Murad Məmmədovun yeni şeirləri

YER, GÖY VƏ İNSAN
Yer Göyü saxlayır, boşca sözüymüş,
Göy Yerin həmişə ağrıyan başı.
Bəlkə də ulduzlar Göyün gözüymüş,
Yağışlar ağlayan Göyün göz yaşı.

Nə hikmət varsa da başımız üstə,
Yerdən duranımız Göylə əlləşər.
Dərdinə çarəni sən Göydən istə,
Saf olsan bəxtinə üç alma düşər.

Çağırar köməyə çətində, darda,
Əl açıb göylərə inanar insan.
Hər an inandığı nə varsa orda,
Yerdə gördüyünü boş sanar insan.

İnsanıq, doğulub ayrı düşmərik,
Günahlı, günahsız yerdə varıq biz.
Küssək, incisək də heç bölüşmərik,
Ayrılsaq göylərə tapınarıq biz.

Yerin də, Göyün də sahibi bəlli,
Bizlər qolu bağlı sadə bəndəyik.
Ay yerdən yapışıb duran dördəlli,
Heç vaxt ayılmadın, gör nə gündəyik!

QOŞMA
Danışmaq, gülmək də ağıla bağlı,
İnsanın üzünü varsa, ağ eylər.
Gözündə böyüdər kiçik təpəni,
Bir insan ağıldan korsa, dağ eylər.

Tənbəllik ölümdü, eyləmə meyil,
Zəhmətin önündə baş endir, əyil.
Hövsələ, qətiyyət bəs olan deyil,
Dağı fərasətin yorsa, bağ eylər.

Dua et Allaha, əlini üzmə,
Dərdinə çarəni kənarda gəzmə.
Üzünə ağ olma, dərdindən bezmə,
Bəxtin ayaq üstə dursa, sağ eylər.

Ay Murad, gözündə böyütmə pulu,
Dəyər var kiçilməz, uludan ulu.
Bir Allah bəndəsi, bir Allah qulu,
Kasıbın kefini sorsa, çağ eylər.

NƏ GÖRDÜM DÜNYAYA GƏLƏNDƏN BƏRİ
Nə gördüm dünyaya gələndən bəri,
Geriyə boylandım- itirdiklərim.
Önümdə bir ömrün acı dərd-səri,
Saraldı , köhnəldi götürdüklərim.

Dünənin sevinci dünənlə getdi,
Sabaha ümidim nağıl, yuxudu.
Gəncliyim duman tək çəkildi, itdi,
Taleyim üzümə çox şey oxudu.

Nəyə əl vurdumsa , sürüşdü, düşdü,
Gördüyüm nə varsa yaddaşda qaldı.
Dünyanı anlamaq sadə bir işdi,
İnsanı qanmamaq çətinə saldı.

Bu həyat səhv etmə dedi deyəsən,
Səhv etdim dalbadal bilmədim nədən.
Səhvlərim düzümü yedi deyəsən,
Təzədən başladım , ömrü təzədən.

Nə gördüm dünyaya gələndən bəri,
Ac olan ağlayar, tox olan gülər.
Tək qaldım, dedilər danışma, kiri,
Danışsan dünyanın acığı gələr.

HƏR DƏRDİN ÖZ SƏSİ VAR
Köləsiyəm kədərin,
Mən hardayam, o orda.
Ölsəm, olmaz xəbərin,
Mən azadam, sən darda.

Sorğuların əbəsdi,
Sus, danışma demirəm.
Dərdim özümə bəsdi,
Qanatmaq istəmirəm.

Həyat zarafat deyil,
Ya olumdu, ya ölüm.
Mənə də rahat deyil,
Bu canı yarı bölüm.

Duyğular dalğa kimi,
Yuyub aparır məni.
Tərpətmə sarı simi,
Kökdən qoparır məni.

Hər yaşın öz nəşəsi,
Hər dərdin öz səsi var.
Yaşa uyğun peşəsi,
Kimləri, kimsəsi var.

ÜRƏYİMDƏN KEÇƏNLƏR
İnsan istər bulaq kimi durula,
Bütün ömrün bahar ola, yay ola.
Dərdini çözməyə meydan qurula,
Sirrini deməyə sirdaş, tay ola.

Sözün, gözün, dilin qeybət bilməyə,
Səbrin azalmaya, ruhun ölməyə,
Haram nədir sənə yaxın gəlməyə,
Tanrı verən halal-hümbət pay ola.

Zövqsüz yaratmaya Allah heç kəsi,
İnsanı küsdürər bircə kəlməsi.
Ruhun dərmanıdı çal-çağır səsi,
Eldə nişan ola, hərdən toy ola.

Əcəl şərbətini bilib içəsən,
Ölüm körpüsündən gülüb keçəsən,
Dünyaya borcunu silib köçəsən,
Nə şivən görəsən, nə də vay ola.

Həyatda pir olan insanlar çoxdu,
Nəfsi tox olanın gözü də toxdu.
Murad nə arzular ac olan vaxtı?!
Quru pendir-çörək, isti çay ola.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir