Hüquqlar və vəzifələr nisbəti. Göyərçin Kərimi

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

Hüquqlar və vəzifələr nisbəti

        Qanun nədir? Qanun mütəxəssislər tərəfindən kağız üzərində yazılan cansız maddə və alt maddələr məcmuudur ki, əməl və hərəkətlərin tənzimlənməsi baxımından canlı qüvvəyə çevrilir.  

        Qanun insan üçündür. Bəs insan nədir? İnsan deyəndə vətəndaşlığından, əcnəbiliyindən, vətəndaşsızlığından asılı olmayaraq hüququn subyekti başa düşülür. Amma bu arada adamın ağlına başqa fikir gəlir. Mirzə Ələkbər Sabir demişkən, fəhləni, başqa sözlə, vəzifəsi, pulu, arxasında dayananı olmayan hər kəsi insan adlandırmaq olarmı? Görəsən,  köməksizlər və çarəsiz vəziyyətə salınmışlarla hər yerdə və həmişə insanla olduğu kimi davranılırmı? Bax, bu ciddi sualdır, həm də ciddi adamlara ünvanlanıb.  

        Baxmayaraq ki, qanunun bütün növləri insan üçün nəzərdə tutulub, “insan hüquqları” mövzusu bir az fərqlidir, yəni sudan, havadan və s. istifadə etmək qaydalarını əks etdirmir,

birbaşa insanın varolma hüququnun bələdçisi kimi çıxış edir.   

        Bildiyimiz kimi, hər kəsin mənsub olduğu xalq qul və quldar dövrünün sosial bərabərsizliklər sistemini adlayıb. Nə yazıq ki, qul və quldar cəmiyyətlər qədimdə qalsalar da, rüşeymi əbədi inkişafdadır. Qul elə bütün dövrlərdə quldur. Hüququndan istifadə edə bilməyən, dərdi dinlənilməyən, sözü eşidilməyən hər kəs öz ölkəsində quldur. Qul statusu ilə razılaşmamaq mümkün deyil, çünki razılaşmaqdan başqa müraciət forması nəzərə alınmır.         

        Zooloji aləmdə hüquq anlayışı yoxdur, amma qul üzvlər də yoxdur. Quşlar qibtəediləcək qədər uzaqlara uça, heyvanlar bir meşədən ayrı meşələrə, hətta bir ölkədən ayrı ölkələrə vizasız, pasportsuz hərəkət edə bilərlər. İnsan, nə təəssüf ki, ruhuna görə Allaha yaxın yerlərdə qərar tutsa da, bədəninə görə heyvandan da aşağı imkanlara malikdir.   

        Hüquq insanın müəyyən çərçivə daxilində azadlığıdır. Əlbəttə, insanın sonsuza qədər azadolma, yəni təfəkkür və düşüncəsinə görə sərhədsiz azadlıq xüsusiyyəti var ki, bunu heç cürə hüquqla əlaqələndirmək və məhdudlaşdırmaq mümkün deyil. Sərhədsiz azadlıq o demək deyildir ki, o, öz əməllərinin zəruriliyini və sərhəddini anlamır, əksinə, ən böyük azadlıq insanın özünün özünə təlqin etdiyi dərk olunmuş sərhəddir.

        Hegelə görə “hüquq ideyası azadlıq deməkdir, onun əsl mahiyyəti o zaman başa düşülür ki, bu anlayış mövcud varlığın timsalında dərk ounur”.

        Əlbəttə ki, Hegel haqlıdır, lakin bir şərtlə. Bu o şərtdir ki, hüquqi cəhətdən azad olan və eyni zamanda əməllərinin sərhəddini dərk edən müdrik insan da haqsızlığa məruz qalmaq,  özündən, yolundan zorla uzaqlaşdırılmaq üsulu ilə iflasa uğrayır. Yəni əqidəyə təcavüz etmək birbaşa əlçatan olmasa da, əqidə sahibinin həyat yollarına daş düzməklə onu sarsıtmaq həmişə mümkündür və buradan belə nəticəyə gəlmək olar ki, “mövcud varlığın timsalında” dərk olunmuş azadlığın hüquqi müstəvidə davamlılıq müddəti kənar müdaxilələrdən asılıdır.   

        “Hüquq müəyyən çərçivə daxilində insanın azadlığıdır” deyirik də, amma o, əslində, vəzifələr məcmudur; tabeçilik hökmlərinin diqtəsidir. İnsan hüquqları ilə tanış olduqca vəzifələrini öyrənir. Məsələn, öyrənir ki, yaşadığı ölkənin konstitusuyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, xalqın adət və ənənələrinə hörmətlə yanaşmalıdır, amma hüquqlarının müdafiəsinə qalxmaq imkanından qismən məhrumdur.

        Əslində, insanın hüququ olmur, ona görə ki, qanun yaradılışdan irəli gələn funksiyalara uyğun yazılmır, əksinə, təbiətə qarşı yönəlir. Hüquqlar bəzən kağız üzərində qalır, həm də onu situasiyanın, şəraitin tələbinə, icraçının istəyinə müvafiq olaraq tez-tez dəyişirlər. Deməli hüququndan istifadə yerində, anında, müəyyən zaman çərçivəsində qəfildən gerçəkləşməsə, uzun zamana hesablanan məsələlərin həllinə davam gətirmir.           

        Spinoza deyir ki, heç bir cəmiyyət hakimiyyətsiz, qüvvəsiz, insanların ehtiras və aşıb-daşan istəyini idarə edən qanunlarsız yaşaya bilməz, amma insan təbiəti özünün qeyri-məhdud şəkildə  istismarına dözmür, bu mənada qanun o zaman müsbət nəticə verir ki, müəyyən həcmdə insanın istək və arzularını əhatə edir. O, azadlığı dərk edilmiş zərurət adlandırır.

        Spinoza da Hegel kimi qanunun vacib amil olması fikirlərinə görə haqlıdır, ona görə ki,        qanunsuz yaşayan cəmiyyətin fəsadları ilə heyvan sürüsünün özbaşınalığını qarşı-qarşıya gətirmək ölçüyəgəlməz şəkildə yanlış müqayisədir, axı insan düşünən varlıqdır, istənilən qədər müdhiş və mənfur əməllərə imza ata bilər; amma o da “azadlıq  dərk edilmiş zərurətdir” deyərkən cəmiyyətləri yox, “mövcud varlığın timsalında” tək-tək insanları nəzərdə tutduğu üçün hüquqi status anlayışını kölgədə qoyur.  “Azadlığı dərk edilmiş zərurət” kimi mənimsəmək hüquq yaradıcısı, qanun mücəssəməsi olmaq deməkdir ki, həmin bu tək-tək insanların taleyi, güc strukturlarında çalışanlar xaric, yadelli müdaxilələrə məruz qalan cəmiyyətlərdə ağla sığmayacaq qədər acınacaqlı ola bilər.   

        Hollandiyalı filosofun fikrinə görə, azadlıq qanun daxilində mövcuddur, yəni azad insan qanuna riayət etməlidir. Qanuna riayət etmək məsələsi də elə dolayısı ilə qanunların icra olunma məcburiyyətidir. Doğrudur, filosof hər kəsin söz azdlığından da bəhs edir, lakin söz azadlığı hüquq sahibi olmaq deyil, çünki sözdən daha mühüm olan deyilənlərin həyata

keçirilmə prinsipidir. Hüquq insanın cəmiyyətdən öz haqqını alması, vəzifə, əksinə, borcunu ödəməsidir.    

        İnsanların mənsub olduqları cəmiyyətlər, yaxud ayrı-ayrı hökümətlər tərəfindən, həm ölkədaxili, həm də ölkəxarici münasibətlərin tənzimlənməsi öhdəliyi zamanı mütəmadi olaraq hüquq pozuntusu baş verir. Müxtəlif dövlətlər müxtəlif vaxtlarda Vyana, yaxud Avropa İnsan Hüquqları  Konvensiyasının şərtlərini pozur. Son vaxtlar adət halına gətirilmiş səfirliklərə hücum tendensiyası deyilənlərə əyani misaldır və əgər…  

        Əgər “Avropa insan hüquqları hüququ”, “Diplomatik əlaqələr haqqında Vyana konvensiyası”nın və s. maddəsi dünyanın gözü qarşısında açıq-aydın pozulur və cəzasız qalırsa, onda tək-tək insanların hüququndan danışmağın əhəmiyyətlilik dərəcəsi sıfra enmirmi?

        Məlumdur ki, insanın ləyaqət hüququ bütün hüquq və azadlıqların məzmununa sirayətedici təsir göstərir, amma “cinayət tərkibi yoxdur” mühakiməsilə çox vaxt müdafiədən kənarda qalır, yaxud insanın yaşamaq hüququna onu cismən öldürmədən öldürücü təcavüzlər edilir.    

        Göründüyü kimi, Beynəlxalq qanunlar təkcə ölkələr, uluslararası münasibətlərin tənzimlənməsi, idarə olunması səbəbindən yox, həm də istənilən dövlətdə hər hansı vətəndaşın, yaxud əcnəbinin, vətəndaşlığı olmayan şəxsin  hüquqlarının müdafiəsi üçün nəzərdə tutulur və insan hüquqları məsələsində nəzəri cəhətdən “ölkənin daxili siyasətidir” deyə bir anlayış yoxdur. Emprik cəhətdən…tam bunun əksinə.          

        Tutalım, Almaniyada Miqrasiya Xidməti əcnəbi almana “dövlət dilini bilmir” deyə nöqsan tutur, təəssüf ki, o, xarici vətəndaş olsa da, almandır və alman dilində bütün öyrəndiyi dillərdən yaxşı danışır. Yaxud eyni statuslu alman haqqında yazırlar: “vəzifələrini bilmir”, halbuki o, otuz ildir Almaniyada yaşayır, əgər vəzifələrini bilməsəydi, tramvaydan belə istifadə etməsi mümkünsüz olardı. Üçüncü qərarda artıq həmin əcnəbi almana “hüquqlarını bilməmək” statusu tətbiq edilir. Həqiqəti əks etdirməyən yalan qərarlardan sonra bu üçüncü cümlə adama şapalaq kimi toxunur və sual doğurur: – Bu əcnəbinin hüququ olsaydı, əvvəlki  iki müddəadan onun əleyhinə istifadə etmək baş tutardımı?

        Avropa insan hüquqları hüququnun «Kompensasiya etmə» kimi tanınan sahəvi prinsiplərindən biri də insan hüquqlarının pozulması nəticəsində vurulan zərərin əvəzinin ödənilməsidir.  Yəni illərlə uzana biləcək məhkəmə yolu ilə… təəssüf ki.

        Gəldiyimiz son qənaət belədir ki, vəzifələr bütün dünyada eynidir, onu bilmədən insan bir gün də yaşaya bilməz, elə hüquqlar da eynidir, lakin tək-tək insanın hüququ qarşı tərəfin məsələyə münasibətindən asılı olaraq, ya var, ya qismən mövcuddur, ya da… bərkə düşəndə heç yoxdur. Bu mənada “Hüququnu bilmir” maddəsinin, yaxud bəndinin tətbiqi qeyri-müəyyən ittiham və ya, sadəcə, ittihamdır.

        Hüquqların vəzifələrlə nisbətini balıq və balıqçının timsalında aşağıdakı kimi şərh etmək olar: “Balıqçının vəzifəsi suya salladığı tilovun qarmağına yem keçirib balıq ovlamaqdır. Balığın hüququ qidalanmaqdır, yem qarmağın ucunda olsa belə… ”

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru