Bu zirvəyə yüksələnlər ölümsüzləşir

Bu zirvəyə yüksələnlər ölümsüzləşir

Azərbaycan torpağı tarixboyu igid oğullar yetişdirib. Onlar Vətən üçün can verib torpağın hər qarışını öz qanları ilə Vətən ediblər. Bir torpaq ki, heç vaxt şəhidlərini unutmayıb, unutmayacaq da. Çünki Vətənin bir qarış torpağı üçün canını fəda edən igidlər unudulmaz xatirələri ilə daim xalqın yaddaşında yaşayır. Onların ömür yolu bəzən çox qısa, lakin işıqlı olur. Hər bir şəhid öz adı ilə tarix yazır, nəsillərə örnək olur. Belə qəhrəman oğullarımızdan biri də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ruhid İslamlıdır. Onun həyat yolu bir gəncin Vətən sevgisinin, fədakarlığının və mərdliyinin parlaq nümunəsidir.
Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. Yaxınları deyir ki, o, uşaqlıqdan mehribanlığı, çalışqanlığı ilə daim seçilirmiş. Dostları və tanışları onu hər zaman yardımsevər, qayğıkeş biri kimi xatırlayırlar.
Onun gənclik illərinin bir hissəsi Naxçıvanda oxuduğu dövrə təsadüf edib. Təhsilə böyük maraq göstərir, daim öyrənməyə, özünü inkişaf etdirməyə çalışırmış. Ruhid Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisasını uğurla bitirib, təhsil illərində tələbə təşkilatlarında fəal iştirak edərək həm akademik, həm də sosial bacarıqlarını inkişaf etdirib. Bu illər onun düşüncələrinin daha da formalaşmasına, Vətən sevgisinin daha da möhkəmlənməsinə təsir edib. Ruhid, eyni zamanda idmana böyük maraq göstərib. Hətta uşaq yaşlarından cüdo, cüicutsso, taekvondo, güləş, qaydasız döyüş və üzgüçülük kimi idman növləri ilə məşğul olub. İdman onda fiziki güclə yanaşı, mənəvi dayanıqlılıqda yaratmışdı… Ayaqda qalmaq, dözmək, mübarizə aparmaq.
İdmançı ruhu onu həm də döyüşlərdə daha çevik edib. Ruhid həm də çalışqanlığı ilə hər kəsin rəğbətini qazanıb. Onun ən gözəl cəhətlərindən biri də hər kəsə hörmətlə yanaşması, mehriban münasibəti imiş. Bu xüsusiyyətləri ilə o, tanıyanların yaddaşında daim işıqlı bir xatirə kimi qalıb.
Vətən hər bir gənc üçün ən müqəddəs dəyərdir. Ruhid İslamlı da həqiqi hərbi xidmətə yollananda bunun sıradan bir xidmət olmadığını bilirdi. O, əsgər olmağı özünə şərəf sayırdı. Silahı əlinə alanda, sərhəddə dayananda, yoldaşları ilə çiyin-çiyinə addımlayanda onun ürəyində bir amal vardı: torpaqlarımızı qorumaq, Vətənimiz üçün lazım gələrsə canından keçmək.
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir mərhələ açdı. Bu mübarizəyə qoşulan minlərlə igid oğul kimi Ruhid də ön cəbhədə döyüşüb. Hər bir döyüşçü kimi onun üçün bu müharibə torpaqlarımızın azadlığı, şəhidlərimizin ruhunun rahatlığı demək idi. Hər döyüşdə o, fədakarlığı və mərdliyi ilə seçilib. Onun şücaəti əsgər yoldaşlarına da güc verib.
6 oktyabr 2020-ci ildə Ruhid qəhrəmancasına şəhid olub. Onun gənc yaşda ömrünü Vətənə qurban verməsi arzularını yarımçıq qoysa da, adının Azərbaycan tarixinin igidlik salnaməsinə yazılması ailəsini qürurlandırır. Çünki şəhidlik ucalıqdır, zirvədir. Bu zirvəyə yüksələnlər ölümsüzləşirlər.
Azərbaycan dövləti öz qəhrəman övladlarının adını hər zaman uca tutur. Onun “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenlə təltif olunması qəhrəmanlığının, Vətən yolunda göstərdiyi şücaətin rəsmi təsdiqidir.
Hər bir şəhid kimi Ruhid üçün də ən böyük mükafat xalqın sevgisi, xatirələrdə daim yaşamaqdır. Şəhid Ruhid İslamlı bir ailənin, bir kəndin övladı olmaqla yanaşı, həm də bütün Azərbaycanın qəhrəmanıdır.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir