Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik “xəyanəti”. Sərvanə Dağtumas

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik xəyanəti.

Giriş. Qırğız yazıçısı sevilən yazar Çingiz Aytmatovun qələmə aldığı ən gözəl eşq hekayəsi “Cəmilə” əsərində sevginin, məhəbbətin, mərdliyin, dəyanətin gücü azyaşlı yeniyetmənin aləmində ilahiləşdirilir. Əsərin hər cümləsindən, sözlərindən paklıq damlayır, obrazların yaşadığı duyğular oxucunu vəcdə gətirir,əsərin ruhundan  şəffaflıq axır, oxucunun, sanki gözlərini qamaşdırır. Əsər cavan, qoçaq oğlanın-Seyidin dilindən nəql edilir. Əsərdə yeganə təhkiyəçi odur. Bu, təsadüf deyil. Aytmatov Talas vadisində cərəyan edən Cəmilənin əhvalatının bilavasitə şahidi olmuş və həmin hadisələri bir neçə il sonra qələmə almışdır. Güman edirik ki, Seyid yazıçının proobrazıdır. Əslində əsər uşağın həyatından, onun gizli dünyasından, duyğularından, istəklərindən, uşaqlığının bir hissəsindən bəhs edir və bu eşq hekayəsinin yeganə canlı şahidi olur.

Cəmilənin həbs olunmuş xəyalları. Əsərin baş qadın qəhrəmanı Cəmilə çalışqan, zəhmətkeş, möhkəm, bacarıqlı, tündxasiyyət bir qırğız gəlini idi. Dağ aili Bəkayirdə ilxıçı qızı idi, atlara yaxşı bələd idi, evin yeganə övladı idi ,xarakterində kobudluq hiss olunurdu ,ailə üzvlərinə qarşı hörmətli, sözə qulaq asan, açıqsözlü, açıqfikirli, ürəyitəmiz bir ev gəlini idi ,lakin eyni zamanda onda mütilik,itaətkarlıq qətiyyən hiss olunmurdu. Cəmilənin xarakteri ailə üzvlərini ,xüsusilə də qayınanasını açmasa da o narazılıq etmir, gəlinini çox sevirdi. Ailəsi onun xoşbəxtliyini, səadətini varlı xoşbəxt evə düşməyində görürdülər.  Aildə ən vacib qayda-qanun gəlinin öz xoşbəxtliyi naminə namusunu və vicdanını qoruya bilməsi idi. Cəmilə deyib-gülən, şən, zarafatcıl bir qız idi, özünə azadlıq vermişdi. Xarakterində diribaşlıq, dilli-dilavərlik daha çox nəzərə çarpırdı, cigitlərlə qəhqəhə çəkir, şıltaq hərəkətlər edirdi.

Cəmilə-Sadıq “məhəbbəti”. Onların tanışlığı da müəmmalıdır: baharda cıdır zamanı Cəmilə ilxıçı Sadığı məğlub etmiş, Sadıq bu məğlubiyyətin heyfini Cəmiləni qaçırdaraq çıxmışdı . Sevərək evləndiklərini iddia edənlər də vardı. Hər halda ail əhli belə danışırdı. Əsəri gözdən keçirən zaman bu evliliyin əvvəldən sevgi əsasında qurulmadığı aydın duyulur. 4 aylıq birgə münasibətdən sonra Cəmilənin əri müharibənin başlanması ilə əlaqədar orduya çağrılmışdı və Cəmilə ərinin yalnız 3 ildi, yolunu gözlədiyi “məktubları” ilə təsəlli tapırdı.  Daniyarın kəndə gəlişi sanki əsl “müharibənin” başlanğıcı oldu. Cəmilənin qəlbində soyuq küləklər əsdirdi,  onun ruhunu tamamilə qoparıb apardı. Cəmilə hər kənd qadını kimi ağır işlər görürdü, ancaq bu,  həsrətlə ərindən gözlədiyi məktubun gəlməsi və adının axırda laqeyd şəkildə çəkilməsi qədər ağır ola bilməzdi.  Qadın elə bir varlıqdır ki hətta xəyanəti belə bağışlayar, fəqət soyuqluğu, yadlığı, sevgisizliyi bağışlamaz. Hər əzab-əziyyətə dözər, ərinin hər cəfasını çəkər, qəlbi qırılsa da dinməz, sevgi görməsə, sevgi gülləri qəlbində susuz qalsa, onu heç bir qüvvə əvvəlki halına qaytara bilməz, yenidən eşq toxumu artıq cücərməz.

Sadıqın gecikmiş “məhəbbəti”.

Qadının və kişinin xoşbəxtliyi nədə idi? Cəmilə və Sadıq xoşbəxt idi mi? Cəmilə ailin cigitlərilə mehriban və səmimi davranırdı . Buna rəğmən onun qəlbində yığılıb qalmış sevgiyə əsl ehtiyac hissi vardı. Onlar xoşbəxt deyildilər və bu xoşbəxtliyin olmamasına nə onların aralarındakı məsafə, nə də Cəmilənin böyüdüyü mühitin neqativ təsiri səbəb olmuşdu. Məsafələr uzaq olsa da dualarla, istəklərlə görüşən qəlblər var. Cəmilə ər yox, məhəbbət axtarırdı. Sadıqın məhəbbəti isə gecikmişdi, o yetəri qədər xanımına məhəbbət bəsləyə, qayğı göstərə bilmədi. Sevmək üçün bunu dillə demək lazım deyil, sevgini hiss etdirməlisən, o isə xanımına bunu yaşada bilmədi. Əsl xoşbəxtlik sevgini hiss etdirmək, öz həyat yoldaşına sevgini vermək, onun mənəvi ehtiyaclarını qarşılamaqdı. Cəmilə bu xoşbəxtlik məfhumunu düzgün dərk edərək, realist addım atdı və özünü Daniyara təslim etdi.

Cəmilənin xarakteri və ya səfil həyatına öyrəşməsi bu ayrılığa səbəb ola bilərdi mi? Cəmilə zarafatcıl, şıltaq, hətta ərköyün qız idi, o səadəti pulda, var-dövlətdə görmürdü, kənd əhlinin düşüncələrindən fərqli olaraq, reallıqla düşünmək lazım gəlsə, varlı ailənin üzvü olmaq, varlı ailədə övlad dünyaya gətirmək insana sevgi qazandırmır.  “Sevgi ilə qarın doymur”  deyirlər, amma Cəmilənin qəlbi ac idi, qəlbinin aclığı ona daha çox işgəncə verirdi, qarnı acqız üçün. 

Cəmilə Sadıqı sevmirdisə, onun məktuba qarşı münasibəti niyə dəyişdi? Bəlkə də sevmək istəyirdi, lakin o bu sevginin qarşılığın görmədi. Ailin öz adət-ənənələri vardı, bunlardan biri də həyat yoldaşına yazılan məktubun olmaması idi. Düzdür, Sadıq onun adını axırda qeyd edirdi, lakin bu onun yoldaşına toxnunurdu, o ərindən daha çox qayğı, daha çox sevgi görmək istəyirdi, hər halda ərinin yolunu gözləyən bir qadının məktub almasını istənilən qadın arzulayar. Bizim fikrimizcə, ən azından o ,yoldaşına salam göndərmək yerinə “ondan muğayət olun, onu sizə tapşırıram” deməsi daha məqsədəuyğun olardı.  Sadıq sevgi məktubu göndərə bilməzdi, buna ehtiyac da yox idi ,amma 3 ildən sonra qadınına qarşı belə saymazlıq etməsi Cəmilənin hislərindən yan keçmədi, doğrudur, sevən heç nəyə baxmır, amma bu sevgi qarşılıqlı olmaq şərtilə.  Cəmiləni daha çox qəzəbləndirən ərinin gecikmiş məktubu daha doğrusu,  gecikmiş sevgisi idi, çünki hər şey üçün artıq Sadıq gecikmişdi və onun bu hərəkəti Cəmiləni ərindən qaçmağa ondan uzaqlaşmağa sövq etdi.

Sadiq Cəmiləni sevirdi mi? Sevirdisə də Cəmiləyə bunu hiss etdirmək lazım idi .Onun buna ehtiyacı vardı. Cəmilə Allaha və ərinə sadiq olmağa çalışırdı, ailəsinin də istədiyi bu idi, lakin Cəmilə bu həyatdan sıxıldı, Sadıqdan qəlbi qırıldı və o ,təsəllini Daniyarda tapmağa çalışdı. Hər şey bir insanı sevməklə başlayar. Bəlkə də o sevirdi, buna baxmayaraq qəlbi artıq qırılmışdı və Daniyarla getdi, onun yanında xoşbəxtliyini tapdı, ondan sevgi qayğı gördü və onunla yaşlanmağa qərar verdi.

 Müharibə olmasaydı Cəmilənin taleyi dəyişərdi mi?  Sevən heç vaxt tərk etməz, hər halda ərinin varlığı belə olsa ondan sevgi görməsə yenə gedərdi, ərinin sevgisini uzaqdan hiss etmək ona kifayət edərdi, o, ərinin yanında olmağını deyil, ona sevgisini verməyini istəyirdi. Yanında olduğunu hiss etdirmək yanında olmaqdan daha önəmlidir.  Müharibənin bu ayrılığın səbəbkarı olması yalnız bir bəhanə ola bilər. İllərlə ərlərinin yollarını gözləyən namuslu, ismətli qadınlar var. Cəmilə yenə gedəcəkdi ,öz səadətinin arxasınca gedəcəkdi, o sanki bunu əlində fənər gözləyirdi, ömür boyu bu eşqi axtarırdı və axır ki o bu eşqinə qovuşdu.  O ac da olsa ,susuz da olsa xoşbəxtliyini tapıbsa, artıq onun var-dövlətə zərrə qədər də ehtiyacı yoxdur. O təngə gəlmişdi ,qəlbindəki boşluq onun bütün varlığına hakim kəsilmişdi və o səfil həyata belə razı idi ,yetər ki yenicə çiçək açmış ülvi məhəbbəti, sevgilisi onun yanında olsun.

Cəmilə daha tez gedə bilərdi, amma…

Gedə bilərdi, lakin bəlkə də axtardığı uzun illər gözlədiyi şəxslə qarşılaşmamışdı, bəlkə də əri ilə aralarındakı  mənəvi məsafə onların yenicə çiçək açmış münasibətinin bitməsinə solmasına gətirib çıxartdı. Cəmilənin fikrincə dünyada qadın qəlbini başa düşən kişilər yoxdur, kişilər sadəcə özlərini düşünürlər. Qadın kişilərdə yaxşı gələcək, kişilər isə qadınlarda yaxşı keçmiş axtarır.  Görünür, Cəmilə Sadıqda yaxşı gələcək görə bilmədi. Onun laqeyd münasibəti Cəmilənin qəlbini qırdı ,sanki qisas almaq hissilə bu addımı atdı və Sadığı Daniyara dəyişdi. Belə desək, pulu sevgiyə dəyişdi.

Fırtınalı eşq dastanı. Daniyar əsərin əsas sujet xəttini təşkil edən obrazlardan biridir. O, eyni aildən idi ,yetimliyin və həyatın hər sərt üzünü görmüşdü.  Bir müddət sonra qohumları tərəfindən unudulmuş, elə burda məskunlaşmağa başlamışdı. Haqqında söz-söhbət yayılan bu cavan oğlan tez bir zamanda da unudulmuşdu.  Onun açıq-aşkar olmayan simasında sanki bir fırtına qopur, soyuq küləklər əsirdi. Daniyar deyəndə ağıla qapalı, ciddi, sərt, adamayovuşmaz,  qaradinməz, qaraqabaq, hamıdan qaçan, azdanışan bir xarakter gəlirdi. Həmişə ail əhli ilə məsafəli idi, fikri adətən, dağınıq olurdu.  Onun dalğın, kədərli, xəyalpərvər gözləri, bitkin, yorğun və qəmgin baxışları insanın gözü qarşısında canlanırdı. Üzdən sakit və fağır görsənirdi, yalnızlığı özünə sirdaş seçmişdi.  Müharibə nəticəsində insanlıqdan, qəlbindən başqa hər şeyini itirmişdi. Sanki torpaq onu qəbul etmək istəmirdi və o nəfəs alırdı. Cəmilənin onu lağa qoyması, ona qarşı laqeyd davranması Daniyarı heç vaxt özündən çıxarmamışdı. O, bütün ilhamverici mahnıları Cəmilə üçün oxuyurdu, onun qəlbindəki ehtirası, vurğunluğu, istəklə, arzu ilə coşub-daşan, vəcdə gələn hislərini sanki Cəmilə ortaya çıxara bilmişdi. Cəmilənin quraqlığa çevrilən qəlbinə yeni toxumlar səpən də o idi. Daniyar yalnız bir adamın vurğunu deyildi, sanki qəlbində daha böyük hislər baş qaldırmışdı, təbiətin ,dağların, torpağın, quşların ,bir sözlə həyatın vurğunu idi və bu duyğular onun zümzümə etdiyi mahnıda daha aydın özünü büruzə verirdi ,onu sanki bütün təbiət-çaylar ,yarpaqlar,dağlar-dərələr dinləyir və ifasından feyzab olurdu.

Daniyarın kisəni aparmaq cəsarəti gənc qızda hislər mi oyatdı? Cəmilə ilə qaynının qurduğu bu tələ uğursuz oldu və bu, Cəmiləyə şübhəsiz təsir göstərdi. Həmişə istehza dolu baxışları ilə Daniyarı təqib edən, onu ələ salan, öz şıltaqlığından yenə də vaz geçməyən Cəmilə belə bir hadisə ilə qarşılaşacağını təsəvvürünə belə gətirməzdi. Bu hadisədən sonra  iztirab içində idi və vicdan əzabı çəkirdi. Onu ən çox incidən Daniyarın yaralı ayağı ilə o yükü daşıması yox, onun qəlbinin yaralı olması, Cəmiləyə zillənən yalvarış, mərhəmət, imdad dolu baxışları idi. Cəmilə hiss olunurdu ki, son vaxtlar artıq ondan çəkinirdi, cigitlərlə suda oynamaqdan belə utanır, Daniyarın kəskin, qəmli baxışlarını öz üzərində hiss edərək, geri addım atırdı. Daniyar sanki həm fərəh, həm də qüssə dolu baxışları ilə nəsə demək istəyirdi, görünür, o da səadətini gənc qızda görmüşdü. Onlar axtardıqları sevgini, xoşbəxtliyi bir-birlərində tapmışdılar. Cəmiləni artıq nə Sadığın məktubu, “sevgisi” ,nə də özü maraqlandırırdı . Bunun üçün artıq gec idi. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edər. Daniyar zahirən kasıb idi, lakin onun mənəviyyatı, zəngin eşqi, tükənməz sonsuz idi, bəzən insanlar həyatın köhnə qanunlarının amansızcasına pozulmasının əleyhinə idilər. Onlar Cəmilənin bu addımı ilə barışa bilmir, mental dəyərlərə zidd sayırdılar. Cəmilənin bu hərəkəti “romantik xəyanət” sayılır.

Cəmilə stereotipləri aşa bildimi? Cəmilənin mənəvi həyatı səfil idi, onun bu hərəkəti yolverilməz hesab oluna bilər, ancaq gənc qız çox qırıldı ,sevgi qarşılıqlı hörmət, qayğı, xoşbəxt həyat əsasında yaranır, onun qarşılığın görməsən, artıq sevginə, hörmətinə layiq olmayan insanla eyni dam altında yaşamağa ,bir evdə yaşlanmağa dəyməz. Cəmilə bunları dərk edirdi və artıq o, özünə haqq qazandıraraq, xoşbəxtliyinin arxasınca getdi. Sadıq ilk başda onun xəbərsiz gedişini bayağı qarşılasa da sonradan düşüncələrinin yalnış olduğunu başa düşdü.

Daniyar Cəmilə-Sadıq münasibətlərinin bitməsində rol oynadı mı? Cəmilənin yaşı az olsa da ağlı başında, düşüncəli bir qız idi, onu heç kim bu hərəkəti eləməyə vadar edə bilməzdi. O artıq qərarını vermişdi. Sadığın ona sonradan məktub göndərməsinin bir önəmi qalmamışdı. Ona daha o məktublar lazım deyildi.

Sevgi üçbucağı. Daniyar Cəmiləni sevirdi ,bu onun gizli, inadkar, yalvarış dolu baxışlarından hiss olunurdu, bəlkə də düşünürdü ki, o, əlçatmazdır və heç vaxt Cəmilə onun olmayacaq, amma özü də bilmədən Cəmilənin yatmış ruhunu oyatdı. Daniyar qəlbən vurğun adam idi. Onun məhəbbəti müqəddəs, böyük məhəbbət idi. Bu sevgini o, mahnılarında gizli saxlamış, onunla yaşamışdı. Laqeyd, dağınıq adam bu nəğmələri ürəkdən vurğunluqla səsləndirə bilməzdi. Müharibədən yaralı qayıtmış bu adam insanlardan uzaq dururdu. Əsərdə görünür, gestap Sovet rejiminə qarşı da kəskin etiraz motivləri var. Müharibənin hakim kəsilməsi və dəhşəti Daniyarın geyimindən, fiziki qüsurundan-axsamasından, soyuq davranışından, susqunluğundan hiss olunurdu, lakin ən yaxşı məsləhətçi zamandır. Zaman keçdikcə insan yaşadıqları məşəqqətləri, ağrıları, acıları, yaralarını unudur, bəzən də yaşadığı travmanın, əzabın qarşısında aciz qalır və təslim olur. Bəlkə də buna görə insan öz duyğularında gizlənir, qaranlıq tərəflərini göstərmir, heç kəs bu insanı anlamır, insan bəlkə də onu başa düşən birinin olmamasını bildiyi üçün öz daxili aləminə çəkilir və ətraf aləmdən təcrid olur.

Qadın nə istəyir? Ailə həyatı qayğıdır, özü üçün deyil də başqası üçün yaşamaqdır, həyat da bu zaman mənalı keçir, özü üçün yaşayanda isə ölüm qorxusu onu bütün ağuşuna alır. Ailə qurmaq asandır, lakin onu əldə saxlamaq, dağıtmamaq, qorumaq çətindir. Ailə qala kimidir, ora girmək istəyən çoxdur, mühafizə güclü olsa, o qalanı heç kəs dağıda, ora girə bilməz. İnsan ilk növbədə qalanı özü mühafizə etməlidir, özü dağıtmamalıdır, yalanı, xəyanəti, güvənsizliyi, sevgisizliyi ora buraxmamalıdır, yoxsa qala tez uçular. Cəmilə də mühafizə edə bilmədi, çünki qılıncı yox idi, qorumağa heç nə yox idi. Sadıq orduda mübarizə apardı, öz qalasını mühafizə edə bilmədi, nə özü qılınc oldu, nə də Cəmiləyə qılınc Verdi. Özü buna şərait yaratdı, öz cəsarətsizliyinin, qətiyyətsizliyinin qurbanı oldu.  İnsan Allah üçün, qəlb üçün yaşamalıdır. Qəlbi yaradıb ki, insan sevsin, sevgisiz insan heçnədir, sevgi olmayanda, onun yerini nifrət alır. İnsan ilk öncə Allahını, sonra isə bəndələrini sevməlidir. Fırtına zamanı vəcdə gələn okean, göydə guruldayan şimşək kimi ifadələr əsərlərdə estetik ovqat yaradır. İnsan bəzən güllü-çiçəkli, bağlı-bağatlı çəmənliyi seyr edər, bəzən uçurumdan dərənin dibinə baxar, elə olur ki, uçurumun dibindəki gözəlliyə aldanıb özünü onun qucağına atır, həmin gözəllik də onun ölümünə bais olur. Birinci mənzərə sevinc hissidir, ikinci isə qorxu. Digəri isə xoşbəxtliyin görünməyən dəhşətli tərəfi. İnsan uçurumdan uzaqlaşmaq istədikcə, ona yaxınlaşır, əldə edə bilmədiyi şeylərin arxasınca qaçır, ona doğru can atır, daim həsrətini çəkir. Uçurum adlandırdığımız məfhum əslində insan qəlbinin dərinlikləridir, hər bir insanın qəlbi onun uçurumudur. İnsan, xüsusilə də qadınlar daim hislərinin, duyğularının əsiridir.  Qəlbdə əgər nifrət məskən salıbsa, məhəbbət məğlub olur, insan hər kəsdən və hər şeydən qaçır, tənhalaşır, sonda bu həyatdan üz döndərir.

Gəlin-qayınana münasibətləri. Müasir dövr üçün bu iki ailə qadının münasibətləri ziddiyyətli olsa da, əsərdə bu halın tam əksilə qarşılaşırıq. Bunun da səbəbi maraqlıdır. Görəsən, Cəmilə kimi gəlinlərin sayı azalıb, yoxsa analar belə gəlini qəbul etmək istəmirlər, ya da belə qayınanalar azlıq təşkil edir, bəlkə də cəmiyyət qəbul etmir…Kiçik ana adlandırılan qəhrəman ana obrazı öz müsbət keyfiyyətlərilə yadda qalır: xeyirxah, üzüyola, fağır, çalışqan, zəhmətkeş, hörmətli, insaflı, ağıllı, təcrübəli, mehriban ev sahibəsi… Ananın sərtliyi və öcüşkənliyi yox idi, lakin onun ağır, tünd, adət-ənənəyə bağlı xasiyyəti də vardı. Gəlini Cəmiləni çox sevirdi, onun şıltaq hərəkətlərinə fikir vermir, yaşa dolandan sonra düzələcəyinə ümid edirdi,  onun qəlbinin gizli hislərindən hamı xəbərsiz idi, ona nə qayınana, nə zəngin ev, şərait, nə də quruca bir ər lazım idi. Ona ən çox təsir edən gəlininin evdən vaxtsız gedişi oldu.

Qayınanasının və ya digər ailə üzvlərinin ciddi münasibəti Cəmilə üçün nəyisə dəyişərdi mi? Əgər qayınanası çox sərt olsa idi, deyərdilər ki, qayınanadan bezib getdi, amma qayınanası ən azından onu yoluna qoysa, gəlinə gəlin olduğun hiss elətdirsə idi,  gəlin özü ilə hesablaşardı.  Qayınana isə istəyirdi ki Cəmilə özü bunu etsin. “Gəlin düşdüyü ocaqda gəlindir” deyiblər. O gəlin ki özünü necə aparmaq qaydasını bilmədi, bunun sonu olmaz. Ən azından o bunu dərk etməli idi, davranışlarını nizama salmalı idi, qayınanası nə qədər ona sərt davransa da onun özünün ağlı başında olmalıdır, özü gəlin olduğun dərk etməlidir. 

Geri dönüş oldumu? Sevginin təməlini “Cəmilə” ilə qoyan məhz Aytmatov oldu. Əsərin eşq qəhrəmanlarının sonrakı taleyi oxuculara məlum olmasa da Aytmatov qeyd edir ki, onlar artıq çox xoşbəxtdirlər və layiq olduqları məhəbbətlə yaşayırlar. Əlbəttə güman olunur ki, Cəmilə həyatın anlamını dərk etmiş və arzularına çatmışdır, geri dönüşün olması mümkün deyildi. Onu kimin, nəyin xoşbəxt edəcəyini, kilidlənmiş ürəyinin qıfılını kimdə və harada  olduğunu tapdı, küt beyinli, daşlaşmış fikirlərin əsiri olan, düşünmək bacarığını tamamilə itirmiş insanların sözlərini önəmsəmədi. O, camaatın kasıb, fiziki qüsurlu Daniyarı tənqid etmələrinin belə fərqində deyildi. Heç kəs Daniyarın daxili zənginliyindən agah deyildi. Maraqlıdır ki, belə bir ciddi ail mühitində Cəmilənin cigitlərlə zarafatyana münasibəti, özünü bəzən yaşına uyğun olmayan tərzdə aparması deyil də öz səadətinin arxasınca qaçması daha çox ailin zoruna gedir, daha çox istehza və nifrətlə qarşılanırdı.

Cəmilənin günahı nə idi? Saf, pak hisləri qəlbində yaşatması ? Buna görə mi onu məzəmmət edirdilər? Cəsarətilə yaşaya bilməyən əsarətilə ölər. Yazıçı üçün ən böyük mövzu insandır və o, bəşər övladının düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini səadətini hər şeydən üstün hesab edirdi. Aytmatov insanları təqsirləndirmir, mühakimə etmirdi. Cəmiyyət basqısını, mühafizəkarlığını, şablon düşüncələrini sübut etməyə çalışır və insandan qat-qat aşağı səviyyədə olduğunu gözlərinin önünə sərir. Cəmilə doğurdan da heyrət doğurdu, güc-qüvvə inam verdi, cəsarət yaratdı, məqsədə çatmağın, istəklərə qovuşmağın, bu qaranlıq zindandan xilas olmağın heç vaxt gec olmadığını, arzuladığımız həyatı yaşamaq üçün kimsənin əngəl yarada bilməyəcəyini isbat etdi. İnsanların bir qismi həyatına sarılan qırılmaz zəncirlərdən qurtulub xoşbəxtliyə qovuşacağı günün xəyallarını qurur. “Başqaları nə deyər” düşüncəsi, mühakiməsi, tənəsi, ucuz və bulanıq fikirləri ilə yaşayan zaman isə artıq bütün arzularını, istəklərini basdırır, xəyallarını öldürür, puç edir, öz cəsarətini itirir və bu itkinin qurbanı olur. Bu düşüncələrdən, qaranlıq fikirlərdən azad olan, öz arzu və məqsədlərinin arxasınca gedən Cəmilə kimilərinin əzmkarlığı, mübarizəsi Daniyar kimilərinin zəngin, mənəviyyatlı olmaları, inam və ümidlərinin aşıb-daşması, nəhayət bu iki gəncin istəklərinin qovuşması insanları motivasiya edir, ruhlandırır, azad quş kimi qanadlandırır . Məsafələr belə uzaq olsa, dualarla görüşən qəlblər vardır.

Seyidin mükəmməl rəsm əsəri. Yazıçı bu sevgi hekayəsini Seyidin dilindən verir. Cəmiləni sevən onu qısqanan ona sahiblənən yeniyetmə qaynı burada diqqət çəkir. Bu obraz yazıçının prototipidir. O, daim doğma olmayan qardaşı arvadını qorumağa çalışır, hətta buna gücü yetməyəndə acıqlanırdı. Bəlkə də o, eyni qandan olan doğma qardaşı olsa idi, belə etməzdi. Cəmilə qaynının ona qarşı bildirdiyi iradını önəmsəmir, hətta inciyirdi. Hər halda Cəmilə özü nəyi necə edə biləcəyi bir qadın olduğunu düşünürdü və ona görə də azyaşlı qaynının etdiyi hərəkətlərinə acığı gəlir, çox vaxt ironiya ilə gülür, bəzən gülməkdən də özünü güclə saxlayırdı. Əsərdə diqqət çəkən məqamlardan biri də bu sirli məhəbbət başlayan andan etibarən adi karandaşla bunları təsvir edən Seyidin rəssamlığıdır. O, gələcəkdə rəssam olur və şahidi olduğu bu sevgini boyalarla təsvir edir, sanki o şəkilə baxanda Cəmilə ilə Daniyarın fizioqnomikası deyil, daxili aləmi daxili dünyası açıq-aşkar görünür. O, onların qısa zamanda şahidi olduğu xoşbəxtliyini rəsm əsərilə əbədiləşdirir və münasibətlərini dəstəkləyir.

Əsərin ideyası. Pozulması yalnış qayda-qanunun hər şeydən yüksəkdə duran məhəbbətdən aşağı olması. Yazıçının da əsl qələbəsi bu idi- sevgini hər şeyin fövqündə vermək və müqəddəsləşdirmək.

Əsəri oxuyanda sanki film izləyirsən və hər şey sənin gözlərinin qarşısında canlanır. Bu cür əsərlər ekranda yayımlanaraq, daha çox uğur qazanır.  Onlardan biri də “Cəmilə”dir. Əsərin sujet xətti əsasında film də çəkilmişdir. Müəllif öz yurdunun-Talas vadisinin tarixinə, mədəniyyətinə,kültürünə, adət-ənənələrinə toxunur, vadinin dağları, yaylaqları, çayları aydın şəkildə təsvir olunur. Hətta bəzən özünü bir obraz kimi də görürsən. Əsərdə Aytmatov donmuş cəmiyyəti donmuş sular kimi “əritməyə” çalışır. Müharibənin simvolikası əsərdə Daniyardır. Onun aldığı fiziki və mənəvi travmalar, zərbələr və çəkdiyi iztirablar bunun bariz nümunəsidir. Qəlbi də özü də yaralı olan Daniyarı da bu sevgi dəyişir. Hər kəsə qarşı məsafəli olsa da Cəmilə ilə arasında körpü qurur. İroniya ilə başlanır və eşqlə davam edir. Onun bədbəxt olacağını düşünən camaat onun əsl xoşbəxtliyindən xəbərsiz idilər. Onlar isə heç nəyə baxmadılar və əl-ələ verərək, hər şeyi arxada qoyub getdilər. Onların xoşbəxt olacaqlarından Seyid əmin idi, ona görə də o nə qınıyır, nə də nigaran qalırdı. Aytmatov üçün insanın uğuru, həyatda əldə etdiyi qazanc insanın xoşbəxtliyidir, onun gerçəkləşən arzuları, xəyallarıdır. Cəmilə də sözün əsl mənasında təəccübləndirir, cəsarət verir, güc-qüvvə yaradır, boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, yaşamaq istədiyin həyatı yaşamaq üçün heç kəsin maneə törədə bilməyəcəyini sübut edir, gələcək nəsillərə də bariz nümunə olur. Onu qınayan saxta, cahil insanlara bu gedişi ilə böyük iz qoyan “bomba” atır.

Təsadüf Allahın gizli təxəllüsüdür. Bəli, qismət də, tale də, alın yazısı da, qəza da, qədər də Allahın müxtəlif adlarıdır. Allah hər kəsə bir fürsət verir və insanın onu dəyərləndirməyini istəyir. Bəzən biz qarşılaşdığımız fürsətləri dəyərləndirir, imtahandan üzüağ çıxırıq, bəzən də Onun bizim üçün məsləhət bildiyi təsadüflərə, qismətə razı olur, mütiliklə boyun əyirik, elə olur ki, təəssüflənirik, elə də olur ki, sevinirik. Tale də sözün əsl mənasında Cəmilənin üzünə gülür və stansiyaya taxıl daşıyaraq, Daniyarla tanış olur. Daniyarın danışığından artıq onun həyat, sevgi –hər şey haqqında fərqli düşüncələri sahib olmasının şahidi oluruq və gənc oğlan düşüncələrini çox vaxt dilə gətirmir, xüsusilə də fəlakətli müharibə haqda danışmağa ürək eləmir, yalnız qəlbinin qapılarının Cəmiləyə açır.

Çingiz Aytmatovun “Cəmilə” əsəri sırf reallığına görə fərqlənir və mənəvi kolliziyaların insan həyatında rolunu göstərmişdir, qadın adət-ənənəyə bağlı olsa da öz fikirlərini ortaya qoymaqdan da çəkinmir, sərt rejimə qarşı çıxır. Cəmilənin yaşadığı mühitdə qanun-qayda hökm sürür və yaşayış da sıxıcıdır, gənc qız da bu mühitdən qopmaq, qurtulmaq istəyir, yəni əslində keçmişdən. Ona sevgi anlayışı yaddır, ideal sevgi axtarır. Yazıçı qadının fərdi xüsusiyyətlərini, etnik-milli psixologiyasını rahat şəkildə ortaya qoyur. Aytmatov yeni tipli insan obrazının formalaşması və təşəkkülündə böyük rol oynamışdır. İlk olaraq, əsərlərində sovet rejiminə qarşı çıxmış, müharibənin törətdiyi fəsadları açıq-aydın təsvir edir. O, obrazların mənəvi aləminin zənginliyini, rəngarəngliyini təbii şəkildə oxucuya təqdim edir, əsərlərində, kredosunda bəşəriliklə millilik vəhdət təşkil edir, harmoniya üzrə tarazlaşır, qəhrəmanların simasında müsbət, dərin insani keyfiyyətlər təzahür edir.

Müəllif: Sərvanə DAĞTUMAS

Ədəbiyyatşünas

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru