Etiket arxivi: Aynurə Əliyeva

Bu gün Xalq şairi Süleyman Rüstəmin anım günüdür

Bu gün Xalq şairi Süleyman Rüstəmin anım günüdür

Şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR Xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986) Süleyman Rüstəmin anadan olduğu gündür.

Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.
Ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. “Xəzər və durnalar”, “Xəzər nəyə bənzəyir”, “Xəzərdə gecə”, “Xəzərdə”, “Xəzərin səhəri”, “Xəzərim olsun” və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.
İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: “Ana ürəyi”, “Durnalar”, “Ana və poçtalyon”, “Gün o gün olsun ki” kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən ömürlük qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az.
Silinsin ürəkdən, könüldən ağrı,
Bir də tapdanmasın vətənin bağrı.

Bu şeir İkinci Dünya müharibəsi zamanı qələmə alınsa da, bu günün özündə də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir yazan şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O, qanlı səngərlərdə və arxa cəbhədə mərdlik nümunəsi göstərən soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu qəbildən şairin “Ana və poçtalyon” adlı məşhur əsəri həmişə dillər əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən – oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə alıb.

Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən Vətən övladlarının unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi. Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı əsərlərdir. Məlumdur ki, İkinci Dünya müharibəsi illərində Süleyman Rüstəm İranda olub, orada yaşamış soydaşlarımızın ağır həyatını gözləri ilə görüb, cənublu şairlərlə görüşüb. Təbii ki, bütün bunlar da sonralar şairin könlündən poetik şəkildə kağızlara naxışlanıb. Süleyman Rüstəm vətən həsrəti ilə dərdi başdan aşan soydaşlarımızın təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, nisgilin axdığından danışır. Nə vaxtsa bir müjdənin veriləcəyinə – Təbrizlə əbədi görüşəcəyinə ümid bəsləyib. Süleyman Rüstəmin Cənub mövzusunda yazdığı bütün şeirləri gözəl və təsirlidir. Ona görə yox ki, bu şeirlərdə paralanmış torpağımızın harayı eşidilir. Həm də ona görə dəyərlidir ki, şair böyük ustalıqla vətən gözəlliklərinə poetik abidələr yaradıb. Sərabı, Təbrizi, Ərdəbili, Marağanı vəsf edərək vətən torpağı olduğunu misraları ilə, poetik duyumu ilə poeziya tarixinin səhifələrinə möhürləyib.

Ədəbi fəaliyyətə “Çimnaz xanım yuxudadır” adlı bir pərdəli komediyası ilə başlayan Süleyman Rüstəm dramaturq kimi də müəyyən uğurların sahibidir. 1940-cı ildə yazdığı “Qaçaq Nəbi” mənzum dramı, 1948-ci ildə qələmə aldığı “Durna” komediyası teatrlarımızın vaxtilə repertuarından düşməzdi. Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olub.

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm yazırdı:
Ey nazlı vətən,
mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa,
Süleymanı bağışla.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün Xalq şairi Cabir Novruzun anım günüdür

Bu gün Xalq şairi Cabir Novruzun anım günüdür

Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına pedaqoji Texnikumda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.

1958-ci ildə «Bakı» axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə «Azərbaycan» ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, «Əməkdar incəsənət xadimi», «Xalq şairi» fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də, ömrünün 70-ci ilində vəfat edib.

Yazını hazırladı, Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Görkəmli alim Aida İmanquliyevanın nurlu xatirəsi ürəklərdə yaşayır

Görkəmli alim Aida İmanquliyevanın nurlu xatirəsi ürəklərdə yaşayır

Bu gün, oktyabrın 10-u görkəmli alim, Azərbaycanda ilk qadın şərqşünas elmlər doktoru, professor Aida İmanquliyevanın anadan olmasından 84 il ötür. Qısa, lakin mənalı ömür sürmüş Aida xanım bu gün də şərqşünas-alim, istedadlı pedaqoq, incə qəlbə malik insan, fədakar ana olaraq xatırlanır.
Ruhu şad olsun!

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. Bu gün həmin məktəb Təhsil Kompleksi kimi fəaliyyət göstərir.

1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil almış Aida İmanquliyeva bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspirant olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb.

Aida xanım istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib. Hazırda bu instituta rəhbərlik edən akademik
1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.

Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Mərhum akademik Vasim Məmmədəliyev Aida Imamquliyeva haqqında deyirdi: “Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. … Məhz Aida xanımın rəhbərliyi dövründə, onun təşkilatçılığı sayəsində Şərqşünaslıq İnstitutunun coğrafi hüdudları çox genişləndi, beynəlxalq əlaqələri gündən-günə artdı. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar çağırıldı. O, həmin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi”.

Sankt-Peterburq Universitetinin professoru Olqa Frolovanın Aida xanımla bağlı xatirələrini bölüşərkən demişdir: “Mən onunla ilk dəfə Tiflisdə beynəlxalq elmi konfransda görüşdüm. Tədbirə müxtəlif ölkələrdən xeyli alim gəlmişdi. Aida xanımın gözəlliyinə ilk baxışda heyran oldum. Sonra biz digər şəhərlərdə keçirilən tədbirlərdə görüşdük. Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar”.

Aida xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən şərqşünas alimlər sırasında Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professoru Anna Dolinina, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko, İrina Bilık və başqalarının adlarını çəkmək olar.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.
Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.

Bir alim kimi Aida İmanquliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri – Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.

Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi yaddaşlarda əbədiləşib. Tələbələri həmişə onu ehtiramla yad edirlər.

Geniş elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir. Milyonların məhəbbətini qazanmış Birinci vitse-prezident Mehriban Əliyevaya məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası – nəcib, istedadlı, məğrur və son dərəcə gözəl qadın olan Aida İmanquliyeva aşılayıb. Mehriban xanım deyir: “Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Onun yoxluğunu hər zaman hiss edirəm”.

Aida xanımın xatirəsi ürəklərdə daim yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Onun bu gün də aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları ərəb ədəbiyyatını araşdıran gənc alimlər üçün əsas istinad qaynağıdır.
Yazımızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anası – Aida xanım haqqında fikirləri ilə yekunlaşdırırıq: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurub. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir.”
Allah rəhmət eləsin!

Aynurə Əliyeva,
ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.

Aida İmanquliyevanın yazıları

Aynurə Əliyevanın yazıları

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru