ŞƏHİDLƏRİMİZİ EHTİRAMLA ANIRIQ

ŞƏHİDLƏRİMİZİ EHTİRAMLA ANIRIQ
2020-ci ilin 27 sentyabr tarixində minillərin dövlətçilik tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı öz taleyinin həlledici məqamlarını yaşadı. İllərlə doğmalarının isti nəfəsinə, səsinə-hənirinə həsrət qalmış yurd yerlərimiz, itirilmiş torpaqlarımız igid övladlarının azadlıq uğrunda savaşa atılmasından sanki cana gəldi. Qədim məskənlərimizin dağı, daşı, düzəni, ağacları, bir sısqa otu da yeni oyanış, dirçəliş çağında qamətini dikəldib cəngavər oğulların pişvazına durdular. Belə bir həyəcanı, sevinc ovqatını yaşamaq necə də qürurverici idi!

Candan keçildi, Vətəndən keçilmədi… Siyasi, diplomatik bacarığa, qüdrətə malik olan Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevın rəhbərliyi altında Yenilməz Ordumuzun cəngavər əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan böyük bir tarixi qələbə qazandı. Bu Zəfəri xalqımıza yaşadan igid oğullarımız oldu. Mübarək Vətən savaşında yüzlərlə igidlərimiz şəhidliyə qovuşdu.

İndi şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş bütün bölgələrdə Azərbaycanın Bayrağı dalğalanır. Abadlaşmış, yenidən qurulmuş bölgələrimizdə həyat qaynayır.

Hərdən mənə elə gəlir ki, yaz-payız dağların döşündə, yamyaşıl düzəngahda torpaqdan boy atıb, ətrafa gözəllik saçan çiçəklər şəhidlərimizin özüdür. Başqa sözlə, Onlar azad Azərbaycana çiçəklərin gözü ilə baxıb xoşbəxtcəsinə gülümsünürlər.
Ruhunuz şad, məkanınız nur içində olsun, Şəhidlər.

Ehtiramla: Şəfəq NASİR,
Yazıçı, publisist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir