İnsaf et, gözünü gözümdən çəkmə, Gözlər sevən qəlbin aynası olar. Məni qəm-kədərə bələyib, bükmə, Qəlbim eşq odunda yanası olar.
Hicran atəşinə salıb, yandırma, Eşqin royasından, gəl, oyandırma, Sərt qışı gətirib, məni dondurma, Qəlbim baxışında donası olar.
Səninlə bağlıydı, arzu-diləyim, Xəzana tuş gəlib, açmaz çiçəyim, Hərdən şirin sözlər söylə, dinləyim, Ürəyim şüşətək sınası olar.
Dağtək əzəmətli, əzmin, vüqarın, Pozulmasın heç vaxt əhdin-ilqarın, Əstirmə ömrümə həsrət rüzgarın, Ömrüm çiçək kimi solası olar.
Mehrini azaltma, ay ömrüm- günüm, Dərdimi-sərimi səninlə bölüm, Səninlə ağlayım, səninlə gülüm, Gedərsən, üzülən Sonası olar. Sevgin dünyamızın qalası olar.
Burda igidlərim at oynadıbdır, Dahilər zirvəyə burda çatıbdır, Amal məhəbbətin burda tapıbdır, Qədərim, qismətim Naxçıvandadır. İnsana hörmətim Naxçıvandadır.
Sabah – fevralın 14-ü – “Sevgililər günü”dür. Mən bütün sevənləri kiçik bir şeirimlə təbrik edirəm. Allah sevənləri ayırmasın!
Elə ki, göz açdım, mən bu dünyaya, Ulu Yaradanı – Allahı sevdim. Vuruldum Günəşə, Ulduza, Aya, Ata-analıykən sabahı sevdim.
Sevən sevdiyiylə olar tarazı, Dörd fəsil içində baharı, yazı, Qaval, tar, kamanı, üçtelli sazı, Qəlbləri göynədən “Segahı” sevdim.
İllərlə oduna oldum pərvanə, Rəsmi önümdədir, dönsəm hayana, Fərqi yox, dəli de, ya da divanə, “Məhəbbət” bildiyim “günahı” sevdim.
İnsanı güldürən qədərdir, qədər, Ha çalış, ha vuruş, hədərdir, hədər, İki qəlb bir olsa, neylər qəm, kədər? Qəlbimi kəşf edən səyyahı sevdim.
Uymadım şöhrətə, dövlətə-vara, Hər kəs dəyər versin, namusa, ara, Amalam, nə deyim, mən bəxtiqara? Yeddi rəng içində siyahı sevdim. Haqdan gələn ümid, pənahı sevdim.
Vətənimin uca dağlar qoynunda, Onuşaqlı bir ailə yaşardı. Çəkərdi qayğısın, nazın onun da, Təhsilli görmək, eşqiylə yaşardı. Zəhmətkeş ataydı, adı Ehtiram, Ailəcanlı Ana, çağrılır Nigar. Evə bircə tikə girməzdi haram, Sənətkar atanın hər işi pərgar. Övladların xoşbəxt görmək arzusu, Yaşadar, amalı həyat sevinci. Bol idi, ailənin nemət, ruzisi. Övladın uğuru, onun sevinci, Bitirir övladlar, təhsili bir-bir. Hərə bir sahədə başlayır işə. Ehtiram Nigarla olaraq əlbir, Toy-düyün eşqiylə girişir işə. Atanın-ananın məqsədi birdir, Əli iş tutana toy-düyün etsin. Hər gün yaradana edərək şükür, Təki Ata-ana arzuya yetsin. Hər oğlu evlənib, qızı köçdükcə, Çırpınır ürəyi, gözü dolurdu. Oğlanlar ev tikib, evə köçdükcə, Qəlbən rahatlanıb, xoşbəxt olurdu. Övladlar ocaqdan uçduqca bir-bir, Yeni bir ocaqda yuva qururdu. Nəvələr doğulub, artdıqca bir-bir, Sanırdı Ehtiram, şərəf-qürurdu. Artıq hər oğulun ayrı ocağı, Hərə öz evində, yaşayır rahat. Gör neçə ocaqda yanır çırağı? Qızlar ər evində xoşbəxtdir, xoşbəxt. Bir axşam qərara gəlir Ehtiram, Hər ay bir övladın evinə getsin: ” Öladlarım üçün çox nigaranam, Hər oğlum, hər qızım murada yetsin!” Böyük oğlugilə gedir Nigarla, Oğlugil sevinclə çıxır yoluna. Onlar qarşılanır, bax hay-harayla, Nəvələr hey keçir, sağı-soluna. Dincəldi Azərin evində o gün, Çox tez isinişdi, nəvələr ona. Gülüb-əyləndilər onlar bütün gün, “Oğlum çox xoşbəxtdir!”- düşünür Ata. Oğlum gəncliyimi gətirir yada, İnsan bircə dəfə gəlir həyata. Övladlarla nəfəs aldıqca Ata, Sanır ondan xoşbəx yoxdur dünyada. Nəvələr qatırlar nənənin başın, Ata üzün tutur, bu an oğluna: “Qonşulardan varmı, dostun-yoldaşın?” Sorub, nəzər saldı, Ata oğluna. Azər gülümsəyib, verdi cavabı: “-Açıq sor, ay ata, nədir marağın? Hər bir məsləhətin mənə bəhs edər. Qapıbir qonşumuz hər axşamçağı, Məni nərd atmağa dəvət eləyir. Şirin söhbət edib, çay da içirik, Çayı qəndsiz içər, mürəbbə ilə. Hər bir kəlməmizi ölçüb-biçirik, Vaxtın ötdüyünü duymuruq belə”. -“Evin arxasında ağsaqqal qonşun? Qonşuluq edirmi? Gedib-gəlirsiz? Qonşun çox yaşlıdır, cavandır yaşın, Sevinci paylaşıb, dərdi bölürsüz?” -“Bəli! Ay ata, o, gözəl insandır, Yaşı çox deyildi, dərdi böyükdür. Qohuma-qonşuya candan yanandı, Xəstə bir oğlu var, Ataya yükdür. Onun müalicəsi, dava-dərmanı, Təkcə bu atanın boynuna düşür. Maaşı bitəndə təkcə gümanı, borc üçün qohuma- qonşuya düşür. Bir necə dəfə də üz tutub mənə, Utana-utana borc pul istəyib. Pulu verdiyimdə o dönə-dönə, Dua elədikcə, üzü tərləyib”. Diqqətlə dinləyib oğlunu Ata: “Aldığı borcunu tezmi, qaytarıb?” -“Belələri tək-tək gəlir həyata, Söz verdiyi vaxtdan öncə qaytarıb”. -Oğlum, beləsiylə qonşuluq elə, İmkanın olduqca əl də tutarsan. “Qonşu, nə lazımdır? Soruşma belə, Qonşu şad olarsa, rahat yatarsan. Sağdakı qonşun, bəs, necədir, oğul? Qonşuylasevincin-qəmin bölürmü?” -“Xoşbəxtdir!-görən kəs eləyər ağıl, Kitab oxumasa, rahat olurmu? Hər bazar axşamı görüşürük biz, Qonşu söhbət açır, oxuduğundan. Onun söhbətlərin çox sevirik biz, Qonşular razıdır, qonşuluğundan”. -“Ay oğul, soldakı qonşun necədir? Nə işlə məşğuldur, xoş güzəranı?” -“Oturuşu-duruşu lap gülməçədir. Hər sözü-söhbəti qaraldır qanı”. -“Niyə? Nə söyləyir? Nədir istəyi?” -“Mühasib işləyir, vardır hörməti, Varlanıb, seçilmək onun istəyi. Azacıq olsaydı, kaş, mərifəti, Olmazdı qonşudan torpaq istəyi”. -“Necə? Qonşun səndən torpaq istəyib?” -“Mənə deyir, çoxdur, sənin torpağın, Yarısını məndən, pay da istəyib. Niyyətin biləntək mən bu axmağın, Salam-kəlamın da kəsmişəm tamam”. Qonşunun istəyi çəkdi marağın, Oğluna məsləhət verdi Ehtiram: “Qapıbir qonşunla vaxtı xoş keçir, Hər gün nərd oynayıb, çay da içərsiz. Oğlu xəstə olan, bilsən, nə çəkir, Hərdənbir xəstəyə baş da çəkərsiz. Borc üçün nə zaman dil açsa, sənə, Əlüstü verərsən, heç düşünmədən. Kitabsevər ilə dostluq et, yenə, Görüşərkən qonşun hər oxuduğundan, Nağıl eləyəndə dinlə səbirlə. Qonşu qonşusuna dəstək olduğun, Göstərər əməldə, həm də səbirlə. Amma başabəla, tamahkar qonşun, Bitməyəcək səndən sərvət istəyi. Ay oğul,fikirləş, yaxşıca düşün, Qonşu Qonşu olar, öz dəstəyiylə. Özün savadlısan, az olsa, yaşın, Kimsə xoşbəxt olmaz, var istəyilə. Əzəldən dünyanın işi belədir, Tamahkar insanın heç gözü doymaz! Tamahkar insanlar başabəladır, Dünyanı versən də, ac gözü doymaz! Ata nəsihəti ağlına batdı, Önündə diz çöküb, öpdü əlindən. Amalın söhbəti, ta sona çatdı, Təki xeyir-dua alsın elindən. Elə ki, oxucum, könlünə yatdı, Sənin də xoş sözlər çıxsın dilindən.
Gedib ömür tənim, sanma qayıda, Arzular, diləklər qalıb yarıda, Qış olub ömrümün yazı, yayı da, Ta gəlmir baharım, yazım, İlahi.
Sevib-əzizlərəm, dostu-yoldaşı, Olmaz hər yetəndən könül sirdaşı, Dərdə ortağımdır, bacı-qardaşım, Qismətdə yox, oğlum, qızım, İlahi.
Səngimir ömrümün dumanı, çəni, Çoxalır gün-gündən telimin dəni, Taleyim sınağa çox çəkdi məni, Köklənir qəm üstə sazım, İlahi.
Daşıdım içimdə, kədər-qəmimi, Qurtarmaz fələk də, batan gəmimi, Qurutmaz tonqal da, gözüm nəmini, Amala ver səbir, dözüm, İlahi. Dərdimə-sərimə çözüm, İlahi.
Vətənimin ucqar məmləkətində, Namazlı-niyazlı bir kişi vardı. Nəsihət edərdi, hər söhbətində, Qohumu-qardaşı qürur duyardı. Əli təsbehliydi, ağzı dualı, Nəvə-nəticəyə diqqət, qayğılı. Şən görmək hər kəsi, arzu, amalı. Hamı babasına hörmət, sayğılı. On iki yaşında var bir nəvəsi, Üstündür, hər kəsdən ağlı, kamalı. Dünyəvi elmlərə vardı həvəsi, Qat-qat kitablardı, dövləti, malı. Gecələr çox zaman yuxusu qaçar, Oxuyub-yazmağa fürsət arardı. Bəzən babasının yanına qaçar, Çoxlu sual verib, cavab sorardı. Babası qoymuşdu adını- Mətin, Firavan yaşardı, keyfi çağ idi. Salmışdı elmlərə o məhəbbətin, Əla oxuyardı, üzü ağ idi. Düşünüb günlərlə, dərindən-dərin, Bir gün babasına tutdu üzünü: “Ay baba, varmıdır, sənin xəbərin? Bilmək istəyirəm, söylə, düzünü, Bir insan ömrünün bilim, qədərin”. Baba nəvəsini qürurla süzdü, Gördü, babasına dikib gözünü. Sualın cavabın o belə çözdü: “Yazılıb alnına Tanrıdan qədər, Dünyaya açanda insan gözünü. Yaşayar Azandan namaza qədər”. Nəvə basına tutdu üzünü: “Bu qədər qısaymış, bir insan ömrü?” Təkrar etdi baba, yenə sözünü: “Namazsız azanla başlayır ömür, Nə qədər çalışıb-vuruşsa, insan. Azansız namaza qədərdir, ömür”. “Ay baba, sən məni bir başa salsan, Namazsız azanla, azansız namaz, Bu qədər dolaşıq olarmı, ömür?” “Ay bala, qədəri Tanrıdır yazan. Elə ki, dünyaya göz açır insan, Oxunur qulağa, namazsız Azan. Əbədi dünyaya köçərkən insan, Oxunar namazı, verilməz Azan! Namazın azanı insan dünyaya, Oxunmuş, açanda ilk dəfə gözün. Bilsələr, qısadır, hər insan ömrü, Dünyada əbədi sanmaz ki, özün. Getməsə, hədərə bir insan ömrü, Yaşadar, əbədi həyatda izin. İnsanlar həyatdan arzu-kam alsın, Yaşasın şərəflə hər bir anını, Dünyadan köçəndə ad-sanı qalsın. Getməsin hədərə, tək bircə anı. Ulular deyib ki, insan həyatda, Sevinclə, kədərlə yaşayar beş gün. Yar-yarımçıq qalar, arzu-murad da, Yaşamaz doyunca, həyatda xoş gün. Xoş günlər yaşayaq, hey deyək-gülək, Şərəflə yaşayaq, bir insan ömrün. Doğmalarla, Amal, dərd-səri bölək, Hədər keçirməyək, bir insan ömrün.