“Yazarlar” cameəsi adından dəyərli həmkarımızı doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Qarabağa səfərimiz səhər açılmamış başladı. 21 iyun 2026-cı il, səhər saat 4-də oyanıb hazırlaşdıq, saat 5-də isə yola çıxdıq. Kiçik səfər qrupumuz sürücü Arzuman əmi və “Yazarlar”jurnalının yaradıcı heyəti; Ustad (Zaur Ustac), Tuncay (Tuncay Şəhrili), Gülü bir də bəndəniz olmaqla 5 nəfərdən ibarət idi. Qarşıda bizi uzun, amma bir o qədər də maraqlı bir yol gözləyirdi. Yol boyu hər kəsin fikri bir yerdə idi – illər boyu həsrət qaldığımız Qarabağı görmək. Qarabağa – işğaldan azad olunmuş ərazilərə daxil olduqdan sonra ilk dayanacağımız Ağdam oldu. Burada Ağdam məscidini ziyarət etdik. Məscidin həyətində dayanarkən insan istər-istəməz keçmişi xatırlayırdı. Şəhidlərimizin ruhuna dualar oxundu, salavat çevrildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ustad və Tuncay məsciddə namaz qıldı. Həmin an hər kəsin qəlbində vətən sevgisi hiss olunurdu. Daha sonra yolumuza davam etdik. Xocalı və Xankəndi istiqamətində hərəkət etdik. Yolboyu gördüyümüz mənzərələr Qarabağın yeni həyatından xəbər verirdi. Xankəndidə diqqətimi xüsusilə bir heykəl çəkdi. Heykəlin üzərində erməni dilində yazı vardı. Bu mənzərə bölgənin keçdiyi mürəkkəb, qalmaqallı tarixi bir daha xatırladırdı. Səhər yeməyi üçün Xankəndi şəhərində yolüstü bir restoranda dayandıq. Çay süfrəsi arxasında həm dincəldik, həm də ətrafı seyr etdik. Uzaqdan görünən Zəfər tağı, Qarabağ Universiteti, dağların qoynunda uzanan yollar və yeni qurulan yaşayış məntəqələri insanda qürur hissi yaradırdı. Qarabağda diqqətimi çəkən məqamlardan biri də şəhər həyatının canlanması oldu. Küçələrdə avtobuslar işləyirdi, marketlər fəaliyyət göstərirdi. Parklar, istirahət məkanları, yeni tikililər bölgənin yenidən dirçəlişini açıq şəkildə nümayiş etdirirdi. Parkın bir hissəsində piano yerləşdirilmişdi. Dedilər ki, axşamlar burada gənclər toplaşır, musiqi ifa edir, şəhərə xüsusi ab-hava qatırlar. Səfərimizin növbəti ünvanı Şuşa idi. Azərbaycanın mədəniyyət paytaxtı bizi özünəməxsus ruhu ilə qarşıladı. Burada güllə izləri daşıyan Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəllərini gördük. Hər biri Qarabağın ağrılı keçmişinin və yenidən dirçəlişinin canlı şahidi kimi görünürdü. Natəvanın malikanəsinin ətrafında gəzdik, xatirə şəkilləri çəkdirdik. Bir qədər sonra saz sədaları eşidildi. Cıdır düzü seryangahına tamaşa etdim, yan hissədə saz ifa edən, oynayan insanlar qədim Azərbaycan musiqisinin gözəlliyini yaşadırdılar. Şuşanın ruhu məhz belə məqamlarda daha dərindən hiss olunurdu. Dostlarımla birlikdə şəhəri gəzdik, şəkillər çəkdik, tarixi küçələri addım-addım dolaşdıq. Hətta bir sazı əlimə alıb simlərinə toxunmaq imkanı da əldə etdim. “Baş sarıtel” ifasında Ustad şeir dedi. O an özümü bu şəhərin əsrlərdən gələn mədəni yaddaşının bir hissəsi kimi hiss etdim. Çiçək yığan, saçlarına dən düşsə də ruhu gənc qalan bir nənə gördüm. Ona yaxınlaşıb: — Nənə, olar çiçəklərinizi çəkim? — dedim. Gülümsəyərək cavab verdi: — Olar, nənəsinin çiçəyi. Səmimiyyəti məni heyran etdi. — Siz necə də gözəl, necə də şipşirin nənəsiniz, — dedim. O isə üzümə baxıb: — Sən də nənəsinin şəklini çəkən balaca şirinsən də, — söylədi. Nənədəki o sevinc, o doğmalıq hissi yazı ilə də ifadə edə bilmərəm o gözlərindəki hiss, balaca qız uşağı kimi ətarfı gəzərək əllərindəki yığdığı çiçəklər gülümsəyən üzü, ürəyindəkilər gözlərindən oxunurdu. Bəzən insanın yaşı artır, amma ruhu heç vaxt qocalmır. O nənə də məhz belə insanlardan idi. Səfərimizin növbəti dayanacağı İsa bulağı oldu. Ətraf yaşıllığa bürünmüşdü. İnsanlar ailələri ilə birlikdə istirahət edir, təbiətin gözəlliyindən zövq alırdılar. Burada Qarabağın təbiətinin necə zəngin və füsunkar olduğunu daha yaxından hiss etdik. Daha sonra Turş su bulağına yollandıq. Bulaqdan axan mineral su ətrafdakı insanların böyük marağına səbəb olurdu. Su müəyyən vaxtlarla buraxıldığından bir müddət gözlədik. Bu vaxtı çəmənlikdə keçirib dincəldik, yemək yedik və təbiətin gözəlliyindən zövq aldıq. Bulağın ətrafında gəzərkən maraqlı bir daş tapdım. Bu, xına daşıdır. Daşı su ilə isladıb sürtdükdə xına rəngi əmələ gəlirdi. Gülünün əllərinə bu xınadan çəkdik. Bu kiçik kəşf səfərin yaddaqalan məqamlarından birinə çevrildi. Sonra yolumuz Laçına düşdü. Laçına daxil olan kimi tamam başqa bir mənzərə ilə qarşılaşdıq. Dağlar, yaşıl çəmənliklər, səliqəli evlər və təmiz küçələr insanda heyranlıq yaradırdı. Sanki təbiət burada bütün gözəlliyini səxavətlə sərgiləmişdi. İlk olaraq şəhərin panoramik mənzərəsini izləmək üçün ayrılmış əraziyə getdik. Dağın zirvəsindən Laçını seyr etdik. Sonra şəhər mərkəzində bir az gəzib dolandıq. Laçın Seyrangahında müdhiş mənzərəni seyr etdikdən sonra Həkərinin sahilinə endik. Gəzə-gəzə Sus kəndinə getdik. Burada insanların üzündə fərəh və sevinc hissini görmək çox qürurverici idi. Sus kəndində Həkəri çayının sahilində yerləşən restoranlardan birində nahar edib, dincəldik. Onu da qeyd edim ki, qiymətlər çox münasibdir. Restoranın yaxınlığından axan Həkəri çayının səsi ətrafa xüsusi rahatlıq bəxş edirdi. Çayın sahilində dayanıb mənzərəni izləmək insana sözlə ifadə olunmayan bir rahatlıq verirdi. Laçında yeni yaşayış məhəllələri, marketlər, parklar və uşaqlar üçün yaradılmış istirahət məkanları diqqətimizi çəkdi. Hiss olunurdu ki, burada insanların rahat və təhlükəsiz yaşaması üçün hər bir şərait yaradılıb. Qayıdış yolunda bir neçə yerdə dayanaraq dağların bəxş etdiyi nemətləri topladıq. Kəklikotu, daş yarpızı və müxtəlif çöl bitkiləri yığdıq. Biz gənclər isə çəmənlikdə gəzişərək papatya güllərindən çələnglər hazırladıq. Təbiətin qoynunda keçən həmin anlar səfərin ən səmimi xatirələrindən biri oldu. Artıq səfərimizin sonuna yaxınlaşırdıq. Qayıdış yolunda yenidən təbiətin qoynunda qısa fasilələr verdik, dağ havasını ciyərlərimizə çəkdik. Yorğun olsaq da, hər birimizin üzündə məmnunluq vardı. Gecə saat 12 – 1 radələrində Bakıya çatdıq. Arxada qalan bir gün ərzində təkcə Qarabağın şəhərlərini gəzməmişdik. Biz həm də tarixə toxunmuş, azadlığın dəyərini bir daha hiss etmiş, yenidən qurulan yurd yerlərimizin şahidi olmuşduq. Qarabağdan ayrılarkən yaddaşımızda yalnız gözəl mənzərələr deyil, həm də qürur, minnətdarlıq və ümid hissləri qalmışdı. Şuşada çəkdirdiyimiz bu fotonu təəssüratılarıma əlavə etməkdən qürur duyuram! Yaşasın Azərbaycan!
