
SONA TEYMURBƏYLİ RƏHİMLİNİN ŞEİRLƏRİ
DÖZƏRƏM
Qurumur, nə vaxtdır kirpiyin nəmi,
Yağır gözlərimdən yağış, dözərəm.
Həsrətdən durnanın qatarı kimi,
Düzülür anlıma qırış, dözərəm.
Sən gedəli dərdortağım kədərdi,
İnsan bu dünyaya gəldi, gedərdi,
Sinəm dolu bol iztirab, kədərdi,
İstər danla, istər danış, dözərəm.
Vermərəm əlimdən eşq məhvərimi,
Açmaram kimsəyə könül sirrimi,
Kimsə tutmaz, sevdiyimin yerini,
Yolumu lap kəssə, sərt qış, dözərəm.
Səssiz getdin, söyləmədin: “Əlvida!”
Saldın məni həsrət adlı bir oda,
Ümidim tükənib, ta yetməz dada,
Edib taleyimlə barış, dözərəm.
Tənhalıq çələngin taxdın saçıma,
Yanmadın bir kərə ağrı-acıma,
Sənlə sahib ollam ömür tacıma,
Ay Amal, vüsala qovuş, dözərəm.
09. 02. 2020.
Müəllif: Sona TEYMURBƏYLİ RƏHİMLİ
SONA TEYMURBƏYLİ RƏHİMLİNİN YAZILARI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru