
Səyyad Əhmədli (Göyçəli)nin şeirləri
Sevirəm
Səninlə bir yola gedə bilmərik,
Öz dünyam var,orda bir can sevirəm.
Kəc baxmaram bir kimsənin malına,
Gözü bağlı ötməyi yan,sevirəm.
Dəyişmirəm zaman-zaman ,,gülləri,”
Çox naşıyam,bilməm fəndi-felləri,
Yalquzaqtək dolaşıram çölləri,
Sən saraylar,mən biyaban sevirəm.
Qeyrət,namus, pul-parayla ölçülməz,
Ucalanlar ad qoruyar,kiçilməz,
Namərdlərin körpüsündən keçilməz,
İsbat edib bunu zaman,sevirəm.
Ağlına qar yağsın, yaşından utan,
Mənliyini ,,şana-şöhrətə” satan,
Halal ,,mayasına” haramlıq qatan,
Qoysunlar belinə palan,sevirəm.
Şümür gözü əymə sola,gah, sağa,
Xain olma əyləşdiyin budağa,
Zəhrimar dilinə ola qadağa,
Çıxa yara,bata tikan,sevirəm.
Səyyadam dolandım təmiz adıyla,
Xoş davrandım həm qohumla,yadıyla,
Dostluq edib fəqirlərin ,,oduyla”,
,,Alışmağı”,bil ki, yaman sevirəm.
Gedirəm
Şəhərin çiskini qorxulu deyil,
Göyçənin həsrəti üzdü,gedirəm.
Tamarzı qalmışam buz bulaqlara,
İçdiyim su lildi,duzdu,gedirəm.
Bir xəyalmış o dağlarda səkdiyim,
Bənd-bərədə at nalını tökdüyüm,
Neçə-neçə qollar əyib bükdüyüm…,
Şəhər məni ,,əydi,büzdü”,gedirəm.
Öyrəndik nə’rəni dağlar selindən,
Şikar saldırmağı qartal əlindən,
Sonalar çıxardıq ayna gölündən,
Sanki,nağıl, ya boş sözdü,…gedirəm.
Yox!
Yaşa boylanıb, qoca demirəm ,
Hələ onu həzm eləyib ,,yemirəm”,
Sanırdım ki, sarsılmazam,dəmirəm,
Demə əyən nəzər, gözdü,gedirəm.
Səyyad şəkk eləmir dediyi sözə,
Allahın lənəti gəlsin bəd gözə.
Bir vaxt deyirdim ki,çataram yüzə,
Erkən dedim yetdim ,,yüzə,” gedirəm.
Vətəndə – vətənsiz
Elə kövrəlmişəm,bir himə bəndəm,
Axıtmağa, gözlərimin yaşını.
Vətəndə, vətənsiz;-çəkilməz dərddi…,
Yuxumda öpürəm torpaq- daşını.
Çox üz-üzə qaldım yaxşı-yamanla,
Ümidlər bəsləyib keçən zamanla,
Ötürdüm ömürdən böyük gümanla,
Neçə-neçə baharını, qışını.
Allahdan dilə sən qovuşdurmağı,
Qoyma xəzan olsun könül yarpağı,
Az axıt göz yaşı, deməynən ağı,
Səyyad,dik tutarsan sən də başını.
Bilin
Mənim öz dünyam var,öz aləmim var,
Orda paxıllığa yer yoxdu bilin.
İnsanlıq deyilən sadə məkandı,
Qapısı açıqdı hər vaxtı,bilin.
Ora girən məyus olmaz, üzülməz,
Çöhrəsində peşmançılıq sezilməz,
Güvənlidi,usanılmaz,bezilməz,
Qəlbi qaralara yay-oxdu,bilin.
Leysan olar,buludlardan axılar,
Şimşək olub atəş kimi çaxılar,
Sevincə sevinər,qəmə sıxılar,
Saxtakar əməldən uzaxdı, bilin.
Səyyad sərvət üçün zarımaz,sınmaz,
Şükr edər payına,olanı danmaz,
Kələfli işlərdən anlamaz, qanmaz,
Şər-böhtan əməldən qaçaxdı,bilin.
Düşdü
Elə qəribsədim,elə darıxdım,
Göyçəmiz yadıma düşdü,nə düşdü.
O zərli kəndimin tamarzısıyam,
Yandı bağrım başı,bişdi,nə bişdi.
Dilim qabar oldu dad diləməkdən,
Usandım xatirə il “bələməkdən”,
Yadıma düşdükcə sel ələməkdən,
Kor oldu gözlərim,şişdi,nə şişdi.
Allahdan ümidin üzməyib Səyyad,
Ünü ərşə qalxsa,etsə də fəryad.
Qınamasın qohum,qınamasın yad,
Günü qəm-qüssəylə keşdi,nə keşdi.
[08.04 11:53] Səyyad G: ~Gülür ~
Yenə bahar gəlir ana yurduma,
Çəmən gülür,çiçək gülür,gül gülür.
Günəş öz nurunu yayır dağlara,
Sellər aşıb daşır,güzən, çöl gülür.
Bozarmış meşələr geyir tər libas,
Bülbüllər güllərə edir iltimas,
İnsanlar sevinir,quraraq təmas,
Hər kəs bayramlaşır,dodaq,dil gülür.
Səyyad təbrik edir misralarında,
Səadət diləyir dualarında.
Gözəl havaların sədalarında,
Qız gəlin oynayır,incə bel gülür.
Odunda yanım
Sən bir şəm ol,mən pərvanə,
Alışdır, odunda yanım.
Ürəyindən hərarət ver,
Bəlkə dinclik tapa canım.
Hər bir kəlmən məlhəmimdi,
Həm zilimdi,həm bəmimdi,
Bu günümdə həmdəmimdi,
Qoymur dərd-qəmdən talanım.
Səyyadın müştaqdı gülə,
Bənzərsən şeyda bülbülə!
Qurban olum şirin dilə,
Qıyma yansın din-imanım.
Məni ,,atəşə”salanım.
Amandı
Ömrümə yazılan ay ömür payım.
İnciyib qaş-qabaq salma, amandı.
Himə bənddi, patlamağa çalışan,
Ürəyimi nişan alma, amandı.
O xəznədə bil, xüsusi payın var,
Deyiləm vəfasız, ya da biilqar.
Dünyada hamının bir gedişi var,
Bulud kimi belə dolma, amandı
Anam yoxdu ağı deyib ağlasın,
Qızım yoxdu ürəkləri dağlasın,
Ata deyə qəlbi qübar bağlasın,
Bu,həyatdı,məyus olma, amandı.
Ruhum dolanacaq,başının üstə,
Gülər gözlüm, şirindil, boyubəstə,
Ara-sıra sızlayanda ahəstə,
Dərd əlində əsir qalma, amandı.
Hər gələn nəfsini tökdü də getdi,
Könül taxt-tacımı viranə etdi,
Səyyad,ta, ömrünün sona yetdi,
Xiffət edib, gülüm,solma, amandı.
Kimi
Mənə bir sevgi ver,başına dönüm,
Daşıyım mən onu məzara kimi.
Qoruyan mələyim olsun həyatda,
Məhv etsin bədliyi…, azara kimi.
O sevgi səs salsın bütün düyaya,
Sorağı yayılsın ulduza, aya.
Bütün dərdlərimi döndərib ,,suya,”
Qoparsın sinəmdən bir yara kimi.
Səyyadı yandırıb kül eləsin,kül,
Səsinə səs versin hər şeyda bülbül.
Qaşları bir kaman,saçları sünbül,
Məlhəm ol dərdimə bir çara kimi.
[08.04 11:53] Səyyad G: ~ Eh, paxıllıq,paxıllıq~…
Əmması olmasa hər deyilənin,
Dünyada gözəllik aşıb-daşardı.
Paxıllıq qəlblərə yol tapmasaydı,
İnsanlar şad-xürrəm ömür yaşardı.
Özün üstün bilən xamdı,naşıdı,
Düşünsün ki,Süleyman nə ,,daşıdı”?!
Abır,ismət,insanlığın ,,başı”dı,
Dədələr beləcə el dolaşardı.
Şeytan ara qatıb nifaq salmasa,
Ət-dırnaq arası girən olmasa,
Dərd əlindən saralmasa,solmasa,
Səyyad da ürəkdən nəğmə qoşardı.
Məzar başında ,,söhbət”
Uzat əllərini qoy sinəm üstə,
Məlhəm olub dərdlərimi kiritsin.
İllərdi ki,göynək olmuş yaramı,
Misqal-misqal,gilə-gilə çürütsün.
Gözləmirdim bu sevdanın sonunu,
Fələyin varıymış özcə qanunu!
Buza dönmüş sevdamızın donunu,
De, kim nəfəs versin,de,kim əritsin?!
Səyyad nələr çəkir,yoxdu xəbərin,
Əsiri olubdu qəmin-kədərin!
Üstünə şığıyan külli-ləşkərin,
Hansın dayandırsın,hansın,,yeritsin”.
Çəkdilər başa
Öz-özümə düşündümkü, yaşadım,
Sən demə ömrümü vermişəm boşa.
İnanıb hər sözə, ürək qoyan mən,
Məclisdə gədanı çəkdilər başa.
Fənd-felim olmadı gəlmədim kələk!,
Duymadım qarşımda şeytan,ya mələk!,
Üyünüb ələndim hey ələk,ələk,
Sirdaş sandıqlarım etdi tamaşa.
Səyyad,çabalamaq gecdi, biləsən,
Duymadınmı tez alışar tələsən?!
Məkirli işlərdə xamsan hələ sən,
Barış dərdlərinlə, yaşa baş-başa.
Müəllif: Səyyad Əhmədli (Göyçəli)
SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