(məndən sənə nəsihət) Gəncsən, çılğınsan əminəm ki, dediklərimlə əvvəl razı olmayacaqsan, amma sonra baxışın dəyişəcək. İlk iş günüm idi. Memar olaraq dünyada tanınan top şirkətlərdən birində işləməyə başlamışdım. İlk layihə günü tikinti işləri gedən əraziyə rəhbərlik köhnə işçilərdən birini mənimlə göndərdi. Həmsöhbətim maşında olarkən söhbətə başladı. Sakitcə onu dinləyirdim. Bir az özündən danışdı, bir az da mənim haqqımda maraqlandı. Oxuduğum yeri soruşdu. Sonra dedi ki, filan yeri oxuyan nə biləsidir ki… İnsanı oxuduğu yerə, peşəsinə görə mühakimə etməyə başladı. Mən yenə fikir bildirmədim. Nə düşündüyümü soruşdu. Dedim: İnsanı oxuduğu yerə görə yox, bacardığına görə iş seçimində qiymətləndirməliyik. Yenə aqressivləşdi, “səhv düşünürsən” deyib yol boyu danışmağa başladı. Mən isə sakit dayanıb pəncərədən çölə baxırdım. Məkana çatdıq. İşin dizaynı haqqında məlumat verməyə, çertyojunu hazırlamağa başladım. Bir-iki əlavə etdikdə sözümü yarımçıq kəsərək müdaxilə etdi. Mən yenidən izah etməyə çalışanda aqressiya yarandı. — Mənim işimi məndən yaxşı bilməyəcəksən ki, — deyərək sifətini turşutdu. — Əsla, mən sizə işinizi öyrətmək niyyəti ilə demədim. Sadəcə texniki cəhətdən bildiyim üçün fikir bildirirəm, uyğun olsa edərik, — dedim. — Xeyr, fikrinizi özünüzdə saxlayın, uyğun deyil. Mən öz işimi bilirəm, — deyə səs tonunu qaldıraraq danışmağa başladı. Bu layihə ikimizin adından, şirkəti də təmsil etməklə xarici rəhbərliyə təqdim ediləcəkdi. İş ortaya yaxşı qoyulmalı idi. Üstəlik, ön hissədə mənim adım gedirdi, son təhvili mən verməli idim. O isə sadəcə texniki cəhətdən işini görürdü. Quruluş, vizuallıq mənim işim idi. Bunlardan biri yanlış olsa, ilk iş günündə heç kim istəməzdi ki, işi bəyənilməsin, ziddiyyətli məqamlar çox çıxsın. Yenə vəziyyəti izah etməyə çalışdım. Bu dəfə daha da acıqlı tonda danışmağa başladı. Başa düşdüm ki, olmayacaq. Susdum. Sakitcə maşına oturduq və şirkətə qayıtdıq. İşi olduğu kimi təhvil verdim, amma işin yarısı qalmışdı. Rəhbərlik mənfi cəhətləri gördü və vaxt qaldığı üçün düzəldilib davam etdirilməsini istədi. Rəhbərlikdən bir xahişim oldu: texniki işçini özüm seçmək istədiyimi dedim. Mənimlə razılaşdılar. İkinci gün layihə üzərində işlədik. O, məni səbrlə dinləyirdi. Hətta “sənin də əlavən varsa, mütləq bildir” deyirdi. Mən dedim ki, tikinti üsulu bu istiqamətdə olsa və bunlar tətbiq edilsə, daha uyğun olar. Üzümə donuq halda bir dəqiqə baxdı, sonra dedi: — Sən bunları haradan bilirsən? İzah etdim ki, bu bölmənin bir hissəsini mən də keçmişəm. Bir az mən də bilirəm. O dedi: — Gəlib mənə çatmısan ki, çox gözəl fikirdir, bəyəndim. Bax, ürəyim açıldı. İki bilən başla bu iş tez və ən yaxşı şəkildə həll olar. Bu sözlər üzümdə təbəssüm yaratdı. Elə həmin gündən işləməyə başladıq. Şirkətdə kiçik bir iclas keçirildi. İlk iş günü getdiyim texniki işçi də orada idi. Mən layihə haqqında tribunaya çıxıb danışanda yuxarıdan-aşağı qəribə bir məzəmmətlə baxıb söz atmağa başladı: — Bu nədir? Cavan kadrı işə götürürlər, burada da biz öyrədirik elə bil. Bu azmış kimi, sonda yenə davam edirdi. “Dırnaq arası tənqid” idi, amma bu onun cılızlığı, çarəsizliyi idi. Mən yenə susdum. Nə dedisə, sakit dayandım. İclas bitdi. Biri dedi: “Belə sakit qalma, səni əzərlər.” Biri dedi: “Gərək onu susdurardın.” Biri də dedi: “İlk iş günüdür, nə edə bilər ki?” Mən sadəcə kənardan müşahidə edirdim. Layihəni işlədiyim həmkarım yaxınlaşanda o da gəldi. Yenə söz atdı. Bu dəfə həmkarım cavab vermək istədi. Qolundan tutub dedim: — Sakit dayan, heç nə demə. Bu mənimlə bağlıdır, xahiş edirəm, müdaxilə etmə. Həmkarımla otaqdan çıxdım. Bir müddət sonra təsadüfən yeni bir işçi də komandaya qoşuldu və o da mənim ilk gün getdiyim kimi onunla getdi. O bəy yenə etdiyini etdi. Amma bu dəfə yeni işçi susmadı, cavab verdi. Təsadüfdən məlum oldu ki, bu şəxs xaricdə təhsil alıb ölkəyə qayıdan, şirkət rəhbərinin qardaşı oğlu imiş. Texniki işçinin işinə xitam verildi. Uzun müddət keçdi. Mən artıq xarici şirkətdə işləyirdim. Bir gün lift gözləyərkən qapı arxasından yüksək səslə mübahisə eşitdim. Yaxınlaşanda yenə onu gördüm. Əsəbi halda sənədləri yerə çırpırdı. Rəhbərlik artıq onu işə qəbul etmirdi. Sınaq müddətində sərgilədiyi davranış və texniki bilikləri şirkətin strategiyasına uyğun deyildi. Özünü nə inkişaf etdirmişdi, nə də yeni bacarıqlar qazanmışdı. Onu qapıdan içəri buraxmadılar. Telefonuna zəng gəldi. Çox əsəbi və acınacaqlı vəziyyətdə idi. Borc götürüb qurduğu iş çökmüşdü, kredit borcu ilə bağlı son xəbərdarlıq zəngi gəlmişdi. Yanına yaxınlaşdım. Məni görəndə şoka düşdü. Dedim: — Xatırladın məni? Bir zamanlar bacarıqsız dediyin adam. Susdum, amma sənin bu halını görüb susa bilmədim. Özünü düzəlt, yoxsa bütün qapılar üzünə bağlanacaq. Həyatdan ümidini üzmə. Allah insana daşıya bilməyəcəyi yük verməz. Bunu bir sınaq kimi qəbul et və dəyiş. Deyib getdim. O qapıdan mən keçdim, amma o keçə bilmədi. Mən susdum. Susqunluğuma kimi qorxaqlıq dedi, kimi zəiflik. Halbuki əsl güc səsdə deyil. Əsl güc özünü idarə etməkdədir. Sakitcə yoluma davam etdim.
Uğurlu “debüt” – Südabə Məmmədovanın eyniadlı kitabı haqqında
ALTMIŞ DÖRDÜNCÜ YAZI
Salam olsun, çox dəyərli oxucum! Yurdumuza yaz gəlir. Təbiət oyanır. Ana təbiətin hər gün yaratdığı yeni gözəlliklərin fonunda yaradıcı insanlar da bu gözəlliklərdən ilham alır. Gözəlliyə gözəllik qatır, çevrəsindəki yaradıcı insanları ruhlandırır. Onlar da bu gözəllikdən ilham alıb, gözəlliyə gözəllik qatırlar. Bu xoşbəxtlik zəncirində neçənci olduğumu bilməsəm də, belə xoşbəxtlərin sırasında dayandığımı dəqiq bilirəm. Ancaq bu gün söhbətin mövzusu mən deyiləm. Söhbətimizin qəhrəmanı xoşbəxtlər xoşbəxti Südabə Məmmədovadır.
Qısa arayiş
Südabə Məmmədova 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları “Yazarlar” jurnalı, “525-ci qəzet”, “Bütöv Azərbaycan” və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun “Yaşıl dünya naminə həmrəylik ili” adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub. 2024-cü ilin yekunlarına görə “Ustac” Milli Mükafatına layib görülüb. 2025-ci ildə “Debüt” adlı kitabının nəşrinə görə “Ziyadar” mükafatı ilə təltif olunub. “Yazarlar” jurnalının redaksiya heyətinə üzv seçilib. AJB-nin üzvüdür.
“Debüt” tələbə-jurnalistin oxucuları ilə ilk görüşüdür.
Yazıları ilə tanışlıq
Gənc yazıçı-jurnalist, tədqiqatçı Südabə Məmmədovanın yazıları ilə tanışlığım təxminən 2023-cü ildən redaksiyamızın poçtuna göndərdiyi materiallarla başladı. İlk yazısından etibarən məzmunca biri digərini təkrarlamayan, lakin hamısı eyni bir yanğıdan, həsrətdən, nisgildən, təəssüfdən, yurdsevərlikdən qaynaqlanan yazılar silsiləsi ilə tanış oldum. Bu yazılar gözlə görünməsə də, ruhun dərinliklərindən süzülüb gələn, həssas ürəkləri dağlayan al qırmızı süjet xətti ilə bir-birinə bağlı vahid mətnin tərkib hissələri idi. Südabə Məmmədovanın müraciət etdiyi mövzudan asılı olmayaraq, istənilən yazısında bir məram-məqsəd var – Vətənə, millətə faydalı olmaq.
“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru
“8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.”
“Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi. Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.”
Yuxarıda “Debüt”ün təqdimatı ilə bağlı “Bütöv Azərbaycan” qəzetinin rəsmi saytında Təhmasib İsayevin yazısından gətirdiyim misallardan da aydın görünür ki, dəyərli professor, filologiya elmlər doktoru Cahangir Məmmədli dediyi kimi Südabə Məmmədovanın bu uğurlu “Debüt”ü heç də təsadüfi deyil, ilk növbədə öz yurduna, milli-mənəvi dəyərlərinə hörmət və məhəbbətlə tərbiyə olunmasının, sonra isə gərgin, davamlı zəhmətin nəticəsi kimi ortaya çıxmışdır.
Uğurlu “debüt”
Südabə Məmmədovanın toplu kitab şəklində ilk işi olan “Debüt”lə tanışlıqdan sonra məndə belə bir fikir yaranıb ki, bu kitab onun gələcək yaradıcılıq istiqmətlərini özündə ehtiva edən konsepsiyasıdır. Kitabın “Məqalələr” bölümündəki və bu kitabda yer almayan digər eyni qəbildən olan yazıları onu hadisələrə özünəməxsus baxış bucağı olan publisist-jurnalist kimi təqdim edir. “Hekayələr” və “Tamaşalar” bölümündə olan mətnlər isə problemi qoymaqla kifayətlənməyib, onun həlli yollarını da göstərən gənc yazıçı-dramaturqun ədəbiyyat üfüqlərində artıq göründüyündən xəbər verir, mətin addımlarla irəlilədiyini təsdiqləyir.
Südabə Məmmədovanın istər publisistik yazılarını, istərsə də bədii-dram əsərlərini kövrəlmədən oxumaq mümkün deyil. Onun hər cümləsi, təqdim etdiyi hər fikir-ideya düşündürücüdür. Bütün bu mətnlər şəxsən məni – üçüncü bir şəxs kimi düşündürür ki, bu yaşda gənc insanı bir belə problemin ağuşuna atan hansı səbəbdir? Şübhəsiz ki, yuxarıda qeyd etdiyim kimi, onun soya-kökə, milli-mənəvi dəyərlərə bağlı müstəqil, aydın düşüncəli gənc mütəxəsis olduğunu deyib (yazıb), bu sualdan asanlıqla yan keçə bilərik. Ancaq bilirik ki, bu belə deyil.
Təfərrüata varmadan bildirmək istəyirəm ki, “Debüt” uğurlu alınıb.
Kitab bizə göstərir…
Südabə Məmmədova bir əlində saz, bir əlində qələm müasirdüşüncəli Azərbaycan gəncidir. Onun nə qədər kövrək və həssas bir qəlbi olsa da, bir o qədər çılğın ruhu var. O sözün əsl mənasında sazı əlində, sözü boğçasında bəndi-bərəni tutmuş, gədiklərdə mövqelənmiş ədəbiyyatımızın – söz sənətinin Ərəb Zəngisidir.
Sədəfli sazın kökdən, inci sözlərin kəsərdən düşməsin, Südabə xanım! Qələminiz yazar olsun! Yolunuz daim açıq və gül-çiçək olsun! Xeyirli-uğurlu olsun! Yazarlar cameəsinə xoş gəlmisiniz! Qədəmləriniz mübarək olsun! Yazın, yaradın! Özün dediyin kimi: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.” Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!
Həmsöhbətimiz – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi, jurnalist, “Yazarlar” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.
Sual: Yazı yolunda ilk addımlarınızı atarkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız? Cavab: Tam səmimi, ilk yazılardan heç bir çətinliklə üzləşmədim. İlk addımlar dediyiniz vaxt ötən əsrin 80-ci illərinə təsadüf edir. Həmin dövrdə gündəlik həyatımızda baş verən hadisələr barəsində yazdığım yazıları əsasən Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinə göndərirdim. Göndərdiyim yazılar adətən dərc olunurdu. Göndərdiyim yazılar ayrıca məqalə şəklində dərc olunmayanda belə “Sətirlər” başlığı altında yazıdan mühüm məqamlar mütləq verilirdi. Sual: Həyatınızda dönüş nöqtəsi saydığınız bir hadisəni bizimlə bölüşə bilərsinizmi? Cavab: Hərbi xidmət. 5 aprel 1993-cü il, axşam saatlarında (təxminən 17:00-18:00) Yaşmada Azərbaycanda yeni yaradılan Xüsusi Təyinatlı bölmələrin toplanış məntəqəsinə düşdüyüm an (hətta düşməmiş belə, bizi gətirən hərbi maşının yük yerindən gənc əsgərlərin ora-bura qaçışdığı səhnəni gördüyüm andan) həyat haqqında olan bütün fikirlərim köklü şəkildə dəyişdi. Hələ də həmin əhval-ruhiyyədəyəm. Sual: Peşəkar həyatınızda sizə dəstək olan bir insan olubmu? Onun hansı xüsusiyyətləri sizə xüsusilə təsir edib? Cavab: Bəli. Həyatımın istənilən pilləsində dəstəkçilərim olub. Onların həssaslığını, ədalətli mövqeyini qiymətləndirirəm. Və mümkün qədər ənənəni davam etdirməyə çalışıram. Xüsusilə hərbi təhsil aldığım vaxtlarda mayor Orucəliyevin etdiyi yaxşılıqları heç vaxt unuda bilmərəm. Allah rəhmət eləsin. Sual: İllər ərzində qazandığınız ən dəyərli həyat dərsi nə olub və onu necə öyrəndiniz? Cavab: İstənilən bir hadisədən ibrət götürməyi bacarıram. Bu xüsusiyyəti uzun zaman çətin şəraitlərdə, müxtəlif kollektivlərdə insanlarla işləyərkən qazandım. Sual: Gənc qələm sahiblərinə və yaradıcı insanlara verəcəyiniz ən vacib məsləhət nə olar? Cavab: İstənilən sahədə çalışan gənclər üçün deyirəm ki, məqsədyönlü çalışan şəxs bütün arzularını reallaşdıra bilər. Məqsədiniz dəqiq olsun, hədəflərinizi aydın görün və inamla irəli! Vəssalam! Sual: Yaradıcılıq böhranına düşəndə özünüzü necə toparlayırsınız? İlhamı harada və necə tapırsınız? Cavab: Mümkün qədər çox gəzirəm, daim müşahidə aparıram. Hazırda irili-xırdalı çoxlu əsərlərin (məqalə, poema, hekayə, povest, roman, pyeslərin) möhtəviyyatı hazır olsa da, oturub işləməyə vaxt yoxdur. Hələlik böhranla üzləşməmişəm. Məncə daim xalqın içində olan yaradıcı şəxs böhranla üzləşməməlidir. Əgər belə bir hal olarsa, gəzmək, görmək lazımdır. Sual: Oxucularınıza təkcə hekayələr yox, həm də dəyərlər ötürmək istədiyinizi hiss edirik. Bu dəyərlər sizdə necə formalaşıb? Cavab: Məncə əsas xüsusiyyətlər genlə ötürülür. İndi müxtəlif vasitələrlə ötürməyə çalışdığımız dəyərləri zamanla ata – babalarımızdan əxz etmişik. Sual: Zaman keçdikcə yazı üslubunuzda və yanaşmanızda hansı dəyişikliklər baş verdi? Sizin üçün inkişaf nə deməkdir? Cavab: Gənclik illərində (konkret olaraq 1990-1993-cü illərdə) nəsr və nəzmlə dram əsərləri də yazırdım, satirik şeir daha çox yazırdım indi bunları azaltmışam. Fikirləri çatdırmağın daha kəsə və asan yollarını axtarıram. Sual: Uğur bəzən insanı zirvəyə, bəzən isə təkliyə aparır. Uğur qazandıqdan sonra həyatınızda nələr dəyişdi və bu dəyişikliklər sizi hansı düşüncələrə gətirdi? Cavab: Sizə bir söz deyim. Hər ilin sonunda özüm özümə hesabat verirəm (son illər bu hesabatlar dərc olunur). Bundan əlavə hər yeni il başlayanda özüm üçün görəcəyim işlər barədə aylara, rüblərə bölünmüş şəkildə illik plan tuturam. Və il boyu bu işlər reallaşdıqca nisanlayıram (“+” işarəsi qoyulur) hər “+” özlüyündə mənim üçün böyük uğurdur. Uğurların sayı artdıqca məsuliyyət hissi daha çox artır. Sanki, özümü daha çox iş görməyə borclu hesab edirəm. Bu qədər.
“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru
8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.
Tədbiri giriş sözü ilə dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi. Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi. Tədbirin moderatoru Samir Xalidoğlu daha sonra sözü kitabın işıq üzü görməsində böyük əməyi olan “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən “25 yarpaq” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın “Debüt” adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində onun zəhməti böyükdür.
Zaur Ustac Südabə Məmmədovaya “Debüt” kitabının nəşri münasibətilə “Ziyadar” mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, “Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm. Zaur Ustac çıxışını belə tamamladı:”Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!”
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz “Qansız davranışlı qanlı düşmən ” adlı ilk yazısı ilə “Bütöv Azərbaycan” qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram! Kitaba ön söz yazmış
Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb. Fakültənin müəllimi
Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova “Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri” dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi… “Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib. BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş
Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb. Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.” Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.
“Arqon” tamaşası Şəbnəm Xeyrullanın eyniadlı əsəri əsasında səhnələşdirilib. Psevdosuisidal hoqqa janrında hazırlanan bu səhnə əsərində YUĞ teatrın istedadlı sənətçisi Oqtay Mehdiyev çıxış edir (ümid edirk ki, bu əsər uzun müddət təkrar-təkrar oynanılacaq, yəni hoqqa davam edəcək). Məncə “çıxış edir” ifadəsi tamaşanın yaradıcı heyətinin: Quruluşçu rejissor – Ruslan İsmayılov Quruluşçu rəssam – Əfşan Əsədova Rejissor assistenti – Günel Səfərova Musiqilərin müəllifi – Aylin Nəcəfli
və ən əsası da YUĞ teatrın istedadlı sənətçisi Oqtay Mehdiyevin möhtəşəm ifasını təsvir etməkdə, onun gördüyü iş haqqında informasiya ötürməkdə yetərsizdir yox, çox acizdir. Oktay Mehdiyev sözün əsl mənasında hoqqa verir (verirdi -08.03.2025 – 19:00 – YUĞ TEATRININ SƏHNƏSİNDƏ). İnanırıq ki, olduqca aktual mövzular üzərində qurulub, günümüzün acı reallıqlarını şirin təbəssümlə, təsirsiz halda bizə ötürən bu hoqqabazlıq onu göstərməyə ehtiyac olduqca səhnələrəmizi bəzəyəcək.
Xronometraj: 55 dəqiqə
Qeyd: pyes YUĞ Dövlət Teatrının tərəfdaşı olduğu CHARACTERS Müasir Dramaturgiya Festivalında qalib olub.
Əməyi keçən bütün yaradıcı heyəti təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!