, çılpaq təqdimatı dinləyicidə tamam başqa hisslər oyadır. Söhbəti dinləməzdən əvvəl dəyərli qazimizi tanıyaq.
QISA ARAYIŞ
Kapitan Zeynalov Elçin Əsədağa oğlu 11 may 1987 – ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə hərbi liseydə sonra ali hərbi məktəbdə təhsil almış peşəkar hərbçidir. Döyüşlər başlayanda kapitan rütbəsində, taborun qərərgah rəisi vəzifəsində olub. İndi ardını özündən eşidək: